Həmsöhbətimiz Ahəngyol nəzəriyyəsinin müəllifi, sosioloq Əhməd Qəşəmoğludur.
– Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım aktları törədilib, insanlarımız deportasiya olunub, ərazilərimiz işğal edilib, milli-mənəvi dəyərlərimiz mənimsənilib və s. Bu kimi hadisələrin gələcəkdə təkrarlanmaması üçün sizin Ahəngyol nəzəriyyənizin tətbiqi mümkündürmü?
– Belə maraqlı sual üçün sizə təşəkkürümü bildirirəm və qeyd edim ki, bu suallar mənim üçün çox vacibdir. Çünki yaxşı nəzəriyyə istifadə olunan nəzəriyyədir. Nəzərinizə çatdırım ki, Ahəngyol uzun müddət sizin mənə verdiyiniz sual ətrafında düşünülərək yaradılıb. Qeyd edim ki, 1994-cü ildə Qarabağ probleminin sülh yolu ilə həll edilməsi ilə bağlı ciddi bir konsepsiya hazırladım. Təəssüf ki, həmin ildə konsepsiyanı prezidentə çatdırmaq imkanım olmadı…
O vaxt mən Milli Məclisin elmi mərkəzinin rəhbəri idim. Mən onu 16-18 iyul 1998-ci ildə “525-ci qəzet”də ixtisar olunmuş şəkildə çap etdirdim. Təssəvvür edin ki, təxminən iki ildən sonra, yəni 2000-ci ildə Tiflisdə ermənilər mənə yaxınlaşaraq, o konsepsiya haqqında suallar verirdilər. Və mən o zaman çox təəccüb etdim ki, onlar Azərbaycan dilini bilir, lakin sonradan məlum oldu ki, onlar konsepsiyanı erməni dilinə tərcümə ediblər. Amma Azərbaycanda heç kim bu konsepsiya ilə maraqlanmamışdı. Həmin konsepsiya hələ də “525-ci qəzet”in arxivində qalıb.
Bəs Ahəngyol nəyə kömək edə bilər? Qeyd edim ki, mən belə qənaətə gəlmişəm ki, bu məsələni yalnız Azərbaycan və Ermənistanın hüdudları çərçivəsində həll etmək qeyri-mümkündür. Bu məsələ sistemli yanaşma tələb edir. Qarabağ probleminin elmi konsepsiyasını hazırlamaq üçün xarici mühitin təsirini nəzərə almalıyıq. Ahəngyol konsepsiyası bunu nəzərə almaqla formalaşdı.
Ahəngyol elminin əsas prinsiplərindən biri ierarxik sistemin təsiri prinsipidir. İstənilən təbii ierarxik sistemlərdə alt sistemlərdə ahəng pozulduqda, üst sistemlər hərəkətə gələrək ahəngi bərpa etməyə çalışır. Bu bərpa prosesi müxtəlif amillərdən asılı olaraq qısa ya uzun çəkə bilər. Bərpa mümkün olmadıqda həmin obyekti ləğv etmək lazım gəlir. Əks təqdirdə həmin obyekt artıq ahəngpozucu obyekt kimi güclənə bilər. Hər hansı prosesdə müəyyən qədər ahəngə nail olduqdan sonra, elə bir effekt yaranır ki, bundan sonra sona qədər dərk edilməyən amillər də ahəngin bərpa olunub inkişaf etməsinə yardım edir. Sanki sən işığa doğru getdikcə, işıq da daha çox səni əhatə edir.
Biz Qarabağ problemini həll etmək üçün əvvəlcə böyük qarşıdurmalar, vuruşmaların dayandırılması ücün çalışmalıydıq. Bu baxımdan Bişkek müqaviləsini mən əhəmiyyətli hesab edirəm. Çünki münaqişə getdiyi halda kurs müəyyənləşdirmək çətindir. Gərək ilk öncə sakitlik olsun, daha sonra ahəngi qurmağa başlayasan. Heydər Əliyev planetdəki qlobal prosesləri o vaxtın siyasətçilərindən daha yaxşı hiss edirdi. Qarabağ problemini nizamlayanda yalnız üst sistemlərlə konflikti həll edə bilməzsən. Gərək üst sistemlərlə ahəng yaradılsın.
– Atəşkəs haqqında saziş imzalanmasından 20 il keçir. Bu 20 il ərzində ahəng tapılıbmı?
– 20 il öncə atəşkəs haqqında saziş imzalanmasa idi, inanın ki, bu gün itirdiklərimiz daha da çox olardı. Artıq demək olar ki, müəyyən konturlar görünür, hər şey aydınlaşır. Burada aydınlaşdırmışıq ki, Qarabağda nəyə imkanımız, gücümüz çatır, nələr isə indiki vaxtımızda real deyil. Biz indi çalışmalıyıq ki, ölkədə ahəng pozulmasın. Kainatın hər bir yerində, eləcə də yer planetində hər bir varlıqda baş verən proseslər ahəng prinsipi ilə baş verdikdə uğurlu olur. Qalan hallarda isə münaqişələr getdikcə dərinləşir və gec-tez həmin varlığın məhvinə səbəb olur. Hər hansı xarakterli bir cəmiyyətdə də hər bir uğur o cəmiyyətdə baş verən proseslərin ümumilikdə ahəng prinsiplərinə nə dərəcədə uyğun olmasından asılıdır. Kainatın hissəsi olan cəmiyyətdə də baş verən proseslər kainatın mövcudluq və fəaliyyət prinsipi olan ahəng prinsipinə uyğun davam etdikdə davamlı uğura nail olmaq olar. Başqa hallarda, uğur əldə edilsə də davamlı olmayacaqdır. Müəyyən müddətdən sonra uğursuzluq başlayacaqdır.
– Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ən azı iki tərəf var. Tutaq ki, biz ahəngyol nəzəriyyəsindən maksimal dərəcədə faydalanırıq, istifadə etməyə çalışırıq, amma bunu biz edirik. Münaqişə tərəflərindən biri bu nəzəriyyəyə əməl etdiyi halda digəri məqsədli şəkildə etmir. Belə olduğu təqdirdə, bu effekt verə bilərmi?
– Effekt verməyəcək. Ahəngin tərifi var. Münaqişə edənlərin arasında nə vaxt ahəng yarana bilər? Dörd əsas şərt var: 1. Öz qarşımıza ümumi məqsəd qoymalıyıq – biz, ermənilər və bu işdə maraqlı olanlar(Rusiya, Avropa Şurası, Minsk qrupu və.s.); 2. Bu məqsədə çatmaq üçün biz resurslarımıza baxmalıyıq ki, onlar kifayət qədər varmı? Əgər bizim resurslarımız yoxdursa, onda bu işdə marağı olanları çağırmalıyıq. Bu məqsədə çatmaq üçün öz resursumuz varsa, onda hərəkətə başlaya bilərik; 3. Bu məqsədə çatmaq üçün tərəflərdən birinin tələbi digəri üçün, digər tərəfin tələbi birinci üçün qanundur – meyar, kriteriya, məqsəd; 4. Məqsədə çatmaqda birinci tərəfin fəaliyyəti digərinin fəaliyyətini gücləndirir və əksinə.
Bu dörd şərtdən heç biri yoxdusa heç vaxt ahəngə getmək mümkün deyil.
-Bu ən azı o deməkdir ki, bu işdə həm hər iki tərəf, həm də bu münaqişənin həllinə təsir göstərmək imkanı olan qüvvələr ən azı bu münaqişəni çözmək istəməlidirlər. Tutaq ki, hansısa bir güc əslində maraqlıdır ki, burada münaqişə olsun və Azərbaycan əraziləri işğal altında qalsın. Onda belə çıxır ki, Ahəngyoldan istifadə imkanları məhduddur. Razısınız?
– Artıq hamıya aydındır ki, Qarabağ problemi təkcə Ermənistanla Azərbaycan arasında olan problem deyil. Bu problemin arxasında qlobal güc mərkəzləri dayanıb. Bu güc mərkəzlərinin problemin uzanmasında maraqlı olduqları onların davranışlarından görünür. Bizim o güc mərkəzləri qarşısında ən təsirli vasitəmiz onlarla ahəng yaratmaq, ahəng şəraitində Qarabağ probleminin Azərbaycanın mövqelərinə uyğun olaraq həll olunmasının elə onların da maraqlarına daha çox uyğun olduğunu əsaslandırmaqdır. Dövlətimiz bu istiqamətdə təqdirəlayiq işlər aparır. Amma, ahəngyola görə, indi aparılan işlərlə yanaşı mədəni, psixoloji, fəlsəfi sahədə də ciddi elmi əsaslanmış tədbirlər həyata keçirilməlidir. İndi o qüvvələrin əksəriyyəti Azərbaycanda əsasən iqtisadi amilə diqqət yetirir. Ahəngyol əsaslandırır ki, əsasən iqtisadi amillər hesabına qazanılan hər bir uğur hökmən gərginliklərlə müşahidə olunur və uzunmüddətli, dayanıqlı olmur. Mənəvi amillər gücləndikdə isə ahəng effekti yaranır. Bu effekt ozu hadisələri daha təbii yollarla davam etməyə yönəldir. Təbii yol haqq yoludur və bu Azərbaycanın mənafeyinə uyğundur. Məsəl üçün, biz qərbə indi təkcə qazımız, neftimizlə kömək etməməliyik. İndi qərbdə qaza, neftə olan ehtiyacdan daha çox qədim Şərq mədəniyyətindən bəhrələnmək zərurəti yaranıb. Qərbdə baş verən böhranların çoxu eyni zamanda mənəvi böhran hesabınadır. Qərb 13-cü əsrdən başlayaraq əsasən praqmatik dəyərlər hesabına özünəməxsus aləm yaratmışdı. Modernləşmə həmin aləmin güclü tərəqqisinə komək etmişdi. Amma qlobollaşma şəraiti artıq həmin modernləşmə prinsiplərinin təsir gücünü azaltdı. İndiki postmodernizm şəraiti isə lazımi konstruktiv gücə malik deyil.
Həmin konstruktiv güc yalnız qədim, orta şərq mədəniyyətindən bəhrələnmək hesabına, ahəng prinsiplərindən daha çox istifadə əsasında yarana bilər. Təsadüfi deyil ki, indi qərbdə mövlanə fəlsəfəsinə, poeziyasına maraq belə artıb. Bizim məhz bu istiqamətdə boyük potensialımız var. Bu gün qərbə Nizami, Sührəverdi, Tusi kimi onlarca alimimizin, filosofumuzun potensialı zəruri səviyyədə lazımdır. O potensialı biz açıb ora aparmalıyıq. Babalarımız bir zaman qərbə qılıncla gedib. İndi biz mədəniyyətimizin, fəlsəfəmizin elmi əsaslarla hazırlanmış konkret addımları ilə getməliyik.
– Dağlıq Qarabağ problemi qarşılıqlı kompromis tələb edən bir məsələdir. Təklif edilən həll variantları tərəfləri qane etmir. Çünki bu gün hər iki tərəfin istəkləri diametral xarakter daşıyır.
– Kompromis deyəndə baxmaq lazımdır ki, münaqişə nəyə görə başlayıb. Münaqişə başlayanda ahəng pozulub və ahəngi hansı tərəf nə qədər pozub? Və həmin tərəfin ahəngi niyə pozduğunun səbəbi ilə maraqlanırsan.
– Əhməd müəllim, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi faktiki olaraq Ermənistanın Azərbaycanın ərazilərinə təcavüzündən ibarətdir. Biz özümüzü müdafiə etməyə cəhd göstərmişik və görünür, o qədər də uğurlu müdafiə etməmişik. Və bu dünyadakı münaqişələrdən biridir. Sizcə hansı münaqişələr var ki, onlar özləri də bilmədən sizin nəzəriyyədən istifadə edib və problemlərini çözüblər. Dünyada belə bir örnək varmı?
– Bir dəfə mənim yanıma “Qlobal Foundation”dan nümayəndələr gəlmişdilər. Onlar mənə dedi ki, çox təəssüf ki, sizin nəzəriyyədən istifadə olunmayıb. Onlar mənim nəzəriyyəmi Kemp-Devid sövdələşməsinə bənzətdilər. Biz yenə də yeni konsepsiya haqqında danışa bilərik. Amma məndən bu konsepsiyanı istəyən yoxdur. Bilirsiniz, biz səhvi nədə edirik? Biz elmi yollarla, konkret sohbətlər aparmırıq. Bu proses başlayandan bəri mən elmi konsepsiyanı hazırlamağın vacibliyini bildirmişəm. Mən həmişə demişəm ki, sifariş verin, hazırlayaq. Sifariş o demək deyil ki, pul tələb edirəm, bunun üçün gərək kollektiv, informasiya resursları olsun. Mən xarici ölkələrdə ermənilərlə görüşəndə söhbətdən qaçmıram. Məsələn, Tiflisdə onlarla qarşılaşanda onlar mənə söhbət etməyi təklif etdilər, mən isə onlara əvvəlcə siz mənim suallarımı cavablandırın, dedim. İlk sualım belə oldu ki, siz 1915-ci il “soyqırım”ı zamanı nə qədər erməni olüb? Cavabında isə o, bütün dünya bir milyon yarım erməni öldüyünü dedi. Soruşdum ki, milyon yarımı 360-a böl, bir günə nə qədər adam düşür? Bir günə 4200 adam düşür. Günə bu sayda adam öldürülməsinin mümkünlüyü təbii ki, qeyri-realdır. Ermənilərlə bu barədə söhbət edəndə mövqelərinin nə qədər zəif və dayanıqsız olduğunu aşkarlamaq olur.
– Yenilik həmişə müqavimətlə qarşılaşır və əsl yeniliyi bəzən çox gec qəbul edirlər. Mən həmçinin bildirmək istəyirəm ki, dünya ölkələri bu regionda münaqişənin olmağında maraqlıdırlar, çünki münaqişə vəziyyətində olan Azərbaycana da, Ermənistana da təsir etmək imkanı daha genişdir. Mənə elə gəlir ki, onların ortaq məxrəcə gəlmək fikirləri yoxdur…
– Biz o zaman güclü ola bilərik ki, ortada tam elmi əsaslanmış yuxarıda qeyd etdiyim o dörd şərt olsun. Gərək bizim ümumi məqsədimiz olsun. Bu o vaxt davamlı olacaq ki, bu məqsəd bizim təyinatımızdan doğsun.
Fuad Babayev, Gündüz Nəsibov, Leyla Qasımova
1905.az