Həmsöhbətimiz Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Samidir.
– Həm Misir, həm də Azərbaycan qədim mədəniyyət mərkəzləridir. Bu gün iki ölkə arasında mədəni münasibətlərin səviyyəsini necə səciyyələndirərdiniz?
– Misir Ərəb Respublikası Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Ölkəmiz Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Hər iki ölkənin İslam dəyərlərini bölüşməsi xalqlarımızın yaxınlaşmasında böyük rolu olub. Əlbəttə, iki dövlət arasındakı diplomatik münasibətlərdə mədəni əlaqələr də böyük rol oynayıb. Etiraf etməliyəm ki, Misirlə Azərbaycan arasındakı mədəni əlaqələr qurulduğu andan davamlı olaraq inkişaf edib. Biz bütün sahələrdə, eləcə də mədəni əməkdaşlıq sahəsində əlaqələrimizin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıyıq. Misirlə Azərbaycan arasındakı mədəni əlaqələrin bariz nümunələrindən biri də Bakıda Misir Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasıdır. Bu, Azərbaycanda ilk və həm də yeganə ərəb mədəniyyət mərkəzidir. Mərkəz fəaliyyətə başladığı 1999-cu ildən ərəb mədəniyyətinin Azərbaycanda tanıdılmasında böyük rol oynamaqla yanaşı, iki ölkə arasında mədəni-elmi əməkdaşlıq işində canlı bir körpüdür. Bu il Azərbaycanda Misir mədəniyyət günləri və Misirdə Azərbaycan mədəniyyəti günləri keçirildi. Biz istəyirik mədəni sahədə əməkdaşlığı daha da möhkəmləndirək. Böyük ərəbşünas alim Aida İmanquliyeva ilə bağlı keçiriləcək konfransda Misirdən nümayəndələr də iştirak edəcək. 6-cı Beynəlxalq muğam festivalında Misirin təmsilçisi də çıxış edək. Ümumiyyətlə, il ərzində Misir və Misir-Azərbaycan əlaqələri haqqında xeyli tədbirlər keçiriləcək, mühazirələr olacaq.
– Misir Mədəniyyət Mərkəzi Azərbaycanda 15 ildir fəaliyyət göstərir. Qarşıya qoyulan məqsədə nail ola bildinizmi?
– Məncə, müəyyən səviyyədə məqsədimizə nail ola bilmişik. Bu illər ərzində Mərkəz xeyli tədbirlər keçirib, Azərbaycanın milli tədbirlərində iştirak edib. Burada Misirin istər dini, istərsə də milli bayramları qeyd olunur. Azərbaycan xalqının Misir mədəniyyətini yaxından tanıması üçün əlimizdən gələni edirik. Misir Mədəniyyət Mərkəzi bu illər ərzində mədəniyyət və təhsil sahəsində geniş fəaliyyət göstərib. Elə bu fəaliyyətin və tələbə mübadiləsinin nəticəsində xeyli tələbə Misirdə və Azərbaycanda təhsil alıb. Məlumdur ki, xalqların bir-birinə yaxınlaşmasında ədəbiyyatın rolu böyükdür. Bunları nəzərə alaraq Misir Mədəniyyət Mərkəzi görkəmli yazıçıların əsərlərinin tərcüməsi və təqdimatı planı üzərində işləyir. Görkəmli Misir yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Nəcib Məhfuzun seçmə əsərləri Azərbaycan dilinə tərcümə olunub. Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “İnsan dənizi” romanı yaxın vaxtlarda ərəb dilində işıq üzü görəcək. Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı ərəb dilinə tərcümə edilib və Misirin Mədəniyyət Nazirliyində Milli Tərcümə Mərkəzi tərəfindən nəşr olunub. Misir Mədəniyyət Mərkəzinin 15 illiyi keçirilib, Misir həftəsi baş tutub. Misirdən gələn folklor rəqs qrupunun müxtəlif yerlərdə çıxışı olub.
– Əhməd bəy, xristian həmrəyliyindən çox danışılır, Sizcə, müsəlman həmrəyliyi də varmı?
– Var, amma istənilən səviyyədə deyil. Məncə, bu həmrəyliyin əldə olunmasında mədəni əlaqələr çox kömək edə bilər. Bir-birini daha yaxından tanıyan müsəlman ölkələri yalnız bundan sonra həmrəy olmağa səy göstərə bilərlər.
– Dağlıq Qarabağ problemi Azərbaycan Respublikasının xarıcı siyasərində mühüm faktorlarından biridir. Misir xalqı Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri bilirmi?
– Ümumən Misirdə insanların Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatları var. Misirdə, Ayn-Şəms Universitetində Qarabağ, Xocalı faciəsi haqqında bir neçə konfrans və tədbir keçirilib. Qəzetlərdə bu hadisələrlə bağlı xeyli məqalə dərc olunub. Bu yaxınlarda Əhməd Əbdoh Təbarikin bu münaqişə ilə bağlı kitabı çapdan çıxdı. Sizin saytınızda da bu barədə məlumat getdi. Misirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin insanlara çatdırılması üçün geniş təbliğat aparılır. Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu sahədə böyük fəaliyyət göstərir, məqalələr dərc etdirir. Bu haqda çıxan kitabların da böyük köməyi var.
– Misir Mədəniyyət Mərkəzinin gələcək planları nədən ibarətdir?
– Gələn ay Azərbaycan Dövlət Dillər Universitetində Misir ayı olacaq, müxtəlif tədbirlər keçiriləcək, Misirdən alimlər gələcək, tələbələrə mühazirələr oxunulacaq. Səfirlikdən də nümayəndələr iştirak edəcək. Misir mətbəxi, mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək. Bakı Slavyan Universitetində də Misirlə bağlı tədbir baş tutacaq. Misir günləri keçiriləcək və plastik incəsənət, fironlarla bağlı sərgi olacaq. Biz də Aidə İmanquliyevanın yubileyini qeyd etməyi nəzərdə tutmuşuq. Misirdən alimlər dəvət olunacaq, konfrans keçirəcəyik, müxtəlif tədbirlərimiz olacaq. Novruz bayramını da qeyr edərək göstərmək istəyirik ki, bayramlarımız eynidir. Eyni zamanda ərəb kurslarına da başlamışıq. Bir sözlə, planlarımız genişdir.
– Çox sağ olun, Sizə uğurlar arzulayırıq.
Gündüz Nəsibov
1905.az