1905.az saytının bu dəfəki müsahibi misirli araşdırmaçı Əhməd Tarabikdir.
– Ərəb dünyası erməni ekstremistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə nə dərəcə xəbərdardır?
– Ümumiyyətlə, Qarabağ problemi barədə informasiya azlığı var. Bu problem mediada hələ də layiqli şəkildə işıqlandırılmayıb və araşdırılmayıb. Dağlıq Qarabağ münaqişəsi insanlığa zidd cinayətlərin şahidi olub. “Xocalı” qırğını, təqribən bir milyon azərbaycanlının ermənilərin onlara qarşı həyata keçirdikləri vəhşiliklərdən qaçaraq öz evlərini və torpaqlarını zorla tərk edərək pis şəraitdə yaşamağa məcbur edilmələrini bu faktlardan biri kimi qeyd etmək olar.
– Ərəb dünyasının Qarabağ problemindən kifayət qədər xəbərdar olmamasının, siyasi və media müstəvisində bu problemə olan marağın azlığının səbəbləri nədir?
– Ərəb dünyasının Qarabağ problemi barədə kifayət qədər informasiyası yoxdur və bunun da bir neçə səbəbi var. Bu səbəblərdən ən əsası Azərbaycanla ərəb dünyası arasında iqtisadiyyat, ticarət, turizm və investisiya sahələrində əlaqələrinin zəif olmasıdır. Dövlətlərarası əlaqələr qarşılıqlı mənafelərə əsaslanır. Azərbaycanla ərəb dünyası arasında güclü iqtisadi əlaqələrin mövcud olması onlar arasında mədəniyyət və informasiya sahəsində əlaqələrə kömək edə, ərəb vətəndaşının Qarabağ problemi barədə düşüncəsini artıra bilər. Xüsusilə qeyd edilməlidir ki, burada Azərbaycanın ədalətli mövqeyi var və beynəlxalq qanunlara uyğundur. Bu, Fələstin problemi kimidir. Bütün beynəlxalq və regional təşkilatlar qəbul etdikləri qətnamələrlə hər iki problemin həlli kimi Fələstin və Azərbaycan xalqlarının hər birinin hüquqlarını, İsrail və Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının geri qaytarılmasında qanuni hüquqlarını dəstəkləmişdir.
–Siz, bu yaxınlarda işıq üzü görəcək Dağlıq Qarabağ haqqında müfəssəl kitabın müəllifisiniz. Sizi bu kitabı yazmağa sövq edən səbəblər hansılardır?
– Qarabağ problemi islam dünyamızın tarixində ağrılı səhifə kimi qeyd olunan problemlərdəndir. İslam dünyasının əziz parçası olan Azərbaycan Respublikasının qəlbində ağrılı bir yara olmasına baxmayaraq bu problem nə ərəb və islam təşkilatları tərəfindən siyasi müstəvidə, nə də informasiya müstəvisində kifayət qədər maraq özünə cəlb etməmişdir. Buna görə də mən istəyirəm ki, Allah-təala mənə imkan verdiyi qədər nəinki ərəb ölkələrinin adi vətəndaşının, hətta yazarların, media nümayəndələrinin və jurnalistlərin haqqında çox şeyi bilmədikləri bir problemə işıq salım. Bu kitabı hazırlayarkən üzləşdiyim çətinliklərin əsas səbəbi bu mühüm problemə toxunan ərəbdilli yazıların azlığıdır. Buna görə də bu məsələyə öz töhfəmi vermək istəyirəm.
– 1905.az saytı barədə fikirlərinizi bilmək istərdik.
– 1905.az saytı ərəb dünyasını Qarabağ problemi ilə tarixi, coğrafi baxımdan, erməni işğalının təkcə azərbaycanlı əhali ilə kifayətlənməyərək, islam dininə aid müqəddəs məkanlara, tarixi mədəni abidələrə qarşı törətdiyi cinayətlərlə tanış edən bir pəncərədir. Erməni işğalı bu münaqişə nəticəsində Qarabağda Azərbaycan xalqına və islam dünyasına aid nə varsa hamısını məhv etmək istəyir. Buna görə də saytın əməkdaşlarından istəyirəm ki, saytın hər bir ziyarətçi üçün hərtərəfli pəncərə olması, tədqiqatçılar və xüsusilə bu problemlə, ümumilikdə Qafqaz regionu ilə maraqlananlar üçün bir istinad edilən mənbəyinə çevrilməsi üçün inkişaf etdirilməsində əlindən gələni əsirgəməsinlər.
Şıxəli Əliyev
1905.az