Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “ABŞ Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri” nin nəticələrini tanımır” adlı məqalə dərc olunub.
Məqalədə ABŞ Dövlət Departamentinin sözçüsü C.Ratkeyə istinadla bildirilir ki, ABŞ Dağlıq Qarabağı müstəqil, suveren dövlət kimi tanımır və cari il mayın 3-də keçirilən “parlament seçkiləri”nin nəticələrini də tanımır.
Məqalədə Dövlət Departamentinin nümayəndəsinin, bu “seçkilər”in Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmədiyini vurğuladığı da öz əksini tapıb.
Müəllif qeyd edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bəyan ediblər ki, onlar Dağlıq Qarabağın hüquqi statusuna təsir edəcək bir nəticə kimi hazırkı “parlament seçkiləri”nin nəticələrini tanımırlar və bu “seçkilər” hər hansı bir halda Qarabağın hüquqi statusuna və münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların gedişinə əvvəlcədən təsir etməməlidir.
Məqalədə xüsusi vurğulanır ki, heç bir ölkə Dağlıq Qarabağı müstəqil, suveren dövlət kimi tanımır və orada keçirilən “seçkiləri” qəbul etmir.