Müsahibimiz tanınmış yazıçı Əlabbas Bağırovdur.
– Əlabbas müəllim, bu günlər Füzuli və Cəbrayıl rayonlarının işğalının ildönümü qeyd olunur. Artıq dörddə bir əsrdir ki, Qarabağ problemi avansəhnəyə çıxıb. Ədəbiyyatın bu mövzunu həzm etməsi və ortaya ciddi əsərlər qoyması üçün böyük vaxtdır. Peşəkar yazıçı, söz adamı kimi Sizin mövqeyinizi öyrənmək istərdik ki, Azərbaycan nəsri, poeması, dramaturgiyası bu mövzunu həzm edib, tarixi həqiqətlərin oxucuya çatdırılmasında böyük rol oynaya biləcək ciddi məhsullar ortaya qoya bilibmi?
– Desəm ki, müstəqillik illərində ədəbiyyatımız üzərinə düşən missiyanı 100 faiz yerinə yetirib, yalan olar. Əslində heç bir missiya 100 faiz yerinə yetirilmir. Istənilən bir işdə məqsədə yalnız müəyyən qədər nail olmaqdan söhbət gedə bilər. Ədəbiyyatda da belədir. Xüsusilə hadisələrə obyektiv qiymət vermək baxımından böyük müddət tələb olunur. Amma həm də demək olmaz ki, əsrin sözügedən dörddə biri gədərki müddətdə ədəbiyyat dayanıb-durub, inkişaf eləmir. Şəxsən mənim də azərbaycanlı müəlliflərin imzasında oxumaq istədiyim əsərlər olub, təəssüf ki, oxuya bilməmişəm. Tapa bilməmişəm o əsərləri. Yazıçı yox, bir oxucu kimi istəmişəm ki, bizim tanınmış, adlı-sanlı yazıçılarımız bu mövzuya toxunsunlar. Məsələn, Çingiz Aytmatov sağ olsaydı, istərdim görüm, ötən illərin mənzərəsini o necə yaradardı? O ranqlı yazıçılar Azərbaycanda da olub, hayıf ki, onların təqdimatında arzuladığım o əsəri oxuya bilmədim. Yaxud bizdə “Əcəl zəngi” niyə yaranmadı? Səbəb, doğrudanmı təkcə odur ki, müharibə təcrübəsi ilə bərabər, həm də bu cür movzularda qələm çalanların sayı hədsiz azdır? Ya o cür əsərlərin təbliğatı bizdə lazımi səviyyədə qurulmur? Bir həqiqət var ki, bizdə iki-üç nəfərdən savayı, qələm sahiblərinin heç biri müharibə üzü görməyib. Bəlkə də, “Əlvida silah” və “Əcəl zəngi” Heminqueyə ona görə dünya şöhrəti qazandırdı ki, o, müharibə od-alovunun içindən yad bir diyarda, İspaniyada öz ayaqları ilə keçib getdi. Yaralandı, bir də qayıtdı. Robert Cordan kimi mükəmməl bir obraz yaradana qədər sanitar batalyonunda da olsa, sona qədər qalmağı bacardı. Bizdə isə istedadlı qələm dostumuz Nemət Veysəllidən başqa, bunu heç kim edə bilmədi. Söhbət Füzulidən düşmüşkən, Nemət elə orda, dədə-baba ocağında sılaha və qələmə sarılıb vuruşurdu. Yalnız təxəyyülün qüdrəti ilə şedevr yaratmaq olmaz. Yaxud Aqil Abbasın bir neçə əsəri də ona görə uğurlu alındı ki, az-çox o da göz şahidi olduqlarını gətirə bildi ədəbiyyata.
– Etiraf edək ki, bunlar çox azdı.
– Bəli. Birinci səbəb odur. İkincisi də, neçə illərdi elə hey eşidirik ki, Qarabağ hadisələri bir oyundu, yəni hansısa dövlətlər Azərbaycanın müstəqilliyinə mane olmaq üçün bizi bu oyunun episentrinə çəkiblər. Başqa bir söhbətin mövzusu hakimiyyət hərislərinin illərlə bitmək bilməyən mücadiləsi olub. Bu hadisələr istər-istəməz ədəbi aləmə də sirayət eləyib, bu və ya digər dərəcədə ədəbi əsərlərdə öz əksini tapıb və həmin tendensiya bu gün də davam etməkdədir. Sabir Əhmədlinin “Axirət sevdası”, Yusif Kərimovun “Qarabağ şikəstəsi”, Məmməd Orucun “Qısa qapanma”, Aqil Abbasın “Dolu”, Aslan Quliyevin “Keçmiş döyüşçü və oğlan”, “Ağrı”, Nüşabə Məmmədlinin “Zəngulə”, Eyvaz Zeynalovun “Tələ” Azad Qaradərəlinin “Günəş tutulan yerdə”, Şərif Ağayarın “Gülüstan”, bəndeyi-həqirinizin “Qaraqovaq çölləri” kimi əsərlər birbaşa qanlı-qadalı dava illərinin, onun real gerçəkliklərinin bədii təcəssümü olan romanlardır. Hələ bir-birindən dəyərli çoxsaylı hekayə və povestləri demirəm. İndi desək ki, konkret olaraq Füzuli və Cəbrayıl hadisələri ilə bağlı ədəbiyyatda hansısa böyük əsərlər var, yalan olar. Bu məqamda söhbət yalnız bu iki rayondan yox, Böyük Vətəndən gedir. Vətən deyiləndə mən Azərbaycanın siyasi xəritəsində əks olunan movcud ərazi və onun hüdudları daxilində yaşayan insanları nəzərdə tuturam. Təəssüf ki, o vaxt bu cür yanaşmalar Qarabağ savaşının Vətən müharibəsinə çevrilməsinə imkan vermədi. Onun altını biz məhz indi çəkirik. Xoşbəxtlikdən, Aprel döyüşləri köz altında qalan qığılcımı bircə anda alova çevirdi, məğlub xalqın qələbə əzmini, döyüş ruhunu özünə qaytara bildi. O vaxtacan elə bilirdim, həm də hadisələrin gedişatı da göstərirdi ki, müharibə ovqatına köklənmək üçün bu xalqa hələ uzun illər lazım olacaq. Amma nə yaxşı ki, vəziyyət gözlənilmədən dəyişdi. İndi qəti yəqinimdi ki, bu yolda biz nəsə bir qazanc əldə edə bilsək, birincisi, Azərbaycan hərb sənətinin, ikincisi də, onun ədəbiyyatı, dili, musiqisi, bir sözlə, incəsənəti ilə əldə edəcəyik, riyaziyyat, fizika ilə yox. Xalqı qələbəyə yalnız onlarla və hərbi təbliğatla hazırlamaq olar.
– Qorbaçovun bədnam “perestroyka”sı başlayanda, Rusiya paytaxtında, böyük şəhərlərdə çıxan qalın jurnallar maraqlı oldu. “Sandıq ədəbiyyatı” ortaya çıxdı. Məlum oldu ki, nasirlər, şairlər çap ediləcəyinə ümid bəsləmədikləri əsərlər üzərində işləyiblər. Və tarixi fürsət yaranan kimi həmin əsərləri redaksiyalara təqdim ediblər. Bildiyim qədərilə bizdə mərhum Qabilin “Ömür həbləri”ndən başqa belə bir “sandıq ədəbiyyatı” üzə çıxmadı. Məlum oldu ki, Azərbaycanda sovet dövründə yazıçı və şairlərimiz çap ediləcəyinə ümid bağlamadıqları əsərləri heç yazmayıblar. Bəlkə də beyinlərində gəzdiriblər, gündəlik və dəftərçələrində qeydlər aparıblar. Amma hər halda konturları bəlli olan bir əsər formasına salmayıblar. Mən hər halda bunu başa düşməyə hazıram. Amma 25 illik Qarabağ problemi haqqında 5-6 sanballı romanın meydana çıxmaması Sizcə, düşündürücü deyilmi?
– Çox düşündürücüdür və haqlısınız. Həqiqətən də “sandıq ədəbiyyatı” anlayışı bizdə ortaya çıxmadı. Düzdü, belə söhbətlər gəzirdi ki, görün filankəsin nələri çıxacaq üzə, amma həmin o filankəslərin heç cıngırı da çıxmadı. Məlum oldu ki, o gözləntilər hamısı əbəs imiş, ciddi və xəlvəti yazılar yerli-dibli olmayıb. Zaman və dövr nəyi diqtə edibsə, onu yazıb, çap edib, gen-bol da qonorarını alıblar. Rahatlıqla təmin olunan o yazıçılar şöhrətin zirvəsinə də elə üzdə olan əsərləri ilə çatmışdılar, sandıq ədəbiyyatı ilə yox. İndi isə nə qanorar verən var, nə də şöhrətin zirvəsi. Biz heç burdan-bura Allahın Şüvəlanına gedə bilmirik, qalmışdı xarici və qonşu ölkələrə yaradıcılıq ezamiyyətinə göndərən ola. Bax, bəla burasındadır. İndi heç yazıçılara, şairlərə ev də vermirlər.
– Bir ara 9 mənzil söhbəti gəzirdi.
– Oldu, amma elə işartı şəklində baş verdi ki, biz onu heç hadisə kimi xatırlaya da bilmirik. Amma sağ olsun dövlətimiz, jurnalistlərə ev verildi və onun yaxınlığında daha biri tikilir, yaxınlarda Prezidentin təşəbbüsü ilə əlavə maliyyə vəsaiti də ayrıldı. Bunun da səbəbi var. Hazırda Azərbaycan ədəbiyyatının simasını sanki nasir və şairlər deyil, jurnalistlər müəyyənləşdirir. Ola bilər, bu kiməsə dumanlı görünsün, amma baxın, vaxtilə ədəbiyyatda külüng çalan şəxslərin böyük əksəriyyəti bu gün jurnalistika cəbhəsində vuruşur.
– Ən yaxşı halda publisistikadadılar.
– Doğrudu. Hələ 20-25 il əvvəl demişdim ki, Azərbaycan ədəbiyyatını sanki jurnalistika öz ağuşuna alıb aparır. Görün bu gün aktiv fəaliyyətdə olan nə qədər saytlarımız, qəzetlərimiz var. Onların da 99 faizi publisistika ilə məşğuldur. Yalnız 1 faiz şeirə, ciddi nəsrə yer qalır. Son illər əbədi və ədəbi simasını özünə qaytarmağı bacaran “Ədəbiyyat” qəzetində publisistikaya olduqca geniş meydan “Azərbaycan”, “Ulduz”, “Yazı”, “Xəzan”, “Ustad” və digər jurnallar dövri olaraq çap olunur, sonra bir ara çıxıb, nəşri dayanmış jurnallar vardı ki, onların əksəriyyəti ədəbi-bədii yönümlü olsa da, publisistika orda da nəsri və poeziyanı üstələyib, ya da qeyri-ciddi, məişət səviyyəli nəsr əsərləri və malyyyə çətinlikləri nəşrin fəaliyyətini dalana dirəyib. Arxada ciddi maliyyə resursları olmadığından, nəticədə şair və nasirlərin yaradıcılığın digər sahələrinə üz tutmasına gətirib çıxarıb. Yazıçıya normal qanorar verilsə, onlar oturub öz yazısını yazacaq, daha jurnalistika ilə məşğul olmayacaqlar. Hər əlinə qələm alanın yazıçılıqdan da əvvəl jurnalistikaya meyl etməsi məhz burdan qaynaqlanır.
– Konkret nədən?
– Jurnalist yazısını yazır və bilir ki, bir köşəsinə görə heç olmasa 20 manatını alacaq. Amma yazıçının çox böyük, məsələn, deyək ki, 300-500 səhifəlik bir romana görə 50 manat qonorar ala biləcəyinə bir adam zəmanət verə bilməz. “Azərbaycan” jurnalı da o romanların hamısını şap etmək imkanında deyil ki, barı nəyəsə ümid eləyəsən. Guya, etdi nə olasıdı?… Müəllifə qəpik-quruş verirlər. Gedib onu almağa da utanırsan. Birinci səbəb budur. İkincisi odur ki, axı roman yazmaq elə-belə iş deyil. Sənin məlumatın, təcrübən, hazırlığın, informasiya bazan, həvəsin olmalı, nəfəsin, səbrin çatmalıdı ki, oturub təmkinlə işini görəsən. Əlbəttə, söhbət bu gün sayı-hesabı bilinməyən əldəqayırma “roman”lardan yox, rəhmətlik Rafiq Tağı və Eyvaz Əlləzoğlunun, Aqil Abbasın, Aslan Quliyevin, Nəriman Əbdülrəhmanlının, Saday Budaqlının, Kamran Nəzirlinin, Firuz Mustafanın, Afaq Məsudun, Mənzər Eynullayevanın, Mehriban Vəzirin, Eyvaz Zeynalovun, Azad Qaradərəlinin, Səfər Alışarlının, Kamil Əfsəroğlunun, Vaqif Sultanlının, Yaşarın, Fəxri Uğurlunun, Elçin Hüseynbəylinin, Orxan Fikrətoğlunun, gənclik yaşı artıq arxada qalan Kənan Hacının, Aqşin Yeniseyin, Mübariz Örənin, Şərif Ağayarın, Natiq Məmmədlinin, Alpay Azərin və bu qəbildən olan onlarla digər usta qələmlərin roman, povest və hekayələrindən gedir. Onların hər birinin bu gün ortada bir və bir neçə ciddi əsəri var. Bizdə hazırda ədəbiyyat var, faciə bunda deyil, lakin onun tənqidi yoxdur. Bəla məhz bundadır. Mən məsələn, Anarın, Əkrəmin, Elçinin, İsinin, Yusif və Vaqif Səmədoğluların, Əlibala Hacızadənin, Rüstəm və Maqsud İbrahimbəyovların, Azər Abdullanın, Tofiq Hüseynovun və digərlərinin, tək əsərlərini yox, həm də əsərlərinə yazılmış ədəbi-tənqidi materialları isti-isti, həm də o əsərlərin özü qədər maraqla oxumuşam. Yazıçının oxucuya birbaşa deyə bilmədiyi mətləbi ədəbi tənqid söyləyir. O, oxucu ilə müəllif arasında dədə-babadan körpü rolu oynayıb. Hətta bu günün özündə belə əminəm ki, “Qətl günü”nü hazırlığı olmayan oxucu oxuyub, ordan müəllifin nəzərdə tutduğu lazımi nəticəni çıxarmaya bilər. Amma tənqidçi müəllifin demək istədiklərini beş-üç cümlə ilə birbaşa oxucuya çatdırmağa borcludu. Bu mənada, neçə illər təkrar-təkrar söylədiyim bir fikri deməyə dübarə ehtiyac duyuram ki, 80-90-cı illər və ondan sonrakı dövr ədəbiyyatının ədəbi tənqidi və deməli, həm də reklamı və təbliğatı olmadı. Nəticəsi də o oldu ki, yaşı artıq 60-ı ötən bir çox qələm sahibinin bu gün adını belə eşitməyən oxucular var. Bəzən onları qınayanlar da olur ki, necə yazıçıdı ki, bu yaşacan tanınmır. Özümdən deyim, vaxt olub, özümü kiməsə təqdim etməkdən xəcalət çəkmişəm, ədəbi ictimaiyyətdən başqa heç kim tanımır səni. Axı yazıçı-şair artist deyil ki, üzdə olmaq, tanınmaq xatirinə günaşırı ekranlarda şou göstərsin. Hələ yaxşı ki, bu gün müxtəlif sosial şəbəkələr var və onların hesabına oxucularla birbaşa təmas qurmaq, fikir paylaşmaq mümkündü.
– Məqamı gəldiyinə görə deyirəm, istisnalar da var axı.
– Var, bunu qətiyyən danmaq olmaz. Heç o fikirdə də deyiləm. Amma iş orasındadı ki, əvvəla, 25-26 illik bir zaman kəsiyində müharibə mövzusundan başqa, sosial sifariş deyilən elə bir nəsnə yoxdur ki, yazıçıya nəyisə birbaşa diqtə eləsin. Azərbaycan ədəbiyyatını bu gün dünya ədəbiyyatının dəbdə olan mövzuları üçün poliqon da hesab eləmirəm ki, gətirib onları zorla bu ədəbiyyata pərçim eləyəsən. Tutaq ki, indi Çingiz Abdullayev, dostumuzdu o, istedadlı insan, xeyirxah adam, bizim nəsildən yeganə xalq yazıçısıdır. Yüzlərlə, minlərlə oxucusunun olduğunu istəsən də dana bilməzsən. Amma gümanımca, bayaq konkret olaraq adına qədər sadaladığım böyük bir yazıçı ordusunun Azərbaycanda orta statistik oxucusu daha çoxdur, nəinki Çingiz Abdullayevin. Çünki onların qaldırdığı mövzular çağdaş həyatımızın bu və ya digər dərəcədə birbaşa reallıqlarıdı. Ağır və üzüntülü həyat yaşayan insanların gündəlik dərd-səri, məişət qaygısı, ağrı-acıları, sevgisi və şəxsi problemləri ilə zəngin bir dünyanın bədii ifadəsidi. Bir az da konkret deyəsi olsaq, Azərbaycan insanının kəskin konfliktlərdən, ağır məntiqi araşdırmalardan, macəraçılıqdan, ölüm-itim sərgüzəştlərindən uzaq gündəlik sadə həyatını, dünənini, bu gününü, sabahını əks etdirir. Artur Konan Doyldan, Aqata Kristidən, Jorj Simenondan başlanıb gələn bir yolu Azərbaycanda davam etdirən və xaricdə də layiqincə təmsil edən Çingiz Abdullayevin əsərləri artıq bu mənada bir istisnadır. Bir az da konkret desək, bu mövzular Azərbaycan oxucusunun çox da aludə olduğu, bağlandığı bir mövzu deyil. Bu mənim subyektiv fikrimdir və hökm deyil ki, kimsə mütləq onunla razılaşsın.
– Xahiş edirəm, ədəbi tənqid məsələsinə qayıdaq.
– Baxın, Məmməd Arif, Məmmədcəfər Cəfərov getdi, yerində Kamal Talıbzadə, Əziz Mirəhmədov, Qulu Xəlilov qaldı, onlar getdi, Yaşar Qarayev, Bəkir Nəbiyev qaldı. Onlar gedib, yerində Akif Hüseynov var. Bir qədər sonrakı nəsıllərin yaş sıralamasında Rəhim Əliyev, nisbətən sonrakı dövrdə Sabir Bəşirov, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Təyyar Salamoğlu, Tehran Əlişanoğlu, Bəsti Əlibəyli, İradə Musayeva, Elnarə Akimova, Cavanşir Yusifli, Əsəd Cahangir, Nərgiz Cabbarlı, Ülvi Babasoy və digərlərinin adları keçir. Onların içərisində savadlı, informasiyalı, ədəbi tənqidin ağır yükünü çiyinlərində apara biləcək şəxslər var və mən 80-90-cı illər və ondan sonrakı dövr ədəbiyyatının real ədəbi-tənqidi mənzərəsini məhz onların yaradacağını güman eləyirdim. Hiss etdiyim qədər, tənqiddə Rüstəm Kamal mərhələsi başlanıb artıq. İş ondadı ki, tənqid birinci, qərəzsiz, ikinci, ədalətli, üçüncü, vicdanlı, dördüncü, obyektiv, beşinci isə prinsipial olmalı və sifariş yerinə yetirməməlidi. Amma bəyəm az olub ki, indinin özündə belə biz adıçəkilən tənqidçilərin bəzisinin təqdimatında layiq olmadığı ad-sana malik yazıçı və şairlərimiz haqda sicilləmə cızma-qaralar oxuyaq?… Nə qədər ki, ortada müxtəlif münasibətlər, ambisiyalar, şəxsi-qərəz, gözügötürməzlik deyilən şeylər var, biz tənqiddən umduğumuz o şəffaf münasibətin, sağlam rəqabətin hələ çox həsrətində qalacağıq. Bununla belə, elə bilirəm, ədəbi tənqid günü-gündən artan templə inkişaf etməkdədi. “Ədəbiyyat” qəzeti də bu sahədə çox böyük işlər görür. Azər Turanı sağ olsun ki, balaca bir kollektivlə qəzetin itirilmiş şöhrət və nüfuzunu artıq bərpa edə bilib.
– Vaxtilə Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Mehdi Hüseynzadənin abidəsi qoyuldu. Və Mehdi Hüseynzadənin qəhrəmanlığının belə deyək, legitimləşdirilməsi istiqamətində böyük addımlar atıldı. Qarabağ müharibəsində bizim nə qədər qəhrəmanlarımız olub. Son aprel döyüşləri də göstərdi ki, Azərbaycanda qəhrəmanlar tükənməzdir. Mənim qənaətimcə, 1941-45 və 1992-1993-cü illərdə qəhrəman olmaq daha asan idi, nəinki indi. Bunların ədəbiyyatda obrazları yaradılıbmı?
– Azərbaycan cəmiyyətində 12 ballıq şkala ilə bir zəlzələ titrəyişi yaradan qəhrəman Mübariz balamız oldu. Onun kimi oğullar hazırda da yetərincədir. Azərbaycan xalqı o potensiala həmişə sahib olub. Gəray Əsədov, Mehdi Hüseynzadə, Həzi Aslanovlar həmişə var və bu xalq durduqca da olacaqlar.
– Amma nədənsə bu gün qəhrəmanlarımız haqqında romanlar görmürük.
– Biz onları bəzən daha çox, barələrində yazılan əsər və filmlərə görə tanıyırıq, nəinki real həyati faktlara əsasən. Sənət əsərinin bədii təsir gücü də bundadı. Hüseyn Abbaszadənin Həzi Aslanovu, İmran Qasımov və Həsən Seyidbəylinin Mixaylosu, Məmməd Rahimin Hüseynbala Əliyevi, gümanımca, həyatda olduğundan tamam fərqli-fərqli insanlardı. Biz nəsil gözümüzü açıb onları tərənnüm edən əsərlərlə tərbiyə olunmuşuq. Bu, ədəbiyyatın heç zaman köhnəlməyən mövzularından sayılır. Qəhrəmanlar haqda orta məktəb dərsliklərinə ən yaxşı əsərlər salınmalı, həyat yolu başqalarına örnək olası Mübariz İbrahimov, Natiq Qasımov, Şirin Mirzəyev, Allahverdi Bağırov, Fred Asif, Yusif Mirzəyev kimi Vətən oğulları məktəblilərə vaxtında tanıdılmalıdı. Gəlin görək sağlığında Azərbaycanın Milli Qəhrəmanı adını almış Maşallah Abdullayev kimi igidin yerini beş-üç nəfərdən başqa, indi çoxmu adam bilir? Dəqiqi, heç mən də bilmirəm. Amma bizim sayt və qəzetlərimiz gecə-gündüz şou-biznes əhlinin qarderobundan tutmuş it-pişiyinə qədər daha nələr qalır yazmasın. Kim paltarını neçəyə satdı, yataqda kimi kimlə tutdular, filankəsin itinin qiyməti neçə dollardı və cinsi nədi? Bu, təkcə mənəvi aşınmanın bariz nümunəsi yox, həm də insanlığın faciəsidi. “Qaraqovaq çölləri” romanını Azərbaycanın igid oğlu Natiq Qasımov haqqında balaca bir yazı oxuyandan sonra yazmağa qərar verdim. İşə bax ki, o yazını oxuyanda indi də göz yaşı tökürəm. Elə bu müsahibə ilə bərabər, oxuculara bir müraciət də ünvanlayın, yüz adamdan Natiq Qasımov haqqında soruşun, görün Azərbaycanda onu tanıyan nə qədər insan var? O, həlak olan döyüş yoldaşlarının silahını da götürüb üstünə gələn düşmənlə son damla qanınacan vuruşan bir türk balasıdı. Ermənilər də elə düşünüblər ki, böyük bir alayla üz-üzə gəliblər. Sonradan məlum olub ki, onlarla neçə gün ac-susuz vuruşan, sən demə, tək bircə nəfərmiş. Ermənilərin oraya göndərdikləri, səhv etmirəmsə, Xocalıdan olan girov bir müəllim Natiqə qaçmaq üçün imkanı olduğunu deyəndə razılaşmır ki, “mən komandirə söz vermişəm, postu buraxıb necə qaça bilərəm?” Təsəvvür edirsinizmi, komandirinə verdiyi bir quru sözə görə döyüş meydanını tərk etməyən, ölümün gözünə dik baxmağı bacaran oğullar hələ də var! Amma təəssüf ki, belə bir insan haqqında Azərbaycan oxucusu bu gün də çox səthi informasiyaya malikdi. Hələ bu da hamısı deyil. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gəlib onu ermənilərlə birlikdə aparanda da Natiq Azərbaycan bayrağını əlindən yerə qoymayıb, əksinə fəxrlə onu başı üzərinə qaldırıb. Həmin anın əksi olan bir yadıgar foto əcnəbi jurnalların üz qabığınacan gedib çıxdı, bizsə burdan-bura öz qəhrəmanımıza yenə sahib çıxa bilmədik. Bu hadisə məni elə sarsıtmışdı, günlərlə özümə gələ bilmədim. Nəticədə “Qaraqovaq çölləri” yarandı. Amma bayaq haqqında danışdığımız tənqidçilərin bir çoxu əsər çıxandan xeyli sonra üstümə top-tüfənglə gəldi ki, niyə Qarabağ mövzusunda əsər yazmışam? Ən azı 20 il bu mövzunu qatlayıb bır qırağa qoymalıyıq. Bax belə yerdə deyirlər, bərəkallah, şeyxin elminə!… Bu həmin romandı ki, onu Ədəbiyyat İnstitutu ilin ən yaxşı romanı kimi dəyərləndirib. Düzü, o ana qədər mənə elə gəlirdi ki, bir təknədən çörək yediyimiz tənqidçi dostlarım mənə sağ ol deməkdən əlavə, həm də ən azı o təkliflə çıxış edəcəklər ki, bu romanı xarici dillərə tərcümə etmək lazımdır. Bir müəllif kimi illərdi arzusundayam ki, kaş Mədəniyyət Nazirliyində bu əsəri oxuyub onun ekranlaşdırılması üçün əməli iş görən bir kimsə tapılaydı. Nə yazdığımı mən özüm yaxşı bilir və bəribaşdan deyirəm: əsərin müəlliflik hüququndan, ssenari müəllifliyindən və mənə çatacaq qonorardan imtina eləyirəm. Əfsun Əlibəylinin simasında vətəndaşlıq duyğusunu, verdiyi vədə sədaqəti içində kişi kimi yaşadan, qızıl qanından, şirin canından keçən bir türk oğulunun obrazını yarada bildiyimə görə, kimin nə deməsindən asılı olmayaraq, bu gün də çox məmnunam. Və sizə, həmsöhbətlərimə də tam əminliklə deyirəm bu sözü: o filmin çəkilişi Azərbaycan kinematoqrafiyasına yalnız başucalığı gətirər. Vaxt gələcək o arzuların hamısı çin olacaq. Buna qəti şübhəm yoxdu. Əgər Azərbaycan ədəbiyyatı adına ikicə sözüm yadigar qalacaqsa, mənə bu da bəsdir. Başqa heş bir təmənnam yoxdur. Keçən il qələmə aldığım başqa bir əsərimi “Yük” hekayəsini nəzərdə tuturam, indi ruscaya tərcümə etdirirəm. Onu, yəqin ki, ya rus, ya da erməni saytlarından birinə göndərəcəm. Vaxtilə Ovanes Tumanyan da ağ bayraq götürüb Qazağın və Tovuzun kəndlərində özünə türk havadarlar axtarırdı ki, iki qonşunu bir-birilə barışdırmaqda ona köməkçi olsun. Bu xeyirxah əməlinə görə kimsə onu lənətləmədi, əksinə alqışladı. O hekayədə mən də tam fərqli bir münasibət ortaya qoymuşam – başa düşənə minnət…
– Əlabbas müəllim, bizim hamımızı perspektivlər düşündürməlidir. Birincisi ona görə ki, həyat davam edir və problem çözülməlidir. Aprel ayında da bizim onlarla əsgərimiz şəhid oldu. Hərçənd Azərbaycan necə deyərlər, buzu sındırdı və nailiyyət əldə etdi.
– Heç olmasa o inamı özümüzə qaytardı ki, biz istənilən an hərbi yolla torpağımızı azad edə bilərik, bu bizim halal haqqımızdı, biz buna qadirik. Azad olunan ərazilərdən də çox, hər bir kəsə qol-qanad verən də, bayaq dediyim kimi, o inam, döyüş əzmi və azadlıq ruhudur. Mən qələbə buna deyirəm.
– Həqiqətən də bu hadisəyə qaytarılan torpaq və ya yüksəklik baxımından yanaşmaq, onu ucuzlaşdırmaqdır. Amma əllər hələ də tətikdədir. Biz indi nə etməliyik? Müəyyən işlər əlbəttə, görülüb. Amma Qarabağ mövzusunu kinoya, səhnəyə, romanlara gətirmək lazımdır. Xüsusilə də ona görə ki, faktlar var. Elə Mübariz İbrahimovun igidliyinin özü bir serialdır. Bu işi intensivləşdirmək üçün nə etmək olar?
– İkinci dünya müharibəsi haqqında ən yaxşı əsərlər də 10-15 ildən sonra ortaya çıxdı. M.Şoloxov, Ç.Aytmatov, İ.Hüseynov, N.Dumbadze, Ə.Əylislinin bu mövzuda əsərləri 50-ci illərin axırından çap üzü görməyə başladı. İndi bizdə də həmin tendensiya gedir. Müharibə haqda ən yaxşı əsərlər hələ bundan sonra yazılacaq. Hərçənd yazılanlar da var. Bir qədər vaxt lazımdır. Ona qədər müxtəlif müsabiqələr keçirmək, ən layiqli əsərləri əcnəbi dillərə çevirmək, onların təbliği və reklamı ilə yüksək dövlət qurumları səviyyəsində məşğul olmaq, kliplərin məhəbbət mövzusunu hərbi motivlə əvəz etmək, orta məktəb dərsliklərinə ciddi şəkildə əl gəzdirmək lazımdı. Hər halda bunlar da bir işdi.
Fuad Babayev. Gündüz Nəsibov, 1905.az