1905.az-ın suallarını tanınmış kino mütəxəssisi Əli İsa Cabbarov cavablandırdı.
– Əli İsa müəllim, Sizin kino karyeranız həm də kinonun təbliği, öyrənilməsi və təşkilatlanması ilə bağlıdır. Kinonun təşkilatlanması sahəsindəki fəaliyyətinizi yığcam necə xarakterizə etmək olar? 2005-ci ildə təsis etdiyiniz qurumlar bu müddət ərzində nə işlər görüb?
– Mən kinonun bir fəaliyyət növü, ənənə, sənət növü olaraq gerçək təbliğatında və tədqiqində fəal iştirak etmişəm. Nəyə görə? Çünki mən kinofilm istehsal edən insan kimi gördüm ki, mən və dostlarım kino istehsal edirik, amma bunlar film kimi dərk və analiz edilmir. Sanki bu məhsulları quyuya atırsan. Kino bazarı, kino sahəsi deyilən yer yalnız film istehsalı deyil, həm də bu filmin analizi, tədqiqi, onun başqa elmlərlə – sosiologiya və politologiya ilə müqayisəsidir. Bu, çox böyük silahdır. Ona görə də mən üzvü olduğum kino ictimai birlikləri və həmkarlarım ilə birgə analitik kino jurnalının 9 sayını nəşr etdim. Bu kitab formatında- qalın kino jurnalı idi. Biz prinsipial olaraq belə hesab edirdik ki, bu jurnal qalın və analitik olmalıdır. Bizə tez-tez deyirdilər ki, rus dilində nəşr edin ki, oxucusu olsun, amma bizim üçün çox vacib idi ki, jurnal Azərbaycan dilində nəşr edilsin. Biz hiss edirdik ki, Azərbaycanda, ana dilimizdə analitik kino jurnalını oxuyan azdır. Amma jurnalı havayı paylayır və qazanc güdmürdük. 1 sayımızı Mədəniyyət və Turizm Nazrliyi, 2 sayımızı Gənclər Fondu maliyyələşdirdi.
– Jurnalın adı necə idi?
– “Fokus”. “Fokus” analitik kino jurnalı. Biz analiz etmək istəyirdik ki, düz yoldayıqmı, hardayıq, hardan gəlmişik və hara gedirik. Biz hər rübdə birini buraxmaqla, jurnalın qeyd etdiyim kimi 9 sayını buraxdıq. Ənənəvi nümayişlər keçirilir, filmləri təhlil etməyə çalışırdıq. Kommersiya, tamaşaçıları əyləndirən filmləri yox, analitik və intellektual filmləri göstərməyə cəhd edirdik. Amma bütün bunlar yarı yolda qırıldı. “Azərbaycanfilm”də bütün otaqlarda bu jurnal var idi. Çoxları yaxınlaşıb, jurnala görə bizə təşəkkür edirdilər, amma donorlar tərəfindən yaşıl işıq hiss etmədim. Nəyə görə hiss etmədim? Təəssüf ki, bizdə kino hələlik kino sahəsində çalışanların sosial tələblərini ödəyən bir fəaliyyət növüdür. Kinoya ömrünü bağlamış insanlar peşəkarlıq formalarını itirmədən, məvacib almaq istəyirlər. Bu kinonun minimal məqsədidir. Bizim 100 illik kino ənənəmiz var. Yüzlərlə kinematoqrafçı burada işləyir. Amma kino bizim cəmiyyətimizin güzgüsü olmaq, xalqımıza öz simasını tapmaqda bir vasitəyə, mexanizmə çevrilmək, bizi təhlükəli ideoloji təcavüzlərdən, gələcək təxribatlardan qorumaq funksiyasına bizdə heç yaxınlaşmayıb da. Heç bu məqsəd formulalaşdırılmayıb.
– “Fokus” jurnalının 9 sayı çıxdı. Bu rüblük jurnal idi, yoxsa aylıq?
– Rüblük.
– 9 say yəqin ki, 2 illik dövrü əhatə edir…
– Fasilələr olduğundan 2 ildən bir qədər çox dövr ərzində çıxdı.
– “Fokus” jurnalını buraxmazdan əvvəl gözləntiləriniz fərqli idi və reallıq özünü doğrultmadı? Yoxsa əvvəlcədən bunu gözləyirdiniz?
– Təbii ki, heç kəs işə pessimist başlanğıcla yanaşmır. Amma mən heç olmasa, müəyyən bir davamiyyətə ümidli idim. Satışdan gələn gəlirə ümidim yox idi. Lakin donorların yardımı ilə müəyyən bir davamiyyəti gözləyirdim. Təəssüf ki, bu olmadı. Hətta dəfələrlə dövlət sektorundakı film istehsalçılarının rəhbərləri ilə (bizdə 5 dövlət studiyası var) söhbətimizdə onlar öz məhsullarının təbliğatının olmamasından gileylənirdilər. Mən də soruşuram ki, bəs belə bir jurnal var idi, niyə dəstəkləmirdiniz? Hətta dövlətin “Kino+” qəzeti var idi. Baş redaktor Şərif Ağayarın rəhbərliyi ilə qəzetin oxucu auditoriyası yaranırdı, amma o da dayandı. Sizə deyim ki, uğurlu işlər olsa da, onların əks-sədası olmaya bilər. Çünki təbliğat mexanizmi, qəzet, jurnal yoxdur. Heç sayt da yoxdur.
– Mən elə saytı soruşmaq istəyirdim. Aydın məsələdir ki, jurnalın ən azı poliqrafiya məsələsi var. Bu isə konkret vəsait tələb edir. Analitik kino jurnalı ideyasını sayt müstəvisində reallaşdırmağa cəhd etdinizmi?
– Belə bir istəyimiz oldu. Bizim kino ictimaiyyətinin bir bəlası da var – informasiya axınlarının zəifliyi. Heç kimin heç kimdən xəbəri yoxdur. Təcrübə mübadiləsi də azdır. Sayt işində təcrübəm az olduğundan bu sahəyə girişməyə cəsarət etmədim.
– İxtiyarı saytda əsas məsələ onun “kontent”idir, mətni, şəkillərdir. Saytın jurnalla müqayisədə imkanları həm də ona görə genişdir ki, orada videodan da istifadə etmək mümkündür. Sizin isə “kontent” baxımından heç bir probleminiz yoxdur.
– Biz işə başlayanda nə üçün çap versiyasına üstünlük verdik? Qrant alanda da təklif etmişdilər ki, sayt versiyasına keçək. Amma print versiyası rəflərdə durur, mağazalarda, köşklərdə satılır. Mənim iddiam o idi ki, onların arasında analitik kino jurnalı da olsun. Mağazaya gələnlər bunu görsün.
– Sirr deyilsə, iş gününüz nədən ibarətdir? “Fokus” junalından sonrakı mərhələdə.
– İki aydır ki, ilk dəfə olaraq dövlət tərəfindən istehsal edilən filmdə işləyirəm. Düzdür, 20 il ərzində AZTV-nin “Azərbaycan Telefilm” Yaradıcılıq Birıiyində işləmişəm. Amma indi “Azərbaycanfilm”lə müqavilə bağlamışam. Tammetrajlı bədii filmin xətti prodüseriyəm. Xətti prodüser baş prodüserin müəyyən sahə üzrə müavini hesab olunur. Quruluşçu rejissor mənim həmkarım və yaxın dostum İlqar Nəcəfdir. Dövlət sifarişi ilə çəkilən “Nar bağı” adlı bədii filmdir. Günün birinci yarısında “Azərbaycanfilm”də bu işlə məşğul oluram, günün ikinci yarısında isə fərdi layihələrim üçün yol açmaq uğrunda səy göstərirəm.
– Dünyada iqtisadi tənəzzül dövrü yaşanır və bunu etiraf etməmək mümkün deyil. Azərbaycanda ötən il iki devalvasiya olub. Bax bu fakt kinoya ümumilikdə hansı mənfi təsiri göstərib?
– Amerikada xalqın böyük depressiya dövründən çıxmasında kinonun böyük rolu olub. Yəni psixoloji depressiyadan çıxmaqda əyləncəli, musiqili filmlər böyük rol oynayıb. Depressiyada olan insanlar işığa doğru gedirləlr, istəyirlər ki, bir əyləncə, ümid görsünlər. Bu baxımdan deyə bilərik ki, kifayət qədər normal büdcəli, 50-70 min manatdan yuxarı, 5-6 kommersiya filmi çəkilir. İqtisadi böhran daha çox dövlət sektorunda film istehsalına çətinliklər yaradıb. İnsanlar son pullarını da verib kommersiya filminə baxmağa, əylənməyə hazırdılar. Tamaşaçılar başa düşüblər ki, kinozal əyləncə növü olaraq çox əlverişlidir. Bir bilet alırsan, yarım saat zalın qarşısında dostunla, sevgilinlə vaxt keçirirsən, iki saat da zalda filmə baxırsan. Kino qlamur dəyərlər sisteminə girib. Qeyri-rəsmi məlumatlara görə, yalnız “Xoxan” filminin 150 min nəfər tamaşaçısı olub. Ona görə də kommersiya filmləri çəkilir. Amma film istehsalının dövlət sektorunda çətinliklər var. Maliyyə qıtlığı zamanında dövlət sektorunda film istehsalı daha çevik və effektli menecment tələb edir.
– Siz analitik kino jurnalının rəhbəri olmusunuz, bu işə də həyatınızı həsr etmisiniz. Növbəti sualım da sırf analitik yönümlüdür. Biz bu otaqda, sadə texniki imkanlarla iki filmə baxmışıq – “Qara bağ” və “İnikas” filmlərinə. Festival filmlərində, kino tənqiçilərinə və kino estetlərinə ünvanlanan filmlərdə Qarabağ mövzusunu qaldırma imkanları nə qədərdir?
– Bizdə bu aspektdə iki uğurlu nümunə var. Biri Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filmi, digəri də Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən Elçin Musaoğlunun “Nabat” filmidir. “Nabat” filmi Venesiya festivalının rəsmi proqramında da olub. Film çox yaxşı qarşılanıb və informasiya müharibəsində, ideoloji müharibədə uğurlu bir reseptdir. Yəni biz Qarabağ müharibəsini necə təqdim edə və göstərə bilərik.
– Adi dillə desək, erməniləri işğalçı kimi göstərmək şərtilə festival filmi çəkmək və onun əsas meydançalara (Kann, Venesiya və s.) çıxarmaq mümkündür.
– Təbii. Sadəcə olaraq bunun yolları var. Burada bicliklər nədən ibarətdir? Tutaq ki, “erməni faşistdir” və ya “biz qurbanıq” mesajı. “Biz qurbanıq” mesajı daha asanlıqla özünə yol aça bilər. Nəticə isə ondan ibarətdir ki, biz qurbanıqsa, qarşı tərəf cəlladdır. Bundan əlavə, qarşı tərəfin müsbət nümayəndəsini də göstərirsən, cinayətlərini də. Və görürlər ki, sən subyektiv deyilsən.
– Məsələn “Pianoçu” filmində ifaçını xilas edən alman zabiti göstərildiyi kimi…
– Bəli. Və ya daha bir uğurlu nümunə: dövlət sifərişi ilə çəkilən, Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmində olduğu kimi, ikinci dünya müharibəsində faşistlərə qarşı birgə vuruşan erməni və azərbaycanlılar 20-ci əsrin axırında səngərin əks tərəflərindədirlər. Biz “Rembo” ilə bazara çıxa bilmərik. Ancaq Mirzə Cəlilin “Kamança” metodundan istifadə etməliyik. “Nabat”ın süjeti necədir? Hərbi manevr və ya geriləmə nəticəsində ermənilərin atəşə tutduqları kənd boşaldılır. Kənddən bir qədər aralıda yaşayan tənha qadın isə bundan xəbər tutmur və orada qalır. Səhər görür ki, kənd boşaldılıb. Şəhid oğlunun və ərinin də qəbri kənddə olduğundan, oranı tərk etmir. Gecələr isə kənddəki evlərin çıraqlarını yandırır. Ya təkliyin vahiməsindən qaçmaq üçün, ya ermənilərin kəndi ələ keçirməmələri məqsədilə yandırır ki, yaşayış olduğunu göstərsin. Ordumuzun zabitləri təəccüblənirlər ki, ermənilər niyə kəndə girmirlər. Sonda Azərbaycan ordusu kəndə geri qayıdır və onu bərpa edir. Yəni filmdə erməni yoxdur, qurban və onun qələbə əzmi var.
– Həm də mənə elə gəlir ki, təsirli filmdir.
– Çox təsirlidir.
– Əli İsa müəllim, “Nəsimi”, “Babək”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm” yoxdur, heç “Bəyin oğurlanması” da yoxdur. Doğrudanmı bu filmlər yoxdur, yoxsa “Nabat” filmi kimi onlardan xəbər tutmuruq? Belədirsə, günah kimdədir?
– Kinonun təbliğatı sahəsində konkret məsul olan məmur, aidiyyatı olan orqanın bölməsi var , onlar bu sualın cavabını dəqiq bilərlər. Plan üzrə nümayişlər, kommersiya zallarında “Azərbaycan filmləri həftəsi” olur, xaricdə Azərbaycan kino günləri keçirilir. Hətta həbsxanalarda da yeni filmlərin təqdimatı olub. Amma deyək ki, sizin saytınız da bir platformadır. Bir neçə dildə yayımlanır. Qapınızı döyüb, bax, bura gəlmək olardı. Siz “Nabat”a baxardınız. Və yaxud analitik kino jurnalı, kino saytı və başqa formatlı təbliğat vasitələri dəstək tapa bilərdi ki, uğurlu kino nümunələrini daha geniş tamaşaçı auditoriyası tanısın. Təbliğat işi daha da gücləndirilməlidir.
– Kinonun inkişafını necə görürsünüz?
– Yuxarıda sadalanan filmlər son illərin uğurlarıdır. Kinonun stabil dövlət maliyyələşməsi də reallaşır və bunun prinsipial xilasedici əhəmiyyəti var. Filmlərimizin xaricdə nümayişi və beynəlxalq müsabiqələrdə iştirakı sayı ümidvericidir. Özəl investorların kino istehsalı və kinoteatr biznesinə yatırımları ilbəil artır. Azərbaycan Prezidenti tərəfindən imzalanmış “2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafı hqqında” Dövlət Proqramı var. Proqramın bitməsinə 2 ildən az müddət qalır, qoyulan məqsədlərin əhəmiyyətli hissəsi hələ həyata keçməlidir. Xüsusi ilə Avropa Şurasının kinoya dəstək fondu olan Euroimages (Avroimaj) təşkilatına üzvlük çox vacibdir. Ermənistan artıq bu təşkilata üzvdür.
– Qalan müddət ərzində qalan məqsədlərin yerinə yetirilməsi mümkün deyil?
– Çətin də olsa maksimum nəticə əldə etməyə cəhd göstərmək lazımdır. Orada göstərilib ki, müstəqil istehsalçı şirkərlər dəstəklənməlidir, təəssüf ki, əks proseslər də müşahidə olundu.
– Bəs seriallarla bağlı vəziyyət necədir?
– Seriallarda da dövlətin buraxdığı vəsaitin effektivliyi elə 30-40 faizdir. 20-30 adda serial istehsal edildi, şərti olaraq bölsək, onlardan 3-5-i keyfiyyətli və yaxşıdır, 4-7-si dözümlüdür, qalanlarının isə sənət və peşəkar dəyəri aşağıdır. Vəsait ayrılmışdı ki, televiziyada, elektron mediada Azərbaycançılığı və mənəvi dəyərləri dəstəkləyən audiovizual məhsullar çoxalsın. Bu effekt olmadı.
– Seriallar böyük filmlərə aktyor hazırlığı, aktyorların püxtələşməsi, çəkiliş meydançasına alışması baxımından kadr ertiyatını yarada bildimi?
– Kadr ehtiyatı yarada bilmədi, amma bu sahədə çalışan insanların sosial durumuna müəyyən yüngüllük gətirdi. İdeoloji müharibədə qələbə olacaq bir hadisə olmalı idi, amma realda ən minimal funksiyanı, sosial funksiyanı yerinə yetirdi. Halbuki bu, minimal vəzifə idi.
– Əvvəllər kinonun magiyası var idi. Kinoda operator, montajçı, işıqçı, pirotexnik, kaskodyor və adi həyatda qeyri-adi səslənə biləcək ixtisaslar var. Gənclərdə buna maraq varmı?
– Mən İncəsənət Universitetini 1996-ci ildə bitirmişəm. Bildiyiniz kimi, 1991-1996-cı illər çətin vaxtlar idi. Amma aktyor fakültəsinə qəbul azalmırdı ki, artırdı. Mən rejissorluq fakültəsinə girmişdim və fikirləşirdim ki, kinoya həmişə yaşıl işıq yandırılır. Aktyorluq fakültəsindəkilərə heyrətlə baxırdım ki, bəs bunlar nəyə gəliblər. Aktyorlara qonorarlar, prezident təqaüdləri yox idi, evlər verilmirdi, hər şey iflic vəziyyətində idi. Amma bizim xalqımız sübut edib ki, sənətə bağlılığımız var. Təəssüf ki, 80 faizi irəli aparacaq 20 faiz insan arasında harmoniya tapılmayıb. Buna görə də kino kiminsə maaş ala biləcəyi yer olmaqdan o yana getməyib. Böyük məqsədlərə çata bilməyib.
-Siz ömrünüzü kinoya həsr etmisiniz. Bir çox filmlərdə adi insanların görə bilmədikləri dərinlikləri kəşf etmisiniz. Amma sanki kimlərsə, hansı dəyərlərsə avansəhnəyə çıxarılıb. Erməni kinematoqrafını sanki kimlərsə dartıb, aparır. Amma bizə belə bir imkan verilmir. Sizə elə gəlmir ki?
– Sovet dönəmində elə idi. Məsələn, Arif Babayev “Gün keçdi” və “İnsan məskən salır” filmlərilə ümumittifaq səviyyəsində müzakirə ediləsi və təbliğatı aparılası rejissor idi. Amma Azərbaycan səviyyəsində qaldı. Moskva kino bossları Azərbaycana ikinci dərəcəli respublika kimi yanaşırdı.
– Amma “İstintaq”ı irəli buraxdılar.
– “İstintaq” özünün yüksək peşəkar və kreativ keyfiyyətləri ilə yanaşı Heydər Əliyevin şəxsi təkidlərilə irəli çıxdı. Bu filmlə bağlı o, əməlli-başlı vuruşub və bu, faktdır. Müəlliflər də bunu etiraf edirlər. Hətta fakt var ki, Rüstəm İbrahimbəyova zəng vurub harada olduğunu soruşub. O cavab verib ki, istirahət mərkəzindədir. Heydər Əliyev deyib ki, mən onun filmi uğrunda vuruşuram, o orada nə üçün oturub, Kino Komitəsinə getsin, mübarizə aparsın.
Sualınızın cavabına qayıdıram. Sizin söylədiklərinizdə həqiqət var, amma biz özümüz də ediləsi vacib işləri görməmişik axı. Təbii ki, güçlü filmimiz olsa başımıza “Oskar” yağışı yağmayacaq. 5 filmimiz buna layiq olsa da 1-nə veriləcək. Amma biz də fəaliyyət göstərməliyik. Rusiyanın ən qabağcıl prodüsserlərindən olan Ruben Dişdişyan Ermənistan zəlzələsi haqda iri büdcəli, “Zəlzələ” filmini çəkib və film Ermənistandan Oskara namizəd kimi irəli sürülüb. Qalibiyyət şansı az olsa da, nüfuzlu nominant olması şansı çoxdur. Bu filmin mövzusu Qarabağ da ola bilərdi, Sumqayıt da. Bu cəhətdən kinematoqrafın Milli davamız üçün nə qədər vacib olduğu və xüsusi ilə kinomuzun xaricdə rezonans doğura biləcək keyfiyyətdə olmasının nə qədər taleyüklü olduğunu görərik.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az