Yaşasaydı 60 illik yubileyi münasibətilə oun təbrik edəcəkdik.
Yaşasaydı…
Amma dəqiq bilirik ki, qəhrəmanlar ölmürlər. Milli Qəhrəmanımız Əliyar Əliyev kimi.
Onun haqqında qardaşları və döyüş yoldaşları ilə danışdıq.
Vəliyar Əliyev: Ailəmiz böyük ailə idi. 9 uşaq olmuşuq. 6 bacı, üç qardaş. Əliyar böyük qardaşımız olub, ondan sonra Rüzgar, sonra mən doğulmuşam. Qardaş-bacımızın içərisində Əliyar çox fərqlənirdi. Bir sıra cəhətlərinə görə. İstər idman olsun, istərsə də başqa sahələrdə. Uşaq vaxtı birgə, kənd uşağı kimi böyüsək də, Əliyar həyata baxışlarına, zirəkliyinə görə hamımızdan fərqlənirdi. Hamımızı üstələyirdi elə bil. Dəcəl idi, amma bununla yanaşı, həm də özünü sevdirməyi bacarırdı. Əliyar Qubadlının bir kəndini də ermənilərə vermədi. Uşaq vaxtlarından idmana böyük həvəsi vardı. Bu həvəsi də onda rəhmətlik Bahadur dayım yaratmışdı. Bahadur dayım eldə-obada pəhləvan kimi ad-san çıxarmışdı. Evinin alt mərtəbəsində idman zalı düzəltmişdi. Kənd uşaqları yığışıb, o zalda idmanla məşğul olardılar. Dayımın da öz dövründə böyük nailliyyətləri var idi. Buna görə də hamı ona inanır, hörmət edirdi. Elə Əliyar da ağlı kəsəndən dayımın yaratdığı zala gedər, orada güləşin sirlərinə yiyələnirdi. Amma sonralar Əliyar yalnız klassik güləş növü üzrə ad-san qazanmamışdı. O, pəhləvan idi. Qəribə xususiyyəti vardə, həmişə özündən yaşlılarla, ağır çəkili insanlarla güləşərdi. Bax, elə bu xüsusiyyəti də onu bütün respublikada tanıdır, uğurdan-uğura aparırdı. Artıq elə bir vəziyyət yaranmışdı ki, onun adını eşidənlər qonşu rayonlardan da axışıb gəlirdi həmin idman zalına. Elə həmin idmançıların, eləcə də onu tanıyan digər idmançıların əksəriyyəti onun döyüş yoldaşına çevrildilər, Vətənin müdafiəsinə qoşuldular.
Rüzgar Əliyev: Məncə insan ya səriştəli hərbçi, ya yaxşı idmançı, ya bacarıqlı musiqiçi, yaxud da gözəl müəllim ola bilər. Amma Əliyarda bütün bu cəhətlərin hamısı cəmlənmişdi. Onun idman sahəsində neçə-neçə yetişdirmələri dünya çempionu, Avropa və Azərbaycan çempionları olub. Qubadlının Xanlıq kəndindən olan Elbrus dünya çempionudu. Heydər Məmmədəliyev həm dünya, həm də Avropa çempionu olub, Rusiya yığma komandasının üzvü kimi qatılır yarışlara. Sadiq Paşayev onun tələbəsi olub, indi hal-hazırda Vətənin keşiyindədi. Əliyar şəxsi mənada özü üçün heç zaman çalışmayıb. İstəyirdi ki, ətrafındakılar həyatda bir mövqe tutsun, bu gün şükür ki, həmin insanlar da həyatda mövqe tuta biliblər. Təmiz, saf insanları ilk baxışdan tanıyırdı. Öz işini bilən, özündən kiçiklərə yol göstərən bir insan idi. Həyatda öz mövqeyi, prinsipallığı ilə seçilirdi. Vətənpərvər insan kimi dinc dövrdə idman sahəsində, Vətənimizin başını qara buludlar alanda isə hərbçi kimi Azərbaycanda öz adını qoruyub saxlaya bildi. Övladlarını da Vətəninə sadiq bir insan kimi böyütmək istəyirdi. Şükür ki, belə də oldu.
Vüqar Ağayev: Əliyarın adını çox eşitmişdik, idmançı kimi. Düzdür, mən də klassik güləş üzrə idmanla məşğul olurdum. Amma, Əliyarın komandasına düşmək elə də asan deyildi. Onun idmançılardan ibarət yığdığı komanda haqqında eşidəndə, məmnuniyyətlə üzv qəbul olundum. Eşidəndə ki, mən də idmançıyam, öz batalyonuna həvəslə qəbul etdi. Əliyarın batalyonunda xidmət etmək mənim üçün şərəfdir. Onun ölümündən sonra and içdim ki, hərbçi kimi özümü sübut edib, düşmənlə mübarizəmi davam etdirəcəyəm. Elə də etdim… Xatirələrim çoxdur. Şurnuxu kəndində əməliyyat aparmaq üçün komandir bizi topladı. İlk öncə orada kəşfiyyat əməliyyatı aparılmalı idi. O kəndə getmək üçün ilk olaraq önə çıxdım. 6 nəfərdən ibarət dəstə ilə yola düşdük. Özü isə Cılfır kəndində qaldı, bizi müdafiə etmək üçün. Kəşfiyyatı uğurla həyata keçirib, Əliyar müəllimə lazım olan məlumatları verdik. Kəndin üst hissəsində gözlədik. Əliyar müəllimin tapşırığı bu idi ki, kəşfiyyatdan sonra onu gözləyək. Elə də etdik. Əliyar müəllimin dediyi vaxt gəlib yetişdi. Bizə yaxınlıqdakı meşədə gözləməyi əmr etdi. Özü isə Sadiq Paşayevlə birgə əsgərləri minomyotla təmin etməyə getdi. Doğrudan da bizə uzun məsafəni vurmaq üçün nəsə silah lazım idi. Az keçmədi ki, artilleriya Şurnuxu kəndinə atəş açmağa başladı. Bizimlə əlaqə saxlayırdı ki, koordinatları düzgün təyin edək. Biz elə bir ərazidəydik ki, ora heç bir kömək göndərmək mümkün deyildi. Amma, bütün çətinliklərə baxmayaraq, Əliyar müəllim bizi hamıdan çox düşünürmüş, ərzaqdan tutmuş, hər bir ləvazimatı təmin edə bilmişdi. Səhəri gün bildi ki, mən topçuyam, ondan sonra məni kəşfiyyata göndərmədi. Tarixə bu əməliyyat “Şurnuxu əməliyyatı” kimi daxil oldu.
Füzuli Həsənov: 1992-ci il idi. Artıq qərara almışdım ki, mən də öz Vətən borcumu yerinə yetirməliyəm. Düşünüb-daşındım, atamla bir başa Qubadlıya gəldim. O zaman Qubadlıda özünümüdafiə taboru təzəcə yaranmışdı. Daha heç hara dönmədik, hərbi hissəyə gəldik.Əliyar müəllim adəti üzrə postları yoxlamağa getmişdi. Bir az gözlədikdən sonra, qərara aldıq ki, elə evlərinə gedək. Harda olsa, axır evlərinə gələcək. Belə də etdik. Həmin gün evə çox gec gəldi. Mehriban görüşdük, dedi, sabah danışarıq. Sabah açılan kimi qərargaha gəldik. Mənə bir neçə sual verdi. Döyüşə hazırsanmı? Hazır olduğumu dedim. O gündən xidmətə başladım. Əliyar müəllim üçün qohum, ya da yad insan olmağın heç bir fərqi yox idi.
Mürvət Baxşəliyev: Mən Əliyarı 20 yaşından tanımışam. O əvvəllər kənddə olub, mən isə rayonda yaşamışam. Rayona gələndə artıq Əliyarın ad-sanı vardı. Hamı onu bir peşəkar idmançı kimi tanıyırdı. Rayonda ilk vaxtlar məşqçi kimi fəaliyyət göstərdi. O vaxt mən rayonun futbol komandasının üzvü idim, sonra məşqçi kimi fəaliyyət göstərdim. İkimiz də idman sahəsində olduğumuzdan tez-tez görüşürdük. Beləcə Əliyarla daha da yaxınlaşdıq və bu yaxınlaşma bizim dostluğumuza çevrildi. Hansı rayona yarışlara gedirdiksə oranın məşqlərindən tutmuş, idman komitəsinin sədrlərinədək hamısı yığışırdı Əliyarın başına. 1988-ci ildə müharibə başlayanda, Əliyar hər şeyi bir kənara qoydu. O ancaq bu zamandan etibarən başına idmançıları toplayaraq dəstə yaradıb, rayonu müdafiə etməyi düşünürdü. Axı bizim rayon Ermənistanla sərhəddə yerləşirdi. Biz də Əliyarın başına yığışdıq. Həmin vaxtlarda, kəndlərdən müraciətlər daxil olurdu. O zaman əlimizdə elə bir silah da yox idi. Kəndlərdə növbə ilə keşik çəkirdik.1991-ci ildən rayon özünümüdafiə taborunu yaratmağa başladıq. Gorusun bir Xnzirak kəndi var, Alıquluuşağı kəndinin təxminən 10 kilometrliyində yerləşir. Qış ayı idi. Ermənilər ordan hücuma keçmişdi. Bizim könüllülər Alıquluuşağında idilər.Ermənilərin hücumunu eşidəndə Əliyar qarı yara-yara özünü könüllülərə çatdırmışdı. Əliyarla axıra kimi birgə döyüşdük.
Xatırlayıram ki, Qubadlı işğal olandan sonra biz gəldik Füzuliyə. Orda istəyirdim ki . Əliyarın xatirəsinə bir futbol yarışı keçirəm. Bizim hərbi hissənin bir “zampolit”i vardı – Nurulla Əliyev. Ona məqsədimi açıqlayanda, dedi ki, bu yarışmanı Əliyarın adına layq etməliyik. Bu yarışı neçə-neçə mətbuat orqanı izlədi, o zaman Füzulinin “Ərgünəş” komandası 1-ci yerə, biz isə 2-ci yerə çıxdıq.
Vəliyar Əliyev: Döyüşə gedəndə hamıdan qabaqda gedərdi. Döyüşdə əsl artilleriyaçı dəqiqliyi ilə atəş açırdı. Bir mərmisi boşa çıxmırdı. Mərmi atılanda da ayaq üstə durub baxırdı ki, görsün hara düşdü. Həmin vaxt briqada komandiri Namazov da yanımızda idi. Ermənilər bizim yerimizi müəyyən etdiklərindən bizə tərəf güllə atmağa başladılar. Əliyar bizə dedi ki, yerə uzanın. Amma özü ayaq üstə idi. Əliyara dedim ki, o da özünü qorusun. Dedi ki, narahat olmayım, ona heç nə olmaz. Ermənilərin atdığı mərmilər başımızın üstündən gedib, arxamızda bir dağ var idi, ora dəyib partlayırdı. O dağ Qubadlını saxlayırdı. Bəlkə də o dağ olmasaydı, Qubadlıda bir nəfər də sağ qalmazdı.Əliyar bir dəfə də olsun yerə uzanmadı. Onun gözündə olan qisasçılıq hissini görürdüm.
Mürvət Baxşəliyev: Əliyar şəhid olana qədər Qubadlının bir kəndi də olsun işğal olunmamışdı.
Rüzgar Əliyev: Hələ hadisələr təzə başlamışdı, təxminən 1989-cu ilin axırları idi. Rus əsgərlərini gətirmişdilər ki, guya sakitlik yaratsınlar. Onları Qubadlının özündə mehmanxanada yerləşdirmişdilər. Hiss olunurdu ki, ermənilərin tərəfini saxlayırlar. Əhali arasında bir qorxu xofu salmaq istəyirdilər. Bir dəfə rayonda məhsul bayramı keçirilirdi. Hər yerdən idmançılar gəlmişdi. Bu rus əsgərləri də orda idi. Onlar yaxşı bilirdilər ki, camaatın önündə gedən Əliyardı. İstəyirdilər ki, əvvəlcə Əliyarın gözünü qorxutsunlar. Başladılar müxtəlif idman hərəkətləri yerinə yetirməyə. Əliyar meydana girdi. 2 UAZ-ı qoşub, onları saxlamağa başladı. Maşının təkərlərinin yarısı torpağa keçmişdi, amma Əliyarın qolundan çıxa bilmədi. Qaz-52 maşın üzərindən keçdi. Axırda bu rus əsgərlərinin 4-nü bir qoluna, 4-ünü isə digər qoluna bağladı. Onları bir neçə dəfə fırladaraq kənara tulladı. Elə onunla da rus əsgərlərinin gözü qırıldı. Ona qədər bir dənə də olsun evlərdə ov tüfəngi də olsun qoymamışdılar. Hamısını yığmışdılar. Ermənilər isə o tərəfdən silahlanırdı. Amma buna baxmayaraq əhalidə çox yüksək əhval-ruhiyyə var idi.
Vüqar Əsgərov: Necə oldu ki, Əliyar orduya gəldi və özünümüdafiə taboru yarandı?
Mürvət Baxşəliyev: 1991-ci ildən başlayaraq rayon icra hakimiyyətlərinə belə bir göstəriş verilmişdi ki, rayon daxilində özünümüdafiə taboru yaradılsın. İlk tabor yaradılanda əvvəlcə Dağbəyi müəllim komandir təyin olundu. Əliyar isə onun müavini idi. Sonra rayonda 3-cü tabor yaradılanda Dağbəyi oranın komandiri oldu, onlar Həkəri çayının o biri üzünü qorumağa başladılar. Əliyar isə bizim taborun komandiri oldu. Əliyarın adını eşitmişdilər ki, tabor komandiridi. Bütün rayonlardan idmançılar gəlib bizim tabora üzv yazılmışdılar. Bizim tabor ilk özünümüdafiə taborlarından idi. Sonra 810 saylı hərbi hissə kimi qeydiyyatdan keçdi. Bizim tabor öz nizam-intizamı ilə fərqlənirdi.Ona görə də Qubadlını qoruyub saxlaya bilirdik. Sonradan Füzuli, Cəbrayıl işğal edliəndə, Qubadlı mühasirədə qaldı. Bundan sonra Qubadlını saxlamaq mümkün olmadı. Füzuli istiqamətindən yolumuz bağlandı, bizi Araz çayına doğru sıxışdırdılar. Orda bir daha qalmışıq mühasirədə. Məcbur olub, Xudafərindən İrana keçib, gəlib İmişlidən çıxmışıq.
Ardı var…
Vüqar Əsgərov