Əliyar şəhid olandan sonra, sağ-solumuz işğal olundu
Əliyarın başına külli miqdarda pul qoyulmuşdu, çünki, Əliyar müəllim öz torpağını sevən bir insan idi.
Əsgərlərini sıraya düzüb deyirdi: “Əziz döyüşçülər, bir gün bizim hansımızsa bu həyatda olmaya bilərik. Amma, bu torpaq, biz həyatda olsaq da, olmasaq da bizimkidir. Onu göz bəbəyi kimi qorumaq bizim mənəvi haqqımızdı”.
Rüzgar Əliyev: O zaman Cəbrayılın Qullar kəndi və bizə yaxın kəndləri artıq işğal olunmuşdu. Eyni zamanda da Zəngilanın bir sıra kəndləri işğal olunmuşdu. Buna görə də, Qubadlı real təhlükədə qalmışdı. Bizim rayonun 138 km Ermənistanla sərhəddi var. Bizim orada qalmağımız üçün ilk növbədə Laçın azad olunmalı idi. Zəngilanın getmiş kəndləri də azad olunsaydı, Qubadlı özünü müdafiə edə bilərdi. Ermənilər bizim taboru yaxşı tanıyırdılar. Bilirdilər ki, burda döyüşən əsgərlərin hamısı idmançılardan təşkil olunub. Onlar yaxşı bilirdilər ki, nə qədər ki, Əliyar ordadı, Qubadlı işğal oluna bilməz. Əliyar şəhid olandan sonra, sağ-solumuz işğal olundu, Qubadlı mühasirədə qaldı və beləliklə süquta uğradı.
Vüqar Əsgərov: Digər rayonların özünümüdafiə taborları ilə əlaqə yaradıb, birgə əməliyyatlar keçirmək mümkün deyildi?
Rüzgar Əliyev: O zaman vahid komandanlıq yox idi. Hər kəs pərakəndə şəkildə döyüşürdü. Həm də birinin dediyi, digərinə xoş getmirdi. Nə vaxt ki, bütün ordu birləşdi, vahid komandanlıq yaradıldı, orduda bir canlanma əmələ gəldi. İndi çox şükür ki, bizim qüdrətli ordumuz, müasir silah-sursatımız var.
Mürvət Baxşəliyev: Bizim taborda vahid komandanlıq var idi. Sadəcə olaraq mütəxəssis çatışmırdı. İstənilən silah-sursatımız yox idi. Amma buna baxmayaraq nizam-intizamımız yerində idi. Bu da Əliyarın sayəsində yaranmışdı. Özü axşam olanda bir-bir düşüb postları şəxsən yoxlayırdı. Əsgərlərdən kimsə evə gedəndə cibundən pul çıxarıb verirdi. Yeri gələndə digər rayonlara da köməyə gedirdik. Laçında, Zəngilanda nə qədər əməliyyatlar keçirmişik. Əliyar digər özünümüdafiə taborları ilə əlaqə saxlayırdı, hansına kömək lazım idisə, ora gedirdik. Əliyara qədər nə Füzuli, nə Cəbrayıl, nə də ki Zəngilan işğal olunmuşdu. Qarşılıqlı əməliyyatlar olurdu. Bizim məqsədimiz Laçın dəhlizini bağlamaq, Ermənistanla Dağlıq Qarabağın əlaqəsini kəsmək idi. Dəhliz bağlanandan sonra Dağlıq Qarabağdakı silahlılar özləri geri çəkilməyə məcbur olacaqdı.
Rüzgar Əliyev: Döyüşdə təcrübə də çox şeyi həll edirdi. Döyüşə gedəndə birinci şərt hansı mövqedən girməkdi. Əliyar kiminlə döyüşə gedəcəyini əvvəlcədən müəyyən edirdi. Hərdən inciyirdilər ki, bizi niyə döyüşə aparmırsınız. Taborda əsgərlər arasında Əliyar bax belə əhval-ruhiyyə yaratmışdı.
Mürvət Baxşəliyev: Bir dəfə tabora jurnalist gəlmişdi, orda əsgərlərdən biri dedi ki, Əliyar qohumbazlıq edir, döyüşə gedəndə öz qohumlarını aparır, biz niyə aparmır? Hamı yaxşı bilir ki, döyüşə gedən ölümə gedir. Amma yenə də inciyirdilər ki, bizi də döyüşə aparın. Əliyar eşidirdi ki, hansısa istiqamətdə təhlükə var. Özü otururdu maşına, daha kimsəyə demirdi. Onun ardınca bütün əsgərlər də doluşurdu maşına.
Vüqar Əsgərov: Sizcə, Əliyar Əliyev bu gün həyatda sağ olsaydı, bir polkovnik-leytenant kimi onun tabeliyində işləyərdinizmi?
Vüqar Ağayev: Əliyar Əliyev haqqında çox danışa bilərəm. O mənim üçün komandir deyil, bir böyük qardaşdır. Onun xatirələri mənim ürəyimdə əbədi həkk olub. Əgər yenidən müharibə başlasa, Əliyar müəllimin işğal altında qalan qəbri üçün, onun ruhu xatirinə, Qubadlımız, Zəngilanımız, Şuşamız xatirinə bir zabit kimi deyil, sıravi əsgər kimi belə döyüşməyə hazıram.
Vəliyar Əliyev: Əliyar öz övladlarına da elə tələbkar idi. Düzdür, o zaman uşaqları körpə olsa da, onlara Vətəni necə sevməyi başa salırdı. Elə ona görə də oğlanları hərb sahəsini seçdilər. Bu gün də Vətənin keşiyindədirlər.
Füzuli Həsənov: Əliyar müəllim o vaxtı mənə bir kəmər bağışlamışdı. İnanın ki, onu bu gün göz bəbəyi kimi qoruyub saxlayıram. O mənə bir dayı deyil, bizim elimizin-obamızın bir ağsaqqalı olub. Biz hamımız onun tərbiyyəsini götürmüşük.Və fəxr edirik ki, Əliyar müəllim kimi dayayımız olub.
Mürvət Baxşəliyev: İnanın, bu gün yenə də o əhval-ruhiyyədəyik. Köhnə döyüşçü kimi indi də Vətənin keşiyində durmağa hazırıq. Aprel döyüşlərində getdim Müdafiə Nazirliyinə ki, könüllü gedəm cəbhəyə. Orda dedilər ki, sizə hələ ki, ehtiyac yoxdur. Orda dedim ki, axı mənim arzum var. Qubadlıya ilk bayrağı biz taxaq. Neçə dəfə minaya düşmüşəm, əlim,başım dağılıb. Amma buna baxmayaraq yenə də döyüş ruhundayam. Əliyar şəhid olandan sonra, biz Füzuli bölgəsinə gəldik. Onun formasını, başının kaskasını yığıb səngərdə guşə düzəltmişdik. Əliyar şəhid olanda biz yanında olmamışdıq.1992-ci ilin oktyabrın 3-ü idi. Hava soyuq imiş. Laçın rayonu ərazisində neçə gün idi ki, onlar dağda idilər.Yerimək çətin idi. Düşüblər aşağı. Birdən yuxarıdan atışma səsi gəlib. Minib UAZ-a, yenidən yuxarı qalxıb. Getməsindən heç kimin xəbəri olmayıb. Sonradan biliblər ki, atışma səsi gəlib deyə qalxıb dağa. Elə orda da həlak olmuşdu.
Rüzgar Əliyev: O zaman Qubadlıda Əliyara bir abidə ucaltdılar. Elə bayrağı da oğlu Emil qaldırmışdı. İndi də Bakının Nərimanov rayonu ərazisində adına küçə var. Orda abidə qoyulub. Bu yaxınlarda abidənin açılışı olacaq.
Vəliyar Əliyev: İdman yarışlarına gedəndə, çox vaxt mən də onunla birgə gedirdim. Bir gün rəhmətlik Bahadur pəhlivan bizi aparıb yarışa. Yarış gedir, mən güləşib gəldim yerimdə oturmuşam. Görürəm bizdən bir az kənarda yekəpər bir adam dayanıb. Hiss olunur ki o da idmançıdı. Eşitdim ki, bu oğlan yanındakına deyir ki, mən Əliyarla çıxacam yarışa. Onun başını ələ keçirdib boğacam. Bu sözü eşitdim. Gedib Əliyara dedim. Cəngi çalındı, Əliyarla həmin oğlan çıxdılar yarışa. Əliyarın da bir qəribə, gözəl gülməyi vardı.Mənə baxdı, bir göz vurdu gülümsündü.Əliyar bir fənd işlədib onu yıxdı, sonra buraxıb boynunu keçirdi qolunun arasına. Başladı tək əllə boğmağa. Bütün camaat da baxır. Oğlan artıq qolunun arasında boğulur, Əliyar buraxmır. Oğlan nə qədər çalışır ki, kürəyini çevirib təslim olsun, Əliyar yenə buraxmadı. Axırı dözə bilməyib, əlini möhkəm yerə vurub təslim oldu. Yerdən qalxandan sonra Əliyarı qucaqladı, camaata üzünü çevirib dedi ki, görmürsünüz, məni boğub öldürürdü. Bu sözə görə camaatdan bir gülüşmə qopdu ki… Mən institutda oxuyan vaxtlar həmişə gəlib məni yoxlayırdı, qayğımıza qalırdı. Hər sahədə kömək edirdi mənə. Elə müharibə dövrləri də, kənd camaatı görürdü ki, Əliyar getdi evinə, hamı sakit olurdu ki, deməli sakitlikdir, hər şey yaxşıdır. Hamı çıxıb rahat gedirdi öz evlərinə.
Mürvət Baxşəliyev: O vaxt təxribat etdilər. Bütün qrad qurğuları, topları ərazidən çıxarıb gətirdilər Daşburuna. Əlimizdə ağır texnika qalmadı. Bir avtomatla torpaqmı qorumaq olardı? Ermənilər tankalarla gəldi, hamını tökdü Arazın qırağına. Çayda boğulanlar da oldu.Tankın qarşısına tankla çıxmaq lazımdı. Əlimizdə texnikamız olsaydı, inanın kimsə öz evini qoyub çıxmazdı. Atamın-anamın qəbri ordadı. Onu kim qoyub gələrdi? O zaman bizə dedilər ki, 25 tank veriləcək sizə. Amma sonradan anladıq ki, hamısını yalan deyirmişlər. Bizim qradlarımız Yazı düzündə yerləşirdi. Belə strateji cəhətdən yaxşı olan yeri niyə ermənilərə verməliydik?!
Vüqar Əsgərov