Mən Bakı şəhərinin əsas nəqliyyat arteriyalarından biri olan Babək prospektində yaşayıram.
Bu prospektlə bağlı mediada yayımlanan bütün xəbərləri həvəslə izləyirəm.
Bu günlərdə maraqlı bir xəbər də oxudum. Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov APA-ya verdiyi açıqlamada bildirib ki, Babəkin bizim prospektdə qoyulacaq heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq…
Buna sevinməmək olmaz.
Hamı sevinməlidir.
Mən lap çox sevinirəm. Ona görə ki, bu heykəl bizim mənzilin eyvanından görünəcək. Etiraf edin ki, hər kəs mənzilinin eyvanından böyük bir coğrafi məkanın ən hündür heykəllərindən birinə baxmaq imkanına malik deyil. Sağlıq olsun, 8-12 aydan sonra biz baxa biləcəyik…
Niyə 8-12 aydan sonra?
Ona görə ki, Baloğlan müəllim heykəlin istehsalının heç də asan başa gələn proses olmadığını da vurğulayıb və qeyd edib ki, müddətin bu qədər uzun olması təbiidir.
Mən bu sahədən xeyli uzaq adam olsam da bu fikri təsdiqləməyə də hazıram, lazım olan qədər gözləməyə də. Gözləmək problem deyil. Həm də ona görə ki, biz heykəlin qoyulmasını vaxtilə MDB məkanında ən uzun yol ötürücüsü kimi təqdim edilmiş 2500 metrlik körpünün qonşuluğunda yaşaya-yaşaya gözləyəcəyik.
Qafqazda ən hündür heykəl hələ gəlib çıxmayıb Babək prospektinə. Daha böyük bir coğrafiyada ən uzun körpü olan sevimli körpümüzsə illərdən bəri bizimlədir.
Bu minvalla Babək prospektində həm MDB-nin ən uzun körpüsü, həm də Qafqazın ən hündür heykəli qonşu olacaq.
Doğrudan da bu prospektdə yaşamağa dəyər…
Böyük entuziazmımı nümayiş etdirə-etdirə, bu analoqsuz layihələri həvəslə gerçəkləşdirən insanlara xahişimi çatdırmaq istəyirəm.
Xahiş edirəm ki, prospektimizin “idman şərəfi”ni qorumaq üçün indi də MDB-də, ya da heç olmasa Qafqazda ən yaxşı istilik sistemi olan binaları da gətirsinlər. Özü də bu daha asan olmalıdır məncə. Çünki, təzə bina tikməyə ehtiyac yoxdur. Elə prospektdəki yaşayış binalarının əslində mövcud olan istilik sistemləri qaydasına salınsa kifayətdir.
Məncə, bu işə başlasalar pis olmaz.
Özü də təklif edirəm, eyvanından Babəkin heykəli görünəcək binalardan başlasınlar…