“Kvartet” rubrikasında ərəb turistlərinin Azərbaycana kütləvi axınının səbəblərini, onun ölkəmiz üçün müsbət və mənfi cəhətlərini araşdırdıq. Qonaqlarımız Azərbaycan Turizm Assosiasiyasının məsləhətçisi Müzəffər Ağakərimov və Turizm.fins.az saytının əməkdaşı Xeybər Heydərov idi
Fuad Babayev: Bizim mediada, sosial şəbəkələrdə ərəb turistlərindən çox deyilir və yazılır. Gah ərəb turisti ilə bağlı hansısa qalmaqalla, onlara təqdim olunan böyük hesablarla bağlı informasiyalar yayılır. Hətta bu yaxınlarda oxudum ki, hansısa ərəb ailəsinə səhər yeməyi üçün min manatdan artıq hesab təqdim olunub. Sizin qənaətinizcə, çoxsaylı ərəb turistlərinin ölkəmizə kütləvi axını bizə hansısa dividendləri verirmi?
Müzəffər Ağakərimov: Son illərdə Fars körfəzi hövzəsindəki ərəb dövlətləri üçün viza məsələləri xeyli asanlaşdırılıb. Vizalar hava limanında verilir. Bununla əlaqədar olaraq ərəb turistlərinin Azərbaycana axını təbiidir. Bu, ancaq səbəblərdən biridir. Avropada, Türkiyədə baş verən terror hadisələri, Azərbaycanın sabit, qonaqpərvər, turizm infrastrukturuna malik ölkə olması isə digər səbəblərdir. Ərəb turistlərinin axını getdikcə güclənəcək. Çünki gələnlər tariximizi, mətbəximizi, mədəniyyətimizi görüblər və bu barədə ölkələrində məlumat verirlər.
Fuad Babayev: Siz bunları gözəl şərh etdiniz. Amma ərəb turistlərinin axını bizə konkret nə verir? Bunun hansısa bir rəqəm ifadəsi varmı?
Müzəffər Ağakərimov: Ərəb turistlərinin Azərbaycana əsas dividendi odur ki, ölkəmizdə turizm və turizm növləri inkişaf edir. Digər dividend yeni iş yerlərinin açılması, yeni otellərin inşa edilməsi, çoxsaylı turizm şirkətlərinin fəaliyyətə başlamasıdır. Azərbaycanda turizm sahəsində ixtisaslaşan ali məktəb, Bakıda və rayonlarda fəaliyyət göstərən peşə məktəbləri var. Bütün bunlar bizim dividendlərimizdir.
Fuad Babayev: Xeybər müəllim, bəs Sizcə, bu prosesdə müsbət məqamlar hansılardır?
Xeybər Heydərov: Əlbəttə, turistlərin gəlmələrinin müsbət və mənfi tərəfləri var. Turistlərin ən çox səfər etdikləri ölkələrdən olan Yeni Zelandiyada insanlar hətta onların bu ölkəyə gəlmələrinin qarşısını almağa çalışır. İspaniyanın Barselona şəhərində də turistləri qəlb açıqlığı ilə qəbul etmirlər. Hətta ola bilsin ki, bu cür mənfi hallar Azərbaycanda daha az rast gəlinir, nəinki Avropa ölkələrində. Müsbət hal isə ondan ibarətdir ki, Müzəffər müəllimin dediyi kimi, iş yerləri açılır, alış-veriş genişlənir, ticarət canlanır.
Fuad Babayev: Yəni ölkəyə turist gəlişinin artması istənilən halda alqışlanmalıdır. Ən azı ona görə ki, bundan hamıya müsbət mənada pay düşür.
Xeybər Heydərov: Bayaq Müzəffər müəllim sadaladı, ərəblərin ölkəmizə marağının bir səbəbi də burda onların özlərini daha sərbəst hiss etmələri, dünyəvi bir ölkədə istirahət edə bilmələridir. Azərbaycanda qayda-qanun çərçivəsində istirahət etmək və əylənmək mümkündür. Ərəb ölkələrinin təbiəti bir o qədər də zəngin deyil. Azərbaycanda isə onların ən müxtəlif şəraitlərdə istirahətləri üçün hər cür imkan var.
Fuad Babayev: Müzəffər müəllim Turizm Assosiasiyasının nümayəndəsi kimi ola bilər ki, bu məsələnin daha dərin qatlarını bilir. Ərəb ölkələri üçün tətbiq olunan sadələşdirilmiş viza Qərbə və Şərqi Avropa, Cənub-Şərqi Asiya ölkələrinə şamil edilmirmi? Çünki daha çox ərəb turistləri gözümüzə dəyir.
Müzəffər Ağakərimov: Bildiyiniz kimi turizm bizdə prioritet sahədir və dövlət tərəfindən tənzimlənir. Təbii ki, sadələşdirilmiş viza da dövlətin dəstəyi ilə həyata keçirilir. Sadələşdirilmiş viza isə Fars körfəzi ölkələri, Yaponiya, Cənubi Koreya, İndoneziya, Sinqapur kimi ölkələrə şamil olunub.
Fuad Babayev: Amma tutaq ki, ispanlara bu aid deyil?
Müzəffər Ağakərimov: Xeyr. İslam Həmrəyliyi Oyunları da turist axınına təkan verdi. İndoneziya, Malayziya kimi əhalisinin sayı çox ölan ölkələrdən bizə böyük turist axını olacaq. Bəs Avropa ölkələri ilə nə üçün asanlaşdırılmış viza tətbiq olunmur? Bildiyiniz kimi, Avropa ölkələrində Şengen vizası var. Əvvəl 50 avroya idi, indi 35 avroyadır. Avropa ölkələri Azərbaycana viza məsələsini asanlaşdırarsa, Azərbaycan da buna gedəcək. Bəzi Cənubi Amerika ölkələri isə bizi vizasız qəbul etməyə hazırdılar. Lakin həmin ölkələrdə həyat şəraiti xeyli aşağıdır. Azərbaycanlılar müalicə turizmi ilə əlaqədar daha çox Çexiya və Sloveniyaya, gəzmək məqsədi ilə isə daha çox Polşa və Macarıstana gedirlər. Hətta Macarıstan səfirliyi önündə böyük növbələr var. İndi bizdən Şərqi Avropaya gedənlərin sayı daha çoxdur, nəinki Qərbi Avropaya. Amma bu günlərdə Barselonada, daha öncə Fransa, Almaniya, İngiltərədə olan hadisələr insanların Avropaya səfərlərinin sayını xeyli azaldıb.
Fuad Babayev: Ola bilsin ki, mən səhv edirəm, amma düşünürəm ki, terror qorxusundan çox, iqtisadi imkanlarının məhdudlaşması azərbaycanlıların Qərbi Avropa ölkələrinə səfərlərini azaldıb. Ərəb turistlərinin gəlişi bizim təhlükəsizliyimiz, mental dəyərlərimizin özünəməxsusluğu ilə bağlı hansı təhlükələri vəd edir?
Xeybər Heydərov: Mənə elə gəlir ki, bu məslələr bizdə həddindən çox qabardılır. Çünki ailəvi deyil, təkbaşına, yaxud dostları ilə istirahətə gələnlər istər-istəməz mental dəyərlərimizə zidd olan əməllərdən istifadə edir. Azərbaycanlı da xaricə gedəndə bunlardan kənara çıxır. Dünya qloballaşır və Azərbaycan da dünyanın bir hissəsi olduğundan, bunlar qaçılmazdır. Mənim yadıma düşür ki, 1990-cı illərdə qadınların geyimləri ilə bağlı məyyən söz-söhbətlər olurdu, amma indi bu problem deyil. Turistlərin davranışı ilə bağlı söhbətləri də mən 1990-cı illərdəki müzakirələrə oxşadıram. Bunlar bəsit insanların söhbətləridir. Müəyyən vaxtdan sonra hamı buna öyrəşəcək.
Müzəffər Ağakərimov: Dünyanın qloballaşması gözəldir. Amma bu o demək deyil ki, qırmızı xətti keçməli, mentalitetimizi, adət-ənənələrimizi, babalardan qalan gözəl əməlləri yaddan çıxarmalıyıq. 30 ildi turizmlə məşğulam. Fransada fransız dilində danışanla, Belçikada fransız dilində danışanın psixologiyası tam fərqlidir. Bizim hər bir rayonumuzun da fərqli psixologiyası var. İnsanları bir-birinə oxşatmaq, onları zombiləşdirmək olmaz. Azərbaycan qloballaşmanı qəbul etsə də öz mentalitetini, adət-ənənəsini saxlamalıdır.
Fuad Babayev: Həm də ona görə ki, bu, bizim turizmin obyekti kimi cəlbediciliyimizi artırır.
Müzəffər Ağakərimov: Bəli. Mən ekspert kimi BP ilə bir müddət işlədim. Onlar üçün bölgələrə səfərlər təşkil edirdim. Onlar həmişə məndən milli yeməklərimizi və folklorumuzu təqdim etməyi xahiş edirdilər. Qubada səfərdə olanda Qusardan ləzgi, Qubadan isə tat ansamblını gətirtmişdim. Qudyalçayda onlar üçün Azərbaycan yeməklərindən ibarət süfrə açmışdım, çox xoşlarına gəlmişdi. Hətta mənə hədiyyələr vermişdilər. Deməli, bu, insanların xoşuna gəlir. 2012-ci ildə Avrovizion musiqi yarışmasına və 2015-ci ildə Avropa İdman oyunlarına gələnlərin ən çox bəyəndikləri Bakının gözəlliyi və milli mətbəximiz idi. İndi ərəb turistləri ilə bağlı mediada həm müsbət, həm də mənfi fikirlər səslənir. Amma məncə, turistin təqsiri yoxdur. Həm turisti bura gətirən turizm şirkətləri, həm də ərəb ölkələrindəki turizm şirkətləri onlarla maarifləndirmə işləri aparmalıdır. Çünki bu şirkətlərin sayəsində onlar bura gəliblər. Onlar Azərbaycan haqqında müfəssəl məlumata malik deyillər. Elə bilirlər ki, burada hər şey etmək olar. Biz dünyəvi dövlətik, amma öz adət-ənənələrimiz var. Bax, bu işlər turistlərlə zəif aparılır. İkinci bir tərəfdən bizim bəzi işbazlarımız turistləri qiymətdə aldadırlar. Onlar bizi hörmətdən salırlar. Bizim bəzi ekskursiya bələdçilərimiz, fotoqraflarımız, restoran, otel işçilərimiz turistlərdən “çay pulu” istəyirlər. Belə hərəkətlərə yol vermək olmaz.
Fuad Babayev: “Çay pulu”nu turist könüllü verə bilər.
Müzəffər Ağakərimov: Əlbəttə. Bu halları aradan qaldırmaq, Azərbaycan haqqında mənfi imic formalaşdırılmaması üçün maarifləndirmə işləri aparılmalıdır. Məgər ərəb başa düşmür ki, hamı üçün tutaq ki, 3 manata satılan bir şey ona 13 manata verilir?
Fuad Babayev: Müzəffər müəllim, mənə belə gəlir ki, yalnız maarifləndirmə ilə bələdçi, otel işçisi, restoran əməkdaşı, taksi sürücüsü “terroru”nun qabağını almaq mümkün deyil. Hökmən müəyyən bir inzibati tədbirlər görülməlidir.
Müzəffər Ağakərimov: Tamamilə razıyam. Bu iş bir nəfərdən yox, bir neçə nəfərdən, bir neçə məqamdan asılıdır. Mən maarifləndirmə deyəndə onu nəzərdə tuturam ki, turizm şirkətləri turistlərə telefon nömrəsi verməlidir ki, hansısa problem yarandıqda, onlarla əlaqə saxlaya və müvafiq orqanlara məlumat verə bilsinlər. Əks-təqdirdə bəzi yaramaz insanlar ölkəmizi, torpağımızı hörmətdən salacaqlar. Biz gecə-gündüz çalışırıq ki, turist gətirək, ölkənin turizm imicini yüksəldək, tariximizi, mətbəximizi, qonaqpərvərliyimizi təqdim edək, kimlərsə bu səyləri puç edir. Mən dəfələrlə demişəm, hətta devalvasiyadan sonra da qiymətlər sabit qalıb, otellərdə qiymət qalxmayıb. Turizm üç yerə bölünür: getmə, gəlmə və daxili turizm. Bizdə gəlmə və daxili turizmin xüsusi çəkisi artıb. 7-8 il öncəyə diqqət yetirsəniz, görərsiniz ki, insanlarımız daha çox gedirdilər. İndi insanlarımız ailəliklə öz ölkəmizdə dincəlməyə üstünlük verirlər.
Fuad Babayev: Mən mətbuatda axtardım, bir nəfər də ərəb turisti ilə müsahibəyə rast gəlmədim. Jurnalist həmkarıma müraciət etmək istərdim: belə bir şey Sizin saytınzda varmı ki, ərəb turist öz təəssüratlarını bölüşsün?
Xeybər Heydərov: Sizinlə razıyam ki, ölkəmizə bu qədər ərəb turisti gəlir, lakin onların fikirlərinə mətbuatda rast gəlməmişəm. Mən dəfələrlə rusiyalı, ukraynalı turistlərdən müsahibə almışam. Ancaq ərəblərlə ünsiyyət qurmaq çətindir. Bələdçilər onlara yaxınlaşmağa imkan vermir. Bir də onlar əsasən ailəli olduqlarından, yaxınlaşmağı özləri də istəmirlər. Üstəlik dil maneəsi də var. Çox güman ki, jurnalistlər də buna görə müsahibə almaqda çətinlik çəkirlər.
Müzəffər Ağakərimov: Doğrudan da bunun əsas səbəbi dil maneəsidir. Ərəblər daha çox onlara öz dillərində müraciət edəndə danımağı xoşlayırlar. Ərəb dilində danışanda onlar açılışırlar. Mən jurnalistlərə tövsiyə edərdim ki, ünsiyyətə mane olan bələdçilərin adlarını öyrənib Azərbaycan Turizm Assosiasiyasına məlumat versinlər. Bələdçinin borcudur ki, turistdən müsahibə alıb, turizmi təbliğ edən jurnalistə kömək etsin.
Fuad Babayev: Müxtəlif cür turistlər var. Eləsi var ki, təyyarədə biznes-klass-da gəlir, ayrıca bir villada yaşayır, sərəncamında bahalı limuzin olur. Bir də var loukosterlə gələn, hosteldə yaşayan turist. Bizə gələn ərəb turistləri hansı kəsimin nümayəndələridir – imkanlı, orta, yoxsa aşağı təbəqənin?
Müzəffər Ağakərimov: Apardığımız tədqiqatlar göstərir ki, İraqdan gələn turistlər daha az təminatlıdılar. Müxtəlif səbəblərdən gəlirlər, bəziləri hətta müxtəli yollarla burada qalmağa çalışırlar. Səudiyyə Ərəbistanından imkanlı turistlər gəlir. Daha imkanlı turistlər isə Dubay və Qətərdən gəlirlər. Mən özüm ayın 27-də Qətərdən gələcək “Qrand Hyatt Otel”in rəhbərini qarşılayacam. Buradakı turizmə çox böyük maraq göstərir. Gələnlərin bir çoxu iş adamı kimi Azərbaycana sərmayə qoymaq imkanlarını araşdırırlar. Avropada antimüsəlman əhval-ruhiyyəsi gücləndiyindən, onların bəziləri həmin ölkəlrdəki bizneslərini Azərbaycana köçürmək istəyirlər.
Fuad Babayev: Suriyadan da turistlər gəlirmi?
Müzəffər Ağakərimov: Çox azdır. İraq, Dubay və Qətərdən təyyarə olduğuna görə, bu ölkələrdən gələn turistlər sayca daha çoxdur. Səudiyyəli turistlər əsasən Misir vasitəsi ilə gəlirlər. Fikir verin, nəqliyyat əlverişli olanda, həmin ölkələrdən turist də çox gəlir. Elə bizimkilərin Macarıstana marağı da daha çox bununla bağlıdır.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 22 avqust 2017-ci ildə dərc edilib.