Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri çox əlamətdar hadisədir. Çünki bu onun yeni vəzifədə xaricə ilk səfəri idi.
Son onilliklər ərzində Türkiyədə belə bir ənənə yaranıb ki, yeni seçilmiş prezident xaricə ilk səfərində ən yaxın, dost dövləti ziyarət edir. Təbii ki, Azərbaycan yalnız sözdə yox, işdə Türkiyənin strateji tərəfdaşıdır və bir çox Azərbaycan və türk investisiya layihələri bu gün iki ölkənin yüksək qarşılıqlı münasibətlərinin məhsuludur.
Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti kimi Azərbaycana səfəri yalnız simvolik xarakter daşımırdı. Tərəflər həm ikitərəfli siyasət, həm də beynəlxalq münasibətlərlə bağlı kompleks məsələlər müzakirə etdilər. Ən əsası isə hazırki onilliyin sonlarınadək ümumi kurs müəyyənləşdirildi. İrəlidə Azərbaycan və Türkiyəni sadə olmayan illər gözləyir. Türkiyə üçün bu, daxili siyasi islahatların davam etdirilməsi və mövcud siyasi sistemin transformasiyası, Azərbaycan üçün isə regional və beynəlxalq məsələlərin şiddətli turbulentliyi fonunda öz müstəqil kursunu qorumaq və möhkəmləndirməklə bağlıdır.
Tərəflər aydın başa düşürlər ki, daxili və xarici siyasətdə ümumi problemlərin həlli səylərin sıx koordinasiyası olmadan mümkün deyil.
Yeni fəaliyyət strategiyası lazımdır. Bu strategiyanın işlənməsi haqqında Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə görüşündə də söhbət gedib.
Müzakirə olunan məsələlər içərisində bilavasitə Türkiyə-Ermənistan münasibətlərinə aid olan məsələlər də yer alıb.
Son zamanlar kütləvi informasiya vasitələrində səslənən və Türkiyənin guya bu məsələdə Azərbaycanın maraqlarını nəzərə almadan birtərəfli fəaliyyət kursu götürəcəyinə dair spekulyativ fikirlər Ərdoğanın özü tərəfindən qətiyyətlə təkzib olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu çox həssas məsələdə bir-birilərinin maraqlarını nəzərə almadan fəaliyyət göstərməyəcək qədər bir-birilərini çox yaxşı tanıyırlar və etibar edirlər.
Hər iki dövlətin Ermənistanla problemləri var və bunu həll etmək lazımdır. Ancaq istənilən həll variantı bütün tərəflərin maraqlarını nəzərə almaqla diqtə olunduğu halda özünü doğrulda bilər. Buna görə də hətta xaricdən təzyiq amili olsa belə, birtərəfli güzəştlərdən söhbət getmir. Sadəcə olaraq Ankara və Bakının Yerevanla bağlı problemlərini ölü nöqtədən tərpətmək üçün ümumi maraqları var. Amma bunun üçün Ermənistan tərəfinin də səyləri lazımdır. Çox güman ki, görüşdə Ermənistanı daha konstruktiv mövqeyə razı salmaq üçün fikir mübadiləsi də aparılıb.
Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Türküyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi də səfərin əhəmiyyətli nəticələrindəndir.
İlqar Vəlizadə
1905.az