Erməni xisləti, erməni siyasəti, erməni riyakarlığı, erməni saxtakarlığı, erməni şərəfsizliyi – bütün bunlar, əslində beynəlxalq ictimaiyyət üçün naməlum məqamlar deyil. Qonşu xalqın mənfur məqsədləri üçün hansı yollara əl atmaları, onların yuxarıda sadalanan xüsusiyyətləri barədə əslində az yazılmayıb, az deyilməyib.
Ola bilsin ki, bütün bu yazılanlar geniş ictimaiyyətin diqqətinə yetəri qədər çatmasın və erməniləri ifşa edən materialları oxuyub onları tanımaq meyli çoxlarında olmasın. Ancaq dünya siyasətində mövqeyi, gücü olanlar, ümumiyyətlə, siyasətçilər barədə bunu söyləmək olmaz. Sadəcə olaraq, dünya siyasətində ikili standartlar, özlərini demokratik adlandıran böyük dövlətlərin, bu pərdə altında öz mənafeyi uğrunda başqa dövlətləri, xalqları əzib-keçmək qədər aşağı mənəviyyatda olanların həqiqətləri görməzdən gəlmələri yer üzündə bir çox bəlalara, milyonlarla günahsız insanların faciələrinə səbəb olur. Elə Birləşmiş Millətlər Təşkilatı kimi nüfuzlu bir beynəlxalq qurumun bir dövlətin başqa bir dövlətin ərazilərini işğaldan azad etməsini tələb edən 4 qətnaməsinin kağız üzərində qalması, güclü dövlətlərin isə yalnız iqtisadi maraqları yolunda istədiyi vaxt istədiyi ölkəni heç nəyə məhəl qoymadan bombalayaraq zəbt etmələri bütün bu deyilənləri təsdiqləyən nümunələrdir. Erməni siyasətçiləri də öz çirkin məqsədlərinə çatmaq üçün mənəviyyatsızlıqda, saxtakarlıqda, riyakarlıqda geri qalmadıqları dünya “siyasətçilərinə” xidmətlərini göstərərək, onlardan dəstək alaraq, dünya ictimaiyyətini çaşdıraraq məqsədlərinə doğru irəliləməkdədirlər. Buna nümunə Fransa kimi dövlətin parlamentində qondarma erməni soyqırımını tanımayanlara qarşı cəza tədbirlərini qüvvəyə mindirən qanunun qəbulunu göstərmək olar.
Bütün bunlar bizi haqsızlıqlar önündə geri çəkilməyə vadar etməməli, əksinə, bu ədalətsizliklərə qarşı daha səylə mücadilə aparmağa sövq etməlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru və əməkdaşları da bu yolda usanmadan çalışmaqla, erməniləri ifşa edən əsərlər yazmaqla, mövcud əsərləri tərcümə edərək, ictimaiyyətə çatdırmaqla Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə xidmət göstərməkdədirlər. Belə əsərlərin biri də bu günlərdə Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunub. Bu, “Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar” kitabıdır.
Tərcümə 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi tərəfindən ingilis dilində nəşr edilən “Armenian allegations and historical facts. Questions and answers” kitabı əsasında edilmişdir. Əsəri ingiliscədən dilimizə çevirərək ön sözlə ictimaiyyətə çatdıran millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, müxbir üzv Gövhər Baxşəliyevadır. Kitabın redaktoru millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.
Bu kitab son vaxtlar qondarma erməni “soyqırımı” ilə bağlı avantüraların yenidən dünya gündəminə gəlməsi ilə bağlıdır. Real tarixi faktları görməzdən gələrək, heç bir əsası olmayan saxta “dəlillərlə” beynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn bu kimi bədnam kampaniyalara qarşı addım olaraq, əsl həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri ehtiyac yaranır. “Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar” kitabı bu baxımdan erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilər.
Kitabın əsas hissəsini erməni iddiaları ilə bağlı 12 sual və bu suallara tarixi faktlara söykənən tutarlı cavablar təşkil edir. İlk sual belə qoyulur: “Şərqi Anadolu ermənilərin qədim yurdu sayıla bilərmi?”. Burada ermənilərin İncildə Nuh nəzəriyyəsi, Urartu nəzəriyyəsi, Frakiya-Frigiya nəzəriyyəsi, Cənubi Qafqaz nəzəriyyəsi, Turan nəzəriyyəsi açıqlanır və onların hər birinin əsassız olduğu konkret faktlarla isbat edilir. Eyni zamanda ermənilərin bu nəzəriyyələri ilə özlərinin bir-birinə zidd getmələri tam aşkar göstərilir.
İkinci sualda soruşulur: “Türklər ermənilərin ərazilərini gücləmi ələ keçiriblər?”. Bu iddiaların da əsassız olduğu sübuta yetirilən kitabda ermənilərin zəif olaraq, həmişə münaqişədə olduqları güclü qonşular tərəfindən köçürüldükləri, onların torpaqlarının Osmanlı türklərinin zəbt etməmələri, daha öncə digər xalqlar tərəfindən işğal olunduqları göstərilir.
Üçüncü sual: “Türklər tarix boyu ermənilərə hücum edib, incidiblərmi?”. Bu iddialar da, Volter, Filip Marşal Braun, Politis, Arnold, German Bronsart, Sebastiani kimi görkəmli tarixçilərin, siyasətçilərin, diplomatların konkret sitatları ilə təkzib edilir.
Dördüncü sual: “Doğrudanmı türklər 1890-cı ildən başlayaraq erməniləri məhv etməyə çalışırdı?”. Burada da ermənilərin Anadolu ərazisində firavan yaşamaları, lakin terroru əsas silahlarına çevirən erməni siyasi qüvvələrinin üsyanlar, etirazlar yolu ilə qərbin diqqətini guya türklərin onlara münasibətlərinin dözülməz olduğunu göstərməyə yönəltdikləri göstərilir.
5-ci hissədə “genosid” termininin mənası açıqlanır, sonrakı hissələrdə də “Türklər 1915-ci ildə planlaşdırılmış və sistematik erməni qətliamı törədiblərmi?”, “Tələt Paşa kütləvi qırğınları sifariş edən məxfi teleqram vermişdimi?”, “Birinci Dünya müharibəsi” dövründə 1,5 milyon erməni həlak olmuşdur?”, “Sevr müqaviləsi hələ də qüvvədədirmi?”, “Türkiyədə yaşayan ermənilərin şəraiti necə idi?”, “Türkiyə və Ermənistan arasında indiki münasibətləri necə təsvir etmək olar?”, “Türkiyə və Ermənistan arasında birgə keçmiş ilə bağlı dialoqun hansı perspektivləri var?” suallarının tutarlı cavabları verilir.
Kitabda daha sonra 1973-1986-cı illəri əhatə edən ermənilər tərəfindən törədilən terror aktlarının xronoloji siyahısı verilir.
Növbəti təqdim edilən material türk, Osmanlı və Yaxın Şərq araşdırmaları ilə ixtisaslaşan amerikalı alimlərin ABŞ konqresinin erməni soyqırımı ilə bağlı 192 saylı qətnaməsinə cavab olaraq 1985-ci ildə imzaladıqları bəyanatdır.
Kitabın sonunda biblioqrafiya və mövzu ilə bağlı tarixi fotoşəkillər təqdim olunur.
Kitab yalnız elmi ictimaiyyət üçün deyil, ümumilikdə hər bir azərbaycanlı üçün tarixi gerçəkləri öyrənmək baxımından dəyərli istinad mənbəyi ola bilər.
http://olaylar.az/news/sosial/197129