“Əsgərə xatirə kitabı”layihəsinin icraçı direktoru Məltəm Şıxəliyeva və Türkiyə təmsilçisi Səidə Ömərlə “Əsgərə xatirə kitabı” haqqında danışdıq.
Fuad Babayev: Məltəm xanım, “Əsgərə xatirə kitabı” layihəsi ilə bağlı nə deyə bilərsiniz?
Məltəm Şıxəliyeva: “Əsgərə xatirə kitabı” layihəsi 2016-cı ildə Aprel döyüşlərindən sonra yaranıb. Layihəmiz çoxşahəlidir. Amma ilkin istiqamət əsgərlərimizin asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək göztərməklə bağlıdır. Bizə üzv olan şagird və tələbələr tərəfindən əsgərlərə kitablar hədiyyə edirik. Burada məqsəd şagird və tələbələrə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərin aşılanmasıdır. 5 il ərzində müxtəlif hərbi hissələrə bizim üzvlərimiz tərəfindən 15 minə yaxın kitab hədiyyə edilib. Əlamətdar günlərdə bəzən uşaqları da özümüzlə hərbi hissələrə aparırıq.
Fuad Babayev: Üzvünüz olan uşaqlar nə deməkdir?
Məltəm Şıxəliyeva: “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva həm də təhsil sahəsində işləyib. Onun tələbə və şagirdləri çox olub. Biz getdiyimiz hərbi hissələrdə uşaqlar əsgərlərlə görüşüb, onlarla birlikdə yemək yeyib. Əsgərlərə hədiyyə etdiyimiz kitabların ilk vərəqində uşaqlar onlara öz ürək sözlərini yazırdılar.
Fuad Babayev: Hədiyyə etdiyiniz kitabları haradan əldə edirsiniz?
Məltəm Şıxəliyeva: Bu kitablar əsasən xeyriyyəçi insanlar tərəfindən alınır, uşaqlar özləri də könüllü olaraq oxuduqları kitabları gətirirlər. Kitablar əsasən bu şəkildə təmin olunur.
Fuad Babayev: Yəni Sizin işinizin mahiyyəti şagirdlər tərəfindən tədarük edilmiş kitabların əsgərlərə çatdırılması olub.
Məltəm Şıxəliyeva: O ilkin istiqamətimiz olub. Bizim layihə çoxşahəlidir. Aprel döyüşlərindən sonra biz qazilərimizin sağlamlıqları ilə bağlı problemləri də aradan qaldırmağa çalışdıq. Əməkdaşlıq etdiyimiz klinikalar vasitəsilə onların təmənnasız müalicəsini təşkil etmişik. Bir növ vasitəçi rolunu oynamışıq. Bundan başqa İkinci Qarabağ müharibəsi dövründə də bütün Azərbaycan xalqı kimi hər birimiz arxa cəbhədə fəaliyyət göstərdik. Vətən müharibəsindən sonra biz daimi aksiyalara start verdik. Biz Müdafiə Nazirliyi ilə əməkdaşlıq edirik. Məhz bu əməkdaşlıq sayəsində onların nümayəndələri ilə birlikdə 15-ə yaxın rayonda olmuşuq. Həmin rayonlardakı şəhid və qazi ailələri ilə görüşmüşük.
Fuad Babayev: O cümlədən cəbhəyanı və işğaldan azad olunmuş bölgələrimizdə.
Məltəm Şıxəliyeva: Bəli. Biz rayonlara səfərimiz zamanı görüşdüyümüz ailələrin problemlərini dinləyir, dərdlərinə şərik olur, onlara mənəvi, psixoloji və maddi dəstək göstərməyə çalışmışıq.
Fuad Babayev: Aydındır. Biz problemlər barədə danışacağıq. Mən istərdim Səidə xanım “Əsgərə xatirə kitabı” layihəsinin Türkiyə təmsilçiliyi haqqında danışsın.
Səidə Ömər: Mən 4 ildir ki, İstanbulda yaşayıram. İstanbul Universiteti “Radio Televiziya Kino” bölümündə magistr təhsili almışam. Eyni zamanda orada diaspor fəaliyyəti ilə məşğulam. Türkiyənin “Bengüturk” televiziyasında “Azərbaycan Rüzgarı” adlı proqramın müəllifi və aparıcısıyam. İkinci Qarabağ müharibəsi zamanı həm təhsilim, həm də televiziya proqramı ilə bağlı mən Türkiyədə idim. Bütün bu savaşı biz Türkiyədən izləyirdik. Savaş başlayandan bu günə qədər Azərbaycanın səsini, Azərbaycan Ordusunun və Ali Baş Komandanın gücünü, xalqın vətənpərvərlik ruhunu, hər bir anımızı, dərdimizi, sevincimizi bu televizya proqramında göstərdik.
Fuad Babayev: Bu proqram tok-şou xarakterlidir?
Səidə Ömər: Xeyr, tok-şou deyil. Diaspor fəaliyyəti, Azərbaycan və Türkiyəni birləşdirən ortaq mövzularla bağlı, Azərbaycannın mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında ədəbi-bədii verilişdir. Əhməd Cavad, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Nəsimi ili, Nizami ili, 20 yanvar, Xocalı soyqırımı kimi mövzuları işıqlandırırıq. Amma savaş dönəmində vətənpərvərlik mövzusuna üstünlük verdik. Azərbaycanla bağlı hər bir mövzunu öz proqramımızda qonaqlarla danışırıq.
Təmkin Məmmədli: Verilişin dövriliyi necədir?
Səidə Ömər: Hər həftə bazar günü axşam saat 8-də efirə çıxırıq.
Fuad Babayev: Bu internet televiziyadır?
Səidə Ömər: Xeyr. Türkiyədən yayımlanan milli xəbər kanalıdır. Mən daha çox Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarını, professor və müəllimlərimizi, ziyalılarımızı, eyni zamanda Azərbaycana könül vermiş Türkiyə vətəndaşlarını proqramıma dəvət edirəm. Siz də İstanbulda olanda bizim qonağımız ola bilərsiniz. “Bengüturk” MHP-nin (Milliyətçi Hərəkat Partiyası – red.) kanalıdır. “Bengüturk” televiziya kanalı Türk dünyasının yönəlik olduğu üçün Azərbaycan dilində orada veriliş aparmaq imkanımız var. Eyni zamanda savaş dönəmində “Əsgərə xatirə kitabı” layihəsi mənim diqqətimi çox çəkmişdi. Mənim Nuranə xanımla əvvəllər də işbirliyim olub. Mən Nuranə xanımla Bakıda Heydər Əliyev adına liseydə və 2 saylı Uşaq evində də birlikdə işlədiyim zaman onun uşaqlara olan dəstəyini və həssaslığını görmüşəm. Ona görə də “Əsgərə xatirə kitabı” kimi gözəl layihəni mən öz verilişimdə də işıqlandırdım. Hazırda bu layihənin Türkiyə təmsilçiliyi çərçivəsində qardaş ölkədən olan qonaqlarımız Qarabağa gələrək əsgərlərimizlə görüşmək, onlara kitab hədiyyə etmək istəyirlər. Mən də Türkiyədə olduğum üçün bu əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəmi verə bilərəm.
Fuad Babayev: Təəssüf ki, müharibə itkisiz olmur. “YAŞAT” Fondu (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – red.) vasitəsilə bizim qazilərimizin bir qismi Türkiyədə müalicə alır. Sizin onlarla təmasınız olurmu?
Səidə Ömər: Türkiyədə yaşayan azərbaycanlılar kimi mən də daim onları diqqətdə saxlayıram. Qazilərimiz daha çox öz milli yeməklərimizə ehtiyac duyurlar.Sosial şəbəkələrdən izlədiyim qədər insanlar onlara lazm olan şeyləri təşkil edib qazilərimizi ziyarət edirlər.
Fuad Babayev: Məltəm xanım, “Əsgərə xatirə kitabı” layihəsi 2016-cı il döyüşlərindən sonra yaranıb və əlbəttə ki, İkinci Vətən müharibəsində bu yeni bir impuls alıb. Hamımız ötən ilin sentyabrın 27-də səhər saatlarından tam fərqli bir dalğaya kökləndik. Biz artıq Qarabağlı, Şuşalı Azərbaycanda yaşayırıq. Qələbədən sonra Sizin fəaliyyətinizdə hansı bir dəyişiklik oldu? Qazilərimizin hansı problemləri və məişət qayğıları ilə üzləşirsiniz? Bu müddət ərzində qazilərimizin hansı problemlərini həll edə bilmisiniz?
Məltəm Şıxəliyeva: Aprel döyüşlərindən sonra bizim fəaliyyətimiz bir neçə sahəyə şaxələnirdi. İkinci Vətən müharibəsindən sonra isə biz vətənpərvərlik hissindən əlavə bu işə borcumuz kimi yanaşırıq. Hazırda bizim fəaliyyətimiz müharibə dövründə olduğu tempdə davam edir. Rayonlara olan səfərlərimiz və oradakı şəhid və qazi ailələri ilə görüşlərimiz davam edir. Onların problemlərinin həllinə çalışırıq, hazırda 30-a yaxın qazimiz əməkdaşlıq etdiyimiz klinikalarda müalicə alır. Bu gün də bir şad xəbər eşitdik ki, Musayev Fəqan adlı qazimiz “Həyat” klinikasının köməyi sayəsində artıq əsasız ayaq üstə durur və yeriyir. Fəaliyyətimizin digər istiqaməti şəhid və qazi övladları ilə bağlıdır. Biz həmin uşaqların gələcəyi ilə daha çox maraqlanırıq. Sağlam cəmiyyət yaratmaq üçün bu gün biz bu uşaqlara dəstək olmalıyıq. Bu bizim hər birimizin borcu olmalıdır.
Fuad Babayev: Bilavasitə kömək üçün Sizə müraciət edən olubmu?
Məltəm Şıxəliyeva: Hələlik bizim layihə o qədər də böyük deyil. Biz bacardığımız qədər bir neçə qazimizi işlə təmin etmişik. Onların sağlamlıqları, övladlarının təhsili ilə bağlı problemləri aradan qaldırmışıq.
Təmkin Məmmədli: Şəhid və ya qazi ailəsi Sizi necə tapa bilər? Onlar Sizinlə neçə əlaqə yaradır?
Məltəm Şıxəliyeva: Bayaq da qeyd etdiyim kimi biz rayonlara səfər edirik. Bu səfərlər zamanı rayon İcra Hakimiyyətləri ilə əlaqədə oluruq. Onlar bizə şəhid və ya qazi ailələrinin siyahısını verirlər. Biz o siyahıya əsasən hər bir ailəyə gedərək onların problemləri ilə tanış oluruq. Öz əlaqə nömrələrimizi və ünvanımızı həmin ailələrə veririk. Onlar bizimlə əlaqə yaradır və biz də imkanımız daxilində həmin şəxslərə yardımçı olmağa çalışırıq.
Fuad Babayev: Problemləri həll etmək üçün vəsait lazımdır.
Məltəm Şıxəliyeva: Bəli.
Fuad Babayev: Hər hansı bir qeyri-hökumət təşkilatının, humanitar layihənin sərəncamında elə bir vəsaitin olması mümkün deyil. Burada dövlət strukturlarına kömək edərək rabitəni qura bilərsiniz.
Məltəm Şıxəliyeva: Bizhələ rəsmi olaraq təşkilat kimi fəaliyyət göstərmirik. Hələlik bu bir layihədir. Sənədlərimiz hələ təsdiqdədir.
Fuad Babayev: 5 il fəaliyyət göstərməyinizə rəğmən.
Məltəm Şıxəliyeva: Bəli.Fəaliyyətimizin maliyyələşdirilməsi isə dost-tanışların, öz üzvlərimizin və bizə əl tutan xeyirxah insanların hesabına təşkil olunur.
Biz aksiyalara başlayanda yaxın ətrafımızı iştiraka dəvət edirik. Yardım üçün hamı müraciət edə bilər. Yardım göstərən şəxslər arasında kitab və uşaqlara hədiyyə gətirənlər, maddi dəstək göstərmək istəyənlər də olur. Yəni biz aksiyalarımızı belə təşkil edirik.
Fuad Babayey: Səidə xanım, Türkiyədə qazilərə böyük diqqət və qayğı var. Türkiyənin qazilərə olan münasibətindən nələri biz özümüz üçün əxz edə bilərik?
Səidə Ömər: Mən Azərbaycanda da Türkiyədəki kimi bələdiyyələrin güclü olmasını istərdim. Bələdiyyə insanların sosial həyatı və problemləri ilə bağlı həm özləri maraqlanır, həm də onlara müraciət edən ailələrə real kömək göstərirlər. Türkiyədə bələdəiyyələr bir çox problemləri həll edərək dövlətin yükünü azaldır.
Məltəm Şıxəliyeva: Biz getdiyimiz rayonlarda ehtiyacı olan şəhid ailələrinin demək olar ki, əksəriyyətinin həyətindəki evin təmir edilməsinin və yaxud yeni ev tikilməsinin şahidi olduq. Bu işlər “YAŞAT” Fondu və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Amma elə ailələr var ki, onlara catacaq vəsaitin verilməsinə və evlə təmin olunmasına baxmayaraq yenə də narazılıq edirlər. Bu narazılıqlar isə əsasən ailədaxili mübahisələr zəminində baş verir.
Fuad Babayev: Gələcək planlarınız nədən ibarətdir?
Məltəm Şıxəliyeva: Planlarımız çoxdur. Sənədlərimiz hazırdır. İnşallah yaxın vaxtlarda qeydiyyatdan keçəcəyik. İlk növbədə əlaqələrimizi möhkəmləndirməyə çalışırıq və bu əlaqələr nəticəsində şəhid və qazi övladlarının təhsilinə yönəlik işlərimiz olacaq. Qarşıdan gələn 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar böyük tədbirimiz olacaq.
Təmkin Məmmədli: Ümumiyyətlə, fəaliyyətinizin mediada işıqlandırılması Sizi qane edir?
Məltəm Şıxəliyeva: Qeyd etdiyim ki, layihəmiz o dərəcədə böyük olmadığı üçün media dəstəyimiz orta səviyyədədir. Bir neçə media qurumu fəaliyyətimizi işıqlandırmaqla bizə dəstək olur. Müdafiə Nazirliyinin saytında da bizim fəaliyyətimiz işıqlandırılır.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 23 aprel 2021-ci il tarixində baş tutub.
Materialda “polise.az” saytının fotosundan istifadə edilib.