Bu isə bizim faciəmizi əks etdirən, heç bir rəssam, sənətkar təxəyyülündən, fantaziyasından asılı olmayan, vaxta-zamana tabe olmayan sənəddir, foto faktdır. Onu kimin çəkməsindən, nə vaxt və hansı şəraitdə çəkməsindən asılı olmayaraq mənası dəyişməyəcək, ağrısı-acısı azalmayacaq.
Onun bircə adı var: SOYQIRIMI!
Xatırladaq ki, məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının inkarolunmaz sübutudur. Onun ümumi sahəsi 514 kvadratmetrdir. Qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkarlanıb. İnsanların hamısının soyuq silah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları tapılıb. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanları isə əsasən yaşlı kişilərdir. Arxiv sənədlərindən məlum olduğu kimi, 1918-ci ilin aprel-may ayları ərzində ermənilər təkcə Quba qəzasında 36 min 782 nəfəri qətlə yetirib, 122 kəndi tamamilə dağıdıb.
Tədqiqatçılar deyirlər ki, ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər. Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuya yüzlərlə insan skeleti tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra sanki şaqqalanaraq bura atıldığını göstərir. “Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin Qubada soyqırımı həyata keçirdiyini sübut edir. İnanın ki, dəhşətdən burada işləyə bilmirik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq.” – Bu sözlər isə Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayevə məxsusdur.
İnanırıq ki, dünya bu vəhşilikləri görüb biləcək və saxta rəmzlərin yerini əsl soyqırımı qurbanlarının şəkilləri əvəz edəcək. Bu acı həqiqətdən heç kim, eləcə də ermənilər yaxa qurtara bilməyəcəklər.
Bəxtiyar QARACA
“Azərbaycan” qəzeti
10.02.2015