Suallarımızı Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli cavablandırır:
– Əziz müəllim, 27 il öncə, 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası başlanıb. Soydaşlarımız hansı bölgələrdən daha əvvəl qovulublar?
– Qərbi Azərbaycan ərazisində azərbaycanlı əhalinin öz ata-baba yurdlarından deportasiya olunmasının, nə az-nə çox, düz 214 illik bir tarixi var. Soyqırımı ilə müşayiət olunan bu deportasiyalar 1801-ci ildən başlayır və 1988-ci ilə qədər davam edib. 1988-ci il bu deportasiya və soyqırımların zirvə nöqtəsi oldu. 1988-ci ilin fevralından başlanan “Dağlıq Qarabağ” münaqişəsi bir anda Qərbi Azərbaycandakı soydaşlarımızı ağuşuna aldı və ilk gündən azərbaycanlıların sıxışdırılmasına başlanıldı. Hələ 20 Yanvar, Xocalı faciələri baş verməmişdi, hələ Dağlıq və Aran Qarabağ Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmamışdı, hələ bir milyon qaçqınımız, məcburi köçkünümüz yox idi, hələ torpaqlarımızın 20 faizi işğal altında deyildi, amma Qərbi Azərbaycanda – Ermənistan Respublikası ərazisində azərbaycanlıların soyqırımı start götürmüşdü. Hər gün əlbəyaxa toqquşmalar, lokal münaqişələr, həbslər, təzyiqlər bir-birini əvəz edirdi. Ermənilər Azərbaycandan Qarabağı tələb edirdi, qərbi azərbaycanlılar isə Ermənistanda ermənilərə qarşı Qarabağ uğrunda mübarizəyə qalxmışdılar. Azərbaycanlıların soyqırımı prosesi Qərbi Azərbaycanın bütün bölgələrində eyni şəkildə gedirdi. Bu da təbii idi, çünki bütün proseslər bir mərkəzdən idarə olunurdu. Nəhayət, 1988-ci il noyabrın sonlarında ermənilər bütün Ermənistan boyu azərbaycanlı kəndləri üzərinə qəti hücuma keçdilər. Bir həftənin içində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər vəhşicəsinə qətlə yetirildilər.
– Ermənistandan qovulan azərbaycanlıların sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri kimi, Sizdə olan məlumata görə əslində bu rəqəm neçədir?
– Neçə ki, Qərbi Azərbaycanda soydaşlarımızın soyqırımının bütün aspektləri lazımi səviyyədə öyrənilməyib, belə suallar vaxtaşırı səslənəcək. Bəli, bu gün Azərbaycanda Ermənistandan qovulan azərbaycanlıların sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir: 180 min, 200 min, 250 min, 300 min, hətta 500 min deyənlər və kitablarda yazanlar da var. Bunu bizə müxtəlif beynəlxalq tədbirlərdə xarici həmkarlarımız, xüsusilə türk tədqiqatçıları da irad tutur və haqları da var. Bu qədər ciddi bir məsələ barədə bu qədər qeyri-ciddi mövqe sərgiləmək olmaz. Rəqəm dəqiq və əsaslandırılmış olmalıdır. Üstəlik də heç kəsə sirr deyil ki, 30-40 il sonra erməni iddia qaldıracaq ki, 1988-ci ildə Ermənistanda ya ümumiyyətlə azərbaycanlılar yaşamayıb, ya da 10-15 adam olub, onlar da köçüb gediblər öz vətənlərinə. Bunu 1998-ci ildə Ermənistanda azərbaycanlılara aid bütün arxivlərin yandırılması da təsdiq edir. O ki qaldı Azərbaycan Qaçqınlar Cəmiyyətində olan məlumata, bu barədə Azərbaycan Qaçqınlar Cəmiyyəti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin birgə arayışı var. Bu sənədə əsasən, 1988-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki 172 xalis, 89 qarışıq kənd, qəsəbə və 6 şəhərdən 49 min 928 ailədə 250 min nəfər soydaşımız öz ata-baba yurdundan qovulub çıxarılmışdır. Lakin bununla da biz öz vəzifəmizi bitmiş hesab etmirik, artıq iki ildir Azərbaycan Qaçqınlar Cəmiyyəti 1988-ci il qaçqınlarının kəndbəkənd, ailəbəailə, adbaad siyahısını tutur. Yalnız bundan sonra dəqiq rəqəm elan etmək mümkün olacaq.
– Əziz müəllim, bir neçə il öncə Sizin “Qərbi Azərbaycan abidələri” kitabınız Ermənistanın Londondakı fəxri konsulu Ruben Qalçyanı çox narahat etmişdi. O, azərbaycanlıların erməniləri bu məsələdə çox qabaqladıqlarını vurğulayırdı. Doğrudanmı, Qərbi Azərbaycan ərazisindəki tarixi abidələr alimlərimiz və tədqiqatçılarımız tərəfindən kifayət qədər yaxşı öyrənilib?
– Siz mənim ağrılı yerimə toxundunuz. Çox təəssüf ki, mən bu suala müsbət cavab verə bilməyəcəm. Biz nəinki Qərbi Azərbaycan ərazisindəki tarixi abidələri, o ərazilərlə bağlı nəyi kifayət qədər öyrənmişik ki?! Kim ortaya bir dənə rəsmi sənəd qoya bilər ki, 1988-ci ildə Qərbi Azərbaycanda (Ermənistanda) neçə azərbaycanlı yaşayış məntəqəsi boşaldılıb, həmin vaxt neçə nəfər soydaşımız soyqırımına məruz qalıb, neçə nəfər qətlə yetirilib, neçə nəfər şikəst olub? Soydaşlarımızın fərdi və ictimai təsərrüfatlarda nə qədər əmlakı qəsb edilib?
– Bunları öyrənmək o qədər çətindirmi?
– Xeyr, elə bir çətinlik yoxdur, bu işi Azərbaycan Qaçqınlar Cəmiyyətinin xətti ilə qısa müddətdə həyata keçirmək mümkündür. Lakin bunun üçün maddi və mənəvi dəstək lazımdır. O ki qaldı Qərbi Azərbaycandakı tarixi abidələrimizin öyrənilməsinə, təəssüf ki, Azərbaycanda bu işlə məndən başqa heç kəs məşğul olmayıb. O vaxt çətinliklə də olsa, bu işin öhdəsindən gəldik və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun şəxsi təşəbbüsü ilə bu kitab iki dildə – Azərbaycan və ingilis dillərində işıq üzü gördü. Bir il sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə bu kitab beş dildə – Azərbaycan, ingilis, rus, fransız, alman dillərində çap olundu. Bu oldu 2006 və 2007-ci illərdə. Lakin bu, ilk təşəbbüs idi, həmin kitaba daxil edilən abidələr bizim Qərbi Azərbaycan ərazisindəki tarixi abidələrimizin çox az bir hissəsi idi. Biz həmin kitaba ancaq fotogörüntülərini əldə etdiyimiz abidələri daxil etmişdik. Aydın təsəvvür yaratmaq üçün bir misal deyim. Kitaba Vedibasar mahalından yalnız bir məbəd – VI yüzilə aid Aselişad (Xorvirab) məbədi daxil edilib. Halbuki mənim Vedibasar mahalına həsr olunmuş “Qərbi Azərbaycan” çoxcildliyimin 1-ci cildində Vedibasar mahalında 41 tarixi abidə, qala, dini ocaq və ziyarətgah haqqında ətraflı məlumat verilib. Başqa bir məsələ. Biz bu kitabı yazdıq, indi mən bu abidələrin bir hissəsinin Azərbaycan Milli Ensiklopediyasının cildlərinə düşməsinə də nail oluram. Amma gəlin görək, orta məktəb dərsliklərində biz o abidələrin biri ilə uşaqlarımızı tanış edirikmi? Həmin abidələri xalqımıza və dünya ictimaiyyətinə çatdırmaq üçün yollar axtarırıqmı?
– 2011-ci ildə Ermənistan cəmiyyətində bir sıra qədim məbədlərin baxımsızlıq üzündən dağılması geniş əks-səda doğurmuşdu. Hətta bu məqsədlə ictimaiyyət nümayəndələrinin II Qareginə ünvanladığı məktuba aldıqları cavab qəribə idi: “Biz dağlardakı məbədlərə görə, cavabdeh deyilik”. Sizcə, bu diqqətsizlik yoxsul Ermənistanın vəsait çatışmamazlığından bəhrələnir, yoxsa qədim alban məbədlərinin yer üzündən silinməsinə yönəlik məqsədyönlü siyasətdir?
– Əvvəla xatırladım ki, Qafqazdakı xristian türk məbədlərinin erməniləşdirilməsinə XV yüzildən başlanmış və sonrakı yüzillərdə bu işin başında Eçmiədzin kilsəsi və həmin kilsənin katolikosları durmuşdur. İndi erməni katolikosunun həmin abidələrə yiyə durmaqdan imtina etməsinin çox sadə iki səbəbi var: birincisi, ermənilər çox gözəl bilir ki, o abidələr onlara məxsus deyil və onlarda o abidələrə səmimi münasibət heç vaxt olmayıb, bu günə qədər o məbədlər ermənilərə bir təbliğat mənbəyi, dini alət kimi lazım idi və artıq həmin abidələr bu mənada öz işini görüb qurtarıb. İkincisi, illərdən bəri davam edən mənasız və ermənilər üçün perspektivsiz Qarabağ müharibəsi artıq Ermənistan hökumətini də, erməni xalqını da və erməni kilsəsini də müflis edib, II Qaregin öz keşişlərini təmin etməyə pul tapmır, o da qaldı dağılmaqda olan məbədlərin bərpasına. Necə deyərlər, su artıq meymunun boğazına çatıb…
– Ötən ay Ermənistan hərbi münaqişələr zamanı mədəni dəyərlərin müdafiəsi üzrə YUNESKO komitəsinin sədr müavini seçildi. Buna münasibətinizi öyrənmək istərdik…
– Bu, Qərbin növbəti ikibaşlı oyunundan başqa bir şey deyil. Özünün mədəni dəyərləri olmadığından tarix boyu qonşuların mədəni dəyərlərinə düşmən münasibət bəsləyən bir xalqın nümayəndəsinin mədəni dəyərlərin müdafiəsi üzrə YUNESKO komitəsinin sədr müavini seçilməsi tamamilə absurddur. Üstəlik də işğalçı bir ölkənin nümayəndəsinə hərbi münaqişələr zamanı mədəni dəyərlərin müdafiəsi işinin tapşırılması – bunun artıq izahı yoxdur.
– Çox sağ olun, müsahibəyə görə Sizə minnətdarıq.
Gündüz Nəsibov
1905.az
Müsahibə ilk dəfə 23 yanvar 2015-ci ildə dərc edilib