Кəlbəсər rayonu – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazın mərkəzi hissəsindədir. Qərbdə Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 3054 km2, əhalisi 73,6 min nəfərdir (01.01.2006). Mərkəzi Kəlbəcər şəhəridir.
Rayona Kəlbəcər şəhər, İstisu qəsəbəsi və Zivel, Keşdək, Nadirxanlı, Taxtabaşı, Həsənriz, Qozlu, Qozlu Körpü, Narınclar, Çərəktar, Lev, Abdullauşağı, Qaraçanlı, Ağyataq, Fətalılar, Mozkənd, Ağdaban, Çayqovuşan, Ağcakənd, Oruclu, Zağalar, Təzəkənd, Yenikənd, Əli Bayramlı, Vəzirxana, Almalıq, Laçın, Əsrik, Çoban Kərəhməz, Çorman, Aşağı Ayrım, Yuxarı Ayrım, Boyaqlı, Bağlıрəyə, Vəng, Bağırlı, Başlıbel, Xallanlı, Əlirzalar, Şahkərəm, Çovdar, Dalqılıçlı, Otaqlı, Dərəqışlaq, Barmaqbinə, Otqışlaq, Dəmirçidam, Qanlıkənd, Zar, Yellicə, Alolar, Kaha, Həsənlər, Armudlu, Təkdam, Zəylik, Hopurlu, Şeyinli, Zülfüqarlı, Qaragüney, Keçiliqaya, İstibulaq, Göydərə, Ağdaş, Qamışlı, Bağırsaq, Comərd, Nəcəfalılar, Pirilər, Kilsəli, Alçalı, Quşyuvası, Qılıçlı, Quzeyçirkin,Mərçimək, Ağqaya, Çopurlu, Birinci Milli, İkinci Milli, Üçüncü Milli, Günəşli, Allıkənd, Boyur, Orta Qaraşanlı, Baş Qaraşanlı, Tatlar, Aşağı Qaraşanlı, İmambinəsi, Xolazəy Alxası, Sarıdaş, Güneypəyə, Seyidlər, Cəmilli, Susuzluq, Qasımbinəsi, Sınıq Kilsə, Başkənd, Tirkəşəvənd, Zərqula, Qazıxanlı, Qalaboyun, Qaraxancallı, Çaykənd, Kəndyeri, Kilsə, Aşağı Xaç, Mişni, Çəpli, Elyasalılar, Şaplar, Məmməduşağı, Aşağı Şurtan, Orta Şurtan, Yuxarı Şurtan, Soyuqbulaq, Təkəqaya, Babaşlar, Bozlu, Çıraq, Tövlədərə, Məmmədsəfi, Yanşaq, Zallar, Yanşaqbinə, Dovşanlı, Bazarkənd, Hayad, Qızılqaya, Yuxarı Oratağ, Vəngli, Çormanlı, Şahmansurlu, Heyvalı, Dəvədaşı, Yayıcı, İmarət-Qərvənd, Çapar, Zardaxaç, Kolatağ, Damğalı, Çıldıran, Mehmana kəndləri daxildir.
Səthi dağlıqdır (Murovdağ, Şahdağ, Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsi). Ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dolidağdır (3616 m). Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Faydalı qazıntıları: civə, qızıl, polimetal, mineral sular, tikinti materialları və s. Ərazisinin yüksək dağlıq hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi üstünlük təşkil edir. Orta temperatur yanvarda -10°C-dən -3°C-yədək, iyulda 5-20°C-dir. İllik yağıntı 700-900 mm-dir. Ən böyük çayları Tərtər (yuxarı axını) və onun qollarıdır (Levçay, Tutqunçay və s.). Bazarçay çayı rayonun ərazisindən başlanır. Ərazisində göllər də vardır. Çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları üstünlük təşkil edir. Rayonun mərkəzi və şərq hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda isə alp və subalp çəmənlikləri yayılmışdır. Qayakeçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, ular, qartal və s. var.
Kəlbəcər, əsasən, kənd təsərrüfatı rayonudur. Heyvandarlıq, tütünçülük və arıçılıq inkişaf etmişdir. Sənaye müəssisələri: İstisu mineral sudoldurma zavodu, Şorbulaq civə zavodu.
Rayonda 114 ümumtəhsil məktəbi, texniki peşə məktəbi, 17 klub, incəsənət məktəbi, muzey, mərkəzi xəstəxana, poliklinika, uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 feldşer-mama məntəqəsi, 23 kənd ambulatoriyası var. Bir sıra tarixi və memarlıq abidələri, о cümlədən Alban məbədləri (13 18 əsrlər) və s. var.
2 aprel 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.861