Fuad BABAYEV
Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
1922-ci ildə Sovet İttifaqı yarandı.
Bu ölkə 1991-ci ildə süqut etdi. Müasir fransız tarixçisi Nikola Vert bu hadisəyə gətirib çıxarmış siyasi böhranın səbəblərini araşdırarkən diqqəti 3 mühüm problemin həll edilməməsinə yönəldib. Tarixçinin fikrincə bu problemlər aşağıdakılar olub: istənilən demokratikləşmə prosesinin üzvi tərkib hissəsi olan siyasi plüralizmlə bağlı problem; bazar iqtisadiyyatının yaranması ilə bağlı problem; federativ müqavilə ilə bağlı problem. (3. 527-528)
2005-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sovet Sosialist Respublikaları İttifaqının parçalanmasını əsrin ən böyük geosiyasi fəlakəti adlandırdı. (12) Bu müddəanın həqiqətəuyğunluq əmsalının ölçüləri ətrafında müzakirələr qaçılmazdır. Əlbəttə, planetin quru hissəsinin altıda birini əhatə edən nəhəng dövlətin qısa zaman kəsiyində parçalanması bu dövlətin ərazisində yaşayan insanların həyatına təsirsiz ötüşə bilməzdi. Mübaliğəsiz olaraq demək olar ki, nəhəng dövlərin bütün subyektlərində ciddi problemlər yaşandı. Və bu problemlərin böyük bir hissəsi hələ də öz həllini gözləyir.
Qeyd etməliyik ki, Sovet İttifaqının süqutu nəticəsində xüsusilə ağır münaqişə potensialına, həlli məqsədli şəkildə çətinləşdirilmiş ciddi problemlər konqlomeratına “yiyələnmiş” ölkələrdən biri də Gürcüstan Respublikasıdır.
Azərbaycan üçün Gürcüstan xüsusi əhəmiyyətə malik bir ölkədir. Azərbaycanlıların Gürcüstanda ən böyük etnik qrup olduğu danılmazdır. Hazırda Gürcüstan ərazisində azərbaycanlılar yaşayan kəndlərin sayı 200-dən coxdur. İndi Gürcüstan ərazisində azərbaycanlıların ümumi sayı qeyri-rəsmi hesablamalara görə, yarım milyon nəfərdən artıqdır. 2000-ci ildə keçirilmiş əhalinin umumi siyahıya alınmasının nəticələrinə görə isə Gürcüstanda 289.761 nəfər azərbaycanlı yaşayırdı. Qeyri-rəsmi məlumatlarda isə azərbaycanlıların sayı daha çox göstərilir. (8)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 noyabr 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlqoyma mərasimində söylədiyi nitqdə bu layihəni “Azərbaycanın böyük neft-qaz yataqlarının işlənilməsi nəticəsində həyata keçirilən neft-qaz kəmərləri layihələrinin – Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirən Bakı-Supsa, ondan sonra Bakı-Tbilisi-Ceyhan, ondan sonra Bakı-Tbilisi-Ərzurum layihələrinin məntiqi nəticəsi” kimi səciyyələndirmişdi. (1.71)
İki ölkə arasında dostluq münasibətlərinin dərin tarixi kökləri vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-ci ildə, Gürcüstanın Milli bayramı – Dövlət Müstəqilliyi Günü münasibətilə Gürcüstanın Azərbaycandakı səfirliyində keçirilən rəsmi qəbulda çıxış edərək demişdi: “Gürcüstan və Azərbaycan əsrlər boyu qonşu yaşamış xalqlardır. Bizim çoxəsrlik tariximizdə parlaq dostluq, qardaşlıq səhifələri vardır. İndiyə qədər xalqlarımız arasında yaranmış dostluq əlaqələri bizdə daim iftixar hissi doğurur. Gürcü və Azərbaycan xalqları əsrin əvvəlində öz dövlət müstəqilliklərini əldə etmək arzusunda olmuşlar. Xalqlarımızın mübarizəsi öz nəticəsini vermişdir. 1918-ci ilin mayında Gürcüstan da, Azərbaycan da müstəqil dövlət elan olunublar və ölkələrimizdə demokratik respublikalar yaranıbdır. Sonrakı illər, onilliklər ərzində biz bir yerdə olmuşuq, həm nailiyyətlərimizi bölüşmüşük, həm də çətin günlərdə bir-birimizə dayaq olmuşuq, yardım etmişik. Nəhayət, 1991-ci ildə Gürcüstan da, Azərbaycan da yenidən öz müstəqilliklərini əldə ediblər.” (10)
Bu məqalədə biz SSRİ-nin parçalandığı 1991-ci ildən etibarən Gürcüstan Respublikası ərazisində müşahidə olunan “mərkəzdənqaçma” tendensiyaları haqqında geniş danışmaq niyyətində deyilik. Sadəcə olaraq vurğulamaq istərdik ki, Gürcüstan ərazisində yaşanan özünəməxsus “suverenitetlər nümayişi”artıq XXI əsrin ilk onilliyinin ortalarında ilkin məntiqi nəticəsinə gətirib çıxarmışdı. “2006-cı ildə Abxaziya və Cənubi Osetiya bir-birlərinin müstəqilliklərini tanıdılar; bundan əlavə onların müstəqilliyi tanınmayan Dnestryanı tərəfindən də tanındı.“ (2.13)
Qeyd edək ki, bu məlumatın yer aldığı “unikal” Rusiya nəşrində əksəriyyəti müəlliflərin fantaziyasının məhsulu olan xeyli “tanınmamış dövlət” haqqında məlumat var. Müəlliflər Azərbaycan ərazisində “Dağlıq Qarabağ Respublikası” ilə yanaşı, Ləzgistan və Talışıstan kimi “tanınmamış dövlətlər” “tapa” biliblər. Bu çox mübahisəli nəşr haqqında Azərbaycan mediasında da oxumaq olar. (15)
Rusiyada nəşr edilmiş kitablardan birində də “1992-1993-cü illərin gürcü-abxaz müharibəsi” Rusiya-Gürcüstan münasibətlərinin inkişafını əngəlləyən ən mühüm amil kimi dəyərləndirilir. (4. 3)
Gürcüstan saytlarından birində isə məqalə müəllifi iddia edir ki, Rusiya iki xalq arasında münaqişəni uzun müddət ərzində və ciddi-cəhdlə qızışdırıb və onun aktiv iştirakı olmadan heç bir müharibədən söhbət gedə bilməzdi. (6)
Bizi maraqlandıran hadisə isə Cənubi Osetiyada baş vermişdir. Biz 08.08.08 hadisəsindən – Cənubi Osetiyadakı silahlı münaqişəsindən bəhs edirik. Bu hadisə təkcə ərazisinin 20 faizi Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan Respublikası üçün deyil, bütün postsovet məkanı, ola bilsin bütün dünya üçün olduqca əhəmiyyətlidir.
Münaqişənin başlanması haqqında olan versiyalara diqqət yetirək.
2008-ci ilin 8 avqustunun ilk saatlarında Gürcüstan hökuməti Cənubi Osetiya bölgəsindəki vəziyyətlə bağlı bəyanat yaydı. Bəyanatda separatçıların bölgənin dinc əhalisinə və sülhməramlılara qarşı hərbi hücum etmələri vurğulanırdı. Qeyd edilirdi ki, 7 avqustda, saat 22.30-da Prisi, 23.00-da isə Tamaraşeni kəndlərinə hücum edilib. Bəyanatda Rok tuneli vasitəsilə Rusiya-Gürcüstan sərhəddini yüzlərlə silahlı şəxs və hərbi texnika keçməsi, Gürcüstan hakimiyyətinin dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və silahlı hücumların qarşısının alınması məqsədilə adekvat addımlar atmaq məcburiyyətində qalması qeyd edilirdi. (7)
2008-ci ildə Rusiya Federasiyasının prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı olan Dmitri Medvedevin açıqlamasına diqqət yetirək. Siyasətçi Gürcüstan ordusu ilə toqquşmanın başlanması haqqında münaqişənin üçüncü ildönümünə həsr edilmiş müsahibəsində demişdi ki, 7-dən 8-nə keçən gecə müdafiə nazirinin zəng edərək gürcü qonşunun aktiv hərbi əməliyyatlara başlaması xəbərini verməsi onun üçün çox gözlənilməz olub. Dmitri Medvedev bir saatdan artıq müddət ərzində baş verənlərin hansısa provokasiya olub-olmamasını araşdırdıqlarını, yalnız müdafiə naziri içində Rusiya sülhməramlılarının olduğu çadırın gürcü hərbçiləri tərəfindən məhv edilməsini bildirdikdən sonra cavab atəşi açmaq əmrini verdiyini demişdi. (9)
Aktiv hərbi əməliyyatların başlanması məqamının “anatomiya”sı ilə bağlı münaqişə tərəflərinin mövqeləri arasında diametral fərq diqqəti çəkir. Düşünürük ki, hər iki tərəfdən ciddi sayıla biləcək canlı qüvvə itkiləri ilə müşayiət olunan hərbi əməliyyatların təfərrüatlarına varmamaq olar. Əslində, Rusiyanın hərbi potensialı ilə Gürcüstan ordusunun gücü arasında olan şübhə doğurmayan fərq prosesin necə nəticələnəcəyini xeyli əvvəldən bildirməyə imkan verirdi. Avanqardında indi həyatda olmayan Rusiya Qəhrəmanı Sulim Yamadayevin rəhbərlik etdidi “Vostok” batalyonunun yer aldığı hərbi qüvvə əməliyyatı operativ həyata keçirdi. Beş günlük müharibənin “siyasi” nəticələri də gözlənilən idi.
Tbilisinin Abxaziya və Cənubi Osetiyaya nəzarəti tam itirməsi ilə nəticələnmiş avqust müharibəsindən dərhal sonra 2 mühüm hadisə baş verdi.
12 avqust 2008-ci ildə Gürcüstan Prezidenti Mixeil Saakaşvili öz ölkəsinin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmasını Tbilisidəki mitinqdə bəyan edərək Abxaziya və Cənubi Osetiyanı işğal olunmuş ərazi, buradakı rus qoşunlarını isə işğalçı ordu elan etdi. (11)
Bu hadisədən bir neçə gün sonra Gürcüstan Xaric İşlər Nazirliyi ölkənin MDB-dən və MDB-nin 3 sazişindən çıxması barədə Gürcüstan parlamentinin 14 avqust tarixli qərarı barədə qurumun İcra Komitəsinə nota göndərdi. (5)
26 avqust 2008-ci ildə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev 2 yeni “dövlət”in müstəqilliyinin tanınması ilə bağlı fərmanlar imzalaması haqqında rəsmi açıqlama verdi. (14)
8 avqustun ilkin nəticələri sayıla biləcək bu iki hadisə fərqli, dəyişdirilməsi çox çətin, hətta mümkünsüz olan şəraitin yaranmasını əyani şəkildə, birmənalı olaraq sübut etdi.
Düşünürük ki, bu hadisə Moskvanın əslində “yumşaq güc” tərəfdarı olmamasını əyani şəkildə sübut etməklə yanaşı növbəti illər ərzində regionda və dünyada gedən proseslərə ciddi təsir göstərib.
Əslində, bu hadisələrdən altı il sonra, 2014-cü ildə Krımın Rusiyanın tərkibinə daxil edilməsi, elə həmin ildən etibarən Ukraynanın şərqində yaşananlar 8 avqust 2008-ci ildə baş vermiş hadisənin özünəməxsus tərzdə davamı kimi dəyərləndirilə bilər.
Hər halda 2008-ci ildə Rusiyanın postsovet məkanında real şəraitdə güc nümayiş etdirməsi və Cənubi Osetiyadakı münaqişəyə müdaxiləsi Krım və Donbas hadisələrindən sonra daha simptomatik hadisə kimi dəyərləndirilkməkdədir. (13)
Krımda və Donbasda yaşananlar 08.08.08 hadisəsinin özünəməxsus “after-şok”ları kimi də səciyyələndirilə bilər.
Gürcüstanın suveren ərazisinin 20 faizinin işğal altına düşməsi 8 avqust 2008-ci il hadisəsinin görünən nəticəsidir.
1. “Heydər Əliyev: “Gütcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” 2011 Bakı
2. Ванюков Д.А., Веселовский С.П. Непризнанные государства.2011 Непризнанные государства. Москва Книжный Клуб Книговек, 2011
3. Верт Н. История Советского государства. 2006
4. Грузино-абхазский конфликт 1917-1992. 2013, Москва, Европа 2013
5. http://apa.az/dunya-xeberleri/mdb-olkeleri/gurcustan-mdb-den-cixmasi-barede-qurumun-icra-komitesine-resmi-muraciet-gonderib.html
6. http://apsny.ge/articles/1443679059.php
7. http://civil.ge/rus/article.php?id=17146
8. http://diaspora.gov.az/index.php?options=content&id=86
9. http://echo.msk.ru/programs/beseda/799478-echo/
10. http://lib.aliyevheritage.org/az/6327503.html
11. http://news.lent.az/news/6487
12. https://regnum.ru/news/polit/444083.html
13. https://www.novayagazeta.ru/articles/2015/08/08/65174-171-pyatidnevnaya-voyna-187-segodnya
14. http://www.vesti.ru/doc.html?id=204043&cid=1
15. 1905.az/d-a-vanyukov-v%C9%99-s-p-veselovskinin-taninmamis-doevl%C9%99tl%C9%99ri-yaxud-bulaniq-suda-baliq-tutmaq-c%C9%99hdi/
X ULUSLARARASI TÜRK KÜLTÜRÜ, SANATI VE KÜLTÜREL MİRASI KORUMA SEMPOZYUMU/SANAT ETKİNLİKLERİ, 21-27 Eylül (September) 2016-Ulan Bator (MONGOLIA)