Zəngin və keşməkeşli mübarizələrlə dolu, nəsillərə nümunə olan bir ömür yaşamışdı Mustafa bəy Nadir ağa oğlu Vəkilov. O, Azərbaycanın milli istiqlal hərəkatının fəal iştirakçılarından olub. Xalq Cümhuriyyəti Parlamentinin üzvü kimi fəaliyyət göstərmiş, daxili işlər naziri vəzifəsində çalışmışdır.
Həmin dövrdə M.Vəkilov “Azərbaycan” qəzetinin redaksiya heyətinin də üzvü olmuşdur. Mustafa bəy Xalq Cümhuriyyətinin qurulması ərəfəsində, eləcə də onun 23 aylıq fəaliyyəti dövründə bütün gücünü və bacarığını dövlətçiliyin bərqərar olmasına, xalqın azadlığına həsr etmişdir.
Tarixdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərin tərcümeyi-halına baxdıqda onlarda oxşar cəhətlərin olduğunu görürsən. Moskvada, Sankt-Peterburqda və Avropanın digər şəhərlərində yüksək təhsil alan, xüsusən Qərb mədəniyyəti ilə yaxından tanış olan bu ziyalılar öz intellektual potensialı, millətinə sədaqəti ilə XX əsrin əvvəllərində gedən proseslərdə fəal iştirak etmiş, ictimai-siyasi xidmətləri ilə xalqın milli oyanışında misilsiz rol oynamışlar. M.Vəkilov da Vətənə, millətə xidmət missiyasında vahid bir amala – milli mənafeyin hər şeydən yüksəkdə tutulmasına söykənmişdir. O, doğma yurduna qəlbən bağlı olsa da, ömrünün xeyli hissəsini qürbətdə yaşamışdır. Sovetlər Azərbaycan torpağında öz hakimiyyətlərini qurduqdan sonra Cümhuriyyətin görkəmli siyasi xadimləri təqib edilir və cəzalandırılırdı. Zamanın bu gərdişi nəticəsində Mustafa bəy də öz vətənini tərk etmək məcburiyyətində qalmışdır…
Mustafa bəyin siyasi dünyagörüşünün formalaşmasında əmisi Məmmədrza Vəkilovun və yaxın qohumu Əlimərdan bəy Topçubaşovun böyük təsiri olmuşdur. O, 1917-ci ilin yazında Moskva Universitetini bitirib hüquqşünas diplomu ilə Bakıya qayıtmışdır. Az sonra Qafqaz müsəlmanlarının, həmin ilin yazında Kiyevdə professor Qruşevskinin başçılıq etdiyi qeyri-rus millətlərinin qurultaylarında iştirak etmiş, yayında isə Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayına dəvət almışdır. Bütün bunlar Mustafa bəyin artıq siyasi aləmə tam daxil olduğunu təsdiqləmişdir.
İstiqlal ovqatı, hürriyyət düşüncəsi…
1917-ci ildə ölkədə siyasi hadisələr sürətlə inkişaf edirdi və M.Vəkilov bu mürəkkəb olayların mərkəzində idi. Ona artıq məsul vəzifələr etibar edilirdi. Belə ki, Əlimərdan bəy Topçubaşovun təqdimatına əsasən, xüsusi Zaqafqaziya komitəsi M.Vəkilovu Bakı quberniyası komissarının müavini təyin etmişdi. Gənc siyasətçi, eyni zamanda Rusiya parlamentinin Azərbaycandan olan millət vəkili statusunu daşıyırdı. Oktyabr ayında Mustafa bəy Bakıda keçirilən Müsavat Partiyasının I qurultayında MK-ya üzv seçilir. Noyabrda isə o, Zaqafqaziya Komissarlığında daxili işlər naziri Çxenkelinin məsləhətçisi vəzifəsini daşımağa başlayır. Biliyi, bacarığı, məntiqi təhlil gücü ilə seçilən siyasətçi paralel olaraq Seymdə müsəlman fraksiyasının üzvü kimi də çalışırdı.
1918-ci ilin mayında Azərbaycan öz istiqlaliyyətini elan edir. Bu zamana qədər Mustafa bəy etibarlı silahdaş kimi özünü doğruldaraq Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin və başqalarının böyük etimadını qazanmışdı. Həmin ildə o, artıq Xalq Cümhuriyyətində Daxiliyyə Nazirliyinin məsul işçisi kimi çalışmağa başlayır.
1918-ci ilin iyun ayında Mustafa bəy Vəkilov M.Ə.Rəsulzadənin başçılığı ilə İstanbul konfransına gedən nümayəndə heyətinin tərkibində məsləhətçi-ekspert olur. O, İstanbul şəhərində nümayəndə heyəti sədrinin bütün siyasi görüşlərinin təşkilatçısı olur və bu tədbirlərin hər birində iştirak edir. Azərbaycanlı nümayəndələr konfrans iştirakçıları ilə iqtisadi, siyasi, maliyyə və hərbi sahələrə aid danışıqlar aparır, müqavilələr bağlayırdılar. Almaniyanın, Türkiyənin, Avstriyanın, Bolqarıstanın, Macarıstanın və Qafqazın nümayəndələri konfransa qatılmışdılar.
Mustafa bəy Türkiyədə olduğu vaxt oradan doğmalarına məktublar göndərirdi. Həmin məktublardan birini 1918-ci il sentyabrın 15-də himayədarı olan əmisi Məmmədrza ağaya yazır. Əvvəla, məktubun rusca yazılması onu göstərir ki, Mustafa bəy hələ gənc ikən bu dilə də mükəmməl yiyələnmişdi. İkinci tərəfdən, məktubda həmin dövrün siyasi cəhətdən dolğun təhlil olunması, cərəyan edən hadisələrə düzgün qiymət verilməsi diqqəti çəkirdi. Üçüncüsü isə məktubun hər cümləsində cavan hüquqşünasın öz xalqının taleyi üçün nigarançılığı aydın hiss olunurdu: “Hər gecənin bir gündüzü var. Türkiyə üçün nəyin yaxşı olduğu hələ bəlli deyildir: güclü və qalibiyyətli müttəfiq Almaniya, yoxsa İngiltərə və Almaniya arasında siyasi balanslaşdırma. Biz onun öz zəif müttəfiqi Türkiyə ilə nə sayaq rəftar elədiyinin bu yaxınlaradək şahidi idik.
Öz daxili həyatlarında türklər islahatlar və idarəetmədə mərkəzdənqaçma yolu tutublar. Ərəbistana bir qism muxtariyyət vəd edilir. Azərbaycana gəldikdə isə… əgər gələcək sülh konqresinə Qafqazın bütün xalqları dost və həmrəy kimi gələrlərsə və bütöv kimi çıxış edərlərsə, onda onlar öz istiqlallarının bu və ya digər şəkildə tanınmasına nail olarlar. Ərazilərin hüdudlanması məsələsində ermənilər böyük inadkarlıq göstərəcəklər, hərçənd sərhədlər məsələsi burada həllini tapmayıb, belə ki, konfederasiya baş tutmayıb, özü də ermənilər təkcə Qazax qəzasının dağlıq hissəsinə deyil, həm də Şuşa qəzasının böyük bir hissəsinə, Cavanşir və Zəngəzur qəzalarının bir hissəsinə iddia irəli sürürlər”.
1918-ci ilin sonunda, təxminən yarım illik ayrılıqdan sonra Mustafa bəy Vəkilov vətənə qayıdır və onun həyatında yeni bir dövr başlanır. Çünki İstanbul həyatı ona daha geniş siyasi biliklər və zəngin təcrübə bəxş edir. Dekabrın 7-də Azərbaycan Parlamenti açılır və Vəkilov onun üzvü seçilir. Parlamentin büdcə-maliyyə komissiyasının üzvü kimi fəaliyyət göstərir, bu sahədə qayda-qanuna riayət olunmasına nəzarət edir. Lakin 1919-cu ilin sonunda Nəsib bəy Yusifbəylinin təşkil etdiyi kabinetdə daxili işlər nazirinin müavini təyin olunduğundan həmin komissiyadan çıxır.
23 yaşlı daxili işlər naziri
M.Vəkilov 1919-cu ilin dekabrında keçirilən Müsavat Partiyasının II qurultayında yenidən MK-ya üzv seçilir. Növbəti il fevralın 18-də isə ona daxili işlər naziri vəzifəsi etibar edilir. Onda Mustafa bəyin cəmi 23 yaşı vardı və o, ölkədə ən gənc nazir idi. Buna baxmayaraq, nazirliyin işini layiqincə icra etməyi, baş verən hadisələrə operativ surətdə müdaxiləsi, təxirəsalınmaz tədbirlər görməyi və kadrları seçib onlarla birgə çalışmağı bacarırdı.
Mustafa bəy Nadir ağa oğlu təbiətcə də çox cəsarətli və fədakar bir insan idi. 1920-ci il yanvarın 14-də Zaqafqaziya dövlətlərinin istiqlaliyyətini Antanta dövlətlərinin tanıması ilə bağlı parlament iclası keçirilərkən “Süngülərin ucunda azadlıq gətirilmir” – deyə replika atması onun öz xalqının müstəqilliyini qorumaq üçün heç nədən çəkinmədiyini təsdiqləyirdi. Bununla o, çatdırmaq istəyirdi ki, sosialistlərin vəd etdiyi azadlıq, əslində azadlıq deyil. Çünki zorla, güclə, süngü ilə gələn hakimiyyət heç vaxt xalqa azadlıq gətirə bilməz.
1920-ci ilin yazında cümhuriyyət özünün narahat günlərini yaşayırdı. Bu dövrdə Mustafa bəy Vəkilov Azərbaycanın istiqlaliyyətini, demokratiya və dövlətçiliyini qorumaq üçün var qüvvəsi ilə çalışırdı: həm vətəndaş, həm də nazir kimi.
Martın 22-də Mustafa bəy Vəkilovun “Bakı rayonu fəhlələrinə Daxiliyyə Nazirliyindən” adlı müraciəti yayılır. Nazir o çətin, keşməkeşli günlərdə hadisələrin mahiyyətini göstərməyə, insanların “gözünü açmağa” çalışırdı: “Zəhmətkeşlərin mənafeyi keşiyində dayanan cümhuriyyətin ali inzibati orqanı fəhlə sinfinin öz iqtisadi və hüquqi vəziyyətini yaxşılaşdırmaq üçün apardığı mübarizəyə qarışmaq niyyətində deyildir, lakin fəhlə sinfinin mənafeyinin müdafiəsi ilə pərdələnərək cinayətkar təbliğat və planlar yolu ilə öz pozuculuq işini aparan kənar qüvvələrin agentlərinin dövlətə zidd çıxışlarını sərəncamımda olan bütün vasitələrlə yatırdacağıq”.
Nazir nə üçün bu qərarda olduğunu aydınlaşdıraraq deyirdi ki, sözügedən əməllər Azərbaycan demokratiyasına zidd olan ünsürlər tərəfindən kənardan diktə edilir və Azərbaycan Cümhuriyyətinin istiqlalını, eləcə də fəhlə sinfinin özünün rifahını hədələyir. O, fəhlələrə, eyni zamanda onların şəxsində bütün insanlara müraciət edərək yazırdı: “Vətəndaş fəhlələr! Məsuliyyətsiz, qara niyyətli və satqın təbliğatçıların fitnələrinə uymayın. Dövlətin qayda-qanunlarını mütəşəkkil halda qorumağınız – istiqlalımızı və azadlığımızı möhkəmləndirməyin rəhnidir. Öz demokratik hökumətinizin işini müdafiə edin və möhkəm əmin olun ki, hər bir ədalətli iqtisadi və hüquqi iddianız Daxiliyyə Nazirliyi tərəfindən tam hüsn-rəğbət və coşqun həmrəyliklə qarşılanacaqdır”.
Bu dövrdə erməni xəyanətkarlığı tüğyan edirdi
1920-ci ilin ağır mart günlərində Mustafa bəy öz nazir kabinetində qərar tuta bilməmiş, hadisələrin qaynar nöqtəsinə – Qarabağa getmişdi. On günə yaxın orada qalmış və qayıdandan sonra, aprelin 1-də parlamentin iclasında çıxış edərək deputatlara mövcud vəziyyət barədə ətraflı məlumat vermişdir. O, çıxışında bildirmişdir: “Möhtərəm məbus əfəndilər! Son günlərdə əfkari-ümumiyyəyi (ictimai fikri) işğal edən (məşğul edən) Qarabağ hadisələri barəsində izahat verəcəyəm. Martın 22-də və iki gün ondan irəli Şuşa qalasına Azərbaycan xidmətində olan iki uçastokun erməni pristavları general-qubernatorun görüşünə gəlmək adı ilə hərəsi 15-20 nəfər müsəlləh erməni strajnikləri ilə şəhərə toplaşmışdırlar. Bir bu qədər də şəhərdə onlara qoşulub, martın 22-də gecə saat 4-5 arasında qəflətən bizim Şuşada əsgərlərimizə hücum etmişdirlər. Bir neçə zabiti həbs edərək əsgərlərə atəş açmışdırlar. Bir tərəfdən bayram münasibətilə xalq evlərində istirahətə məşğul olduqlarından, digər tərəfdən camaat belə xainanə bir hücum gözləmədiklərindən bu hadisə olduqca nagəhan olmuşdur. Şuşadakı əsgəri hissələrimiz, onların başlarında duran zabitan qəhrəmanana bir surətdə ermənilərin hücumunu dəf edə bilmişdir”.
M.Vəkilov 1920-ci il martın 25-də ermənilərin Zəngəzura hücumu və Qarabağa təcili olaraq qoşun göndərilməsi ilə bağlı Azərbaycan Ordusunun qərargahına teleqramla müraciət etmişdir. Orada göstərilirdi: “Cəbrayıldan, bizim Zəngəzur uyezdinin rəisi Kələntərovdan Şuşa general-qubernatorunun adına teleqram alınıb. Teleqramda bildirilir: bu gün səhərdən ermənilər bütün cəbhə boyu mənim idarə etdiyim bölgəyə hücuma keçiblər. Əl silahı və pulemyot döyüşü gedir. Patronlarımız yoxdur. Hərbçilərimiz tərəfindən müdafiə tədbirləri görülür.
Bu məlumatdan göründüyü kimi, ermənilər Zəngəzur qəzası istiqamətində hücumdadırlar. Əgər biz tezliklə hərəkət edib Şuşa general-qubernatoruna kömək etməsək, o, tələyə düşə bilər. Xahiş edirəm, qoşunu və xüsusən artilleriyanı tələsdirəsiniz. Artilleriyasız heç nə etmək mümkün deyil. Bu vaxta qədər buraya bir əsgər gəlməyib. Əgər biz Əsgəranı gec alsaq, onda bu, tamamilə faydasız olacaq. M.Vəkilov”.
Bütün bunlarla bərabər o, əmin idi ki, xalqın rəşadətli əsgərlərinin köməyi ilə ərazilərimiz tezliklə düşməndən təmizlənəcək.
Qara təhlükə
1920-ci ilin aprel ayında çevriliş baş verir və Mustafa bəy onunla eyni kənddən olan Xədicə Müftizadə adlı qadının evində gizlənir. 10-15 gün burada qalan Mustafa bəyi bolşevik xəfiyyələri hər yerdə axtarırlar. Buna görə də Mustafa bəy vətənini tərk etmək qərarına gəlir və silahdaşlarının köməyi ilə Tiflis şəhərinə gedir. Ona keçmiş müsavat zabiti Sultan Hüseynzadə də kömək edir.
Mübarizə isə bitmir – Mustafa bəy Vəkilov Tiflisdə məskunlaşdıqdan sonra da üzvü olduğu partiyanı unutmur və onun gizli fəaliyyətlə məşğul olan strukturları ilə əlaqə saxlayır. O, silahdaşlarına yazdığı məktublarda yenə də siyasi prosesləri təhlil edir, vəziyyətdən çıxış yollarını göstərirdi: “Gürcülər ermənilərə, ermənilər də gürcülərə inanmır – onlar bir-birini aldadır. Türkiyənin vəziyyəti ağırdır, onun ərazisinin bir hissəsi Antanta tərəfindən tutulub. Türkiyə ancaq öz azadlığı uğrunda mübarizə apara bilir. İngiltərə və Fransa kimi güclü dövlətlərə isə inanmaq olmaz. Onlar bir əsgərini də qurban verməyəcəklər. Onlar hər bir qruplaşmaya yardım edəcəklər ki, toqquşmalar, çəkişmələr baş alıb getsin”.
Mustafa bəy “Təşkil olunmaq lazımdır” – deyə xalqa müraciət edirdi. Sovet hakimiyyəti devrilən zaman – hərçənd ki, o, buna inanırdı – hakimiyyəti heç kəsə verməməyə çağırırdı.
Bir neçə aydan sonra M.Vəkilov Gürcüstandan Türkiyəyə keçir. Sonra geriyə qayıdır və yenidən İstanbula dönür. Bu vaxt artıq 1921-ci ilin əvvəlləri və Tiflisin rus-sovet qoşunları tərəfindən işğalının ərəfəsi idi…
Mustafa bəy Türkiyədə Müsavatın xarici bürosunun fəalları sırasına qoşulur. 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzi yaradılanda M.Vəkilov buranın Mərkəzi Komitəsinin üzvü seçilir. Təşkilatın vəzifəsi siyasi mühacirəti vahid toplumda birləşdirmək idi. O, burada “Müsavat” Partiyasını təmsil edirdi. Mustafa bəy həmçinin 1928-ci ildə yaradılmış “Prometey” təşkilatının işində də fəallıq göstərirdi. Təşkilatın əsas məqsədi sovet quruluşunu devirmək idi. M.Vəkilov mühacirətdə olduğu illərdə Qafqaz Konfederasiya Şurasının iclaslarında yaxından iştirak edirdi. Həmin illərdə M.Vəkilov Azərbaycanda baş verən olayların bütün Avropaya çatdırılmasında misilsiz işlər görürdü. 1929-cu ildə Mustafa bəy Azərbaycan Milli Mərkəzindən istefa verir və Polşaya gəlir.
Mustafa bəyin mühacir həyatı
1930-1940-cı illərdə M.Vəkilovun həyatı Avropa ilə bağlı olur. O, bir müddət Polşada yaşayır. Sonra Almaniyaya gedir, oradan Fransaya və İsveçrəyə yola düşür.
Qeyd edək ki, Mustafa bəy rus dilindən əlavə bir çox xarici dilləri də mükəmməl öyrənmişdi. Mühacir həyatı yaşadığı illərdə Türkiyənin əksər mətbu orqanlarında – “Yeni Qafqaziya”, “Azəri türkü”, “Odlu yurd”, “Azərbaycan yurd bilgisi” dərgilərində çıxış etmişdi. Onun Parisdə fransız dilində olan “Prometey” jurnalında, eləcə də alman və rus dillərində çıxan nəşrlərdə onlarla məqaləsi dərc olunmuşdu. Berlində nəşr edilən “Qurtuluş”, Fransada rus dilində olan “Kavkaz” jurnallarında Azərbaycanın tarixi ilə bağlı siyasi memuarları çapdan çıxmışdır. Varşavada yaşadığı dövrdə “Prometey” adlı siyasi klubun ikinci rəisi olmuşdur. Mustafa bəyin yazılarına “Azərbaycan”, “Mücahid” və digər dərgilərdə də rast gəlinirdi. Yazdıqlarının hamısı siyasət və tarixi mövzuda olsa da, öz publisistik dəyərinə, təhlilin dərinliyinə görə diqqəti cəlb edirdi. Başqa sözlə desək, Mustafa bəy həmçinin əsl mühərrir qələminin sahibi idi.
Bu da təsadüfi deyildi. Çünki o, hər şeydən öncə ədəbiyyatı çox sevirdi, mütaliəsi güclüydü. Xüsusilə, poeziyanın vurğunu idi. M.Ə.Sabirin şeirlərindən doymaq bilmirdi. Səməd Vurğunla isə qohum, daha dəqiqi, eyni soyadını daşıyan əmizadə idilər. O, bu böyük şairlə fəxr edirdi. Amma təəssüf ki, vətəndə yaşayan çoxsaylı qohumlarının – istər adlı-sanlı olan, istərsə də sadə həyat sürən doğmalarının biri ilə əlaqə yarada bilməmişdi. Sovet rejimi dövründə, əlbəttə, bu, mümkün deyildi… Onunla ünsiyyətdə olmuş insanların dediklərinə görə, uzun illər uzaqlarda yaşasa da, danışıq tərzində doğma Qazax ləhcəsinin şirinliyini ömrünün sonuna qədər qoruyub saxlamışdır.
Qəribədir ki, dünyanın harasına getsə də, Mustafa bəyi həyat yolları yenidən Türkiyəyə gətirmişdi. Hətta başqa ölkələrdə yaşadığı zaman da tez-tez buraya gəlirmiş. Bəlkə bu da bir alın yazısı imiş. Çünki ona son mənzil də ömrü boyu gəzib-dolaşdığı, işlədiyi və yaşadığı ölkələrin heç birində deyil, məhz Türkiyədə qismət olmuşdu.
Beləliklə, İkinci Dünya savaşının sonlarında o, Amasiyaya gəlir. Burada yaşayan qohumları ilə görüşür. Həmçinin ailə həyatı qurur və sonra Ankara şəhərinə qayıdır. Ankarada yaşadığı illərdə öz ixtisası üzrə işləyir, Vilayətlər Bankının baş hüquq məsləhətçisi olur.
* * *
…Azərbaycanın Qazax mahalında dünyaya göz açan Mustafa bəy 1965-ci ilin sazaqlı bir noyabr günündə Türkiyədə vəfat edir. Çox təəssüf ki, vətən eşqini ömrü boyu qəlbinin dərinliyində gəzdirən və uzaqlarda ola-ola xalqının azadlığına, rifahına çalışan bu insan haqqında uzun illər heç nə deyilməmiş, bir sətir belə yazılmamışdı. Onun barəsində Bakı mətbuatında yalnız 80-ci illərin sonlarında məlumatlar verilməyə başlamışdır. Mustafa bəyin mühacirətdəki fəaliyyəti onun vətəndə yaşayan qohum-əqrəbalarına, qardaş-bacısına böyük zərbələr vurmuşdur. Güllələnən, sürgün edilən, təqiblərə, təzyiqlərə məruz qoyulan Vəkilovların “cinayət işləri”ndə hökmən Mustafa bəyin adı çəkilmiş, bu adamların onunla qohumluqları müxtəlif bucaqlar altından hallandırılmışdır.
Mustafa bəy Vəkilov Xalq Cümhuriyyəti dövrünün qaynar və zəngin ictimai-siyasi hadisələrində öz dəst-xətti, vətəninə və xalqına sədaqəti ilə seçilən, dövlətçilik tariximizdə şərəfli yer tutan şəxsiyyətlərdən olmuşdur.
İradə ƏLİYEVA,
“Azərbaycan” qəzeti 23 may 2018-ci il