Ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev və tarix üzrə fəlsəfə doktoru Zəfər Kərimovla Cümhuriyyət ordusundan danışdıq.
Fuad Babayev: Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun hərbi aspektindən danışarkən adi insanlarımız ilk növbədə nələri bilməlidir?
Nurulla Əliyev: İlk öncə mən qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi xalqımızın zəngin olan dövlətçilik və onun hərb tarixin öyrəməsində müsbət imkanlar yaradır. Bizim Silahlı qüvvələrdə bu sahədə adyunktura (hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqоji kadrların hazırlanması fоrması – red.) və elm şöbəsi mövcuddur. 2004-cü ildən bu adyunktura və elm şöbəsi bütün ixtisaslar, istiqamətlər üzrə elmi araşdırmalara başlayıb. SSRİ-nin süqutundan sonra bu sahədə böyük boşluq var idi. Çünki, bizdə bu sahədə tədqiqatlar Ümumittifaq hərb elmi çərçivəsində aparılırdı. Ona görə də 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanda ordu quruculuğuna başlayandan sonra hərb tariximizi elmi əsaslarla araşdıracaq mütəxəssislərimiz yox idi. Bu sahədəki boşluğu aradan qaldırmaq üçün ümumilli lider Heydər Əliyev keçmiş Naxçıvanski məktəbini bitirmiş zabitlərdən istifadə etdi. Onun 1993-cü il noyabr ayındakı müraciətindən sonra müxtəlif ölkələrdə xidmətdə olan azərbaycanlı zabitlər Azərbaycana cəlb edildi. Bu mütəxəssislər arasında hərb elmi sahəsində araşdırmalara öz töhfəsini verə bilən kadrlar da var idi. Əlbəttə ki, bizim hərb tarixi dünya hərb tarixinin bir qoludur. Bir çox tarixçilərimizin əsərlərində hərb məsələləri əks olunub. Amma ümumilikdə, kompleks şəkildə Azərbaycanda bu sahədə tədqiqat aparılmayıb. Bunun öz subyektiv və obyektiv səbəbləri var. Məhz Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə bu sahəyə daha da diqqət yetirmək üçün çox gözəl bir şərait yarandı. Azərbaycan ordusunun yaranmasından danışarkən ilk növbədə bir neçə istiqamətə diqqət yetirilməlidir. 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi, sonra isə müdafiə naziri Fətəli xan Xoyski oldu və bu prosses oktyabr ayına qədər davam etdi. Amma mütəxəssislərimizin olmaması nazirliyin strukturunun formalaşdırılmasına mane olurdu. Çar Rusiyasının apardığı siyasət nəticəsində müsəlmanları orduda xidmətə cəlb etmirdilər. İstisna hal kimi zədagən və bəy nəslindən olan şəxslərə güzəşt edilirdi. Axundov, Bakıxanov, Ziyadxanov, Şıxlinski, Mehmandarov kimi şəxslərin də orduda xidməti onların əsil-nəcabəti ilə bağlı idi. Bu cəhətdən problem çox idi. Müstəqilliyimizi elan etdikdən sonra öz parlamentimizi, hökumətimizi yaratmaqla, dövlətçilik tarixinin, parlamentarizm adət ənənəsinin əsası qoyuldu. Amma mütəxəssis, kadr çatışmazlığı ordunun yaradılmasında əsas problem olaraq qalırdı. 15 sentyabrda Qafqaz İslam Ordusu tərəfindən Bakı azad edilənə qədər ordunun formalaşması prosesindəki çətinliklər davam etdi.
Fuad Babayev: Zəfər müəllim, Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixindən danışanda əsas hansı məqamlara diqqət çəkmək lazımdır? Mən şübhə etmirəm ki, bu dövr sizin muzeyin (Azərbaycan Hərb Tarixi muzeyi – red.) ekspozisiyasında öz əksini tapıb. Siz Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi ilə bağlı hansı əsas məqamlara diqqət çəkərdiniz?
Zəfər Kərimov: Həqiqətən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əsrlər boyu Azərbaycan xalqının milli-azadlıq uğrunda apardığı mübarizənin son mərhələsidir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqda Milli Şuranın üzvləri Cümhuriyyətinin yaşaması, normal fəaliyyət göstərməsi üçün ilk növbədə onun müdafiə qabliyyətini artırmağı nəzərdə tuturdular. Onlar yaxşı başa düşürdülər ki, bu Cümhuriyyəti qısqanan adamlar, ona düşmən çıxan qüvvələr çox idi. Şimaldan bolşevik təcavüzü daim Azərbaycanı təhdid edirdi. Çar Rusiyası dövründən Şimali Qafqazda mövcud olan Denikin ordusu hələ də orada işğalçılıq siyasətini davam etdirirdi. Bu iki real təhlükə həmişə Azərbaycan Xalq Cümhuriyyətini təhdid edir və işğal təzyiqi altında saxlayırdı.
Fuad Babayev: Amma cənubdan təhdid yox idi.
Zəfər Kərimov: Cənubdan yox idi. Ancaq Azərbaycanın qərb torpaqları Dro və Andranikin başçılığı ilə ermənilərin təcavüzünə məruz qalmışdı.
Fuad Babayev: Orada qaynar nöqtələr vardı.
Zəfər Kərimov: Bəli. Təsəvvür edin ki, 1918-ci il mayın 28-də ermənilər də öz dövlətlərinin – Ararat Respublikasının yarandığını elan etdilər. Qeyd edim ki, Azərbaycana qarşı o təcavüzlərin birinin də başında Ararat respublikasının yaranması məsələsi dururdu. Çünkü həmin dövrdə ermənilər respublika yaratsalar da, onların ərazisi yox idi. Çünki Qərbi Azərbaycan tarixən Azərbaycan ərazisi olmuş, o torpaqda qədimdən azərbaycanlılar, türklər məskunlaşmışdı. Yalnız 1813-cü ildə Gülüstan və 1828-ci ildə isə Türkmənçay sülh müqavilələrindən sonra Çar Rusiyası bu əraziləri işğal etmiş, sonuncu Azərbaycan xanlığı olan İrəvan xanlığı işğal olunmuşdu. Bundan sonra ermənilər Azərbaycana köçürülmüşdülər. Ona görə də Ararat Respublikasi yarananda Azərbaycana xarici dövlətlər, xüsusilə İngiltərə tərəfindən təhdidlər irəli sürüldü. Bildiyimiz kimi 1917-ci ildə bolşeviklər hakimiyyətə gəldikdən sonra Rusiya I Dünya müharibəsindən çıxdı. Antantaya daxil olan qalib dövlətlər İngiltərə və Fransa idi. Ona görə də ingilis missiyası Azərbaycanda və Cənubi Qafqaz ərazisində fəaliyyət göstərirdi.
Fuad Babayev: Məşhur general Tomsonun adı düşür dərhal yada.
Zəfər Kərimov: Bəli. Məhz Tomson Azərbaycan Milli Şurasının üzvlərini İrəvan şəhərini ermənilərə verməyə məcbur etdi. Bu məsələ də 1918-ci il mayın 29-da baş verib. Cümhuriyyət rəhbərlərinin o dövrdə əsas məqsədi I Dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə çağırılmış Paris sülh konfransına gedəcək Azərbaycan nümayəndə heyətini kifayət qədər əsaslı məlumatlarla təmin etmək, İngiltərə və Fransa kimi dövlətlərin nüfuz və hörmətini qazanmaqdan ibarət idi. Ona görə də ingilislərin təzyiqi altında məcburiyyət qarşısında İrəvan şəhəri ermənilərə verildi. Bir məsələni də vurğulamaq istəyirəm. Əvvəla İrəvan şəhəri ermənilərə 99 illiyə icarəyə verilmişdi. Bu şərt İrəvan şəhərinin Ararat respublikasına verilməsini əks etdirən sənəddə qeyd olunub. Keçən il bu sənədin 99 ili tamam olub. İkinci bir şərt ondan ibarət idi ki, Ararat respublikası, ermənilər bir daha Azərbaycana ərazi iddiası irəli sürməyəcək və Qarabağda təcavüzü dərhal dayandıracaq. Çox təəssüflər olsun ki, üç aydan sonra Qarabağda yenidən erməni təcavüzü davam etdi.
Fuad Babayev: Yəni biz bu minvalla söhbətimizin ilk mərhələsində belə deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində onun formalaşdıra bildiyi ordu, o cümlədən hərbi-dəniz donanması əsas etibarilə bir ölkənin ordusuna irəli sürülən tələbləri qarşılaya bilib. Amma tamamilə fərqli bir güclə qarşı-qarşıya gəldiyinə görə süqut etməyə məcbur oldu.
Nurulla Əliyev: Mən sizin sözünüzə əlavə etmək istəyirəm. 28 mayda müstəqillik elan edildikdən sonra hökumətin qarşısında əsas vəzifə məhz suverenliyin bütün ərazidə təmin olunması idi. Bu isə ordu olmadan mümkün deyildi. Əvvəla, geostrateji movqeyə malik Azərbaycandan dəmir yolları, müxtəlif kommunikasiya xətləri, su və nəqliyyat yolları keçirdi. İkincisi isə neft amili çox böyük bir rol oynayırdı. Çünki, Çar Rusiyası I Dünya Müharibəsində faktiki olaraq Xəzərdə ağalıq edirdi və müharibədə öz gəmilərini əsasən Bakı neftinin hesabına təmin edirdi. Bundan başqa, baxmayaraq ki, Osmanlı dövləti və Almaniya bu müharibədə müttəfiq idi, amma onların da Azərbaycanda maraqları fərqli idi. Təbii ki, İngiltərənin də burada öz maraqları var idi. Əgər bu sıraya Denikinin simasında könüllü ordusunu və bolşevik Rusiyasını da əlavə etsək, həmin dövrün geopolitik vəziyyəti anlaşılar. İkinci vacib faktor hərbi mütəxəssisləri orduya cəlb etməklə onun strukturunu yaratmaqdan ibarət idi. Təxminən oktyabr ayında hərbi mütəxəssislərin iştirakı ilə Müdafiə nazirliyi yaradılır və 7 noyabrda general Mehmandarov müdafiə naziri təyin olunur.
Fuad Babayev: Bəs biz ordu günü kimi niyə 26 iyunu qeyd edirik?
Nurulla Əliyev: Ona görə ki, biz Birinci Əlahiddə korpusu 26 iyunda yaratmışdıq.
Zəfər Kərimov: Nurulla müəllimin sözünə əlavə kimi qeyd edim ki, həmin dövrdə Müsəlman hərbi korpusu fəaliyyət göstərirdi və onun Əlahiddə Azərbaycan Korpusu adı altında birləşdirilməsi məhz 1918-ci ilin iyunun 26-da baş verib.
Nurulla Əliyev: Bu hadisə Bakıda yox, Gəncədə baş verib. Biz Tiflisdə müstəqillik elan edirik, Gəncədə hökumət qururuq, Gəncədə Əlahiddə korpusu yaradırıq və sentyabrın 15-də Bakını Qafqaz İslam Ordusu ilə bərabər azad edirik. Sonra isə başlayırıq öz ordumuzu yaratmağa. Əvvəlcə Müdafiə nazirliyi yaradılır, nazirliyin başına Mehmandarov gətirilir. Sonra isə onun köməkçisi Əliağa Şıxlinski təyin olunur, daha sonra isə bu prosesə general Sülkeviç, general Səlimov, general Vəzirov və bir çox başqa mütəxəssislər də cəlb edilir.
Fuad Babayev: Belə çıxır ki, Çar Rusiyasındakı ksenofobiyaya və müsəlmanlara qarşı ikili standartlara rəğmən kifayət qədər generallarımız olub.
Nurulla Əliyev: Bəli, olub.
Fuad Babayev: Hələ I Dünya müharibəsindəki döyüşlərdə iştirak edib medal alıblar.
Nurulla Əliyev: Əlbəttə, Rus-yapon müharibəsindəki Port Artur döyüşündə böyük rəşadət göstərmiş Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin təcrübəsi nətcəsində qısa bir müddətdə iki diviziya, süvari və quru qoşunları alayı yaradıldı. Üçüncü diviziyanın yaranmasına isə 1920-ci ilin aprel işğalı imkan vermədi. Sonra zabit kadrları yetişdirmək üçün Gəncədə hərbi məktəb açıldı. Həmin dövrdə bizdə artıq Bakı Dəniz Aviasiya məktəbi mövcud idi.
Fuad Babayev: Çar rusiyası dövründə yaranmışdı?
Nurulla Əliyev: Bəli, Bakıda yaradılmışdı. Çünki, Bakı çox strateji bir mövqeyə malik idi. Hələ 1723-cü ildə I Pyotr deyirdi ki, Bakıya sahib olan Xəzər dənizinə malikdir, Xəzər dənizinə malik olmaq isə regionun sahibi olmaq deməkdir. Bizim hökumətimizin Bakıya köçəndən sonra əsas məqsədi paytaxtın müdafiə qabiliyyətini möhkəmləndirmək idi. Bununla bağlı Mehmandarov hökumətə bir neçə dəfə müraciət etdi. O dövrdə Baş Qərargah rəisi Məmməd bəy Sulkeviç idi. Bir də Həbib bəy Səlimov var idi.
Zəfər Kərimov: Sulkeviç milliyətcə tatar idi. Çar ordusunda Polşada qulluq etmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin ordusu yarananda onun formalaşdırılmasına çox ciddi diqqət yetirilirdi. Həbib bəy Səlimov çox istedadlı Azərbaycan hərbiçilərindən biri olub. O əvvəl polkovnik idi, amma az bir müddətdə göstərdiyi böyük xidmətlərə görə general-mayor rütbəsinə layiq görülüb.
Nurulla Əliyev: Biz onu da deyə bilərik ki, o döyüş meydanlarında yetişən general idi.
Zəfər Kərimov: Həbib bəy Səlimov həm Qarabağda erməni təcavüzkarlarına qarşı döyüşlərdə, həm 1919-cu ilin avqustun 13-dən sentyabrın 3-nə qədər bolşevik separatçılarına qarşı Lənkəran əməliyyatında Azərbaycan ordusunun uğurlarını təmin edib. Bu əməliyyat nəticəsində demək olar ki, cənub əraziləri, Lənkəran yenidən Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatıldı. Maraqlı fakt ondan ibarətdir ki, Həbib bəy Səlimov o döyüşlərə başçılıq edərkən Bakıdan Hacıqabula, oradan da Salyan istiqamətində cənuba hərəkət eedib. Bu hadisələrin şahidi olan dövrün tarixçiləri yazırdılar ki, xarici qüvvələr Həbib bəy Səlimovun ordusunun qarşısına çıxanı əzəcəyini düşünürdülər. Ancaq əslində o dinc insanlara qarşı insanpərvərlik nümayiş etdirmiş, orada yalnız separatçılar təmizlənmişdi. Təxminən 20 gün davam edən əməliyyat nəticəsində əhaliyə heç bir zərər dəyməmişdi. Odur ki, Həbib bəy Səlimov Azərbaycan ordusunda general səviyyəsinə yüksələn kadrlarımızdan idi.
Fuad Babayev: Sulkeviç baş qərargah rəhbəri idi. Bəs Səlimovun vəzifəsi nə idi?
Zəfər Kərimov: 1918-ci ilin noyabrın 1-də Hərbi nazirlik yarandı. O dövrdə ictimai-siyasi vəziyyət mürəkkəb olduğuna görə nazirliyə Fətəli xan Xoyski özü rəhbərlik edirdi. Ancaq müavini Səməd bəy Mehmandarov idi və bütün hərbi strukturların təşkil olunması Səməd bəy Mehmandarova həvalə olunmuşdu.
Fuad Babayev: Amma müdafiə naziri Xoyski idi.
Zəfər Kərimov: Bəli. 1918-ci ildə noyabrın 16-da Hərbi nazirliyin Ümumi qərargahı yaradıldı və Həbib bəy Səlimov ümumi qərərgahının rəisi təyin olunur. Sonradan bu ümumi qərargah Azərbaycan ordusunun ümumi qərargahı olacaq. Noyabr ayının 17-də Ənzəli limanından müttəfiq qoşunların komandanı olan general Tomsonun ordusu Bakıya daxil oldu.
Nurulla Əliyev: Bu onların ikinci müdaxiləsi idi. Birinci dəfə ingilislər Bakıya general komandan səviyyəsində gəlməmişdilər. O vaxt Bakıda Sentrokaspi diktaturası hakimiyyətdə idi.
Zəfər Kərimov: Maraqlı fakt odur ki, noyabrın 17-də Bakıya daxil olan kimi general Tomson Azərbaycan Xalq Cümhuriyyəti hökumətini tanımadı. Dedi ki, mən sizə, şəxsən Fətəli xan Xoyskiyə etimad göstərmirəm. Mudros müqaviləsinə görə Atanta dövlətləri qalib tərəf kimi öz şərtlərini irəli sürürdülər. Fikir verin cəmi 3 ay ərzində Tomsonun fikirləri tamamilə dəyişdi. O elə başa düşürdü ki, Azərbaycana daxil olanda qarşısına vəhşi bir ordu çıxacaq. Sonralar dahi Üzeyir Hacıbəyli öz məqalələrində qeyd edirdi ki, ingilislər bizi vəhşi bir xalq kimi qəbul edirdilər. Ancaq onlar Bakıya daxil olandan sonra, Bakıda fəaliyyət göstərəndən sonra gördülər ki, ziyalı bir təbəqə mövcuddur. Tomson öz ölkəsinin baş nazirinə yazdığı məktubunda göstərirdi ki, çox səhv edib. Azərbaycan xalqı çox demokratik, sivilizasiyalı bir xalqdır və onun başında duran Fətəli xan Xoyski mükəmməl təhsilə malikdir.
Nurulla Əliyev: Azərbaycan haqqında neqativ fikri də erməni separatçıları yayırdı.
Zəfər Kərimov: Azərbaycanı istəməyənlər və bizim içimizdə olan Əliheydər Qarayev, Mirzə Davud Hüseynov, Həmid Sultanov kimi bolşeviklər də belə şayiələr yayırdılar. Noyabrın 17-də Bakıya daxil olandan sonra hökumətə etimadsızlıq göstərən Tomson Cümhuriyyət hökuməti qarşısında hərbi nazirliyi Bakıdan köçürülməsi şərtini qoydu.
Fuad Babayev: Niyə?
Zəfər Kərimov: Çünki, Cümhuriyyət hökumətinin Hərbi nazirliyinin Bakıda mövcudluğu buradakı ingilis missiyasının fəaliyyətinə mane olur, onu təhdid altında saxlayırdı. Belələiklə, məcburiyyət qarşısında 1918-ci il noyabrın 22-də Hərbi nazirlik Bakıdan Gəncə şəhərinə köçürüldü.
Nurulla Əliyev: Paralel olaraq İngiltərə Bakıda hərbi donanmasını formalaşdırır. 18 gəmidən ibarət döyüş gəmilərini burada yerləşdirir.
Fuad Babayev: O gəmilər kimə məxsus idi?
Zəfər Kərimov: Onlar Çar Rusiyasından qalmış “Ərdəhan” və “Qars” gəmiləri idi. Sonradan onların adları dəyişdirildi. Çar Rusiyası dağıldıqdan sonra aydın məsələdir ki, o gəmilərin çoxunu apara bilməmişdilər. Bu gəmilər Lənkəran limanında qalmışdı. Sonradan onların bir qismi Cümhuriyyət ordusu tərəfindən qəbul olundu.
Nurulla Əliyev: Əsas hissəsini Denikin könüllü ordusuna verdilər. Mübahisələr də buradan başladı.
Zəfər Kərimov: O dövrdə Azərbaycanın de-fakto və de-yure tanınmaq problemi vardı. Azərbaycan ordusunun görkəmli hərbiçilərindən biri olan Xosrov bəy Sultanov bir balaca emosional şəxs idi. 1918-ci ilin mayın 27-də və iyunun 17-nə qədər Müvəqqəti hökumət Tiflisdə fəaliyyət göstərib. Xosrov bəy Sultanov həmin hökumətin 20 günlük fəaliyyəti dövründə Azərbaycanın ilk hərbi naziri olub. İyunun 17-də hökumət Tiflisdən Gəncəyə köçdü. İkinci kabinetdə Xoyski vəziyyətin mürəkkəbliyini nəzərə alaraq hərbi nazir vəzifəsini öz üzərinə götürdu. Fətəli xan Xoyski məsələlərə diplomatik səviyyədə yanaşırdı. Çünkü gəmilərin alınması, Denikin ordusu Azərbaycana hücumunun qarşısının alınması diplomatik xarakter daşıyırdı. Azərbaycan ordusunun formalaşması üçün hökumətə vaxt lazım idi.
Fuad Babayev: Vaxt udmaq lazım idi.
Zəfər Kərimov: Bəli. Hərbi nazirliyin Gəncəyə köçürülməsi məsələsinə aydınlıq gətirmək istəyirəm. Fətəli xan Xoyski hökuməti bilirdi ki, ingilis ordusu burda hegemondu. İngilislərin tələbi ilə bir ay ərzində həm hərbi nazirlik Bakıdan Gəncəyə köçürüldü, həm də Qafqaz İslam Ordsu Bakıdan çıxarıldı. Bütün bunlar ingilis missiyasının Bakıda sərbəst fəaliyyət göstərməsinə xidmət edirdi. Sərbəst fəaliyyət də Nurulla müəllimin qeyd etdiyi kimi Bakı neftini ələ keçirmək üçün lazım idi. İngilis kampaniyalarının Bakı neftini istismara cəlb etməsi üçün burada tam hakimiyyətə yiyələnmək lazım idi.
Nurulla Əliyev: Məqsəd hər zaman İngiltərə imperiyasının maraqlarını qorumaq idi.
Zəfər Kərimov: Noyabrın 22-də Hərbi nazirlik Gəncə şəhərinə köçərkən hərbi nazirin müavini Səməd bəy Mehmandarov idi. O təcrübəli hərbçi idi. Port Artur kimi Çar ordusunun bir çox döyüşlərində komandan kimi iştirak etmiş, general-leytenant rütbəsinə qədər yüksəlmişdi. Mehmandarov təcrübəli kadr kimi Qarabağda, Ağdam ətrafında yerləşən hərbi hissələrə baxış keçirdi. Orada çoxlu nöqsanlar aşkar edərək onların dərhal aradan qaldırılması üçün tapşırıqlar verdi. Sonra Gəncədə Hərbi nazirliyin fəaliyyəti çox yüksək səviyyədə təşkil olundu. Əvvəlcə Xoyskiyə etimadsızlıq göstərməsinə baxmayaraq dekabrın 28-də artıq Tomson səhv etdiyini başa düşərək Cümhuriyyət hökumətini tanıdı. Tompson öz hökumətinin baş nazirinə məktubunda göstərirdi ki, mən çox səhvə yol vermişəm. Burada Azərbaycan Xalq Cümhuriyyəti həqiqətən də Müsəlman şərqində ən demokratik bir dövlətdir. Dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti ölkədə parlament seçkilərini həyata keçirdi.
Təmkin Məmmədli: Parlament seçkiləri olmamışdı axı?
Zəfər Kərimov: Olmamışdı. Milli Şura faktiki olaraq parlamenti əvəz edirdi. Milli Şura 1917-ci ilin əvvəllərində yaranmış Zaqafqaziya Seymi əsasında formalaşmışdı. Milli Şurada 44 nəfər azərbaycanlı, türk əsilli deputat vardı və hökumətdə də onlar təmsil olunurdu. Nə qədər təəccüblü da olsa, 1918-ci ilin mart soyqırımlarından sonra da Cümhuriyyət parlamentində 21 nəfər erməni deputatı da yer almışdı.
Fuad Babayev: Qafqaz İslam ordusu Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğunda hansı rolu oynayıb?
Nurulla Əliyev: Əvvəla, Qafqaz İslam Ordusu Azərbaycanın, Bakının azad olmasını, Cümhuriyyət hökumətinin və parlamentin Bakıda fəaliyyətini təmin edib, onu qırğınlardan qurtarıb. İkinci çox vacib məsələ sentyabra qədərki dövrdə ordunun formalaşması və təcrübə toplaması ilə bağlı idi. Bu təcrübə həm Mehmandarov, həm də Şıxlinski tərəfindən ordunun rəhbər orqanlarını formalaşdırılarkən, qərargah yaradılarkən istifadə olundu. Kadr çatışmazlığına rəğmən qısa bir müddətdə 30 minlik ordu yarandı. Bizim hərbi-dəniz qüvvələrinin formalaşması isə böyük problemlərlə rastlaşdı. Cümhuriyyətin hərbi-dəniz qüvvələri ingilislər Azərbaycandan gedəndən sonra, 1919-cu ilin avqustunda, Azərbaycana qarşı təhlükə artdığı bir şəraitdə formalaşmağa başlamışdı. İş onda idi ki, bu vaxta qədər Azərbaycanın Xəzər dənizinin qərb sahilində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Hətta Hərbi Nazirlikdə hərbi donanma ilə məşğul olan xüsusi bölmə və ya idarə yox idi. Xəzər hərbi donanmasına gəldikdə isə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra onun əsas gəmiləri – «Qars», «Ərdəhan» və «Astrabad» «Sentrokaspi Diktaturası»nın başçıları tərəfindən Port-Petrovsk limanına qaçırılmış, yalnız 1918-ci il noyabr ayının ortalarında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdı. Xəzər dənizində onlar özlərinin xüsusi hərbi donanmasının təşkil edilməsinə başlamışdılar. Beləliklə, Xəzər regionunda gərgin geosiyasi rəqabət 1919-cu ilin əvvəllərində İngiltərənin mövqeyinin möhkəmlənməsi ilə nəticələndi. Şübhəsiz, bu amil Cümhuriyyətə, müvəqqəti də olsa, ağ və qırmızı Rusiyadan qorunmaq imkanı yaratdı və donanmamızın inkişafına öz müsbət təsirini göstərdi. 1919-cu il avqust ayının axırlarında ingilislər Cənubi Qafqazda və Xəzər dənizində fəaliyyətlərini dayandırır və öz ordularını bu bölgədən, eləcə də Azərbaycandan çıxarırlar, eyni zamanda onlar özlərinin hərbi-dəniz qüvvələrini denikinçilərə verirlər. 1919-cu ilin iyulunda əldə olunmuş razılığa əsasən, sentyabrın əvvəllərində ingilislər birinci dərəcəli kapitan A. Sergeyevin komandanlıq etdiyi denikinçi Xəzər hərbi donanmasına 11 yardımçı kreyser, 12 Uaythed minalı sürətli kater, 54 top, 23 minə yaxın mərmi və digər hərbi sursat vermişdir. İngilislərin bu hərəkəti Azərbaycan hökumətini həyəcanlandırdı və təşvişə saldı, çünki onlar yaxşı bilirdilər ki, Denikinin planı «vahid və bölünməz Rusiya»nı bərpa etməkdən ibarət idi. Britaniyanın Bakıdakı qüvvələrinin komandanının adına yazılmış 1 avqust 1919-cu il tarixli məktub baş nazir N. Usubbəyov və xarici işlər naziri M.Y. Cəfərov tərəfindən imzalanmışdı. Bu məktubda Xəzər hərbi donanması hissələrinin Denikinə verilməsinin Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə birbaşa təhlükə yaratması xüsusi vurğulanaraq Britaniya komandanlığından bu qərarın ləğv edilməsi xahiş olunurdu. Sonradan oktyabr ayında ingilislər özləri də məktubda yazılanları etiraf etdilər ki, hərbi-dəniz qüvvələri hökumətə verilməsə Azərbaycan öz müdafiəsini təşkil edə bilməz. Azərbaycan hökuməti öz dəniz qüvvələrini yaratmağa başlasa da mütəxəssis qıtlığı bu prosesə mane olurdu.
Fuad Babayev: Novikov-Priboyun «Çusima» romanında 1904-1905-ci illər rus-yapon müharibəsində Çar Rusiyasının hərbi dəniz donanmasının itkilərə məruz qalmasından bəhs edilir. Ümumiyyətlə, rus-yapon müharibəsindən sonra rus hərbi-dəniz donanmasında da çoxlu vakant yerlər əmələ gəlmişdi. Yəni bu problem təkcə azərbaycanlılarla bağlı deyildi. Ümumiyyətlə Rusiyanın donanmasında da bir kadr defisiti var idi.
Nurulla Əliyev: Mən sizinlə razıyam. Amma nəzərə almaq lazımdır ki, dəniz qüvvələri həmişə elita sayılıb, ora kənar şəxslər buraxılmırdı. Ona görə də bu strukturda azərbaycanlı yox idi. Bizdə “Qars” və “Ərdahan”dan başqa gəmilərin əksəriyyəti ticarət və köməkçi gəmilər idi. Orada xidmət edənlərin tərkibində isə demək olar ki, azərbaycanlı yox idi. Bu çox vacib məsələ idi. Təsəvvür edin ki, Azərbaycan hökuməti müdafiə nazirliyində hərbi-dəniz qüvvələrinə cavabdeh şəxs tapa bilmədiyi üçün bu məsələlərlə məşğul olmağı nəqliyyat nazirliyinə həvalə etmişdi. 1919-cu ilin dekabrında yeganə ştat vahidi yaradıldı. 6 nəfər qərargaha daxil oldu. Qərargahda yaradılmış Hərbi dəniz şöbəsi əsasında idarəçilik həyata keçirildi. Gəmilərdə xidmət edən 1763 nəfərdən 60 nəfəri azərbaycanlı idi. Onların da 50 nəfəri sahildə, 10 nəfəri isə gəmidə xidmət edirdi. Həmin dövrdə bolşeviklər gəmilərdə gizli məlumatlar toplayır, təbliğat aparırdılar. Azərbaycan üçün isə böyük təhlükə 1919-cu ilin aprelində bolşeviklərin Muğanda hakimiyyəti öz əllərinə alması ilə başladı. Orada onlar öz hərbi-dəniz qüvvələrini yaratdı. Xüsusi ekspedisiyalar Bakı neftini gizli şəkildə bolşeviklərə göndərirdilər.
Fuad Babayev: Məni bir sual da düşündürür. 1920-ci ilin aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və yeni dövr başladı. Biz hamımız əlbəttə o dövrün müəyyən hissəsini yaşamışıq. 1920-ci ildən sonra PostCümhuriyyət dövründə ordumuzun hərbi kardları necə oldu? Əlbəttə yəqin onlardan repressiyaya uğrayanlar olub. Yəni sonrakı mərhələdə o kapitaldan istifadə olundumu?
Təmkin Məmmədli: Rus mediasında yazırlar ki, bu kadrların əksəriyyəti sovet bolşevik alaylarında xidmətini davam etdirdi.
Zəfər Kərimov: Məlumdur ki, 1920-ci il aprelin 27-də bolşevik işğalı zamanı XI Qırmızı ordu Bakıya daxil olan zaman müqavimətlə qarşılaşıb. Azərbaycan ordusunun Quba korpusunun zabitlərindən biri olan Ağəli Babazadənin rəhbərliyi ilə 350 nəfərlik hərbi dəstə və süvari ordu Yalamada son nəfəsinə qədər vuruşub. Yalama döyüşündə ordumuzun say etibarilə az olmasının isə səbəbi var idi. 1920-ci il yanvar ayının 11-də Paris sülh konfransında Azərbaycan və Gürcüstan de-fakto tanındı. Müsəlman dövlətinin Paris sülh konfransında tanınması erməniləri çox qıcıqlandırmışdı. Azərbaycan hərbi nazirliyi Səməd bəy Mehmandarov başda olmaqla ordunun böyük bir hissəsinin Qarabağda yerləşdirilməsinə göstəriş vermişdi. Ona görə də demək olar ki, bizim şimal sərhədlərimiz boş qalmışdı. Onu da demək lazımdır ki, 350 nəfərlə 70 minlik mükəmməl zirehli texnikası olan ordunun qarşısına çıxmaq müşkül məsələ idi. Ancaq oradakı azərbaycanlılar son nəfəsinə qədər vuruşublar. Hətta sağ qalan 1-2 nəfər sonradan desant kimi könüllü dəstələlərə çəkilib axıra qədər müqavimət göstəriblər.
Nurulla Əliyev: Bu gün tarixi faktlar göstərir ki, bu müqavimət hərakatında 21 generaldan 15 nəfəri güllələnib.
Zəfər Kərimov: 1920-ci il işğalından sonra Azərbaycanın qeyrətli hərbçiləri boş dayanmadılar. Məsələn, Tərtərdə Sovet qoşunlarına qarşı böyük bir üsyan qalxdı. 1920 ci ildə 10 minə qədər əhalini əhatə edən Gəncə üsyanı baş verdi. Gəncə üsyanına Azərbaycan ordusunun general-mayoru Məhəmməd Mirzə Qacar və general-mayor Cavad bəy Şıxlınski başçılıq edirdilər. Çox təəssüf ki, Gəncə üsyanı cəmi 6 gün 1920-ci ilin mayın 26-dan 31-nə kimi davam edib. Çünki, qeyd etdiyim kimi 70 minlik ordu demək olar ki, Azərbaycanın bütün ərazilərinə səpələnmişdi. Üsyançılar son nəfəslərinə qədər vuruşdular, Gəncədə 10 mindən artıq azərbaycanlı qətlə yetirilmişdi. Bolşeviklər isə 900-ə yaxın itki vermişdilər. Bir maraqlı fakta diqqət yetirək: 1916-1917-ci illərdə Gəncənin əhalisi 68 mindən yuxarı olub. Bu hadisələrdən cəmi 1-2 il sonra Gəncədə cəmi 38 min nəfərə qədər əhali qalmışdı. Gəncə əhalisinin yarısı qırılmış, yarısı da başqa yerlərə qaçmağa məcbur olmuşdu. Çünkü bolşeviklər tərəfindən xalqa dəhşətli divan tutulmuşdu. Bu müqavimət Zaqatala üsyanında da davam etdi. Demək olar ki, Azərbaycanın bütün yerlərində qeyrətli hərbçilər vətənin işğal olunması ilə barışmayaraq son nəfəslərinə qədər vuruşublar. Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski isə artıq yaşlanmış hərbçilər idi və onlar Bakıda fəaliyyət göstərirdilər. Onlar demək olar ki, artıq təcrid şəraitində yaşayırdılar. Bolşevik hökuməti bu generalları xalqın gözündən salmaq, təhqir etmək siyasəti yürüdürdü.
Nurulla Əliyev: İşğaldan əvvəl bolşeviklər gələcəkdə müstəqil dövlətin bütün atributlarını saxlayacaqlarını vəd etmişdillər. Amma sonra bolşeviklərin tamamilə buna əks siyasət yürütmələri Gəncədə və başqa regionlardakı üsyanlara səbəb oldu. Ümumilikdə, ordumuzun, hərbi-dəniz qüvvələrinin yaranmasındakı problemlər kadr çatışmazlığı, maddi texniki bazanın zəifliyi və ən əsası Azərbaycan Cümhuriyyətinin ömrünün qısa olması ilə bağlı idi.
Zəfər Kərimov: Nurulla müəllimin sözünə qüvvət hökumət Cümhuriyyət ordusu üçün xaricdə hərbi formalar sifariş vermişdi. Bu formalar ölkəyə gətiriləndə artıq Azərbaycan işğala məruz qalmışdı.
Nurulla Əliyev: Bu geyimlər də bolşeviklərə qismət oldu.
Zəfər Kərimov: Mən bir məsələni xüsusuilə vurğulamaq istəyirəm. Əgər Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəlməsəydi o dövrdə Bakı azad oluna bilməyəcəkdi. Çünki o dövrdə Bakıda Şaumyanın sədrlik etdiyi Bakı Xalq Komissarları Sovetinin tərkibində 20 minə yaxın ordu var idi. Həmin ordunun 10 mini tam mütəşəkkil şəkildə silahla təmin olunmuşdu. Ona görə də Cümhuriyyətin yenicə ayaq tutub yeridiyi bir vaxtda ordunu formalaşdırıb birdən-birə Bakını azad etməsi üçün illər lazım idi. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında 1918-ci ilin iyunun 4-də imzalanmış Batum müqaviləsinin dördüncü bəndində yazılmışdı ki, əgər Cümhuriyyəti hökumətinə ölkədə asayişi müdafiə və təmin etmək məqsədi ilə ordu lazım olsa Osmanlı dövlətinə müraciət edə bilər. Məhz həmin vaxt edilən müraciətdən sonra Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu Bakını azad edib, Azərbaycan ordusunun formalaşdırılmasında müstəsna xidmət göstərib.
Hazırladılar: Təmkin Məmmədli, Aydan Abaslı
1905.az