“Azərbaycan məktəbi” elmi pedaqoji jurnalının redaksiya heyəti ilə jurnalın 95 illik fəaliyyəti ilə bağlı söhbət etdik.
İlk öncə qeyd edək ki, Azərbaycan pedaqoji mətbuatının tarixi XIX əsrin sonlarında Nəriman Nərimanov tərəfindən əsası qoyulan “Məktəb” jurnalından başlayır. O dövrün siyasi rejimi xalqın savadsızlığının ləğvinin sürətli getdiyi bir zamanda jurnalın nəşrini dayandırdı. 1906-cı ildə Əlisgəndər Cəfərzadənin rəhbərliyi və naşirliyi ilə “Dəbistan”, Mahmudbəy Mahmudbəyovun redaktorluğu ilə”Rəhbər” jurnalı fəaliyyətə başladı. Hər iki jurnalın məqsədi xalqın maarifləndirilməsi, müəllimlərə elmi metodiki kömək mahiyyəti daşıyıb. 1911 ci ildə “Məktəb” jurnalı nəşr edilib. Adları çəkilən jurnalların ömrü uzun olmayıb, lakin bu jurnalların heç biri mahiyyəti, mündəricəsi və profili etibarilə elmi pedaqoji məzmun daşımayıb. Çünki, jurnallarda məktəblə bağlı materiallarla yanaşı ədəbi bədii mətnlər də çap edilib.
Sırf mündəricədi, mahiyyəti və profili etibarilə pedaqoji mahiyyət daşıyan “Yeni Məktəb” jurnalı 1924 cü ilin aprel ayında fəaliyyətə başlayıb. Bu günkü “Azərbaycan məktəbi” jurnalının sələfi sayılan “Yeni Məktəb” Respublikada savadsızlığın ləğv olunmasında, yeni məktəblərin açılmasında, məktəb təhsilinin inkişafında, təhsil və tədris proqramlarının hazırlanmasında, təlim və tərbiyənin məzmun və formasının təkmilləşməsində, eləcə də müəllim kadrlarının hazırlığında səmərəli fəaliyyət göstərib. 1930-41 ci illər jurnal “Müəllimə kömək” adlanıb. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar iki illik fasilədən sonra jurnal 1943 cü ildən “Azərbaycan məktəbi” adı ilə yenidən nəşrə başlayır. Baş redaktorun müavini Nəsrəddin Musayev deyir ki, jurnalın adını tanınmış mütəfəkkir, yazıçı, ictimai xadim Mirzə İbrahimov qoyub: “1943 cü ildə Mirzə İbrahimov Xalq Maarif Komissarı idi. Sonralar xatirələrində yazırdı ki, “Müharibə illəri, ağır, çətin vəziyyət, ölkədə çox şeyin çatışmadığı bir vaxtda bəlkə də çoxları üçün bu təşəbbüs təəccüblü görünə bilərdi. Amma biz düşündük ki, Azərbaycan xalqını təhsilsiz, maarifsiz saxlamaq olmaz”. XX əsrtin 30 cu illərində tədris proqramları haqqında məlumatı “Azərbaycan məktəbi” jurnalınadan almaq olar”.
Keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq “Azərbaycan məktəbi” jurnalına əlavə kimi müxtəlif illərdə “azərbaycan dili və ədəbiyyat tədrisi”, fizika və riyaziyyat tədrisi”, “əmək və politexnik təlim”, “tarix, ictimaiyyat, coğrafiya tədrisi” kimi 8 adda metodik məcmuə çap edilib. Həmin metodiki əlavələrin bəziləri bu gün də dərc olunmaqdadır.
Baş redaktor Rahil Nəcəfov “Azərbaycan məktəbi” jurnalını Azərbaycan pedaqoji mətbuat tarixinin görünən siması adlandırır: “ “Azərbaycan məktəbi” jurnalı 95 ildir ki, fəaliyyət göstərir, pedaqoji mətbuat tariximizin yaşı isə 120 ilə qədərdir. Bu müddət arzində pedaqoji mətbuat tarixinin keçdiyi yolu “Azərbaycan məktəbi” jurnalı özünün səhifələrində əks etdirir. Biz yaranışın da, inkişafın da və bu günlərə gəlməmizin də əksini bu jurnalda görürük. Azərbaycanın böyük qələm sahibləri, mütəfəkkirləri “Azərbaycan məktəbi” jurnalının səhifələrində öz məqalələrini dərc ediblər. 95 il fasiləsiz çap olunan jurnalı keçmiş SSRİ ölkələrində tapmaq çətindir”.
Nəsrəddin Musayev jurnalın vaxtilə qarşılaşdığı sıxıntıları xatırlatdı: “Araşdırmama görə Rusiyada hazırda da çap olunan «Нaродная образования» (xalq təhsili-red) jurnalı istisna olmaqla keçmiş İttifaq məkanında “Azərbaycan məktəbi” qədər uzunömürlü pedaqoji mətbuat yoxdur. Ölkələr müstəqillik əldə etdikdən sonra maddi sıxıntılar jurnalların bağlanmasına səbəb oldu. Bizim jurnalımız da 1992-93 cü illərdə bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı, belə ki, kəskin kağız çatışmazlığı problemi vardı. Həmin vaxt jurnalın baş redaktoru tanınmış maarif xadimi Zəhra Əliyeva o dövrün Təhsil naziri Lidiya Rəsulovaya məktub yazaraq yardım istədi. Lidiya xanım da redaksiyanın fonduna həmin zaman üçün ağlasığmaz rəqəm olan 16 ton kağız hədiyyə etdi. Təbii ki, bütün nömrələr mütəmadi olaraq nəşr oluna bilmədi, bəzən iki nömrəni birləşdirmək məcburiyyətində qaldıq. Amma hər halda fəaliyyətimiz dayanmadı. Halbuki həmin ərəfədə müttəfiq respublikalarda nəşr olunan jurnallar fəaliyyətini dayandırmışdı”.
XX əsrin 70-80-ci illərində “Azərbaycan məktəbi” jurnalı Sovetlər Birliyinin ən nüfuzlu pedaqoji nəşrləri sırasında yer alıb. Keçmiş ittifaqın tanınmış pedaqoq alimlərinin SSRİ Maarif naziri Mixail Prokofyev, Rusiyanın görkəmli alimləri, akademiklər Yuri Babanski, Artur Petrovski, Mirzə Maxmutov, Vladimir Adoratski, Valeri Alekseyev, Boris Komarovski və digərlərinin əsərləri sistemli olaraq jurnalın səhifələrində yer tutub. Azərbaycanın elmi-ictimai fikrinin tanınmış simaları – Bəkir Çobanzadə, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Tağı Şahbazi Simurğ, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Məmməd Arif, Məmməd Cəfər, Əşrəf Hüseynov, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Mərdan Muradxanov, Bəşir Əhmədov, Yəhya Kərimov və digər alim pedaqoqların jurnalla sıx əməkdaşlıq əlaqələri olub, elmi fikirləri, pedaqoji təcrübələri bu jurnalın səhifələrində yer alıb.
Nəsrəddin Musayev deyir ki, jurnalın əvvəlki ünvanı Nizami 58 olub: “Bizi o binadan çıxaranda arxivi aparmağa yerimiz yox idi. Mövcud durumdan həmin vaxt jurnalın baş redaktoru Zəhra Əliyeva xeyli mütəəssir olmuşdu və emosiyalara qapılaraq qərara almışdı ki, arxiv maklaturaya verilsin. Çox səydən sonra baş redaktoru arxivi təhvil təslim aktı ilə Respublika Elmi Pedaqoji kitabxanasına verməyə razı saldım. Adıçəkilən kitabxanada jurnalla birgə əlavələr də saxlanılır”.
Ötən ilin aprelindən 95 illik tarixi olan jurnalın elektron versiyası hazırlanıb. “Azərbaycan məktəbi”nin əməkdaşı Gülnar Əliyeva deyir ki, jurnalın istənilən nömrəsindəki məqaləni elektron versiyada tapmaq mümkündür: “1924-cü ildən bu günümüzədək nəşr olunan nömrələrin arxivi PDF variantında saytda arxivləşdirilib. Sayta jurnalın indiyə kimi 8 adda olan əlavəsi də yüklənib və hazırda arxiv bütövlükdə beynəlxalq kitabxanalara yerləşdirilir”.
Jurnalın redaksiya heyətinin üzvü İntiqam Cəbrayılovun məlumatına görə, jurnalda birbaşa prdaqoji xarakter daşımasa da ayrı-ayrı elm sahələri ilə bağlı yazılar da çap olunub: “Bu müəllimin özünütəhsilinə köməkdir. Amma gələcəkdə ali təhsillə bağlı yazılara da geniş yer vermək məqsədəuyğun olardı. Yazılar təkcə azərbaycan dilində deyil, rus və ingilis dilində də çap edilir. Bilirsiniz ki, elmi dərəcə almaq üçün qoyulan tələblərdən biri də yazılan məqalənin nüfuzlu jurnalda çap edilməsidir. Onsuz Ali Attestasiya Komissiyası o dissertasiyanı qəbul etmir. “Azərbaycan məktəbi” jurnalı həmin nüfuzu qazanmış jurnaldır. Jurnal hazırda ResearchGate, Index Copernicus, Google Scholar, CiteFactor, DOAJ, Indeks Copernicus İnternational, İdealonline, COPE indekslərinə sahibdir”.
Nəsrəddin Musayevin bildirdiyinə görə, jurnalda xarici ölkələrin təhsil sistemi öyrənilir: “Avstraliya, Finlandiya, İngiltərə, Fransa və digər ölkələrin təhsil təcrübələri ilə bağlı silsilə məqalələr çap edilir. Son bir il ərzində isə xarici universitetlərin nüfuzlu alimlərinin məqalələri çap edilir. Yeni Zelandiya, İndoneziya, Türkiyə, Rusiyadan, Avstraliyadan jurnala məqalələr göndərirlər. Məqalələrin xülasələri ingilis dilində çap edilir”.
Gələn məqalələr Beynəlxalq Redaksiya Şurası tərəfindən i nəzərdən keçirilir, onlara elmi rəy verilir. Şura üzvləri arasında Corc Vaşinqton Universitetindən doktor Sevinc Məmmədova, Çikaqo universitetindən professor Leyla İsmayılova təmsil olunur. Baş redaktor Rahil Nəcəfov yaxınlarda Nobel mükafatı laureatı Aziz Sancarın da Şura üzüvlüyünə qatıldığını bildirdi.
Rahil Nəcəfovun fikrincə, jurnalın ən ümdə xidmətlərindən biri Azərbaycanda qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılmasıdır: “İyulun 12-də jurnalın 95 illik yubiley tədbiri keçiriləcək. Jurnalın ən yeni elmi standartlara uyğun yenidən dizayn edilmiş formada nəşri ideyası nazirliyindir. “Azərbaycan məktəbi”nin tirajı son zamanlar aşağı düşdüyündən nazirlik qərara aldı ki, biz də dünyaya müasir standartlara uyğun jurnal təqdim edək. Dünyada qəbul olunmuş elmi standartlar var, onu tətbiq etməsək, dünya səviyyəsinə çıxa bilmərik. Yalnız Azərbaycan dilində yazmaq daxili auditoriya üçündür, dünyaya çıxmaq üçün məqalələrin tərcüməsini, rezümesini ingilis dilində təqdim etmək, xarici müəlliflərin də məqalələrini dərc etmək lazımdır. Həm dünya bizi oxusun, həm də biz xarici təcrübəni öyrənək. Bü nüfuzun artması deməkdir. Çünki xarici müəllifin məqaləsi bizim jurnalda çıxırsa, müəllif mütləq bunu elmi müəssisəsinə təqdim edir, bizimlə maraqlanırlar, bizə istinad edirlər”.
Ülviyyə Tahirqızı, 1905.az