Ozon.ru adlı onlayn meqamarket var. Bu meqamarketdə çox şey satılır.
Bu meqamarketdə əlbəttə ki, kitablar da satılır.
Bu meqamarketdən kitab almaq üçün sadəcə olaraq, müvafiq bölümə daxil olub seçim etmək, sifariş vermək və əlbəttə ki, ödənişi etdikdən sonar gözləmək lazımdır. Bir neçə gündən sonar aldığınız kitabı ünvanınıza çatdıracaqlar.
Mən “Kitablar” bölümünə daxil olub, axtarış pəncərəsində rus dilində ölkəmizin adını yazdım. Məlum oldu ki, burada Azərbaycanla bağlı 66 adda kitab təklif edilir.
Sonra, axtarış pəncərəsində və yenə də rus dilində ərazilərimizin 20 faizini işğal etmiş dövlətin adını yazmaq qərarına gəldim. Və məlum oldu ki, Ermənistanla bağlı təklif edilən kitabların sayı 154-dür. Yəni, Azərbaycanla bağlı təklif edilən kitabların sayından 2 dəfə çoxdur.
Sizi də bu sayta daxil olub, bəzi məqamlara diqqət yetirməyə çağırıram.
Məsələn, buradakı axtarış pəncərəsində rus dilində “Azərbaycan tarixi” sözlərini yazsanız, cəmi 29 kitab tapılacaq.
Elə həmin yerdə və əlbəttə ki, rus dilində “erməni tarixi” yazdıqdan sonra 70 kitab haqqında məlumatı görəbiləcəksiniz.
Özümdə bilmirəm, davam etdirməyə dəyərmi?
Elektron ticarətin getdikcə inkişaf edib daha geniş yayıldığı zaman kəsiyində ozon.ru-da bizim haqqımızda olan kitabların kəmiyyət etibarilə işğalçı ölkədən bəhs edən kitablardan bu qədər geri qalmasını göstərici kimi qəbul etmək olarmı?
Bütün hallarda, düşünməyə dəyər.
Həm də ona görə ki, Azərbaycanın iqtisadi imkanları Ermənistanın imkanlarından müqayisə olunmaz dərəcədə böyükdür…
Və hələ 2009-cu ilin məlumatlarına görə azərbaycanlılar Moskva əhalisinin 14 faizini təşkil edirdi… Ermənilərsə 5 faizini.
Məntiqlə ozon.ru-da Azərbaycanla bağlı kitablar Ermənistanla bağlı kitablardan əhəmiyyətli dərəcədə çox olmalıdır.
Və deyəsən elə həmin məntiqlə dünya da torpaqlarımızın işğalına göz yummamalıdır…
Bu yazını nahar ərəfəsində tamamlayası oldum. Ola bilsin elə ona görə də, axtarış pəncərəsində “Azərbaycan mətbəxi” sözlərini yazdım. 18 kitab çıxdı. Elə oradaca, “erməni mətbəxi” sözlərini yazanda məlum oldu ki, ozon.ru cəmi 16 kitab təklif edir bu mövzuda.
Bir az ürəyim yerinə gəldi.
Mətbəx məsələsində də üstələnsəydik, iştahım küsəcəkdi.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 100-101)