20-ci əsrin əvvəllərində Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin 19-cu əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı.
1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan «erməni məsələsi» sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin «Qərbi Ermənistan» adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin ermənilərin «Qərbi Ermənistan» adlandırdıqları vilayətlərin heç birində say etibarı ilə üstünlük onların tərəfində deyildi. Bunu ermənilərin qəyyumu kimi çıxış edən Fransanın Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf etmişdi.
Həmin illərdə İngiltərə və Fransanın yardımı ilə Türkiyədə erməni üsyanı təbliğatı aparılırdı. Bu işə rəhbərliyi «Daşnaksutyun» və «Hnçak» siyasi təşkilatları öz üzərilərinə götürmüşdülər. Ermənilər kütləvi iğtişaşlar törətmək məqsədilə türklərə və kürdlərə hücumlar edirdilər ki, qırğınlar baş versin və sonradan da Avropanın kütləvi informasiya vasitələri ilə türklərin erməniləri soyqırıma məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər.
Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar Sultan Əbdülhəmid tərəfindən yatırıldı. Həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti isə Qafqazın müxtəlif regionlarına köçmüşdülər.
Rus müəllifi N. Şavrovun göstərdiyinə görə, 1896-cı ildə Zaqafqaziyada 900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə Zaqafqaziyaya 400000 erməni gəlib yerləşmişdi. 1908-ci ildə Rusiya Daxili İşlər Nazirliyi polis departamentinin sənədlərində göstərilirdi ki, «Türkiyədəki məlum hadisələrdən sonra Zaqafqaziyaya yarım milyon erməni gəlmişdir. Bu ermənilər dərhal öz qara əməllərini göstərdilər». Bundan sonra indiki Ermənistan ərazisində «Daşnaksutyun» partiyasının sıraları daha da artmış, Qafqazda antitürk təbliğatı xeyli güclənmişdi. «Novaya vremya» qəzetinin İrəvan üzrə müxbiri Qriqoryevin verdiyi məlumata görə, törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına düşürdü.
Maraqlıdır ki, hələ Türkiyədə erməni iğtişaşları başlamazdan xeyli əvvəl, «Daşnaksutyun» partiyasının qeydə alınmasından cəmisi bir neçə ay sonra, yəni 1891-ci ilin yanvarında Bakıda Tağıyev teatrında Safrazyanın 4 şəkilli pyesi tamaşaya qoyulmuş, tamaşanın 1-ci şəklində erməni qadınına işgəncə verən türk təsvir edilmiş, 2 – ci şəkildə həmin qadının öz azadlığı uğrunda mübarizəsi, 3-cü şəkildə türkü məhv edən həmin qadın, 4-cü şəkildə isə gənc erməni qızı timsalında azadlığa çıxmış Ermənistan təsvir edilmişdi. Həmin tamaşaya görə, pyesin müəllifi Safrazyan Bakının makleri adına layiq görülmüşdü. Bu məlumat Qafqaz canişinliyinin 7 fevral 1891-ci ildə Bakı qubernatoruna göndərdiyi məktubundan götürülmüşdür. Göründüyü kimi, 19-cu əsrin sonunda «Daşnaksutyun» partiyasının antitürk təbliğat maşını təkcə İrəvan və Tiflisdə deyil, hətta Bakıda belə, var gücü ilə işə salınmışdı.
XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu erməni kilsəsi məharətlə oynayırdı. 1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, antitürk, antimüsəlman əhval – ruhiyyəsinin qızışmasına səbəb oldu. Erməni kilsəsi İrəvan və Eçmiədzində bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Həmin il avqustun 29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də Tiflisdə ermənilər iğtişaşlar və terror törətmişdilər.
1905-ci ildə Rusiyanın özündə baş verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Zaqavqaziyada güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə edirlər. Rusiyanın hakim şovinist dairələri də zərbəni özlərindən yayındırmaq üçün ermənilərin antitürk, antimüsəlman kampaniyasını qızışdırırdılar. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Bakıda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Gəncədə, Tiflisdə və başqa yerlərdə yaşayan azərbaycanlılara qarşı silahlı hücumlar edib, həmin ərazilərdən onları təmizləməklə ermənilərin say üstünlüyünə nail olmaq istəyirdilər. Çünki həmin dövrdə Qafqazdakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər.
1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman qırğınları haqqında polis departamentinin adı çəkilən sənədində deyilir: «Daşnaksutyun» öz qüdrətini göstərdi, müsəlmanlar cəfasını çəkdilər. Burada ikili oyun oynanılmışdı: birincisi, müsəlmanlarda olan qisasın bir qismini almaq, digər tərəfdən baş verən hadisələrin günahını mətbuat və təbliğatın köməyi ilə rus hökumətinin üzərinə yıxmaq, bununla da təkcə erməniləri deyil, Qafqazın digər sakinlərini də inqilabçılaşdırmaq üçün güclü təbliğat materialı əldə edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan bir çox rus məmurları və ayrı-ayrı şəxslər terror qurbanı oldular: general Əlixanov (Əlixanov-Avarski – müəl.), qubernatorlar Nakaşidze, Andreyev (birincisi Bakı qubernatoru, ikincisi Yelizavetpol (Gəncə) vitse qubernatoru – müəl.), polkovniklər Bıkov və Saxarov və başqa dövlət məmurları (partiyanın hesabatından). Onların qismən nail olduqları ikinci məqsədləri ondan ibarət idi ki, Zaqafqaziyada ermənilərlə müsəlmanların yaşadıqları ərazilər bir-birindən ayrıldı, Türkiyədən və qismən İrandan köçən ermənilərin məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. Son 5-6 ildə onların sayı yarım milyona çatmış, 200 min nəfər isə rus idarələrinin vəkaləti ilə təbəəlik əldə etmişdi. Yelizavetpol, İrəvan və Qars vilayətlərində ərazilərin qismən ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi boşaldılmış, həmin ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını qurtarmışdılar”.
Əslində Rusiyanın hakim dairələri də 1905-1906-cı illər erməni-müsəlman iğtişaşlarından öz məqsədləri üçün istifadə etməklə ikili oyun oynamışdılar. Çar məmurları Qafqazda güclənən narazılıq dalğasının hökumət əleyhinə istiqamətlənəcəyindən qorxduqlarından, ermənilərin müsəlmanların yaşadığı ərazilərdə törətdikləri qırğınlara biganə qalmış, bəzi hallarda isə onların tərəfini saxlamaqla hər iki tərəfin gücünün etnik toqquşmalara sərf edilməsinə nail olmuşdular. Bu məqsədlə xüsusi xəfiyyə şəbəkəsinin qurulması haqqında C. Zeynaloğlunun 1924-cü ildə İstanbulda dərc edilən kitabında belə məlumat verilir: “Yalnız azəri türkləri hələ qəflətdə idilər və iğtişaşlarda çar tərəfini saxlayırdılar. Rusiya hökuməti müsəlmanların bu qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə yüz otuz xəfiyyə məmuru göndərərək, türklər ilə ermənilər arasında icra etdiyi propaqanda ilə biri digəri əleyhinə silah işlətməyə təşviq və əsrlərcə yaxşı keçinən iki milləti biri digərinə qırdırdı”.
1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər komitəçiləri tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları bir çox müəlliflərin iddia etdikləri kimi bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi.
Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan 10-a qədər Bakıda şiddətlə davam edən qırğınlar zamanı hər iki tərəfdən tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşdular.
Ermənilər fevralın 21-23-də İrəvanda da qırğınlar törətmişdilər. M. S. Ordubadi “Qanlı illər” kitabında verdiyi məlumata görə, ermənilərin növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tunbul kəndində öldürülməsi ilə yenidən qızışır. Mayın 8-də İrəvan vitse-qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara vermədiyi üçün Tiflisdən general Əlixanov Avarski də Naxçıvana göndərilir. Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtişaşları İrəvanda törədirlər. Ermənilərin məqsədi ilk növbədə İrəvan və onun ətraf kəndlərini müsəlmanlardan təmizləmək, sonra isə M. S. Ordubadinin təbirincə, «İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni bitişdirmək kimi alçaq xəyallar»dan ibarət idi.
Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə hücumu ilə İrəvanda qırğınlar başlanır. Mayın 31-də İrəvanda qırğınlar dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum etməyi qərara alırlar. Elə həmin axşam ermənilər Qırxbulaq mahalının Gözəcik kəndinə hücum edirlər. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə hücum edir. Dağılmış 12 müsəlman kəndinin əhalisi Təzəkəndə qaçır. Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. İyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk edirlər.
İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Əngirsək, Təkiyə kəndlərini dağıdırlar. İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. M. S. Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: «İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi».
1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313176 nəfər olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302965 nəfər qalmışdı. Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi.
İrəvan quberniyasında öz məqsədlərinə nail olan erməni silahlı dəstələri Qarabağda qırğınlar törətməyə başlamışdılar. İyunun 1-dən başlayan erməni hücumları nəticəsində Cəbrayıl – Qaryagin bölgəsində Veysəlli, Qacar, Çəmənli, Arış, Qışlaq, Məzrə kəndləri darmadağın edilir. Avqustun 16-da Şuşada qırğınlar törədilir.
1905-ci ilin noyabrında Gəncə şəhərində, Cavanşir və Qazax qəzalarında, Tiflis şəhərində ermənilər iğtişaşlar törədərək minlərlə günahsız azərbaycanlını qətlə yetirirlər. Erməni müəllifi S.Zavaryanın verdiyi məlumata görə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.
1906-cı ildə Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları “Daşnaksutyun” partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirilər.
Lakin bu konfransın keçirilməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. Bakıda və Şuşadakı ikinci məğlubiyyətlərindən sonra “Böyük Rusiya inqilabı söndü, biz işləri sona çatdıra bilmədik” deyə 1906-cı ilin yayında Qarabağdan Zəngəzura yol açmaqdan ötrü İrəvan, Abaran, Aleksandropol, Şörəyel ermənilərinə teleqramlar göndərərək əsgər toplamışdılar. İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər yol boyunca erməni əhalisinin sayı olduqca az idi. Ona görə də erməni komandalarına yol üstündə yerləşən müsəlman kəndlərinə hücum etmək əmri verilmişdi.
Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.
Ümumiyyətlə, 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarında 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhali soyqırıma məruz qalmışdır.
(Vaqif Arzumanlı, Nazim Mustafa, Tarixin qara səhifələri. Bakı, 1998, səh. 45-52)