1905.az portalının əsas layihələrindən biri “Diskussiya klubu”nun yaranmasından 1 il keçir. İl ərzində rubrika çərçivəsində 150-dən çox qonağın iştirakı ilə 30-dan çox görüş keçirilib.
22 avqust 2014-cü ildə fəaliyyətə başlayan “Diskussiya klubu”nun ilk mövzusu “İşğal altında olan ərazilərin tanıtım materialları olub. Bundan sonra il ərzində dəyirmi masada ən müxtəlif mövzulara – “Rəngkarlığmızda Qarabağ”, “Dilimizdə söz qırımı”, mədəniyyətimizdə, idmanda vətənpərvərlik, “Erməni dilini öyrənən və öyrədənlərimiz”, “Hərbi jurnalistikamız”, “Şamaxı soyqırımı”, “İqtisadiyyatımızın bu günki durumu”, kinomuzda vətənpərvərlik, “Bizim diaspor, bizim media”, “Qarabağ haqqında nəşrlərimiz”, “1905-ci il soyqırımı”, “Bakı 2015 Avropa Oyunları” və s kimi mövzulara toxunulub.
1905.az portalının direktoru Fuad Babayevin sözlərinə görə, rubrika yaradılması ideyasının səslənməsindən 1 il keçir.
“Bir il ərzində “Diskussiya klubu”da 160-dan çox qonaq qəbul etmişik. Söhbətlər arasında çox maraqlısı da, maraqsızı da olub. Ancaq biz bacardığımız qədər fərqli və problemli mövzulara toxunmağa, eynilikdən uzaq olmağa çalışmışıq. Masaların təşkilində komandanın zəhməti böyük olub. İstər qonaqlarla birgə diskussiyada iştirak edən Gündüz müəllimin, Təmkin müəllimin və Dadaş müəllimin, İradə xanımın, istərsə də bizim söhbətləri yazı formasına gətirən Aynur xanımın. Çox istərdim 1 il ərzindəki nailiyyətlərimiz və hədəflərimiz barədə komanda danışsın”.
1905.az portalının redaktoru Gündüz Nəsibov “Diskussiya klubu”nun qarşısına qoyduğu məqsədə çatdığını bildirdi. “Əsas vəzifəmiz problemləri, yaddan çıxan mövzuları işıqlandırmaq olub. Bunlardan biri 1905-ci il soyqırımının 110-cu- növbəti il dönümünün yada salınması idi.
Yadımdadı, 1905.az portalından başqa heç bir media orqanında bu barədə informasiya yayımlanmadı. Azərbaycan Tarix Muzeyində keçirdiyimiz tədbir, Şamaxıda keçirilən “Şamaxı soyqırımı” dəyirmi masası, kino və cizgi filmlərində vətənpərvərlik mövzularına həsr etdiyimiz dəyirmi masalar şəxsən mənim üçün çox maraqlı idi. Məqsədlərimizə gəlincə isə məncə biz problemli mövzuları gündəmə gətirib, istəyimizə nail olduq”.
Dəyirmi masaların təşkilində əməyi olan Təmkin Məmmədli “Diskussiya klubu”nun fəaliyyətindən razı qaldığını və qarşıya qoyduğu hədəflərə çatdığını qeyd etdi.
“Önəmli olan odur ki, diskussiya klubları ilə biz müxtəlif ixtisas sahiblərini portala cəlb edə bildik. İstər tarixçi, rəssam, tərcüməçi, istərsə də meyxanaçıların iştirak etdiyi dəyirmi masaları təşkil etmək, onları bir yerə toplamaq o qədər də asan deyildi. Amma onlar hər biri öz sahələrində olan problemləri işıqlandırmaqda bizə yardımçı olublar.”
Təmkin Məmmədli “Diskussiya klubu”nun fəaliyyətinin davam etməsini və təkcə Qarabağ məsələsi üzərində deyil, cəmiyyəti narahat edən mövzulara da toxunmağın vacibliyini bildirdi.
Dəyimi masaları yazı halına salan Aynur Hüseynova 1 il ərzində ən müxtəlif mövzuların müzakirə edilməsi, problemlərin işıqlandırmasına nail olmağı saytın uğuru kimi qiymətləndirdi.
“Statistikanı hazırlayanda yaddaşım təzələndi. Bir il ərzində 160-dan çox qonağın dəvət edilməsi, 30-dan çox mövzunun müzakirə edilməsini böyük zəhmət bahasına başa gəlib. Biz universitetə yüksək balla qəbul olan abituriyentlərin vətənpərvəlik hissi mövzusundan tutmuş, Azərbaycanda iqtisadi vəziyyət, mədəniyyətimizdə vətənpərvəlik kimi mövzulara toxunmuşuq. Məqsədimizə nail olduğumuzu düşünürəm, amma problemlərin nə dərəcədə həllinə nail ola bilmişik, bunu demək çətindir.”
Portalın rus dili versiyasına cavabdeh İradə Muxtarova saytın cəmiyyətdə maraqla oxunduğunu və kifayət qədər oxucu kütləsinin formalaşmasından danışdı.
1905.az portalının foto-redaktoru Dadaş Musayev portalın oxucu kütləsinin formalaşmasında “Diskussiya klubu”nun böyük yeri olduğunu vurğuladı. “Biz əvvəllər qonaq dəvət edəndə saytı tanımırdılar. 1905.az haqqında məlumat verməli olurduq. Günlər keçdikcə, “Diskussiya klubu” cəmiyyətdə müəyyən qədər tanınandan sonra artıq qonaqlar məmuniyyətlə dəvəti qəbul edirdilər. Buna görə də saytın oxucu kütləsinin formalaşmasında “Diskussiya klubu”nun rolu danılmazdır”.
Dadaş Musayev həm də “Diskussiya klubu”nun video formatda yayımlanmasının cəmiyyət üçün daha maraqlı ola biləcəyindən danışdı. “Biz dəyirmi masalardan birini video formatda təqdim etdik. Hesab edirəm ki, bunu davam etdirsək rubrika oxucu üçün daha maraqlı olar”.
Fuad Babayev həmçinin 1 il ərzində “Diskussiya klubu”nun Azərbaycanın nüfuzli elm və təhsil mərkəzləri ilə faydalı əməkdaşlığı formalaşdığını qeyd etdi. ”Görüşlərdən birinin Qafqaz Universiteti və Azərbaycan Milli Tarix Muzeyində keçirilməsi buna sübütdur”.
Qeyd edək ki, “Diskussiya klubu”da həmçinin, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiyasının (AVCİYA) təşkilatçılığı həyata keçirilən “Milyon imza bir tələb” və “Bakı qəhrəman şəhərdir” layihəsini müzakirə edilib.
1905.az redaksiyası