110 il öncə, 1905-ci ilin 6-9 fevral tarixində erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində qırğın törədilib. Sonrakı mərhələdə Cənubi Qafqazın bir çox şəhərlərinə yayılan və 1905-1906-cı illəri əhatə edən bu qırğınlar böyük tələfat və dağıntılara səbəb olub. Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanında qeyd olunur: “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi.”
Fevralın 9-da Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında “1905.az” Diskussiya klubunun “1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın 110 illiyi” ilə bağlı tanınmış alim və tədqiqatçıların iştirakı ilə növbəti müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Azərbaycan MEA-nın akademiki Nailə Vəlixanlı açdı. Nailə xanım Milli Tarix Muzeyinin “1905.az” portalı ilə birgə keçirdiyi tədbirin mahiyyəti haqqında danışaraq, iştirakçıları fəal diskussiya aparmağa çağırdı.
Sonra çıxış edən “1905.az” portalının direktoru Fuad Babayev qurumun fəaliyyətindən bəhs edərək qeyd etdi ki, portal ermənilərin Azərbaycana gəlişi, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımları, deportasiyalar, Ermənistanın Azərbaycana təcavüzü haqqında internet-resursdur. Portalda mövzuya uyğun kitablar, məqalələr, müsahibələr, şahidlərin ifadələri, fotolar və digər materiallar təqdim olunur. Resurs 12 dildə (Azərbaycan, ingilis, fransız, ərəb, ispan, rus, Çin, alman, türk, fars, gürcü və erməni dillərində) fəaliyyət göstərir. 28 mart 2014-cü ildə yaradılan 1905.az portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ermənilərin azərbaycanlılara qarşı başladıqları soyqırım siyasətinin 110 illiyi ilə bağlı layihəsinin tərkib hissəsidir.
Fəal keçən diskussiyada tarixçi Nazim Mustafa, tarix elmləri doktoru, professor Anar İsgəndərov, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, Qarabağ azadlıq Təşkilatının sədri Akif Nağı, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, tarix üzrə fəlsəfə doktorları Firdovsiyyə Əhmədova, Aqil Şahmuradov və rəssam Vaqif Ucatay çıxış etdi.
Qeyd olundu ki, 1905-ci il hadisələri ilə bağlı bəzən elmi ədəbiyyatda və müxtəlif mənbələrdə yanlış məlumatlar gedir. Çıxışçılar həmin yanlış məlumatların qarşısını almaq və cəmiyyətə düzgün məlumat ötürmək baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğuladılar.