“1905.az” portalında Qərbi Kaspi Universitetinin nəzdində fəaliyyət göstərən Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu və Mərkəzin ekspertlərinin iştirakı ilə Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını müzakirə etdik.
Elxan Şahinoğlu Tətbiqi Politologiya Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verdi. Bildirdi ki, mərkəzdə politologiyanın daha çox praktik tərəfi ilə məşğul olmağa üstünlük verilib və son 2 ayda çox sayda tələbə bu prosesə qoşulub. Diskussiyalarda həvəslə iştirak edirlər və ötən dövrdə xeyli yazıları dərc olunub. E.Şahinoğlu bildirdi ki, görüşdə iştirak edən tələbələr də mərkəzin aparıcı ekspertləridir. Yuxarı kurs tələbələridir, elə bu gün müzakirə ediləcək mövzu ilə də bağlı son dövrlərdə 10-dək yazıları dərc olunub.
Fuad Babayev qonaqları salamlayaraq “Zeytun budağı” əməliyyatının Türkiyənin dövlət maraqlarından qaynaqlandığını qeyd etdi və iştirakçıların bu əməliyyatla bağlı fikirləri ilə maraqlandı.
Yadigar Nağıyev bildirdi ki, bu əməliyyatı Türkiyə Suriya xalqının rifahı naminə keçirir.Vaxtilə Suriya öz ərazisində əməliyyatları təyyarələr, ağır texnikalarla və öz vətəndaşlarına qarşı keçirirdi. Türkiyə isə Suriya ərazisindəki əməliyyatları elə bir həssaslıqla keçirir ki, dinc insanlar arasında demək olar ki, heç bir itki yoxdur.
Qadir Kazımov qeyd etdi ki, bu əməliyyatda Türkiyənin beynəlxalq aləmdəki imici daha önəmlidir.
Fuad Babayev vəziyyətin bu həddə gəlib çatmasının səbəbləri ilə bağlı iştirakçıların fikirlərini soruşdu.
Tural Rzayev Türkiyədə iqtidar hakimiyyəti son illərdə çox gücləndiyini nəzərə çatdırdı və qeyd etdi ki, bu gün bölgədə hər mənada müstəqil siyasət yeridən bir Türkiyə var. O, Türkiyənin öz ərazisində PKK-ya güclü zərbələr vurduqca, bu terrorçu təşkilatın üzvlərinin Şimali İraq və Suriya ərazisində cəmləşdiyini bildirdi.
Elxan Şahinoğlu söylədi ki, iki ökə arasında münasibətlər əvvəllər münasibətləri normal idi: “Vətəndaş müharibəsi, qırğınlar başlayandan sonra, münasibətlər gərginləşdi. Qeyd etmək lazımdır ki, terror Suriya ərazisində dərhal hakim olmadı. Vətəndaş müharibəsi başlayanda İŞİD münbit vəziyyətdən istifadə edərək İraqdan Suriyaya keçdi. “
Türkiyənin Suriyada apardığı əməliyyatlar haqqında da danışan Elxan Şahinoğlu bildirdi: “Türkiyədəki uğursuz hərbi çevrilişdən sonra ordunun nüfuzuna ciddi xələl gəlmişdi. Bu əməliyyatla ordunun əvvəlki nüfuzu bərpa olundu. Lakin ciddi diplomatik uğuru da qeyd etməyə bilmərəm. Əməliyyat başlanandan sonrakı dəqiqələrdə Moskva və Tehranla təmaslar quruldu. Beləcə Moskvadan Əsədə tövsiyə edildi ki, çox da ciddi reaksiya verməsin. Heç bir ölkə PKK-ya görə Türkiyə ilə düşmən olmaq istəmir. Əməliyyat Türkiyənin təhlükəsizliyi baxımından vacibdir, amma gələcəkdə narazı dövlətlərin artacağı da istisna edilmir. Məncə, Türkiyə bundan özünü qorumalıdır”.
Müzakirələrdə daha sonra Türkiyə-Suriya, Türkiyə-ABŞ və digər məslələrlə bağlı fikir mübadiləsi aparıldı.
Gündüz Nəsibov, 1905.az