1905-1906-cı illərdə Cənubi Qafqazda erməni və türk müsəlmanlar arasında ən kəskin döyüşlər Gəncə quberniyasının Şuşa və Gəncə şəhərlərində olmuşdur.
1905-ci ilin may-iyun aylarında ermənilər İrəvan quberniyasında türk-müsəlman əhalisinə qarşı qırğına başlamışlar. 1905-ci il may ayının axırlarında erməni daşnak silahlı dəstələri 80 evdən ibarət müsəlman məhəlləsində ixtişaş salaraq türk-müsəlman evlərini güllə boran etdilər. Üç gün davam edən atışmada qırx nəfər erməni və iki nəfər müsəlman həlak oldu. Vəhşiləşmiş ermənilər güclü silahlı dəstələrlə hücum edərək güllələri tükənmiş türk-müsəlmanları öz məhəllələrini gecə vaxtı tərk etməyə məcbur etdilər. Ermənilər Irəvanın türk-müsəlman əhalisi yaşayan məhəlləsinin evlərini qarət və talan edərək dağıdır, qaça bilməyənlərə ağır işgəncələr verir və öldürürdülər.
Ermənilər 1905-ci il may ayının axırında İrəvanın türk-müsəlman əhalisindən beş kişi, dörd qadın və iki uşağı ələ keçirib vəhşicəsinə öldürmüşdülər. 1905-ci ilin iyun ayında erməni silahlıları Ecmiədzin ətrafında olan türk-müsəlman kəndlərinə geniş miqyaslı hücuma keçdilər. 10 iyunda Ecmiədzin qəzasında olan doqquz türk-müsəlman kəndi talan edilərək yandırılmışdır. İrəvanda yerli türk-müsəlmanlara qarşı talan, qarət və qırğınlar törədən erməni silahlıları 1905-ci ilin may ayının 11-də Naxçıvana gələrək Naxçıvan şəhərinin türk-müsəlman əhalisini fasiləsiz atəşə tutdular. May ayının 9-dan 30-na kimi davam edən erməni-müsəlman münaqişəsində Cəhri kəndi ermənilər tərəfindən yandırıldı.
1905-ci ilin oktyabr ayının axırlarında erməni-daşnak qüvvələri Qazax şəhərini yandırmışlar. 1905-ci ilin noyabr ayının 15-18-də Gəncədə, noyabrın 20-24-də Tiflisdə qanlı erməni-müsəlman döyüşləri olmuşdur. Gürcüstanın Borçalı qəzasında baş vermiş erməni-müsəlman toqquşmaları nəticəsində yerli türk-müsəlman əhaliyə iki milyon manat məbləğində ziyan dəymiş və yüzlərlə insan öldürülmüşdür.
1905-ci ilin noyabr ayının 15-dən 18-nə kimi Gəncədə ermənilər yerli türk-müsəlman əhalisinə qarşı münaqişəyə başladı. Gəncə erməniləri Qarabağ, Tiflis, İrəvan və Bakıda silahlı erməni dəstələrindən kömək almışdılar. Gəncə şəhərinin dağlıq hissəsində ermənilər, düzənlik hissəsində isə türklər yaşayırdı. On dörd türk məhəllələrindən üçü, Mollacəmilli, Çaylı və Hacıməlikli ermənilər yaşayan hissədə idi.
Ermənilər müsəlmanlarla davanı başlamaq üçün üç müsəlmanı öldürdülər. Sonra onlara yaxın olan üç türk-müsəlman məhəllələrinə hücuma keçdilər. Erməni silahlılarının hücumları zamanı qadınlar, qocalar və uşaqlar Gəncə çayını keçərək türklər yaşayan məhəllələrə gəlir, kişilər isə ermənilərə qarşı vuruşurdular. Ermənilər boş qalan türk evlərini talan edib yandırırdılar. “Difai” partiyası bu vuruşmanın qarşısını almaqda böyük rol oynayırdı.
Gəncədə yerləşən “Cəmiyyəti xeyriyyə” və “Nəşri maarif” cəmiyyətlərinin binası qərargaha çevrilmiş və əhalinin ən mötəbər, tədbirli, xalq arasında sözü keçən adamlarından biri olan Ələkbər bəy Rəfibəyli bu hərəkata rəhbər seçilmişdir. Erməni silahlıları yerləşmiş kəndlər və məhəllələr dağlıq tərəfdən əhatəyə alınaraq gecə vaxtı əks-hücuma keçildi. Ermənilərin silahlı dəstələri tərkisilah olunub məğlub edildilər. Ermənilər törətdikləri vəhşiliyin cavabını aldılar.
1905-ci il noyabr ayının 20-si günorta vaxtı Tiflis şəhərində Qalovinskdəki “Nors” və Nikolayevski körpüsündəki “Ter-Sarkisov” erməni bazarındakı ləzgilərin silah mağazalarını talan etdilər. Axşam saat 9-da ləzgi paltarlı üç adam faytonla erməni məhəlləsi tərəfinə gəldilər. Şeytan bazardakı “Roza” lokantasının qabağından keçərək havaya beş-on güllə atdılar və faytonlarını bərk sürüb Ortaçalaya getdilər. O dəqiqədən ermənilər və müsəlmanlar hər iki tərəf öz məhəllə səngərlərini açıq surətdə qurub, bir-birinin üzərinə hücuma keçdilər.
Ömər Faiq Nemanzadə öz xatirələrində Tiflisdə ermənilərin türk-müsəlman əhalisinə qarşı vəhşiliyini gerçək bir surətdə təsvir etmişdir. Ömər Faiq özü gördüyü erməni vəhşiliyini qələmə alaraq yazmışdır ki, Tiflisin Voronsov körpüsündən keçən türk hamballarını (iranlı həmşəriləri) erməni silahlıları sürüyüb körpünün kənarına gətirir və buradan çaya tullayırdılar. Reskavoronsov məhəllələrindəki mazutlarda işləyən türk fəhlələrini gizləndikləri yerdən çıxarıb xəncərlə yaralaya-yaralaya Kür çayının kənarındakı dəyirmanların hündür yerinə gətirir və oradan aşağıya tullayırdılar. Suya atılan biçarələr boğulmamaq üçün var gücü ilə çalışır, kənara doğru yaxınlaşır, lakin kənardakı erməni daşnaklarının onlara yağdırdıqları güllələrlə yaralanır təkrar suya batırdılar. Bir az sonra isə çıxıb əl-ayaq çarpır, üzməyə çalışırdılar.
Lakin yenə güllə yağışına tutularaq batır və axırda görünməz olurdular. Kür çayı sularının qanlı dalğaları arasında qarışıb axaraq gedən cansız, hərəkətsiz türk-müsəlman meyidləri görünürdü. Bu hadisədən xəbər tutan Tiflis şəhəri ətrafında kəndlərdə yaşayan yerli türk-müsəlman əhalisi atlanaraq Tiflis şəhərinin türk-müsəlman əhalisinin köməyinə gəldilər. Cənubi Qafqaz üzrə canişin kəndlərdən gələn köməkdən xəbərdar olan kimi əmr verdi ki, atla şəhərə girmək qadağan olunsun. Türk-müsəlman igidləri şəhərin ətrafından atlarını kəndlərə geri qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular. Erməni silahlı dəstələrinin üzərinə hücuma keçən türk-müsəlman silahlıları bu gün vuruşduqdan sonra erməni daşnak silahlılarını məğlub etdilər.
1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905-1906-ci illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı təcavüzü daşnak partiyasının Tiflis, Bakı şəhərlərindən sonra güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.
Şuşa şəhərində ilk erməni daşnak silahlılarının təcavüzünə məruz qalan Şuşa şəhərinin küçələrinin çıraqlarını yandıran Kərbəlayi Məhəmmədhüseyn olmuşdur. Səhər tezdən küçələrin çıraqlarını söndürərkən, “Şahlıq” körpüsü yanında fənər nərdivanından yerə düşərkən üç erməni Kərbəlayi Məhəmmədhüseynə bir neçə yerdən ölümcül zərbə vurmuşlar. Kərbəlayi Məhəmmədhüseynin ölümündən bir az sonra Şuşa realnı məktəbinin təmirini edən on səkkiz iranlı fəhlənin qaldıqları evin sahibi onları erməni silahlılarına təhvil verir. Onlardan ancaq biri erməni ev sahibinin sözlərinə aldanmayıb aradan qaçıb canını qurtara bilmişdi. Yerdə qalan on yeddi nəfərini erməni daşnakları başlarına iri mismarlar calıb əzmişlər. Şuşa əhli ermənilərin bu vəhşiliyndən daha da qəzəblənmişlər. Türk-müsəlmanlar iranlı fəhlələrin cəsədlərini çıxarıb gətirib Cıdır düzündə dəfn etmişlər.
1905-ci ilin avqust ayının 16-21-də Şuşada erməni silahlılarının təcavüzü nəticəsində türk-müsəlman əhalisi müdafiə olunmaq üçün silaha sarılmışdır. Avqust ayının 16-da erməni daşnak silahlıları üç istiqamətdə Şuşanın türk-müsəlman əhalisi üzərinə hücuma keçdilər. Ermənilərin 1-ci dəstəsi Yuxarı Xəlfəli qapısına, 2-ci dəstəsi Meydana, 3-cü dəstəsi Köçərli məhəlləsinə hücum etdilər. Qalan ermənilər isə əvvəldən qazılmış səngərlərə girdilər. Ermənilər Köçərli məhəlləsində beş nəfəri, doxsan yaşlı Abbas bəyi, onun oğlu və qardaşı oğlunu, Nuşirəvan adlı bir gənci gəlini ilə birlikdə öldürüb evlərinə od vurdular. Ermənilər köçərli məhəlləsində on beşə qədər müsəlman evini qarət edib yandırdılar.
Ermənilər Xəlfəli qapısında on evə hücum edərək yandırdılar. Ev sakinlərindən üç nəfər öldürüldü, qalanları qaçıb canlarını qurtardılar. Erməni silahlılarına qoşulan erməni tacirləri öz dükanlarını bağlayır, əllərinə silah alaraq türk-müsəlmanların dükanlarını gülləboran edirdilər. Bazarda on beşə qədər müsəlman dükanı var idi. Erməni silahlıları müsəlman dükanlarının qapılarını açaraq içəridəki müsəlmanları öldürür, mal-dövlətlərini isə qarət edirdilər. Şuşanın türk-müsəlman əhalisi şəhərin strateji və döyüş üçün əlverişli yerlərində altı müdafiə və hücum səngərləri qurmuşdular. Döyüş başlayanda ermənilər məhkəmə və duma divanxanasını yandırdılar. Avqust ayının 17-də “Difai” partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.
Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər. Avqust ayının 19-da Şuşanın türk-müsəlman əhalisinin özünü müdafiə dəstələri ermənilərin qərargah və silah anbarı kimi istifadə etdikləri Xandəmirov teatrına od vurdular. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır. 1905-ci il sentyabr ayının 10- dək Şuşada atəş səsləri kəsilmədi. Qafqaz canişini Voronsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu.
Cənubi Qafqazın bütün şəhər və kəndlərində türk-müsəlmanlara qarşı hücuma başlayan erməni daşnak silahlı dəstələri döyüşləri uduzaraq geri çəkilməyə məcbur olmuşdular. Döyüşlər türk-müsəlman əhalisinin özünü müdafiə dəstələrinin üstünlüyü ilə davam edirdi. Qarabağ, Irəvan, Naxçıvan, Borçalı, Şirvan vilayətlərində, Bakı, Şuşa, Gəncə, Tiflis, İrəvan, Naxçıvan, Şamaxı şəhərlərində təşəbbüs türk-müsəlman əhalisinin tərəfinə keçmiş və uğurlu əks-hücumlar təşkil olunmuşdur. Türk-müsəlman əhalisinin qələbəsi erməni daşnak silahlıları tərəfində olan çar Rusiyasının hakim dairələrini olduqca narahat etmiş və onların yüksək vəzifəli məmurları silahın geriyə təpdiyini anlamışdılar. Ermənilər təlaşa və çaxnaşmaya düşərək tezliklə sülh bağlanmasına çalışırdılar.
Tofiq Həsənov
http://anl.az/