Ermənilərin qondarma soyqırım iddiasının 100-cü ildönümü ərəfəsində dünya çapında təbliğatı daha da gücləndirdiyi bir zamanda əsl soyqırıma məruz qalmış azərbaycanlılarla bağlı həqiqətləri nəinki dünyada, heç ölkəmizdə də kifayət qədər bilmirlər.
1905.az saytının ermənilərin qondarma soyqırımını ildönümünü qeyd etdiyi 24 aprel ərəfəsində tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət adamları arasında apardığı sorğu da soyqırım həqiqətlərinin tanıtdırılması üçün daha çox fəaliyyətə ehtiyac olduğunu üzə çıxarıb.
“Arxivdə məlumat axtarıram”
Xalq rəssami Rafiz İsmayılovun sözlərinə görə, ermənilərin 1915-ci ildə guya Osmanlı imperiyasında soyqırıma məruz qalması iə bağlı iddalarla tanışdır: “Bu barədə onlar artıq 100 ildir ki, danışırlar. Amma əsas dəhşətdən – bu gün Azərbaycan torpaqlarının işğal altında olması faktndan dünyada heç kəs danışmır. Vaxtilə Şuşada, Anarla bərabər Üzeyir Hacıbəyovla bağlı film çəkirdik. İndi də Şuşa tez-tez yadıma düşür və fikirləşəndə ki, o torpaqlar işal altındadır, dəhşətə gəlirəm”.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi 1905, 1918-ci il soyqırımları ilə bağlı məlumata gəlincə, xalq rəssamı bildirib ki, ona lazım olduğu təqdirdə arxivlərdə informasiya əldə edir: “Mən rəssam adamam. Film üçün lazım olanda arxivdə məlumat axtarıram. Amma yaxşı olardı ki, alimlərimiz bu istiqamətdə işləsinlər, ortaya sanballı əsərlər qoyulsun ki, maraqlananlar daha arxivdə məlumat axtarmalı olmasın. Necə ki, erməni alimləri bütün dünyada qondarma soyqırımla bağlı yalan məlumat yayır, bizimkilər də həqiqəti ortaya qoysun”.
“Soyqırım tarixi araşdırılsın”
Xalq şairi Musa Yaqubun sözlərinə görə, Azərbaycanda 1905, 1918-ci il soyqırımıları, daha sonra 1992-ci il Xocalı soyqırımı barədə həm ölkədə, həm də xaricdə təbliğat daha da gücləndirməlidir: “Qondarma erməni soyqırımının 2015-ci ildə 100 illiyi keçiriləcək. Təxmin etmək olar ki, ermənilər gələn il dünyaya nə yalanlar hayqıracaqlar. İndidən buna hazırlaşırlar. Biz isə bəzən özümüz də soyqırım tariximizdən məlumatsızıq. Əsasən 1918-ci ildə ermənilərin Bakıda, Şamaxıda, Qubada törətdikləri soyqırımla bağlı bəzi məlumatlar var. Amma yaxşı olardı ki, bütün soyqırım tarixi araşdırılsın, faktlar ortaya qoyulsun”.
“1905-ci il soyqırımı az xatırlanır”
Hüquq müdafiəçisi Nazir Quliyevin sözlərinə görə, 24 aprel tarixi ona ilk növbədə qondarma erməni soyqırımını xatırladır. Bu isə ermənilərin bütün dünyada apardıqları geniş təbliğatla əlaqədərdır. O ki qalda ermənilər tərəfindən soyqırıma məruz qalan azərbaycanlıların 1905 və daha sonra 1918-ci ildə yaşadıqlarına, hüquq müdafiəçisi deyir ki “ Mart ayında başlayan proses çərçivəsində oxuduqlarımdan müəyyən məlumatlarla tanışam. Amma bu məlumatlar daha çox 1918-ci ildə ermənilərin törətdiyi soyqırımla bağlıdır. 1905-ci il az xatırlanır, məlumatlar çox azdır”. Məhz bu məlumat azlığına görə, hüquq müdafiəçisi 1905-ci ildə törədilən soyqırımla bağlı heç bir faktı xatırlamayıb.
“Mənə lazım olan Azərbaycan tarixini oxumuşam”
Müğənni Elxan Şirinov soyqırım barədə statistik məlumat verə bilməyəcəyini, ancaq soyqırım tarixi barədə məlumatlı olduğunu bildirib: “Statistik məlumat verə bilmərəm. Ancaq ermənilərin bizə qarşı törətdiyi soyqrımla bağlı məlumatım var, verilişlərə baxıram, mənə lazım olan Azərbaycan tarixini oxumusam. 1988-ci idə sonuncu türk də Ermənistanı tərk etməyə məcbur olub”.
Məlumat azlığının bir səbəbini də təbliğatın zəifliyi ilə əlaqələndirən müğənni “Təbliğat az deyil, ümumiyyətlə yoxdur. 1918- ci ildə törədilən soyqırımla bağlı məlumatlar var, amma 1905-ci illə bağlı bunu demək olmaz. Mən Amerikanşünasam, müəlliməm. Sadəcə təbliğata daha çox ehtiyac var. Dünyada təktərəfli təbliğat gedir. Ermənilər bir nəfəri min nəfər edirlər, biz isə min nəfərimizi bir nəfər kimi göstərə bilmirik. Bizim millət düşmənçiliyini də açıq edir, onlar kimi fəndgirliyi bacarmırıq. Yəqin ki, bir səbəbi də budur. Buna görə heç vaxt “bizi öldürdülər” demirik”.
Maraqlıdır ki, sorğuya cəlb etmək istədiyimiz bəzi sənət adamları sualı eşitdikdən sonra cavabdan yayındılar. Müğənni Elza Seyidcahan sualı dinlədikdən sonra cavab vermək üçün zaman istəsə də daha sonra telefona cavab vermədi. Opera sənətçisi Fidan Haciyeva belə ciddi suala ancaq üzbəüz müsahibədə cavab verməyin mümkün olduğunu bildirdi. Müğənni Eyyub Yaqubovun köməkçisi onun Bakıda olmadığını və sualı cavablandırmaq üçün Bakıya dönüşünü gözləməyi məsləhət gördü.
Elnarə Əlosmanqızı