1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik dəstələri Bakıda, Şamaxıda və Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirərək minlərlə dinc insanı öldürmüş, əmlaklarını müsadirə etmiş, tarixi abidələrini dağıtmışdı. Bolşevik-daşnak hərbi dəstələri Lənkəran qəzasını da talan etmiş, dinc əhali qətlə yetirilmişdi.
Cənubi Qafqazda hakimiyyəti ələ almağa çalışan Şaumyan və onun quldur dəstəsi Lənkəranın mühüm strateji və ərzaq rayonu olmasını nəzərə alaraq bu bölgəni ələ keçirməyi qarşıya məqsəd qoymuşdu. Şaumyan milli qüvvələrin – Sultan bəy Qulubəyov, Aslan Talışinski və baron Osten-Sakerin 1917-ci ildə təşkil etdiyi milli alayı və Lənkəranda yerləşən “Dikaya diviziya”nı tərksilah etməklə bölgəni ələ keçirməyi planlaşdırırdı. Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etmək üçün Şaumyanın sərəncamı və Erməni Milli Şurasının göstərişi ilə Bakıdan 280 nəfər daşnak-bolşevik hərbi dəstəsi Lənkərana göndərildi. 1918-ci ilin aprelindən başlayaraq Lənkəran qəzasına basqın edən bu quldur dəstəsi yol boyu azğınlıq etməklə müsəlman kəndlərini yandırır və dinc əhaliyə divan tuturdu. Bu hadisələrin şahidləri olan yerli sakinlər qeyd edirlər ki, 1917-ci ilin oktyabrından 1918-ci ilin may ayına qədər daşnak dəstəsinə rəhbərlik edən Akopyan Lənkəranda Talış xanının evini özlərinə qərargah etmiş və törətdikləri vəhşiliklərə haqq qazandıraraq deyirdilər ki, guya Lənkəran qəzasını qaçaq-quldurlardan qoruyurlar. Bu məqsədlə onlar dəfələrlə şəhər və kəndləri dənizdən top atəşinə tutmuşdular, yerli əhali əliyalın olduğundan atışma başlayan kimi meşələrə üz tutur, canını zorla qurtarırdı. Bu qırğnların qarşısını almaq üçün danışığa gedən Sütəmurdov kəndinin on üç ağsaqqalı yaraqlı dəstənin başçıları ilə belə bir şərt kəsir ki, dinc əhaliyə toxunmayacaqları tədqirdə əvəzində onlara lazım olan ərzağı verəcəklər. Lakin daşnak dəstəsi verdiyi sözə əməl etməmiş, ağsaqqalları ağır işgəncələrlə öldürmüş və torpağa basdırmışdı. Lənkəran qırğınları zamanı daşnaklar yerli müsəlman əhaliyə olmazın zülmlər verərək, onlara müqavimət göstərən müsəlmanları qətlə yetirmiş, meyitlərini yandırmışlar. Hətta bir cavanın kürəyinə qaynar qazan bağlayaraq yeriməyə məcbur etmiş, sonra isə güllələmişlər. Daşnaklar Lənkəran qəzasının 40 kəndində eyni vəhşilikləri törətmiş, şəhərin mərkəzində Qala meydanında yerli sakinləri kütləvi şəkildə qətlə yetirmişlər.
Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov xarici işlər nazirinə yazırdı ki, “Avropa sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Şamaxı, Quba şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Lənkəran və Quba qəzalarında türk-müsəlman əhaliyə qarşı daşnak-bolşevik birləşmələri tərəfindən törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatlar kifayət qədərdir. Lənkəran qəzasında polkovnik Avetisovun silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsində isə polkovnik İllarinoviç başda olmaqla başqa bir dəstə tərəfindən qəzada böyük dağıntı törədilərək azərbaycanlı əhali ucdantutma məhv edilmişdir. Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq xarabazarlığa çevrilmiş, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur olmuşdu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri “Aleksandr Jandar” gəmisi tərəfindən top atəşinə tutulmuşdu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddət etmişdi”.
Lənkəran qəzasında ermənilərin müsəlmanlara qarşı soyqırımı 1918-ci ilin yanvarında başlamışdır. Belə ki, yanvar ayında İrandan qayıdan rus dəstələrinin tərkibindəki ermənilər Astarada yerli camaatı top atəşinə tutdu. Əliyalın əhali müqavimət göstərə bilməmiş və meşələrə çəkilmişdi. Erməni əsgərləri rus əsgərlərini də yerli əhaliyə qarşı zorakılıq törətməyə təhrik edirdilər. Ermənilərin Astarada törətdikləri Lənkəran camaatını bərk qorxuya saldı. Çünki Lənkəranda hər cür silah-sursata malik iki mindən artıq qeyri-millətdən olan əsgər və zabit var idi. Rus əsgərləri həmin silah və sursatı Avetisovun erməni və bolşevik əhvali-ruhiyyəli əsgərlərinə payladılar. Yerli camaat başa düşürdü ki, silah əldə etmədən bu hərbi birləşmələrin öhdəsindən gəlmək mümkün deyil. İrandan rus əsgərlərini Lənkəran limanına gətirən “Milyutin” gəmisində silah-sursatın olması haqqında məlumat milli qüvvələrə rəhbərlik edən İbrahim bəy Şahtaxtinskiyə çatdırıldı. Şahtaxtinski qənimət olaraq 6 ədəd pulemyot, 800 tüfəng, 850 min patron və 10 yeşik bomba ələ keçirdi. Mircavad bəy Talışinskinin Ərkivandan göndərdiyi atlı dəstə də gəmidəki silahın ələ keçirilməsinə lazım olan yardımı göstərdi. Amma düşmən çox güclü idi. Bakıdan Şaumyan hakimiyyəti Lənkəran qəzasını əldə saxlamaq üçün hər cür cinayətə əl atırdı.
Daşnaklar evlərə girib bəzən bütün ailəni məhv edir, hamilə qadınlara, qocalara belə rəhm etmirdilər. Bir gün ərzində Gərmətük kəndində 70, Mamusta kəndində 30, Kərgəlan kəndində 30, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20 günahsız insan faciənin qurbanı oldu. Lənkəran şəhəri və ətraf kəndlərin əhalisi Osakücə meşələrinə çəkilərək özlərini qorumaq üçün sığınacaq tapmışdılar. Ara sakitləşəndən sonra ev-eşiklərinə qayıtmış şəhər camaatı erməni vəhşiliyinin bir daha şahidi oldu. Evlər top mərmisi ilə dağıdılmış, dükanlar qarət və talan edilmişdi. Öldürülmüş və dənizə atılmış insan cəsədləri üzərində erməni vəhşiliyinin və qəddarlığının bütün əlamətlərini görmək mümkün idi. Avetisovun daşnak dəstəsi hərbi paroxoddan Lənkəran şəhərini top atəşinə tutmuş, nəticədə Kiçikbazar məscidinin divarının bir tərəfi mərmi ilə dağılmışdı.
Lənkəran qəzasında daşnakların vəhşilikləri haqqında Fövqəladə Təhqiqat Komissiyasına Xədicə İsmayıl qızı öz ifadəsində qeyd edir: “Mart hadisələrindən sonra mən Lənkərana getmişdim və iki həftə sonra Bakıya qayıtdım. Bakı alınmamışdan əvvəl iki min daşnak-bolşevik əsgəri Lənkərana gəldi və özbaşınalıq etməyə, müsəlman əhalini ələ salmağa başladı. Onlar yeməkxanalara girir, yeyib-içir və pulunu ödəmədən çıxıb gedirdilər, çörək alır, pulunu vermirdilər. Türklərdən müdafiə olunmaq üçün müsəlmanları səngər qazmağa məcbur edirdilər. Vəziyyət o həddə çatmışdı ki, ermənilər məhərrəmlik zamanı müsəlmanlara məscidlərə girməyi qadağan etmişdilər. Bu qırğınlar nəticəsində ermənilər bölgədə yüzlərlə ev dağıtmış və minlərlə günahsız insanın həyatına son qoymuşdur. Nəticədə 1919-cu ilin avqustuna, “Molokan qiyamı” yatırılana qədər qəzada erməni və rus birləşmələri tərəfindən iki min insan qətlə yetirilmişdi.
Erməni hərbi birləşmələri Lənkəran qəzasında müsəlman əhaliyə qarşı öz cinayətkar əməllərindən əl çəkməyərək törətdikləri qırğınların miqyasını günü-gündən genişləndirirdilər. Bu qırğınların qarşısını almaq üçün 1918-ci il noyabrın 1-də Müsəlman Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Teymurbəy Bayraməlibəyov Bakıda Qafqaz-İslam Ordusunun baş komandanı Nuru paşanın qəbulunda oldu. O, Avetisovun (Avetisov Qafqaz İslam Ordusunun Bakıya hücumu zamanı Sentrokaspi diktaturası qüvvələrinə rəhbərlik edirdi – A.İ.) quldur dəstəsinin özbaşınalığı haqqında məlumat vermiş və lənkəranlıların bu ağır vəziyyətdən qurtarmasını xahiş etmişdi. Görüşdə Nuru paşa lənkəranlıları səlahiyyətli nümayəndəsinə bildirir ki, türklər sizə hərtərəfli kömək göstərərək adıçəkilən dəstənin bütün özbaşınalığının qarşısını alacaqlar. Sonda Nuru paşa bildirmişdi ki, müsəlmanlara çatdırın ki, onlar çox da gözləməyəcəklər. Lakin təəssüflər olsun ki, Qafqaz İslam Ordusu Lənkəran qəzasını daşnak-bolşevik dəstələrindən azad edə bilmədi. Məlum olduğu kimi, 1918-ci ilin oktyabrında Mudros barışığına görə Osmanlı dövləti məğlub dövlət elan olundu. Müqaviləyə görə, Osmanlı ordusu Cənubi Qafqazı tərk etməli, müttəfiqlərin adından ingilis qoşunları bu əraziyə daxil olmalı idi. Osmanlı ordusu Azərbaycanı tərk etdikdən sonra ermənilərin qəzada özbaşınalığı daha da artdı.
Bu qırğınların qarşısını almaq üçün 1918-ci il noyabrın 14-də qəza nümayəndələri Teymur bəy Bayraməlibəyov, Axund Molla Əli Tağızadə və Yusif Qəribzadə İrandakı Böyük Britaniya konsulu Hevelke ilə görüşərək Avetisovun başçılığı altında erməni silahlı dəstələrinin Muğanda və Lənkəranda dinc əhaliyə divan tutduğuna dair sənədləri ona təqdim etdilər. Nümayəndə heyəti ingilis konsulundan erməni silahlı dəstələrinin hərəkətlərinin qarşısını almağa yardımçı olmağı xahiş etdilər.
Lakin ingilis konsulu əhaliyə yardım edə bilmədi. Qəzada ermənilərin dinc əhaliyə qarşı qırğınları davam edirdi. Lənkəranda ermənilərin törətdikləri qarətlərin, qırğınların qarşısını almaq məqsədilə 1918-ci il dekabrın 28-də Teymur bəy Bayraməlibəyovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda general Tomsonla görüşərək ermənilərin müsəlmanlara divan tutmaları haqqında məlumat verərək, qəzanın bu qüvvələrdən təmizlənməsini və qəzanın Azərbaycanla yenidən birləşdirilməsi haqqında tədbirlər görülməsini xahiş etdi”.
Lənkəran qəzasında erməni hərbi dəstələrinin dinc müsəlman əhaliyə qarşı törətdiyi soyqırımı faktları ilə bağlı 1919-cu ilin yanvarında Məhəmməd Əmin Rəsulzadə parlamentdəki çıxışında deyirdi: “…Burada yenə imdad naləsi eşidiriz. Binaən-ileyh Azərbaycan hökuməti məsələnin sülh konfransı tərəfindən həllinə və Qafqaziya millətləri bir yerə yığışıb ixtilafi bitirməsinədək millətdaşımızın və irqdaşımızın düçar olduqları ələmlərini yüngülləşdirməlidir. Yalnız ora (İrəvan) deyil, Lənkəran müsəlmanları da bu haldadırlar. Azərbaycan parlamenti bu dərəcə zülm və qəddarlara düçar olan qardaşlarımıza müavinətini əsirgəməz: vətənin ayrılmaz bir cüzini təşkil edən və paytaxtımızın böyründə bulunan Lənkəran uyezdinin bir takım özübaşına şəbilər əlində hər növ zülm və cəbrlərə məruz qaldığı, bura müsəlman əhalinin min türlü təcavüzlərə, işgəncələrə, haqsızlıqlara giriftar olduqları, Muğan Cümhuriyyəti adı ilə tuğyan edən şəbilərin kəndlilərini Muğan hökumətini tanımağa icbar eylədikləri hökumətə məlum olmaya bilməz. Hökumətin bu zavallı uyezdi, bu qəddar şəbilər təsəllüətindən qurtarmaq üçün nə kimi tədbirlərə müraciət eylədiyini bilmək istəriz”.
Parlamentin iclasında çıxış edən Lənkəran nümayəndəsi Hacı Molla Səlim Axundzadə Lənkəran qəzası ilə bağlı məruzəsində qeyd edirdi: “Lənkəranda xərabə və payimal olmayan bir ev mövcud deyil, Lənkəranın vəziyyətini mülahizə edən insanın ürəyi ya gərək erməni ürəyi və ya xaxol ürəyi, yainki gərək daş olsun.
Şəhərimizin ulu zənginlərindən Əsgər xan Talışinski İran guşələrində qalıb öldü. İmarətləri təmamən qarət edilib viran edildi. İmarəti də bilmərrə yanıb kül oldu. Buna da iktifa etməyib əvvəllərdə ermənilər, sonralar da xaxollar o gözəl imarətləri at və heyvan yatağı qərar verdilər. Habelə İsa bəy Əlibəyovun da evi bilmərrə zirü və zəbərdir. Əgər bu təriqlə adbaad Lənkəran şəhərinin xarabalarını siyahı eyləmək lazımdır ki, hamı əhalinin adların bir-bir zikr edəm. Lənkəran, deməli, ikinci Şirvandır. Amma bu qədər deyə bilərəm ki, qalada Tura xanımın imarətindən başqa cəmi erməni, rus evləri abad və avadanlıqları salamatdır”.
Hacı Molla Səlim Axundzadə parlamentdəki digər bir nitqində qeyd edirdi: “Cənab məbuslar! Lənkəranda edilən zülmə dəxi əhalinin davamı yoxdur. Üstüörtülü ərz edirəm: bu saat Lənkəranda evlərə girib hər şey edirlər. İrzi-namus əl-ayaq altında gedir. Gecələr birisinin evinə girirlər. Ev sahibi evində nələr olduğunu utandığından heç kəsə açıb söyləyə bilmir. Lənkəran buradan 12 saatlıq yoldur. Əgər istəyirsiniz hər firqədən bir nümayəndə olaraq bir komissiya göndəriniz, gedib bu işləri yerində təhqiq eləsin. Həqiqətdə irzi-namus gedir”.
Lənkəran qəzasında ermənilərin törətdiyi vəhşiliklə bağlı Nəsib bəy Yusifbəyli parlamentdə çıxışında qeyd edirdi: “Məlumunuzdur ki, Azərbaycanın ayrılmaz bir hissəsini təşkil edən Lənkəran qəzası hələ yabançılar əlindədir. 100 minə qədər vətəndaşımızın həyatı təhlükə qarşısındadır”.
Ermənilərin Lənkəran qəzasında törətdikləri vəhşiliklər haqqında məlumatlar 1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzetinin səhifələrində də öz əksini tapmışdır. Qəzet yazır: “Lənkəranda erməni silahlı dəstələri müsəlmanlar arasında səbəbsiz axtarışlar və həbsləri davam etdirməklə hər gecə neçə günahsız ailəni bədbəxt edirlər. Yalan xəbərlər və əsassız şübhələr ilə ermənilər müsəlmanların evlərini axtarır, onları hər cür təhqir edir və həbs etdirirdilər. Həbsxanaya apararkən yolda guya qaçmaq istədiklərini bəhanə edərək onları güllələyirdilər. Onlar əsassız ittihamlarla arvadlı-uşaqlı bütün ailəni tutub həbs etdirirdilər. Adamları sorğu-sualsız öldürürdülər. Avetisovun əsgərlərinin müsəlmanlar haqqında etdikləri vəhşilik və zülmlər sayəsində çoxlu sayda şəhər sakini öldürülmüşdü. Qorxu və vahimə içərisində olan camaat küçəyə çıxmaqdan qorxaraq evlərdə gizlənirdi”.
Lənkəranda İllarinoviçin kəşfiyyat dəstəsinin etdiyi biabırçılıqları qələmə alan T.Bayraməlibəyov “Azərbaycan” qəzetinin 10 noyabr 1918-ci il tarixli 31-ci sayında çap etdirdiyi məlumat xarakterli məqaləsində yazırdı: “Lənkəranda Avetisovun soyğunçu dəstəsini İllarinoviçin rüsvayçılıqlar törədən kəşfiyyat dəstəsi əvəz etdi. Bu dəstə əhalinin asayişini qorumaq əvəzinə evlərə basqın edir, müsəlmanları soyur, öldürür, qadınların ismətinə toxunur, onları özləri ilə aparırlar.
Müsəlmanların vəziyyəti dözülməzdir, çünki onların əlindən hər cür silahlar, hətta tüfəngləri də alınmışdır. Bütün silahlarını quldurbaşı İlyaşeviçə təhvil verən əhali yanıldığını sonradan anlamışdır. Gec də olsa, başa düşmüşdü ki, o, qəddar, zalım, rəhmsiz və tülkü cildinə girmiş adam olsa da, əslində, canavar xislətli yırtıcıdır”.
Yerli əhalinin vəziyyətinin günü-gündən ağırlaşdığını Teymur bəy “Azərbaycan” qəzetinin 15 noyabr 1918-ci il tarixli 36-cı sayında çap etdirdiyi məqaləsində təsvir edərək yazırdı: “Avetisovun dəstəsi hakimiyyətin ona hər cür imkan verməsindən istifadə edərək bu günə qədər heç bir maneçiliyə rast gəlmədən evlərdə yoxlama aparmağı, mənzilləri qarət etməyi, köməksiz müsəlmanları tutmağı, lazım gələrsə, öldürməyi davam etdirir”. Avetisovun qoşunu əvvəlki kimi xalqı soyub talamaqda və müsəlmanları qətl, qarət etməkdə davam edir, adamlar günahsız həbs olunurdu. Avetisovun erməni dəstəsinin dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımına bir hadisəni misal göstərmək olar. Noyabrın ilk günlərində beş silahlı erməni guya evlərdə gizlədilmiş silahları tapmaq bəhanəsi ilə gecə Əkbər Qəribov və Xəlil Nəcəfqulu oğlunun mənzillərinə basqın edərək heç bir günahı olmayan ev sahiblərini öldürmüş, qızıl və digər qiymətli əşyaları götürüb getmişlər. Bu hadisənin şahidi olan qonşular silahlı soyğunçular tərəfindən öldürüləcəklərindən ehtiyat etdiklərinə görə onlara kömək edə bilməmişlər”. Avetisovun dəstəsi müsəlmanların əlindən taxıl zəmilərini almış, Xırmandalı, Əminli, Qədirli, Qarğalıq, Körəkli, Əlişanlı, Təklə, Hüseyn Hacılı, Həsənli, Yeddioymaq kəndləri ermənilər tərəfindən yandırılmışdı. Əlişanlı, Xıl və Yeddioymaq kəndlərində olan əkin yerləri də müsəlmanların əlindən alınmışdı. Alınmış əkin sahələri bu yerlərə köçürülmüş mühacir ruslara verilmiş, adları çəkilən kəndlərin əhalisi isə evsiz-eşiksiz, torpaqsız və müdafiəsiz qalmışdılar. Ağır güzaran keçirən kəndlilər öz kəndlərinə, öz evlərinə qayıtmaq istəyirdilər. Lakin onlara ciddi şəkildə xəbərdarlıq edilmişdi ki, bir daha öz yerlərinə qayıtmasınlar. Əlacsız və çətin vəziyyətdə qalan Lənkəran müsəlmanları nicat yolunu Azərbaycan Ordusunun birliyində, gücündə, iradə möhkəmliyində görür və ümid edirdilər ki, bu ordunun köməyi ilə onlar azadlığa çıxacaq və evlərinə qayıda biləcəklər.
“Azərbaycan” qəzeti 18 noyabr 1918-ci il tarixli nömrəsində yazırdı: “Dəhşətlər, biabırçılıqlar törədən və cəzasız qalan Avetisovun hər gün qan tökən quldur dəstəsi buradan getməsə, yerli əhali, xüsusilə müsəlmanlar bundan sonra öz halal dədə-baba torpaqlarında rahat yaşaya bilməzlər. Noyabr ayında ingilis əsgərinin Lənkərana gələcəyi gözlənilir. Eyni zamanda ingilis əsgərlərinin Avetisovun dəstəsi ilə birləşəcəyi barədə şayiələr dolaşmaqdadır. Bu xəbəri eşidən yerli əhali böyük narahatlıqlar keçirir və yazırlar ki, Avetisovun əsgərləri Lənkərandan getməyincə müsəlmanlar öz evlərində rahat nəfəs ala bilməyəcəklər. Yerli əhalinin cürbəcür dəhşətlərdən, faciələrdən və hədsiz qanunsuzluqlardan xilas olması üçün Avetisovun dəstəsinin buranı tərk etməsi vacibdir. Yerli əhaliyə olan bu haqsızlıqları xalq cümhuriyyətinə çatdırmaq üçün Lənkəran müsəlmanlarının nümayəndə heyəti Bakıya gedərək, 1918-ci ilin noyabrın 19-da xarici işlər naziri ilə görüşərək, Lənkəran nahiyəsində müsəlman əhalinin Avetisovun dəstəsi tərəfindən min cür təhqirlərə və əziyyətlərə məruz qalmaları barədə məlumat verərək, nazirdən Şimali İran ordusunun baş komandanı general Tomsonun köməyilə Avetisovun dəstəsinin oradan çıxarılmasına təşəbbüs etməsini xahiş etmişlərdir”.
“Azərbaycan” qəzetinin 4 yanvar 1919-cu il tarixli 3-cü sayında deyilir: “Lənkəran əyalətindəki müsəlmanlara vəkil edilmiş Teymur bəy Bayraməlibəyov yanvarın 2-də Azərbaycan Nazirlər Sovetinin sədrinə ərizə ilə müraciət etmişdir. Ərizədə deyilir: “Hər yerdə qəsbkarlıq, özbaşınalıq, zorakılıq baş alıb gedir. Bədbəxt müsəlmanlar həyatda yaşamaq üçün heç yerdə özlərinə sığınacaq tapa bilmirlər. Lənkəranlıların acınacaqlı vəziyyətini nəzərə alaraq Dövlətlər İttifaqının Qərargahı ərazidə qanun-qayda yaratmaq və Lənkəranın Azərbaycan hökumətinin tabeliyinə keçənədək buradakı vəziyyəti nəzarətdə saxlamaq üçün üç zabit və 30 ingilis əsgərindən ibarət kiçik bir dəstə ezam edilsə, qəzada ədalətsizliyə, yersiz təqiblərə son qoyular”.
“Azərbaycan” qəzetinin 14 mart 1919-cu il tarixli nömrəsində Lənkəran qəzasının ümumi vəziyyəti şərh edilərək qeyd olunur ki, “mart hadisələrindən sonra Lənkərana bolşeviklərlə bərabər erməni daşnakları da gəldilər. Bundan sonra erməni Avetisovun başçılığı ilə daşnak hərbi hissələri müsəlman kəndlərinin axırına çıxdılar. Olmazın zülmlər, əziyyətlər verdilər. Yollar kəsildi. Əhali şikayət etməyə bir yer tapmadı. Türklər Bakıya gəldikləri zaman Muğan ətrafının bolşevikləri ilə əlaqələri kəsildi. Buradakı sərsərilər “Muğan hökuməti” adı ilə dağıdıcı bir qurum düzəltməklə müsəlmanları soymağa və qırmağa başladılar” .
Lənkəran qəzasında daşnakların törətdikləri qırğınlara 1919-cu ilin yayında Camal paşanın komandanlığı ilə türk ordusunun və Azərbaycan Milli Ordusunun Lənkəran qəzasına daxil olmasından sonra son qoyuldu. Lənkəran qəzasının milli qüvvələrin əlinə keçməsi ilə əhali qırğından, talanlardan xilas oldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Anar İSGƏNDƏROV,
tarix elmləri doktoru, professor
Azərbaycan qəzeti, 31 mart 2017-ci il