XX əsrin əvvəllərində başlayaraq ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər Azərbaycan tarixində ən qanlı hadisələrdən biri kimi yaddaşımızda silinməz izlər buraxmışdır. Bu dövrdə baş vermiş hadisələr nəticəsində on minlərlə dinc soydaşımız bolşeviklərin havadarlığı ilə erməni daşnak quldur dəstələri tərəfindən soyqırıma məruz qalmışdı. 1918-ci ilin martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik rəhbərliyinin fəal iştirakı ilə törədilmiş dəhşətli qırğın nəticəsində dilindən, dinindən, cinsində, mənşəyindən asılı oplmayaraq minlərlə dinc əhali öldürülmüş, təhqir və işgəncələrə məruz qalmışdı. Bu qanlı hadisə tezliklə Bakı hüdudlarından kənara çıxmış, bolşevik- daşnak quldur dəstələri bi sıra Azərbaycan qəzalarında olduğu kimi, Lənkəran qəzasını da talan etmiş, dinc əhali amansızcasına öldürülmüşdü.
Bu dövrdə C ənubi Qafqazda hakimiyyəti ələ almağa çalışan Şaumyan və onun quldur dəstəsi Lənkəranın mühüm strateji və ərzaq rayonu olmasını nəzərə alaraq,
Bu bölgəni ələ keçirməyi qarşıya məqsəd qoymuşdu. Lənkəran qəzasını ələ keçirməyə çalışan Şaumyanın əsas məqsədlərindən biri, milli qüvvələrin – Sultan bəy Qulubəyov, Aslan Talışinski və baron Osten-Sakerin 1917-ci ildə təşkil etdiyi milli alayı və Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etməklə, bölgəni tam şəkildə ələ keçirmək idi. Lənkəranda olan “Dikaya diviziya”nı tərk-silah etmək üçün, Şaumyanın sərəncamı və Erməni Milli Şurasının göstərişi ilə tərkibində erməni fəhlələrindən təşkil olunmuş 280 nəfərlik Bakıdakı bolşevik-erməni daşnak qüvvələri Lənkərana göndərilmişdi. 1918-ci ilin aprelindən başlayaraq Lənkəran qəzasına basqın edən bu quldur dəstə yolboyu azğınlıq etməklə müsəlman kəndlərini dağıdaraq yandırmış və Lənkəran əhalisinə divan tutmuşdu. Bu hadisələrin şahidləri olan yerli sakinlər qeyd edirlər ki, 1917-ci ilin oktyabrından 1918-ci ilin may ayına qədərki bir müddət ərzində denikinçi komandan Şevkunovun quldur dəstəsinə rəhbərlik edən daşnak Akopyan və ermənipərəst eser Sinayev Lənkəranda Talış xanının evini özlərinə qərargah etmiş və törətdikləri vəhşiliklərə belə haqq qazandırırdılar ki, guya Lənkəran qəzasını qaçaq-quldurlardan qoruyurlar. Bu məqsədlə onlar dəfələrlə şəhər və kəndləri dənizdən top atəşinə tutmuş, sakinlər əliyalın olduğundan, atışma başlayan kimi meşələrə üz tutmuşdular. Bu qırğnların qarşısını almaq üçün danışığa gedən Sütəmurdov kəndinin 13 ağsaqqalı yaraqlı dəstənin başçıları ilə belə bir şərt kəsirlər ki, dinc əhaliyə toxunmayacaqları tədqirdə, əvəzində onlara lazım olan ərzağı verəcəklər. Lakin bu təklifə baxmayaraq quldur dəstəsi, onları öldürərək, qılıncla tikə-tikə doğrayıb və bir yeşikdə torpağa basdırırlar. Sütəmurdov kənd ağsaqqalı Nəcəf Nəcəfovun babası da bu erməni vəhşiliklərinin qurbanı olur. Lənkəran qırğınları zamanı hərbçilər arasında olan erməni millətçiləri yerli müsəlman əhaliyə olmazın zülmlər verərək, qız-gəlinlərə qarşı nalayiq hərəkətlər etmiş, onlara müqavimət göstərən müsəlmanları öldürmüş, meyidlərini yandırmışlar. Hətta bir cavanın kürəyinə qaynar qazan bağlayaraq yeriməyə məcbur edibl, sonra isə güllələmişlər. Daşnaklar Lənkəran qəzasının 40 kəndində eyni vəhşilikləri törətmiş, şəhərin mərkəzində qala meydanında yerli sakinlər kütləvi şəkildə qətlə yetirmişdilər.
1918-ci ilin avqustun əvvəllərindən ingilis hərbiçilərinin hərtərəfli köməyi ilə “beşlər diktaturası”nın ağ ordusu Lənkəran qəzasını ələ keçirməklə bölgəyə sahib olmuş və bu ərazini nəzarətdə saxlamaq üçün İlyaşeviçin 10 min, polkovnik erməni Makarovun 3 min, polkovnik Avetisovun (gənctürklər ordusunun Bakıya hücumu qarşısında duruş gətirə bilməyərək ordunu başsız qoyub qaçan, türklərin qatı düşməni, Bakı cəbhəsinin keçmiş komandanı Avetisov sonralar Prişibdə öldürülmüşdü – red.) 2 min nəfərlik ordusuna havadarlıq etmiş, bu qüvvələrin qəzada vəhşiliyi, zülm, özbaşnalığı, qətil və qarəti görünməmiş şəkildə artmış, 1919-cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər Lənkəran qəzasında erməni-bolşevik yaraqlı birləşmələri tərəfindən 2 min insan qətlə yetirilmişdi.
Bu məlumatlar 1918-ci il mart soyqırımı ilə bağlı yaradılmış Fövqəladə Təhqiqat Komissiyanın hesabatlarında öz əksini tapmışdı. Komissiyanın sədri Ə.Xasməmmədov xarici işlər nazirinə yazırdı ki, Lənkəran qəzasında polkovnik Avetisovun silahlı quldur dəstələri Cavad qəzasının bir hissəsində isə polkovnik İllarinoviç başda olmaqla başqa bir dəstə böyük dağıntı törədərək müsəlman əhalini ucdantutma məhv etmişdir. Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edilmiş, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur olmuşdular. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri “Aleksandr Yander” gəmisi tərəfindən top atəşinə tutulmuşdur. Ümumilikdə, erməni millətçiləri 1918-ci ilin mart ayına qədər Lənkəranın 40 kəndində dinc sakinləri vəhşiliklə qətlə yetirmişlər. Sovet tarixşünaslığı tarixi həqiqətləri gizlətməyə çalışaraq, bu qanlı hadisələrə belə bir izahat verirdi ki, güya “millətçilər zəhmətkeşlərin diqqətini sinifi mübarizədən yayındırmaq məqsədi ilə Zaqafqaziyanın çox yerində milli ədavət törətdikləri kimi Lənkəran qəzasında da belə ədavət törətmişdilər. Müsavatçılar, eserlər və qeyriləri bu ədavətin əsas təşkilatçıları olmuşlar. Milli ədavətin nətiçəsində qəzada 40-a yaxın kənd yandırılmış, yüzlərlə günahsız adam, habelə qadınlar və uşaqlar məhv edilmişdi”. Göründüyü kimi sovet tarixşünaslığı milli qüvvələri bu qırğınların səbəbkarı kimi göstərməklə, bölgədə bolşeviklərin havadarlığı ilə ermənilərin törətdikləri soyqırımı gizlətmiş və təhrif etmişdilər.
Arxiv mənbələrinin birində qeyd edilir ki, “gənctürklər qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, yediklərinin pulunu vermir, özlərini Osmanlı türklərindən qorumaq üçün onları səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyyələrini keçirməyə mane olmuşdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət etmiş, məscidi isə yandırmaq istəmişlər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtmış və minlərlə günahsız insanın həyatına son qoymuşdular”.
Lənkəran qəzasında erməni millətçiləri Azərbaycan xalqına qarşı öz cinayətkar əməllərindən əl çəkməyərək törətdikləri qırğınların miqyasını günü-gündən genişləndirirdilər. Bu qırğınların qarşısının alınması üçün 1918-ci il noyabrın 1-də müsəlman cəmiyyətinin səlahiyyətli nümayəndəsi Teymurbəy Bayraməlibəyov Bakıda olan Türk ordusunun baş komandanı Nuru Paşanın qəbulunda olmuşdu. O, daşnak Avetisovun quldur dəstəsinin özbaşınalığı haqqında ona məlumat vermiş və lənkəranlıların bu ağır vəziyyətdən qurtarmasını ondan хahiş etmişdi. Görüşdə Nuru Paşa lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirmişdi ki, türklər lənkəranlılara hərtərəfli köməklik göstəcək və adıçəkilən dəstənin bütün özbaşınalığının qarşısı alınacaqdır.
1918-ci ilin noyabrın 11-də Mudros sazişi bağlandıqdan sonra erməni millətçilərinin qəzada özbaşınalığı və qırğınları daha da artmışdı. Bu qırğınların qarşısının alınması üçün 1918-ci il noyabrın 14-də görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyov, Axund Molla Əli Tağızadə və Yusif Qəribzadə ilə birlikdə İrandakı Böyük Britaniya konsulu Hevelke ilə görüşürlər. Nümayəndələr Avetisovun başçılığı altında erməni silahlı dəstələrin Muğanda və Lənkəranda dinc əhaliyə divan tutduğuna dair sənədləri Hevelkeyə təqdim edir, ingilis ordusunun Azərbaycana gəlişi ilə erməni silahlı dəstələrinin qəddarlığının arta biləcəyi ehtimalını konsula söyləyirlər.Bütün bunlara baxmayaraq Lənkəran qəzasında ermənilərin dinc əhaliyə qarşı qırğınları hələ də davam edirdi. Lənkəranda ermənilərin və denikinçi qüvvələrin törətdikləri qarətlərin, qırğınların qarşısını almaq məqsədilə 1918-i il dekabrın 28-də Teymur bəy Bayraməlibəyovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda general Tomsonla görüşərək erməni millətçilərinin, denikinçilərin qəzanı bərbad hala saldıqlarını, müsəlman əhaliyə divan tutmaları haqqında ona məlumat verərək, bölgənin bu qüvvələrdən təmizlənməsini və onun Azərbaycanla yenidən birləşdirilməsi haqqında tədbirlər görülməsini xahiş edir.
Erməni millətçilərinin Lənkəran qəzasında törətdikləri vəhşiliklər haqqında məlumatlar 1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzetinin səhifələrində öz əksini tapmışdı. Qəzetdə gedən yazılarda qeyd edilirdi ki,“Lənkəranda erməni silahlı dəstələri müsəlmanlar arasında səbəbsiz axtarışlar və həbsləri davan etdirməklə hər gecə neçə günahsız ailəni bədbəxt edirlər”. Başqa yazıda isə göstərilirdi ki, “yalan xəbərlər və əsassız şübhələr ilə ermənilər müsəlmanların evlərini axtarır, onları hər cür təhqir edir və həbs etdirirdilər. Həbsxanaya apararkən, yolda güya qaçmaq istədiklərini bəhanə edərək, onları güllələyirdilər. Onlar əsassız ittihamlarla arvadlı-uşaqlı bütün ailəni tutub həbs etdirirdilər. Avetisovun əsgərləri müsəlmanlara qarçı vəhşilik və zülmlər etmiş, çoxlu sayda şəhər sakini öldürmüşdülər. Qorxu və vahimə içərisində olan camaat küçəyə çıxmaqdan qorxaraq evlərdə gizlənmişdilər”. Bu dövrdə daşnak Avetisovon dəstəsi əvvəlki kimi xalqı soyub talamaqda və müsəlmanları qətl, qarət etməkdə davam edirdi. Belə ki, bu dəstə yerli müsəlmanların əlindən taxıl zəmilərini almış, Xırmandalı, Əminli, Qədirli, Qarğalıq, Körəkli, Əlişanlı, Təklə, Hüseyn Hacılı, Həsənli,Yeddioymaq kəndlərini yandırmışdılar.
Belə bir zamanda əlacsız və çətin vəziyyətdə qalan Lənkəran müsəlmanları nicat yolunu Azərbaycan ordusunun birliyində, gücündə, iradə möhkəmliyində görür və ümid edirdilər ki, bu ordunun köməyi ilə onlar azadlığa çıxacaq və evlərinə qayıda biləcəklər.
T.Bayraməlibəyov “Azərbaycan” qəzetinin 18 noyabr 1918-ci il tarixli 39-cu sayında yazırdı: “Dəhşətlər, biabırçılıqlar törədən və cəzasız qalan Avetisovun hər gün qan tökən quldur dəstəsi buradan getməsə, yerli əhali, xüsusilə müsəlmanlar bundan sonra öz halal dədə-baba torpaqlarında rahat yaşaya bilməzlər”.
İki ilə yaxın bir müddət ərzində Lənkəran qəzasında erməni millətçilərinin törətdikləri qırğınlara 1919-cu ilin yayında – Camal Paşanın komandanlığı ilə türk ordusunun və Azərbaycan Milli Ordusunun Lənkəran qəzasına daxil olması ilə son qoyuldu. Qəzanın milli qüvvələrin nəzarətinə keçməsi nəticəsində, əhali qırğından, talanlardan xilas oldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
B.B.KƏRİMOV,
tarix üzrə fəlsəfə doktoru
АМЕА, Milli Azərbaycan Tarixi Muzeyində,
“Xarici əlaqələr və elmi kütləvi iş”şöbəsinin aparıcı elmi işçisi
Mənbə: BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ . №2 Humanitar elmlər seriyası 2012 Səh.151-160