Tarixə nəzər saldıqda biz belə bir qanunauyğunluğun şahidi oluruq ki, harada pul, var-dövlət əldə etmək olarsa, ermənilər hamıdan əvvəl orada peyda olur. Əvvəlcə özlərini yazıq, mağmın, zavallı, sözəbaxan işbazlar kimi göstərir, sonra isə özlərinə yer etdikcə quduzlaşır, başqalarına diş göstərirlər.
Məhz ermənilərin Bakıda görünməsi, möhkəmlənməsi, Bakının düz göbəyində öz kilsələrini tikdirmələri 1905-ci və 1918-ci illərdə və sonralar Bakıda bu yerin həqiqi sakinlərinə qarşı törətdikləri qırğınlar dediyimizə əyani sübutdur.
Hələ 1907-ci ilin avqustunda Yelizavetpol (Gəncə) qubernatoru A. Kaçalov Qafqaz Canişininə daşnaksutyunla bağlı geniş məruzələrindən birində erməni psixologiyasını belə səciyyələndirmişdi: “Millətçilik erməni xalqının çox dərinlərdən gələn başlıca milli xüsusiyyətidir. Hər bir erməni özünü hamıdan – rusdan, gürcüdən, tatardan (azərbaycanlıdan – A. P.) yüksək, ağıllı, bic, xeyirxah və bacarıqlı hesab edir… Millətçilik, öz dininə, dilinə sədaqət, acgözlük, ehtiyatlılıq, hər şeyə qadir pula inam, var-dövlət və kapital qarşısında səcdanı kult dərəcəsinə qaldırmaq – bax budur erməni psixologiyasının başlıca xüsusiyyətləri” (Rusiya Federasiyası Dövlət Tarix arxivi (RDFTA) f. 841, siy. 7, iş 290, vər. 38).
XIX əsrin axırları XX əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətlə inkişafı, Bakının dünyanın ən iri neft mərkəzinə çevrilməsi ermənilərin kütləvi surətdə bu şəhərə axınına səbəb olur. Özlərinin xristian dininə etiqadlarına və həmişə Rusiya hökuməti qarşısında müti və Şərq siyasətində Rusiya hökuməti əlində bir alət olduqlarına istinad edən ermənilər hökumətdən Bakı neft sənayesində böyük imtiyazlar ala bilir və qısa bir vaxtda demək olar ki, Bakı neftinin əsas sahibkarlarından birinə çevrilirlər. İş o yerə çatır ki, Bakı neft sənayeçiləri qurultayına rəhbərliyi tamamilə ermənilər öz əllərinə keçirir və burada istədiklərini diktə edirlər.
XX əsrin əvvəllərində Rusiyada sənayenin sürətlə inkişafı, Sənaye proletariatının yaranmasına və onun inqilabi mübarizəsinin yüksəlməsinə də təkan verdi. Çar Rusiyasının əsas sənaye rayonlarından olan Bakıda da sənaye proletariatı və onun inqilabi təşkilatları, xüsusilə sosial-demokrat təşkilatları yaranır. Bakı neft sənayesində konsepsiyalar əldə edən erməni varlıları ilə yanaşı, özünə iş axtaran erməni yoxsulları da fəhlə sifətilə artıq XIX əsrin axırlarından Bakı neft mədənlərində sürətlə artmağa başlayır və artıq XX əsrin əvvəllərində Bakı neft sənayesi fəhlələri arasında erməni fəhlələrinin sayının artması xüsusilə nəzərə çarpırdı.
Onlar Bakıda yaranmış bir sıra inqilabi təşkilatların və o cümlədən sosial-demokratik təşkilatlarının fəal üzvlərinə çevrilirlər. Birinci rus inqilabı ərəfəsində sosial-demokratların nüfuzunun Bakı fəhlələri arasında artdığını görən daşnaklar bu vəziyyətdən məharətlə istifadə edir və tezliklə sosial-demokratlarla yaxınlaşırlar.
Erməni fəhlələri arasında sosial-demokratiya ideyalarını yaymaqla “Daşnaksutyun” partiyası onlar arasında öz nüfuzunu qorumağa və sosial-demokrat ideyalarından öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Erməni millətinə xas olan xüsusiyyətlərdən biri odur ki, onlar hər hansı partiyaya daxil olsalar belə, ilk növbədə ondan öz məqsədləri üçün istifadə edəcəklər. Erməni millətindən olan şəxslər hansı partiyaya, zümrəyə, vəzifəyə, cəmiyyətə daxil olmasından asılı olmayaraq ilk növbədə erməni olaraq qalır. Yəni ermənilərə məxsus ideyalar onların şüurunda, beynində möhkəm həkk olunmuşdur. Bunu onların beyinlərinə göz açdıqları vaxtdan evlərində, kilsələrində, məktəblərində, ,bir sözlə ermənilərə məxsus bütün ictimai yerlərdə yeridirlər. Harada olursa olsun, erməni həmişə bir cür danışır, başqa cür hərəkət edir. “Daşnaksutyun”un sosial-demokratlarla yaxınlaşmasının mahiyyətini Yelizavetpol qubernatoru belə səciyyələndirirdi: “Millətçilik ruhu ermənilərə məxsus elə başlıca xasiyyətdir ki, ən qısa bir vaxt üçün belə ermənilərin ondan imtina edə biləcəyini təsəvvürə belə gətirmək mümkün deyil. Sosialistlər partiyasına qoşulmaqla “Daşnaksutyun” şübhəsiz ki, möhkəm əqidəli sosialistlər qarşısında vicdansızlıq etmişlər. Çünki erməni xalqı heç vaxt sosializm ideyalarını dərindən dərk edə bilməz. Ermənini inandırmaq olmaz ki, tatar (azərbaycanlı – A. P.) millətindən olan proletar sənə erməni millətindən olan istismarçı burjua nümayəndəsindən daha yaxındır, sadəcə olaraq ağlasığmazdır”. (RFDTA: f. 821, siy. 7, iş 220, vər. 41).
XX əsrin əvvəllərində Rusiyada baş vermiş siyasi hadisələrin tarixinə qısa bir nəzər saldıqda belə bir qanunauyğunluqla qarşılaşırıq ki, mərkəzi dövlət üçün ağır, kəskin və təzadlarla dolu bütün mərhələlərdən erməni daşnakları həmişə öz şovinist millətçi məqsədləri üçün məharətlə istifadə edərək azərbaycanlılara qarşı vəhşi qırğın və talanlara əl atmışlar. Məhz belə hadisələrdən biri də 1918-ci ilin martında Bakıda törədilmiş azərbaycanlıların kütləvi qırğını aktı olmuşdur.
1917-ci ildə əvvəlcə fevral inqilabı nəticəsində çar hakimiyyətinin devrilməsi, sonra isə oktyabr ayında bolşevik çevrilişindən sonra imperiyanın dağıdılmasından daşnaklar və digər erməni millətçi partiyaları məharətlə istifadə etdilər. 1918-1920-ci illərdə Qafqazda, o cümlədən Azərbaycanın bütün ərazisində ermənilər azərbaycanlılara qarşı geniş qırğınlar, talanlar, zorakılıq və terror əməliyyatları həyata keçirmişlər. Ermənilərin bu hərəkəti 1905-ci ildə olduğu kimi 1918-ci ilin martında, yenə də Bakıdan başlamışdır. Özü də bu qırğın 1905-ci ilə nisbətən ermənilər tərəfindən daha məharətlə hazırlanmış və amansızlıqla həyata keçirilmişdir.
Bunun əsas səbəbi Rusiyada bolşevik hakimiyyətinin qələbəsi ilə ölkənin Birinci Dünya müharibəsindən çıxması nəticəsində əsgərlərin döyüş bölgələrini tərk etməsi olmuşdur. Qafqaz cəbhəsindəki Rusiyanın hərbi hissələrinin tərkibində olan əsasən erməni zabit və əsgərlərinin silahlarını təhvil verməyərək Azərbaycana, xüsusilə Bakıya dolmasından bolşevik donu geyinmiş, əlində V.İ.Leninin fövqəladə Zaqafqaziya komissarı vəzifəsinə təyin edilməsi haqqında mandatı olan daşnak Stepan Şaumyan məharətlə istifadə edir. V.Leninin mandatı ilə Tiflisə gedən S. Şaumyan orada istədiyinə nail ola bilməyərək Bakıya qayıdır. Beynəlmiləl proletar Bakısında demək olar ki, bütün hakimiyyəti öz əlinə keçirən S. Şaumyan ondan məharətlə azərbaycanlılara qarşı mübarizədə istifadə edir. S. Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən azərbaycanlı qırğınları sonralar bütün Azərbaycana yayılır. Bu məsələlər öz əksini geniş şəkildə Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə təhqiqat komissiyasının hazırladığı məruzələrdə və digər rəsmi sənədlərdə tapmışdır. Faciənin həyata keçirilməsinin səbəbi aydın idi. Bunun üçün bəhanə düşünmək lazım idi. Bəhanə necə düşünülmüşdür? Bununla əlaqədar komissiyanın məruzəsinə və digər sənədlərinə, habelə S. Şaumyanın məktubuna nəzər salaq.
1918-ci ilin yanvarında başda general M.K.Talışinski olmaqla yaradılmaqda olan müsəlman korpusunun qərargahı Bakıya gəlir. Qərargahın rus zabitləri sırasında əvvəllər jandarmeriyada xidmət etmiş şəxslər olduğu bəhanəsilə müsəlman korpusunun qərargah üzvlərinin əksəriyyəti erməni əsgərlərindən ibarət bolşeviklər tərəfindən həbs edilirlər. Daşnaksutyun erməni partiyası Sovet hakimiyyətini tanıyaraq sonrakı hadisələrin göstərdiyi kimi, azərbaycanlılarla mübarizə üçün bolşeviklər partiyası ilə birləşirlər. Müsəlman korpusu qərargahının həbs edilməsindən istifadə edərək ermənilər azərbaycanlıları bolşeviklərə, həm də ermənilərə qarşı silahlı üsyana təhrik edirdilər. Burada da məqsəd özləri tərəfindən hazırlanan hadisələrin günahını azərbaycanlıların üzərinə atmaq idi. Lakin azərbaycanlılar bu təxribata getməmişlər. Azərbaycanlıların çıxışı baş vermədikdə erməni əsgərləri azərbaycanlılar üzərində zor işlətməyə, müdafiəsiz qocaları, qadınları və uşaqları qarət edib öldürməyə başlamışlar. Azərbaycanlılar hətta Bakı vağzalında belə görünə bilmirdilər.
Şəhərdən dəmir yolu ilə çıxmaq istəyən azərbaycanlılar Bakı vağzalında erməni əsgərləri tərəfindən qarət edilərək, öldürülməmək üçün faytonlarla yaxındakı stansiyaların birinə gedirdilər. Ermənilərin bütün təhriklərinə baxmayaraq azərbaycanlılar dözür, qırğına getmək istəmirdilər. Bakının məscidlərində keçirilmiş mitinq və yığıncaqlarda iştirak edən Bakıdakı xristian xadimlərinin sözlərinə görə bütün müsəlman xadimləri azərbaycanlı əhalini sakitliyə, sıxıntı və zorakılığa dözməyə çağırırdılar.
Məruzədə bildirilirdi ki, azərbaycanlılar bütün vasitələrdən istifadə edərək barışığa çalışırdılar. Azərbaycanlıların nümayəndələri dəfələrlə bolşeviklərə qarşı ermənilərlə ittifaq bağlamağa çalışmış, lakin ermənilər hər dəfə buna qeyri-müəyyən cavab vermişlər.
1918-ci il martın 17-də silahla ehtiyatsız davranmış və nəticədə həlak olmuş Məmməd Tağıyevin cənazəsini Bakıya müşayiət edən müsəlman divizionunun böyük bir dəstəsi Lənkərana yola düşmək istəyir. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı erməni bolşevikləri müsəlman divizionundan tərksilah olunmağı tələb edirlər. Divizion rədd cavabı verdikdə gəmiyə tüfəng və pulemyotlardan atəş açılır. Ertəsi gün şəhərin erməni hissəsində silahlı erməni əsgərləri görünürlər. Onlar bütün küçələrdə səngərlər qazıb, torpaq və daşlardan bəndlər ucaltmağa başlayırlar. Bunu görən azərbaycanlılar da öz növbəsində bəzi küçələrdə səngərlər qazmağa başlayırlar…
Məruzədə göstərilir ki, həmin gün Müsəlman Xeyriyyə Cəmiyyətinin binası “İsmailiyyə”də azərbaycanlıların yığıncağı keçirilir. Keçmiş Bakı şəhər rəisi Qaik Ter-Mikaelyants iclasa gələrək erməni Milli Şurası və Daşnaksutyun partiyası adından bildirir ki, əgər azərbaycanlılar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşevikləri Bakıdan qovmağa kömək edəcəklər. Ertəsi gün, martın 19-da səhər tezdən azərbaycanlılar hələ yuxuda olduqları bir vaxtda, ermənilərin yalan vədlərinə arxayınlaşmış şəhərin azərbaycanlı hissəsinə hücum başlanır. Hücumda yalnız erməni əsgərləri iştirak edir və azərbaycanlılar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirlər. Xəzərdəki hərbi gəmilər ermənilərin provokasiyası ilə şəhərin azərbaycanlılar yaşayan hissəsini top atəşinə tuturlar. Ermənilər rus matroslarını inandırmışdılar ki, şəhərdə müsəlmanlar rus əhalisini qırırlar. Matroslar əmin olduqda ki, azərbaycanlılar şəhərdəki rus əhalisinə toxunmurlar, onlar top atəşini dayandırmışlar. Hücum ərəfəsində şəhərdəki bütün ermənilər şəhərin azərbaycanlı hissəsindən erməni hissəsinə keçmişdilər.
Yaxşı silahlanmış və təlim görmüş erməni əsgərləri pulemyotların atəşi altında əhalisi tamamilə azərbaycanlılardan ibarət “Məmmədli” və “Zibilli dərə” deyilən yerlərdə azərbaycanlıların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, üç-dörd günlük körpələri süngülərin ucuna keçirirdilər. Qaçmış valideynlərin bütün südəmər körpələri vəhşiliklə öldürülürdü. Valideynlərin özlərini isə küçələrdə qovub qətlə yetirdilər. Şəhərin bu hissəsində çox az adama qaçıb öz canını qurtarmaq nəsib olmuşdur. Məruzədə göstərilirdi ki, bu vəhşiliklərin şahidi olmuş adamlar danışanda özlərini ağlamaqdan saxlaya bilmir, həyəcanlanır, ona görə də hadisələri yerli-yerində nəql edə bilmirlər. Azərbaycanlıları qətl edərkən onların evlərini qarət edir, sonra isə od vurub yandırırdılar. Azərbaycanlı qadınlarını öldürür, çalalara dolduraraq üzərilərini torpaqlayırdılar. Sonralar təkcə bir çaladan burun və qulaqları kəsilmiş, qarınları yırtılmış, cinsi orqanları doğranmış 57 müsəlman qadınının meyiti tapılmışdır. Şahidlər deyirdilər ki, ermənilər öldürə bilmədikləri qadınların hörüklərini bir-birinə bağlayır, başaçıq, ayaqyalın qabaqlarına qatıb küçələrlə qovur, yolda tüfəngin qundağı ilə döyürdülər.
Məruzədə göstərilirdi ki, öldürülmüş azərbaycanlıların sayını müəyyənləşdirməkdə komissiya çətinlik çəkir. Çünki evlərin çoxunda ermənilər bütün ailəni qırmış və indi elə bir adam yoxdur ki, ondan öldürənlərin adını öyrənmək mümkün olsun. Şəhərdə bir qədər sakitlik yaranandan sonra meyitləri basdırmaq üçün şəhərin bu hissəsinə gələnlər böyük dəhşətlərlə üzləşmişlər. Eybəcər hala salınmış meyitlər içərisində cinsi orqanlarına payalar soxulmuş qadın meyitləri də tapılmışdır.
Şəhərin başqa azərbaycanlı hissəsində də erməni əsgərləri pulemyot atəşləri altında sürətlə hücuma keçir, azərbaycanlıları sıxışdırıb öz məhəllələrindən çıxarır, evlərə soxularaq azərbaycanlıları qəddarlıqla öldürür, evlərini qarət edir, sonra isə yandırırdılar. Qətllər zamanı ermənilər nə cinsə, nə yaşa əhəmiyyət vermirdilər.
Məsələn, Hacı Əmir Əliyevin evinə soxulan ermənilər onu – 80 yaşlı qocanı, 60 və 70 yaşlı arvadlarını öldürüb, 3 az yaşlı uşağı doğramış və Əliyevin 25 yaşlı gəlinini diri-diri divara mıxlamışlar. Nikolay (indiki İstiqlal) küçəsi ilə hücuma keçən erməni əsgərlərinə əsasən erməni ziyalıları rəhbərlik etmişlər. Belə dəstələrdən biri bir evə girib 8 qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək 9 ziyalı azərbaycanlını küçəyə çıxarmış və kilsə meydanında güllələmişlər.
Meyitlərdən 2-si ermənilər tərəfindən yandırılmış “Dağıstan” mehmanxanasının alovları içərisinə atılaraq yandırılmışdır. Bu evdə doktor Tağıyev bolşeviklərin hakimiyyətini tanımasını təsdiq edən sənədi erməni əsgərlərinə göstərdikdə, onlar buna əhəmiyyət verməyərək bildirmişlər ki, onlar daşnaklardı və bolşevikləri tanımırlar…
Müdafiəsiz azərbaycanlıları məhv edərkən ermənilər dənizçiləri və qırmızı qvardiyaçıları da onların üstünə salışdırmaq istəyirlər. Məsələn, martın 19-da səhər İran konsulu və dənizçi Natonson qalaya gələrək azərbaycanlı nümayəndələrinə bildirmişlər ki, azərbaycanlılar qalada olan rusları və erməniləri öldürmüşlər.
Buna cavab olaraq azərbaycanlılar onların hər ikisini arasında ermənilərin də olduğu 240 xristian kişi, qadın və uşağın saxlandığı Mir Əli Nağı Hüseynovun evinə gətirirlər. Onlar xristianlara bu münasibəti görüb qaladan gedəndən 3 saat sonra yenə də qalaya qayıdırlar ki, 2 erməni icması xadimi bizə yenidən xəbər verib ki, İran konsulu və dənizçi Natonson qaladan gedəndən sonra azərbaycanlılar qaladakı bütün xristianları doğrayıblar. Onların yenidən aldadıldığını görən Natonson ermənilərin qalaya hücumunu dəf etmək üçün qalada 20 matros qoyub özü gedir.
Martın 20-də “Kaspi” redaksiyası ilə “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyəti arasındakı döngəyə 3 əsgərin müşayiəti ilə erməni zabiti gəlir və “İsmailiyyə”nin binasına girir. Bir müddətdən sonra binanın pəncərələrindən tüstü, alov görünür və təkcə Bakı azərbaycanlılarının deyil, bütün şəhərin bəzəyi olan bu möhtəşəm bina yanğından məhv olur.
Bəs bu hadisələrə onun bilavasitə təşkilatçısı olduğu S.Şaumyan necə qiymət vermişdir?
1918-ci il aprelin 13-də o, Moskvaya, Xalq Komissarları Sovetinə yazdığı məktubda həmin ilin martında Bakıda ermənilərin azərbaycanlıların başına açdıqları müsibətlərə siyasi don geydirməyə çalışır. Guya ki, bu hərəkətlər azərbaycanlılara qarşı ermənilərin milli ədavətindən yox, Sovet hakimiyyətinə sədaqətindən doğmuşdur. Məlumdur ki, 3 gün, martın 30, 31 və aprelin 1-də Bakı şəhərində şiddətli qırğın olmuşdur. Bu qırğına siyasi vuruşma donu geyindirən Şaumyan yazırdı: “Bir tərəfdən, Sovet Qırmızı Qvardiyası, bizim təşkil etdiyimiz beynəlmiləl qızıl ordu, qısa müddətdə yenidən qura bildiyimiz qırmızı donanma və erməni milli hissələri, digər tərəfdən “müsavat” partiyasına başçılıq etdiyi və içərisində çoxlu rus zabiti olan müsəlman dikaya diviziyası və silahlı müsəlman quldur dəstələri vuruşurdular”. (S.Şaumyan. Seçilmiş əsərləri 2-ci cild, B. 1978, səh. 259).
Bu qısa məlumatdan da görünür ki, S.Şaumyan bu işdə nə qədər rəzil rol oynamış, əsl daşnak xislətini bolşevik mundiri altında məharətlə gizlədərək bu hadisələrə Sovet hakimiyyəti uğrunda mübarizə donu geyindirmişdi. Onun məktubuna diqqət yetirdikdə görürük ki, guya ki, onun tərəfində olanların hamısı, o cümlədən başkəsən daşnak cəlladları da “əsl sülh göyərçinləri”, əks tərəf isə qaniçən cəlladlar imişlər. Özü də Moskvanın dilini bağlamaq üçün müsəlman dikaya diviziyasında çoxlu rus zabiti olduğunu xüsusi vurğulayır. Əsl erməni ikiüzlülüyü və erməni hiyləgərliyi.
Həqiqət isə necə idi? Müsəlmanların həqiqətdə elə bir qüvvəli silahlı dəstələri və silahı yox idi. Onun təsvir etdiyi bütün Sovet hərbi hissələrində vuruşanlar isə əslində erməni daşnakları və bolşevik cildinə girmiş erməni millətçiləri idi. Görün azərbaycanlılar üzərində erməni daşnaklarının bu vəhşiliklərinə görə o, necə də öyünür, lovğalanır: “Biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə darmadağın edilmişdir. Biz onların qarşısında şərtlər qoyduq və onlar bu şərtləri danışıqsız imzaladılar.
Müsəlman millətçi partiyalarının müqaviməti üzündən Bakıda Sovet hakimiyyəti daim tükdən asılı idi. Yelizavetpolda və Tiflisdə yerlərini möhkəmləndirmiş olan feodal (bəy və xan) ziyalıları başda olmaqla bu partiyalar, menşeviklərin açıq və qorxaq siyasəti nəticəsində özlərini son zamanlarda Bakıda da çox təcavüzkarcasına aparırdılar… Zaqafqaziyanın müqəddəratı həll olunurdu. Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi, bütün qeyri-müsəlman ünsürləri tərksilah edib qırardılar”. (Şaumyan, göstərilən əsəri, 2-ci cild. səh. 259-260).
Göründüyü kimi S.Şaumyan da məhz yuxarıda Yelizavetpol qubernatorunun göstərdiyi sosialistlərdən olmuşdur. Öz məktubunda o, həyasızcasına “Daşnaksutyun” partiyasına məxsus olan hərbi hissələrin Bakıda azərbaycanlı əhalinin qırılmasında iştirakına haqq qazandırmağa çalışır. O yazırdı: “Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdir, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verdik. Müsəlman yoxsulları böyük zərər çəkmiş, lakin onlar indi bolşeviklərin və Sovetlərin ətrafında daha sıx toplaşmışlar”. (S. Şaumyan. göstərilən əsəri səh. 260).
Bu məktuba diqqət yetirdikdə maraqlı faktlar meydana çıxır. O, yazırdı ki, bu hadisələr zamanı erməni, müsəlman və rus fəhlələrindən ibarət olan Qırmızı Qvardiya dəstələri, neft mədənlərini ətraf müsəlman kəndlərinin basqınından qoruyurdu. Deməli, başqa millətdən olan Sovet əsgərləri mədənləri qorumaq adı ilə S. Şaumyan və Q. Korqanov tərəfindən şəhərdən uzaqlaşdırılmış, şəhər həm S. Şaumyana tabe olan ermənilərdən ibarət Sovet əsgərlərinin, həm də daşnakların ixtiyarına verilmişdi.
Arxivlərimizdə Bakı faciəsi ilə bağlı Fövqəladə Təhqiqat Komissiyası üzvlərinin tərtib etdikləri çoxlu dindirmə protokolları, ayrı-ayrı evlər, küçələr üzrə qarətlər, evlərin yandırılması, qətl və ölüm hadisələri ilə əlaqədar çoxlu zərərçəkən və şahid ifadələri, ayrı-ayrı ailələrə vurulmuş zərərin miqdarı, qarət olunmuş əşyaların, öldürülənlərin və yaralananların siyahıları, aktlar və s. qorunub saxlanılır. (Bax: ARDSPİHA: f. 227, siy. 2, iş 13-16, vər. 25-26).
Təəssüflər olsun ki, komissiya Bakıda ermənilərin xalqımıza vurduğu maddi zərərin miqdarı qətlə yetirdikləri və yaraladıqları əhalinin sayını dəqiq müəyyənləşdirmək işini başa çatdıra bilməyibdir. S.Şaumyan isə Moskvaya yazdığı məktubda bilərəkdən bu rəqəmi azaldaraq guya hər iki tərəfdən cəmi 3 min nəfər olduğunu yazmışdı. (Bax: S. Şaumyan, göstərilən əsər, II cild səh. 259).
Həmin rəqəmlərin hesablanması olduqca çoxlu vaxt tələb etdiyindən hələlik biz onu yerinə yetirə bilmədik. Lakin saxlanılan sənədlərdəki məlumatlarla tanışlıq, o dövrdə bu hadisənin bilavasitə iştirakçılarının xatirə və məqalələri, Bakıda dağılıb, xarabazara çevrilmiş küçə və evlərin əlimizdə olan foto şəkilləri sübut edir ki, şəksiz bu hadisələrdə 10 minlərlə adam qətlə yetirilmiş, xalqımıza yüzlərlə milyon manatlıq maddi zərər vurulmuşdur. 1933-cü il aprel aynın 1-də Almaniyanın Münhen şəhərində M. Ə. Rəsulzadənin redaktorluğu ilə nəşr olunan “İstiqlal” qəzetinin 31-ci nömrəsində həmin hadisənin 15 illiyi münasibəti ilə çap olunmuş məqalədə oxuyuruq: “1918-ci il 22 martda Bakının “İsmailiyyə” binasının möhtəşəm salonunu milli musiqi, tans, qəhqəhə sevinc və gülüş titrədirdi. “Novruz” bayramı qarşılanmaqda idi. Bir həftə sonra 31 martda isə, bu tarixi bina, Azərbaycanın bütün siyasi, elmi, ədəbi, bədii, iqtisadi və ictimai cəmiyyət və təşkilatları ilə, kitabxana, qiraətxana, yetimlər yurdunun yerləşmiş olduğu bu qoca saray quru bir kabus halında matəm içərisində idi. Yandırılmışdı. Yandırılan bir tək “İsmailiyyə” deyildi. Türklərə məxsus bütün mətbəələr, mətbuat idarəxanaları, milli teatro binaları, məktəblər, xəstəxanalar, camilər, milli mədəni müəssisələr yerlə yeksan edilmişdi. Bir həftə içərisində Bakı bütün simasını dəyişmişdi.
31 martda 15 min günahsız türk kəsilmişdi.
Günün qəhrəmanları: Şaumyan, Avakyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan, Lalayan, Hamazasp, Əmiryan və b. idi.
Əlində Lenin və Stalinin 13 nömrəli dekreti olan Stepan Şaumyan həmin dekretə görə “Böyük Hayıstan”a müqabil Azərbaycanı “Sovetsizə” edərək burada Moskva hakimiyyətini quracaqdı. Bunun üçün silahlı erməni qüvvələrinə dayanaraq türkləri kəsirdi. O mart günlərini fotoqraf vasitəsilə təsbit etmiş bir çox iranlı, polyak, gürcü tanıyıram və bunların heç birindən olmayan M. Kulqe adlı bir əcnəbi hadisələri belə anladır:
“Yalnız müsəlman əhali tərəfindən məskunlaşmış məhəllələri qırıb, əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, evlərə atəş vurur, çocuqları bu atəşlərə ataraq diri-diri yaxır, 3-4 günlük südəmər çocuqları isə süngülərinə taxırdılar.
Hadisələrdən sonra torpağa gömülmüş 57 islam nəşri bulundu. Bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi. Öldürmədikləri qadınların saçlarını bir-birinə bağlayaraq üryan bir halda küçələrdə qabaqlarına qatıb sürür və özlərini tüfəng dibçəkləri ilə vururdular. Kimsəyə rəhm edilmirdi. Çocuqlara rəhm edilmədiyi kimi, ixtiyarlara da aman yoxdur. Məsələn, Əlizadə Hacı Əmirin evində 80 yaşlı anası, 60-70 yaşında qadınları öldürmüş və 25 yaşında təzə gəlini diri-diri divara mıxlamışlardı…” Bir sözlə, Moskva Azərbaycanda sosializm və kommunizm qurmaqla məşğul idi.
Gərək M. Kulqenin, gərəksə digər əcnəbilərin, o günlərin xatirəsi olmaq üzrə, almış olduqları və bu gün əllərdə mövcud fotoqraflar çox faciəli mənzərələr əks edirlər. Mələk qədər sevimli bir azəri yavrusu Bakının bir divarına çivlənmişdir və çiv yavrunun ta qəlbini dəlib keçməkdədir. Bir yığım qızlı-erkəkli çocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu məsum yavruları gəmirir. Çılpaq bir qadın yerə sərilmiş, ölmüş… bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir… 31 martın xatirələri yalnız bunlar deyildir. Mən hələ 10 minlərlə azəri qız və qadınlarının əsir sürüsü halında götürüldüyünü, “Rekord” teatrosunun o gün məhşəri andıran mənzərələrini, əsir bazarında azəri qızlarının satıldıqlarını və sairini qeyd etmirəm. Çünki 31 martı xatırlamaq və canlandırmaq üçün bu qədər də kafidir, bu qədər də bəsdir”.
Mart faciələrini öz gözləri ilə görmüş, bu hadisələrin bütün iztirablarına dözmüş, xoşbəxt təsadüf nəticəsində sağ qalmış yeniyetmə bir gənc Məhəmməd Muradzadənin 1918-ci ilin dekabrında qələmə alıb, 1919-cu ildə çap etdirdiyi “Mart hadiseyi-əliməsi” kitabçası bu cəhətdən xüsusi maraq doğurur. (Bu kitabça Sədaqət Məmmədova tərəfindən kiril əlifbasına çevrilərək 1996-cı ildə “Azərnəşr”də yenidən buraxılmışdı).
Burada həmin gəncin ailəsinin və qonşularının timsalında ermənilərin Bakıdakı mart qırğınları zamanı azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər qələmə alınmışdır. O, yazırdı: “həyatım durduqca martın 19-cu gecəsini, yəni bazar ertəsi gününün axşamını unutmaram. Bu gecə ailə bir-biri ilə elə rəftar ilə davranırdı ki, sanki sabah bir-birini görməyəcəklər, əbədi bir fərağa məhkum olacaqlar”. (M. Muradzadə, mart hadiseyi – əliməsi. Bakı, 1996, səh. 11).
Martın 20-də (yeni təqvimlə 31-də) səhər M. Muradzadənin atasının tanışlarından bir nəfər Hacı özünün 50-55 yaşında yaralı qardaşını onların evinə gətirir. Hacı ailəsinin harada olduğunu bilmir. Yaralını görən gənc ona baxmağa dözə bilməyib qonşu yəhudilərin evinə qaçır. Onların həyətinə soxulan erməni caniləri hacıdan və M. Muradzadənin atasından silah tələb edirlər. Silah olmadıqda onlar pul tələb edirlər. O, yazırdı: “Atamla Hacı öz əllərilə pul kisələrini çıxarıb canilərə verdilər. İnsan qanına susamış canilər pulları alıb aralarında böldükdən sonra ikisi həmin həyətə çıxır. Biri isə bayıra çıxarkən əvvəlcə atamın sinəsini nişan edərək bir atəş açır, ardınca Hacının köksündən vurur. Hər ikisi dəhşətli bir surətdə yerə yıxılır”. (yenə orada səh. 18-19.)
M. Muradzadə yazırdı ki, canilər getdikdən sonra: “Mən bu dəhşətlərin bununla bitdiyini və bir daha təkrar edilməyəcəyini zənn edirdim. Birdən məhəllədə böyük qovğa qopdu və bizim məhəllə qapısı şiddətlə döyülməyə başlandı”. (yenə orada).
Həyətə soxulan ermənilərin digər canilər dəstəsi artıq həyətdə kişi tapmayaraq onlardan iki nəfəri “qoca ilə qadınları heyvan sürüsü kimi qabaqlarına qatıb əsir adıyla hara isə aparırlar. İndi canilər növbə ilə həyətdəki evləri axtarıb qarət və talan edirdilər. Axırda mən olduğum evin qapısına gəldilər. Lakin yəhudi bu evin özünə məxsus olub, burada müsəlmanlar olmadığını” deyib caniləri öz evinə buraxmır. Bununla da birinci dəfə M.Məmmədzadənin həyatı xilas edilir. Ermənilərin milli zəmində törətdikləri qırğınla bağlı öz fikirlərini M. Muradzadə belə təsvir edir: “Artıq iki günlük müharibədə kimlərin iştirak etdiyini və nə üçün bunun belə davamını bir saat gördüyüm səhnələr gözəlcə göstərdi. İslam adı daşıyana aman yox, zira o mənhus qonşu millətin qaniçən canavarları indi vaxtdan istifadə edərək başqa siyasi bir maska ilə qurşaqdan dişlərinədək silahlanıb özlərindən milyonlarca çox və qapı bir qonşu olan nəcib bir milləti öz yurdlarında yox etməyə böyük bir cürətlə əl açmışlardı”. (yenə orada səh. 17-18).
M. Məmmədzadə öz gördüklərindən əlavə qonşu yəhudilərin şəhadətləri əsasında azərbaycanlılara tutulan divan, küçələrdə tökülüb qalmış azərbaycanlı cəsədləri haqqında da yığcam məlumat verərək yazırdı: “Şəhərin vəziyyətindən xəbər bilmək üçün yəhudi çocuqları tezdən məhəlləmizə çıxmışlardı. Gətirdikləri o təsirli və dil yaxıncı xəbərlərində islam qurbanlarını bütün küçələr boyu qırlar üzərində dəniz sahilinə tordan atılmış balıqlar kimi yan-yana qanlı ölüm yatağında yatdıqlarını söyləyirlərdi. İki gündən bəri günahsız məzlumları torpağa endirmiş və böyük xanimanları söndürən atəşlərin sədası indi şəhərin uzaq yerlərində eşidilirdi. Bizim məhəllədə isə böyük bir sükunət hökm sürürdü”. (yenə orada səh. 22).
Lakin bu sükunət çox hökm sürmür, elə həmin gün M. Muradzadənin dediyi kimi qonşu millətin qaniçən canavarları yenidən künc-bucaqda gizlənmiş türk-islam yavrularını qırmağa qol çırmalamışlar. Hər bir rus və yəhudi evlərini axtarıb ölüm hədəsiylə müsəlmanları vermələrini əmr edirdilər. Belə bir cani və qarətkarlar dəstəsi bizim küçəyə dəxi gəlmişlərdi. Bizi bu anadək insanlıq naminə saxlayan yəhudilər bu əhvalatdan böyük bir təşvişə düşmüşlərdi… Ev sahibi Levin çox həlim bir kişi idi. Hərdən yanımıza gəlib övzai-əhvalatdan bizi agah edərək bu dəqiqələr çox qorxulu olduğu üçün yalnız mətanətli olmağımıza tövsiyə edib hər növ olursa bizi müdafiə edəcəyini söyləyirdi”. (yenə orada səh. 22-23).
M. Mahmudzadə yazırdı ki, erməni cəlladları yenə də küçədə olan yəhudi və rus evlərində olan azərbaycanlıları zorla çıxarır, islam qurbanlarının dad və fəryadları, ətraf evlərdən çıxarılan məsum körpələrin ürəkparçalayan bağırtıları eşidilirdi. Onları canilər gizləndikləri yerdən güclə çıxarıb küçədə güllə və qılıncla işgəncələrlə məhv edirdilər. M. Muradzadə yazırdı: “Kiçik qardaşımla dayım alt mərtəbədə idilər. Mən özümdən kiçik qardaşlarımla Levinin otağında oturmuşdum. Levin isə yalnız bizim pərişan halımıza aludə olub dirigözlü insanları canilər əlinə verməmək üçün çarələr düşünürdü”. (yenə orada səh. 23). Yalnız rus ordusunda xidmət etmiş əlisilahlı bir neçə gənc yəhudi öz evlərini müdafiə etdikləri üçün canilər Levinin yaşadığı evə girə bilməmiş və M. Mahmudzadə, onun qardaşları və dayısı canilərin əlindən xilas olmuşlar.
Yeri gəlmişkən onu da qeyd edək ki, Fövqəladə Təhqiqat Komissiyasının Bakı hadisələri haqqında hazırladığı məruzədə də göstərilirdi ki, Bakıda mart qırğınları zamanı “ruslar, yəhudilər və gürcülər mümkün olan yerdə azərbaycanlıları xilas etmişlər. Ermənilər azərbaycanlılara qarşı qırğını yalnız ermənilərə qəti ultimatum vermiş 36-cı Türküstan polkunun tələblərinə görə dayandırmışlar. Bakıda olan bütün rus icmalarının nümayəndələri ermənilərin bu vəhşiliklərindən hiddətlənir və ucadan öz etirazlarını bildirirdilər”. (Bax: ARDSPİHA. f. 277, siy. 2, iş 16, vər. 18).
Xatirələrində yeri gəldikcə gənc müəllif ermənilərin törətdikləri ümumi vandalizm haqqında da məlumatlar verir, ermənilərin bu cür müvəffəqiyyət qazanmalarının səbəblərinə öz münasibətini də bildirirdi. O, yazırdı: “Hələ qarşımda o gün müşahidə etdiyim ürəkdağlayan bir mənzərə təcəssüm edib durur. O gün küçə ilə bir neçə kişinin çiynində qısa bir nərdivan üzərində əlvan boyalı xalça sarınmış bir meyitin aparıldığını gördünüz. O, mart günlərinin məzlum qurbanı, mənim zavallı atam idi. O dövrün vəziyyətinə nəzərən bu hala da qibtə edirdilər. Ona görə ki, çox şəhidlərin meyiti o gün tapılmaz oldu. Ana və bacıların qəlbinə acı və daim sağalmaz dağlar basıldı. O gün bu müəzzəm Bakı şəhərinin yarıdan çoxu bir matəm saraya çevrildi. Çox evlərin üzvləri südəmər yavrularınadək zəhərli xəncərlər ilə doğrandı. Fəryad, ah-fəğan sədası eşidilməz bir ev qalmadı”. (yenə orada səh. 27). Mart hadisələri zamanı öz gözləri ilə gördüyü və eşitdiyi hadisələri qələmə alan M. Muradzadə yeri gəldikcə bu hadisələrə öz münasibətini də bildirdi. O, Bakıda tam azlıq təşkil edən ermənilərin bu torpaqların həqiqi sahibləri olan azərbaycanlıların başına açdığı müsibətlərin səbəblərini də aşkarlamağa çalışır.
Onun bu haqda söylədiyi fikirlər çox maraqlıdır. M. Muradzadənin fikirləri bir də ona görə maraqlıdır ki, 70 ildən çox keçməsinə baxmayaraq, 80-ci illərin axırlarında ermənilərin bizi bu cür ağır vəziyyətə salmasında, ərazimizin 20 faizdən çoxunun işğalında, bir milyondan yuxarı qaçqınımızın olmasında yenə də öz təqsirimiz az deyildir. Deməli, tarixin ibrət dərslərindən hələ də özümüz üçün lazımi nəticə çıxara bilməmişik. Hələ mart hadisələri başlamazdan əvvəl özünün və dostlarının düşüncələri haqqında məlumat verən M. Muradzadə yazırdı ki, fikirləşirdim, əgər ermənilərlə dava başlayarsa, azərbaycanlılar tərəfindən “hansı igidlərin iştirak edəcəyini və hansı təşkilat tərəfindən və neyçin elanı həll ediləcəyini bir növ təsəvvürümə belə gətirə bilmirdim, çünki “əlində bir mauzeri ilə altı patronu olub yalnız orada-burada pusquda duraraq öz qardaşının qanını tökməyə adət etmiş, yaxud iştirak edib də öz qardaşına vaxt zərurətində səngərdə patronun birini 7-8 rubleyə satan milli igidlərmi?”. O yazırdı ki, düşünürdüm düşmənin toplarına qarşı bizimkilər görəsən nə ilə cavab verəcəklər? (yenə orada səh. 9).
Xatirə müəllifi hələ mart hadisələrindən bir neçə gün əvvəl “İsmailiyyə” binasından bir az aşağıdakı dükanın qabağında ermənilərlə münasibətlər haqqında öz gənc dostları ilə olan söhbətini xatırlayaraq yazırdı ki, mən o zaman deyirdim: “Bilirsinizmi dostlar, allah göstərməsin ki, bu müharibə başlansa bizim üçün acı nəticələr verər. Hələ milli əsgərlər kamil bir surətdə təşkil edilməmiş, başıpozuq qüvvələrə güvənməməli. Bir mauzer və 5 patron ilə top və pulemyotlara cavab vermək olmaz. Məncə bu müharibədə kasıb və fəqirlər artıq dərəcədə zərər çəkən olacaqlar”. Gənc müəllifin bu sözlərinə dostlarından biri belə cavab verir: “Xeyir, qardaş, pulemyot yoxsa da, bir gülləyə pulemyotçunu öldürüb, pulemyotunu əlindən alıb özümüz atarıq. Müsəlmanın müharibədə çox hiylələri olur”.
Çox maraqlıdır ki, həmin gənc bir neçə gün əvvəl “İsmailiyyə”də çıxış edən boşboğaz təbliğatçının yalan vədlərinə inanmışdır. O öz yoldaşlarına “İsmailiyyə”dəki sarı paltolu əfəndinin, ölmək, ölmək deyə bağırdığını”, “düşmənlərimiz “İsmailiyyə” qarşısında səcdə etməlidirlər” söylədiyini bildirir və qürurla deyirdi ki, “belə bir ruh yüksəkliyi ilə heç vaxt məğlub olmarıq”. (yenə orada səh. 29).
Öz dostunun bu sadəlövh inamına cavab olaraq M. Muradzadə bildirir: “Dostum, yanılırsan, söyləmək başqa, fel başqa, bu işdə ancaq diplomat olmalı, işi elə bir tərz ilə aparmalı ki, bəslədiyimiz o böyük amal bir gün olsun ki, öz mövqeyini tutsun. Düşmənlər azacıq bir hadisədən istifadə edirlər, əllərində olan qüvvələrlə bizləri dərin bir fəlakətə sövq edirlər”.
M. Muradzadə daha sonra yazırdı ki, bu cür “milli qəhrəmanlarımız “İsmailiyyə” kimi memarlıq abidəsinin düşmən tərəfindən dağıdılmasına və yandırılmasına, Təzəpir məscidi kimi dini və tarixi abidənin topa tutulmasına yol verdilər. Mart hadisələri zamanı “qalib çıxmış” ermənilər öz vəhşiliklərini ört-basdır etməyə çalışırlar. Erməni vəhşiləri tərəfindən öz evlərindən çıxarılaraq müxtəlif kinoteatr binalarında əsir edilmiş azərbaycanlı qocalar, qadınlar və uşaqlar sülh elan edildikdən sonra elə həmin erməni qaniçənlərinin müşayiəti ilə küçələrdən keçirilərək öz evlərinə aparılırdılar. Bu cür ikiüzlü hərəkətin əsl mahiyyətini başa düşən gənc müəllif yazırdı ki, “küçə boyu əvvəl başımızı yarıb, sonra ətəyimizə qoz dolduran o vəhşi qüvvələr əsirləri müşayiət edirdilər”. Evlərinin qapılarında dayanmış erməni millətindən olan Bakı əhalisi isə əsirlikdən buraxılanları ələ salır, gülür, şadlanır və tənə ilə soruşurdular: “Asma, bir-iki Qafqaziya bizimki söyləyirdiniz, iştə Qafqaziyaya sahib oldunuzmu?”. Gənc müəllif yazırdı: “Düşmənin bu növ tənələri acı, fəqət doğru idi. Çalışmamaq nəticəsi olaraq azlıq təşkil edən millətin bu gün vəhşi qüvvələri qarşısında baş əyməyə məcbur olmuşuq”. (yenə orada vər. 27).
Fövqəladə Təhqiqat Komissiyası sədrinin məruzəsində göstərilirdi ki, 1918-ci il mart hadisələrindən sonra Bakıda ermənilərlə azərbaycanlılar arasında sülh haqqında sazişə gəlindiyinə baxmayaraq həmin il sentyabrın 15-də Bakı azərbaycanlı və türk əsgəri qüvvələri tərəfindən azad edilənə qədər ermənilər müntəzəm olaraq Bakı küçələrində, şəhərdən ətraf kəndlərə gedən yollarda azərbaycanlıları tutub qətlə yetirir, meyitlərinin bir hissəsini isə quyulara və ya dənizə atırdılar. (Bax: ARDSPİHA: f. 277, siy. 2, iş 16, vər. 18).
Ermənilərin xalqımıza qarşı törətdiyi bütün bu vəhşiliklərin ildönümləri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həm 1919-cu, həm də 1920-ci ildə martın 31-də milli matəm günü kimi qeyd olunmuşdur.
Sovet hakimiyyəti isə bu hadisəni tamamilə unutdurmağa çalışmışdır. Bakıdakı qanlı mart hadisələri Sovet dövrü tarixçiləri tərəfindən tarixi faktların və sənədlərin əksinə olaraq bu qırğını bir millətin, başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırımı siyasəti kimi deyil, Ümumrusiya vətəndaş müharibəsinin tərkib hissəsi, Sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əksinqilab üzərində böyük qələbəsi kimi təqdim edilmişdir. Lakin kommunizm ideoloqlarının bütün ciddi cəhdlərinə baxmayaraq xalqımızın yaddaşında əbədi iz buraxmış 1918-ci il qanlı mart hadisələrini heç cür unutdura bilməmişlər. Azərbaycanda bolşevik rejimi qurulduqdan sonra, xaricdə yaşamağa məcbur olmuş demokratik ruhlu Azərbaycan ziyalıları hər il bu günü milli matəm günü kimi qeyd etmiş, bu münasibətlə xatirə gecələri keçirmiş, qəzetlərdə məqalə və xatirələr dərc etdirmişlər. M. Ə. Rəsulzadənin redaktorluğu ilə Almaniyanın Münhen şəhərində nəşr olunan “İstiqlal” qəzetinin 1933-cü il 1 aprel tarixli 31-ci sayı demək olar ki, bütünlüklə Bakıdakı 1918-ci il mart qırğınının 15 illiyinə həsr edilmişdir. Azərbaycan öz istiqlaliyyətini yenidən əldə etdikdən sonra bu gün hər il anılmaqdadır.
80 illiyi bu il tamam olacaq bu hadisəni yalnız biz özümüz öyrənməklə qalmamalıyıq. Qoyun dərisinə girmiş “zavallı ermənilərin” yırtıcı canavar sifətlərini bütün dünyaya bəyan etməliyik. Elə etməliyik ki, bütün dünya xalqları ermənilərin rəzil sifətlərini görsün və kimin kim olduğunu yaxşıca tanısın. Elə etməliyik ki, xalqımızın başına açılan bu müsibətlər bir də təkrar olunmasın.
(Paşayev Ataxan. Açılmamış səhifələrin izi ilə .Bakı, 2001, səh. 207-225)