Ermənilərin 1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı törətdikləri soyqırımı və azərbaycanlı yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi bərədə həmin dövrün arxiv sənədlərində və dövri mətbuatında kifayət qədər materiallar öz əksini tapmışdır və bir sıra tədqiqat əsərləri yazılmışdır. Lakin erməni işğalına qarşı azərbaycanlıların mübarizəsi tarixindən bəhs edən araşdırmalar yox dərəcəsindədir.
Rusiyada 1917-ci il fevral inqilabından sonra çar üsul-idarəsi yıxılmış, müvəqqəti hökumət qurulmuşdu. 1917-ci il martın 9-da müvəqqəti hökumətin qərarı ilə Qafqaz Canişinliyi buraxılmış, Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Cənubi Qafqaz (Zaqafqaziya) Xüsusi Komitəsi yaradılmışdı. Noyabrın 11-də Cənubi Qafqazda fəaliyyət göstərən siyasi təşkilatların Tiflisdə yığıncağı keçirilmiş və Cənubi Qafqaz Komissarlığı yaradılmışdı. Həmin ayda Komissarlığın Müsəlman (Azərbaycan) fraksiyası təsis edilmişdi. Noyabrın 27-də Cənubi Qafqaz Komissarlığı milli əlamətlərinə görə yerli özünüidarə orqanları – “zemstvo”lar yaradılması haqqında dekret qəbul etmiş, İrəvan quberniyası mübahisəli ərazilər siyahısına daxil edilmişdi (“Aşxatavor” (“Əməkçi”) qəzeti, 2 dekabr, 1917-ci il; Зограбян Эдик. Шарур-Нахи-еван в 1918-1919 гг.. Ереван: ЕГУ, 2012, с 19-20.).
Ermənilərin və onların havadarlarının I Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətlərinin baş tutmamasından və Rusiyada 1917-ci oktyabr çevrilişi nəticəsində rus qoşunlarının Türkiyə torpaqlarından geri çəkilməsindən sonra İrəvan quberniyası ərazisində erməni dövləti yaratmaq ideyası gündəliyə gəlmişdi.
İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərini əhatə etmişdir.
1917-ci ilin dekabrın 5-də Ərzincanda Cənubi Qafqaz Komissarlığı ilə Türkiyə hərbi komandanlığı arasında barışıq sazişi imzalandıqdan sonar rus qoşunlarının Şərqi Anadoludan özbaşına geri çəkilməsi prosesi başlanmışdı. 1918-ci il fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda törətdikləri qırğınlara dözməyərək əks hücuma keçmişdi. Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah Cənubi Qafqaza çəkilirdilər.
Şərqi Anadoludan geri çəkilən rus-erməni birlikləri müsəlman əhalisini vəhşicəsinə qırıb-çatır, kəndləri yandırırdı. Həmin dövrdə Tifl isdə çıxan qəzetlər tərxis edilmiş rus ordusunun “adamyeyənlər bandasına” çevrilərək Sarıqamışdan Gümrüyədək keçdikləri əraziləri dağıdıb, xaraba qoyduqlarını yazırdılar (“Aşxatavor” (“Əməkçi”) qəzeti, 2 dekabr, 1917-ci il; Зограбян Эдик. Шарур-Нахи-еван в 1918-1919 гг.. Ереван: ЕГУ, 2012, с 19-20.).
Ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqınları da Cənubi Qafqaza gəlmiş, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdılar (Погосян Арташес. Карсская область в составе России. Ереван: Аястан, 1983, с. 192.). Bütün bunlar ermənilərin İrəvan quberniyasında azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətini reallaşdırmağa şərait yaratmışdı.
Hələ 1917-ci ilin mayında erməni burjuaziyasının liderləri milli hərbi hissələrin yaradılmasına başlamışdılar. Bu məqsədlə Petroqrada xüsusi nümayəndələr göndərilmişdi ki, erməni əsgərlərinin digər cəbhələrdən geri çağırılıb Qafqaz cəbhəsinə göndərilməsi üçün müvəqqəti hökumətdən razılıq alsınlar. 6 ay ərzində Qafqaza 35 min erməni əsgəri gəlmişdi və onlara çoxlu könüllülər də qoşulmuşdu. Onların əsasında Qafqaz diviziyasının sabiq komandanı Tovmas Nazarbekyanın komandanlığında erməni korpusu formalaşdırılmışdı. Korpusun komissarı daşnak partiyasının başçılarından olan Dro (Drastamat Kanayan) təyin edilmişdi. Erməni korpusu üç diviziyadan ibarət idi. Birinci diviziyaya general Mixail Areşov , ikinci diviziyaya əslən udin olan polkovnik Movses Silikov, Türkiyə ermənilərindən təşkil edilmiş üçüncü diviziyaya isə general Andranik Ozanyan komandanlıq edirdi (Саркисян Ерванд. Экспансионистская политика Османской империи в Закавказье : накануне и в годы первой мировой войны . Ереван : Изд-во АН Арм. ССР, 1962, с.337.)
1917-ci ilin noyabrında Erməni Milli Şurası da Qafqaz cəbhəsi komandanlığından erməni korpusunun yaradılmasına xüsusi icazə almışdı (Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг. , s. 22-23.).
1917-ci ilin dekabrında Tifl isdə Erməni Milli Şurası ilə tərkibi yalnız daşnaklardan ibarət olan Xüsusi komitənin birgə iclası keçirilmiş, Erməni korpusunun tamamlanması və hərbi səfərbərlik həyata keçirilməsi haqqında qərar qəbul edilmişdi. Bu vəzifələrin icrası üçün İrəvan Erməni Milli Şurasının sədri Aram paşaya (Aram Manukyan) xüsusi səlahiyyət verilmişdi. Dekabrın 18-də Aram və Dro İrəvana gəlmiş, ayın 24-dən etibarən hərbi çağırış həyata keçirilmişdi (Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 29-30.) .
Yeni formalaşdırılan erməni silahlı dəstələri Türkiyədən qaçıb yeni dalğa ilə gələn erməni qaçqınlarını məskunlaşdırmaq üçün ilk növbədə İrəvan ətrafında əlverişli ərazilərdə yerləşən azərbaycanlı kəndlərinə hücumlar edirdilər. Azərbaycanlı əhali isə ciddi şəkildə erməni silahlı dəstələrinə müqavimət göstərirdi. Şərqi Anadoludakı erməni könüllü dəstələrinə qoşulmaq üçün təşkil edilən silahlı dəstələr güzərgahları üzərindəki azərbaycanlı kəndlərinə hücum edir, talançılıqla məşğul olurdular. Ermənilərin hücumlarına son qoyulması üçün İrəvan-Culfa dəmiryol xəttinin üzərində yerləşən azərbaycanlı kəndlərinin əhalisi Reyhanlı, Qəmərli, Şirazlı, Dəvəli dəmiryol stansiyalarında özünümüqavimət dəstələri yaratmış, erməni dəstələrinin həmin istiqamətdə hərəkətlərinin qarşısını almağa çalışmışdılar. Vedibasar nahiyəsində yaşayan kürdlər də azərbaycanlılarla birgə ermənilərə qarşı müqavimət göstərirdilər.
İrəvan quberniyasında erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə İrəvan Müsəlman Milli Şurası ciddi fəaliyyət göstərirdi. Milli Şuranın sədri Əli xan Makinski, katibi isə Cabbar Məmmədzadə idi.
Vəziyyətin gündən-günə gərginləşdiyini nəzərə alan Cənubi Qafqaz Komissarlığının göstərişi ilə 1918-ci il yanvarın 4-də Tifl isdə Erməni və Müsəlman milli şuralarını birgə müşavirəsi keçirilmiş, hər ki tərəfdən 4 nəfər olmaqla daimi fəaliyyətdə olan büro yaradılmışdı. Yanvarın 14-də İrəvan şəhəri erməni və müsəlman milli şuralarının təmsılçilərinin birgə iclası keçirilmiş, sabitliyin bərqərar edilməsi üçün bütün əyalətlərə teleqramlar göndərilmiş, həmçinin tezliklə millətlərarası qurultayın çağırılması qərara alınmışdı (Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 34.).
Lakin 1905-1906-cı illərdə olduğu kimi, həmin dövrdə də erməni mətbuatı hay-küy qaldırırdı ki, guya qaragüruh türk-müsəlman əhalisi erməniləri öldürür, hakimiyyət orqanlarına tabe olmaq istəmirlər.
1918-ci il yanvarın 20-də İrəvan-Dəvvəli-Şahtaxtı-Bayazid istiqamətində hərəkət edən 4-cü erməni polku Dəvəlidə qırğınlar törətmiş, sağ qalan əhali qaçaraq qonşu Avşar kəndinə sığınmışdı (Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 36.). Yanvarın 23-də erməni korpusunun batalyonunun Qaralar kəndinə hücumu azərbaycanlıların ciddi müqaviməti ilə qarşılaşmılş, batalyon komandiri və üç əsgər öldürülmüş, üç erməni də yoxa çıxmışdı. Quberniya komissarı Dronun başçılığı ilə erməni və müsəlmanlardan ibarət qarışıq komissiya hadisə yerinə gəlmişdi. Vedibasar Milli Şurasının başçıları ilə İrəvandan gələn nümayəndələr arasında dərhal danışıqlara başlanılmışdı. Vedibasar Milli Şurası aşağıdakı tələbləri irəli sürmüşdü: 1. Quberniyanın dövlət əmlakı ermənilər, tatarlar (türklər) və gürcülər arasında bərabər bölünməli; 2. Tatar (türk) korpusu formalaşdırılmalı; 3. İrəvanda tatar (türk) hərbi hissəsi formalaşdırmalı (Ermənistan Milli Arxivi, fond 222, siyahı 1 , iş 24, 3-cü hissə, vərəq 441; Bax: Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 36-37.).
“Horizon” qəzeti 1 fevral 1918-ci il tarixli sayında yazırdı ki, İrəvandan hadisə yerinə gələn erməni-müsəlman barışdırıcı komissiyası vəziyyəti öyrəndikdən sonra müsəlman nümayəndələr vedibasarlıların tərəfinə keçmişdilər (3“Horizon” qəzeti, 1 fevral 1918-ci il. Bax: Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 39. “Horizon” (“Հորիզոն”- “Üfüq” deməkdir) qəzeti “Daşnaksutyun” partiyasının orqanı idi və 1909-1918-ci illərdə Tifl isdə erməni dilində gündəlik olaraq nəşr edilmişdir. Həmin vaxt redaktoru sonralar daşnak hökumətinin baş naziri olmuş Simon Vrasyan idi.).
Erməni tarixçisi Edik Zöhrabyan bu məsələyə münasibət bildirərək yazır ki, Vedibasar müsəlmanlarının İrəvanda tatar korpusu və hərbi hissəsinin yaradılması tələbi onların pantürkçü maraqlarından və İrəvanı türk şəhəri hesab etmələrindən qaynaqlanırdı (Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 37.) .
“Horizon qəzeti həmin sayında yazırdı ki, ermənilərlə türklər arasında müharibə gərginləşib, Uluxanlı ətrafı ilə birlikdə xeyli türklərlə əhatə olunmuşdur və onlar erməniləri öldürəcəkləri ilə təhdid edirlər. Ermənilər isə dəmiryolçuları türklərə köməklik göstərməkdə ittiham edirlər.
“Horizon” qəzeti 4 fevral tarixli sayında isə yazırdı ki, türklərlə ermənilər arasında müharibə şiddətlə davam edir, hərbi əməliyyatlar Uluxanlı stansiyasına yaxınlaşır, türklər stansiyanı qanlı meydana çevirmək istəyirlər (“Horizon” qəzeti, 4 fevral 1918-ci il. Bax: Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 39.).
Erməni mətbuatı bu cür xəbərlər yaymaqla quberniyada milli zəmində gərginliyə müsəlmanların bais olduqları fikrini formalaşdırmaq və özünümüdafiə tədbirləri adı altında silahlı hücumlara zəmin yaradırdılar.
5-8 fevral 1918-ci il tarixində İrəvan şəhər Dumasının binasında erməni-müsəlman qurultayı keçirilmişdi. Qurultaya rusların və kürdlərin təmsilçiləri də dəvət edilmişdilər. Ümumiyyətlə, qurultayın 7 iclası keçirilmişdi. Qurultayın sonunda Millətlərarası Şura yaradılmış, həmin şuraya anarxiyaya son qoyması üçün erməni-tatar (türk) hərbi hissəsinin formalaşdırılması vəzifəsi həvalə edilmişdi. Fevralın 9-da Millətlərarası Şuranın ilk iclası keçirilmiş, erməni-tatar (türk) hərbi birliyinin formalaşdırılması üçün hərbçilərdən ibarət komissiya yaradılmışdı (“Horizon” qəzeti, 13 fevral 1918-ci il. Bax: Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 41.). Əslində, erməni-tatar (türk) hərbi birliyinin yaradılması daşnakların ideyası idi və qanlı əməllərində müsəlmanların iştirakı barədə rəy formalaşdırmaq istəyirdilər.
Fevralın 12-də Cənubi Qafqaz Komissarlığından Məmmədyusif Cəfərov, Xaçatur Karçikyan və Şalva Alekseyev-Mesxievin iştirakı ilə nümayəndə heyəti İrəvana gəlmiş, Millətlərarası Şuranın bir neçə iclaslarında iştirak etmişdi. Müsəlman təmsilçilər ərzaqla təminat məsələsində ciddi problemlər yaradıldığını bildirmişlər. İrəvan quberniyasının ərzaq komitəsinin sədri Zilo xan Makinskiyə müəyyən səlahiyyətlər verilmişdi.
Erməni tarixçisi Edik Zohrabyan iddia edir ki, guya türk ordusunun Ərzuruma yaxınlaşması xəbərini alan müsəlmanlar Osmanlı ordusunun önünü açmaq üçün üsyan qaldırmışlar (Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 42. ). Əslində isə erməni silahlı qüvvələri Osmanlı ordusunun əks-hücuma keçməsini bəhanə edərək iğtişaşlar törətmək yolu ilə İrəvan quberniyasını türk-müsəlman əhalidən təmizləmək istəyirdi. “Aşxatank” (“Əmək”) qəzeti “Qəmərlidə toqquşma” başlıqlı məqaləsində yazırdı ki, 1918-ci il fevralın 17-19-da erməni “özünümüdafiə dəstələri” Qəmərli şəhərinin türklər yaşayan hissəsini tamamilə viran qoymuşlar (“Aşxatank” (“Əmək”) qəzeti, 10 mart 1918-ci il; bax: Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 43.).
Bundan sonra erməni silahlı dəstələri bölgənin ən böyük kəndi olan Uluxanlını ələ keçirmək üçün hazırlıq görməyə başlamışdılar. Uluxanlılılar isə qəsəbənin ətrafında səngərlər qazaraq ermənilərin hücumuna qarşı güclərini səfərbər etmişdilər. Uluxanlılılar hətta kəndin üzərindən uçan aeroplanı ekipajı ilə birlikdə ələ keçirmişdilər (Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 44.).
Fevralın 22-də Dronun komandanlığında erməni silahlıları Üluxanlını mühasirəyə almışdılar. Ermənilər kəndin könüllü təslim olması üçün vəkil Q.Yengibaryanı və məşhur tacir Hacı Rzanı Uluxanlıya göndərsələr də, uluxanlılılar rədd cavabı vermişdilər. Bundan sonra Dronun əmri ilə toplar Uluxanlını bombardman etməyə başlamışdı. Uluxanlılılar axşam saat 5-ə qədər mərdliklə vuruşmuşdular. Lakin onların silah-sursatı tükənmiş və çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Ermənilər əvvəlcə evləri talan etmiş, sonra isə kəndi tamamilə yandırmışdılar ki, bir daha əhali öz evlərinə qayıda bilməsin. Dro bununla bağlı Tifl isə göndərdiyi teleqramda yazırdı ki, Uluxanlıya hücum zamanı 9 erməni öldürülmüş, 32 erməni yaralanmışdır (Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 52.).
Uluxanlının işğalından sonra Dronun komandanlığında erməni silahlı qüvvələri ətrafdakı bütün azərbaycanlı kəndlərini viran qoymuş, sağ qalan əhalini evlərindən didərgin salmışdı.
İrəvanda ermənilər arasında səfərbərlik həyata keçirildikdən sonra onlara silahlar paylanmışdı. İrəvan müsəlmanlarının nümayəndəsi Xəlil bəy Qasımbəyov quberniya komissarına müraciət edərək bildirmişdi ki, ətraf kəndlərdən çoxlu müsəlmanlar gələrək onlara da silah verilməsini tələb etmişlər (Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 44-45.). Lakin onların bu tələbi yerinə yetirilməmişdi.
Erməni tarixçisi Edik Zohrabyan yazır ki, Uluxanlı rayonundakı 18-20 türk kəndlərini cəzlandırmaqla, ermənilər İrəvan şəhərində yaşayan türkləri bir növ “ayıltmaq” istəyirdilər ki, ermənilərlə dinc şəraitdə yaşasınlar (Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 46.). İrəvan quberniyasını komissarı S.Torosyan Cənubi Qafqaz Komissarlığına göndərdiyi teleqramda yazırdı ki, fevralın 20-də günorta İrəvan şəhərində başlayan atışma çoxsaylı ölüm və yaralanma ilə nəticələnərək axşam saat 7-dək davam etmişdi. S.Torosyan qırğınların İrəvan şəhərində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsinin əsl səbəbini ört-basıdır edərək yazırdı ki, guya qırğınlara səbəb üç versiya vardır: Birinci versiyaya görə, guya şəhərin türklər yaşayan hissəsində iki türk arasında dalaşma olmuş, bir türk digərini öldürmüş və bu da iğtişaşların başlaması üçün qığılcım olmuşdur. Digər versiyaya görə, atışma silahlı türklərlə dəmiryol vağzalında keşik çəkən erməni dəstəsi arasında baş verən toqquşmadan sonra başlanmışdır. Üçüncü versiyaya görə isə guya iğtişaşlar bazarda türk satıcı ilə erməni alıcı arasında baş verən toqquşmadan sonra bütün şəhərə yayılmışdır (Horizon” qəzeti, 22 fevral 1918-ci il. Bax: Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 45-46.). Göründüyü kimi, S.Torosyan hər üç halda İrəvan şəhərində qırğınların başlanmasında təqsiri türklərin üzərinə atmağa çalışmışdır.
Qırğınların ertəsi günü hələ ara-sıra atışmaların davam etdiyi vaxtda İrəvan quberniyası qoşunlarının komandiri polkovnik Pirumyan şəhər rəhbərliyinin, din xadimlərinin, erməni, müsəlman və rus milli şuralarının təmsilçilərinin iştirakı ilə müşavirə keçirmişdi. Müşavirədə şəhərdə hərbi vəziyyət elan edilməsi və hərbçilər və mülki şəxslər üçün ayrı-ayrılıqda hərbi-inqilabi məhkəmələr yaradılması qərara alınmışdı. Mülki hərbi-inqilabi məhkəmənin tərkibi 7 nəfərdən- üç erməni, üç müsəlman və bir nəfər rus millətinin nümayəndələrindən ibarət təşkil edilmişdi (Horizon” qəzeti, 23 fevral 1918-ci il. Bax: Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 48.).
İrəvan quberniyasında baş verən hadisələri aydınlaşdırmaq üçün Tifl isdən gələn nümayəndə heyəti geri qayıtdıqdan sonra Cənubi Qafqaz Seyminin martın 2-də keçirilən iclasında məruzə etmişdi. Nümayəndə heyətinin başçısı Georqadze öz məruzəsində konkret faktlar gətirərək, İrəvan quberniyasında yalnız türk kəndlərinin dağıdıldığını qeyd etmişdi. Həmin iclasda müsəlman nümayəndələr İrəvan quberniyasında milli ədavətin və millətçiliyin qızışmasında “Daşnaksutyun” partiyasını ittiham etmişdilər. “Daşnaksutyun” partiyasını təmizə çıxarmaq istəyən erməni nümayəndələrinə Firudin bəy Köçərlinin – “Əgər daşnaklar sülh tərəfdarı idilərsə, bəs onda onlar bu hadisələrin qarşısının alınması üçün nə iş görmüşlər” – sualına cavab verən olmamışdı. Şəfi bəy Rüstəmbəyov qərar layihəsinə aşağıdakı dəyişiklik edilməsini təklif etmişdi: 1. Erməni-tatar hərbi hissəsi buraxılsın. 2. Dro və Pirumov bütün işlərdən kənarlaşırılsın. Daşnak Xaçaturyan etiraf etmişdi ki, İrəvan quberniyasında dövlət mexanizmi məhv edildiyinə üçün təqribən 18 müsəlman kəndi yandırılmışdır. Müzakirələr nəticəsində qərara alınmışdı ki, türklərin öz kəndlərinə qayıtmalarına köməklik göstərilsin, onlara hər cür yardımlar edilsin və istintaq komissiyası yaradılsın (Horizon” qəzeti, 10 mart 1918-ci il. Bax: Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 49-50.).
Qaçqınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Cənubi Qafqaz Seymi nəzdindəki Müsəlman fraksiyasının Qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı (Адрес-календарь Азербайджанской Республики на 1920 г.. Bakı. 1920, 2-ci hissə, s. 10-11.).
“Horizon” qəzeti erməni silahlı dəstələrinin azərbaycanlı yaşayış məntəqələrinə hücumlarına bəraət qazandırmaq üçün uydurulmuş məlumatlar dərc edirdi. Həmin qəzet İrəvandan Tifl isə göndərilən teleqrama əsasən yazırdı ki, fevralın 27-də Dəvəlidən Qəmərli istiqamətində gedən 70 erməni əsgəri yolda türklər tərəfindən atəşə tutulub, 10 əsgər yaralı qayıdıb, qalan 60 əsgərdən xəbər yoxdur, güman edilir ki, onları öldürüblər. Qəzet bundan sonra hadisə yerinə İrəvandan türklərin və ermənilərin təmsilçilərindən ibarət nümayəndə heyətinin göndərldiyini, lakin Avşar kəninin girəcəyində türklərin onları tərksilah edərək Qəmərliyə buraxmadıqlarını və geri göndərdiklərini yazırdı. Həmçinin “Horizon” qəzeti İrəvan şəhərində artıq sabitliyin hökm sürdüyünü, həyatın normal məcraya döndüyünü yazırdı (Horizon” qəzeti, 1 mart 1918-ci il. Bax: Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., c. 53-54).
Erməni silahlı qüvvələri Uluxanlını işğal etdikdən sonra İrəvan-Gümrü və İrəvan-Qəmərli dəmiryol xəttində hərəkət bərpa edilmişdi. Qəmərli-Noraşen- Naxçıvan-Culfa dəmiryol xəttini öz nəzarətləri altına almaq üçün hər iki istiqamətdən – yəni həmn qəmərli, həm də Culfa istiqamətindən erməni silahlı dəstələri hücuma keçmişdi. Erməni silahlı qüvvələrinin Naxçıvanı ələ keçirmələrinə imkan verməmək üçün azərbaycanlılar Noraşen stansiyası yaxınlarında dəmiryol relslərini sökmüş, nəticədə qatarın lokomotivi və 6 vaqon relsdən çıxaraq darmadağın olmuşdu. Ölən və azərbaycanlılara əsir düşən ermənilərin sayı 5-6 yüz nəfərə çatırdı.
1918-ci il martın sonlarında Sarıqamışın türk qoşunları tərəfindən azad edilməsi xəbərinin yayılmasından sonra İrəvan şəhərində mitinqlər keçirilmiş, Aram paşa şəhərin və quberniyanın yeganə diktatoru elan edilmişdi. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənəddə qeyd edilir ki, erməni silahlı dəstələri 1918-ci ilin mart ayınadək təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırımına və deportasiyaya məruz qoymuşdur (Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra ARDA), fond 894, siyahı. 10, iş 80, vərəq. 49-56.). Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən ermənilərin məqsədi İrəvan quberniyası ərazisində “türksüz Ermənistan” dövləti yaratmaqdan ibarət idi.
Hələ 25 mart 1918-ci ildə Trabzonda olarkən polkovnik (albay) Rauf bəy İrəvan və onun ətrafında baş verən hadisələri ona danışan Müdafaayi Mazluman Cəmiyyətinin sədri, irəvanlı Əbdülhəmid əfəndinin söylədiklərini Xarici İşlər Nazirliyinə çatdırmışdı. Verilən ifadəyə görə, İrəvan quberniyasında ermənilər müsəlman əhaliyə qarşı böyük işgəncələr törədilir. Bu qırğınların xüsusi olaraq Eçmiədzin və Gümrü bölgələrində həyata keçirildiyi bildirilirdi. Daşnakların həyata keçirilən qırğınlarda xüsusilə aktiv rol oynadıqları vurğulanırdı. Vurulan ziyanın 25 milyon manat olduğu müəyyən edildiyi, bununla bağlı Tiflisə şikayət edilsə də, bir nəticə alınmadığı, ermənilərin qətliamlara davam etdikləri bildirilirdi. İrəvanın müsəlman əhalisinin 50 faizinin salahlanmaq məcburiyyətində qaldıqları, lakin top və pulemyotlara malik olmadıqlarından tüfənglərlə mübarizə etmək məcburiyyətində qaldıqları vurğulanırdı. İrəvan türklərini ülamə Mirzə Hüseyn Həsənzadə və mühəndis Xəlil bəy Qasımbəyzadənin yonəltdikləri bildirilirdi (Toksoy Nurcan. Toksoy Nurcan. Revanda Son Günlər. Türk Yönətimindən Ermeni Yönetimine. Ankara: Orion Yayınevi, 2007, s.109.).
Erməni tarixçisi Leo (əsl adı Arakel Babaxanyan) 1925-ci ildə Tifl isdə ermənicə çap olunan “Ançyaliç” (“Keçmişdən”) əsərində erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri etiraf edərək yazır: “Daşnaksakanlar “silip-süpürməklə” (yəni azərbaycanlı kəndlərində etnik təmizləmə aparmaqla – N.M.) məşğul idilər. Sürməli qəzasının türk (azərbaycanlı) əhalisinin xeyli hissəsi öz yaşayış yerlərindən qaçmışdılar. İrəvan və digər qəzalarda bir çox kəndlər dağıdılmış və yandırılmışdı. Erməni fədailəri heç bir faydası və zərurət olmadan, hətta elə kəndlərdə vəhşiliklər törədirdilər ki, həmin kəndlərdə türk əhalisi çox az olduğu üçün ermənilərə heç bir ziyan verə bilməzdi. Xüsusən Böyük Qarakilsə şəhərinin yanındakı Vartanlı kiçik türk kəndində törədilən qırğınlar həyəcanlandırıcı idi” (Լեո. Անցյալից. (Leo. Keçmişdən). Tifl is: Sovetskiy Kavkaz nəşriyyatı, 1925, səh. 369).
Tifl isdə rus dilində nəşr edilən “Qruziya” qəzeti Gümrüdə ermənilərin törətdikləri vəhşilikləri təsvir edərək yazırdı” “Aleksandropolda (Gümrüdə) erməni dəstələri artilleriyadan müsəlman evlərinə atəş açmaqla öz toplarının gücünü sınayırdılar” (“Qruziya” qəzeti, 28 noyabr 1918-ci il.).
Ermənilərin törətdikləri vəhşiliklər haqqında yunanlar Cənubi Qafqaz Seyminə aşağıdakı məlumatı vermişdilər: “Türk ordusunun qarşısından geri çəkilən silahlı erməni qaçqınları ətrafdakı müsəlman kəndlərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçirir, təsəvvürəgəlməz bir dəhşət və fəlakət törədirdilər… “Qalıb” erməni ordusu hərbi qənimətləri, yəni süngü ucuna taxılmış südəmər uşaqlarala keçdikləri yolların ətrafına çılpaq soyundуrulmuş müsəlman qadınlarını düzürdülər. Bu cəhənnəm əzabından ağlını itirmiş qadın və uşaqların ürəkparçalayan iniltilərini, qocaların ümidsiz nalələrini dinləmək üçün adamın qəlbi daş olmalıdır…” (ARDA, fond 970, siy. 1, iş 1, vərəq 28-29.).
İrəvan Milli Şurası ermənilərin törətdikləri qırğınlar barəsində Bəyaziddəki türk qoşunlarının komandanlığına möhürlü bir məktub göndərmişdi. Məktubda deyilirdi: “Rusların çəkilməsi erməniləri başımıza bəla etdi. İllərdən bəri bölgədə yığılıb qalan silahlara sahib oldular. Uzun illərdən bəri bəslədikləri əməllərini fəaliyyətə keçirdilər. Səfərbərlik elan etdilər və İrəvan quberniyasında yaşayan müsəlmanları özlərinə rəqib gördüklərindən, ilk öncə bizləri ortadan qaldırmaq məqsədilə bütün güclərini bizim yox olmağımız üçün yönəltdilər. Ruslardan əldə etdikləri silahları bizim üzümüzə çevirdilər. İki ay yarımdan bəri adətən müsəlmanlara qarşı hərb elan etmişlər kimi, əsgərlər quldur dəstələri müsəlmanlar üzərinə top, pulemyot ilə gedib zülm edirlər. Nahiyələri, kəndləri yandırırlar. Qadınlara təcavüz edirlər, uşaqları kəsirlər, qocaları boğazlayırlar. Bu ana qədər iki yüz kənd məhv olmuş, zülmdən qurtula bilənlər dağlara qaçmışlar. Təbi ki, onların da bir qismi aclıqdan və soyuqdan ölmüşlər. İrəvan şəhərinin 18 min nəfərlik müsəlman əhalisi iki aydır ki, mühasirə altındadaır”. Daha sonra məktubda bütün İrəvan quberniyası müsəlmanlarının adından xahiş edilirdi ki, həmin məktub ordu komandanı Vehib paşa vasitəsilə Osmanlı padşahına çatdırılsın ki, o da bu məzlum türk yavrularını öz himayəsi altına almaq üçün iradə göstərsin, əks təqdirə məhv olacağıq. Həmçinin xahiş edilirdi ki, bu məktub həmin günlərdə Batumda keçirilən sülh konfransında səsləndirilsin (Atnur İbrahim Ethem. Osmanı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan. (1918-1920). Ankara: Türk Tarih Kurumu Basımevi, 2001, s. 27-28.).
1918-cil mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində ilk erməni dövləti–Ermənistan (Ararat) Respublikası yarandıqdan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətini davam etdirmişdir. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəksin. Lakin Ermənistan hökuməti nəinki vədinə əməl etdi, əksinə həm Azərbaycan Respublikasının ərazilərinin işğalını, həm də İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirdi.
1918-ci il iyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 9 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Basarkeçər bölgəsi istisna olmaqla Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi (Киракосян Дж. Младотурки перед судом истории, Ереван: Аястан, 1986, c. 239; Cаркисян Ерванд, göstərilən əsəri, s. 365-366.).
Batum müqaviləsinin 3-cü maddəsində qeyd edilirdi ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədlərin müəyyənləşdirilməsinə aid bağlanan protokollar Osmanlı imperatorluğu hökumətinə təqdim ediləcəkdir. Həmin müqavilənin 5-ci maddəsində Ermənistan Respublikası onun ərazisində hər hansı quldur dəstəsinin yaradılmasına və silahlanmasına qarşı mübarizə aparmağı, bütün bandaları tərksilah etməyi, 6-cı maddəsində isə Ermənistan Respublikasında yaşayan müsəlmanların dininə və adət-ənənələrinə hörmət etməyi, müsəlmanların və digər dinlərə mənsub olanların mülki və siyasi hüquqlarına sahib olmasını öz öhdəsinə götürmüşdü (Бадалян X. Германо-турецкие оккупанты в Армении в 1918 г. Ереван, 1962, с.172-178.).
Batum müqaviləsinin imzalanmasından sonra İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin düşən müsəlman qaçqınlar tədricən öz yer-yurdlarına qayıtmağa başalmışdılar.
Lakin Erməni Milli Şurasının nümayəndələri Batumda sülh danışıqlarında (11 may – 4 iyun) iştirak etdikləri və Osmanlı dövlətinin mərhəmətinə sığındıqları bir vaxtda Korqanovun, Nazarbekovun, Silikovun, Andranikin, Dronun, Njdehin komandanığı altında erməni silahlı qüvvələri İrəvan quberniyasının qəzalarında müsəlmanlara qarşı kütləvi qırğınlar törətməkdə davam edirdilər.
Azərbaycan Milli Şurasının iyunun 13-də keçirilən iclasında İrəvan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilmişdi. Milli Şura İrəvan quberniyasında qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara almışdı. Həmçinin İrəvan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qaçqınlara ərzaq yarımı etsin və onların öz yer-yurdlarına qayıtmaları üçün Ermənistan hökumətinə təsir göstərsin (ARDA, fond 970, siy.1, iş 6, v. 1.).
30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən İkinci Dünya müharibəsində məğlub tərəf kimi türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. Hərb naziri Ənvər paşanın göstərişi ilə IX ordunun komandanı Yaqub Şevki paşa İrəvan quberniyasının və Qars vilayətinin müsəlman əhalisinin özünümüdafiəsi üçün geri çəkilən türk ordusunun komandanlığına tapşırmışdı ki, yerli milli şuralara lazımı qədər silah versinlər və türk zabitlərindən bir qismi həmin ərazilərdə qalıb yerli əhalinin təlimləri ilə məşğul olsunlar. Həmin tapşırığa əsasən noyabrın 12-də 2000 ədəd iriçaplı rus tüfəngi Naxçıvan və İqdır (Sürməli) əhalisinə, noyabrın 15-də isə 3000 rus tüfəngi Qəmərliyə göndərilmişdi (Dayı S. Esin. Elviye-i Selasede (Kars, Ardahan, Batum) Milli Teşkilatlanma. Doktora tezi. Erzurum, 1997, s. 87.).
İrəvan quberniyasının müsəlman kəndlərinin ermənilər tərəfindən bir daha işğal təhlükəsi yarandığından, Ordubaddan Sürməliyədək ərazinin nümayəndələri noyabrın 3-də Qəmərli (indiki Artaşat) qəsəbəsinə toplaşaraq Araz-Türk Hökuməti qurmaq haqqında qərar qəbul etmişdilər. Hökumət rəisi naxçıvanlı Əmir bəy Əkbərzadə, hərb naziri isə sonralar Cənub-Qərbi Qafqaz Hökumətinin (Qars hökuməti) başçısı olmuş İbrahim bəy Cahangirov seçilmişdi. İbrahim bəy dərhal işə başlayıb özünümüdafiə üçün yerli əhalidən ibarət 20 tabor təşkil etmişdi. Taburlar hər birində 250-500 nəfərdən ibarət silahlı könüllülərdən təşkil edilirdi. Bu taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Vedibasar, Zəngibasar, Qəmərli və Baş Noraşendə yerləşdirilmişdi. İqdır (Sürməli) tərəfdə isə bir alay 5 süvari birliyi təşkil edilmişdi. Həmin taborların bir qismi türk ordusu İrəvan quberniyasında olarkən 9-cu firqə komandanı miralay Rüşdü bəyin yardımı və silah-sursatla təmin etməsi ilə qurulmuşdu (Gödemir Ahmet Ender. Cenub-i Garbi Kafkas Hükumeti. Ankara: Türk Kültürünü Araştırma Enstitüsü, 1989, s. 50-51.).
1918-ci ilin dekabrında türk qoşunlarının sonuncu hissələrinin İrəvan quberniyasını tərk etməsindən sonra yerli müsəlman milli şuralarına tabe olan özünümüdafiə dəstələri (taburlar) əhalini erməni təcavüzündən qorumaq missiyasını yerinə yetirirdi.
1919-cu il yanvar ayının əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistan xarici işlər nazirinə göndərilən notada həmçinin erməni silahlı qüvvələrinin İrəvan quberniyasındakı Azərbaycanın mübahisəsiz ərazilərində zorakılıqlara və hərbi əməliyyatlara son qoyulması Ermənistan hökumətindən tələb edilirdi (ARPİİSSA, fond 268, siy. 23, iş 503, v. 29; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. s. 43.).
Azərbaycan hökuməti 1919-cu il yanvarın sonlarında Məhəmməd xan Təkinskini Ermənistanda diplomatik nümayəndə təyin etmişdir. Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.
Erməni silahlı qüvvələrinin hücumlarının qarşısının alınması üçün Göyçə mahalında da özünümüdafiə dəstələri təşkil edilmişdi. 1919-cu il martın 2-də Göyçə mahalının 26 kəndinin təmsilçilərinin 60 min nəfər əhali adından imzaladıqları icma hökmündə Oğruca kəndinin sakini Məşədi İsa Kərbəlayi Musa oğlunun mahalın hərb naziri, Zod kəndinin sakini Ağalar bəy Kəsəmənskinin isə bütün müsəlman dəstələrinin baş komandanı seçildikləri, mahalın ərazisində səfərbərlik həyata keçirilməsinin onlara həvalə edildiyi qeyd edilmişdir. İcma hökmündə həmçinin Göyçə mahalının əhalisinin özlərini Azərbaycan Respublikasının təbəələri hesab etdikləri bildirilirdi (Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. Bakı, 2010, s. 55.).
1919-cu ilin yanvarında Vedibasar bölgəsinə polkovnik Doluxanovun komandanlığı altında güclü erməni ordusu göndərilmişdi. Doluxanov müsəlman əhaliyə müraciət edərək onları itaətə çağırmış, orada qayda-qanun yaradacağını və müsəlmanlarla dostluq münasibətləri quracağını vəd etmişdi. Polkovnikin dediklərinə inanan Vedibasar rayonunun əhalisi onun dəstəsini Dəvəli kəndinə buraxmışdı. Lakin erməni silahlı qüvvələri hücum edərək Seyid- Kotanlı, Xaraba Kotanlı və Şahab kəndlərinin müsəlman əhalisini doğramış, qocaların qadınların və uşaqların meyitlərini təhqir etmiş, qarınlarını yırtmış, gözlərini çıxarmış, bir neçəsini yandırmışdılar. Müsəlmanların nümayəndələri Doluxanovun yanına gedərək ondan qətliamlara son qoymağı tələb etmişdilər. Lakin Doluxanov onlara verdiyi vədin üstündə durmamışdı. Şərur istiqamətində irəliləyən Doluxanovun qoşunu müsəlmanların güclü müqavimətinə rast gəlmiş və qoşun ağır itki verərək yenidən Dəvəliyə çəkilmişdi. Özlərini “Vanlılar” və “Sasunlular” adlandıran erməni silahlı dəstələri yenidən hücum edərək Qaraarxac, Qədili, Yuxarı Qarabağlar, Ağasıbəyli, Dəhnəz və Şahablı kəndlərinə daxil olmuş, əhalisini doğramış, yüzlərlə əsir götürmüşlər. Əsirlərin azad edilmələri üçün Vedibasardan İrəvana nümayəndə heyəti getmiş, Ermənistan parlamentinə müraciət etmişdilər. Parlamentdə onlara əsirlərin azad ediləcəyi barədə vəd verilsə də həmin vədə əməl edilməmişdi. Əsirlərin azad edilmələri üçün ingilis komandanlığına müraciət edilsə də, heç bir nəticə verməmişdi.
Bundan sonra ermənilər zirehli maşınların və artilleriya taqımının hücumu ilə dəmiryol xəttinə bitişik Xalisa, Cadqıran, Şirazlı, Qaralar kəndlərini bombardman etmişdilər. Bir gün sonra ermənilər yenidən hərbi əməliyyatlara başlayaraq Böyük Vedi kəndini bombardman etmişdilər. Ermənilərin Böyük Vediyə hücum ilə bağlı dərhal Naxçıvandakı müsəlman qoşununun komandanı Kalbalı xana müraciət edilmiş, o da öz növbəsində ermənilərə ultimatum göndərmiş və hücumları dayandırmağa vadar etmişdi. Ermənilər atəşi dayandırsalar da, Avşar, Xalisa və başqa kəndləri talan etmiş və yandırmışdılar (Azerbeycan Belgelerinde Ermeni Sorunu, Ankara, 2001, s. 370-371.).
4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi teleqramda Fövqəladə Parlament istintaq komissiyası yaratmaq üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə İrəvan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırmışdı. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmaq istədiyi də teleqramda qeyd olunmuşdu (ARPİİSSA, f. 277, siy. 2. iş 40, v. 3).
Vedibasarla Şərurun sərhədindəki “Qurd qapısı”nda Araz-Türk hökumətinin özünümüdafiə dəstələri ilə polkovnik Doluxanovun komandanlığında erməni hərbi hissələri qarşılaşmış və ermənilər böyük itki verərək məğlub olmuşdular. Bundan sonra erməni hissələri Dəvəli istiqamətindən Böyük Vedi üzərinə hücuma keçmişdilər. Döyüşlər Qaralar, Cadqıran, Şirazlı, Reyhanlı və Avşar kəndlər ətrafında gedirdi. Ermənilər yenə böyük itki verərək geri çəkilmişdilər. Bir müddət sakitlikdən sonra iyulun 4-də ermənilər polkovnik Aprosimovun komandanlığında üçüncü dəfə Böyük Vedi üzərinə hücuma keçirlər. Erməni komandanlığı vedililərlə danışıq aparmaq üçün nümayəndə göndərir. Danışıqlar gedən zaman ermənilər fürsətdən istifadə edib irəliləyirlər. Vedililər ermənilərdə geri çəkilməyi tələb edirlər. Lakin ermənilər Böyük Vediyə doğru irəlilədikdə vedililər əks hücuma keçirlər. Ermənilər bir zabit və 42 süvari itki verərək meydandan qaçırlar. Vedililər 4 pulemyot, 400 tüfəng, xeyli miqdarda sursat ələ keçirirlər. Bundan sonra Ermənistan müdafiə nazirinin müavini Dronun komandanlığında nizami ordu dördüncü dəfə Vediyə hücum edir. Vedibasar qoşunun komandanı Abbasqulu bəy Şadlinski döyüşə əlverişli mövqeyə malik olan Vedinin özündən başlamağı qərara alır. Ermənilər elə güman edirlər ki, kənd boşalıb, sürətlə irəliləyirlər. Bu zaman vedililər ermənilərin özlərindən ələ keçirdikləri pulemyotlarla atəş açırlar. Bir saata yaxın əlbəyaxa döyüş davam edir. Ermənilər 1000 döyüşçüdən artıq (təqribən əsgərlərinin yarısını) itirərək Yuva kəndinə geri çəkilirlər. Bu zaman ingilis komandanlığı atəşkəs təklif edir və yenidən sakitlik başlayır (ARDA, fond 894, siy. 10, iş 80, v. 39-44).
1919-cu il iyulun 11-də M.Təkinskinin Azərbaycan xarici işlər nazirinə göndərdiyi şifrəli teleqramda bildirildi ki, Böyük Vedidə erməni qoşunlarının hücumlarının qarşısı alınıb, erməni ordusu artilleriyası ilə birlikdə dəmiryol xəttinə çəkilib. İrəvana çoxlu erməni yaralılarının daşındığı, öldürülən erməni əsgərlərinin sayının 200-dən artıq olduğu, yaralanan və öldürülən erməni zabitlərinin sayının 10 nəfərdən çox olması teleqramda ifadə edilmişdi. Ermənilər öz uğursuzluqlarını Vedibasarda türk əsgərlərinin olması ilə izah edirdilər. İngilislər də ermənilərə inanırdılar. Orada osmanlı əsgərlərinin olmasını M.Təkinski qəti surətdə təkzib etmişdi. M. Təkinski İrəvandakı ingilis hərbi nümayəndəliyinin açıq-aşkar ermənipərəst mövqe tutduğunu yazırdı (Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. s. 131).
Ermənistan ordusunun Vedibasara 1919-cu ilin iyulunda dördüncü hücumundan sonra Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi silahlı qüvvələr döyüşə-döyüşə İran sərhədinə çəkilmişdi. Silahlı dəstələrlə bərabər Vedibasarın mülki əhalisi də İranın Xoy, Səlmas və Urmiya əyalətlərinə keçmişdi.
Məhəmməd xan Təkinski Ermənistan hökumətinin daxili işlərinə müdaxilə bəhanəsilə “persona non qrata” – yəni “arzuolunmaz şəxs” elan edildikdən sonra bu vəzifəyə görkəmli Azərbaycan yazıçısı və ictimai-siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev təyin olunmuşdu.
Ə.Haqverdiyev İrəvan quberniyasında və Qars vilayətində türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırımı faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına, xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında, qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli iş görmüşdür. O dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Ə. Haqverdiyevin imzası ilə arxivlərdə saxlanır.
Azərbaycan hökumətinin Eçmiədzin qəzasında avqust-sentyabr aylarında baş vermiş hadisələrin istintaq edilməsi ilə bağlı tələbinə əsasən Ermənistan hökumətinin 16 oktyabr 1919-cu ildə Ali Komissar polkovnik Haskelə göndərdiyi məktubunda İrəvan quberniyasında erməni ordusunun törətdiyi qırğınlara dolayısı ilə haqq qazandırılırdı. Məktubda qeyd edilirdi ki, avqustun əvvəllərində Naxçıvanda və Şərurda müsəlman əhalinin Eçmiədzin qəzasında da Ermənistan hökuməti əleyhinə üsyanlara hazırlıq görmələri barədə məlumat daxil olub. Həmçinin qeyd edilirdi ki, bölgəyə çoxlu sayda Türkiyə və Azərbaycan agentləri gəliblər və ayrı-ayrı türk zabitləri müsəlman kəndlərinə toplaşaraq müsəlman əhalini Naxçıvan və Şərur üsyanlarına qoşulmaq üçün hədə-qorxu gəlirlər. Daha sonra məktubda qeyd edilirdi ki, çobankərəlilər avqustun 19-da 4 erməni polisini öldürüblər. Avqustun 20-də üsyana qalxan qarxınlılar körpünü yandırıblar. Avqustun 23-də üsyançıların Qamışlı kəndindən Qarxın kəndinə axışdıqları, müsəlmanların Uluxanlıda toplaşdıqları, avqustun 26-da Kərimarx kəndinin əhalisinin də üsyançılara qoşulduğu qeyd edilirdi. Guya Qurduqulu (sonralar Hoktemberyan) rayonunda iğtişaşların baiskarının Canfida və İydəli kəndlərinin türkləri olduqları da qeyd edilirdi. Canfida kəndinin müsəlmanlarını Ermənistan hökumətinə tabe olmağı tələb etdikdə atışma baş verdiyi, bir neçə erməni milisinin yaralandığı, 16 tatarın öldürüldüyü, Kərimarx kəndinin əli silah tutan kişilərinin kəndi tərk edərək üsyançılara qoşulduqlarından 480 qadın, qoca və uşaq kənddən sürüldüyü (əslində, girov götürüldüyü-N.M.) həmin məktubda etiraf edilirdi (ARPİİSSA, fond 276, siy.9, iş 28, v. 22.).
Vedibasarın ələ keçirilməsindən sonra Ermənistan ordusunun əsas hədəfi İrəvanın 7 kilometrliyində yerləşən və güclü özünümüdafiə dəstələrinin cəmləşdiyi Zəngibasar bölgəsi idi.
Azərbaycan XİN-in 1919-cu il dekabrın 27-də Ermənistan XİN-nə göndərdiyi teleqramda deyilirdi: “Bu gün aldığımız məlumata görə, dekabrın 21-də Ermənistan hökuməti Zəngibasar rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayıb. Həmin gün Qarğabazar kəndi talan edilib və dağıdılıb. Ayın 22-də həmin aqibəti Uluxanlı kəndi yaşayıb. İndi döyüşlər Çobankərə və Qaraqışlaq kəndlərində gedir. Əgər bunlar doğrudursa, deməli, Ermənistan hökuməti danışıqları pozub (ARDA, fond 897, siy.1, iş 38, v. 361.). Azərbaycan XİN Ermənistan XİN-ə Zəngibasarın müsəlman kəndlərinə erməni hücumlarını dayandırmaq haqqında teleqramın surətini Fransanın və İtalyanın hərbi missiyalarına və Müttəfiq dövlətlərin Qafqazdakı Ali Komissarına və Britaniyanın Ali Komissarına da göndərmişdi (Yenə orada, v. 357-361.).
İran tərəfi ingilislər və ermənilərlə əlaqəyə girərək, böyük şirnikləndirici vədlər verməklə, naxçıvanlıları İrana köçürməyə təşviq edirdi ki, Naxçıvan zəifl əsin və ermənilər oraya soxulmaq imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (Milli Şura və yaxud Araz-Türk hökuməti nəzərdə tutulur-N.M.) Böyük Vedi və Aralıq rayonlarını əhatə edirdi. Sürməli və Eçmiədzində törədilən qırğınlardan sonra Zəngibasar əhalisi silahlanmaq məcburiyyətində qalmış və hərbi təlimlər keçirmək üçün Türkiyədən təlimatçılar dəvət etmişdi.
Təqribən dekabrın 20-də ermənilər Kolanı kəndinə hücum edib, əhalini kənddən çıxarmaq istəmişdilər. Bu kənddə 800 müsəlman-qaçqın üçün Amerikanın qida məntəqəsi fəaliyyət göstərirdi. Sonra ermənilər Qarğabazar kəndinə hücum etmişdilər.
Dekabrın 28-də ermənilər Eçmiədzin qəzasının Əkərək kəndini dağıtmışlar. 10 gün keçməmiş ermənilər Haxıs kəndinə hücum etmişdilər. Toxanşalı kəndi ikinci dəfə ermənilərin hücumuna məruz qalmışdı (ARDA, fond 897, siy. 1, iş 78, v. 22-24.).
İrəvan qrupunun rəhbəri general-mayor Şelkovnikovun 8 mart 1920-ci ildə Ermənistan qoşunlarının komandanına göndərdiyi məktubunda bildirilirdi ki, Zəngibasar müsəlmanlarının tutduqları mövqenin təhdidedici və İrəvan şəhərinə yaxın olmasını nəzərə alaraq tərksilah əməliyyatının keçirilməsi və onların diz çökdürülməsi zəruridir. Əgər diplomatik təsirlər nəticəsiz qalsa, onda hərbi gücə əl atmaq və həmin ərazinin əhalisini zor gücünə köçürmək və Zəngibasar rayonunu müsəlman elementlərindən tamamilə təmizləmək lazım gələcək. O, bildirirdi: “Bunun üçün 2 min əsgər, 2 batalyon və 100 atlı lazımdır. Əsas zərbə İrəvan-Parakər tərəfdən cənub və cənub-qərb istiqamətdən endirilməlidir. Bu əməliyyata yardım üçün qısa cinah zərbələri Qarxın tərəfdən və Ağhəmzəli tərəfdən endirilməlidir. Zəngibasarı bu yolla Süleyman-Dizə-Ramazan xətti boyunca sıxışdırıb çıxarmaq lazımdır. Bu əməliyyatı keçirmək üçün 600 silahlı 2-ci piyada polkunda, 150 silahlı isə xüsusi sərhəd briqadasında vardır… Dəstə kifayət qədər texniki vasitələrlə, rabitə vasitələri ilə yük maşınları və ərzaqla təchiz edilməlidir. Bütün sadalananlarla təmin edildikdən sonra yalnız Daşburun-Həsənxan-Ramazan istiqamətində əməliyyatlara başlayıb Qəmərli və İqdır dəstələri ilə möhkəm əlaqə qurmaq, bununla da müsəlmanların şimal xətti boyunca əlaqələrini kəsmək olar. Hesab edirəm ki, süngülərin sayını 3000-ə çatdırmaq lazımdır (ARDA, fond 897, siy. 1, iş. 31, v. 23; Hovannisian Richard G. The Republik of Armenia. Volume III, From London to Sevres. February-August 1920, University of California Press, 1996, p. 292.)
Ermənistan qoşunlarının komandanı T.Nazarbekov müdafiə nazirinə göndərdiyi 10 mart 1920-ci il tarixli cavab məktubunda general Şelkovnikovun Zəngibasar tatarlarının tərksilah edilməsi planı ilə tamamilə razı olduğunu bildirir. Əməliyyatın uğurunu təmin etmək üçün əsgərlərin sayının 3000-ə çatdırılmasının zəruriliyi vurğulanırdı. O, bu ərazidə yaşayan və silah daşıya bilənlərin sayı 3000 nəfərdən artıq olduğunu və sayıqlıqla qorunduqlarını bildirir: “Əməliyyat surətlə həyata keçirilməlidir, əks təqdirdə mənfi psixoloji təsiri ola bilər. Əməliyyatın əsas vəzifəsi Haçaparax, Hacı Elyas, Şorlu Dəmirçi, Şorlu Mehmandar və Təzə Qarxın (Şərifabad) kəndlərini tutmaqdır (ARDA, fond 897, siy. 1, iş 31, v. 23.)
Erməni kəşfiyyatı əvvəlcədən xəbər tutmuşdu ki, Ə.Haqverdiyev Diplomatik missiya üçün hökumətin ayırdığı vəsaiti qatarla Bakıdan İrəvana özü ilə aparacaq. Əbdürrəhim bəy Haqverdiyev 1920-ci il martın 8-də Bakı-Tiflis-İrəvan qatarında İrəvana gedərkən erməni quldurları onu Gürcüstanla Ermənistan arasındakı neytral zonada silahla hədələyərək, diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şəxsi vəsaitini əlindən alıb aparmışdılar (Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), fond 897, siyahı1, iş 91, vərəq 24-25.)
Daşnak Ermənistanının baş naziri olmuş Simon Vrasyan öz xatirələrində bu hadisəni belə təsvir edir: “Bir gün teleqram aldıq ki, Azərbaycanın yeni səfiri və Xalq partiyasının sədri S.Harutyunyan eyni qatarla Tifl isdən İrəvana gedirlər. Rubenlə (“Daşnaksutyun”un liderlərindən biri, 1920-ci ildə Ermənistanın hərbi naziri olmuşdur – N.M.) birlikdə dərhal müvafiq tədbir ələ aldıq” (Virabyan Vanik. 1918-1920-ci illərdə Ermənistan Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti (Kəşfi yyat. Ordu. DİN). Yerevan, 2015, s. 168. (erməni dilində).).
Ermənistanın xüsusi xidmət orqanının həmin vaxt Gürcüstanda gizli fəaliyyət göstərən kəşfiyyatçısı Tiqran Devoyans isə bu barədə Bostonda erməni dilində nəşr edilən “Hayrenik” (Vətən”) jurnalında (1945, № 4, iyul-avqust, s. 81) yazırdı: “Əgər Azərbaycanın diplomatik nümayəndəsi neytral zonada “əclafl ar ” tərəfindən talan edilməsəydi, Tifl is üzərindən Bakıdan göndərilən vəsaitlə təkcə Şərur-Naxçıvandakı tatar ordusunun sayı 10.000-ə çatardı. Eynilə, Böyük Vedidə və Zəngibasarda və s. yerlərdə ermənilərə qarşı döyüşən tatarların sayı qat-qat artardı və nəticədə Ermənistan erməniləri məhv edilməklə üzləşərdi” (Yenə orada, s. 156.)
Ə.Haqverdiyev ermənilərin quldurluğu barədə Ermənistan prokurorluğuna şikayət etsə də bir nəticə hasil olmamışdı. Bu hadisədən bir müddət sonar Ə.Haqverdiyev daimi nümayəndə vəzifəsindən istefa verərək Bakıya qayıtmışdı.
Ə.Haqverdiyevdən sonra 1920-ci il martın 16-da o Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi. Onun fəallığı da Ermənistan hökumətini narahat edirdi. Onun hər addımını izləyir və bir bəhanə tapıb həbs etmək istəyirdilər. Azərbaycan hökuməti Zəngibasardakı özünümüdafiə dəstələrinin silahlanması və mühasirə şəraitində yaşayan azərbaycanlı əhalinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün gizli yolla 600.000 rubl göndərmişdi. 1920-ci il aprelin 4-də diplomatik nümayəndəliyin əməkdaşlarının Zəngibasara apardıqları pulları Ermənistan kəşfiyyatı ələ keçirmişdi. Ermənistanın baş naziri A.Xatisovun xarici işlər naziri A.Ohancanyana 26 may 1920-ci ildə yazdığı məktubunda T.Makinskinin həbsinə hazırlıq görüldüyü haqda məlumat verilir. A.Xatisov yazır ki, aprelin 4-də T.Makinskinin öz maşınında üç nəfərlə Zəngibasara göndərdiyi 600.000 rubl yolda qoyulan postda ələ keçirilmişdir və həmin şəxslər həbs edilmişlər. Dindirmə zamanı həbs edilənlərin Makinskini ələ verdiklərini yazır, A. Xatisov. Hay-küylü məhkəmə olacağını yazan baş nazir. A. Xatisov hələlik Makinskinin tutulanların verdikləri ifadədən xəbərsiz olduqlarını, lakin bizim hər şeyi bildiyimizi artıq güman etdiyini qeyd edir. A.Xatisoov daha sonra yazır ki, müstəntiq Makinskini dindirmişdir, lakin o, onun missiyasında hansısa “hadisənin” baş verdiyinə eyham vurur və bildirir ki, F.Xoyski ilə görüşmək üçün ertəsi Tiflisə getməlidir. “Bu barədə nümayəndələrdən başqa (yəni həmin vaxt Tifl isdə keçirilən sülh konfransında iştirak edən erməni mümayəndələrinə – N.M.) heç kimə deməyin, daha başqa izlərə düşmək üçün iş gizli aparılır.”- yazırdı A.Xatisov.
Artıq həbs ediləcəyini yəqin edən T. Makinski mayın 28-də İrəvanı qəfildən tərk edir və ondan sonra diplomatik nümayəndə vəzifəsini Adil Qiyasbəyov icra etməyə başlamışdı.
İyunun 15-də Ermənistan XİN Azərbaycanda yeni hökumət qurulmasını səbəb göstərərək diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiyini bildirmişdi (ARDA, fond 28, siy.1, iş 102, v. 33.)
Zəngibasar Milli Şurasının ermənilərə qarşı göstərdiyi müqavimət Türkiyə Böyük Millət Məclisində də müzakirə edilmişdi. 1920-ci il avqustun 14- də Ərzurumdan olan millət vəkillərinin sorğusuna cavab olaraq Mustafa Kamal Atatürkün verdiyi izahatdan aydın olur ki, onun Ermənistanda baş verən hadisələrlə bağlı məlumatı olmuşdur. Atatürk deyir ki, Gəncədə bolşeviklərə qarşı Nuru paşanın komandanlığı altında üsyanın baş verməsindən istifadə edən erməni qoşunları iki istiqamətdə – 19 iyun tarixində Oltu Milli Şurası üzərinə, digər qismi də Zəngibasar Milli Şurası üzərinə hücuma keçmişlər. Onun sözlərinə görə, həm Zəngibasar Milli Şurası, həm də Oltu Milli Şurası gerçəkdən Ermənistan Cümhuriyyətini təhdid etmək durumunda idilər. Atatürk ermənilərin hücumuna qarşı türk ordusunun bəzi önləmlər almaq məcburiyyətində qaldığını söyləyir və əlavə edir ki, Bəyazid istiqamətindən gərəkli qədər qüvvəni Zəngibasar Milli Şurasının silahlı qüvvələri daxilinə keçirmişlər. Arazın güneyinə çəkilmiş Milli Şura qüvvələri ilə Türkiyədən göndərilən qüvvələrin birləşməsindən sonra həm Zəngibasara, həm də Oltuya qarşı hücuma keçən erməni qüvvələri durdurulmuşdur. Atatürk erməni silahlı qüvvələrinin zirehli qatardan istifadə edərək iyulun 10-dan etibarən İrəvan-Culfa dəmiryolu boyunca güneyə doğru irəlilədiyini söyləyir (Atatürkun Söylev ve Demeçleri I-III.; http://atam.gov.tr/wp-content/uploads/S%_C3%96YLEV-ORJ%C4%B0NAL.pdf.)
Daşnak hökumətinin hakimiyyətini qəbul etməyən Zəngibasarın azərbaycanlı əhalisini cəzalandırmaq üçün 1920-ci ildə Zəngi çayının qabağını kəsmişdilər ki, həmin bərəkətli torpaqlar səhraya çevrilsin. Nəticədə Göycə gölündən Zəngibasara qədər bu çaydan istifadə edən onlarla kənd susuz qalmış, çoxlu insan, sürülər və əkin sahələri məhv edilmişdi. Erməni tarixçisi Anahid Lalayan daşnak xadimlərindən birinin 21 iyun 1920-ci ildə baş nazir A.Ohancanyana yazdığı məruzəsindən aşağıdaki sitatı gətirir: “Zəngibasarı bizimikilər ələ keçirdilər. Bu ölkə elə varlıdır ki, bizim borclarımızı dəfələrlə qapatmaq iqtidarındadır. Artıq iki gündür ki, burada görünməmiş talanlar həyata keçirilir – taxılı, arpanı, düyünü, samovarları, xalçaları, pulları və qızılları ələ keçirirlər.” (Лалаян А.А. Контрреволюционная роль партии Дашнакцутюн. В кн. Исторические записки. Т.2., Издательство Академии Наук СССР, 1938, c. 99.).
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra İrəvan quberniyasının və Qars vilayətinin türk-müsəlman əhalisinə edilən hər cür yardımlar kəsilmişdi. Zəngibasarı və Vedibasarı ələ keçirmək üçün daşnak ordusunun müəyyən fasilələrlə iki illik hücumları 1920-ci ilini iyun-iyul aylarında qələbə ilə nəticələnmişdir. Ermənistan ordusu iyunun 19-21-də Zəngibasarı, 11-12-də isə Vedibasarı ələ keçirə bilmişdi. Bu rayonların əhalisinin bur qismi İrana, bir qismi də Türkiyəyə sığınmışdı.
Daşnakların hakimiyyəti dövründə İrəvan quberniyasında türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımın miqyası, daşnak hökumətinin yeritdiyi silah gücünə etnik təmizləmə siyasəti A.Lalayanın 1938-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının nəşri olan “İstoriçeskie zapiski” çoxcildliyinin 2-ci cildində dərc etdirdiyi “Daşnaksutyun partiyasının əksinqilabi rolu” məqaləsində tam çılpaqlığı ilə öz əksini tapmışdır. A.Lalayan həmin məqaləsində yazır ki, “Daşnaksutyun” partiyasının Ermənistanı “erməniləşdirmə” siyasəti azərbaycanlı və kürd əhalisini məhvetmə, yerdə qalan milli azlıqları təqibetmə və ölkədə milli ədavəti qızışdırmaq yolu ilə həyata keçirilmişdir. Məqalə müəllifi daşnakların hakimiyyətdə olduqları 2,5 il ərzində Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı müharibə apardıqlarını, heç bir fərq qoymadan dinc əhalini öldürüməklə və talan etməklə, azərbaycanlı kəndləri məhv etməklə məşğul olduqlarını yazır. O, 1918-1919-cu illərdə Daşnaksutyun hökumətinin azərbaycanlı və kürd kəndlərini “dövlətin tələblərini yerinə yetirməmək” bəhanəsi ilə bombardman etdiyini qeyd edir. Daha sonra A.Lalayan yazır ki, Ermənistanda 1920-cil may üsyanının yatırılmasından sonra daşnaklar yenidən azərbaycanlı və kürd kəndlərini bombardman etmiş, “Müsəlmanlar bizim düşmənimizdir” şüarı ilə dinc sakinləri məhv etmişdir (Yenə orada, s. 100.).
1916-cı ildə İrəvan quberniyasında 373.582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı (Զավեն Կորկոտյան. Խորհրդային Հայաստանի բնակչությունը. (1831-1931), Յերևան, 1932. (Zaven Korkodyan. Sovet Ermənistanının əhalisi. (1831-1931). Yerevan, 1932, ermənicə).s. 167.).
1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmasından və 1921-ci il Moskva və Qars müqavilələrinin imzalanmasından, habelə, vətəndaş müharibəsinin yatırılmasından sonra daşnakların hakimiyyəti dövründə öz dədə-baba yurdlarından didərgin düşərək Azərbaycana, İrana, Türkiyəyə və Gürcüstana səpələnmiş azərbaycanlıların bir qismi geri qayıtmağa müvəffəq olmuşdu. Azərbaycanın o dövrkü rəhbərləri qaçqınların yenidən öz əzəli torpaqlarda məskunlaşmaları üçün Ermənistana hər cür maddi yardım göstərirdilər. Lakin Ermənistan rəhbərləri azərbaycanlı qaçqınların geri qayıtmasının qarşısını almaq məqsədilə müxtəlif bəhanələr gətirir, onları Ermənistan ərazisinə buraxmaq istəmirdilər. 1922-ci ilin yayında Ermənistan hökuməti guya yoluxucu xəstəliklərin yayılmasını bəhanə edərək, İran ərazisində sığınacaq tapmış qaçqınların Culfa keçid məntəqəsindən keçərək Ermənistana qayıtmalarının qarşısını almaq üçün dəfələrlə Azərbaycan hökumətinə müraciət etmişdi. Vedibasar və Zəngibasar qaçqınlarına o şərtlə geri qayıtmağa izn verilmişdi ki, onların 1918-1920-ci illərdə ermənilərə qarşı vuruşmalarda iştirak etmədikləri sübuta yetirilmiş olsun (ARDA, fond 28, siyahı 1, iş 210, vərəq 125.).
Lakin Ermənistan hökumətinin müqavimətinə və orada hökm sürən aclıq və səfalətə baxmayaraq, 1922-ci ilin sonunadək 100 mindən artıq azərbaycanlı qaçqınlar öz ata-baba yürdlarına qayıtmışdı. Azərbaycanlıların yaşamış olduqları kəndlərin çoxunda boşalmış evlərdə Türkiyədən gəlmiş erməni ailələri yerləşdirildiklərindən, qayıdan qaçqınlar ermənilərlə birgə yaşamağa məcbur olmuşdular. Sonralar Ermənistanda 80-dən artıq ermənilərlə qarışıq yaşayış məntəqələri beləcə yaranmışdı.
Ümumiyyətlə, təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-ə yaxın azərbaycanlı kəndlərinin əhalisi soyqırımına məruz qoyulmuşdur. Etnik təmizləmə həyata keçirildkdən sonra həmin kəndlərin əksəriyyətində xaricdən gələn ermənilər məskunlaşdırılmışdır.
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra həmişəlik olaraq xaraba qalmışdır.
Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqələri müxtəlif yollarla (deportasiyalarla, silah gücünə qovmaqla, soyqırımı törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.
Bu gün tarixi Azərbaycan torpaqlarında müstəqil erməni dövləti qurulsa da, həmin ərazilərdə soydaşlarımızın apardıqları şanlı mübarizə tarixi və müqavimət hərəkatı Azərbaycan tarixşünaslığında öz tədqiqini gözləyən aktual problemlərdən biridir.
İstifadə edilmiş ədəbiyyat
“Aşxatank” (“Əmək”) qəzeti, 10 mart 1918-ci il.
“Aşxatavor” (“Əməkçi”) qəzeti, 2 dekabr, 1917-ci il.
“Horizon” “(Üfüq”) qəzeti, 1 mart 1918-ci il.
“Horizon” qəzeti, 10 mart 1918-ci il.
“Horizon” qəzeti, 13 fevral 1918-ci il.
“Horizon” qəzeti, 22 fevral 1918-ci il.
“Horizon” qəzeti, 23 fevral 1918-ci il.
“Horizon” qəzeti, 4 fevral 1918-ci il.
“Horizon” qəzeti, 1 fevral 1918-ci il
“Грузия” qəzeti, 28 noyabr 1918-ci il.
Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), fond 28, siy.1, iş 102.
ARDA, fond 28, siyahı 1, iş 210.
ARDA, fond 894, siy. 10, iş 80.
ARDA, fond 894, siyahı. 10, iş 80.
ARDA, fond 897, siy. 1, iş 31.
ARDA, fond 897, siy. 1, iş 78.
ARDA, fond 897, siy. 1, iş. 31.
ARDA, fond 897, siy.1, iş 38.
ARDA, fond 897, siyahı1, iş 91.
ARDA, fond 970, siy. 1, iş 1.
ARDA, fond 970, siy.1, iş 6.
Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər
Arxivi (ARPİİSSA), f. 277, siy. 2. iş 40.
ARPİİSSA, fond 276, siy.9, iş 28.
ARPİİSSA, fond 268, siy. 23, iş 503.
Atatürkun Söylev ve Demeçleri I-III.; http://atam.gov.tr/wp-content/uploads/
S%C3%96YLEV-ORJ%C4%B0NAL.pdf.
Atnur İbrahim Ethem. Osmanı Yönetiminden Sovyet Yönetimine Kadar
Nahçıvan. (1918-1920). Ankara: Türk Tarih Kurumu Basımevi, 2001.
Azerbeycan Belgelerinde Ermeni Sorunu, Ankara, 2001.
Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Sənədlər toplusu. 3 cilddə,
II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. Bakı, 2010.
Dayı S. Esin. Elviye-i Selasede (Kars, Ardahan, Batum) Milli Teşkilatlanma.
Doktora tezi. Erzurum, 1997
Ermənistan Milli Arxivi, fond 222, siyahı 1 , iş 24.
Leo. Keçmişdən. Tifl is: Sovetskiy Kavkaz nəşriyyatı, 1925. (erməni dilində).
Gödemir Ahmet Ender. Cenub-i Garbi Kafkas Hükumeti. Ankara: Türk Kültürünü
Araştırma Enstitüsü, 1989.
Hovannisian Richard G. The Republik of Armenia. Volume III, From London
to Sevres. February-August 1920, University of California Press, 1996.
Toksoy Nurcan. Revanda Son Günlər. Türk Yönetiminden Ermeni Yönetimine.
Ankara: Orion Yayınevi, 2007.
Virabyan Vanik. 1918-1920-ci illərdə Ermənistan Respublikasının dövlət
təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti (Kəşfiyyat. Ordu. DİN).
Yerevan, 2015, s. 168. (erməni dilində).
Zaven Korkodyan. Sovet Ermənistanının əhalisi. (1831-1931). Yerevan,
- (erməni dilində).
Адрес-календарь Азербайджанской Республики на 1920 г.. Баку, 1920.
Бадалян X. Германо-турецкие оккупанты в Армении в 1918 г. Ереван,
1962.
Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг. (история геноцида
нахичеванских армян): Ист. исследования. Ереван.: Изд-во ЕГУ, 2012.
История армянского народа. Ереван: Издательство Ереванского ун-та,
1980.
Киракосян Дж. Младотурки перед судом истории, Ереван: Аястан,
1986.
Лалаян А.А. Контрреволюционная роль партии Дашнакцутюн. В
кн. Исторические записки. Т.2., Издательство Академии Наук СССР,
1938.
Погосян Арташес. Карсская область в составе России. Ереван:
Аястан, 1983.
Саркисян Ерванд. Экспансионистская политика Османской империи в
Закавказье : накануне и в годы первой мировой войны . Ереван : Изд-во
АН Арм. ССР, 1962.
Nazim Mustafa
tarix üzrə fəlsəfə doktoru
“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
“31 mart – tariximizin faciəli səhifəsi”, Bakı – 2019