1918-ci il may ayının 1-də türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti Amazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular. Bu hadisədən bir müddət sonra Quba şəhər polis idarəsinin rəisi öz raportunda belə yazacaq: “… Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində erməni quldurları tərəfindən yaralanan və şikəstedilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrastatırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isə meyitləri eybəcər hala salırdılar…”
Quba qəzası 1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında qurduqları Sovet hakimiyyətini genişləndirmək istədikləri üçüncü Azərbaycan regionu oldu. Lakin, Qubada olan şərait Bakı və Şamaxıdan bir qədər fərqli idi. Tarixən Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında erməni elementi heç bir gözə çarpan rol oynamamışdı. 1918-ci ildə Quba şəhərində və yığcam şəkildə qəzanın 2-3 erməni kəndində yaşayan azsaylı erməni əhalisinin öz kilsələri, dini məktəbləri və s. olsa da, yerli zadəgan dairələrində nüfuzlu elitası və gözəçarpan zəngin təbəqəsi olmadığından onlar, şəhərin və qəzanın inzibati-idarəçilik və ictimai strukturunda demək olar ki, təmsil olunmurdular. Həmin strukturlarda əsas vəzifələri və rütbələri rus, azərbaycanlı, tat, ləzgi və yəhudi xalqlarının nümayəndələri tuturdu. Quba fəhlə və əsgər deputatları Sovetində Quba bolşeviklərinin mövqeyi də yeni Sovet hakimiyyətinin qurulması işində dayaq olmaq üçün kifayət qədər güclü deyildi. Bu dövrdə Quba qəzasında rəsmi olaraq real hakimiyyəti Zaqafqaziya Seyminə tabe olan ictimai təşkilatların İcraiyyə komitəsi təmsil edirdi.
Bu səbəblərdənmi, yaxud tarixi qanunauyğunluğa əməl edərək, rus çar hakimiyyəti zamanı olduğu kimi, 1918-ci il mart qırğınlarından sonra Bakıda qurulmuş bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Soveti də – bu qəzanı əvvəlcə sülh yolu ilə ələ almağa, yəni, qubalılara bolşeviklərin hakimiyyətinikönüllü olaraq qəbul etdirməyə qərar verir. Quba ictimaiyyəti ilə danışıqlar aparmaq David Aleksandroviç Gelovaniyə tapşırılır. Bakı bolşevikləri-nin siyasi dairələrində tamamilə təsadüfi bir adam sayılan Gelovani Bakı Soveti İcraiyyə Komitəsinin sədri P.Caparidze tərəfindən milis müvəkkili kimi bolşevik hökumətinin icra aparatına cəlb olunmuşdu və belə mühüm işin azsaylı da olsa, yerli bolşeviklərə deyil, Azərbaycana yenicə gəlmiş 30 yaşlı, mənşəcə – gürcü knyazlarından, siyasi görüşlərinə görə – sosial-demokrat–menşevik olan bir şəxsə tapşırılması Quba hadisələrinin əsas iştirakçıları, o cümlədən Gelovaninin özü üçün də sona qədər sual olaraq qalır.
Gelovaninin əsasən ermənilərdən və bir neçə nəfər rus və yəhudidən ibarət beynəlmiləl dəstəsinin Qubaya yaxınlaşdığı haqda məlumat alan qubalılar öz növbəsində şəhərin müsəlman, rus və yəhudi cəmiyyətlərinin nümayəndələrindən ibarət beynəlmiləl bir heyəti bolşeviklərin dayandığı Xaçmaz stansiyasına göndərirlər. Nümayəndələr hərbi dəstənin Qubaya nə məqsədlə gəldiyini öyrənmək istəyir, daha sonra “bolşeviklərin proqramı ilə tanış olmaq və bu proqramın qubalılar üçün nə dərəcədə məqbul olub-olmadığını müəyyənləşdirmək məqsədilə” özlərinin Bakıya buraxılmasını xahiş edirlər. Gelovani qubalıların xahişinə hörmətlə yanaşır və özü şəxsən onlara Bakıya getməyi və bu məsələni “bolşeviklərin rəhbərləri ilə” araşdırmağı tövsiyə edir. Lakin bolşevik hakimiyyətinin qubalılar tərəfindən “könüllü olaraq” tanınmasını gözləmədən, Gelovani bu hadisədən 2 gün sonra 187 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil olur və qubalıları fakt qarşısında qoyur.
Quba sakinləri, təbii ki, Bakıda və Şamaxıda baş vermiş qanlı toqquşmalardan və bu qəzaların şəhər və kəndlərinin müsəlman əhalisi üzərində erməni əsgərləri tərəfindən törədilmiş zorakılıqlardan xəbərdar idilər. Bakıda yaşayan bir çox qubalılar ermənilərin özbaşınalıqlarından xilas olmaq üçün ailələri ilə birlikdə Qubaya köçmüşdülər və həmyerlilərinə baş vermiş hadisələrin faciəvi nəticələrindən danışmışdılar. Bununla bərabər, Bakıda və Şamaxıda öldürülənlərin qisasını almaq üçün yerli erməniləri cəzalandırmağı qərar vermiş bəzi Quba sakinlərinin bir neçə erməni evinə hücum edərək onları qarət etməsi kimi halların qarşısı şəhər hakimiyyəti və müsəlman cəmiyyəti tərəfindən dərhal alınmış, Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdü. Bu tədbirlərdən biri özünün qeyri-adiliyi ilə fərqlənirdi: Qubada yaşayan onlarla erməninin (40-dan 200-dək) həyatını hər hansı təcavüzdən qorumaq məqsədilə müsəlmanlar onları yerli camaatdan təcrid etməyi lazım bilmiş və etibarlı mühafizə təyin edərək şəhər həbsxanasında yerləşdirmişdilər. Qubalılar “məhbusları” yaxşıca yedirdir, müsəlman qonşuları onları ziyarət edir, özləri ilə yemək gətirir, onların evlərindən və əmlakından muğayat olurdular. Şəhərdə vəziyyət o dərəcədə sakit və nəzarət altında idi ki, Sovet hakimiyyətinin Qubaya gəlmiş ilk “müjdəçisi” – D.Gelovani, ermənilərə qarşı hər hansı bir təhlükənin gözlənilmədiyini qərara alaraq dərhal onları “azad edir”. Lakin az sonra məlum olur ki, Sovet hakimiyyətini tanımaq və ona tabe olmaq haqqında Gelovani tərəfindən irəli sürülən ultimatum qəbul edilməyəcəyi təqdirdə, artıq bütün şəhəri təhlükə gözləyir.
Qeyd etmək lazımdır ki, bu hadisələr ərəfəsində Qubada şəhər başçısı və aşağı inzibati orqanlardan savayı hər hansı hakimiyyət mövcud deyildi. Həmin vaxt qəza komissarı Əli bəy Zizikski Bakıda və Şamaxıda mart hadisələrindən dərhal sonra öz hərbi dəstələri ilə Qubadan çaxaraq Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş Nəcməddin Qotsinskinin dəstələri ilə birlikdə artıq Bakının girəcəyində, Xırdalan yaxınlığında şəhəri və onun müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı.
Bakı və Şamaxı hadisələrindən sonra kifayət qədər qorxmuş və “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verilmiş Quba sakinləri ultimatumu qəbul edirdilər və düz 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Bu qısamüddətli hadisə dərhal Bakı bolşeviklərinin qəzetlərində əks olunur və göstərilir ki, aprelin 23-də Qubada, şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olunmuş və “zəhmətkeşlər bu hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etmişlər”. Gelovani özünü Qubanın qəza komissarı elan edir.
Lakin, sanki tarixən yaranmış ənənələrə uyğun olaraq, yenə də dağlılar – yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kənlərin ləzgi əhalisi hadisələrə müdaxilə edir. Qubada Sovet hakimiyyətinin 9-cu günü şəhərin yəhudi məhəlləsi tərəfindən əsasən ləzgilərdən ibarət dəstələrin silahlı hücumu başlanır. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəlir. Üç gün davam edən şiddətli döyüşlərdən sonra ləzgi dəstələri bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxarırlar. Ləzgilərin “azadlıq” əməliyyatının təşəbbüskarlarının kim olduğunu müəyyən etmədən bolşevik – erməni hərbçiləri həmin günlər guya ləzgiləri qarşılamağa çıxmış 27 nəfər Quba şəhər sakinini güllələyirlər.
Gelovaninin dəstəsi ilə ləzgilər arasında silahlı toqquşmanı mahiyyətcə Qubada “Sovet hakimiyyətinin qurulması” uğrunda birinci və sonuncu mübarizə adlandır-maq olar. Bolşeviklərn məğlubiyyəti ilə nəticələnmiş bu mübarizədə hər iki tərəf itkilərə məruz qalır, ləzgilərdən 200 nəfər öldürülür, həmçinin dinc sakinlərdən 70 nəfər həlak olur.“Vətəndaş müharibəsinin” bu ilk döyüşünün “siyasi” xarakterinə baxmayaraq, ermənilərin həmin döyüşdə iştirakı və geri çəkilərkən törətdikləri hərəkətlər artıq ona “milli” çalar verir. Qubanı tərk edərkən Ağacanyanın əmri ilə onun əsgərləri xristian əhalisini, əsasən erməniləri Qubadan çıxarmaq məqsədilə ev-ev gəzərək onları bir yerə toplayır, lakin atışma zamanı yarı yolda ataraq qaçırlar. Nəticədə erməni-bolşevik dəstəsi tərəfindən zorla “aparılan” dinc xristian əhalisindən onlarla rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri həlak olur. “Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırmış, Bazar küçəsində 16, Komendant küçəsində – 7, şəhərin kənarında, köhnə həbsxananın yaxınlığında isə 35 nəfəri qətlə yetirmişdi. Bolşeviklər geri çəkilərkən Qəza İdarəsi, Şəhər Duması və Barışıq məhkəməsinin binalarına od vurmuş və Cümə məscidini yandırmağa cəhd göstərmişdilər”.
Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Amazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Dəhşətli çaxnaşma və təlaş başlanır. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan, 715 müsəlman öldürülür. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilirlər.
Amazaspın dəstələrinin hər hansı bir siyasi vəzifə – yeni hakimiyyətin qurulması – deyil, sırf cəza missiyasını yerinə yetirdiyi şəhər sakinlərində heç bir şübhə doğurmurdu: “Ermənilər elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla öldürməyə başladılar. Onlar küçələrdə və meydanlarda olanların hamısını qətlə yetirdikdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırırdılar. Bundan əlavə, ermənilər müsəlmanların qızılını, pulunu və qiymətli əşyalarını əllərindən alaraq, qarət edirdilər. Bu azmış kimi, onlar evləri və mağazaları yandırmağa başladılar. Yığışdırılmamış meyitlər küçələrdə, evlərdə qalmışdı və çürüyürdü”.
Meyitlərin dəfn edilməsi ilə bağlı şəhər başçısı Əliabbas bəy Əlibəyov dəfələrlə Amazaspa müraciət etsə də, rədd cavabı alırdı. Yalnız dördüncü gün erməni carçılar müsəlman kişiləri qollarında ağ sarğı ilə gəlməyə və meyitləri basdırmağa çağırdılar. Şəhərin bir çox sakinləri bu çağırışa cavab olaraq bayıra çıxdı, lakin heç biri geri qayıtmadığından – onların hamısı güllələnmişdi – hanı yenidən öz evin çəkildi və gizləndi. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gədənə qədər, yəni 9 gün küçələrdə qaldı.
Amazasp şəxsən özü də qoşunlarının əməllərinin cəza xarakteri daşıdığını gizlətmirdi. Qubaya gəlişinin dördüncü günü Amazasp qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət edir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm. Mən öz cəza dəstəm ilə bura sovet hakimiyyəti tərəfindən iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm. Sizin müsibətiniz mən sabah dağa qalxdıqda (bu zaman əlini topların durduğu dağa tərəf uzadır) başlayacaq. Sabah mən dağa qalxacağam və şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm. İndi mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra, sizlərə od vuraraq, Üçgün və Kimil kəndlərinə keçəcəyəm, Şahdağa çatacağam və siz onda anlayacaqsınız ki, erməniləri öldürmək nə deməkdir. Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, öldürülmüş ermənilərə görə sizdən qisas almağa göndərilmişəm”.
Amazaspın bu həyasız açıqlaması əslində şəhər başçısı Ə.b.Əlibəyovun dinc əhaliyə qarşı erməni qoşunlarının azğınlığı haqqında şikayətlərinə və xüsusilə Amazaspın ona uzatdığı əlini rədd edən Quba şiə müsəlmanlarının dini lideri Molla Hacı Baba Axundzadənin – “Bu hakimiyyət deyil. Siz bolşevik deyilsiniz, siz oğru, qatil, vəhşi və soyğunçusunuz. Biz sizə müqavimət göstərməmişik. Nəyə görə bu qədər insan öldürmüşsünüz və öldürməkdə davam edirsiniz?» – sualına cavab idi.
Amazaspın qubalılar qarşısında söylədiyi bu nitqdə qırmızı xətlə aşağıdakı sözlər keçirdi: “bizə sizlər və türklər tərəfindən öldürülmüş qardaşlarımıza – ermənilərə görə dənizin (Xəzər) sahillərindən Şahdağa qədər olan bütün müsəlmanları Şirvanda (Şamaxıda) qırdığımız kimi məhv etmək, evlərinizi isə yerlə yeksan etmək əmri verilmişdir”.
Heç bir əmr olmadan belə, hər bir müsəlmana-türkə vəhşicəsinə divan tutmağa hazır olan Amazaspa bu dərəcədə zalım və qaniçən əmri kim vermişdi? Aydın idi ki, Amazaspın bir neçə minlik qoşunu Qubaya S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən, özü də məhz cəza missiyası ilə göndərilmişdi. Bir çox mənbələrdən və tarixi sənədlərdən məlum olan bu fakt dəfələrlə həm qubalılar, həm də qarşı düşərgənin nümayəndələri tərəfindən də təsdiq edilirdi. S.Şaumyanın Quba hadisələrinə olan münasibəti onun Quba şəhər başçısı Əliabbas bəy Əlibəyovla olan söhbətində də əyani şəkildə üzə çıxmışdı. Ermənilər Qubadan getdikdən sonra Əliabbas bəy Amazaspın başçılığı ilə cəza dəstəsinin Qubaya həqiqətənmi Sovetlər tərəfindən göndərdiyini bolşevik rəhbərləri Şaumyan və Caparidzedən soruşub aydınlaşdırmaq və onlara “dəstənin Qubada törətdikləri əməllər haqqındayazılı məlumat vermək üçün” Bakıya gedir. Bakıda bolşevik liderləri ilə görüşmüş Ə.b.Əlibəyov sonradan göstərirdi: “Şaumyan məni sifətində təbəssümlə dinlədi və dedi ki, müsəlmanlar və türklər yüz minlərlə erməni öldürüblər, ermənilər Qubada iki müsəlman öldürəndə isə müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar. Caparidze mənim xahişimə ciddi yanaşdı və mənə dedi ki, sovetlər Qubaya cəza dəstəsi göndərməyib”.
D.Gelovani də cəza dəstəsinin Qubaya göndərilməsinin təşəbbüskarı kimi Şaumyanı göstərirdi: “Amazaspın dəstəsində bircə nəfər də olsun rus yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya qədər, qatı daşnaksakan, Amazaspın özü də qatı daşnaksakandır. Hesab edirəm ki, cəza dəstəsi Qubaya Şaumyanın arzusu ilə göndərilmişdi, lakin qoşun seçimi hərbi nazir Korqanovdan asılıdır”.
Burada daha bir sual ortaya çıxır: “Xəzər sahillərindən Şahdağa qədər” müsəl-man əhalisini məhv etmək əmrini alan Amazaspın qoşunlarının Qubadakı azğınlı-ğı kim tərəfindən və hansı səbəbdən dayandırılmışdı ? Quba əhalisinin bu sualla bağlı fərziyyələri üzərində dayanmadan bildirək ki, Gelavaninin özünün şəhadət-ləri Quba qırğınlarının dayandırılmasına həqiqətən səbəb olmuş bir adamın adını çəkmək ehtimalını daha inandırıcı edir. Bu adamın adı Mir Cəfər Bağırov idi.
Azərbaycanın gələcək “Sahibi”, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini tutmuş və şübhəsiz ki, Azərbaycan tarixinə daxil olmuş tanınmış qubalılardan biri olan M. C. Bağırov öz iradəsi iləmi, yaxud yaranmış şəraitin hökmü ilə, hər halda 1918-ci il Quba hadisələrinin əsas da olmasa da,kifayət qədər tanınmış iştirakçılarından birinə çevrilir. Onun adı “bolşevik”, “qubalı qatı bolşevik”, “yerli bolşevik” kimi dəfələrlə həm qubalılar, həm də Gelovani tərəfindən xatırlanır. Mir Cəfər Bağırov özü hələ 1923-cü ildə, Az.SSR DİK Dövlət Siyasət İdarəsinin sədri olduğu zaman yazdığı tərcümeyi-halında Quba qırğınları ərəfəsində və həmin günlərdə baş verən hadisələrə toxunmuş, o cümlədən onu talançıların düşərgəsinə gətirib çıxaran səbəbləri açıqlamışdı. Sözsüz ki, M. C. Bağırovun özü tərəfindən təsvir edilən bir çox məqamlar həqiqətə, və ya digər sənədlərdən məlum olan hadisələrə uyğun gəlmir, yaxud onlarla ziddiyyət təşkil edirdi. Quba səhifələri Bağırovun tərcümeyi-halının, demək olar ki, ən dolaşıq, bir çox hallarda onun özü tərəfindən dolaşdırılmış hissəsi olmaqla bu tarixi şəxsiyyətin həyatında heç də işıqlı, yaxud şərəfli hesab edilə bilməz. Lakin, onun bolşevik kimi siyasi karyerasının özü tərəfindən parlaq boyalarla təsvir edilən və çox zaman həqiqətə uyğun olmayan ilk dövrünün detallarına varmadan, qeyd etmək lazımdır ki, Quba hadisələrinin əvvəllərində Mir Cəfər Bağırov artıq bolşeviklərin tərəfində idi.
Qubalıların şahidliyinə görə, onlara Qubada Sovet hakimiyyətinin tanınması tələbi ilə ultimatum elan edildiyi zaman, “Quba müsəlmanı, qatı bolşevik” M. C. Bağırov da Gelovani və “iki yəhudi” ilə birlikdə öz həmyerlilərinin qarşısında dayanmışdı. Sonralar Quba camaatı dəfələrlə Bağırovu Gelovaninin dəstəsindən olan bolşeviklərin arasında görür: gah onun mənzilində yerli müsəlmanlar evlərinin yandırılmaması üçün yerli erməni qoçularına haqq verirlər, gah da “doqquzuncu gün müsəlmanlardan qarət edilmiş bütün əmlak Bağırovun evindən arabalara yüklənərək Ayrapetovun nəzarəti altında şəhərdən çıxarılır” və s.Yeri gəlmişkən, sonuncu epizodu Mir Cəfər Bağırov özü də, lakin başqa yozumda təsdiq edir: “Amazaspın dəstələri bir həftə bütün Quba qəzasında azğınlıq etdikdən sonra qarət etdikləri bütün qiymətli əşyaları götürərək Bakıya tərəf hərəkə etdilər. Mən az qala diz üstə çökərək ondan yandırılmış evlərin sahibləri üçün ev əşyalarından nə isə qoparmağa nail oldum. Alınan şeylər paylanmaq üçün anbara yığıldı”.
Lakin, hələ Amazaspın hücumuna qədər, Mir Cəfər Bağırov Gelovani ilə birlikdə Quba şəhərində və yaxın kəndlərdə inqilab komitələri – revkomlar təşkil edir, qəza idarələrini ələ keçirir, yerli Qızıl Qvardiya yaratmağa başlayır və s.
Ləzgi dəstələrinin bolşeviklərə hücumu Quba qəzasında Sovet hakimiyyətinin qurulması tədbirlərinə son qoyur. Burada xüsusi qeyd etmək lazımdır ki, yekdilliklə şəhərə “qonşu kəndlərdən olan ləzgilərin” girdiyini göstərən qubalılardan fərqli olaraq, M.C.Bağırov “Qubaya hücumun” təşkilatçısı kimi konkret şəxsin – Quba qəza komissarı (gələcək Azərbaycan Parlamentinin üzvü) Əli bəy Zizikskinin adını çəkir. Maraqlıdır ki, 1956-cı ildə M.C.Bağırovun məhkəməsində istintaq materiallarına əsasən onun hələ 1917-ci ilin fevral ayından Quba şəhərinin ikinci (yəhudi) hissəsinin milis komissarı təyin olunduğu və bu təyinatın Quba qəza komissarı Əli bəy Zizikski tərəfindən edildiyi, həmin ilin may ayından noyabr ayınadək isə Zizikskinin köməkçisi işlədiyi göstərilir. 1917-1918-ci illərin kəsiyində – Zizikski bolşevizm və Bakı Sovetinin antimilli rejimi ilə mübarizə mövqeyinə keçdikdə, M.C.Bağırovun isə Bakı Sovetinin timsalında mərkəzi hakimiyyətin Qubada nümayəndəsi rolunu öz üzərinə götürdüyü andan onların yolları ayrılır. Buradan aydındır ki, 1918-ci ilin aprel ayının sonunda Zizikskinin dəstələri tərəfindən Quba alındıqdan sonra Quba İnqilab Komitəsi sədrinin köməkçisi M.C.Bağırov nə üçün şəhərdə qala bilməzdi.
Lakin hadisələrin sonrakı gedişi M.C.Bağırovu qeyri-ixtiyari Bakı bolşevik hökumətinin qırmızı bayrağı altında çıxış edən erməni millətçilərlə bir dəstəyə salır və o, partiya tərəfdən nümayəndə kimi “şəxsən yoldaş Şaumyanın əmri ilə Qubanı yer üzündən silmək üçün şəhərə tərəf hərəkət edən” Amazaspın cəza qoşunları ilə Qubaya daxil olur.
Burada belə bir sual meydana çıxır – bolşevik, eyni zamanda həm də müsəlman və əslən qubalı olan M.C.Bağırov hadisələrin gedişinə hər hansı bir təsir göstərə bilərdimi? Çox güman ki, yox. M.C.Bağırov özü sonradan etiraf edirdi: “Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada baş vermiş dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu – Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”.
Beləliklə, öz xoşu ilə, ya yox, hər halda Mir Cəfər Bağırov əks düşərgədə olsa da, öz həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olur. Bununla belə, “o dəhşətli mənzərənin” qarşısını ala bilməyən Bağırov onun “dayandırılması” üçün cəhd göstərir. Bu fakt D.Gelovaninin sonrakı izahatı ilə təsdiq olunur: “Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram almışdı. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim Qubaya gəlməyi xahiş edirlər, çünki Amazasp sağa-sola hər tərəfi yandırır və hamını qətlə yetirirdi. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi”. Məhz bu teleqramdan sonra geniş səlahiyyətlərlə Qubaya gələn Gelovaninin qəti tələbi əsasında Amazaspın dəstələri Quba qırğınlarının 9-cu günü hələ yalnız şəhərin özündə talan etdiyi dörd milyon rubl nağd pul, dörd milyon yarım rubl dəyərində qızıl, qızıl əşyaları və qiymətli daşlar, iyirmi beş milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ilə Qubanı tərk edirlər.
Amazaspın Qubada törətdiyi vəhşiliklər haqqında Bakıya teleqram vurduğunu Bağırov özü də etiraf edir. Bununla belə, Gelovanidən sonra Qubaya gələn gürcülərdən ibarən bolşevik rəhbərliyi Bağırovu və onun daha dörd adamını qan tökülməsində iştirak etməkdə günahlandıraraq həbs edir. Quba üzərinə hazırlanan hücum ərəfəsində qəzanın yerli hərbi dəstələrinin başçıları Əli bəy Zizikski və Həm-dulla Əfəndinin əlinə düşməmək üçün Bağırov həbsdən qaçaraq gizlicə Bakıya gəlir və 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulanadək Qubaya qayıtmır.
Maraqlıdır ki, 1918-ci il Quba hadisələri düz 30 ildən sonra, 1949-cu il 25-28 yanvar tarixlərində Bakıda keçirilən Az.K(b)P-nın XYII qurultayında artıq Azərbaycan kommunistlərinin rəhbəri M.C.Bağırovun “daşnakların” istər ölkənin – SSRİ-nin xaricində, istərsə də daxildə “canlanması” ilə bağlı söylədiyi yekun nitqində bir daha gündəmə gələcək, 1918-ci il hadisələri ilk dəfə olaraq yüksək mənsəbli bolşevik xadiminin dilindən “səhvlər buraxmış” bolşevik hökumətinin “yol verməsi” nəticəsində erməni-daşnak qüvvələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi milli qırğın kimi səciyyələndiriləcək.
Amazaspın 3 minlik dəstəsinin Quba qəzasına “cəza yürüşü” boyu etdiyi bütün əməllər bir daha sübut edir ki, bu dəstə heç də 3 günlük döyüşlər zamanı öldürülmüş cəmi bir neçə Quba ermənisinin və yaxud “türklər və kürdlər tərəfindən öldürülən Türkiyə ermənilərinin” qisasını almaq üçün gəlməmişdi. Qubanın şəhər əhalisi həmin döyüşlərdə iştirak belə etməmişdi, lakin minlərlə günahsız qubalılar guya məhz bu səbəbdən Amazasp tərəfindən “cəzalandırılırdı”. Əslində, “Şaumyanın başçılıq etdiyi mərkəz” tərəfindən Amazaspın qarşısına qoyulan əsas vəzifə qəzanın müsəlman əhalisinin kütləvi şəkildə məhv edilməsi və onun öz əzəli torpaqlarından sıxışdırılaraq çıxarılması idi. Bu həqiqət bir daha onunla təsdiq edilirdi ki, silahlı erməni quldur dəstələri hələ Bakıdan Qubaya və əksinə hərəkət edərkən, bütün dəmir yolu xətti boyunca, yolun hər iki tərəfində yerləşən müsəlman kəndlərinə basqın edir, onları talan etdikdən sonra odlayır, məscidləri və müqəddəs Quran kitablarını yandırır, kəndlilərin əmlakını talayır, rastlarına çıxan hər kəsi isə dərhal, qadın, qoca və uşaqlara rəhm etmədən öldürürdülər .
1918-ci ilin əvvəlində Quba qəzasında qışlaqlar da daxil olmaqla 540 kənd var idi və bu kəndlərin 171 248 nəfər əhalisi 55 cəmiyyətdə birləşirdi. 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək–cəmi iki həftə ərzində Amazaspın dəstəsi tərəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 167 kənd yandırılmış və talan edilmişdi. Bu zaman bir çox kəndlər iki dəfə – yolboyu Bakıdan Qubaya və ya Qusara və sonra geriyə qayıdarkən – talana məruz qalmışdılar. Evlər, tikililər, ictimai binalar talan edilməklə, daşınan əmlak və mal-qara qarət olunmaqla, hələ təkcə məlum olan faktlar əsasında, Amazaspın quldur dəstələri tərəfindən Quba qəzasının kənd əhalisinə on milyonlarla rubl dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə min nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətlə yetirilmiş və yaralanmışdı. Burada bir faktı nəzərə almaq lazımdır ki, bir çox kəndlərin əhalisi əvvəlcədən qubalılar, digər kəndlərin sakinləri, eləcə də qəza komissarı Əli bəy Zizikski tərəfindən ermənilərin hücumu haqda xəbərdar edildiyindən, həyatlarını xilas etmək üçün elliklə öz kəndlərini tərk edərək dağlara çəkilmişdilər. Erməni quldur dəstələrinin hücumlarının miqyası qarşısında insan tələfatının sayının nisbətən az olması da bununla bağlı idi. Eyni zamanda qeyd olunmalıdır ki, bu zaman qəzanın müsəlman əhalisindən ibarət ayrı-ayrı silahlı dəstələr də erməni quldur birləşmələrinə qarşı təşkil edilmiş müqavimət göstərirdilər. Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri – Ə.b.Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov, Şıxlar bəylərindən – Mürsəl bəy və İbrahim bəy, Möhübəli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari bölmələr yaradaraq, erməniləri qəzanın digər iri yaşayış nahiyələrinə buraxmamaq üçün Quba şəhərinin girişlərini mühasirəyə almışdılar. Amazaspın özünün də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddətli döyüşlər gedirdi.Sayca bir neçə dəfə üstün olan ermənilər, sonda qubalıların müqavimətini yararaq, bu iki kəndi alova bürüyürlər. Digah və Xucbala kəndləri arasındakı dərədə mühasirəyə düşən Qusar ləzgilərindən ibarət olan dəstə isə burada qanlarına qəltan edilir. Bu döyüşlərdən sonra həmin yer “Qanlı dərə” adını alır.
Amazasp tərəfindən darmadağın edilmiş və yandırılmış müsəlman kəndlərinin sakinlərinin vəziyyəti o dərəcədə ağır və çıxılmaz idi ki, 15-45 gün dağlarda və meşələrdə sərgərdan dolaşdıqdan sonra, əyin-başları yırtıq, ac, xəstə halda öz köhnə yurdlarına qayıdan insanlar arasında ölüm halları minlərlə ölçülürdü.
1918-ci il Quba hadisələrindən danışarkən qəzanın qeyri-müsəlman sakinlərinin də vəziyyətinə toxunmaq mühümdür. 1918-ci il hadisələrində Quba şəhərinin və qəzasının yerli erməni əhalisinin müəyyən hissəsinin müsəlman əhaliyə qarşı qırğınlarda iştirakı Bakıda və Şamaxıdakı qədər geniş miqyaslı olmasa da, erməni vəhşiliklərinin şahidi olmuş bütün Quba müsəlmanlarını çox sarsıtmışdı. Bolşevik-daşnak birləşmələrinin hədəfinin, etnik faktor nəzərə alınmadan, qəzanın bütün müsəlman əhalisinin olduğu, yalnız azərbaycanlı-türk deyil, ləzgi və tat kəndlərinin dağıdılması və yandırılması ilə sübut edilirdi. Qəzanın rus kəndlərindən heç birinin erməni basqınlarına məruz qalmadığı faktı bunu bir daha təsdiq edir. Müsəlman qırğınlarında ittiham olunan Quba ermənilərinin sayının azlığı onunla izah edilirdi ki, qubalılar təbii ki, müsəlman qırğınlarında şəxsən iştirak edən və yaxud Amazaspın dəstəsindən olan erməni əsgərlərinə bələdçilik edən yerli ermənilərin hamısını üzdən tanıya bilməzdilər. Quba ermənilərin şəhər üzərinə hazırlanan hücumla əlaqələrinin olduğu, və yaxud, ən azı bundan xəbərdar olduqları isə bir çox faktlarla sübut edilirdi.
Quba şəhərinin və qəzanın rus kəndlərinin əhalisinin müsəlman qırğınlarında iştirakı haqqında hər hansı bir məlumat əldə edilmədiyi halda, Qubanın yəhudi əhalisi ilə bağlı vəziyyət daha fərqli və mürəkkəb idi. Sənədlər Quba faciələrində istər gəlmə, istərsə də yerli yəhudilərin iştirakı, habelə həmin dövr Quba qəzasının yəhudi əhalisinin taleyi barədə dəqiq təsəvvür yaradır. Qubanın yəhudi əhalisinin Şamaxı malakanları kimi, özlərinin müsəlman həmyerlilərinə qarşı kütləvi çıxış etmədikləri, bununla belə yəhudi cəmiyyətinin bəzi nümayəndələrinin ermənilərlə birlikdə qəzanın müsəlman əhalisinə qarşı zorakılıq aktlarında iştirakı, zəngin müsəlmanların evlərinin ermənilərə nişan verdiyi və s. kimi faktlar qubalıların şahid ifadələri ilə təsdiq edilir. Eyni zamanda Quba yəhudiləri şəhəri tərk edən Amazaspın “bir saat sonra və ya bu gecə sizin başınıza bəlalar gələcək, çünki müsəlmanlar və ləzgilər sizə hücum edəcək və sizi doğrayacaqlar” kimi hədə-qorxusuna aldanmış və 6 min nəfərə qədər yəhudi ermənilərlə birlikdə çıxıb getmişdir. Bu əhali qrupunun sonrakı taleyi haqqında qırmızı komissar Kasradze belə məlumat verir: “Biz Xaçmazdan geri çəkilərkən yəhudi kütlələrinin qorxu içərisində Qubadan və digər kəndlərdən qaçdığının şahidi olduq. Onlar ayaqyalın, əldən düşmüş vəziyyətdə, açıq səma altında, palçıq içində sığınacaq taparaq istər-istəməz yatalaq, çiçək və digər xəstəliklərin epidemiya ocağına çevrilmişdilər”.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il iyul ayının 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) Quba hadisələrinə dair sənədləri bunu deməyə əsas verir ki, Quba qırğınları zamanı müsəlmanlardan fərqli olaraq, yəhudilər bilavasitə qırğın obyekti olmamışlar və ola da bilməzdilər. Onlar nə erməni quldur dəstələri, nə də Amazaspın həyasızcasına qorxutduğu kimi, “müsəlman və ləzgilər” tərəfindən zorakılığa məruz qalmamışlar. Burada bir mə-qam da nəzərə alınmalıdır ki, bolşeviklərin, o cümlədən Bakı Soveti Komissarları arasında yəhudilər az deyildi və yəhudi əhalisinə qarşı hər hansı zorakılıq əməlləri ermənilərə bağışlanmazdı.Quba hadisələri zamanın şəhərin yəhudi əhalisi də itkilər vermişdi.İstər Gelovaninin dəstələri şəhərdən geri çəkilərkən, istərsə də Amazaspın quldur birləşmələrinin üç tərəfdən şəhərin top atəşinə tutulması ilə müşayiət olunan Qubaya hücumu zamanı yəhudi əhalisinin də ayrı-ayrı nümayəndələri həlak olmuşdu. Yəhudilərin Qubadan kütləvi surətdə qaçmasını isə, yəqin ki, yaşadıqları yerlərdə baş verən bütün qiyam və iğtişaşlar zamanı bir qayda olaraq günahsız qurbana çevrilən yəhudi xalqının qəlbində onilliklər boyu kök salmış qorxu hissi ilə izah etmək olardı. Bu baxımdan təkcə Qubada baş vermiş məlum hadisələr zamanı həlak olmuş yəhudilər deyil, sərgərdanlıq zamanı xəstəlikdən, aclıqdan və əziyyətdən ölmüş yüzlərlə digər yəhudi qubalılar da öz müsəlman həmyerliləri kimi ermənilərin təcavüzkar millətçilik siyasətinin qurbanları sayılırlar.
Amazaspın erməni dəstələri Qubadan getdikdən sonra şəhər daha böyük təhlükə ilə – xəstəliklər və epidemiyanın başlanması ilə üzləşir. Küçə və məhəllələr, evlər və həyətlər eybəcər hala salınmış və doğranmış minlərlə kişi, qadın və uşaq cəsədləri ilə – ölümün onları haqladığı yerdə də qalan və çürüməyə başlayan meyitlərlə dolu idi. Qurbanları kütləvi surətdə dəfn etməyə məcbur olan şəhərin rəhbərliyi, yerli mollalar və sakinlər tərəfindən gətirilən rəqəmlər, qırğınlar zamanı itkin düşmüş (ermənilərin özləri tərəfindən basdırılmış ?) insanlar da nəzərə alınmaqla, Quba qırğınları zamanı şəhərdə öldürülənlərin və qorxudan ölənlərin təxmini sayının 2000 – 2900 arasında, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğunu söyləməyə əsas verir. FTK-nın sənədlərinə əsasən Quba qəzası əhalisinə ümumilikdə dəyən maddi ziyanın miqdarı 121.824.819 rubl təşkil edirdi.
1918-ci il dekabr-yanvar aylarında Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.F.Novatskinin başçılıq etdiyi istintaq qrupu Quba qırğınlarının təhqiq edərək 4 cilddən ibarət istintaq sənədləri hazırlayır. Bu sənədlər əsasında Quba qırğınlarının rəhbərlərinə və icraçılarına qarşı müəyyən obyektiv səbəblərə görə cinayət işi açılmasa da tale özü bu cinayətlərin əsas iştirakçılarını cəzalandırdı. D.Gelovani FTK ilə əməkdaşlıq etdiyinə görə 1919-cu ilin oktyabr ayında Bakıda erməni terroristi Sarkis Terunts tərəfindən öldürülür.
Amazasp Srvandstyan 1918-ci il iyul ayında Şamaxı cəbhəsində olduğu kimi, sentyabrın 15-də Bakını azad edən Qafqaz İslam Ordusu və azərbaycanlıların hərbi hissələri qarşısında bir daha cəbhəni tərk etmiş, əsgərlərini başsız qoyaraq İrana qaçır.Birinci dünya müharibəsi başa çatdıqdan sonra Ermənistana qayıdan Amazasp Nor Bəyazid regionunda Ermənistan ordusunun komandiri təyin olunur, lakin Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra həbs edilərək, 1921-ci ilin fevra-lında Yerevan həbsxanasında erməni kommunistləri tərəfindən balta ilə doğranaraq öldürülür. Bu zaman Amazaspın səsi həbsxananın hər yerinə yayılıbmış: “Vəhşilər, məgər adamı belə öldürərlər ?!” Amazaspın bədəni və başı o qədər eybəcər hala salınmışdı ki, oğlu onu yalnız keçə çəkmələrindən tanıya bilmişdi.
2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanların xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.
Solmaz Rüstəmova-Tohidi
tarix elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyası, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi