1917-1918-ci illərdə Cənubi Qafqazda milli-azadlıq hərəkatının genişləndiyi bir şəraitdə Azərbaycan xalqının da ölkənin muxtariyyəti və müstəqilliyi uğrunda mübarizəyə başlaması Azərbaycanla bağlı strateji planları olan daşnak-bolşevik alyansını bərk narahat edirdi.
Buna görə də daşnak-bolşevik alyansı Azərbaycan xalqının milli azadlıq hərəkatına divan tutmaq, ölkənin muxtariyyəti və müstəqilliyinin qarşısını almaq məqsədilə 1918-ci ilin martında Bakıda türk-müsəlman əhalisinə qarşı soyqırım həyata keçirdi. Mart soyqırımını törətməklə daşnak-bolşevik alyansı Bakıda Azərbaycanın muxtariyyətini tələb edən müsavatçıların sosial bazasını məhv etməyə nail olmaq ümidində idilər.
1918-ci ilin mart soyqırımı zamanı Fövqəladə Təhqiqat Komissiyas ümumiləşdirdiyi hesabatına görə, 3 gün ərzində (18-21 mart (30 mart – 2 aprel) 1918-ci il) təkcə Bakıda 12 min müsəlman öldürülmüş, kütləvi formada insan cəsədləri iyrənc və dəhşətli şəkildə təhqir edilmişdir. 1918-ci ildə Britaniyanın Bakıdakı konsulluğunun tərtib etdiyi materiallarda mart qırğını zamanı 20 min müsəlmanın qətlə yetirildiyi bildirilir. Həmin dövrdə İranın Bakıda konsulu olan Said Məhəmməd Əl-Vəzarə Marağayi isə, çap etdirdiyi xatirələrində göstərir ki, yalnız İran konsulluğu mart hadisələri baş verəndə qətlə yetirilən 5000 nəfər müsəlmanı dəfn edib. Əlbəttə ki, rəqəmlərdə uyğunsuzluq insanların kütləvi şəkildə qətlə yetirilməsi və onların dəqiq sayının müəyyənləşdirilməsinin mümkünsüz olduğundan xəbər verir.
Ümumi olaraq, Bakının müsəlman əhalisinə 1918-ci ilin mart qiymətləri ilə 400.000.000 rubl, 1918-ci ilin son rübünün qiymətləri ilə isə 1.200.000.000 rubl maddi zərər vurulmuşdur [28, v. 16-24; 22; 23; 24; 25; 26; 29]. Bütün bunlar Fövqəladə Təhqiqat Komissiyasının 36 cild, 3500 səhifədən ibarət təhqiqat materialları əsasında şahid ifadələri, təftiş və ekspertiza protokolları ilə təsdiq edilmiş və çoxlu sayda yanmış ev və daha çox işgəncələrə məruz qalmış cəsədlərin fotoşəkilləri çəkilərək təhqiqat işinə əlavə edilmişdir.
İnsanların əzabla qətlə yetirilməsi, öldürülən insanların üzərində təhqiramiz hərəkətlərin həyata keçirilməsi hadisələrin milli-etnik zəmində baş verdiyinə dəlalət edir [22; 23; 24; 25; 26; 28; 29]. Fövqəladə Təhqiqat Komissiyasının materiallarında tam sübuta yetirilir ki, insanlar sırf dini və milli mənsubiyyətlərinə görə kütləvi şəkildə qətlə yetirilmişlər. Eyni zamanda, insanlar əzab və işgəncə ilə qətlə yetirilmiş, öldürüldükdən sonra isə onların meyitləri üzərində iyrənc zorakılıq aktları törədilmişdir. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən yüzlərlə sənəd mövcuddur [28, v. 16-24].
Ermənilər 1918-ci ilin martında Bakıda başladıqları türk-müsəlman soyqırımını aprel ayının əvvəllərindən başlayaraq Azərbaycanın qəzalarında davam etdirdilər. Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Salyan, Göyçay, Ərəş, Lənkəran və Azərbaycanın digər bölgələrində həyata keçirilən bu soyqırım aktları nəticəsində yüz mindən artıq türk-müsəlman bu soyqırımların qurbanı oldu, əhaliyə milyardlarla ziyan vuruldu.
Bu tədqiqatımızda Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materialları əsasında yalnız Şamaxı qəzasında törədilən soyqırımlar zamanı türk-müsəlman əhalinin məruz qaldığı itki və tələfatları müəyyən edib hesablamağa çalışacağıq.
1918-ci ildə Şamaxı qəzası Bakı quberniyasının tərkibinə daxil idi və indiki Şamaxı, Ağsu, Qobustan və Hacıqabul rayonlarının ərazisini əhatə edirdi. “Qafqaz Təqvimi”nin 1916-cı ilin sonlarına olan məlumatına görə Şamaxı şəhərinin əhalisi 27752 nəfər idi. Əhalinin 76,1 faizini müsəlmanlar (21127 nəfər), 16,34 faizini (4534 nəfər) ermənilər, 6,25 faizini (1737 nəfər) ruslar, 1,31 faizini (363 nəfər) isə qafqaz dağlıları və yəhudilər təşkil edirdi [31, s. 178-181].
Şamaxı qəzasında 229 kənd var idi ki, bu kəndlərdən 196-da azərbaycanlılar, 21-də ermənilər, 11-də rus və molokanlar, 1-də isə yəhudilər yaşayırdılar. Şamaxı şəhəri də daxil olmaqla kəndlərlə birlikdə bütövlükdə Şamaxı qəzasının əhalisi 161552 nəfər idi ki, bunun da 72,9 faizini (117706 nəfər) müsəlmanlar, 13,78 faizini (22350) ermənilər, 12 faizini (19393) ruslar, 1,32 faizini isə qafqaz dağlıları və yəhudilər təşkil edirdi [31, s. 178-181]. Buradan da göründüyü kimi, Şamaxı qəzasının əhalisinin 72,9 faizini təşkil edən müsəlmanlar sayca tam üstünlük təşkil edirdilər.
Lakin Bakıdan gəlmiş daşnak-bolşevik birləşmələrinin və yerli erməni- molokan əhalisinin yaxşı silahlanması və planlı surətdə soyqırım aktına hazırlaşması əliyalın dinc, silahsız müsəlman əhalisini görünməmiş vəhşiliklərlə üz-üzə qoydu. Birləşmiş daşnak-bolşevik-molokan silahlı birləşmələri qəzada qadın, qoca və uşaqlara belə fərq qoymadan türk-müsəlman əhalisinə qarşı tarixdə görünməmiş soyqırım törətdilər.
Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında Fövqəladə Təhqiqat Komissiyasının 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdır [1-21; 27]. Şamaxı şəhərində və Şamaxı qəzasının kəndlərində türk-müsəlman əhalinin soyqırımını törətmək planı daşnak-bolşevik qüvvələri tərəfindən 1918-ci ilin mart hadisələri zamanı hazırlanmış və Şamaxı şəhəri mart-aprel aylarında iki dəfə, Şamaxı qəzasının 110 kəndi isə mart-iyul ayları ərzində bir neçə dəfə hücum və talanlara məruz qalmışdır.
Birləşmiş erməni-bolşevik-molokan silahlı qüvvələrinin Şamaxı şəhərində ilk hücumu 1918-ci il martın 29-da sübh çağı, yatmış şəhərin top atəşinə tutulması ilə başlamışdır. Şəhərin müsəlman məhəllələrinə hər tərəfdən edilən hücumlar nəticəsində əhali şəhərdən kənara çıxa bilməmiş və erməni-bolşevik birləşmələri əhalini kütləvi surətdə qətlə yetirmişlər. Stepan Lalayevin və Tatevos Əmirovun başçılıq etdiyi erməni-bolşevik birləşmələri müsəlmanları soyub-talayıb və qadın, qoca, uşağa fərq qoymadan hamısını qırmışlar.
Şəhərdə yanğınlar və talanlar dörd gün ərzində davam etmişdir. Şəhərin ən abad hissəsi olan, zəngin müsəlmanların yaşadıqları “Piran-Şirvan” məhəllələri tamamilə talan edilmiş və yandırılmışdır. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsi nin hamısına od vurulmuş, şəhərin 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – 800 illik tarixi olan Cümə məscidi yandırılmışdır.
Bir həftəlik fasilədən sonra, 1918-ci aprelin 10-da Stepan Lalayevin və Tatevos Əmirovun başçılıq etdiyi erməni silahlı birləşmələri və qəzanın molokan əhalisindən ibarət silahlı dəstələr Şamaxı şəhərinə ikinci dəfə hücum etmiş və şəhəri tamamilə viran qoymuşlar. Müsəlmanlara məxsus bütün evlər, ticarət və mülki obyektlər talan edilmiş, dağıdılmış və yandırılmış, şəhərdə qalan müsəlman əhali tamamilə məhv edilmişdir. Yanğına bürünmüş şəhər bir neçə saat ərzində xarabazara çevrilmişdir.
Erməni silahlı birləşmələri Stepan Lalayevin əmri ilə əksəriyyəti qadın, uşaq və qocalardan ibarət olan şəhər sakinlərini məscidlərə yığmış və diri-diri yandırmışlar. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, təkcə məscidlərdə diri-diri yandırılan azərbaycanlı əhalinin sayı 2 min nəfərdən çox olmuşdur. Mühasirəyə alınmış məscidlərdən çıxmağa və xilas olmağa çalışanları güllələmişlər. Müsəlman əhalini qorumaq üçün öz evində və “Yuxarıqala” məscidində 400-dək uşaqlı qadına sığınacaq vermiş Axund Cəfər Qulu görünməmiş qəddarlıqla qətlə yetirilmiş, insanlar isə diri-diri yandırılmışlar.
Fövqəladə Təhqiqat Komissiyasının hesablamalarına görə, Şamaxı şəhərində törədilmiş türk-müsəlman qırğınları zamanı şəhərin 21.127 nəfər müsəlman əhalisindən 10 mini öldürülmüş, şəhərdən qaçaraq sağ qalmış qalan əhali isə qaçqın halında Azərbaycanın müxtəlif şəhər və qəzalarına dağılmışlar. Şamaxı şəhəri tamamilə dağıdılmış və yandırılmış, türk-müsəlman əhaliyə 1.000.000.000 (1 milyard) rubl maddi ziyan vurulmuşdur [28, v. 9-14; 30, v. 2-12; 18, v. 8-10]. Arxiv sənədlərində qaçqın və köçkünə çevrilən əhali arasında soyuq, aclıq və xəstəlikdən ölənlərin sayının çox olduğu bildirilsə də, yekun rəqəm göstərilmir. Əslində davam etməkdə olan anarxiya və qarışıqlıq dövründə belə bir statistikanın aparılması mümkün olmamışdır.
Şamaxı şəhəri ilə paralel olaraq Şamaxı qəzasının 110 kəndi də erməni- bolşevik-molokan silahlı birləşmələrinin hücumlarına, soyqırıma və talanlara məruz qalmışdır. Şamaxı qəzasının 110 müsəlman kəndinə hücum edən ermənilər bu kəndlərdən 106-nı tamamilə yandırmış və dağıtmış, 10440 nəfər türk-müsəlmanı soyqırıma məruz qoyaraq ağır işgəncələrlə öldürmüş, meyitlərin üzərində belə təhqiramiz hərəkət etmişlər [28, v. 9-14; 30, v. 2-12; 1-21]. Bir çox kəndlərdə çox az sayda insan qaçıb canını qurtara bilmiş, kənddə qalanlar son nəfərinədək öldürülmüş və əhalinin əmlakı tamamilə talan edilib və yandırılmışdır. Məsələn, 700 evdən ibarət olan Nəvai kəndində 955 nəfər (555 kişi, 260 qadın, 140 uşaq) öldürülmüş, 60 kişi yaralanmışdır. Nəvai kəndinə vurulmuş maddi ziyanın həcmi 59.650.000 rubl təşkil edir [9, v. 15a-16a, 18-20, 44; 12, v. 12-13a]. 260 evdən ibarət olan Qaqyalı kəndində 922 nəfər (360 kişi, 412 qadın, 150 uşaq) öldürülmüş və əhalinin əmlakına 21.900.000 rubl maddi ziyan vurulmuşdur [8, v. 82]. 240 evdən ibarət olan Dilman kəndində 585 nəfər (300 kişi, 235 qadın, 50 uşaq) öldürülmüş və əhalinin əmlakına 36.700.000 rubl maddi ziyan vurulmuşdur [8, v. 90]. 217 evdən ibarət olan Qubalı Bala-Oğlan kəndində 535 nəfər (250 kişi, 150 qadın, 135 uşaq) öldürülmüş, 69 nəfər (32 kişi, 16 qadın, 21 uşaq) ağır bədən xəsarəti alaraq yaralanmış və əhalinin əmlakına 89.785.000 rubl maddi ziyan vuurlmuşdur [9, v. 24]. 500 evdən ibarət olan Axsu kəndində 500 nəfər (200 kişi, 300 qadın və uşaq) öldürülmüş, əhalinin əmlakına 36.400.000 rubl maddi ziyan vurulmuşdur [7, v. 101]. 200 evdən ibarət olan Kelva kəndində 500 nəfər (250 kişi, 150 qadın, 100 uşaq) öldürülmüş, əhalinni əmlakına 24.000.000 rubl maddi ziyan vurulmuşdur [8, v. 91-93]. 358 evdən ibarət olan Ərəb-Kadım kəndində 378 nəfər (200 kişi, 100 qadın, 78 uşaq) öldürülmüş, əhalinin əmlakına 6.474.000 rubl maddi ziyan vurulmuşdur [8, v. 14]. 130 evdən ibarət olan Bağırlı kəndində 370 nəfər (80 kişi, 150 qadın, 140 uşaq) öldürülmüş, əhalinin əmlakına 12.460.000 rubl maddi ziyan vurulmuşdur [4, v. 6; 8, v. 81]. 300 evdən ibarət olan Tircan kəndində 360 nəfər (300 kişi, 40 qadın, 20 uşaq) öldürülmüş, əhalinin əmlakına 20.620.000 rubl maddi ziyan vurulmuşdur [8, v. 108]. 600 evdən ibarət olan Kuşi kəndində 332 nəfər (192 kişi, 115 qadın, 25 uşaq) öldürülmüş əhalinin əmlakına 11.475.000 rubl maddi ziyan vurulmuşdur [8, v. 19-22]. 186 evdən ibarət olan Angexaran kəndində 235 nəfər (176 kişi, 28 qadın, 31 uşaq) öldürülmüş, əhalinin əmlakına 5.847.130 rubl maddi ziyan vurulmuşdur [1, v. 5-16, 11, v. 117-124] və s.
Elə kəndlər də vardır ki, bu kəndlərdə erməni cəlladlarının əlindən canını qurtarmaq üçün meşə və dağlara qaçan insanlar arasında tələfat daha yüksək olmuşdur. Məsələn, Keştimaz kəndində ermənilər tərəfindən 60 nəfər öldürülmüş, 95 nəfər (59 kişi, 36 qadın) əsir götürülmüşdür [7, v. 19-25]. Amma meşə və dağlara qaçan insanlardan soyuq və aclıqdan ölənlər 400 nəfər olmuşdur[7, v. 19-25]. Lenqebiz kəndində 25 nəfər ermənilər tərəfindən öldürüldüyü halda, digər yerlərə qaçanlardan soyuq və aclıqdan ölənlər 505 nəfər olmuşdur [7, v. 13-17]. Təklə-Hacı Məmməd-Hüseyn kəndində 35 nəfər (28 kişi, 7 qadın) ermənilər tərəfindən öldürülmüş, digər yerlərə qaçanlardan soyuq və aclıqdan ölənlərin sayı 400 nəfər olmuşdur [1, v. 134, 141-146]. 145 evdən ibarət və 822 nəfər əhalisi olan Çaylı-Ağa-Kişi-Bəy kəndində ermənilər tərəfindən 31 nəfər (24 kişi, 7 qadın) öldürülmüş, digər yerlərə qaçanlar arasında isə soyuq və aclıqdan ölənlərin sayı 250 nəfər olmuşdur [1, v. 28-33].
Erməni-bolşevik-molokan silahlı birləşmələrinin törətdiyi soyqırımlar zamanı, Fövqəladə Təhqiqat Komissiyasının aktlarına əsasən, Şamaxı qəzasının 110 kəndi üzrə insan itkisi və vurulmuş maddi ziyanların həcmi aşağıdakı cədvəldə verilmişdir:
Cədvəldən də göründüyü kimi, Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının erməni hücumuna məruz qalmış hər bir kəndi üzrə tərtib etdiyi yekun aktlara görə, 110 kənd üzrə öldürülən 10.440 nəfərin 5023-ü kişi, 2741-i qadın, 1444-ü uşaq, 300-ü qadın və uşaq olaraq göstərilmiş, 932-sinin isə cinsi göstərilməmiş, sadəcə öldürülən insan sayı kimi verilmişdir [1-21]. Bunlardan başqa ermənilərin hücumlarından canlarını qurtarmağa çalışan türk-müsəlmanların müəyyən bir qismi dağlara və meşələrə qaça bilsə də burada da insan tələfatı olmuşdur. Təkcə dağlara və meşələrə qaçanlardan əksəriyyəti qadın, qoca və uşaq olmaqla 1855 nəfəri həyatını itirmişdir. Bötövlükdə 110 kənd üzrə 12295 nəfər türk-müsəlman öldürülmüş, 276 nəfər (168 kişi, 58 qadın, 50 uşaq) ağır yaralanaraq şikəst edilmişdir. 110 kəndin türk-müsəlman əhalisinə vurulmuş maddi ziyanın məbləği 631.208.132 rubl təşkil edir [1-21; 29; 30].
Bütün bunlar Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materialları ilə tam sübuta yetirilmişdir. Şamaxı qəzasında erməni-bolşevik alyansı tərəfindən həyata keçirilən türk-müsəlman soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının 22 cild istintaq materialı və 63 fotoşəkil əsasında sənədləşdirilmişdir.
Bütövlükdə Şamaxı qəzasının şəhərlə birlikdə itkiləri aşağıdakı cədvəldəki kimidir:
Bütövlükdə Şamaxı qəzasında 22295 nəfər öldürülmüş və meyitlər üzərində olmazın təhqiramiz hərəkətlər edilmişdir. 276 nəfər (168 kişi, 58 qadın, 50 uşaq) ağır yaralanaraq şikəst edilmişdir. Şamaxı qəzasının müsəlman əhalisinə vurulmuş maddi ziyanın məbləği 1.631.208.132 (1 milyard 631milyon 208 min 132) rubl təşkil edir [28, v. 9-14; 30, v. 2-12; 18, v. 8-10; 1-21]. 1918-ci ildəki 1.631.208.132 (1 milyard 631milyon 208 min 132) rublun Ramsey formulu ilə indiki dövrə diskont əmsalı 73.404.366.000 (73 milyard 404 milyon 366 min) ABŞ dolları təşkil edir.
Şamaxı soyqırımı ilə bağlı Fövqəladə Təhqiqat Komissiyasının tədqiqata cəlb etdiyimiz sənəd və materialları onu sübut edir ki, 1918-ci ilin mart-iyul aylarında Şamaxı qəzasında baş verən faciəli hadisələr XX əsrdə baş vermiş ən qatı soyqırım cinayətidir. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin mövcudluğu onu deməyə əsas verir ki, Azərbaycan tərəfinin ermənilərin ötən əsrin əvvəlində törətdiyi soyqırımlar haqqında bəyanatları mücərrəd xarakter daşımır, gerçək tarixi faktlara söykənir. Başqa sözlə desək, ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı faktı, bu soyqırım nəticəsində türk-müsəlman əhalinin məruz qaldığı itki və tələfatlar təhqiqat və istintaq materialları, ekspertiza protokolları və şahid ifadələri ilə tam sübuta yetirilir.
İstinadlar:
- ARDA, f. 700, siy. 1, iş 12.
- ARDA, f. 1061, siy. 1, iş 1.
- ARDA, f. 1061, siy. 1, iş 2.
- ARDA, f. 1061, siy. 1, iş 3.
- ARDA, f. 1061, siy. 1, iş 4.
- ARDA, f. 1061, siy. 1, iş 5.
- ARDA, f. 1061, siy. 1, iş 6.
- ARDA, f. 1061, siy. 1, iş 85.
- ARDA, f. 1061, siy. 1, iş 87.
- ARDA, f. 1061, siy. 1, iş 99.
- ARDA, f. 1061, siy. 1, iş 100.
- ARDA, f. 1061, siy. 1, iş 101.
- ARDA, f. 1061, siy. 1, iş 102.
- ARDA, f. 1061, siy. 1, iş 104.
- ARDA, f. 1061, siy. 1, iş 105.
- ARDA, f. 1061, siy. 1, iş 106.
- ARDA, f. 1061, siy. 1, iş 107.
- ARDA, f. 1061, siy. 1, iş 108.
- ARDA, f. 1061, siy. 1, iş 109.
- ARDA, f. 1061, siy. 1, iş 110.
- ARDA, f. 1061, siy. 1, iş 111.
- ARPİİSSA, f. 277, siy. 2, iş 13.
- ARPİİSSA, f. 277, siy. 2, iş 14.
- ARPİİSSA, f. 277, siy. 2, iş 15
- ARPİİSSA, f. 277, siy. 2, iş 16.
- ARPİİSSA, f. 277, siy. 2, iş 25
- ARPİİSSA, f. 277, siy. 2, iş 26.
- ARPİİSSA, f. 277, siy. 2, iş 27.
- ARPİİSSA, f. 11157, siy. 5, iş 16.
- ARPİİSSA, f. 11157, siy. 5, iş 17.
- Кавказский календарь на 1917 г. Тифлис, 1916.
Vasif Qafarov
tarix üzrə fəlsəfə doktoru, dosent
“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
“31 mart – tariximizin faciəli səhifəsi”, Bakı – 2019