1917-ci ildə Rusiyada xalq kütlələrinin genişlənən inqilabi hərəkatı Zaqafqaziya bölgəsində vəziyyətə ciddi təsir göstərdi.
1918-ci ilin fevralın 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziya Seyminin yaradılması və yerli hakimiyyətin bu quruma verilməsi haqqında qərar qəbul edildi. Fevralın 23-də isə üç əsas partiya fraksiyalarının nümayəndələrindən ibarət Zaqafqaziya Seymi öz işinə başladı. Müstəqil Qafqazın mövcudluğu təkcə Qafqaz müsəlmanlarının deyil, həm də Rusiyanın daimi təhlükəsi qarşısında qalan digər müsəlman ölkələrinin mənafeyinə uyğun idi.
Zaqafqaziya Seymi dağıldıqdan sonra Gürcüstan, Azərbaycan və Ermənistan müstəqillik qazandılar. Bu tarixdən sonra Ermənistanla Gürcüstan arasında başlanmış sərhəd münaqişəsi daha da gərginləşdi. Müstəqilliyin ilk günlərində Gürcüstan hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda Gürcüstanın sərhədlərini müəyyən etmək adı altında mövcud vəziyyəti dəyişmək cəhdləri Azərbaycan hökumətinin müqaviməti ilə qarşılaşdı. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz edərək Gürcüstan hökumətinin xarici işlər idarəsinin başçısına yazırdı: “Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan hissələrinin əhalisi öz nümayəndələri vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində olmaq arzularını ifadə etdiklərini nəzərə alaraq, mənim hökumətim gürcü hökumətinin yuxarıda qeyd olunan sərəncamına qarşı qəti etiraz edir və ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin saxlanması naminə Borçalı qəzasının hüdudlarından qoşun hissələrini çıxarmaq, Azərbaycan ərazisinin yuxarıda qeyd edilən hissələrinin tutulması haqqında sərəncamı ləğv etmək üçün təcili tədbirlər görməyi təkidlə xahiş edir”.
Azərbaycan hökumətinin ciddi səyi ilə Qarayazıdakı status-kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin burada qalması şərti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi.
Birinci Dünya müharibəsində Osmanlı dövlətinin məğlubiyyəti 1918-ci ilin axırlarında ermənilərin yenidən fəallaşmasına şərait yaratdı. Artıq dövlət siyasəti səviyyəsinə qaldırılan “dənizdən dənizə böyük Ermənistan” iddiaları yerli türk əhalisinə görünməmiş müsibətlər gətirdi. “Daşnaksütyun” partiyasının başçısı Ovannes Kaçaznuninin rəhbərlik etdiyi Ararat hökuməti Qarabağ, Zəngəzur, Axaltsixe, Axalkalaki və Borçalı bölgələrinə qarşı ərazi iddiaları irəli sürərək həmin ərazilərin Ermənistana birləşdirilməsini tələb etdi. Erməni daşnak orduları Gürcüstan sərhədini keçərək Borçalının cənub hissəsi olan Loru bölgəsini tutmaq məqsədilə əməliyyatlara başladılar. Erməni ordularına “Dro” ləqəbli Drastamat Kanayan başçılıq edirdi. Onlar ilk həmləni Şorali və Koberi istiqamətində həyata keçirdilər.
Ermənilərin ilk hücumları kiçikmiqyaslı idi və Gürcüstan silahlı qüvvələrinin potensialını öyrənmək məqsədini daşıyırdı. Ermənistanla sərhəd bölgələrdə yaranmış bu vəziyyət Gürcüstanı təxirəsalınmaz tədbirlər görməyə vadar edirdi.
Ermənilərin hücumunun qarşısını almaq məqsədilə oktyabrın 20-də gürcü əsgərləri zirehli qatarla Koberiyə göndərildi. Onlara Vladimir Qoquadze rəhbərlik edirdi. Baş qərargah rəisi polkovnik Aleksandr Zakaridzenin sərəncamında olan qüvvələr də bölgəyə ezam olundu. Vəziyyəti öyrənib qiymətləndirdikdən sonra Zakaridze artilleriya qüvvələrindən ibarət əlavə ordunun göndərilməsini tələb etdi.
1918-ci ilin oktyabrın 24-də Borçalı qəzasında fövqəladə vəziyyət elan olundu. Oktyabrın 25-i və 26-da isə qəzanın general-qubernatoru və bölgə qarnizonunun komandiri general-mayor Georgi Silikidzenin rəhbərliyi altında mövqe döyüşləri davam etdirildi. Tsakeri və Koraci kəndləri həmin müddət ərzində bir neçə dəfə əldən-ələ keçdi. Gürcü zirehli qatarının işə salınması döyüşdə həlledici rol oynadı. Oktyabrın 27-də erməni qüvvələri geri çəkildi.
Erməni silahlı qüvvələri tərəfindən oktyabr ayında Gürcüstana qarşı həyata keçirilən əməliyyatlar kəşfiyyat xarakterli idi. Ancaq buna baxmayaraq könüllü özünümüdafiə dəstələri və yerli əhali sərt reaksiya verdi. Bu, olduqca mürəkkəb bir dövr idi.
1918-ci ilin dekabrın 6-da səhər tezdən erməni hərbi birləşmələri Axalkalaki qəzasının sərhədlərini pozaraq ruslar yaşayan kəndləri-Troeskoe, Ekremovka, Qorelovka və Boqdanovka kəndlərini zəbt etdilər. Bölgənin general-qubernatoru, general-mayor Abel Maxaşvili təcili olaraq 1 nömrəli piyadalar diviziyasının birinci və ikinci polklarını ermənilər tərəfindən işğal olunmuş ərazilərə göndərdi. Ermənistan hökumətinə ultimatum verildi ki, təcili olaraq işğal etdikləri əraziləri qeyd-şərtsiz azad etsinlər.
Gürcüstanın o zamankı menşevik hökuməti beynəlmiləlçililk xəstəliyinə tutulmuşdu. Onlar inanırdılar ki, guya erməni daşnakları da sosializm uğrunda mübarizədə eyni düşüncəyə sahibdirlər. Ancaq zaman öz sözünü dedi. Onların hansı ideyaya xidmət göstərdiyi bəlli oldu.
Dekabrın 17-də ermənilər axşamın qaranlığından və dumanlı havadan istifadə edərək Sanai ərazisinə hücum etdilər. Uzunlar kəndi işğal olundu. Müdafiə istehkamına general Sulikidze rəhbərlik edirdi. Həmin gün döyüş meydanlarında 3 zabit və 100 nəfər gürcü əsgəri həlak oldu. Ermənilər Voronsovka və Privolnunu ələ keçirdilər. Ermənilərin əvvəlcədən hazırlanmış hərbi planları var idi. Bu plana əsasən üç istiqamətdə hücum strategiyası həyata keçirilirdi: mərkəzi istiqamət, sağ və sol cinahlar.
Gürcüstan hökuməti bu problemi dinc yolla həll etməyə səy göstərirdi. Dekabrın 18-də Gürcüstan parlamenti yaranmış vəziyyət barədə hökumətin məlumatını dinləyib müzakirə etdi və belə bir qətnamə qəbul olundu.
“Gürcüstan və Ermənistan arasında hərbi əməliyyatlara dair hökümətin məlumatını müzakirə edərək parlament etiraf edir ki:
1. Gürcüstan hökuməti Ermənistan hökumətinə düşmənçilik üçün heç bir səbəb verməmişdir, əksinə, dövlətlərimiz arasında işlərin sülh yolu ilə həll olunması üçün bütün tədbirlər görülmüşdür;
2. Ermənistan qoşunları xaincəsinə Gürcüstan sərhədlərini pozmuş, çox sayda gürcü əsgəri öldürmüş və yaralamışdır.
Parlament hökumətin düşməni dəf etməyə yönəldilmiş fəaliyyətini və onun tərəfindən hərbi tədbirlər görülməsini bəyənir. Respublikanı müdafiə etmək üçün hökumətə hər cür kömək göstərməyə hazırdır. Sənəd yekdilliklə qəbul edilmişdir”.
Ermənilərin işğal etdiyi ərazinin sənaye infrastrukturu xeyli əhəmiyyətli idi. Amma yaranmış vəziyyət elə idi ki, Gürcüstan özünümüdafiə dəstələri geri çəkilməyə məcbur oldu. Bu, taktiki baxımdan zəruri idi. Çünkü ordunu mühasirə vəziyyətindən çıxarmaq lazım idi. Belə də oldu. Gürcü birlikləri Sadaxlı kəndi istiqamətində geri çəkildilər.
Dekabrın 19-da Gürcüstan hökuməti Ermənistanın Tiflisdəki diplomatik nümayəndəsi Camalyana nota göndərdi. Həmin notada deyilirdi:
“Ermənistan qoşunlarının Gürcüstan üzərinə xaincəsinə hücumuna görə Gürcüstan Respublikası Ermənistanla olan bütün diplomatik əlaqələri kəsir”.
Baş nazir Ramişvilli. 19 dekabr 1918-ci il.
Dekabrın 19-da ermənilər Şulaver şəhərinə soxuldular və orda özlərinə qərargah yaratdılar. Şulaver stansiyasını ələ keçirməklə Nəftuluq-Sadaxlı dəmir yol xəttini kəsdilər. Dekabrın 20-də hərbi nazir Georqadze Milli Şuranın iclasında hərbi vəziyyəti şərh etdi və vəziyyətin olduqca ağır olduğunu bildirdi.
Ermənilərlə növbəti döyüş Varantsovka kəndi ətrafında baş verdi. Qızğın döyüşdə yerli azərbaycanlı özünümüdafiə dəstələri xüsusilə seçildilər. Onlar ağır strateji mövqedə durmalarına baxmayaraq düşməni məğlub edə bildilər. 60 erməni əsgəri əsir götürüldü, 6 yüksək rütbəli zabit və 230 əsgər öldürüldü, çoxlu sayda tüfəng və sursat ələ keçirildi.
Azərbaycan Xarici İşlər Nazirliyinin Müttəfiqlər Komandanlığının qərargahına və Gürcüstan, Ermənistan xarici işlər nazirinə 1918-ci il dekabrın 23-də göndərdiyi 851 nömrəli teleqramında Borçalıdakı sərhəd mübahisələri ilə bağlı Gürcüstan və Ermənistan respublikaları arasında gedən silahlı toqquşmalara təəssüflənilir və qətiyyətlə onlara xatırladılırdı: “Borçalı rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.
1918-ci ilin 23 dekabrında ermənilər Sadaxlı kəndinə silahlı batalyon göndərdilər. Yerli özünümüdafiə dəstələri və gürcülər geri çəkilmək məcburiyyətində qaldılar. Vuruşmada həlak olan gürcü və azərbaycanlı əsgərlər Tiflisdə qardaşlıq qəbiristanlığında dəfn olundular. Bu dəfn mərasiminə Gürcüstan parlamentinin bütün nümayəndələri qatılmışdılar.
Şulaver əməliyyatından bir həftə sonra Tiflisdən bölgəyə əlavə qüvvələr göndərildi. Azərbaycanlılardan təşkil olunan süvari alay da gürcülərə dəstək verdi. Qələbə sevincini yaşamağa macal tapmayan ermənilər özlərini bir anda mühasirədə gördülər. Şulaver kəndi və ətraf bölgələr mühasirəyə alınmışdı. Qızğın vuruşmada əvvəlcə Şulaver, daha sonra isə Sadaxlı kəndi azad olundu. Düşmən Şulaver altında 4 ədəd ikitəkərli top, 15 pulemyot, 2 artilleriya anbarı və döyüş ləvazimatları itirdi. 6 erməni zabiti və 106 əsgər əsir götürüldü. Bu toqquşmalarda əsasən əhalisi azərbaycanlılar olan Sadaxlı, Ləmbəli, Dəmyə Görarxı, Saral, Ağammədli, Kolgir, Qızıl Hacılı, Ləmbəli, Körpülü, Voronsovka (Taşır) daha çox əziyyət çəkdilər.
Qafqazda ermənilərin fitnəsi nəticəsində yaranan münaqişə ocaqları Böyük Britaniya və Fransanın diqqətindən yayınmadı. Onlar hələ yeni başlayan bu müharibənin önünə keçmək üçün təcili olaraq bölgəyə öz nümayəndələrini göndərdilər. Böyük Britaniyanın general-mayoru Raykroft və Fransa missiyasının başçısı polkovnik Şardin Gürcüstan və Ermənistan hökumət nümayəndələri ilə görüşdülər. Belə qərara gəlindi ki, təcili olaraq hərbi əməliyyatlar dayandırılsın və dekabrın 31-də döyüş zolağında atəşkəs elan olunsun.
1919-cu ilin yanvarın 9-dan 17-nədək Tiflisdə Ermənistan və Gürcüstan nümayəndələrinin qatıldıqları sülh konfransı keçirildi və orada bir sıra taleyüklü məsələlər müzakirə olundu. İngilislərin və fransızların dəstəyi ilə Borçalı mahalının cənub hissəsi olan Loru rayonu Gürcüstan və Ermənistan arasında neytral ərazi elan olundu. Beləliklə, erməni daşnakları gələcəkdə bu bölgənin Ermənistana birləşdirilməsi üçün ilk addımı atdılar.
Neytral zonanın şimal sərhədi Gürcüstan qoşun hissələrinin dekabrın 31-də saat 24-dək tutduğu məntəqələri ayıran xətt hesab edirdi; neytral zonanın cənub sərhədi isə türklərin tutmuş olduğu Disix-Cəlaloğlu. Beləliklə, Borçalı qəzası üç hissəyə bölünürdü: şimal hissə Gürcüstana, cənub hissə Ermənistana verilir, Loru nahiyəsi isə neytral zona sayılırdı. Sonra Borçalı və Axalkələk zonalarında Gürcüstan və Ermənistan qoşunlarının sayı, ordudan tərxis, hərbi əsirlərin dəyişdirilməsi, girovların buraxılması, Borçalı neytral zonasının idarə olunması və s. məsələlər barədə razılıq əldə edildi. Zonanın idarə olunması ingilislərin nəzarəti ilə qarışıq komissiyaya həvalə edildi.
Rusiya Kommunist Bolşeviklər Partiyası 1921-ci ilin mayın 2-də keçirdiyi plenumda Zaqafqaziya respublikalarında ərazi məsələlərinin tənzimlənməsi məqsədilə xüsusi komissiya yaratdı. S.M.Kirov bu komissiyanın sədri seçildi. Gürcüstandan Svanidze, Qodina, Azərbaycandan M.D.Hüseynov, M.H.Hacınski, Ö.F.Nemanzadə, Ermənistandan isə Bekzadyan nümayəndə kimi komissiyaya qatıldılar. Ermənistan nümayəndəsi vaxtaşırı olaraq Kirova Ermənistan torpaqlarının azlığından şikayət edir və bu məsələnin həlli üçün Stalinə məruzə etməyi xahiş edirdi.
1921-ci ilin iyul ayında Stalin Tiflisə səfər etdi. İyulun 7-də o, Rusiya Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin iştirakı ilə Gürcüstan və Ermənistanın ərazi hüdudlarını müzakirə etdi. Qafqaz bürosu Stalinin bilavasitə göstərişi ilə Loru neytral zonasının Ermənistana verilməsi haqqında qərar qəbul etdi. 3810 kvadratkilometr ərazi Ermənistana birləşdirildi.
Bu o zaman idi ki, bir neçə ay əvvəl Azərbaycandan qoparılan Zəngəzur bölgəsində azərbaycanlı kəndlər boşaldılır və ora Suriyadan, Livandan, Misirdən və Yəməndən gətirilən ermənilər yerləşdirilirdilər.
“Dənizdən dənizə böyük Ermənistan” iddiasında olan ermənilər qonşu dövlətlərin ərazilərini öz genişlənmə arealı olaraq görür və bu niyyətə çatmaq məqsədilə vaxtaşırı planlar hazırlayırdılar. Məhz bu mənfur siyasətin nəticəsidir ki, bu gün Azərbaycana qarşı Dağlıq Qarabağ müharibəsi davam etməkdədir. Növbəti hədəfdə isə Gürcüstanın Cevaxetiya vilayəti və “böyük Ermənistan” xülyasının içində yer alan digər əyalətlər var.
Hələ qədim dövrlərdən Qafqazda yaşayan xalqlardan albanlar və iberlərin ənənələri, bu xalqlar arasındakı dostluq bu gün də səmimi qonşuluq şəraitində davam edir. Bölgəyə nifaq salanlar isə sonradan bura gələnlərdir. Amma tarix öz hökmünü verir. Bu gedişlə yəqin ki, münaqişə yaradanlar gəldikləri yerə geri dönəcəklər. Gürcüstanla Azərbaycan arasında dostluq körpüsü olan Borçalı mahalı bizi bir-birimizə bağlayan tarixi bir bölgədir. Gürcüstan-Azərbaycan dostluğu bizə onu söyləməyə əsas verir ki, ermənilərin Qafqazla bağlı sərsəm xülyaları heç bir zaman baş tutmayacaq. Dünya birliyi isə tarixi ədalətin bərpası üçün öz səylərini artırmalıdır.
Mahir QƏRİBOV,
tarix üzrə fəlsəfə doktoru
“Azərbaycan”qəzeti, 10.05.2015