2003-cü ildə “Üç Nöqtə” qəzetində çalışarkən, Bakının ətraf kəndlərində sosial problemləri işıqlandıran reportajlar hazırlayırdım. Həftəyə bir reportaj… Zaman ötdükcə, yazılara təkcə problemləri deyil, həm də kəndin tarixi, abidələri, maraqlı insanları haqda bilgiləri də əlavə etdim. Söhbət etdiyim insanlar yaşadıqları kəndin tarixini danışanda 1918-ci il hadisələrini xüsusilə qeyd edirdilər. Beləcə, reportajlarda 1918-ci ilin Mart soyqırımını ayrıca yarımbaşlıq altında yazmağa başladım. Hətta redaktorum Rəsul Mirhəşimli yarımbaşlıqları nəzmə çəkirdi, yazını daha konkretləşdirməyə çalışanda isə hər cümləni müdafiə etməli olurdum. Həmkarlarım yazıların uğurlu alındığını düşünürdülər.
1905.az saytında fəaliyyətə başlayanda, vaxtilə qələmə aldığım reportajları yenidən xatırladım. Bakı kəndlərinin sakinlərinin mənə danışdıqları 1918-ci il xatirələrini ayrı-ayrı yazılardan çıxarıb birləşdirdim.
Azərbaycan tarixindən qara xətlə keçən 1918-ci mart qırğınları, baş verdiyi bütün bölgələrdə yaddaşlarda yaşayır. Üstündən 100 il ötsə də, insanlar yenə o hadisələri emosiya ilə xatırlayır, öz xilaskarlarını xüsusi minnətdarlıqla yad edirlər. Qanlı hadisələrin cərəyan etdiyi Bakı kəndlərinin bir çoxunda söhbət etdiyimiz sakinlər hadisə şahidlərinin dilindən eşitdiklərini danışırdılar. “Nənəm danışardı”, “babam deyərdi”, “atam o vaxt körpə olub” – kəlamları ilə başlayan söhbətlərdə o qədər həyəcan, kədər, qəzəb olurdu ki… Apardığımız söhbətləri ümumiləşdirərək həmin günlərə Bakı kəndlərindəki şahidlərin gözü ilə baxmağa çalışdıq.
________________________________________________________________________
İlkin hadisələr zamanı Kürdəxanıda tayfa başçılarından Məşədi Adil baş verənlərin ciddiliyini daha tez anlayır və tayfalar arasındakı düşmənçiliyə son qoyaraq hamını ümumi düşmənə qarşı birləşdirir. Məşədi Adil M.S.Ordubadinin “Gizli Bakı” əsərində qoçu obrazında təsvir edilib. Şahidlərin dediyinə görə, ömrü boyu kasıblara əl tutan bu şəxs xəsis və zalım kəslərin düşməni olub. Elə kəndin müdafiəsinə sakinlər Məşədi Adilin rəhbərliyi ilə çıxıblar. Qocalar danışır ki, kəndin qadın və uşaqları dəniz sahilində hazır saxlanılıb. Ermənilər kəndə daxil olacağı təqdirdə zərif cinsin nümayəndələri erməni əlinə keçməsin deyə dənizə töküləcəkmiş. Kəndin yaxınlığındakı Bəd dərədə baş verən döyüşdə ermənilər ciddi təlafat verir. Məşədi Adil özü sərrast atdığı güllələrdən ermənilərə məxsus zirehli texnikaya ciddi ziyan çəkir. Köməyə gələn Nuru paşanın qoşununu görən erməni dəstələri təmamilə geri çəkilir. Məşədi Adil türk qoşunlarının tərkibində Bakı kəndlərinin, eləcə də ermənilərin hücuma məruz qoyduğu ərazilərin azad olunmasında iştirak edir. Yaralanmış Adil paşa Türkiyədə vəfat edib. Bakı kəndlərinin azad olunması zamanı şəhid olmuş türk əsgərlərindən ikisi Kürdəxanı qəbirstanlığında dəfn edilib.
________________________________________________________________________
Ermənilərin yaxınlaşmasından qorxuya düşən Masazır sakinlərinin bir hissəsi var yoxlarını buğda quyularında gizlədərək Novxanı bağlarına çəkilirlər. Kəndin girişinə qədər gələn ermənilər burada qalmış əhaliyə divan tutur. Hətta bir qadını diri-diri təndirdə yandırdıqları faktı da məlumdur. Ermənilərə qarşı ilk əvvəl kənd sakinləri vuruşub. Düşmənin toplarla yüklənmiş eşalonları Xırdalan dəmir yolunda dayanıb. Şahidlərin dediyinə görə, kənd sakini Kəblə Abdullanınn sərrast gülləri texnikaya ciddi ziyan vurma ehtimalına görə eşalon yola düşüb. Məşum hadisələr zamanı dörd Britaniya əsgər silah sursatı ilə birgə Masazır sakinləri tərəfindən əsir götürülüb. Əhali onları əvvəlcə tövlədə saxlayıb, sonradan kəndə daxil olan türk əsgərlərinə təhvil veriblər. Novxanı ilə Masazır arasında vaxtilə bostan yerləri olub. Şahidlərin söylədiyinə görə, məşhur hadisələrinin bir günündə sakinlərdən biri orda bostan sulayırmış. Düşmən tərəfindən açılan qəfil top gülləsi adamı çaşdırır və qorunmaq üçün tez yerə uzanır. Bu zaman yaxınlaşan türk zabiti onu qamçılayır: “Qalx, kafir gülləsi bizə neylər”. Qeyd edək ki, sakinlər iki tərəfdən kəndə daxil olan türk qoşunlarının bir-birini düşmən hesab edərək atışdıqları faktını eşitdiklərini qeyd edirdilər. Döyüşlərin birində türk əsgərləri dörd nəfər ermənini əsir götürüblər. Sonradan məlum olub ki, onlardan biri milliyətcə farsdır. Şahidlərin dediyinə görə, kəndin axar dərəsi deyilən yerində türk əsgəri qılıncını çəkib sakinlərdən Pərviz adlı gəncə verərək “yak bunu” deyib. Gənc imtina etdikdə həmin dörd nəfərin boynunu özü vurub. 1918 ci il döyüşlərində şəhid olan türk əsgərlərinin bir çoxu kənd qəbirstanlığında dəfn edilib. Lakin qəbirlər itib.
________________________________________________________________________
Türk qoşunu yardıma gələnə qədər dırnağına kimi silahlanmış ermənilərin qarşısında həm də Binə əhalisi dayanıb. Sakinlər danışır ki, döyüşlərdə milyonçu Mövsüm Səlimovun neft şirkətində xəzinədar işləyən Ağamurad Qədirli, qaynı Əbdüləhəd Məmmədov, Binə sakinlərindən Xanbutay Tapdıqov, Gülbala Babayev, Aslan, Kiçikbəy, Xamtay həlak olur. Ənənəyə görə Şəhidlər Xiyabanında dəfn edilən mərhumların cənazəsi 1934-cü ildə Kirov parkı salınanda ailə üzvləri tərəfindən Binəyə gətirilərək kənd qəbirstanlığında torpağa tapşırılıb. Qeyd edək ki, milyonçu Mövsüm Səlimov varlıları silah almağa çağırsa da, bir nəticə vermir. Hadisələrin qızğın vaxtında Bakı bolşevikləri Tağıyevdən başqa milyonçuları zorla Tağıyev teatrına toplayıb onlardan külli miqdarda pul alırlar. Həmin mərasimdə Mövsüm Səlimov simicliyi ilə tanınan ağa Musa Nağıyevə üz tutur: “Vaxtilə xəsislik etməyib top alsaydıq, indi Tağıyev teatrına pulsuz gəlməzdik”. Köməyə gələn türk qoşunları Binədə qərargah quraraq yerli əhalini səfərbərliyə alır. Hətta Əlirza adlı türk əsgəri yerli qızla ailə quraraq burada qalır. Övladları indi də Binədə yaşayırlar.
________________________________________________________________________
Bülbülə gölünün kənarında gedən vuruşmada Mərdəkan əhalisindən altı nəfər şəhid olub. Sərrast atıcı olan Məşədi Qüdrətin barmağı ermənilər tərəfindən kəsilir, brilliant qaşlı üzüyü isə qarət edilir. Şahidlərin dediyinə görə, camaat şəhidləri dəfn etdikdən sonra bərk həyəcan keçirir. Qorxurlar ki, Bakı faciəsi Mərdəkanda da təkrarlansın. Belə qərara gəlirlər ki, erməni və rus ordu birləşmələri Mərdəkana yaxınlaşsa, silahı olanlar axıradək vuruşub şəhid olacaq. Qalanlar isə qadın və uşaqları qayanın üstündən dənizə atacaqlar ki, namusları tapdanmasın. Bu cür ağır vaxtda köməyə gələn türk qoşunlarını böyük sevinclə qarşılayan əhali onlara əlindən gələn hörməti edir. Türk əsgərləri Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi məktəbdən qərargah kimi istifadə edirlər. Yaralılar da burada yerləşdirilir, vəfat edənlər isə məktəbin həyətində dəfn edilir. Sovet dövründə qəbirlər yerli əhali tərəfindən gizlədilib. Yalnız 1992-ci ildə əhali öz xilaskarlarına xatirə abidəsi qoya bilib. Qeyd edək ki, türk əsgərləri kənddə sabitliyə, ərzağın baha satılmamasına ciddi nəzarət ediblər.Türk zabiti Qapançızadə Şövqi isə evlənərək burada qalıb. 1941-ci ildə sürgün edilib və geri qayıtmayıb. Ailə üzvləri hazırda da Mərdəkanda yaşayır.
Hacı İsgəndər qoçu İslam başda olmaqla 30 nəfər gəncdən ibarət dəstə ilə Buzovnada gedən döyüşlərdə ermənilərə qarşı vuruşub. Hətta igidliyiə görə, Nuru paşa tərəfindən xüsusi mükafatılanır. 1937-ci ildə isə bu xalq qəhrəmanı ermənilərə qarşı vuruşduğuna görə, cinayət məsuliyyətinə cəlb edilir. Verilən bütün işgəncələrə baxmayaraq Hacı İsgəndər dəstəsində olan bir nəfərin də adını çəkmir.
________________________________________________________________________
1918-ci ildə Bülbülə və Xilə (Əmircan) kədləri tam mühasirə şəraitində olub. Yaşlı sakinlərin dediyinə görə, ermənilər gündüzlər kəndi gəzir, gecələr isə əhaliyə divan tuturdular. Bülbülə kənd sakini Əliş Muxtar oğlunun ailəsində baş verən faciə indiyə kimi kənd əhalisinin yaddaşından silinməyib. Gündüz vaxtı bir neçə erməni kəndin küçələrində görünür, bunu görən qonşular Əlişin arvadına tez evə getməyi məsləhət görürlər. Deyilənə görə, Əlişin çox gözəl olan həyat yoldaşı həmin vaxt hamilə imiş. Gecə vaxtı döyülən qapını Əlişin qaynanası açır. Bir neçə erməni içəri soxulur və “şoşka” adlanan silahla yaşlı qadına bir neçə zərbə endirirlər. İçəri soxulan yaraqlılar Əlişin iki yaşlı oğlu Mobildən başqa evdə olan hər kəsi vəhşicəsinə qətlə yetirirlər. Əlişin arvadının kürək nahiyəsindən soyuq silahla o qədər vururlar ki, kürəyi iki parça olur və bətnindəki uşaq görünür. Bununla da kifayətlənməyən ermənilər öldürdükləri ev sakinlərini doğrayırlar. Kiçik yaşlı Mobil isə taxçada gizləndiyindən onu görmürlər. Bülbülədə baş verən faciədə 11 nəfər həlak olur. Onların 9 nəfəri kənd qəbirstanlığında, qalanları isə ətraf kəndlərdə dəfn edilib. Hadisələr zamanı erməni silahlıları digər kənd sakini Əbdürrəhim Xələfqulu oğlunun arxasına qaynar samovar bağlayıb öldürürlər, məşhur Bülbülə aşığı Cavadın evinə hücum edərək əsərlərini məhv edirlər. Vəziyyətin son dərəcə dəhşətli bir faciə ilə nəticələnəcəyindən ehtiyat edən kəndxuda Qurbanəli Bülbülə kənd əhalisini Buzovna bağlarına köçürür. Kərbəlayi Əbülhəsən, Məşədi Əhliman, Hacı Sahib və digər kənd sakinlərindən ibarət özünümüdafiə dəstələri Xilə kəndinin sakinləri ilə birlikdə ermənilərə qarşı vuruşurdular. Türk qoşunları gələnə kimi qüvvələr bərabər olmadığından çoxlu tələfat olur.
________________________________________________________________________
Bakı şəhəri azad edilməzdən əvvəl Abşeron kəndlərində ciddi döyüşlər gedib. Bu döyüşlərdə Abşeron kəndlərinin sakinləri də yaxından iştirak ediblər. Bu kəndlərdən toplanmış könüllülərin bazasında Maştağa dəstəsi adlanan xüsusi bir dəstə də yaradılmışdı. Əsasını Abşeron kəndlərinin könüllüləri təşkil etsə də, dəstənin tərkibinə türk bölmələri də daxil idi. Tofiq bəyin rəhbərliyi ilə Maştağaya köməyə gəlmiş türk əsgərləri hazırkı 255 saylı məktəbin binasında yerləşdirilib. Sakinlər danışır ki, Maştağanın Seyidlər məhləsindəki qəbirstanlıqda 1918-ci il hadisələrində şəhid olmuş 100-ə yaxın türk əsgərinin qəbri olub. Hətta 1970-ci il də kənd camaatı türk əsgərlərinin şərəfinə abidə qoyulma məsələsi qaldırıb. Bundan sonra qəbirstanlıqdan qəbir daşları hamıdan xəbərsiz bir gecədə köçürülüb. Döyüşün getdiyi Bəndaltı deyilən yerdə isə hazırda itlər üçün kineloji mərkəz fəaliyyət göstərir.
Ermənilər irəliləyəndə Suraxanı əhalisi Şüvəlan bağlarına çəkilib. Kənddə qalanlar isə Maştağa və Hövsan istiqamətində döyüşə hazırlaşırlar. Suraxanı əhalisini döyüşə kənd milyonçusu Şıx Balayev səfərbər edir. Yeri gəlmişkən, bütün əlsiz ayaqsızların ümid yeri olan bu insan repressiya illərində Nargin adasında güllələnib. Türk qoşunu yaxınlaşan vaxt erməni səngərləri Suraxanının usta-şagird abidəsinin yaxınlığında yerləşibmiş. Sakinlər danışır ki, döyüşlərdə Suraxanı əhalisi ilə yanaşı Salyan, Binə, Hövsanın silahlanmış gəncləri iştirak ediblər. Hacı Dərbənd, Qəzəb, Kürdəxanılı Adil, Qalalı Hacıbala, Əlitürbət məşhur döyüşçülərdən olub. Başqa kəndlərdən fərqli olaraq Suraxanıda ermənilərə qarşı kişilərlə yanaşı xanımlar da vuruşub. Sakinlər ən məşhur xanım döyüşçülərdən Bilqeys və Qələmnazın adını çəkirlər.
_________________________________________________________________________
1918 ci ildə Türkan-Zirə, Türkan –Bakı istiqamətində sərnişindaşıma gəmiləri işləyib. Erməni silahlı birləşmələri Türkana dənizdən yaxınlaşırlar. Atdıqları top kəndin kənarına düşür. Sahilə çıxmaq üçün ermənilərin mindikləri kiçik qayıqlar əhali tərəfindən dayandoldurum tüfəngləri ilə gülləbaran edilir. Belə demək olar ki, Türkanda əhali ermənilərin qarşısını türklərin köməyi olmadan ala bilir.
_________________________________________________________________________
Məşhur hadisələr zamanı Ramana sakinləri Maştağaya köçürlər. Hadisələr səngiyəndən sonra hamı evinə qayıdır. 1920-ci ildə Ramana yenidən sovet qoşunlarının tərkibində gələn erməni dəstələrin hücumuna məruz qalır. Kənd topdan atəşə tutulur və əhali yenidən ev-eşiyini atıb ətraf kəndlərə köçmək məcburiyyətində qalır. Yaşlı sakinlərin söylədiyinə görə, köçməyə macal tapmamış 12 nəfərdən ibarət bir ailəni ermənilər qılıncdan keçirirlər. Ailədən yalnız bir ağsaqqal sağ qalır.
________________________________________________________________________
Yardıma gələn türk qoşunlarının qərargahı Zirədə el hamamının yanında yerləşib. Kəndin gənclərini səfərbər edən türk əsgərlər hamıya silah paylayırlar. Yaşlı sakinlər danışır ki, qərərgahın üzərində zəng varmış. Çalınanda hamı atını, silahını götürüb hazır dayanmalı imiş. Bakıdan qovulan ermənilər kəndə dənizdən yaxınlaşıblar. Məqsəd, türk hərbi hissələrinə arxadan hücum etmək olub. Türk və yerli sakinlərdən ibarət qoşunun onları qarşılayacağından xəbərsiz ermənilər arxayın sahilə yaxınlaşan zaman kənd gənclərindən Gülmurad vaxtından əvvəl atəş açır. Düşmən qarşıda onu nə gözlədiyini anlayaraq gəmidən düşmədən uzaqlaşır, lakin kəndə bir-iki top atmağa macal tapır. Sakinlərin dediyinə görə, topun yeri Zirə bağlarında yaxın vaxtlaradək qalıb. Özü də bilmədən açdığı atəşlə düşməni duyuq salmış Gülmuradı isə türklər sonradan “gavuru qaçırtdın” deyə yaxşıca əzişdiriblər.
Abşeronun mədəni-tarixi abidələrinin tədqiqatı ilə məşğul olan Asif Hüseynov müsahibəsində deyrdi ki, Azərbaycanda Mart hadisələrini unutdurmaq istəsələr də alınmayıb. Əhali öz xilaskarlarını həmişə minnətdarlıqla xatırlayıb, adını əbədiləşdirib. Məsələn, Qobuda və Şubanıda tapılan qəbirlər arasında 18-ci ilə aid türk əsgərlərinin məzarları var. Və yaxud Məhəmmədidə vaxtilə türk əsgərlərinə məxsus qəbirlər dağılsa da, sonradan əhali onu bərpa edib. Qəbirlərin üzərində şəhid olmuş əsgərlərin adları da var. Kənd əhli onları ölümdən qurtarmış insanların adlarını öz uşaqlarına verməklə xilaskarlarını yaşadıb. Hamı da bilir ki, bu adlar kimin şərəfinə qoyulub. Zabrat kəndinin yaşlı sakinləri danışır ki, 1918-ci ildə kəndin içində qurulan səngərdə ətraf kəndlərin əhalisi də müdafiədə durub. Yaşlı qadınların dediyinə görə, ermənilərin qarşısını almaq mümkün olmadığını görən kəndin kişi qismi uşaq, qız-gəlin və qadınlar ermənilərin əlinə keçməsin deyə dənizə tökməyi planlaşdırır. Sentyabrın 15-də türk qoşunları Bakıya bir neçə yerdən daxil olmağı insanları ölümdən qurtarır. Zabrata gələn türk qoşunlarına kənd imkanlısı Hacı Kazım ağır topları daşımaq üçün 8 dəvə bağışlayıb. Onun qohumu, Müsavat partiyası Zabrat komitəsinin sədri Məzahir türk komandirlərindən birini evinə dəvət edir. Yeni doğulmuş oğluna həmin türk komandirinin adını qoyur: Turqut.
Tarix elmləri doktoru Mehman Süleymanov ağızdan ağıza keçən şahid ifadələrini bir tədqiqatçı kimi qiymətləndirdi: :”Belə ehtimal etmək olar ki, söhbət 1918-ci ilin avqust ayında Bakı kəndlərində baş vermiş hadisələrdən gedir. Çünki, Qafqaz İslam Ordusu qüvvələri, o cümlədən türk hərbi hissələri və bölmələri 1918-ci il iyul ayının sonlarında Bakı ətrafına çatıb və həmin il avqust ayının 5-də Bakı şəhərinin yad qüvvələrdən təmizlənməsi üçün ilk hücum həyata keçiriblər. Lakin təəssüf ki, həmin hücum gözlənilən nəticəni verməyib. Ondan sonra Qafqaz İslam Ordusunun komandanlığı qərara aldı ki, Bakı üzərinə növbəti hücum təşkil edilənə qədər, Bakı ətrafındakı kəndlər erməni-daşnak-ingilis qüvvələrinin nəzarəti altından çıxarılsın və şəhər üzərinə hücum cəbhəsi genişləndirilsin. Mövcud olan faktlar əsasında demək mümkündür ki, 1918-ci il avqust ayının 10-da, 11-də, 19-da Maştağa kəndi ətrafında, avqustun 10-da Hacı Həsən kəndi ətrafında, avqustun 15-də Buzovna-Mərdəkan ətrafında, avqustun 17-də Fatmayi-Novxanı xətti üzrə ciddi döyüşlər baş verdi. Həmin döyüşlərin heç də hamısı gözlənilən nəticə ilə başa çatmadı. 1918-ci il avqustun 27-də Novxanı, Goradil, Pirşağı, Kürdəxanı, Fatmayi kəndləri ətrafında da kifayət qədər ciddi döyüşlər getdi. Bu döyüşlərdə erməni-daşnak-ingilis qüvvələrinə ağır zərbə vurmaq mümkün oldu. Bakı əməliyyatına qədər erməni-daşnak və ingilis qüvvələrinə daha ağır zərbə 1918-ci il avqust ayının 31-də Binəqədi yüksəkliyi ətrafında baş vermiş döyüşdə vurulub. Təəssüf ki, bu döyüşlərin gedişi haqqında məlumatlar yetərli deyil. Ona görə də insanların yaddaşlarında qalmış olan xatirələr həmin döyüşlərin gedişi və gərginliyi haqqına müəyyən təsəvvür yaratmaq üçün tarixi maraq kəsb edir”.
Ülviyyə Tahirqızı
1905.az