…Sovet imperiyasının “Zaqafqaziya ölkə komitəsi” deyilən qurumu 1923-cü ilin iyununda muxtariyyət məsələsinin həll olunması ilə bağlı Azərbaycan rəhbərliyinin qarşısında tələb qoydu. Bu təkidli tələblərdən sonra “Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi” deyilən qurum 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. Az sonra şəhər azərbaycanlılara qarşı soyqırımın təşkilatçılarından biri olan Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırıldı. Bu qərardan on gün sonra Şuşa şəhəri də vilayətin tərkibinə daxil edildi. Ermənilərin bu istəyi də yerinə yetirildi. Onlar Şuşanı erməniləşdirmək niyyətində idilər. Ona görə də Azərbaycan rəhbərliyi Şuşanın vilayətə daxil edilməsini istəmirdi, lakin sonda razılaşmalı oldu. Muxtar vilayətin yaradılması yanlış, qeyri-legitim və heç nə ilə əsaslandırılmayan bir qərar idi. Hətta Moskvanın Azərbaycana göndərdiyi canişinlərin özləri də bu qərarın düzgünlüyünü dərhal şübhə altına almağa başladılar. Bəzi məlumatlara görə həmin qərarın ləğv edilməsi ilə bağlı ötən əsrin 20-30-cu illərində bir neçə dəfə məsələ qaldırılmışdı.
Beləliklə, bu dövrdə Rusiya rəhbərliyi tərəfindən yürüdülən siyasət nəticəsində həmişə tam olmuş Qarabağ bir neçə yerə parçalandı. Onun bir hissəsi ayrılaraq Ermənistana verildi. Digər bir hissəsində isə “Dağlıq Qarabağ Muxtar Vilayəti” deyilən qondarma qurum yaradıldı. Qarabağın tarixi torpaqlarından Azərbaycana Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla 16 min kv.km ərazi qaldı. Qarabağın tarixi torpaqlarına aid olan Zəngəzur qəzasının Azərbaycana qalmış hissəsində az sonra Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam, Cəbrayıl, Bərdə, Tərtər, Ağcabədi rayonları təşkil edildi. Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi yaradılarkən 4.160 kv.km (sonradan bəzi inzibati dəyişikliklər etməklə vilayətin ərazisini 4.400 kv.km çatdırmışlar) olmuşdur. Vilayətə Cavanşir, Cəbrayıl, Qubadlı qəzalarının kəndləri daxil edilmişdir. İlk dövrdə beş rayondan – Dizaq (48 kənd), Vərəndə (46 kənd), Şuşa (12 kənd), Xaçın (53 kənd), Ceraberd (53 kənd) rayonlarından ibarət olmuşdur. 1930-cu illərdə ermənilər rayonların adlarını dəyişdirdilər: Vərəndə Martuni, Ceraberd Mardakert, Dizaq Hadrut adlandırılır, Xaçın rayonu ləğv edilir, onun əraziləri Stepanakert rayonuna daxil edilir. 1963-cü ildə Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir. Lakin 2 il sonra Şuşa rayonu yenidən bərpa olunur. 1978-ci ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu yaradılır.
Qarabağın 2 hissəyə bölünməsi və onun dağlıq hissəsinə erməni muxtariyyətinin verilməsi Ermənistanın, erməni diasporası və terror təşkilatlarının qəsbkarlıq və ilhaqçılıq siyasətinin tərkib hissəsi idi. Ermənilər muxtariyyət statusunun ardınca bu ərazini tamamilə zəbt etmək planlarını gizlətmirdilər. Məsələnin mahiyyətini bilməyən xarici ölkə tədqiqatçıları hərdən belə bir fikir səsləndirirlər ki, ermənilər Azərbaycanın bu və ya digər ərazisinə davamlı şəkildə iddialarını irəli sürürlərsə, bəlkə buna onların doğrudan da haqqı var. Burada məlum fəlsəfi həqiqətin praktikada təsdiqini tapdığını görürük: dəfələrlə və təkidlə təkrar olunan yalan müəyyən müddətdən sonra ətrafdakılar və hətta yalanı deyənin özü üçün həqiqət kimi görünür. Ermənilərin iddialarını tərbiyəli uşağın əlindəki oyuncağı almaq istəyən tərbiyəsiz uşağın hərəkəti ilə də müqayisə etmək olar: onun inadlı çığır-bağırından sonra istəyini yerinə yetirirlər ki, səsini kəssin, insanların baş-beynini xarab etməsin. Erməni iddialarının və bu iddiaların, o cümlədən ərazi və qondarma “soyqırım”la bağlı iddialarının vaxtaşırı bu və ya digər formalarda təmin edilməsinin mümkün izahlarından biri də budur.
Ermənistan Sovet imperiyası dövründə də öz niyyətlərindən geri çəkilmədi və Moskva rəhbərliyindəki erməni əsilli şəxslərin köməyi ilə ilhaqçı siyasətini davam etdirdi. 1922-ci ildə Göyçə və Dilican əraziləri, 1923-cü ildə Naxçıvanın 9 kəndi, 1929-cu ildə Mehri, 1938-ci ildə Sədərək və Kərki kəndlərinin bir hissəsi, 1969-cu ildə Laçın rayonunun Qaragöl yaylağının, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazisinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazisinin bir hissəsi, 1982-ci ildə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir. Hər dəfə azərbaycanlıların etiraz etmək cəhdlərinin qarşısı Moskva rəhbərliyi tərəfindən qəti şəkildə alınmışdır. Torpaqlarını müdafiə etməyə çalışan azərbaycanlıları millətçilikdə, “proletar beynəlmiləlçiliyi”nə zidd olmaqda ittiham edir, bir dövlətin tərkibində, yəni Sovet imperiyasının sərhədləri daxilində ərazilərin kimin nəzarətində olmasının əhəmiyyət kəsb etmədiyini bildirirdilər. Bu, çar Rusiyasının açıq şəkildə apardığı “erməniləşmə və xristianlaşma” siyasətinin “proletar beynəlmiləlçiliyi” adı altında davam etdirilməsi idi…
“Erməni iddialarının “sovet dövrü” (Qarabağ Azadlıq Təşkilatı, Bakı-2009) kitabçasından