Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirərək Ermənistanı monoetnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Məhz bu üsulla 1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir. 1985-ci ildə M.Qorbaçov Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilər “Böyuk Ermənistan” yaratmaq iddialarını daha da fəallaşdırdılar.
1988-1993-cü illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrildi. Hələ 1828-30-cu illərdə Rusiyanın köməyi ilə Azərbaycanın mərkəzi hissəsində-Dağlıq Qarabağda məskunlaşdırılan ermənilər dəfələrlə Dağlıq Qarabağı Azərbaycandan ayırmağa cəhd göstərmişlər.
1988-ci ildə öz havadarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini yenidən ortaya atdılar. 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi–Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam-1993-cü il 23 iyul tarixdə, Füzuli-1993-cü il 23 avqust tarixdə, Laçın-1992-ci il 18 may tarixdə, Qubadlı-1993-cü il 31 avqust tarixdə, Cəbrayıl-1993-cü il 23 avqust tarixdə, Zəngilan-1993-cü il 29 oktyabr və Kəlbəcər-1993-cü il 2 aprel tarixdə) ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi.
Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən Sovet qoşunlarının köməyi ilə bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.
Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının 1, Ağdam rayonunun 80, Füzuli rayonunun 54, Tərtər rayonunun 13 və Qazax rayonunun 7 kəndi hələ də işğal altındadır.
Azərbaycanda həmçinin 11 min nəfərədək «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs mövcud olmuşdur. Hazırda 1767 nəfər təşkil edən həmin şəxslərin böyük əksəriyyətini çeçen mənşəli Rusiya vətəndaşları, Əfqanıstan, İran, İraq və Fələstindən olan şəxslər təşkil edir. Beləliklə, hazırda Azərbaycanda bir milyona yaxın qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs vardır.
Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milqonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat kitabçasından (1988-2011-ci illər), Bakı, 2011