1941-1945-ci illər müharibəsində Azərbaycanda həyata keçirilən zəruri tədbirlərdən biri də təxliyyə məsələləri idi. Uzun illər Azərbaycan sovet tarixşünaslığında bu sahə geniş araşdırılmamışdır.
Təxliyyə məsələlərinə ayrı-ayrı müəlliflərin əsərlərində ümumi olaraq toxunulmuş, bu barədə xüsusi bir tədqiqat ortaya qoyulmamışdır. Bunun əsas səbəblərindən biri də təxliyyə proseslərini əks etdirən arxiv materiallarının tədqiqatlara cəlb edilməsinə həmin dövrün siyasi rəhbərliyinin qoyduğu sərt qaydalar idi.Azərbaycanda həyata keçirilən evakuasiya məsələləri Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin , Azərbaycan SSR Xalq Komissarları Soveti və Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının xüsusi və məxfi tapşırıqları əsasında yerinə yetirilirdi.SSRİ-nin işğala məruz qalan bölgələrindən köçürülmüş əhali Azərbaycanın müxtəlif rayonlarına paylanılırdı. Bu işlərlə yerli partiya və güc qurumları məşğul olurdular. Adıçəkilən qurumların məsul şəxslərinin evakuasiya prosesləri ilə bağlı siyasi rəhbər M. C. Bağırova və digər aidiyyatı qurumlara yazdıqları məktublarda dəyərli faktlar öz əksini tapır. Burada təxliyyənin marşrutları, cəbhə bölgələrindən köçürülən insanların sayı barədə xüsusi cədvəllər verilmişdir. Əhalinin köçürülməsi ilə bağlı təhkim olunan məsul şəxslərin yuxarı qurumlara göndərdiyi məktub və teleqramlarında həmin koçürülənlərin şəxsi məlumatları (adı,soyadı,doğum tarixi,doğulduğu yer,peşəsi,etnik mənsubiyyəti və s.) əks olunmuşdur.
Azərbaycanda evakuasiya proseslərində hospitalların da mühüm rolu olmuşdur. Həmin evakuhospitallarda döyüş əməliyyatlarında yaralanmış şəxslərə gecə-gündüz tibbi yardımlar edilirdi. Düşmən hücumları nəticəsində yaralanmış yüzminlərlə hərbçi və yerli sakinlər qatarlarla Azərbaycandakı evakuhospitallara gətirilirdi. Həmin hospitalların əksəriyyəti bu gün də o qanlı dövrün şahidi kimi durur. Müharibənin ilk illərində 40-a yaxın belə evakuhospital fəaliyyət göstərirdi. Sonralar onların sayı 89-a çatmışdı. Bu hospitalların rəhbərlərindən 15-i milliyətcə erməni idi. Həmin evakuasiya işlərində Mərkəzi Qanköçürmə Stansiyası ilə yanaşı Tibb İşçiləri Həmkarlar İttifaqının əməkdaşları da böyük rəşadət göstərmişlər.
Müharibə illərindəki təxliyyə məsələləri haqqında Azərbaycan sovet tarixşünaslığından fərqli olaraq son dövr tarixşünaslığımızda tədqiqatlara başlanılmışdır. Evakuasiya və ya təxliyyə prosesləri tarix elmləri doktoru, professor Mais Əmrahovun əsərlərində də verilmişdir. Mövzu ilə əlaqədar müxtəlif dövrü mətbuatda araşdırmalara rast gəlinir. Şahsuvar Haşımovun və digərlərinin tədqiqatlarında hospitallardakı təxliyyə məsələlərini görmək olar.
Azərbaycanda həyata keçirilən təxliyyə məsələlərinə müharibənin ilk aylarından başlanıldı. Hələ 1 sentyabr 1941-ci ildə ölkə prokuroru Cəbrayilzadə , Bakı şəhər prokuroru Kravets və Hava Hücumundan Müdafiənin 3-cü korpus üzrə hərbi prokuroru Kryukovun evakuhospitallarda həkim və inzibati-siyasi tərkibi barədə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi M.C.Bağırova məlumatında Bakıda təxliyyə planları ətraflı əks olunub [1,s.10] . Həmin məlumatlarda qeyd olunur ki, Azərbaycandakı 24 hospital rəhbərinin 12-si milliyətcə azərbaycanlıdır [1,s.11 ] . Qeyd edilən evakuhospitallarda 447 nəfər siyasi və tibbi heyət çalışırdı. Bu heyətin tərkibində azərbaycanlılarla yanaşı başqa xalqların nümayəndələri də var idi. Bakı və onun rayonlarındakı evakuhospitallarda tibbi heyətin sayı 234 nəfər idi. Onların milli tərkibi aşağıdakı kimi idi :azərbaycanlı-61,erməni – 64,rus – 39, yəhudi – 56, digər millətlər isə-14 nəfər. Bunlardan qadınlar 75 %,kişilər isə 25 % təşkil edirdi. Qeyd etmək lazımdır ki,siyasi-inzibati işçilərin heyətində isə azərbaycanlılar rus və ermənilərdən az idi. Belə ki, azərbaycanlılar 37 nəfər olduğu halda,ermənilər -58,ruslar isə 90 nəfər idi. Buradakı siyasi-inzibati işçilərdən 28 nəfər yəhudi idi [1,s.81].
Təxliyyə məsələlərində partiya rəhbərliyi daha çox siyasi-ideoloji məsələlərə yer verməklə yanaşı bu işi tamamilə məxfi həyata keçirməyə çalışırdı. 1941-ci il avqustun 24-də Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro iclasında arxa cəbhədəki hərbi hospitallarda inzibati-siyasi işlərin aparılmasına aid ən məxfi tapşırıqlara başlamasına aid göstərişlər vermişdi[1,s.19]. Həmin iclasda təxliyyə üçün hərbi hospitalların yeri müəyyən edildi. Bakı şəhərində yerləşən hərbi hospitalların yerləri belə təyin edilmişdi:202 saylı məktəb, keçmiş Orconikidze rayonundakı Mədəniyyət sarayı və Zabrat qəsəbəsindəki Mədəniyyət sarayı[1.s.24]. Bu evakuhospitallarda partiyanın ideoloji işinin aparılması əsas tapşırıqlardan idi. Tezliklə belə hospitallar rayonlarda da fəaliyyətə başladı. 9 dekabr 1941-ci ildə isə Azərbaycanın rayonlarındakı evakuhospitallara yerli partiya təşkilatlarının yaranmasının tamamilə məxfi həyata keçirilməsi tapşırıldı[1,s.35].
Daha çox Xəzər dənizi vasitəsilə təxliyyə işləri aparıldığına görə 1942-ci ilin yayında əhalinin Bakı vasitəsi ilə təxliyyəsinə başlanıldı. Əhali ilə yanaşı cəbhə üçün zəruri yüklərin təxliyyəsi də Bakı şəhəri vasitəsi ilə həyata keçirilirdi. 1941-1944-cü illərdə Bakı limanında 356 min ton (25 min vaqon) yük təxliyyə edilmişdir [ 2,s.90]. Sənədlərdən aydın olur ki, təkcə1941-1942-ci illərdə Azərbaycanda 1 milyondan çox adam təxliyyə olunub[2,s.188 ].
Təxliyyə edilmiş insanlar arasında Ukrayna və Belorusiyadan olanlar üstünlük təşkil edirdi. Arxiv sənədlərinin birində təkcə 1944-cü ildə Azərbaycan ərazisinə 1250 nəfərin təxliyyə olunmasını görmək olur.1944-cü ildə Ukrayna SSR-in Zaporojye, Dnepr və Poltava bölgələrindən 155 nəfərin təxliyyə edilməsinə rast gəlinir [3,s.47-49]. Digər sənəddə 1944-cü ildə Ukrayna SSR-dən Azərbaycana 26 nəfər təxliyə edildiyi bildirilir[3,s.50]. Rəsmi sənədlərdə əks olunan Ukraynadan təxliyyə edilmiş insanların sayı barədə müxtəlif məlumatları nəzərdən keçirərkən bu işə partiya rəhbərliyinin necə həssas yanaşdığını görə bilərik.
Qeyd etmək lazımdır ki, Azərbaycana köçürülmüş insanlar daha çox əlverişli iqlim şəraiti olan bölgələrə yerləşdirilirdi. Belə rayonlardan biri də rusların kompakt halda bir neçə kənddə yaşadığı Gədəbəy rayonu idi. 1943-cü il üzrə Azərbaycanın rayonlarına təxliyyə olunanların sayının əks olunduğu cədvəldə Gədəbəyə 269 nəfərin köçürülməsi qeyd olunub [4,s.10]. Həmin köçürülən əhali Gədəbəy rayonunun Novo İvanovka kəndinə 25 nəfər[4,s.12], Novo Saratovka kəndinə 35 nəfər [ 4,s.13], Slavyanka kəndinə 14 nəfər [4,s.81] və digər kəndlərinə paylanılmışdı. Buraya köçürülənlərdən 4 nəfəri Vitebskdən idi [4, s.6]
Partiya rəhbərliyi təxliyyə olunanların ərzaqla təmin olunmasına aid yerli rayon rəhbərliyinə xüsusi tapşırıqlar verirdi. Köçürülən əhaliyə humanitar yardımların edilməsinə aid sənədlərdən birində 38 nəfərə aid qidalanma cədvəlinin olmasına rast gəlinir. Təxliyyə olunanlara edilmiş belə yardımlara aid cədvəllərdə həmin insanların gündəlik azuqələrinin siyahısı göstərilirdi [5,s.25].).Gədəbəy rayonuna köçürülənlər arasında Moldoviyadan 16 nəfər təxliyyə olunmuşdur[6,s.51-52].
Azərbaycan SSR-də əhalinin təxliyyəsi üzrə səlahiyyətli idarənin rəhbəri N. Allahverdiyevin 14 fevral 1942-ci ildə Təxliyyə Şurası yanında əhalinin təxliyyəsi üzrə idarəyə verdiyi məlumatında cəbhəyanı ərazilərdən 4 min nəfərin Bakı və ona yaxın bölgələrə – rayonlara köçürülməsi siyahısı rayonlar üzrə verilib[7,s.14 ]. N. Allahverdiyevin siyahısında 5123 nəfərin təxliyyəsi qeyd olunmuşdur [ 7,s.15] . Həmin siyahıdan görünür ki, ən çox indiki Beyləqan rayonuna – 1343 nəfər təxliyyə edilib.3-12 iyun 1942-ci ildə Azərbaycan SSR Xalq Komissarları Soveti təsərrüfat quruculuğu bölməsitəxliyyə olunan əhalinindəmiryolu və dənizvasitəsi ilə təxliyyə olunduğunu bildirir. Bakı şəhərindən dəmiryolu ilə Şimali Qafqaza – 165 nəfər, Krasnovodsk və Astraxana isə 156 nəfər təxliyyə edilmişdir[7,s.32 ].
Təxliyyə işlərində köçürülənlərin sayında illər üzrə müxtəlif rəqəmlərə rast gəlinir. Məsələn, 1943-cü ilin aprelində Azərbaycan SSR Xalq Komissarları Sovetinin Köçürülmə Bölməsinin rəisi Mirzoyan və Azərbaycan SSR Baş Milis İdarəsinin Pasport şöbəsinin rəis müavini Qribkovun aktında Azərbaycan ərazisində təxliyyə olunan əhalinin siyahısında rayonlar üzrə cəmi – 6998 nəfər olduğu qeyd olunur [8,s.34]. Həmin siyahıda Bakı və onun ətrafında isə cəmi 4031 nəfərin olduğu verilir[8,s.35].
Azərbaycana təxliyyə zamanı valideynsiz uşaqların köçürülməsi də baş vermişdir. Həmin uşaqlara xüsusi qayğının tələb olması dövrün sənədlərində əks olunur.23 aprel 1942-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığına Uşaq Tibbi Yardım İdarəsinin rəisi T. Sapkinanın məktubunda təxliyyə edilmiş əhali arasında valideynsiz uşaqların himayəsi üçün onların köçürüldüyü rayonların göstərilməsi xahiş olunur [8,s.40 ].
Təxliyyə olunanların arasında SSRİ Dövlət Bankının Kabardin-Balkar Kontorunun əməkdaşlarının ailələrinin 49 nəfərinin adlarına da rast gəlmək olur[9,s.51]. Hələ İkinci Dünya müharibəsi başlanan zaman,yəni 1 sentyabr 1939-cu ildən Polşa ərazisində yaşayan bir qrup insan da Azərbaycan ərazisinə təxliyyə edilmişdir [9,s.60 ].
Diqqət çəkən məsələlərdən biri də Azərbaycan ərazisinə təxliyyə edilənlərin bir hissəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə yerləşdirilirdi ki,bunlar da milliyyətcə ermənilər idilər. Sənədlərdə bunların müvəqqəti köçürülməsi qeyd olunsa da burada əsas məqsəd həmin ərazidə ermənilərin sayını artırmaq idi. Bu köçürülənlər daha çox Ukrayna, Litva,Latviya və Karel-Fin Respublikalarından üstünlük təşkil edirdi. Köçürülən əhali Goranboy rayona ərazisinə də yerləşdirilmişdi. Şaumyan Rayon Deputatlar Sovetinin (indiki Goranboy rayonu – Ş.M.)15 may 1944-cü ildə N 13/109 qərarı ilə Rayon İcraiyyə Komitəsinin sədri M. Aruşanov və Rayon İcraiyyə Komitəsinin katibi N. Petrosun Azərbaycan SSR Xalq Komissarlığı Sovetinin Təxliyyə Olunan Əhalinin Təsərrüfat Quruculuğu şöbəsinin katibi Əliyevə məlumatında rayon ərazisinə 34 nəfərin təxliyyəsi göstərilir. [10,s.103-105 ]
Təxliyyə işləri həmin aylarda Gədəbəy bölgəsində yenidən davam etmişdir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 12 fevral 1944-cü ildə 345 saylı qərarı əsasında Zaporojye, Poltava, Çernikov və Dnepropetrovsk bölgəsindən gəlmiş əhali təxliyyə üçün sərəncama təqdim olunmuşdur. Bu sərəncama əsasən 22 iyul 1944-cü ildə Gədəbəy rayonunda təxliyyə işləri görülmüşdür [11,s.25].
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini N. Allahverdiyev qeyd edir ki, cəbhəyanı ərazilərdən Azərbaycana köçürülmüş əhalinin vəziyyətini öyrənmək üçün Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin əməkdaşlarının rayonlara ezamiyyəti təxliyyə edilən əhalinin şikayətlərinin əsaslı olmasını göstərir. Eyni zamanda, Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan SSR KP MK-nın rayonlara xüsusi olaraq ezam edilmiş işçilərinin müşahidəsi nəticəsində toplanmış məlumatlara əsasən bəzi rayonlarda əhalinin təxliyyə işinin təşkili uğursuz olmuşdur. Məhz bu köçürülmə zamanı baş vermiş qanunsuzluqlar əhalinin buna görə şikayət etmələri ilə bağlıdır. Təxliyyə olunanların arasında SSRİ-nin işğaldan azad olması uğrunda vuruşan döyüşçülərin, komandirlərin və siyasi xadimlərinin çoxunun ailəsi də var idi. Bununla bağlı tərtib edilmiş cədvəldə rayonlar üzrə təxliyyə olunanların sayı da verilib.Daha çox Əli-Bayramlı (indiki Şirvan şəhəri),Salyan, Ağcabədi, Zaqatala, Beyləqan və s. rayonlara köçürülənlər göstərilir.Həmin siyahıda göstərilir ki, Krımdan-1817, Ukraynadan – 3979, Belorusiyadan – 569, Rusiyadan – 171, Moldaviyadan – 941, Litvadan – 3 və s. olmaqla cəmi 7495 nəfər təxliyyə edilib. Təkcə Bakıya isə 5070 nəfər köçürülmüşdür[12,s.6 ]
Müharibə vaxtı evakuasiya proseslərinə aid işlərdən biri də cəbhə bölgələrində olan sənaye müəssisələrinin bəzilərinin Azərbaycana yerləşdirilməsidir.Cəbhə bölgəsinə yaxın və düşmən hücumlarına məruz qalmış SSRİ-nin şəhərlərində yerləşən sənaye müəssisələrinin köçürülməsi Sovet rəhbərliyi qarşısında mühüm məsələlərdən biri idi. Bu işdə köçürülməsi nəzərdə tutulan sənaye müəssisələri əmək ehtiyatları çox olan respublikalara edilirdi. Həmçinin köçürüləcək ərazilərin təbii sərvətlərlə zənginliyi və əlverişli nəqliyyat yolları üzərində olması əsas götürülürdü. Xəzər dənizində limanın olması sənaye müəssisələrinin Bakıya yerləşdirilməsini zəruri edirdi. Bununla belə, bəzi sənaye obyektləri Azərbaycanın bölgələrinə də köçürülmüşdü. Bunlardan biri də Gəncə şəhərinə yerləşdirilmişdi. 1942-ci ilin fevralında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarında qeyd olunur ki, Simferopol Motor Təmiri Zavodu Gəncə şəhərində yerləşən Azərbaycan SSR Avtomobil Nəqliyyatı Xalq Komissarlığının “Azavtotrans” trestinin Gəncə bölməsində yerləşdirilsin [13, s.49 ].
Təkcə onu qeyd etmək lazımdır ki, 1942-ci ilin dekabrına qədər Azərbaycana təxliyə olunan 23 min əhali 51 rayon üzrə bölünmüşdü.Müharibə illərində Bakıya göndərilən yaralılar şəhərin müxtəlif yerlərində müalicə alırdılar. Ona görə Bakı həm də xəstəxana rolunu oynayırdı. Hazırda bəzi köhnə binaların qarşısına vurulmuş «Burada təxliyyə qospitalı yerləşdirilib» sözləri buna sübutdur. Bakıda fəaliyyət göstərən 76 hospitalda 470 mindən çox əsgər və zabit müalicə olunmuş,onlardan 80 faizi sağalaraq birbaşa cəbhəyə qayıtmışdı. Onu da qeyd etmək lazımdır ki, 1941-1943-cü illərdə 10 min donor 28 min litrdən çox qan vermişdi [14, s.11 ].
Hospitalların sayı və fəaliyyəti barədə son dövrün tədqiqatlarında müəyyən məlumatlar əks olunur. Ş. Haşımov qeyd edir ki, artıq 1941-ci ilin sonunda belə hospitalların sayı 40-a çatmışdı. Daxil olan yaralıların sayı hədsiz çox olduğundan 1942-1943-cü illərdə hospitalların sayı 89-u ötmüşdü.
1543 saylı hospital 1941-ci ilin iyul ayında indiki Azərbaycan Dövlət Pedaqoji İnstitutunun binasında yaradılmış və 600 çarpayı qoyulmuşdu. Sonradan yaralıların çox olması nəticəsiində Respublika Xalq Səhiyyə Komissarlığı çarpayıların sayını 1200-ə çatdırdı. Burada gün ərzində daxil olmuş 700-800 yaralı xəstəni yerləşdirmək mümkün idi.
1941-ci ilin ikinci yarısında 1543 saylı hospitala 4 657, 1942-ci ildə 27 867, 1943-cü ildə 27 393, 1944-cü ildə isə 30 289 nəfər yaralı daxil olmuşdu [15, s.3 ]. 3 il 6 ay ərzində hospitalda müalicə alanlardan 1681 nəfəri sağalaraq yenidən döyüş cəbhəsinə qayıtmışdı.
1941-1946-cı illər ərzində Azərbaycanda fəaliyyət göstərmiş 89 hospitaldan 64-ü Bakı şəhərində, 25-i digər şəhər və rayon mərkəzlərində yerləşdirilmişdi. Şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən hospitallardan 9-u Gəncədə, 3-ü Xanlarda (indi Göygöl), 2-si Naxçıvanda, 2-si Xankəndində idi. Qalanları Kürdəmir, Sabirabad, Yevlax, Lənkəran, Salyan, Qazax, Şuşa, Ağdam və Əli-Bayramlıda (indi Şirvan) yaradılmışdı [15, s.3 ].
Ş. Haşımov məqaləsində hospitallarda mühüm işlər aparmış tibb alimlərimizdən Q.K.Əliyev, H.Əliyev, Z.M.Məmmədov, D.M.Abdullayev, hospitallar üzrə baş terapevt Tarnaqratski, İ.İ.Şirokoqorov,F.Əfəndiyev, M.R.Nəzirov,V.Ü.Axundov, U.S.Musabəyova, B.F.Məcidov, A.S.Həsənov və başqalarına yüksək mükafatlar verilməsini qeyd edir. Müəllif yazır ki,yalnız 1543 №-li hospitalda 1941-ci ilin altı ayı ərzində 37 yaralıya, 1942-ci ildə 308 yaralıya, 1943-cü ildə 501 yaralıya, 1944-cü ildə isə 840 yaralıya tələb olunan normalar üzrə qan vurulmuşdur[15, s.3 ].
Müharibənin davam etdiyi bütün illər ərzində isə 1543 saylı hospitalda 1686 nəfər yaralının həyata qaytarılmasında Mərkəzi Qanköçürmə Stansiyasından göndərilmiş qan ehtıyatının müstəsna əhəmiyyəti olmuşdur.
Göründüyü kimi, Azərbaycan xaqlının qələbənin əldə edilməsində verdiyi töhfələrdən biri də məhz hospitallarda göstərilən tibbi yardımlardır. Həmin evakuhospitallarda və rayonlarda təxliyyə edilmiş insanlara göstərilən tibbi və humanitar yardımlarda Azərbaycanın tibb işçilərinin rolunu da görmək olar. Qeyd etmək lazımdır ki, müharibə illərində1 milyondan artıq insana göstərilmiş yardımlar (onların mənzil təminatı, qidalanması, tibbi müalicələri və işləmələri) ağır müharibə şəraitində böyük çətinliklər yaradırdı.Bütün bunlara baxmayaraq,Azərbaycan rəhbərliyi və xalqımız bu çətin işin öhdəsindən gəlməyi bacarmışdı. Xalqımız faşizm üzərində qələbənin qazanılmasında digər sahələrdə olduğu kimi təxliyyə edilmiş insanlara və evakuhospitallarda müalicə alan yaralılara da böyük dəstək durmuşdur.Həmçinin,sənaye sahələrinin və cəbhə üçün lazımi yüklərin Azərbaycana təxliyyəsi ölkəmizin qələbənin qazanılmasında rolunu göstərir. Beləliklə, Azərbaycan 1941-1945-ci illərdə təxliyyə məsələlərində əsas mərkəzlərdən biri olmuşdur.
İstifadə olunmuş ədəbiyyatların siyahısı
- ARPİİ SSA Fond-1, siy.-27,sax.vah. – 208,qutu-26
- ARPİİ SSA Fond-1,siy.-1,sax.vah.-63,qutu – 13
- ARDA. Fond-2449,siy.-1, iş-105,səh.1-22
- ARDA Fond- 2449,siy.-1,iş – 153
- ARDA Fond-2449,siy.-1, iş – 198
- ARDA Fond-2449, siy.-1, iş – 122
- ARDA Fond-2449,siy.-1, sax.vah. – 29
- ARDA Fond-2449, siy.-1, sax. vah. -29.
- ARDA Fond-2449, siy.-1,sax.vah.-194
- ARDA Fond-2449, siy. -1, sax.vah.- 196
- ARDA Fond-2449, siy.-1,sax.vah.-153
- ARDA Fond-2449, siy.-1,sax.vah.-183
- ARDA Fond-411, siy.-9, sax.vah.-88
- Uğur , “Alman faşizmi üzərində qələbə”.//“ Xalq Cəbhəsi” qəzeti. – 9 may 2013, səh.11.
- HaşımovŞahsuvar, “ Azərbaycan döyüşən cəbhənin həm də nəhəng hospital mərkəzi idi”. // “Azərbaycan” qəzeti,17 may 2015-ci il,səh.3
Şəfa Kamran oğlu Mövsümov
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi