1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası son 200 ildə soydaşlarımızın başlarına gətirilən faciələr silsiləsinin bir həlqəsidir.
Deportasiya və yaxud əhalinin zorakılıqla miqrasiyası sovet hakimiyyəti illərində müxtəlif üsullarla həyata keçirilən siyasi repressiyanın xüsusi forması idi. Etnik təmizləmə məqsədini güdən bu aksiya həm administrativ xarakter daşıdığı üçün, həm də Ermənistanda yaşayan xalqlardan yalnız birinə − azərbaycanlılara şamil edildiyi üçün siyasi repressiya kimi xarakterizə edilməlidir. Min illər ərzində müəyyən arealda formalaşmış toplumun gözlənilməz bir qərarla tarixi köklərindən qoparılaraq yurdsuzlaşdırılması isə bu aksiyanın qeyr-insani, anti-humanist xarakterinə dəlalət edirdi.
1948-1953-cü illər deportasiyasının səbəblərini müəyyən etmək üçün həmin dövrdə gedən proseslərə nəzər salmaq lazımdır. İkinci dünya müharibəsinin sonuna yaxın SSRİ-nin Türkiyə ilə münasibətləri həddindən artıq kəskinləşmişdi. 1945-ci il martın 19-da SSRİ hökuməti hələ 17 dekabr 1925-ci ildə imzalanan və sonradan müddəti dəfələrlə uzadılan iki ölkə arasında dostluq və neytrallıq haqqında müqaviləni birtərəfli qaydada denonsasiya etmişdi. Ləğv edilən həmin müqavilədə bir-birinə hücum etməmək və neytrallığa əməl etmək barədə öhdəliklər var idi. Bu addım ona işarə idi ki, Sovet İttifaqı Türkiyəyə hücuma hazırlaşır. Sadəcə olaraq, Almaniya cəbhəsində müharibənin qurtarmasını gözləmək lazım gəlirdi. SSRİ rəhbərliyi öz hərəkətini onunla izah edirdi ki, 1942-ci ildə almanlar Şimali Qafqaza gəlib çıxanda, Türkiyə öz qoşunlarını Cənubi Qafqaz sərhədlərinə cəmləşdiribmiş və Sovet qoşunlarının həmin cəbhədə məğlub olacağı təqdirdə, guya hücuma keçmək istəyirmiş. Türkiyənin 1944-cü ilin avqustunda Almaniya ilə əlaqələrini kəsməsini və 1945-ci il fevralın 23-də ona qarşı müharibə elan etməsini SSRİ rəhbərliyi gecikmiş addım kimi qiymətləndirir və Türkiyəni “cəzalandırmaq” istəyirdi.
Müharibədən qalib çıxan SSRİ-nin öz sərhədlərini genişləndirmək siyasəti müharibədən sonra formalaşmağa başlayan Stalin-Molotov doktrinasının əsasını təşkil edirdi. 1945-ci il iyunun 7-də SSRİ xalq xarici işlər komissarı V. Molotov Türkiyənin SSRİ-dəki səfiri S. Sarperi dəvət edərək Boğazlara birgə nəzarət, Bosfor və Dardanel rayonunda Sovetlərə hərbi baza verilməsi, Qars və Ərdahanın SSRİ-yə qaytarılması haqqında Sovet hökumətinin tələblərini elan etmişdi. İyunun 18-də V. Molotov S. Sarperlə yenidən görüşərək “tarixi ədalətsizliyin bərpa edilməsi üçün Qars və Ərdahanın qaytarılmasını” ultimativ qaydada yenidən irəli sürmüşdü.
Belə bir məqamda ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin sərhədlərini genişləndirmək planları üst-üstə düşürdü. SSRİ-nin Türkiyədən qopartmaq istədiyi əraziləri məskunlaşdırmaq problemi qarşıya çıxmışdı. Sovet rəhbərliyi bu problemi xaricdə yaşayan Türkiyə əsilli ermənilərin hesabına həll etmək niyyətində idi. Qarşıdan isə bütün ermənilərin katolikosunu seçmək kampaniyası gəlirdi. 1945-ci il aprelin 3-də bütün ermənilərin katolikosunun seçkiləri ərəfəsində Eçmiədzin kilsəsinin arxiyepiskopu Gevorq VI Çörəkçyan mövcud problemlərin həlli ilə bağlı İ. Stalinə məktubla müraciət etmişdi. İ. Stalin bu məqamdan istifadə edərək, arxiyepiskop Gevorq Çörəkçyanı Moskvaya çağırır. Aprelin 19-da Gevorq Çörəkçyan SSRİ Nazirlər Sovetinin nəzdindəki Dini İşlər Şurasının sədri Polyanskinin müşayiəti ilə Stalinlə görüşür. Stalin əvvəllər Eçmiədzin kilsəsinə məxsus olmuş torpaqların qaytarılması tələbindən başqa, arxiyepiskopun bütün xahişlərinin yerinə yetiriləcəyini bildirir. Çünki həmin torpaqlar artıq kolxozlara məxsus idi və qaytarılması böyük narazılıqlar yarada bilərdi. Görüşün sonunda Stalin deyir: “Tezliklə müharibə qurtaracaq. Bizim hökumət 1920-ci ildə Ermənistanın Türkiyəyə verilmiş qərb quberniyalarını geri qaytarmaq istəyir. Aydındır ki, həmin torpaqlarda ermənilər yaşamalıdırlar. Arzu olunandır ki, onlar Türkiyədən qaçmış və hazırda xaricə səpələnmiş ermənilər olsunlar. Ona görə də təqribən yüz min erməninin immiqrasiyasını təşkil etmək lazımdır. Tezliklə bu barədə hökumətin qərarı olacaq. Siz də öz növbəsində bu işdə bizə kömək etməlisiniz”. Bunları eşidən Gevorq sevincini gizlədə bilmir. O, bu məsələnin həllində hər cür köməklik ediləcəyini vəd edir və eyni zamanda bildirir ki, Ermənistanda iqtisadi vəziyyət ağırdır və xaricdən gələcək bu qədər ermənini mənzillə və ərzaqla təmin etmək mümkün olmayacaq. Stalin cavab verir: “Eybi yoxdur, biz hər şeyi edərik, təki repatriantlar sıxıntı çəkməsinlər”. Məhz bu görüşdən sonra ermənilərin xaricdən Ermənistana köçürülməsinə ciddi hazırlıq görülür. “Hər şeyi edərik” dedikdə isə Stalin xaricdən köçürülüb gətiriləcək ermənilərin mənzil problemlərinin azərbaycanlıların Ermənistandan deportasiya edilməsi yolu ilə həll edilməsini nəzərdə tuturdu.
1945-ci il mayın 15-də Ermənistan Kommunist Partiyasının 1-ci katibi Q. Arutyunov məktubla İ. Stalinə müraciət edərək xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qaytarılmasını xahiş edir.
İyunun 22-də arxiyepiskop Gevorq Çörəkçyan bütün ermənilərin katolikosu seçilir. Katolikosun seçilməsi münasibətilə müxtəlif ölkələrdən Eçmiədzinə gələn din xadimləri fürsətdən istifadə edərək Sovet hökumətinə müraciət edirlər ki, Qars və Ərdahanın Ermənistana birləşdirilməsi məsələsini həll etsin.
Berlin (Podstam) konfransının gedişində SSRİ xalq xarici işlər komissarı V. Molotov Böyük Britaniyanın xarici işlər naziri A. İdenlə iyulun 16-da keçirilən görüşü zamanı bildirmişdi ki, 1921-ci ildə Sovet dövlətinin zəifliyindən istifadə edən türklər Sovet Ermənistanının bir hissəsini qoparmışlar. Bunun nəticəsində də ermənilər Sovet İttifaqında özlərini incik hesab edirlər. Molotov bu səbəbdən də SSRİ-nin vaxtilə ona məxsus olmuş ərazilərin qaytarılması məsələsini qaldırdığını bildirir. İden Molotova cavab verir ki, ingilislər heç vaxt Sovet İttifaqının ərazi iddiası olduğunu eşitməmişlər. Molotov bildirir ki, Sovet İttifaqının Türkiyəyə qarşı ərazi iddiası ona görə meydana çıxıb ki, Türkiyə SSRİ ilə ittifaq müqaviləsinin imzalanmasını təklif edir. Sovet hökuməti də buna öz şərtlərini irəli sürməklə cavab vermişdir. Molotov Sovet Ermənistanından kənarda 1 milyon erməninin yaşadığını və onların “vətənə qayıtmaq arzusunda olduqlarını” bildirir. Dövlət başçılarının iyulun 22-də və 23-də keçirilən görüşlərində də Stalin və Molotov SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiasını qaldırırlar. Molotov dövlət başçılarına xəritədə Qars, Artvin və Ərdahanı göstərərək, həmin ərazilərin 1921-ci ildə Ermənistan və Gürcüstandan qoparıldığını iddia edir.
1945-ci il noyabrın 21-də SSRİ Xalq Komissarları Soveti “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir. Bu qərara və katolikos Gevorq Çörəkçyanla Stalin arasında olan razılaşmaya əsasən, Eçmiədzin kilsəsi xaricdəki erməni din xadimlərinə, partiyalara, xeyriyyə təşkilatlarına, erməni diasporunun tanınmış nümayəndələrinə müraciətlər göndərir ki, ermənilərin repatriasiyasını təşkil etsinlər. Həmin ilin payızında Ermənistan hökuməti yanında repatriantların qəbulu və yerləşdirilməsi üzrə xüsusi Komitə yaradılmış və ermənilərin köçürülməsi nəzərdə tutulan ölkələrə respublika hökuməti öz nümayəndələrini göndərmişdi. Artıq Qars və Ərdahanın Ermənistana birləşdiriləcəyinə əmin olan ermənilər fürsətdən istifadə edib Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istəyirlər. M. Qorbaçovun ən yaxın məsləhətçilərindən biri, SSRİ dağılanadək Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini olmuş Karen Brutens (onun atası Nerses Brutens Azərbaycan SSR Nazirlər Sovetində şöbə müdiri işləmiş və digər şöbə müdiri R.Sevumyanla birlikdə 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası prosesinə rəhbərlik edənlərdən biri olmuşdur) “Тридцать лет на Старой площади” ( Moskva, 1998) kitabında bu barədə yazır: “Hər 10-15 ildən bir ermənilər Dağlıq Qarabağ məsələsini qaldırır və tələb edirlər ki, vilayət tarixi vətənin kiçik bir hissəsi olan sovet Ermənistanına birləşdirilsin. Yeri gəlmişkən, Stalin faşist Almaniyası ilə əməkdaşlığına görə, Türkiyəni cəzalandıraraq ədaləti bərpa etmək istəyirdi. Türkiyənin azad ediləcək erməni torpaqlarında iki vilayət partiya komitəsi yaradılmalı idi. Məsələn, Qars vilayət partiya komitəsinin birinci katibi vəzifəsinə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi A. Koçinyan təsdiq edilmişdi”. K. Brutens yazır ki, 1945-ci ilin sonu, 1946-cı ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi Arutyunov xaricdə ermənilərin kütləvi repatriasiyasını əsas götürərək, Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini ÜİK (b) P MK-nın ikinci katibi Malenkovla müzakirə etmişdi.
Həqiqətən də Q. Arutyunovun Moskvaya müraciətindən sonra 1945-ci il noyabrın 28-də Q.Malenkov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini M. C. Bağırova göndərir. 1945-ci il dekabrın 10-da M. C. Bağırov cavab verir ki, o, Şuşa istisna olmaqla, Q. Arutyunovun tələbi ilə o şərtlə razıdır ki, Ermənistanın Əzizbəyov, Vedi, Qarabağlar rayonları Azərbaycana birləşdirilsin. Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi ciddiləşmişdi.
SSRİ Türkiyəyə hücum etmək üçün hərbi qüvvələrini Ermənistan sərhədi boyunca cəmləşdirmişdi. 1946-cı il avqustun 7-də SSRİ-nin verdiyi notada Türkiyənin müharibə dövründə Almaniyaya göstərdiyi hərbi yardımlar xatırlanmış, gələcək hücum üçün zəmin bir növ hazırlanmışdı. Həmin dövrdə Türkiyənin etdiyi diplomatik manevrlər onu müharibədən qalib çıxmış SSRİ-nin cəngindən qurtardı. Türkiyəyə hücum etmək niyyətindən əl çəkən Sovet hökuməti SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanı ilə xaricdən Ermənistana “qayıdan” ermənilərə SSRİ ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu vermək məcburiyyətində qalmışdı. Keçmiş SSRİ ərazisində yalnız ermənilər üçün tətbiq edilən bu sadələşdirilmiş qayda 1936-cı il SSRİ Konstitusiyasına zidd idi. Çünki həmin Konstitusiyanın 123-cü maddəsində göstərilirdi ki, SSRİ vətəndaşlarının hüquq bərabərliyi sarsılmaz qanundur. İrqi və milli mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüquqlarının hər hansı şəkildə pozulması, açıq-açığına və dolayı yolla onlara üstünlük verilməsi, həmçinin irqi və ya milli müstəsnalığın, yaxud nifrət və etinasızlığın hər cür təbliği qanunla cəzalandırılır. Deməli, hələ 1946-cı ildə ermənilərin xatirinə milli ayrıseçkiliyə yol verilmiş, SSRİ Konstitusiyası pozulmuşdu.
1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni immiqrasiya edilmişdi. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilib Ermənistanda yerləşdirilmişdi. Ermənistan rəhbərliyi 1946-cı ilə nisbətən 1947-ci ildə xaricdən köçürülən ermənilərin sayının azalmasının səbəbini onunla izah edirdi ki, xaricdən gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq rayonlarda yerləşdirmək mümkün deyil, köçürülənlər isə yalnız İrəvan və onun ətraf rayonlarında məskunlaşmaq istəyirlər. Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri qəsdən dəmiryol stansiyalarında saxlatdırır, onlar arasında təbliğat aparırdı ki, əgər İrəvanın ətraf rayonlarında yerləşdirilməsələr, geriyə – xaricə qayıtmaq haqqında Moskvaya teleqramlar vursunlar. Onlar bütün bunların Sovet hökumətinin xarici ölkələrdə nüfuzuna mənfi təsir edəcəyini İ. Stalinin nəzərinə çatdırdılar. Xaricdən isə hər gün Ermənistana köçmək arzusunda olan minlərlə ermənilərin siyahısı Moskvaya təqdim edilirdi.
Xaricdə fəaliyyət göstərən «Hnçak» və «Ramkavar» partiyaları, habelə Ümumerməni Xeyriyyə İttifaqı köçürülmənin təşkili üçün 1 milyon dollar xərcləmişdilər.
1947-ci il iyulun 12-də Türkiyənin ABŞ-la imzaladığı yardım haqqında müqavilə birdəfəlik onu bütün təhlükələrdən xilas etdi. Bununla da SSRİ Türkiyəyə qarşı ərazi iddiasından əl çəkmək məcburiyyətində qaldı.
Ermənilər Qars və Ərdahanı Ermənistana birləşdirmək istəklərinə nail ola bilməsələr də, digər istəklərinə nail oldular. 1947-ci il dekabrın 23-də İ. Stalin “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarını imzaladı.
Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə “könüllülük prinsipi əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana kələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər.
23 dekabr 1947-ci il tarixli qərarda azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarından köçürülmələrinin səbəbi göstərilməmişdi. Yalnız qərarın 10-cu maddəsində Ermənistan və Azərbaycan nazirlər sovetlərinə tapşırılırdı ki, həmin qərarın yerinə yetirilməsi üçün bir ay müddətində konkret tədbirlər planı hazırlasınlar və SSRİ Nazirlər Sovetinə məruzə etsinlər.
Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 2 fevral tarixli qərarına əsasən 1948-ci ildə Ermənistandan köçürüləcək 10 min nəfər əhalini qəbul etmək və yerləşdirməyi planlaşdırır. Qərarda Salyan, Saatlı, Sabirabad, Əli-Bayramlı, Puşkin, Ağcabədi və Xıllı rayon icraiyyə komitələrinə tapşırılır ki, 1948-ci il fevralın 15-dək köçürülənlərin yerləşdiriləcəyi kolxozlarda olan boş yaşayış evlərinin təmiri və bərpası üçün tikinti briqadaları yaratmaq, onları lazımi nəqliyyat vasitəsilə təmin etmək, yaşayış evlərinin bir hissəsini köçürülənlərə vermək istəyən kolxozçuları aşkar etmək və uçota götürmək, kolxozlarda köçürülmə ilə əlaqədar geniş izahat işləri aparılsın.
10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq, İ. Stalinin imzası ilə 754 nömrəli ikinci qərar qəbul etmişdi. Bu qərarda isə köçürmə ilə əlaqədar olaraq SSRİ hökumətinin, habelə Azərbaycan və Ermənistan nazirlər sovetlərinin qarşısında konkret tədbirlərin həyata keçirilməsi vəzifəsi qoyulmuşdu.
Həmin qərarların icrası ilə əlaqədar 1948-ci il iyulun 9-da Azərbaycan SSR Nazirlər Sovetinin sədri T. Quliyev SSRİ Nazirlər Soveti sədrinin müavini V. Molotova məktubla müraciət edir ki, köçürülənlərin qəbulu üçün hazırlıq işlərinin qeyri-qənaətbəxş olmasını, azərbaycanlıların əsasən Ermənistanın dağlıq rayonlarında yaşamalarını, Kür-Araz ovalığı rayonlarında yaşayış evlərinin olmadığını, torpağın yararlı hala salınmadığını nəzərə alaraq, Ermənistan azərbaycanlılarının yaşayış üçün daha əlverişli olan zonalara köçürülməsinə icazə verilməsini xahiş etmişdi. O, təbii iqlim şəraiti, iqtisadi potensialı və ciddi işçi qüvvəsinə ehtiyacı olan üç qrup rayona köçürülməni təklif etmiş və bunu aşağıdakı kimi əsaslandırmışdı:
1. Kür-Araz ovalığının qərb rayonlarına, o cümlədən Qasım İsmayılov, Səfərəliyev, Tovuz, Qazax və Ağstafa rayonlarına (heyvandarlığın, pambıqçılığın və əkinçiliyin sürətli inkişafını təmin etmək üçün).
2. Xaçmaz, Dəvəçi, Xudat, Qusar və Quba rayonlarına (Bakı şəhərini meyvə-tərəvəzlə təmin etmək üçün).
3. Gədəbəy (kartof istehsalını artırmaq üçün) Zaqatala, Qax, Nuxa, Vartaşen və Qutqaşen rayonlarına (əkinçilik və heyvandarlığın inkişafı üçün).
Lakin SSRİ Nazirlər Soveti T. Quliyevin xahişinə məhəl qoymamışdı.
Ermənistandan köçürüləcək əhali arasında təbliğat aparmaq, onların köçürülməsini sürətləndirmək, yerlərdə qarşıya çıxacaq problemləri həll etmək məqsədilə 25 nəfərdən ibarət qrup Ermənistana göndərilmişdi. Ermənistanda da dövlət komissiyası yaradılmışdı. Komissiyanın tərkibinə həmin dövrdə Ermənistanda rəhbər vəzifələrdə işləyən azərbaycanlılar da daxil edilmişdi. İrəvan şəhəri Spandaryan rayon Soveti İcraiyyə Komitəsinin sədri Rza Şeyxzadə, Qarabağlar rayon komitəsinin katibi İbiş Abbasov, “Sovet Ermənistanı” qəzetinin redaktoru Cəfər Vəlibəyov, Keşişkənd (Mikoyan, sonralar Yeğeqnadzor) rayon partiya komitəsinin ikinci katibi Əziz Cəfərov, Basarkeçər rayon partiya komitəsinin birinci katibi Talıb Musayev həmin komissiyanın üzvü kimi əhali arasında təbliğat işi aparmağa təhkim edilmişdilər. Komissiya üzvləri köçürülməsi nəzərdə tutulan kəndlərdə olur, bu qərarın icrasının məcburiliyini xalqa başa salır, Azərbaycanda yerləşdirilməsi nəzərdə tutulan rayonlara nümayəndələr göndərir, Azərbaycan SSR Nazirlər Sovetinin köçürmə məsələləri ilə əlaqədar Ermənistan SSR-də yaradılan nümayəndəliyinin əməkdaşları ilə məsləhətləşmələr aparırdılar. İrəvan Pedaqoji Texnikumunun və İrəvan Pedaqoji İnstitutunun təhsil Azərbaycan dilində olan fakültələrinin Azərbaycana köçürülməsinə yardım etmək üçün Azərbaycan Pedaqoji İnstitutunun rektoru A.Seyidov, şair və ədəbiyyatşünas alim Cəfər Xəndan da Ermənistana göndərilmişdilər.
Köçürülmə işlərinin vəziyyəti ilə yerlərdə tanış olmaq və onu vaxtında başa çatdırmaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev və digər məsul şəxslər Ermənistana gəlmiş, köçürülməsi nəzərdə tutulan kəndlərin əhalisi ilə görüşmüş, onlar üçün Azərbaycanda lazımi şərait yaradılmasına, mənzillə, həyətyanı torpaq sahəsi ilə, ev heyvanları ilə təmin ediləcəklərinə zəmanət vermişdilər. Eyni zamanda Azərbaycandan gəlmiş nümayəndə heyəti Azərbaycanın daxili imkanlarının məhdudluğunu nəzərə alaraq, köçürülmə prosesinin tədricən həyata keçirilməsini Ermənistan rəhbərlərindən xahiş etmişdi.
Plana əsasən 1948-ci ildə Ermənistandan 11.244 nəfər (2.278 təsərrüfat) köçürülməli idi. O cümlədən, yazda 6350 nəfər (1.159 təsərrüfat), payızda isə 4884 nəfər (1119 təsərrüfat) köçürülməli idi. Həmin ildə Ermənistan SSR-in Artaşad, Basarkeçər, Eçmiədzin, Noyemberyan, Hoktemberyan, Beriya adına, Vedi, Zəngibasar, Kotayk rayonlarından və İrəvan şəhərinin özündən azərbaycanlıların köçürülməsi nəzərdə tutulmuşdu.
Köçürülməsi nəzərdə tutulan və tutulmayan rayonlardan müxtəlif təzyiqlərə məruz qaldıqları üçün pərakəndə halda Azərbaycana köçənlər də olmuşdu. Təkcə Dərələyəzin Safolar, İstisu (Cermuk) kəndlərinin 70 təsərrüfatından 46-sı erməni qonşularının təzyiqinə dözməyərək, 1948-ci ilin noyabrında pərakəndə halda Kəlbəcər dağlarını aşıb Azərbaycana qaçmışdılar. Qarlı dağ aşırımlarını keçərkən əhalidən 40 nəfəri, o cümlədən 20-yə yaxın uşaq borana düşüb ölmüşdülər.
Rəsmi məlumata görə 1948-ci ildə Ermənistandan Azərbaycana 2357 ailə (11046 nəfər) gəlmişdir. Lakin köçürülənlərin əksəriyyəti SSRİ Nazirlər Sovetinin qərarlarında göstərildiyi kimi, mənzillə təmin edilməmiş, köçürülənlər üçün nəzərdə tutulan imtiyazlar kağız üzərində qalmışdı. Köçürülmənin birinci ilində əhalinin əksəriyyəti qaramal tövlələrində, yaşamaq üçün yararsız olan uçuq-sökük ictimai binalarda yerləşdirilmişdi.
Vəziyyətin dözülməz olduğunu nəzərə alaraq, 1949-cu il sentyabrın 21-də Azərbaycan SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə müraciət edir ki, həmin il köçürülmə planı 12-15 min nəfərə endirilsin. Lakin SSRİ Nazirlər Soveti planda nəzərdə tutulan 40 min nəfərin köçürülməsini təkidlə tələb etmişdi. 1949-cu ilin oktyabr ayına olan məlumata görə, Ermənistandan 983 təsərrüfat (4000 nəfər) köçürülmüş, 1500 təsərrüfatı birləşdirən 6000 nəfərə isə köçürülmə biletləri verilmişdir. Hətta Ermənistanda benzin çatışmadığından köçürmə planını vaxtında yerinə yetirmək məqsədilə Azərbaycan öz yanacaq fondundan əhalini dəmiryol stansiyalarına gətirmək üçün 60 ton benzin ayırmışdı. 1949-cu il dekabrın 2-nə olan məlumata görə Ermənistandan 2368 təsərrüfat (10595 nəfər) köçürülmüşdür. Köçürülənlər əsasən Zərdab, Əli-Bayramlı, Kürdəmir, Göyçay, Mirbəşir, Salyan, İmişli, Sabirabad, Jdanov, Yevlax, Ucar, Saatlı rayonlarında yerləşdirilirlər.
Həmin ildə Əzizbəyov, Axta, Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Kotayk, Spitak, Dilican, Abaran, Gorus, Kalinino, Martuni, Nor-Bayazid, Beriya, Allahverdi, Hoktemberyan, Eçmiədzin, Amasiya və Kirovakan rayonlarının müəyyən qisim azərbaycanlı əhalisi deportasiyaya məruz qoyulmuşdu.
1950-ci il yanvarın 10-da Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan K(b)P Mərkəzi Komitəsi “Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığı rayonlarına köçürülmüş kolxozçuların və digər azərbaycanlı əhalinin təsərrüfat cəhətcə yerləşdirilməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1949-cu illərdə Ermənistan SSR-dən 4674 təsərrüfat (təqribən 20000 nəfər) köçürülmüşdür. Köçürülənlərdən 1410 ailə yerli sovetlər və kolxozlara məxsus evlərdə, 3264 ailə isə yerli kolxozçuları sıxışdırmaq hesabına yerləşdirilmişdir. Həmin qərarda qeyd edilmişdi ki, iki ildə köçürülələr üçün cəmi 80 təzə ev tikilmişdir.
Azərbaycan SSR Nazirlər Soveti 1950-ci ildə 3419 ailənin (13361 nəfər) köçürülməsi haqqında qərar qəbul etsə də, faktiki olaraq, rəsmi və qeyri-rəsmi köçürülmələrin sayı nəzərdə tutulduğundan xeyli artıq olmuşdu, 1950-ci ildə köçürülənlər üçün 3500 ev tikmək planlaşdırılmış, faktiki isə 470 ev tikilmiş, 1488 köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin edilməmişdi.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından mümkün qədər sürətlə çıxarılmasını təmin etmək üçün Ermənistan hökumətinin ən qəddar üsullara əl atdığını həmin dövrün rəsmi sənədlərindən də görmək olar. Ermənistandan azərbaycanlıların köçürülmə məsələləri üzrə Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəsi Əliyevin Ermənistan SSR Nazirlər Soveti yanında Köçürülmə İdarəsinin rəisi Karapetyana və Nazirlər Soveti sədrinin müavini Piruzyana ünvanlanmış 28 noyabr 1949-cu il tarixli məktubunda qeyd edilirdi: “Son zamanlar Amasiya, Spitak və Vedi rayonlarının ayrı-ayrı təşkilatları köçürülmə barədə sənədlərin tam rəsmiləşdirilməsini, kolxozçuların köçürülməyə razılıq vermələrini gözləmədən, təsərrüfatları köçürmək üçün sürətli hazırlıq işləri aparırlar. Həmin təşkilatlar bu təsərrüfatların əmlakını bölüşdürür, kolxozları məcbur edirlər ki, yemi satsınlar və hətta nə vaxt yola düşəcəklərini göstərsinlər. Onlar kolxozçuların bu və ya digər rayona köçürülmək arzusunda olub-olmaması ilə hesablaşmırlar, halbuki hökumətin köçürülmə barədə qərarına əsasən, kolxozçuların nümayəndələri köçürüləcəkləri yerləri qabaqcadan görüb baxmalı və öz istəklərinə uyğun yerlər seçməlidirlər. Köçürülmə qaydalarının bu cür pozulması isə kolxozçuları məcbur edir ki, onlar yuxarı təşkilatlara şikayət etsinlər, onların köçmək istəmədikləri rayonlara köçürülmələrindən narazı olduqlarını bildirsinlər”.
SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə şans vermişdi ki, İrəvan ətrafında Ermənistanın sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələri birdəfəlik xəritədən silinsin. Ermənistan hökumətinin nümayəndələri azərbaycanlı əhalinin köçürülməyə psixoloji cəhətdən hazırlanması üçün müxtəlif şayiələr buraxırdılar. 1948-ci il mayın 3-də Ermənistan SSR-in daxili işlər naziri Xoren Qriqoryanın Mircəfər Bağırova göndərdiyi “Azərbaycanli əhalinin qarşıdan gələn köçürülmə ilə əlaqədar əhval-ruhiyyəsi haqqında arayış”da xüsusən dağlıq rayonlarda əhalinin köçürülməyə kəskin mənfi münasibət göstərildiyi qeyd olunur. Həmin arayışda Amasiya, Zəngibasar, Bedi, Basarkeçər, Artaşat, Qarabağlar, Hoktemberyan, Qafan, Meğri və Sisyan rayonlarında yaşayan ayrı-ayrı azərbaycanlıların narazılıqlarının motivləri ifadə olunmuşdur. Arayışda diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, ayrı-ayrı ermənilərin ifadələri ilə, dolayısı ilə olsa da, rəsmi Ermənistanın mövqeyi çatdırılır. Ermənilər Türkiyə ilə sərhəd boyunda məskunlaşmış azərbaycanlılar arasında qabaqcadan belə bir xəbər yaymışdılar: “Azərbaycanlıların Ermənistandan köçürülməsi şübhə doğurmur. İlk növbədə, Araz və Axuryan (Arpaçay – N. M.) çayları boyu yaşayan azərbaycanlılar köçürüləcək. Sərhəd rayonlarının kəndləri də azərbaycanlılardan təmizlənəcək…” Başqa bir şayiədə isə ermənilər öz arzularını belə ifadə edirdilər: “Azərbaycanlıları təkcə Ermənistandan deyil, eləcə də Naxçıvan MSSR-dən köçürmək və Naxçıvanı Ermənistan ərazisinə birləşdirmək lazımdır”.
Digər tərəfdən, yaranmış fürsətdən istifadə edən Ermənistan rəhbərləri Gürcüstanla sərhəddə yerləşən strateji əhəmiyyətli azərbaycanlı kəndlərinin də köçürülməsi üçün müxtəlif üsullara əl atmışdılar. Noyemberyan rayonunun Ləmbəli və Aşağı Körpülü kəndləri Gürcüstanın Marneuli rayonu (Borçalı) ilə həmsərhəd olmaqla yanaşı, olduqca məhsuldar torpaqları var idi. Ləmbəli kəndini “Ermənistanın Kaliforniyası” adlandırırdılar. Ermənistan rəhbərləri bu kəndlərin sakinlərinin razılığı olmadan onları “könüllü köçmək istəyən” ilk təsərrüfatların siyahısına daxil etmişdilər. Ermənistan SSR Nazirlər Sovetinin 29 sentyabr 1948-ci il tarixli qərarına əsasən Ləmbəli kolxozu əsasında zeytun sovxozu, Aşağı Körpülü kolxozu əsasında isə subtropik bitkilər sovxozu yaradılması və həmin təsərrüfatlarda xaricdən gələn ermənilərin yerləşdirilməsi nəzərədə tutulmuşdu. 70 təsərrüfatdan (370 nəfər) ibarət Aşağı Körpülü kəndinin sakinlərinin bir hissəsi qonşu Qazax rayonuna, habelə Gürcüstanın Borçalı rayonuna, Noyemberyan rayonunun Yuxarı Körpülü kəndinə və Allahverdi filiz mədəninə köçürülərək kənd boşaldılmışdı. Ləmbəlililər isə Salyan rayonuna köçməkdən imtina etmişdilər. Ona görə də, 245 təsərrüfatdan 1192 nəfərdən ibarət olan bu kəndin köçürülməsi təxirə salınaraq, 1949-cu il köçürülmə planına daxil edilmişdi. Həmin il yaz-yay aylarında Ermənistan rəhbərləri ləmbəlilərin deportasiya olunması üçün müxtəlif təzyiq üsullarına əl atır, hətta hüquq-mühafizə orqanlarının vasitəsilə əhalini qorxudaraq, onlardan kəndi tərk etmələrini tələb edirdilər. Noyemberyan rayonunun rəhbərləri Ləmbəli kolxozunun əmlakını, mal-qarasını zorla Yuxarı Körpülü kəndinə təhvil verirlər. Əlacsız qalan ləmbəlilərin bir qismi Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinə səpələnməli olurlar. Marneuli rayonunda sığınacaq tapmış ləmbəlililəri noyabrın 28-də döyə-döyə komalarından çıxararaq, yenidən Ləmbəliyə qaytarırlar. Lakin artıq ləmbəlililərin əksər evlərində xaricdən gələn erməniləri yerləşdiriblərmiş. Ona görə də, onları evlərinə buraxmır, Sadaxlı dəmiryol stansiyasında yük vaqonlarına dolduraraq, oradan İrəvan yaxınlığındakı Uluxanlı stansiyasına gətirirlər.
Uluxanlı stansiyasında üç gün qar-boran içərisində qalan ləmbəlililəri bir sutka ərzində Sevan şəhərinə, oradan qayıqlarla 8 saat ərzində Basarkeçərin Zağalı kəndinə, oradan xizəklərlə 18 km aralıda Zod və Ağkilsə kəndinə gətirib yerləşdirlər.
Basarkeçərdən geri qayıdan ləmbəlililər Gürcüstanla sərhəddə – Ləmbəliyə yaxın yerdə yeraltı daxmalar tikərək, orada yaşamağa məcbur olurlar. Ləmbəlililərin şikayətlərinə yalnız İ. Stalinin ölümündən sonra baxılmışdı. Moskvadan xüsusi komissiya gəlib, ləmbəlililərin şikayətlərinin haqlı olmasını Ermənistan rəhbərlərinin nəzərinə çatdırmışdı. Yalnız bundan sonra, 1954-cü ildə Ermənistan KP MK “Ləmbəlidə evlərin keçmiş sahiblərinə qaytarılması və onların sovxozda işə qəbul edilməsi barədə” qərar qəbul etmişdi.
Azərbaycan SSR Nazirlər Sovetinin sədri T. Quliyev SSRİ Nazirlər Soveti qarşısında vəsatət qaldırmışdı ki, sonrakı illərdə köçürmə planı aşağıdakı kimi müəyyən edilsin: 1951-ci ildə 10000 nəfər, 1952-ci ildə 20000 nəfər, 1953-cü ildə 20000 nəfər, 1954-cü ildə 15000 nəfər. Lakin 1951-ci ildə 911 təsərrüfat (3714 nəfər), 1952-ci ildə 1257 təsərrüfat (5512 nəfər), 1953-cü ildə 1898 təsərrüfat (8254 nəfər) köçürülmüşdü.
SSRİ Nazilər Sovetinin yuxarıda adladı çəkilən qərarlarının icra edilməsinin məcburiliyi ona gətirib çıxarmışdı ki, Ermənistanda deportasiya edilənədək mülayim iqlim şəraitində yaşamış, təmiz bulaq suyu içməyə adət etmiş əhalinin xeyli hissəsi Kür-Araz ovalığında ictimai binalarda yatalaqdan, qızdırmadan, malyariyadan və digər yoluxucu xəstəliklərdən məhv olmuşdur.
1951-ci ilin əvvəlindən etibarən, Azərbaycanda açıq səma altında qalan, tövlələrdə yerləşdirilən əhalinin bir hissəsi ağır şəraitə dözməyib Ermənistana – öz kəndlərinə qayıtmağa məcbur olurlar. İyunun 1-nə kimi 217 təsərrüfat geri qayıdır. Geri qayıtmaların kütləvi şəkil almağından qorxuya düşən Ermənistan rəhbərliyi böyük hay-küy qaldırır, onları qəbul etməkdən imtina edir. Halbuki, xaricdən gələn erməniləri yerləşdirmək adı altında Azərbaycana köçürülən kəndlərin bir çoxu hələ də boş qalırdı. Xaricdən gələnlərin cüzi hissəsi kənd rayonlarında məskunlaşmışdılar. Hər cür yağlı vədlərlə xarici ölkələrdən gətirilən ermənilərin əksəriyyəti özlərini aldadılmış hesab edir, sosial inkişaf baxımından bərbad vəziyyətdə olan müsəlman kəndlərinə ayaq qoymaq istəmirdilər.
Hələ 1947-ci il mayın 22-də Ermənistan KP MK-nın birinci katibi Q.Arutyunov Stalinə göndərdiyi məktubunda göstərmişdi ki, xaricdən gətirilən ermənilərin 300 nəfəri artıq geri qayıdıb, 21 nəfər sərhədi keçərək Türkiyəyə qaçıb, 110 nəfər isə sərhədi keçmək istəyərkən yaxalanıblar. Q.Arutyunov “qaxtağan”ların Ermənistanı tərk etmələrini iqtisadi problemlərlə izah edirdi.
1953-cü ildə İ.Stalinin ölümündən sonra Ermənistandan türklərin köçürülməsinin sürəti azalır və əhalinin geriyə qayıtma prosesi sürətlənir. Ermənistan rəhbərləri Əştərək, Martuni (Qaranlıq), Qarabağlar, Abovyan (Ellər), Eçmiədzin rayonlarından türklərin izinin silinməsinə nail olsalar da, hər cür təqib və təzyiqlərə tab gətirərək Zəngibasar rayonunun Zəhmət, Qaraqışlaq, Yuxarı Necili, Vedi rayonunun Xalisa, Yengicə, Arazdəyən, Qaralar, Şidli, Şirazlı kəndləri, Basarkeçər və Krasnoselo rayonlarının kəndləri qismən köçürülmə qrafikindən yayına bilmişdilər. Sonradan köçürülənlərin bir qisminin geri qayıtmalarına və onların hələ də boş qalan kəndlərində yenidən məskunlaşmasına şərat yaradanlar da məhz deportasiyadan yayınaraq, Ermənistanda qalan azərbaycanlı kəndlərinin əhalisi olmuşdur. Onlar hər şeylərini itirərək, geri qayıdan əhaliyə hər cür maddi və mənəvi köməklik göstərir, onların təsərrüfat qurması üçün öz imkanlarını onlarla bölüşdürürdülər. Geri qayıdan əhaliyə qarşı Ermənistan hökumətinin hər cür iqtisadi sanksiyalar tətbiq etməsinə baxmayaraq, əhalinin böyük əksəriyyəti öz kəndlərində və ya əgər onların evlərinə ermənilər yerləşdirilmişdisə, qonşu türk kəndlərində yenidən məskunlaşmağa başlamışdılar. Ermənistanda öz evləri ermənilər tərəfindən zəbt edilən və başqa kəndlərdə məskunlaşmaq imkanından məhrum edilən yüzlərlə ailə isə özlərinə yaşayış şəraiti düzəldə bilmədiklərindən yenidən Azərbaycana qayıtmağa məcbur olmuşdular. Beləliklə, Ermənistandan deportasiya və miqrasiya prosesi 1957-ci ilədək davam etmişdi.
Azərbaycan SSR Nazirlər Sovetinin yanında Köçürülmə üzrə Baş İdarənin məlumatına görə, 1954-cü ildə 749 təsərrüfat (3368 nəfər), 1955-ci ildə 207 təsərrüfat (965 nəfər), 1956-cı ildə 360 təsərrüfat (1543 nəfər) deportasiya edilmişdir.
Araşdırmalar göstərir ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi etnik torpaqlarından köçürülməsi (deportasiyası) haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı artıqlaması ilə yerinə yetirilmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində, qərar zorakı üsullarla həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200-dən artıq yaşayış məntəqəsindən) 150 minə yaxın artıq azərbaycanlı deportasiya edilmişdir.
Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı aparılırdı. Təkcə 1947-1953-cü illərdə 50-yə yaxın yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə aşağıdakı dəmiryol stansiyalarının adları dəyişdirilmişdir: Kolagirən-Tumanyan, Hamamlı-Spitak, Ortakilsə-Maisyan, Tomardaş-Vardakar, Arpaçay-Axuryan, Buğdaşen-Baqravan, Qaraqula-Gedap, Dərələyəz-Araqadz, Boğudlu-Arteni, Qaraburun-Qarmraşen, Qamışlı-Sovetaşen, Uluxanlı-Masis, İmanşalı-Mxçyan, Qəmərli-Artaşat, Şirazlı-Ayqavan.
1951-ci il martın 19-da verilən fərmanla Dilican rayonu İcevan rayonu ilə, Əzizbəyov rayonu Mikoyan rayonu ilə, Ələyəz rayonu Abaranla, Qarabağlar rayonu Vedi ilə, Qukasyan rayonu Amasiya ilə birləşdirilmişdi. Kadr məsələləri həll edildikdən, yəni məsul vəzifələrə azərbaycanlıların əvəzinə erməniləri yerləşdirdikdən sonra bəzi rayonları yenidən ayırmışdılar.
Ermənistanda köçürmə aksiyasını həyata keçirdikdən sonra türkdilli əhalinin azalmasını əsas götürərək rayon və respublika səviyyəli türkdilli kadrları ermənilərlə əvəz etməyə başladılar. Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselo rayonlarının partiya komitələrinin birinci katibləri, digər 10 rayonda isə ikinci və üçüncü katiblər dəyişdirilərək, yerlərinə erməniləri təyin etdilər.
Sonralar isə Ermənistan KP MK-nın katibi Məmməd İsgəndərov, kənd-təsərrüfatı şöbəsinin müdir müavini Rəhim Allahverdiyev, MK-nın məsul təşkilatçısı Cümşüd Sultanov, kənd təsərrüfatı nazirinin müavini Hüseyn Məmmədov vəzifələrindən azad edilmişdilər. Ermənistan SSR Ali Sovetinin sədr müavini Mirzə Bəşirov isə Ali Sovetin 9 aprel 1949-cu il tarixli sessiyasının qərarı ilə tutduğu vəzifədən azad edilmişdi. Məsul vəzifələrdə işləmiş soydaşlarımızın Azərbaycana axını getdikcə sürətlənirdi. Bütün bunlarla yanaşı Amasiya, Basarkeçər və Krasnoselo rayonlarından başqa, yerdə qalan rayonlarda Azərbaycan dilində çıxan qəzetlər bağlanmışdı.
Köçürmə illərinin hər cür təzyiq və sıxıntılarına baxmayaraq, Azərbaycan teatr sənətinə görkəmli sənətkarlar bəxş edən C. Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrı 1948-1949-cu illərdə “Məşədi İbad”, “Leyli və Məcnun”, “Eşq və İntiqam”, “Şah İsmayıl” kimi əsərləri tamaşaya qoymuşdu. Bütün bunlara baxmayaraq, 1949-cu ildə teatrı azərbaycanlıların yaşamadığı Basarkeçər rayonunun mərkəzinə köçürmüş, sonra isə bağlamışdılar.
Ermənistanda azəri türklərini başsız qoymaq, ali təhsilli kadrların çoxalmasına imkan verməmək məqsədilə ilk növbədə X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunun təhsil Azərbaycan dilində olan fakültələri – dil-ədəbiyyat, tarix, coğrafiya, fizika-riyaziyyat fakültələri, Ermənistan Dövlət Qiyabi Pedaqoji İnstitutunun eyniadlı fakültələri bağlanaraq Azərbaycandakı müvafiq institutlara köçürüldülər. Ermənistandan köçürülən əhalinin Xanlar rayonunda məskunlaşmasına hər cür maneçilik törədildiyi halda, Azərbaycan elminə görkəmli xadimlər bəxş etmiş İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu Xanlar rayonuna köçürüldü.
Ermənistan rəhbərləri xaricdən gələn erməniləri yerləşdirmək bəhanəsi ilə Naxçıvanla İrəvan arasında əvvəllər tamamilə azərbaycanlılar yaşayan ərazilərdə xeyli miqdarda erməni əhalisinin yerləşdirilməsinə nail oldular. İrəvan şəhərini üzük qaşı kimi əhatə edən azərbaycanlı kəndlərində erməniləri məskunlaşdırdılar. Köçürülmə nəticəsində İrəvanın ətrafındakı Əştərək, Qarabağlar, Qəmərli, Vedi, Zəngibasar, Hoktemberyan, Eçmiədzin rayonlarının və Arpa-Sevan xətti ətrafında yerləşən rayonların azərbaycanlılar yaşayan münbit torpaqları ermənilərin əlinə keçdi. Ermənilər Türkiyə ilə sərhəd boyunca yerləşən Vedi, Zəngibasar, Hoktemberyan rayonlarının azərbaycanlı əhalisini köçürməklə, özləri üçün “etibarlı sərhəd zolağı” təmin etdilər.
Əgər 1915-1920-ci illərdə azərbaycanlı əhali Ermənistanda soyqırıma, 1930-37-ci illərdə repressiyaya məruz qalmasaydı, 1948-1953-cü illərdə 150 minə yaxın əhali deportasiya edilərək, Azərbaycana köçürülməsəydi və bu köçürülmə ilə yanaşı mədəni-maarif ocaqları bağlanmasaydı, rəhbər kadrlar sıxışdırılıb çıxarılmasaydı, azərbaycanlı əhalinin yüksək təbii artımı nəticəsində 80-ci illərin sonunda Ermənistanda azərbaycanlıların sayı ermənilərin sayına nisbətən çoxluq təşkil edəcəkdi.
Hələ 1930-cu ildə Ermənistanda yeni inzibati-ərazi bölgüsünə keçirilərkən 25 inzibati rayon yaradılmışdı. Həmin vaxt bu rayonların üçdə birində rəhbər vəzifələrdə (raykomun birinci katibləri, icraiyyə komitələrinin sədrləri, prokurorlar, məhkəmə sədrləri və s.) azərbaycanlılar işləyirdilər. 1937-ci ildə Ermənistanın inzibati-ərazi bölgüsünə dəyişiklik edilmiş, əlavə olaraq, daha 7 rayon yaradılmışdı. Rayonlar bölünən zaman azərbaycanlı rəhbər kadrlar ermənilərlə əvəz edilmişdi. Daha sonralar yeni 5 rayon da yaradılaraq rayonların sayı 37-yə çatdırılmışdı. Lakin cəmisi üç rayonda (Amasiya, Basarkeçər və Krasnoselo) birinci katib və yaxud icraiyyə komitəsinin sədri vəzifəsində azərbaycanlılar işləyirdilər.
Ermənistandan azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar olaraq Ermənistan mətbuatı, xüsusən də “Sovet Ermənistanı” qəzeti heç bir iz buraxmamışdır. “Sovet Ermənistanı” qəzetinin 1948-1953-cü illər səhifələrindən yalnız onu müşahidə etmək olur ki, kəndlərdə əhalinin milli tərkibi tədricən dəyişir, rəhbər kadrlar ermənilərlə əvəz olunur, azərbaycanlı kəndləri tədricən erməni kəndlərinə çevrilir.
Ümumiyyətlə, Sovet təbliğatı nəticəsində 1946-1950-ci illərdə 15 xarici ölkədən Ermənistana təqribən 150 min erməni köçürülüb gətirilmişdi. Xaricdən gələn ermənilərə Ermənistanda ikinci dərəcəli vətəndaşlar kimi baxırdılar. “Qaxdağan” (yəni köçgün – N. M.) adlandırılan xaricdən gələn ermənilərlə yerli ermənilər qohum olmaq istəmirdilər. “Qaxdağan”lara yüksək vəzifələr etibar edilmirdi. Onlar İkinci Dünya müharibəsindən ac-yalavac çıxan SSRİ kimi bir ölkəyə köçmələrinə peşman olmuşdular. Yağlı vədlərlə xaricdən gətirilən ermənilər Ermənistanda quru çörək üçün saatlarla növbə gözləyirdilər. Aldandıqlarını görən “qaxdağan” ermənilər gəldikləri ölkələrə qayıtmaq istəyirdilər. Lakin onların qayıtmalarına icazə verilmirdi. Keçmiş SSRİ ərazisində ilk dəfə olaraq 1956-cı il mayın 24-də etiraz mitinqləri keçirilmişdi. Fransadan gətirilən ermənilər həmin gün Fransanın xarici işlər nazirinin İrəvana gəlməsi münasibətilə İrəvanda etiraz mitinqləri keçirmiş, yenidən Fransaya qaytarılmalarını tələb etmişdilər. 1958-ci ildə Fransa prezidentinin SSRİ-yə gəlməsi zamanı da İrəvanda nümayişlər təşkil edilmişdi. Bundan sonra Fransa ermənilərinə geri qayıtmağa icazə verilmişdi. 50-ci illərin sonlarında xaricdən gələn ermənilər kütləvi surətdə geri qayıtmağa başlamışdılar.
Ermənistan rəhbərlərinin deportasiya edilmiş azərbaycanlı kəndlərində xaricdən gətirilən ermənilərin məskunlaşdırılması planı baş tutmadı. Xaricdən gələn ermənilər bir qayda olaraq, şəhərlərdə və yaxud xüsusi olaraq onlar üçün salınmış şəhər tipli qəsəbələrdə məskunlaşırdılar. Nəinki 1948-53-cü illərdə və bundan sonrakı illərdə Ermənistandan deportasiya olunmuş azərbaycanlı kəndləri, üstəlik Ermənistanın dağlıq rayonlarının bir çox erməni yaşayış məntəqələri də boşalmışdı. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda 476 kəndin boş qaldığı qeyd edilmişdi. Bu, Ermənistanda mövcud yaşayış məntəqələrinin üçdə birindən çoxunun xaraba qalması demək idi. Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki, Sovet hakimiyyəti illərində Ermənistan rəhbərləri azərbaycanlılar yaşamaqdansa, kəndlərin xaraba qalmasını üstün tutmuşlar.
XX əsrin 40-50-ci illərində Ermənistandan azərbaycanlıların respressiyaya məruz qoyularaq deportasiya edilməsi prosesi ilə bağlı materiallar “məxvi” qrifi altında saxlandığı üçün SSRİ dövründə tədqiq edilməmişdir. SSRİ Ali Soveti 14 noyabr 1989-cu ildə “Zorla köçürülmüş xalqlara qarşı repressiya tədbirlərinin qanunsuz və cinayətkar tədbirlər hesab edilməsi və onların hüquqlarının təmin olunması haqqında” bəyannamə və SSRİ Nazirlər Soveti buna müvafiq olaraq xüsusi qərar qəbul etmişdir. Həmin bəyannamədə bütöv xalqları zorla köçürmək praktikasını beynəlxalq hüququn əsaslarına, sosializm quruluşunun humanist təbiətinə zidd olan ən ağır cinayət kimi qətiyyətlə pisləmiş, repressiyaya məruz qalmış bütün Sovet xalqlarının hüquqlarının bərpası üçün müvafiq qanunvericilik tədbirlərinin görülməsi zəruri hesab edilmişdi. SSRİ Ali Sovetinin 14 mart 1991-ci il tarixli qərarı ilə repressiya olunmuş xalqların qanuni hüquqlarının bərpa edilməsi haqqında qərar qəbul etmişdir. Lakin adları çəkilən sənədlərdə deportasiya olunmuş xalqların sırasında Ermənistandan deportasiya olunan azərbaycanlıların adı çəkilməmişdir. Ona görə də indiki Ermənistan ərazisindən deportasiya edilmiş soydaşlarımızın öz tarixi vətənlərinə qayıtmaq hüququ tanınmadı və xalqımıza qarşı edilən tarixi ədalətsizlik bərpa olunmadı. Bu, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı qərəzli münasibətindən irəli gəlirdi.
Tədqiqatçılardan Ataxan Paşayev, Bəxtiyar Nəcəfov, Cəmil Həsənli, Lətifə Həsənova, Əsəd Qurbanlı və başqaları azərbaycanlıların Ermənistandan deportasiyasının səbəblərini, faciənin miqyasını və onun nəticələrini xronoloji çərçivədə araşdırmışlar.
Prezident Heydər Əliyevin 18 dekabr 1997-ci ildə imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman xalqımıza qarşı siyasi qərarla həyata keçirilən bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması məqsədini daşıyırdı. Cəmisi iki bəddən ibarət olan bu fərmanın 1-ci bəndinə əsasən 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyanın hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə dövlət komissiyası yaradılmışdır. Sənədin 2-ci bəndində isə Nazirlər Kabinetinə tapşırılır ki, fərmanın icrası ilə bağlı məsələləri həll etsin. Çox təəssüf ki, indiyədək bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi məsələsi həll edilməmişdir. Beynəlxalq ictimaiyyət hələ də Azərbaycan xalqının başına gətirilən bu faciənin miqyasından xəbərsizdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Sovet hakimiyyəti illərində repressiyaya məruz qalan xalqlar haqqında son dövrlərdə Rusiyada çoxlu tədqiqat əsərləri yazılmışdır. Lakin azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası faktı hələ də rusiyalı tədqiqatçıların əsərlərində özünə yer tapmamışdır. Sovet hakimiyyəti illərində xalqların repressiyası və deportasiyaları tarixini ən xırda detallarına qədər araşdıran demoqraf, professor Pavel Polyan (milliyyətcə erməni deyil – N.M.) müəyyən etmişdir ki, SSRİ məkanında 110 deportasiya əməliyyatı həyata keçirilmişdir. O, həmin əməliyyatlardan miqyasına görə seçilən 47-sinin siyahısını təqdim. Həmin siyahıya 1938-ci ildə Cənubi Azərbaycandan olan soydaşlarımızın (siyahıda “iranlılar” kimi təsnif edilir – N.M.), İran inqilabı yatırıldıqdan sonra öz dəstəsi ilə bir müddət Azərbaycanda yerləşən Mustafa Bərzaninin kürd silahlı dəstəsinin 1948-ci ildə deportasiyası faktı daxil edilsə də, Ermənistandan soydaşlarımızın 1948-1953-cü illər deportasiyası faktı daxil edilməyib. Bu, o deməkdir ki, biz hələ də öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdıra bilməmişik. Ermənilərin yalanları isə hər yerdə ayaq açıb yeriyir.
Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu tarixi cinayətə, etnik təmizləmə aksiyasına hüquqi-siyasi qiymət verilməsi üçün o vaxt qəbul edilmiş normativ sənədlər (Ümumittifaq əhəmiyyətli normativ və qanunvericilik aktları, Sovet hökumətinin, Kommunist Partiyasının qərarları, Respublika KP MK-nın və Nazirlər Sovetinin və digər icra orqanlarının qərarları, SSRİ Nazirlər Soveti Yanında Baş Köçürmə İdarəsinin və Azərbaycan SSR Köçürmə İdarəsinin arxivlərində saxlanılan fondların materialları, hesabatlar və s.), deportasiya olunanların əhval-ruhiyyəsi ilə bağlı “NKVD” və “KQB”-yə daxil olan məlumatlar, müraciətlər, yazışmalar və s., rayon arxivlərində saxlanılan sənədlər, deportasiya olunanların yazdıqları şikayət ərizələri və s. diqqətlə saf-çürük edilməli, sistemləşdirilərək sənədlər topluları şəklində çap edilməlidir. Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan materiallar və canlı şahidlərin ifadələri əsasında sənədli filmlər serialları çəkib dünyaya nümayiş etdirilməlidir. Yeni məskunlaşma yerlərində soydaşlarımızın üzləşdikləri humanitar fəlakət ayrı-ayrı aspektlər üzrə elmi-tədqiqat dövriyyəsinə daxil edilməlidir.
Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının imzalanmasından sonra 31 mart 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş, azərbaycanlılara qarşı soyqırım cinayətlərinin cəzasız qalmasını və bu barədə beynəlxalq ictimaiyyətdə məlumatın olmamasını nəzərə alaraq beynəlxalq təşkilatlara müraciət etmişdir ki, XIX-XX əsrlərdə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətini tanısın. Anoloji addım “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanla bağlı da atılmalıdır.
Azərbaycan tarixinin qara hərflərlə yazılan bu səhifəsi də kompleks şəkildə tədqiq edilməli və araşdırmaların nəticələri müxtəlif dillərə tərcümə edilərək dünya ictimaiyyətinin nəzərinə çatdırılmalıdır.
Nazim MUSTAFA,
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi
“Xalq qəzeti”, 6-7. 01. 2009