Sovet hakimiyyətinin ölkənin müxtəlif regionlarında, o cümlədən Qafqazda Azərbaycan, erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq siyasəti çar Rusiyasının məqsədli siyasətinin davamı idi.
Bu siyasət mərkəzə qeyri-rus xalqlar, xüsusilə də müsəlman və türklər üzərində öz hakim mövqeyini qoruyub saxlamaq üçün lazım idi.
Azərbaycanlılar və digər türklər yaşayan torpaqların işğalı hesabına «Böyük Ermənistan» dövləti yarartmaq xəstəliyinə tutulan ermənilər özlərinin heç vaxt mümkün olmayacaq məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırdılar.
Moskvadakı havadarlarının köməyi ilə mərkəzdəki və xarici ölkələrdəki erməni və ermənipərəst lobbilərinə arxalanan erməni – daşnaklar müharibədən sonrakı illərdə də vaxtaşırı azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi etnik ərazilərindən sıxışdırılıb çıxarılması, ilk növbədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış edirdilər. 40-cı illərin ortalarında Mərkəzin, bilavasitə Moskvadakı erməni lobbisinin lideri və rəhbəri A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda kommunistlərin fəal iştirakı ilə gizli «Qarabağ hərəkatı» və «Qarabağ komitəsi» yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi partiya elitasının köməyi ilə növbəti dəfə ÜİK(b) P MK qarşısında Azərbaycan torpaqlarının bir hissəsinin – Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdı. Ermənistan K(b) P MK və XKS Stalinə müraciət edərək heç bir elmi, tarixi əsası olmadan bildirdilər ki, Dağlıq Qarabağ ərazisi guya iqtsadi cəhətdən daha çox Azərbaycanla deyil, Ermənistanla bağlıdır. Mərkəzdə bu məsələyə dərhal münasibət bildirildi.
Belə ki, Moskvanın nümayəndəsi ÜİK(b) P MK katibi ermənipərəst K.M.Malenkov 28 noyabr 1945-ci ildə Azərbaycan K(b) MK-nın 1-ci katibi Mircəfər Bağırova məktub yazaraq bu məsələ haqqında – ermənilərin istəyi ilə bağlı məlumat verir və onun rəyini bilmək istəyir.
M.Bağırov isə öz növbəsində 10 dekabr 1945-ci il tarixdə K.M.Malenkovun məktubuna cavab göndərir. Cavab məktubunda Ermənistanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü bu iddiaların heç bir elmi, tarixi əsası olmadığı və Dağlıq Qarabağın Azərbaycanın qədim torpağı olduğu sanballı faktlarla sübut edilirdi. M.Bağırov bildirirdi ki, əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Şuşadan başqa, Yuxarı Qarabağ ərarizisi o halda Ermənistana verilə bilər ki, Zəngəzur bölgəsi bütövlüklə Azərbaycana qaytarılsın. Buna isə nə Moskva, nə də Ermənistan razı olmadı, çünki Türkiyə ilə Azərbaycan hesabına yaradılmış «erməni ərazisi» bununla ləğv edilərdi.
Sovet hakimiyyəti dövründə ilk dəfə olaraq Azərbaycan rəhbərlərindən M.Bağırov itirilmiş tarixi Azərbaycan torpaqları problemini önə gətirir. O, K.M.Malenkova cavab məktubunda bildirir ki, Dağlıq Qarabağın Ermənistana güzəştə gediləcəyi halda müxtəlif zaman kəsiyində Ermənistana, Gürcüstana və Rusiyaya verilmiş bir çox tarixi Azərbaycan torpaqlarının onun özünə qaytarılmasını qətiyyətlə tələb edir.
M.Bağırov yaxşı bilirdi ki, ermənilər buna razı olmayacaq və həm ermənilərin, həm də havadarlarının – Moskvanın planı pozulacaq. Moskva problemin nə qədər təhlükəli olduğunu anladı. Problemin həllini mümkün hesab etməyən Mərkəz ermənilərin iddialarını rədd etdi. Bununla yanaşı, Moskva Türkiyə ilə sərhəddə ermənilərin mövqeyini möhkəmləndirmək üçün işə başladı. Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1dək SSRİ, ABŞ və İngiltərənin iştirakı ilə Tehranda keçirilən konfransda Sovet-İran məsələsi müzakirə edilərkən ermənilərlə bağlı məsələyə toxunulmuşdur. Belə ki, gələcəkdə «Böyük Ermənistan» dövləti yaratmaq arzusunda olan ermənilər konfrans zamanı SSRİ xarici işlər naziri V.Molotova müraciət edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdilər. V.Molotov İ.Stalinin razılığını aldıqdan sonra İranda yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə icazə verilmişdi. 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul edildi.
Bu köçürülmə azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi. Yəni azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması və onların yaşadıqları əraziyə köçürülən ermənilərin yerləşdirilməsi nəzərdə tutulurdu. Bu işə «Daşnaksütyun» partiyası ilə birlikdə Qriqorian kilsəsi də öz xeyir-duasını vermişdi.
Lakin Molotovun təklifı o zaman Ermənistan KP MK-nın 1-ci katibi Q.H.Harutyunovla Stalinin razılığa gəlməsindən sonra xeyli dəyişdirildi. Qərara alındı ki, köçürüləcək ermənilər Ermənistanda yerləşdirilsinlər, əvəzində isə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılar Azərbaycana köçürülsünlər.
Bununla da Mərkəzin rəhbərliyi və xeyir-duası ilə azərbaycanlıların Ermənistan SSR ərazisindəki ata-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. Köçürülmənin həyata keçirilməsi 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qəbul etdiyi 4083 saylı qərarla rəsmiləşdirildi. Daha sonra SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında» yeni bir qərarı ilə bu prosesin həyata keçirilməsini sürətləndirmək üçün konkret tədbirlər planı hazırlandı. Qərarda göstərilirdi ki, bu, «SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir». Bu qərara görə, 100 min azərbaycanlı 1948-1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər «könüllülük prinsipinə əsasən» Azərbaycana köçürülməli idi. Qərarın on birinci maddəsində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistan SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə etsinlər. O zaman Ermənistan SSR-də öz ata-baba torpaqlarında 0,5 (yarım) milyondan çox azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən planlı və mütəşəkkil şəkildə Azərbaycan SSR-ə 1.799 təsərrüfat, 7.747 nəfər azərbaycanlı köçürülmüşdü. Köçürülmə zorakılığa, təzyiqlərə məruz qalmaqla həyata keçirilirdi. Bu üsulla 1948-ci ildə 429 azərbaycanlı ailəsi (2.834 nəfər) pərakəndə halda Azərbaycana köçürülmüşdü. 1948-ci ilin payızına qədər köçürülənlərin sayı 10.584 nəfərə çatmışdı.
SSRİ NS-nin 1948-ci il martın 10-da qəbul etdiyi qərarda köçürülmə ilə bağlı konkret tədbirlərdən bəhs olunurdu: köçürülən əhali əsas istehsal vasitələrini – kənd təsərrüfatı maşınlarını, avadanlığı, canlı və mexaniki qoşqu vasitələrini, ev heyvanlarını və s. apara bilərdi. Həmçinin SSRİ NS-nin qərarlarından irəli gələn vəzifələri yerinə yetirmək üçün Azərbaycan SSR Nazirlər Soveti 1948-ci il fevralın 2-də və aprelin 14-də xüsusi qərarlar qəbul etmişdi.
Köçürməni qısa müddətdə başa çatdırmaq üçün xüsusi köçkünlər komissiyası yaradılmışdı. Komissiya üzvlərinə göstəriş verilmişdi ki, camaat arasında izahat işi aparsınlar və bu «siyasi» kampaniya tezliklə başa çatdırılsın. Komissiyanın tərkibinə azərbaycanlılardan – Yerevan şəhəri Spandaryan rayon soveti icraiyyə komitəsinin sədri Rza Şeyxzadə, Qarabağ rayon partiya komitəsinin katibi İbiş Abbasov, «Sovet Ermənistanı» qəzetinin redaktoru Rəhim Allahverdiyev, Keşişkənd rayonu partiya komitəsinin 2-ci katibi Əziz Cəfərov və b. daxil idilər.
Azərbaycan SSR və Ermənistan SSR rəhbərləri arasında (respublika əhalisinin rəyi nəzərə alınmadan) əldə olunmuş razılaşmaya görə, 1949-cu ildə 15.713 nəfər (5420 nəfər yazda, 10.293 nəfər isə payızda) və 3818 təsərrüfat köçürülməli idi. Lakin SSRİ Nazirlər Soveti Azərbaycan SSR və Ermənistan SSR hökumətləri arasında əldə edilmiş razılaşmanı təsdiq etmədi. Mərkəzin rəsmi nümayəndəsi S.Çeremuşin Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyevdən Ermənistan SSRdən Azərbaycana əvvəlcədən müəyyənləşdirilmiş 40.000 nəfər azərbaycanlının köçürülməsini tələb etdi.
Azərbaycan hökuməti vəziyyətin çətinliyini görüb Mərkəzi hökumətə – SSRİ Nazirlər Soveti sədrinin müavini K.M.Malenkova müraciət etdi. Müraciətdə bildirildi ki, bir dəfəyə 40.000 nəfər əhalinin köçürülməsi və yerləşdirilməsi üçün Azərbaycanın imkanı yoxdur. Müraciətdə həm də 19491950-ci illər üçün əvvəllər müəyyənləşdirilmiş köçürülmə planlarına yenidən baxılması və «Ermənistan SSR-dən olan azərbaycanlı kolxozçuların və digər əhalinin 10 min nəfərinin 1949-cu ildə, 15 min nəfərinin isə 1950-ci ildə köçürülməsinə icazə verilməsi» xahiş edildi.
Bu məsələdə Azərbaycan rəhbərliyi qətiyyətsizlik göstərdi. Köçürülməsi nəzərdə tutulan əraziyə Ermənistanın 22 rayonu, əsasən azərbaycanlıların ata-baba torpaqları olan Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican, Astarxan, Kirovakan daxil idi. Bu ərazilər azərbaycanlıların yığcam şəkildə yaşadıqları dağlıq və dağətəyi bölgələrdən ibarət idi.
Ermənistan SSR-dən köçürülən azərbaycanlılar Azərbaycan SSR-in Kür-Araz ovalığında və digər rayonlarda yerləşdirilirdilər. Deportasiya edilmiş azərbaycanlılar Kür-Araz ovalığında yaşayan ermənilər tərəfındən təqib olunurdular. Bu cür böhtanlar nəticəsində ermənilər Azərbaycan SSR Şamxor (Şəmkir) rayonuna deportasiya edilmiş 150 nəfər azərbaycanlının öz təsərrüfatları ilə birlikdə ra-yondan sürgün edilməsinə nail olmuşdular. Ermənilərin Azərbaycanda özbaşınalığına respublika rəhbərinin gözü qarşısında şərait yaradan respublikanın XDİN-də, partiya və sovet orqanlarında rəhbər vəzifə sahibi olan Markaryan, Qriqoryan, Yemelyanov, Borşov və başqaları idi. Onlar deportasiya olunan azərbaycanlıların ermənilərin sıx yaşadıqları Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində və onun ətraf rayonlarda yerləşdirilməsinə imkan vermiş, M.Bağırova saxta, böhtan xarakterli arayışlar təqdim edirdilər. Respublika Təhlükəsizlik Nazirliyinin rəhbəri Yemelyanovun hazırlayıb M.Bağırova təqdim etdiyi rəsmi arayışda deportasiya olunan azərbaycanlıların ermənilər tərəfındən sıxışdırılmaları barədə kollektiv imza ilə göndərdikləri məktub və ərizələri «millətçilik», «siyasi təxribat» kimi xarakterizə edilirdi. Bunlara isə M.Bağrov inanırdı.
Beləliklə, 1949-cu ildə Ermənistan SSR ərazisindən qədim Qərbi Azərbaycan torpaqlarından 15.276 nəfər adam Şimali Azərbaycana deportasiya edildi. Deportasiya olunanlar Şimali Azərbaycanın Saatlı, Mirbəşir (Tərtər), Göyçay, İmişli, Əli-Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Bərdə, Gədəbəy rayonlarında yerləşdirildi. Ən çətini, dözülməzi ondan ibarət idi ki, dağlıq və dağətəyi ərazilərdə dünyaya göz açıb, yaşayan bu əhali indi birdən-birə çox isti olan Kür-Araz ovalığına köçürülürdü.
Sonrakı ildə – 1950-ci il martın 14-də və avqustun 25-də daha 3419 təsərrüfatın və 14.361 nəfər azərbaycanlının Ermənistan SSR-dən Azərbaycana köçürülməsi haqqında Azərbaycan və Ermənistan respublikalarının hökumətləri birgə qərar qəbul etdilər.
Köçürülənlərin sosial və məişət problemlərinə vaxtında diqqət yetirilmirdi. Bunun nəticəsi idi ki, 1950-ci ildən başlayaraq Kür-Araz ovalığından əhalinin bir hissəsi Ermənistana – öz keçmiş ata-baba yerlərinə qayıtmağa başlamışdı. Deportasiya olunanların digər bir qismi isə Azərbaycan hökumətinə və Mərkəzə şikayət məktubları göndərir və onlara olan diqqətsizlikdən, qeyri-insani münasibətdən söz açırdı. Lakin onların şikayət və tələblərinə cavab verən tapılmırdı. Əksinə, 1950-ci ilin payızında Ermənistan SSR ərazisindən Azərbaycana yeni 2907 təsərrüfat və 12.332 nəfər adam köçürülmüşdü.
Bütün bunlara baxmayaraq, erməni millətçiləri, onların himayədarları SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarlarının icra olunması vəziyyətindən narazılıq edirdilər. Nəticədə, onların təkidi ilə 28 fevral 1951-ci ildə SSRİ Nazirlər Soveti «1951-ci ildə köçürülmə planı haqqında» 605 saylı tam məxfı olan yeni qərar qəbul etməli olmuşdu. Qərarda köçürülmənin sürətləndirilməsi və qısa müddətdə başa çatdırılması öz əksini tapmışdı. Lakin bu qərar da erməniləri təmin etmədi. Çünki erməni millətçilərinin istəyinə rəğmən deportasiya olunanların geriyə qayıtması ara vermir, əksinə, artırdı.
1952-1953-cü illərdə Ermənistan SSR ərazisindən daha 3155 təsərrüfat və 1.376 nəfər azərbaycanlı Azərbaycana köçürüldü. Bununla yanaşı geri qayıdanların sayı da artırdı. Bunun başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında adi şəraitin olmaması idi.
Dövlət sənədlərində göstərilir ki, 1953-cü ildə köçürülənlərdən 1115 ailə geri qayıtmışdı.
Beləliklə, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan 150 min nəfər azərbaycanlı öz doğma torpaqlarından zorla köçürüldü. Bu, mərkəzin və Ermənistan hökumətinin qeyri-insani fəaliyyətindən, qatı millətçilikdən, şovinist münasibətdən başqa bir şey deyildi. Bu, adi insan hüquqlarının kobudcasına pozulması, anti-demokratik hərəkət idi.
Köçürülmə sonrakı illərdə də davam etdi. 1954-1956-cı illərdə 1316 təsərrüfat, 5876 nəfər azərbaycanlı Ermənistandan deportasiya olunmuş, etnik təmizləmənin növbəti mərhələsi keçirilmişdi.
Onu da təəssüflə qeyd edək ki, deportasiya olunanların hər üç nəfərindən biri yeni şəraitə, isti və quru iqlimə, adi məişət təminatsızlığına dözə bilməyib, aclıq və xəstəlikdən ölürdü.
Beləliklə, 1948-1956-cı illərdə Stalin-Beriya-Mikoyan üçlüyünün məkrli, antiazərbaycan siyasəti və M.Bağırovun qətiyyətsizliyi nəticəsində Ermənistan SSR-də azərbaycanlıların sayı xeyli azaldı. Vaxtilə Vedi, Keşişkənd rayonlarının əhalisinin etnik tərkibinin 72 faizini azərbaycanlılar təşkil etdiyi halda, deportasiyadan sonra orada cəmi 15-17 faiz azərbaycanlı qalmışdı. Azərbaycanda isə əksinə, ermənilərin sayı artırdı. Azərbaycanın əsas iri şəhərlərində – Bakıda, Sumqayıtda, Gəncədə, Əli-Bayramlıda, Mingəçevirdə, Daşkəsəndə və s. şəhərlərdə ermənilərin sayının artması ilə yanaşı, erməni gizli təşkilatları yaranırdı.
1948-1956-cı illərdə Ermənistan SSR-dən, öz tarixi torpaqlarından köçürülən azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırım və etnik təmizləmə kimi qiymətləndirilməli idi, lakin hələ bu günə qədər buna beynəlxalq miqyasda hüquqi qiymət verilməyib.
80-ci illərin sonunda isə soydaşlarımız Ermənistan SSRdən sonuncu nəfərinədək zorla qovuldu və ermənilər tərəfındən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə sona çatdırıldı.
Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın faciəsinə düzgün qiymət ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz Heydər Əliyev tərəfındən verildi. O, 1997-ci il dekabrın 18-də «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» fərman imzalandı. Bu fərmanla Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin mürtəce mahiyyəti dünya sivilizasiyasına çatdırıldı.
I.Zeynalov, X.Səfərova
www.kayzen.az
24.01.2018