www.1905.az portalının “Kvartet”ində 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan SSR ərazisindən köçürülmələri barədə qonaqlarımız – tarix üzrə fəlsəfə doktorları Nazim Mustafa və Əsəd Qurbanlı ilə danışdıq.
Fuad Babayev: Bir neçə gündən sonra ümummilli liderimiz Heydər Əliyevin 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında 18 dekabrda imzladığı fərmanın 19-cu ildönümüdür. Bu fərmanın 19-cu ildönümü ərəfəsində biz də bu mövzunu qabartmaq istəyirik.
Nazim müəllim, Sizin “1948-1953-cü il deportasiyasının bəzi məqamları” məqaləniz “Xalq qəzeti”ndə 2009-cu ildə dərc edilib. Biz azərbaycanlıların Ermənistandan deportasiyası məsələsindən danışanda adətən, buna Sovet İttifaqı kontekstində baxırıq. Amma bu məqalədən görünür ki, buna əslində II dünya müharibəsindən sonrakı vəziyyət kontekstində, Türkiyə ilə Sovet İttifaqının müharibədən sonrakı münasibətləri prizmasından baxmaq lazımdır. Bu hadisələrin beynəlxalq səbəbləri hansılar idi?
Nazim Mustafa: Ermənilər, bilirsiniz ki, 1828-ci ildə Türkmənçay, 1829-cu ildə Ədirnə müqaviləsi ilə bu ərazilərə köçürüldülər. Ermənilər bütün dövrlərdə tarixi şəraitin verdiyi fürsətlərdən məharətlə istifadə ediblər. 1828-1829-cu illərdə Çar Rusiyası Cənubi Qafqaza 120 mindən çox erməni köçürmüşdü. Ondan sonrakı dövrdə indiki Ermənistan ərazisində (yəni İrəvan xanlığı, sonra isə İrəvan quberniyasında) azərbaycanlıların soyqırım və deportasiyası 4 mərhələdən ibarət olub. Birincisi, 1905-1906-cı illər idi. Bunun da səbəbləri hansılar idi? 1890-cı illərdə Osmanlı hökuməti öz imperiyası daxilində erməni üsyanlarını yatızdırdı. 1890-cı illərdən sonra 400 min erməni Cənubi Qafqaza axışdı, əksəriyyəti də silahlı dəstələrin üzvləri idi. Qars vilayətindən Cənubi Qafqaza ən yaxın olan indiki Ermənistan ərazisinə gəldilər. Erməniləri orada məskunlaşdırmaq azərbaycanlı kəndləri silah gücünə böşaldıldı, qırğınlar törədildi. Həmin dövrdə 200 azərbaycanlı kəndi boşaldıldı və ermənilər orada məskunlaşdı. 1905-ci ildə artıq Rusiya imperiyasında inqilabi hərəkat baş qaldırmışdı. Ölkəni iğtişaş və tətillər bürüdüyü üçün çarizmin ucqarlara təsiri zəifləmişdi. Bu zaman artıq ermənilərin siyasi təşkilatları formalaşmışdı. Onların silahlı dəstələri isə bu fürsətdən istifadə edərək 1905-ci ildə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı kütləvi qırğınları həyata keçirdilər.
İkinci fürsət, I Dünya müharibəsi dövründə, 1915-ci ildə oldu. Cənubi Qafqaza 300 min erməni də Osmanlı imperiyasında ermənilərin köçürülmələrindən (red. – “Təhcir qanunu”) sonra gəldi. Həmin dövrdə indiki Ermənistan ərazisində 350 mindən çox azərbaycanlı yaşayırdı. Deməli, ermənilərin məskunlaşması üçün azərbaycanlılar yenə də soyqırıma məruz qaldılar. Beləliklə, 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulanda orada pərakəndə halda 10 min azərbaycanlı qalmışdı. Yəni, bu ermənilərin istifadə etdiyi ikinci fürsət idi.
Fuad Babayev: 1920-ci ildə Ermənistanda 10 min azərbaycanlı qalmışdı? Deməli, azərbaycanlı əhalinin sayı təbii artım nəticəsində 200 mini ötmüşdü? Çünki, 1988-ci ildə oradan 200 mindən artıq soydaşımız deportasiya edildi.
Nazim Mustafa: Bəli. Amma bir nüansı da qeyd edim ki, Sovet hakimiyyəti qurulandan sonra 130 mindən artıq azərbaycanlı Ermənistana geri qayıtdı. Bildiyiniz kimi, o zaman azərbaycanlıların təbii artımı, yəni 20 ildən bir əhalisinin sayının iki dəfə artmaq ehtimalı başqa xalqlara nisbətən bizdə daha çox idi.
Əsəd Qurbanlı: Ümumiyyətlə, deportasiya (red.-1948-ci il) ərəfəsində Ermənistanda mənim araşdırmalarıma görə 170 mindən artıq azərbaycanlı yaşayıb.
Nazim Mustafa: Deməli, ermənilər ikinci fürsətdən 1918-1920-ci illərdə istifadə etdilər və indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirdilər. Deportasiyanın 3-cü mərhələsi isə 30-cu illəri əhatə edir. Deyə bilərlər ki, həmin illərdə hər yerdə repressiya gedirdi. Ancaq ermənilər bundan necə istifadə etdilər? İndiki Ermənistanın Türkiyə və İranla sərhəd boyu rayonlarında azərbaycanlılar məskunlaşmışdı. Bu fürsətdən istifadə edən ermənilər o kəndlərdəki azərbaycanlıların bütün ziyalı təbəqəsini, hörmətli, nüfuzlü sakinlərini repressiyaya məruz qoydular. Onların bir hissəsini həbs etdilər, güllələdilər, bir hissəsi də Qazaxıstana və Orta Asiyaya sürgün olundu. Beləliklə, o sərhəd zolağı azərbaycanlılardan təmizləndi.
Nəhayət, 1948-1953-cü illərdəki beynəlxalq şərait ermənilərə mövcud fürsətdən növbəti dəfə bəhrələnmək şansı verdi. Qeyd etdiyiniz kimi II dünya müharibəsində Türkiyə Almaniyanın müttəfiqi idi. O vaxt bu dövlətlər arasında belə bir razılaşma olmuşdu ki, əgər alman qoşunları Şimali Qafqaz cəbhəsində qələbə çalsaydılar, Türkiyə də Şərqi Anadoludan SSRİ sərhədini keçəcəkdi. Bunun qarşısını almaq üçün sovet qoşunu İrana yeridilmiş və həmin vaxt Əziz Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti də İrana göndərilmişdi. Sövet hökuməti Türkiyənin bu hərəkətini özünə qarşı düşmənçilik aktı kimi dəyərləndirdi. 1944-cü ildə Almaniya ilə müttəfiqlikdən imtina edən Türkiyə 1945-ci ilin fevralında hətta öz keçmiş müttəfiqinə müharibə elan etməklə, özünü sığortalamaq istəyirdi. Buna baxmayaraq, 1945-ci il iyunun 7-də SSRİ xalq xarici işlər komissarı V. Molotov Türkiyənin SSRİ-dəki səfiri S. Sarperi dəvət edərək Boğazlara birgə nəzarət, Bosfor və Dardanel rayonunda Sovetlərə hərbi baza verilməsi, Qars və Ərdahanın SSRİ-yə qaytarılması haqqında Sovet hökumətinin tələblərini elan etmişdi.
Burada isə ermənilərin istəyi ilə Stalinin şəxsi marağı üst-üstə düşürdü. Eyni zamanda, xaricdə fəaliyyət göstərən “Daşnaksutyun” və “Ramkavar” partiyalarının da məqsədləri o idi ki, xarici dövlətlərə səpəlnmiş erməniləri indiki Ermənistan ərazisinə yığsınlar. Məqsəd sonradan onları Türkiyədən qoparılacaq regionlara – Qars və Ərdahan vilayətlərinə yerləşdirmək idi.
Fuad Babayev: Yəni Stalinin məqsədi qalib gəldiyi müharibədən sonra ölkənin ərazisini böyütmək, boğazlara nəzarət məsələsini gündəmə gətirmək üçün ermənilərdən bir alət kimi istifadə etmək idi.
Nazim Mustafa: 1945-ci il aprelin 3-də bütün ermənilərin katolikosunun seçkiləri ərəfəsində Eçmiədzin kilsəsinin arxiyepiskopu Gevorq VI Çörəkçyan mövcud problemlərin həlli ilə bağlı İ. Stalinə məktubla müraciət etmişdi. İ. Stalin bu məqamdan istifadə edərək, arxiyepiskop Gevorq Çörəkçyanı Moskvaya çağırır. Aprelin 19-da Gevorq Çörəkçyan SSRİ Nazirlər Sovetinin nəzdindəki Dini İşlər Şurasının sədri Polyanskinin müşayiəti ilə Stalinlə görüşür. Stalin əvvəllər Eçmiədzin kilsəsinə məxsus olmuş torpaqların qaytarılması tələbindən başqa, arxiyepiskopun bütün xahişlərinin yerinə yetiriləcəyini bildirir. Çünki həmin torpaqlar artıq kolxozlara məxsus idi və qaytarılması böyük narazılıqlar yarada bilərdi. 1945-ci il mayın 15-də Ermənistan Kommunist Partiyasının 1-ci katibi Q. Arutyunov məktubla İ. Stalinə müraciət edərək xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qaytarılmasını xahiş edir. Eyni zamanda da Ermənistanda repatriantların qəbulu və yerləşdirilməsi üzrə dövlət komitəsi yaradılır. Türkiyənin azad ediləcək erməni torpaqlarında iki vilayət partiya komitəsi yaradılmalı idi. Məsələn, Qars vilayət partiya komitəsinin birinci katibi vəzifəsinə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Anton Koçinyan təsdiq edilmişdi. Deməli, 25 min kv.km təxminən ərazini boşaltmalı idilər, onun 21 min kv.km.-ni verməli idi Ermənistana, 4 min kv.km.-i isə Gürcüstana birləşdirilməli idi.
Fuad Babayev: Söhbət Türkiyənin şərqindəki Qars və Ərdahan vilayətlərindən gedir.
Nazim Mustafa: Bəli. O vilayətlərin SSRİ-yə birləşdirilməsindən. Və bu məqamda yenə deyirəm ermənilərin istəyi ilə Stalinin istəyi üst-üstə düşürdü.
Fuad Babayev Necə oldu ki, bu məsələ alınmadı?
Nazim Mustafa: Müharibədən sonra Potsdam konfransında (red-17 iyul-2 avqust 1945-ci il) SSRİ xalq xarici işlər komissarı Molotov ABŞ və İngiltərə nümayəndələrinə xəritədə Qars, Artvin və Ərdəhanı göstərərək, həmin ərazilərin 1921-ci ildə Ermənistan və Gürcüstandan qoparıldığını iddia edir. Və deyir ki, vaxtilə Lenin səhv edib bu torpaqları Türkiyəyə verib və biz bu ədalətsizliyi bərpa etmək istəyirik. ABŞ və İngiltərə nümayəndələri “bizim bu barədə məlumatımız yoxdur” deməklə danışıqları uzadırdılar. Potsdam konfransında ermənilərin istəkləri alınmır. Mənim özümün vaxtilə yaşadığım Amasiya rayonunun Güllübulaq kəndi düz Türkiyə sərhədində yerləşir. Bizim o kəndlərdə bütün yüksəkliklərdə toplar quraşdırılmışdı. Biz uşaq vaxtı o topların içərisinə girirdik. O toplar yeraltı tikilinin üstündə quraşdırılmışdı və dişli çarxla onların lüləsi fırlanırdı. Biz topun içində oturub ətrafı müşahidə edirdik. Ordan topun lüləsi Türkiyəyə və ətraf kəndlərə tuşlanırdı. Biz o zaman bunun səbəbini başa düşmürdük. Sonralar bizi başa saldılar ki, 1946-cı ildə artıq elə bir məqam gəlmişdi ki, SSRİ Türkiyəyə hücum etməyə hazır idi. Şahidlərin dediyinə görə, saysız-hesabsız qoşun və hərbi texnika həmin əraziyə gətirilmişdi. O vaxt Türkiyəni xilas edən ABŞ və İngiltərə oldu. “Soyuq müharibə” məhz həmin dövrdən başladı.
Fuad Babayev: Fulton konfransı ondan sonra oldu.
Nazim Mustafa: Bəli. ABŞ, İngiltərə və Sovet İttifaqı arasında olan fikir ayrılığı SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiasından başladı.
Fuad Babayev: Həmin dövrdə SSRİ İrandan da çıxdı.
Əsəd Qurbanlı: ABŞ-ın İrandakı səfiri Rosso deyirdi ki, Qərb dövlətləri regionda SSRİ-nin bu əməllərinə göz yuma bilməzdi. Onlar inadla SSRİ-yə məsləhət gördülər ki, öz mövqelərinə geri çəkilsinlər və öz siyasətlərinə yenidən baxsınlar. Yəni onların təzyiqi nəticəsində Moskva Türkiyəyə qarşı təcavüzkar palnlarından geri çəkildi.
Nazim Mustafa: 1947-ci il iyulun 12-də Türkiyə ilə ABŞ arasında yardım haqqında müqavilə imzalanır. SSRİ Türkiyəyə qarşı ərazi iddiasından əl çəkəndən sonra emənilər azərbaycanlıların deportasiyasını yenidən gündəmə gətirdilər. 1945-ci ildən etibarən fəaliyyət göstərən repatriasiya komitəsi xaricdə yaşayan ermənilərin arasında bu istiqamətdə təbliğat aparır, onların Ermənistana gəlməsi üçün şirnikləşndirici vədlər verirdilər.
Fuad Babayev: Aydındır. 2004-cü ildə “Dirçəliş XXI əsr” jurnalında Əsəd Qurbanlının məqaləsi belə yekunlaşır. Azərbaycan türklərinin köçürülməsi səbəbləri bunlardır:
– birincisi, cənub sərhədlərin təhlükəsizliyi;
– ikincisi, ermənilərdən ibarət etibarlı sərhəd zolağının möhkəmləndirilməsi;
– üçüncüsü, Türkiyə ilə ola biləcək müharibə ehtimalı və Azərbaycan türklərinə etibar edilməsi;
– dördüncü, sovet tələbləri ciddiliyinin nümayişi;
– beşincisi, Türkiyə əleyhinə siyasətdə ermənilərin iştirakı müqabilində onlara verilmiş vədin qismən yerinə yetirilməsi;
– altıncısı, Cənubi Qafqazda türk nüfuzunun zəiflədilməsi.
2004-cü ildən 12 il keçir. Sizin bu müddət ərzində məqalənizdə gəldiyiniz nəticələrə əlavələriniz nədən ibarətdir?
Əsəd Qurbanlı: Mən tədqiqatlarımda məsələlərə geniş miqyasda baxmağa çalışmışam. Yəni Azərbaycan türklərinin Ermənistandan deportasiyasına Sovet deportasiya siyasəti kontekstində yanaşmışam. Yəni məlumdur ki, hadisələr 20-30-cu illərdə SSRİ-də sosializm quruculuğu gedişi prosesində müxtəlif siyasi partiyalar, qruplar deyil, bütöv xalqlar repressiya və deportasiyaya məruz qalmışlar.
Fuad Babayev: Çeçenlər, Krım tatarları, Məhsəti türkləri və s.
Əsəd Qurbanlı: SSRİ-də təxminən 3.226.340 nəfər sovet deportasiya siyasətinə məruz qalıb. Yəni bu köçürülənlərin içərisində Azərbaycan türkləri də olublar. Bunlar 1948-1953-cü illərdə öz tarixi-etnik torpaqlarından – Ermənistandan köçürülüblər. Bir məsələni də deyim ki, ümumiyyətlə, bütün xalqların köçürülməsinin ayrı-ayrılıqda öz səbəbləri var. Rəsmi qərarlar əsassız da olsa, müəyyən səbəblərlə izah olunurdu.
Fuad Babayev: O köçürmələrin həm bəyan edilən səbəbləri, həm də əsl səbəbləri var idi və bu səbəblər üst-üstə düşməyə bilərdi.
Əsəd Qurbanlı: Əsas səbəblər nə idi? II Dünya müharibəsindən sonra Sovet hökuməti rəsmi şəkildə Türkiyənin Şərq vilayətlərinə qarşı ərazi iddiası irəli sürürdü. Bu ərazi iddiaları Ermənistan adı ilə sığortalanırdı. Bu məsələdə Stalinin erməni kilsəsi ilə, Gevorq Çörəkçyanla (sonradan erməni katolikosu VI Gevorq oldu) şəxsi münasibətləri mühüm əhəmiyyət kəsb edirdi. O KQB ilə, Stalin ilə əməkdaşlıq edən xüsusi agent idi, çalışırdı ki, kilsəni bərpa etsin.
Fuad Babayev: Amma, o KQB ilə əməkdaşlıq edərkən də erməni ideyasına qulluq edirdi.
Əsəd Qurbanlı: Bəli. Həm də kilsə ianə toplanılmasında “vətənpərvər” mövqe tutmuşdu. Xaricdən onun hesabına xeyli vəsait keçirilmişdi. 17 dekabr 1945-ci ildə Sovet hökuməti Türkiyə ilə olan müqaviləni denonsasiya etdi, yəni birtərəfli qaydada dayandırdı. Sovet İttifaqının Türkiyənin Şərq vilayətlərinə iddaları şəraitində VI Gevorqla Stalinin münasibətləri öz axarına düşdü. Stalinlə Gevorq Çörəkçyan katolikos seçkisindən sonra bağlanmış monastırların açılması, dini jurnalların nəşri, diaspor ilə əlaqələrin qurulması kimi məsələlərdə razılığa gəlirlər. Stalin tapşırır ki, Türkiyəyə qarşı Sovet hökumətinin öz ərazi iddiaları var və siz də yaxşı olar ki, ordan qaçmış, dünyaya səpələnmiş 100 min erməninin miqrasiyasını təşkil edəsiniz.
VI Gevorq çox maraqlıdır ki, erməni təşkilatlarına, partiyalarına, erməni diasporuna müraciət edir və Sovet hökumətinin ermənilərin yaxın dostu olduğunu, onlara xüsusi rəğbət bəslədiyini və erməni məsələsini də onların mənafeyinə uyğun həll etmək istədiyini deyir.
Fuad Babayev: Əsəd müəllim, elə düşünmək olarmı ki, Sovet İttifaqının bu planı baş tutsaydı, 1948-1953-cü illər deportasiyası olmaya da bilərdimi? Yəni Türkiyə vilayətlərini itirəcəyi təqdirdə azərbaycanlıların Ermənistan ərazisindən deportasiyasına lüzum qalmayacaqdı. Elə deyilmi?
Əsəd Qurbanlı: Xeyr. Ermənilərin repatriasiyası ilə bağlı noyabrın 21-də qərar verilmişdi. Düzdür, Sovet Ermənistanında ermənilərin xaricdən gətirilib yerləşdirilməsi rəsmi şəkildə qeyd olunmuşdu.. Simon Vrasyanın (red – Ararat Respublikasının baş naziri olub) Gevorq Çörəkçyana 1948-ci ildə məktubları var. Ermənilərin bir alət olduğunu qeyd edən Vrasyan yazırdı: “…Bizim “ədalətli məhkəməmiz” məsələsinin həlli bu gün öz atom bombasını tərifləyərək onu göyə qaldıranları qətiyyən maraqlandırmır. Onlar üçün türklərlə dostluq, bizim kimi əzilən xalqın ədalətli və qanuni hüququndan olduqca qiymətlidir”. Yəni bizi Çar Rusiyası da, Sovet Rusiyası da, Sovet hökuməti də aldadaraq Şərq vilayətlərini Türkiyədən alıb ermənilərə vermədi.
Fuad Babayev: Bəs o 100 min erməni Ermənistana gəldimi?
Əsəd Qurbanlı: 80 min gəldi.
Fuad Babayev: Deməli, Türkiyənin şərq vilayətlərinin alınacağı təqdirdə orada məskunlaşacaq əhali Sovet Ermənistanının ərazisinə gəldi. Ermənilər üçün həmin ərazilərdə yer boşaltmaq üçün bizim soydaşlarımızı oradan köçürməyə qərar verildi.
Əsəd Qurbanlı: Bir məsələyə də toxunmaq istəyirəm. M. Qorbaçovun ən yaxın məsləhətçilərindən biri, SSRİ dağılanadək Sov. İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini olmuş Karen Brutens “30 il Kreml divarları arxasında” (red – К. Брутенц «30 лет на Старой площади», Москва, 1998) kitabında yazır ki, 1945-ci ilin sonu, 1946-cı ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi Arutyunov xaricdə ermənilərin kütləvi repatriasiyasını əsas götürərək, Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini ÜİK (b) P MK-nın ikinci katibi Malenkovla müzakirə etmişdi.
Fuad Babayev: Mircəfər Bağırovun vaxtilə deportasiya məsələsində reaksiyası necə olub? Məlumdur ki, Q. Arutyunovun Moskvaya müraciətindən sonra 1945-ci il noyabrın 28-də Malenkov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini Mircəfər Bağırova göndərir. Bağırov isə Şuşa istisna olmaqla, Arutyunovun tələbi ilə razı olduğunu bildirir. Bir şərtlə ki, Ermənistanın Əzizbəyov, Vedi, Qarabağlar rayonları Azərbaycana birləşdirilsin. Bağırov dogrudanmı bu məsələdə həlledici rol oynayıb?
Nazim Mustafa: Mən elə başa düşürəm ki, Bağırov ermənilərin iddiasının qarşısını almaq üçün bu taktiki addımı atmışdı. Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi ciddiləşmişdi. Bağırovun arayışını o vaxt İqrar Əliyev hazırlamışdı. Bu, onun xatirələrində də yer alıb. İqrar Əliyev xatirələrində yazır ki:“1978-ci ildə ermənilər yenidən bu məsələni qaldıranda Heydər Əliyev mənə belə bir arayış hazırlamağı tapşırımışdı (red – İqrar Əliyev o vaxt Tarix İnstitunun direktoru idi). Onda mən artıq bir dəfə belə bir arayış hazırladığımı dedim və arxivdən həmin sənədi tapdılar.” Ermənilərin 1945-ci ildəki torpaq iddiası məsələsi haqqında arayışdan Heydər Əliyev 1978-ci il Konstitusiyasının qəbulu zamanı ermənilərin əsassız iddialarına qarşı istifadə etmişdi.
Əsəd Qurbanlı: Gürcüstan adından, Ermənistan adından Sovet hökuməti Türkiyəyə qarşı ərazi iddiaları irəli sürürdü. Bu millətçiliyin güclənməsinə səbəb oldu. Tutaq ki, Ermənistanda, Gürcüstanda millətçilər fikirləşdi ki, biz niyə bu məsələni qaldırmamalıyıq. Ermənistan Qarabağ və Naxçıvana iddia etdi, Gürcüstan isə Qax, Balakən, Zaqatala zonasında ərazi məsələsini qaldırdı.
Fuad Babayev: 1948-1953-cü illər deportasiyası II Dünya müharibəsindən sonra qalib dövlətlərdən biri olan Sovetlər Birliyinin Türkiyəyə ərazi iddiasından qaynaqlanırdı, yəni o dövrdə SSRİ-nin gücünün təzahürü idi. Keçən əsrin 80-ci illərinin sonunda Sovet İttifaqı dağılanda yenə ermənilər ondan istifadə etdilər. Belə düşünə bilərikmi ki, 1988-1989-cu illər deportasiyası sırf Sovet İttifaqının daxilində gedən proseslərlə bağlı idi. Yəni, SSRİ-nin parçalanmasından ermənilərin məharətlə istifadə etməsi idi. Burada erməni kilsəsinin birləşdirici amil olması danılmaz faktdır.
Əsəd Qurbanlı: Mən öz tədqiqatlarmda erməni kilsəsinin fəaliyyətinə geniş yer ayırmışam, azərbaycanlıların köçürülməsini təkcə Sovet deportasiyası kontekstində deyil, həm də Ermənistanın Azərbaycana qarşı, SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiaları prizmasından araşdırmışam. Yəni, bu məsələlərə kompleks yanaşmışam.
Fuad Babayev: 18 dekabr 1997-ci il fərmanından sonra tədqiqatçılarımız, media bu mövzunun ictimayyətin diqqət mərkəzində saxlanılması üçün Azərbaycan tarixinin kütləviləşdirilməsi istiqamətində hansı addımlara rəvac verdi?
Nazim Mustafa: Bu mövzu ilə bağlı xeyli tədqiqatlar aparılıb. Misal üçün Heydər Əliyevin sözügedən fərmanından sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər)” sənədlər toplusu nəşr edilib. Orada sənədlərlə yanaşı Ataxan Paşayevin özünün tədqiqatları da yer alıb.
Əsəd Qurbanlı: Mən deportasiya mövzusunda məqalələr çap etdirmişəm və tədqiqatlarmı da davam etdirirəm.
Fuad Babayev: 1953-cü ildə Stalin dünyasını dəyişdi, sonra da Xruşov gəldi, XX qurultay və “Şəxsiyyətə pərəstiş” dövünün təftişi başlandı. Amma, bu Sovet İttifaqının o əsas trendini dəyişmədi və deportasiyanın öyrənilməsinə qadağalar aradan qalxmadı. Yəni elə bir dövrdə deportasiya məsələləri tam araşdırıla bilməzdi. Sizin fikrinizcə, bu bizi hansı mənbələrdən məhrum edib? Axı, 1953-cü ildən son dövrlərə kimi bu deportasiyanı tədqiq etmək imkan xaricində idi, yəni belə bir dissertasiya mövzusunun təsdiq edilməsi qeyri-mümkün idi. Həmin dövrdə deportasiyaya məruz qalmış insanların bir çoxu artıq həyatda yoxdur. Deportasiyanın tədqiqatçıları kimi, Siz hansı problemlərlə üzləşirsiniz?
Nazim Mustafa: Ermənilər Qars və Ərdahanı Ermənistana birləşdirmək istəklərinə nail ola bilməsələr də, digər istəklərinə nail oldular. 1947-ci il dekabrın 23-də İ. Stalin “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarını imzaladı. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə “könüllülük prinsipi əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu.
Həmin qərarların icrası ilə əlaqədar 1948-ci il iyulun 9-da Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev SSRİ Nazirlər Soveti sədrinin müavini V. Molotova məktubla müraciət edir ki, köçürülənlərin qəbulu üçün hazırlıq işlərinin qeyri-qənaətbəxş olmasını, azərbaycanlıların əsasən Ermənistanın dağlıq rayonlarında yaşamalarını, Kür-Araz ovalığı rayonlarında yaşayış evlərinin olmadığını, torpağın yararlı hala salınmadığını nəzərə alaraq, Ermənistan azərbaycanlılarının yaşayış üçün daha əlverişli olan zonalara köçürülməsinə icazə verilməsini xahiş etmişdi. O, təbii iqlim şəraiti, iqtisadi potensialı və ciddi işçi qüvvəsinə ehtiyacı olan üç qrup rayona köçürülməni təklif etmiş və bunu aşağıdakı kimi əsaslandırmışdı:
1. Kür-Araz ovalığının qərb rayonlarına, o cümlədən Qasım İsmayılov, Səfərəliyev, Tovuz, Qazax və Ağstafa rayonlarına (heyvandarlığın, pambıqçılığın və əkinçiliyin sürətli inkişafını təmin etmək üçün).
2. Xaçmaz, Dəvəçi, Xudat, Qusar və Quba rayonlarına (Bakı şəhərini meyvə-tərəvəzlə təmin etmək üçün).
3. Gədəbəy (kartof istehsalını artırmaq üçün) Zaqatala, Qax, Nuxa, Vartaşen və Qutqaşen rayonlarına (əkinçilik və heyvandarlığın inkişafı üçün).
Lakin SSRİ Nazirlər Soveti T. Quliyevin xahişinə məhəl qoymamışdı. Yəni, bu adamlar bura gələndə itkiyə məruz qalmasınlar, Ermənistanda yaşadığı təbii şəraitə müvafiq yerlərdə məskunlaşsınlar. Bunlar sənədlərdə öz əksini tapıb.
Burada ən çox ağrılı məsələ deportasiya olunan əhalinin xatirələrinin yazılmaması, başlarına gələn faciələrin videolentlrə köçürülməməsidir. Yəni bunlar o zaman sənədləşdirilməyib.
Araşdırmalar göstərir ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi etnik torpaqlarından deportasiyası haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı zorakı üsullarla həyata keçirilmişdir. Həmin qərarla Ermənistanın 24 rayonundan və İrəvan şəhərindən, 200-dən artıq yaşayış məntəqəsindən 100 minə yaxın azərbaycanlı əhali deportasiya edilmişdir.
Fuad Babayev: İndi başqa sual yaranır. O dövrdə Azərbaycan tarixçisinin onları etmək imkanı yox idi. Çünki, Sovet hökumtinin qılıncının qəbzəsi də kəsirdi. Bəs 80-ci illər deportasiyasının öyrənilmə dərəcəsi necədir?
Nazim Mustafa: Düzdür, həmin hadisələrin canlı şahidləri var. Ancaq yenə də həmin dövrlə bağlı kifayət qədər videolent yoxdur. Mən bir şey deyim. Xalq Cümhuriyyəti dövründə mən qaçqınlar problemini araşdırmışam. O zaman tutaq ki, bugünkü texniki imkanlar yox idi. Amma, bununla belə qaçqınların problemi kifayət qədər işlənib, sənədləşdirilib.
Fuad Babayev: Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il mart soyqırımının araşdırılması sahəsində fəaliyyəti danılmaz faktdır.
Nazim Mustafa: Ondan əlavə, qaçqınların yerləşdirilməsi ilə bağlı komissiya yaradılıb. “Domkom” deyilən Evlər komitəsi ev-ev gəzərək qaçqınların nəyə ehtiyacı olduğunu müəyyənləşdirib. Yenicə qurulmuş Azərbaycan hökuməti 1918-1920-ci illərdə çox məhdud imkanlar çərçivəsində qaçqınların qəbul edilməsi və yerləşdirilməsi ilə məşğul olurdu. 1948-1953-cü illər deportasiyası ilə bağlı əlavə nə etmək mümkündür? Mən düşünürəm ki, Ermənistan arxivlərində olan sənədləri əldə etmək imkanlarını araşdırmaq lazımdır.
Fuad Babayev: Deportasiya məsələlərinin araşdırılması üçün yol xəritəsi cızmaq imkanınız olsaydı Siz hansı təklifləri edərdiniz? İndiki situsaiyada nə edək?
Əsəd Qurbanlı: Xoren Qriqoryanın (red – azərbaycanlıların repressiyasında cinayətkar rol oynamış bu şəxs Ermənistanın Daxili İşlər naziri olub) Mircəfər Bağırova göndərdiyi arayışda qeyd olunur ki, azərbaycanlılar köçmək istəmirlər, xarakterik haldır ki, köçürmə haqqında əhali məlumatlandırılılmalıdır. Əhali köçürülməyə müsbət münasibət bildirsə də, əslində bunu qəbul etmirdi. Yəni əhalinin müqaviməti, etirazı var idi. Əhalinin bir qismi köçürmənin könüllü olduğuna istinad edərək köçməkdən imtina edirdi, digər bir qrup ictimai təsərrüfatlarda çalışmaqdan boyun qaçırırdı, şəxsi əmlakları dağıdırdılar, evləri sökürdülər ki, erməniyə qismət olmasın. Bundan başqa ləmbəlilərin açıq müqaviməti var idi. Köçürmə idarəsinin rəisi Gözəlovun da məlumatı var ki, əhali Salyan rayonuna köçmək istəmirdi. Əhalinin başqa bir hissəsi isə dağətəyi rayonlarda məskunlaşmaq istəyirdi, bəzi insanlar köçürmə qanunlarına baxmayaraq, özbaşına köçürdü. 3734 təsərrüfat, yəni 20 mindən artıq əhali sıxışdırma və təzyiq nəticəsində özbaşına Azərbaycana köçüb gəlib. 23 dekabr 1947-ci il tarixli qərardan sonra yanvarın 1-nə qədər 200-dən çox təsərrüfat özbaşına Azərbaycana köçmüşdü. Gəncə zonasında, Tovuzda, Ağstafada, Qazaxda, Şəmkirdə yerləşmək istəyirdilər.
Fuad Babayev: Yəni Siz təklif edərdiniz ki, bu məsələlər araşdırılsın.
Əsəd Qurbanlı: Mənim yeni kitabda verəcəyim yeni araşdırmalar bunlardır. Sonra deportasiya olunan azərbaycanlıların malyariyaya tutulması araşdırmalı məsələlər sırasındadır. Ağcabədidə, o vaxt Səfərəliyev adlanan Xanlar rayonunda (red – indiki Göygöl rayonu) ölüm faktları var.
Fuad Babayev: Yəni deportasiya edilmiş əhalinin antisanitariya şəraitində yoluxucu xəstəliklərdən də tələf olurdular.
Əsəd Qurbanlı: Azərbaycan Nazirlər Sovetinin Malyariyaya qarşı mübarizə tədbirləri haqqında qərarı var.
Təmkin Məmmədli: Deportasiya zamanı dözülməz şərait, xəstəlik və aclıq səbəbindən ölən soydaşlarımızın statistikası aparılıbmı?
Əsəd Qurbanlı: Bunlar arxivdə qorunub saxlanılmayıb. Tək-tək məlumatlar var. Teymur Quliyev Moskvaya göndərdiyi məktubda da bu barədə yazır ki, əhalinin malyariyaya tutulması, tibbi-sanitariya vəziyyətinin aşağı səviyyədə olması barədə faktlar var.
Fuad Babayev:. Bu məsələ erməni tarixşünaslığında, ermənilərin tarixində əksini tapıbmı hansısa formada?
Əsəd Qurbanlı: Erməni mətbuatında, erməni tarixşünaslığında bu məsələ ümumiyyətlə iz buraxmayıb. Mən gördüyüm “Naqornı Karabax” kitabında qeyd edilib ki, 1948-ci ildə 58 min əhali Ermənistandan Azərbaycana köçürülüb. O da Azərbaycan mənbəsinə istinad edir.
Nazim Mustafa: Bir ara ermənilər Ermənistan arxivindəki sənədlərin toplularını buraxırdılar və orada olan çoxlu faktlar bizə gəlib çatırdı. 2011-ci ildən etibarən o sənədlər toplusunun elektron nəşrini dayandırdılar. Orada Ermənistan Dövlət Arxivinin buraxdığı nəşrlər var. Misal üçün Koçinyanın (red – Ermənistan KP MK-nın 1966-1974-cü illərdə birinci katibi olub) şəxsi arxivinin sənədlərini çap ediblər. O sənədlərin arasında azərbaycanlıların deportasiyası ilə bağlı məsələlər, Koçinyanın özünün Naxçıvanla bağlı qaldırdığı məsələlər var idi və internetdə onlardan istifadə etmək mümkün idi.
Əsəd Qurbanlı: Amma indi həmin məlumatları saytdan siliblər. Mən özüm də o materiallardan istifadə etmişəm.
Nazim Mustafa: Yəni, elə sənədlərdən bizə lazım olan faktları tapıb üzə çıxara bilirdik.
Fuad Babayev: Nazim müəllim, mənə çox maraqlıdır deportasiya məsələsi, SSRİ-nin Türkiyəyə ərazi iddiaları Rusiya və ya Türkiyə tarixşünaslığında necə iz buraxıb?
Nazim Mustafa: Rusiyada demoqrafiya, deportasiyalar, köçürmə siyasəti ilə bağlı tədqiqatlar aparılır. Mən məşhur rus tarixçisi Pavel Polyanın əsərini araşdırmışam. Onun əsərində 100-dən çox köçürmə hadisəsi ilə bağlı faktlar var. Məsələn, 1938-ci ildə İran təəbəliyəndə olan 30 min azərbaycanlını Bakıdan köçürdülər və onrarın yerinə şəhərin mərkəzinə erməni, yəhudi və rusları yerləşdirdilər. Deməli, Pavel Polyanın kitabında bütün bu faktların olmasına rəğmən azərbaycanlıların 1948-ci il deportasiyası haqqında bir kəlmə də yoxdur. Bu gün də biz elə bilirik ki, hamı bizim faciəmizdən xəbərdardır. Amma, əslində biz faciəmizi dünyaya çatdırmamışıq. Çox qəribədir ki, türklər bu məsələlərdən bir neçə il bundan əvvəl xəbər tutublar ki, Sovet hökumətinin Türkiyəyə 25 min kv.km-lik ərazi iddiası olub. Halbuki, bu sənədlər, diplomatik korpusların yazışmaları onların Dövlət arxivlərində də var. Onlar bu məsələyə çox laqeyd münasibət göstəriblər.
Əsəd Qurbanlı: Mən öz tədqiqat işimdə yazmışam ki, II Dünya müharibədən sonrakı dövrdə türk tarixçiləri SSRİ-nin ərazi iddiası məsələsinə ötəri toxunublar.
Nazim Mustafa: Deportasiya ilə bağlı sənədlərin müəyyən bir qismini Ataxan Paşayev Moskvadan gətirə bilib. Ancaq bir çox sənədlər hələ də oradadır. O vaxt Ermənistandan göndərilən sənədlər SSRİ Baş Köçürmə İdarəsinin arxivində toplanırdı. Həmin arxivin materiallarını əldə etmək lazımdır. Deportasiya dövründə Azərbaycanda səhiyyənin vəziyyəti ilə bağlı, əhalinin malyariyaya yoluxması, epidemiyaların yayılması haqqında sənədlər araşdırılmalıdır. Deportasiya əhalinin kütləvi surətdə və uzun müddətə təhsildən yayınmasına səbəb olduğu üçün təhsillə bağlı sənədlər də tədqiqata cəlb edilməlidir.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Material ilk dəfə 16 dekabr 2016-cı ildə dərc edilib