Azərbaycanlıların İrəvandan 1988-89-cu illər deportasiyası, 1828-ci ildən etibarən Rusiyanın həyata keçirdiyi şəhərin etnik tərkibinin erməniləşdirməsi siyasətinin və sonrakı dövrlərdə isə Ermənistan hökumətinin reallaşdırdığı etnik təmizləmə siyasətinin son mərhələsi oldu.
Azərbaycanlıların Ermənistandan, o cümlədən də İrəvan şəhərindən son kütləvi deportasiyasına hazırlıq hələ 1960-cı illərin ortalarından başlanmışdı. Ermənistanda antitürk, antiazərbaycanlı təbliğatı həmin vaxtdan etibarən var gücü ilə işə salınmışdı. 1964-cü ildə Moskvanın razılığı ilə Ermənistan KP MK uydurma “böyük qırğın”ın (o vaxt indi işlədilən “erməni soyqırımı” termini əvəzinə, “böyük qırğın” (“medz yeğerni”) ifadəsi işlədilirdi) 50 illiyinin 1965-ci il aprelin 24-də qeyd edilməsi haqqında qərar qəbul etmişdi. Ermənistanın bütün kütləvi informasiya vasitələri, nəşriyyatları, redaksiyaları 1915-ci il uydurma qırğınların təbliği ilə məşğul olmuşdular.Həmin dövrdə İrəvanda Ermənistanı Yenidənbirləşdirmə Hərəkatı yaradılmışdı. Yüz minlərlə azərbaycanlı və türk dinc əhalisinin qətlinə rəhbərlik etmiş Andranik Ozanyanın anadan olmasının 100 illiyi 1965-ci ilin fevralında təntənəli surətdə qeyd edilmiş, sonra isə Ucan kəndində onun heykəli ucaldılmışdı. Həmin vaxtadək gizli fəaliyyət göstərən “Daşnaksutyun” partiyası fürsətdən istifadə edərək, bir növ açıq fəaliyyətə keçmişdi.
Rusiya tarixçisi Vladimir Kozlov “Неизвестный СССР. Противостояние народа и власти. 1953-1985 гг.” əsərində yazır ki, Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) aprelin 24-də İrəvanda millətçilik şüarları və ərazi iddiası tələbi ilə mitinq keçirmək istəyən gənclərin bir qrupunu həbs etsə də, həmin gün baş verən iğtişaşların qarşısını ala bilməmişdi. Həmin hadisələr barədə SSRİ DTK-sının sədri V.Semiçastnı Sov.İKP MK-nın katibi P.Demiçevə göndərdiyi məlumatda belə ifadə etmişdi: “Aprelin 24-də səhərdən gecə saatlarınadək İrəvanda Lenin adına meydanda və digər yerlərdə keçirilən kortəbii mitinqlərdə 3 mindən 8 minədək adam iştirak etmişdir. Orada çıxış edənlər Ermənistan torpaqlarının qaytarılmasını (aydındır ki, Dağlıq Qarabağı – Kozlov V.), “erməni məsələsi”nin ədalətli həllini və həbs edilən 7 nəfər gəncin (1964-cü ildə həbs edilən millətçi qrupun üzvləri nəzərdə tutulur – Kozlov V.) azad edilməsini, həmçinin xaricdən ermənilərin köçürülməsinin sürətləndirilməsini və Ermənistanda əhalinin sıxlığı böhran hədinə çatdığı üçün onların Naxçıvanda yerləşdirilməsini tələb etmişlər. Bu tələblər meydanda tərtib edilmiş müraciətə daxil edilmiş və Sov.İKP MK-ya, Nazirlər Sovetinə və SSRİ Ali Soveti Rəyasət Heyətinə ünvanlanmışdı.”
Mitinq iştirakçıları həmin tələbləri gün ərzində şəhərin müxtəlif yerlərində səsləndirmiş, axşam isə Spendiarov adına teatrın binasında Eçmiədzin kilsəsi ilə birlikdə keçirilən anım tədbirinin rəsmi hissəsindən sonra teatrın qapılarını sındıraraq içəri daxil olmuş, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları barədə rəsmi bəyanat verilməsini respublika rəhbərliyindən tələb etmişdilər.
Ermənistanda sovet hakimiyyətinin qurulmasından keçən müddət ərzində ilk dəfə idi ki, açıq şəkildə, izdiham qarşısında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası irəli sürülürdü. 1965-ci il aprel hadisələrindən sonra azərbaycanlılara qarşı diskriminasiya siyasəti gücləndirilmiş, nəticədə İrəvan şəhərindən və ətraf rayonlardan yüzlərlə azərbaycanlı ailəsi təzyiqlərə tab gətirməyərək Azərbaycana köçməyə məcbur olmuşdu. Bu, Ermənistanda yaşayan azərbaycanlılar üçün sonun başlanğıcı demək idi.
XX əsrin 60-70-ci illərində Ermənistan rəhbərliyi dəfələrlə Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı. Dağlıq Qarabağda erməni separatizmi Ermənistan rəsmiləri və ziyalıları tərəfindən körüklənirdi. Vaxtaşırı olaraq Dağlıq Qarabağda və Ermənistanda yaşayan erməni ziyalıların imzası ilə SSRİ-nin müxtəlif instansiyalarına “tarixi ədalətsizliyin bərpa edilməsi” – yəni ermənilərin Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının təmin edilməsi üçün müraciətlər göndərilirdi. Bütün bunlara paralel olaraq, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından sıxışdırılıb çıxarılması üçün rəsmi İrəvan tərəfindən hər cür vasitələrə əl atılırdı. Ermənistanın iqtisadiyyatı, onun sənaye müəssisələri bütövlükdə Azərbaycandan qidalanmasına baxmayaraq, erməni ziyalıları, mədəniyyət və incəsənət xadimləri mütəmadi olaraq antitürk, antiazərbaycan təbliğatını gücləndirir, erməni və Azərbaycan xalqları arasında ədavət toxumu cücərdirdilər.
1983-cü il aprelin 24-də ermənilər genosid gününü bəhanə edərək İrəvan şəhərinə bitişik Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azğınlıqlara son qoyulmuşdu. Bu cür hadisələr İrəvan şəhərində və azərbaycanlıların kompakt şəkildə yaşadıqları Ermənistanın 22 rayonunda müxtəlif vaxtlarda, müxtəlif formada baş verirdi.
Ermənistanda azərbaycanlı kadrların məsul vəzifələrə irəli çəkilməsinə qadağa qoyulmuşdu. Həmin dövrdə Ermənistanda iki yüz mindən artıq azərbaycanlı yaşadığı halda, Ermənistan KP MK aparatında мэ Nazirlər Sovetində onları bir nəfər inspektor təmsil edirdi. Yalnız Ermənistan KP MK-nın, Ali Sovetin və Nazirlər Sovetinin orqanı olan və Azərbaycan dilində nəşr edilən “Sovet Ermənistanı” qəzetinin azərbaycanlı redaktorları ənənəvi olaraq Ermənistan SSR Ali Sovet sədrinin ictimai əsaslarla müavini seçilirdi. Komsomolun Mərkəzi Komitəsində isə yalnız 1981-ci ildən etibarən bir nəfər azərbaycanlı təlimatçı işləyirdi.
Ermənistanda azərbaycanlılara qarşı aparılan milli ayrıseçkilik siyasətinə, onların müxtəlif bəhanələrlə sıxışdırılmasına nəhayət ki, Sov.İKP MK reaksiya verməyə məcbur olmuşdu. Sov.İKP MK-nın 17 oktyabr 1984-cü il tarixli qərarında göstərilirdi ki, son vaxtlarda Ermənistanda millətçilik əhval-ruhiyyəsini qızışdıran əsərlər yazılır, tarixi həqiqətlər təhrif edilir, azlıqda qalan millətlərin dilinin və mədəniyyətinin inkişafına imkan yaradılmır, partiya, sovet və təsərrüfat strukturlarında onların nümayəndələri təmsil olunmurlar və s. Bütün bunlarla müqayisədə, həmin dövrdə Azərbaycanda yaşayan ermənilər bütün instansiyalarda məsul vəzifələrə təyin edilirdilər. Azərbaycanda erməni millətindən olan nazir və neçə-neçə nazir müavini, rayon partiya komitələrinin katibləri, icraiyyə komitələrinin sədrləri, respublika miqyaslı idarələrin rəisləri var idi. Xüsusən, hüquq-mühafizə orqanlarında ermənilər həddindən artıq kök salmışdılar. Dağlıq Qarabağda isə əhalinin təqribən 30 faizini təşkil edən azərbaycanlılar həmin nisbətdən xeyli aşağı səviyyədə vilayətin idarəçiliyində təmsil olunrdular.
1985-ci ilin martında Mixail Qorbaçovun Sov.İKP MK-nın baş katibi seçilməsindən sonra ermənilər xeyli fəallaşmışdılar. M.Qorbaçovun elan etdiyi “yenidənqurma” və “aşkarlıq” prinsipləri Dağlıq Qarabağda erməni separatizminin yenidən baş qaldırmasına şərait yaratmışdı. Kremldə yüksək vəzifəli ermənilərin tam əhatəsində olan M.Qorbaçov 1987-ci ilin oktyabrında Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Siyasi Büro üzvlüyündən istefaya göndərilməsinə nail oldu. 1987-ci il noyabrın 16-da M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” hotelində Fransada yaşayan ermənilərin nümayəndələri qarşısında etdiyi çıxışında Dağlıq Qarabağın Ermənistana “qaytarılması” təqdirində özünü xoşbəxt hiss edəcəyini bildirmiş, bir iqtisadçı kimi, Dağlıq Qarabağın Azərbaycandan çox Ermənistana bağlı olduğunu söyləmiş və əlavə etmişdi ki, artıq o, belə bir təklif irəli sürmüşdür, ümid edir ki, demokratiya və yenidənqurma işığında həyata keçəcəkdir.
1987-ci ilin avqustunda ermənilər Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Kremlə göndərmişdilər. Dağlıq Qarabağdan iki nümayəndə heyəti Moskvaya göndərilmişdi. Oktyabrın 18-də İrəvan şəhərində “ekoloji problemlər” pərdəsi altında ilk mitinq keçirilmişdi. Mitinqdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən şüarlar qaldırılmışdı. İrəvanda yaranan gərginlik tədricən Ermənistanın rayonlarını da əhatə etməyə başlamışdı. Ermənistanda yaşayan azərbaycanlılardan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün tərtib edilən vərəqələri imzalamaq tələb edilir, əks təqdirdə onlar döyülür, söyülür, təhqir edilirdilər. Kremldəki erməni lobbisi, Rusiyadakı və Ermənistandakı erməni elitası Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün bütün gücünü səfərbər etmişdi.
Həmin ilin noyabrında M. Qorbaçov ABŞ-da səfərdə olarkən onun xanımı Raisa Qorbaçova erməni diasporunun nümayəndələri ilə görüşmüşdü. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Raisa Qorbaçovanın tamahına bələd olan ermənilər ona qiymətli hədiyyələr bağışlamış, M.Qorbaçovdan Dağlıq Qarabağ ermənilərinin tələblərini müdafiə etməyi xahiş etmişdilər.
Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində 1988-ci il yanvarın 25-də Ermənistan SSR-in Qafan və Meğri rayonlarından ilk azərbaycanlı qaçqınlar qatarla Azərbaycana gəlmiş, onlar Abşeron rayonunda yerləşdirilmişdilər. Lakin bu, ictimaiyyətdən gizli saxlanılmışdı.
1988-ci il fevralın 12-də Xankəndində (keçmiş Stepanakert) ilk mitinq keçirilmişdi. Fevralın 18-də Qorbaçov Qarabağ məliklərinin törəmələrindən olan Georgi Şahnazarovu özünə yeni köməkçi təyin etməsi ilə hadisələr ermənilərin istəyinə uyğun şəkildə sürətlə cərəyan etməyə başlamışdı. Fevralın 20-də Xankəndində yalnız erməni deputatların iştirakı ilə keçirilən DQMV Xalq Deputatları Sovetinin sessiyasında muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra, Ermənistanın millətçi rəhbərləri “Daşnaksutyun” partiyasının “Türksüz Ermənistan” proqramını həyata keçirməyə başladılar.
1988-ci il fevralın 20-dən etibarən İrəvanda da kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin ikinci günü İrəvanda fəaliyyət göstərən Dəmirbulaq məscidi (XX əsrin əvvələrində şəhərdə 8 məscid var idi) və M.F.Axundov adına azərbaycanlı orta məktəb, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular.
Fevralın 26-da Kremldəki erməni lobbisinin başçısı, M.Qorbaçovun köməkçisi Georgi Şahnazarovun və Sov.İKP MK-nın katibi Aleksandr Yakovlevin («Латинская Америка» jurnalının redaktoru Serqo Mikoyanın qayını Yakovlevin köməkçisi idi) müşayiəti ilə Sov.İKP MK-nın baş katibi M.Qorbaçov Silva Kaputikyanı və Zori Balayanı qəbul etmişdi. Saatyarım müddətdə onlar M.Qorbaçova türk dünyasının xəritəsini və saxta tarixi arayışlar təqdim etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışlar. Lakin Qorbaçov onlara Dağlıq Qarabağın Ermənistana veriləcəyini vəd etmir. DQMV-nin sosial-iqtisadi inkişafı üçün o dövrün miqyasına görə çox böyük məbləğ olan 400 milyon rubl ayırılacağını vəd edir. Çünki Qorbaçov bilirdi ki, SSRİ ərazisində 19 potensial milli münaqişə ocağı mövcuddur və sərhədlərin dəyişdirilməsi yolu ilə Dağlıq Qarabağın Ermənistana verilməsi SSRİ-nin süqutuna gətirib çıxara bilər. Şahnazarov onlara deyir ki, gedin İrəvanda deyin ki, tezliklə milli məsələyə həsr olunacaq Ümumittifaq konfransı keçiriləcək və o zaman qərar qəbul ediləcək.
Fevralın 27-də Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə tam məxfi görüş keçirmiş, onlara təzyiqləri artırmağı və tələblərindən geri çəkilməməyi məsləhət görmüşdü.
M.Qorbaçovun Dağlıq Qarabağı Ermənistana verməyə cəsarət etmədiyinə əmin olan ermənilər, əvvəlcədən hazırladıqları planı işə saldılar – Sumqayıt iğtişaşlarını törətdilər. Fevralın 28-də başlanan və iki gün davam edən, kortəbii olaraq azərbaycanlı gənclərin də qoşulduğu iğtişaşların törədilməsində ermənilərin məqsədi “vəhşi” azərbaycanlılarla birgə yaşayışının mümkünsüzlüyünü dünya ictimaiyyətinin nəzərinə çatdırmaq və Dağlıq Qarabağda baş qaldıran erməni separatizminə bəraət qazandırmaqdan ibarət idi. İrəvanda yaradılan “Qarabağ” hərəkatının liderlərindən biri, sonralar Ermənistanın ilk prezidenti olan Levon Ter-Petrosyan öz müsahiblərinin birində demişdi ki, Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı, Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi.
26 nəfər erməninin (istintaq müəyyən etmişdir ki, onlardan 5-ni iğtişaşların təşkilatçılarından biri olan Eduard Qriqoryan adında erməni qətlə yetirmişdi) və 6 azərbaycanlının qətli ilə nəticələnən Sumqayıt iğtişaşları Ermənistanda yaşayan azərbaycanlılara qarşı qətl və qarətlər törədilməsi üçün erməni millətçilərinə əlavə fürsət vermişdi. Sov.İKP MK Siyasi Bürosunun fevralın 29-da keçirilən iclasında Dağlıq Qarabağ və Sumqayıtla bağlı məsələnin müzakirəsi zamanı M. Qorbaçov demişdi: “İrəvanda vərəqələr yayılıb: Ermənilər, mitinqləri dayandırın, silahları götürün və türkləri qovun!.”
Ayrı-ayrı rayon rəhbərləri azərbaycanlılara qarşı iqtisadi təzyiq üsullarından istifadə edir, kəndlərə ərzaq və gündəlik tələbat mallarının verilməsini məhdudlaşdırırdılar. Hər hansı iş üçün şəhərlərə və rayon mərkəzlərinə getməyə məcbur olan azərbaycanlılar təhqir edilir, döyülür və qarət edilirlər. Rayon mərkəzlərində, xüsusən də İrəvan şəhərində yaşayan azərbaycanlılar üçün dözülməz şərait yaranmışdı. Artıq şəhərdə mövcud olan bir orta və bir səkkizillik azərbaycanlı məktəbi, İrəvan azərbaycanlı dram teatrı, İrəvan Pedaqoji İnstitutunun filologiya fakültəsinin azərbaycanlı bölməsi bağlanmış, ziyalılar şəhəri tərk etmək məcburiyyətində qalmışdılar.
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı.
İyunun 17-20-də İrəvanda Teatr meydanında toplaşan silahlı erməni dəstələri İrəvan ətrafında azərbaycanlıların kompakt yaşadıqları Masis (Zəngibasar) rayonunun mərkəzinə, Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar Sovet-Türkiyə sərhədinə toplaşmış, orada gecələməyə məcbur olmuşdular. Həmin günlər 20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Masisdən 3 mindən çox azərbaycanlı evlərindən çıxarılmışdılar. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri hadisələri müşahidə etməklə kifayətlənmişdilər.
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında DQMV haqqında məsələ müzakirə edilmiş və respublikalar arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul edilmişdi. Bundan sonra, erməni millətçiləri azərbaycanlıların Ermənistandan qovulması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar. Ermənistan EA-nın müxbir üzvü, “Qarabağ” hərəkatının liderlərindən biri Rafael Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən mitinqdə demişdi: “Dəstələrin köməyi ilə emiqrasiyanı (yəni azərbaycanlıların qovulmasını- N.M.) təmin etmək lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı təmizləmək imkanı verilmişdir. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm.
Rusiya tarixçisi Yuri Pompeev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir edir: “Müdafiəsiz, silahsız azərbaycanlıları adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: “Ləənətə gəlmiş türklər, rədd olun Ermənistandan!” Ermənistanda azərbaycanlıların yaşadıqları şəhər və kəndlərin içərisində ən ağır vəziyyət İrəvan şəhərində yaranmışdı. Mitinqlər həftələrlə və fasiləsiz davam etdiyi üçün azərbaycanlılar evlərindən bayıra çıxa, iş yerlərinə və bazar-dükana gedə bilmirdilər. Sumqayıtı tərk edib İrəvana gələn ermənilər azərbaycanlı ailələrinin ünvanlarını öyrənir, silahlı dəstələrin köməyi ilə onları mənzillərindən qovur və həmin mənzillərdə yerləşirlər. Mənzillərini Azərbaycanda yaşayan ermənilərlə dəyişdirən ailələrin ev əşyalarının yükləndiyi maşınları erməni silahlıları yollarda saxlayır, onları qarət edir və yaxud yandırır, maşını müşayiət edən azərbaycanlıları ya öldürür, ya da ağır bədən xəsarəti yetirirdilər.
1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakıda “Azadlıq meydanı”nda təqribən yarım milyon iştirakçının toplaşdığı mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Ermənistan televiziyası dərhal həmin mitinqdən fraqmentlər göstərmiş və qətnamənin tələblərini dəfələrlə səsləndirmişdi. Bu tələblərdən narahat olan Ermənistan rəhbərliyi noyabrın 22-də keçirilən Ali Sovetin sessiyasını “Qarabağ” komitəsinin tələbi ilə yarımçıq saxlamış, deputatları, rayon rəhbərlərini yerlərdə “qayda-qanun bərpa etməyə” göndərmişdilər. Əslində isə onlara tapşırıq verilmişdi ki, bir həftə ərzində Ermənistandan azərbaycanlıları təmizləmək aksiyasını həyata keçirsinlər. Noyabrın 25-də Ermənistan KP MK, Ali Sovet və Nazirlər Soveti adından Ermənistan zəhmətkeşlərinə ünvanlanan müraciətdə qeyd edilirdi ki, ayrı-ayrı rayonlarda toqquşmalar baş vermişdir, dövlət orqanları gərginliyin azaldılması üçün bütün tədbirləri ələ alırlar. Əslində isə, heç bir toqquşma olmamışdı. Erməni silahlı dəstələri 1918-1920-ci illərdə olduğu kimi, azərbaycanlı yaşayış məntəqələrinə hücumlar edir, əhalini silah gücünə qovur, əmlaklarını talayırdılar. Həmin gün İrəvan şəhərində komendant saatı tətbiq edilsə də vəziyyət dəyişməmişdi. İrəvan şəhərinin köklü sakinləri, sonuncu azərbaycanlı ailələri şəhəri tərk edirdilər.
1988-ci ilin noyabr ayının sonuncu ongünlüyü Ermənistanda azərbaycanlıların sonuncu deportasiyasının sonuncu mərhələsi idi. Amasiya rayonunda blokada şəraitində qalan 10 min nəfərdən artıq azərbaycanlı əhali istisna olmaqla, Ermənistanda demək olar ki, azərbaycanlı qalmamışdı. Rəsmi İrəvan isə “Sovet Ermənistanı” qəzetinin çapını və İrəvan radiosunda gündə yarım saat Azərbaycan dilində yayımlanan verilişin davam etdirilməsini istəyirdi. Bununla elə təəssürat yaratmaq istəyirdilər ki, guya azərbaycanlılar İrəvanda nəinki təhlükəsiz şəraitdə yaşayır, hətta qəzet buraxır, radio ilə verilişlər yayınlayırlar. Lakin İrəvan şəhərində yaşayan azərbaycanlıların son günlərini “Sovet Ermənistanı” qəzetinin redaktoru Zərbəli Qurbanovun həmin günlərdə Ermənistan KP MK-ya göndərdiyi məktublardan aydın təsəvvür etmək olar. Onun avqustun 14-də Ermənistan KP MK-nın ikinci katibi Y.Koçetkova ünvanlandığı məktubunda İrəvan şəhərində cəmisi 24-25 azərbaycanlı ailəsinin qaldığı bildirilirdi. Redaktorun noyabrın 25-də Ermənistan KP MK Bürosuna göndərdiyi məktubunda isə yazılırdı ki, DQMV və onun ətrafında baş verən hadisələr nəticəsində qəzetin normal fəaliyyət göstərməsi mümkün deyil. Z.Qurbanov 32 nəfər işçisi olan redaksiya əməkdaşlarından 23 nəfərinin yalnız iyun-iyul aylarında onlara göstərilən təzyiqlərdən, məsuliyyətsiz elementlərin birbaşa təhdidlərindən sonra işdən azad olunaraq daimi yaşayış üçün Azərbaycana getdiklərini, noyabrın 22-də vəziyyətin kəskin dəyişməsindən sonra isə daha 5 əməkdaşın (makinaçıların, korrektorların və ədəbi işçilərin) respublikanı məcburi tərk etdiklərini bildirir və yaranmış vəziyyətdə “Sovet Ermənistanı” qəzetinin nəşrinin mümkünsüzlüyünü yazırdı.
Ermənistandan azərbaycanlıların silah gücünə etnik təmizlənməsi prosesi başa çatdıqdan sonra 1988-ci il dekabrın 2-də SSRİ Nazirlər Soveti sədrinin müavini B.Şerbinanın rəhbərliyi ilə qaçqınlara yardım göstərilməsi üçün hökumət komissiyası yaradılmışdı. 1988-ci il dekabrın 6-da Sov. İKP MK və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul etmişdi. Lakin artıq gec idi. İrəvanda yaşayan təqribən 3,5 min nəfər azərbaycanlıdan cəmisi 4-5 azərbaycanlı ailəsi qalmışdı ki, onlar da öz mənzillərini ermənilərlə dəyişdirə bilmədikləri üçün şəhərdən çıxa bilmirdilər.
Ermənistanda azərbaycanlılara qarşı törədilən qırğınların ən dəhşətlisi İrəvan şəhərində Estonakan küçəsi ev 12/1, mənzil 56-da yaşayan Misgərovlar ailəsinin başına gətirilmişdi. “Sovet Ermənistanı” qəzetinin əməkdaşı Cəfər Misgərovun övladları, 1955-ci ildə anadan olmuş Elza Misgərova və onun qardaşı – 1956-cı ildə anadan olmuş Vidadi erməni “dostlarının” şirin dillərinə aldanaraq İrəvanda qalıb, mənzillərini Bakıya dəyişdirmək üçün münasib variant axtarırdılar. Ermənilər Elza və Vidadini hər cür işgəncələrlə qətlə yetirmiş, sonra isə hər ikisinin meyitini aparıb Artaşat (Qəmərli) rayonunun ərazisindəki Azat su anbarına tullamışdılar. Bir neçə aydan sonra onların meyiti tapılmışdı. İrəvanda daha iki nəfər azərbaycanlı 1988-ci ildə ermənilər tərəfindən qətlə yetirilmişdi.
İrəvandan və ümumiyyətlə Ermənistandan azərbaycanlıların deportasiyası demək olar ki, 1988-ci ilin sonunda başa çatdırılsa da, ermənilər Azərbaycanda, xüsusən də Bakıda 1990-cı ilin yanvarında törədilən iğtişaşlaradək normal şəraitdə yaşayırdılar.
Ümumiyyətlə, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək ötən müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 250 min azərbaycanlı əhali tarixi-etnik torpaqlarından qovulmuşdur. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.
İrəvandan azərbaycanlıların 1988-ci il deportasiyasından bir müddət sonra digər bir proses də başa çatdırıldı. Əsrlər boyu İrəvan şəhərində zəngin mədəni irs və monumental tarixi-memarlıq abidələri yaradan azərbaycanlıların izi özünü dünyaya “ən qədim və mədəni xalq” kimi təqdim etməyə çalışan ermənilər tərəfindən artıq silinmişdir.
Nazim Mustafa
tarix üzrə fəlsəfə doktoru
www.iravan.info