Hazırda Ermənistan Respublikası adlanan Qərbi Azərbaycan ərazisindəki azərbaycanlı kəndlərinin və rayonlarının adlarının dəyişdirilib erməni adları ilə əvəz olunması (231 kənd və rayon) və azərbaycanlı əhaliyə qarşı göstərilən digər demoqrafik təzyiqlər Ermənistan SSR yaradılan zamandan (1920-30-cu illər) başlayaraq 1988-ci ildə son kulminasiya həddinə çatdı.
1988-ci ildə Qərbi Azərbaycandan (indiki Ermənistan Respublikası) təkcə azərbaycanlılar yaşayan 172 kənddən, 89 qarışıq kənd və 6 şəhər tipli yaşayış məntəqəsindən 49928 ailə (250000 nəfər azərbaycanlı) öz doğma yurdlarından zorla qovuldular. Bu zaman 226 nəfər soydaşımız ermənilər tərəfindən öldürülmüşdür (güllələnmiş, qəsdən avtomobil qəzasına salınmış, dağ yollarında donmuş və s.), 400 nəfərdən çox adam bədən xəsarəti almışdır. Bir çox azərbaycanlıların evləri, əmlakı yandırılmışdır.
Qaçqınlıq dövrü 1988-ci ilin noyabr-dekabr aylarına təsadüf etdiyindən soydaşlarımızın kolxozda olan illik əmlak haqqı ermənilərə qalmış, bir çoxları dövlət bankların da olan əmanətlərini götürə bilməmiş, məcburiyyət qarşısında qalaraq, öz geniş bağ-bağçalarını və xüsusi evlərini Azərbaycanda dövlət binasında yaşayan ermənilərin 2-3 otaqlı mənzilləri ilə dəyişməli olmuşlar.
Bu zaman Ermənistandan gəlmiş qaçqınların əmlakı, mal-qarası, bağ-bağçasının dəyəri cəmiyyətdə toplanmış sənədlər əsasında təxmini hesablanaraq müəyyən olunmuşdur ki, qaçqın əhaliyə dəyən maddi ziyan 2.5 milyard ABŞ dolları təşkil edir. Kolxozlarda azərbaycanlılara məxsus olan 43.789 baş iribuynuzlu, 454660 baş xırdabuynuzlu malqara, çoxsaylı ev quşları və donuzlar, an ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfatı texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qalmışdır. Bunların hamısının dəyəri təxmini hesablamalara uyğun olaraq 17,5 milyard ABŞ dolları təşkil edir.
Beləliklə, qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir. Yuxarıda qeyd olunanlar haqqında SSRİ Prokurorluğundan, Ermənistan SSR prokurorluğundan və Ermənistan SSR-in rayon prokurorluqlarından, o zamankı rayon icraiyyə komitələrindən və digər səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq edilmiş möhürlü-imzalı sənədlər Azərbaycan Qaçqınlar Cəmiyyətində saxlanılır.
Bu gün Ermənistandan qaçqın düşən əhalidən su, hava, iqlim şəraitinin dəyişməsi nəticəsində ölənlərin sayı yüzlərlədir.
Yusif Qazıyev
“Yalanlar, gerçəklər” kitabından
30.12.2020