Bu həftə 1905.az “Diskussiya klubu”nda biz, 20 Yanvarın 25 illiyinə həsr etdiyimiz mövzü haqqında siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər, şəhid Ülvi Bünyadzadənin bibisi, ədəbiyyatşünas Almaz Ülvi, fotoqraf Fərid Xayrulin və rəssam Nadir Bayrışov ilə söhbət etdik.
Fuad Babayev: Bu gün biz 1990-cı ilin 20 Yanvarında baş vermiş faciənin 25 illiyinə həsr etdiyimiz dəyirmi masada sizinlə söhbət edəcəyik. Mən istərdim ki, ilk sözü Almaz xanım, sizə verək. Siz hamıya adı, imzası məlum gənc yaşında dünyasını dəyişən şəhid Ülvi Bünyadzadənin yaxın qohumusunuz. 20 Yanvar sizin yaddaşınızda hansı izi buraxıb?
Almaz Ülvi: Ülvini andığınıza görə sizə minnətdarlığımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Bu dəyirmi masa arxasında Ülvinin atası oturmalı idi. Ancaq atası Yusif dünyasını dəyişdiyindən onun üçün ayrılan yerin boş qalmasını istəmədim.
Qeyd edim ki, 20 Yanvar hadisələri millətin özünüdərk mərhələsinin zirvəsi idi. Həmin günlər heç kim nə ölümdən qorxmur, nə də ölümü düşünmürdü. Bir məqsəd var idi- imperiyanın cəngindən qopmalı və qorxmadan məqsədə getməliyik. Doğrudur, biz həmişə deyirik 20 Yanvar bizim qürur günümüzdür. Amma bizim ailə üçün qürur günü çox ağır oldu. Biz həmin günü şəhid itkisi verməyən ailələr qədər yaşaya bilmədik. Hər dəfə Ülvinin adına, 20 Yanvar yaxınlaşdıqca o günlərə qayıdırıq. Ülvi çox gənc idi, 20 yaşı var idi. Ancaq onun necə zəngin dünya görüşü, savada malik olmasını hər birimiz bilirdik. Hamımız onu qorumağa çalışırdıq. Həm ailənin ilk nəvəsi, həm də çox istedadlı oğul idi. Amma qorumaq mümkün olmadı. Ülvi özündən sonra çox zəngin ədəbi irs qoyub getdi. Onun bu istedadını biz şəhid olandan sonra bildik. Ülvi həmin hadisələr zamanı əsgərlikdə-uzaq Sibirdə idi. O Azərbaycan Xarici Dillər İnstitutunun birinci kurs tələbəsi idi. Birinci kursu bitirib, əsgər getmişdi. Krasnoyarsk vilayəti, Kansk şəhərinə. O hələ Bakıda olanda Topxana meşəsi hadisələri yeni alovlanırdı. Hər gün yeni xəbərləri ona çatdırırdıq. Bizim ünvanlaşma yerimiz “Ədəbiyyat və incəsənət” qəzeti idi. Mən orada çalışdığımdan məktubları redaksiyaya göndərirdi. Hadisələr başlayanda Nəriman (Nəriman Həsənzadə-red.) müəllim dedi ki, bəlkə Ülvinin şeirlərini çap edək? Və beləcə nəşr etməyə başladıq. Evdən onun bir neçə ay əvvəl yazdığı andı, qeydləri tapdım. Ülvi yanvarın 19-u gedəndə vəsiyyət yazıb getmişdi. Mən onu cırıb atmışdım. Sonra təkrar yazdı, onu da cırıb atmışdım, fikir vermidim. Sonra da başqa bir nüsxəsini mənə əsgərlik yoldaşı Sənan adında oğlan vermişdi.
Anama oğlu deyiləm, atama oğul deyiləm
Bu ocağın kor çırağı, yanmayacaq işığıyam
Atam, anam zəmanədir
Mən zəmanə uşağıyam
Belə bir şeir idi. Hadisələrlə bağlı Ülvi Sibirdə “Xətai” adılı dərnək də yaratmışdı. Mən onun bibisiyəm. Mənə Almaz deyə müraciət edirdi. Məktublarında yazırdı ki, dərnəyin 20-yə yaxın üzvü var. “Mən bura öz proqramımız, nizamnaməmizi hazırladım. Məqsədimiz Qarabağla bağlı yayılan yanlış informasiyaların qarşısını almaqdır. Onlar bizi ideoloji mübarizədə üstələyirlər. Mən də düşündüm, belə bir dərnək təşkil etdim. Bacardığımız qədər düzgün məlumatlar yaymağa çalışırıq. Yazdıqlarımızın çapına da nail ola bilirik. Çünki burda çalışan, amma hərbi hissədə yaşamayan adam var ki, onun vasitəsi ilə bu məlumatları kənara ötürə bilirik”.
Ülvi çox ləyaqətli bir oğul idi, zəngin təfəkkürü var idi. Bunu sonradan çap etdiyim yazı-pozularda daha çox gördüm. Onun atası Daşkəsəndə, filiz saflaşdırma kombinatında çalışırdı. Orada “Qoşqar” ədəbi dərnəyi var idi. O dövrdə Ülvi orta məktəbdə oxuyurdu. Dərnəkdə hərə öz şeirini oxuyanda Ülvi onları tənqid edirmiş ki, şeiri səhv oxudunuz və həmişə də haqlı çıxırmış. Orada Ülviyə demişdilər ki, növbəti tədbirdə sən çıxış edərsən. O da “Ceyran” şeirini deyib. Səməd Vurğunun “Ceyran” şeirinə nəzirə janrında şeir idi. Həmin ədəbi birlik o şeiri rayon qəzetində çap etdirmişdi. Zaman-zaman rayon qəzetində onun şərq ədəbiyyatı ilə bağlı tərcümələri də çap edilirdi.
Ülvi universitetdə oxuyanda Namazalı Paşayev onun haqqında qəzetdə məqalə yazmışdı. O əsgərlikdə olanda Qorbaçovun qərarı çıxdı ki, tələbələr geri qayıtsın. Və beləliklə Ülvi 1 il bir ay hərbi xidmədən sonra geri qayıtdı. Gəldiyi gün “Azadlıq” meydanında mitinq var idi. Mitinqdən sonra o, sanki böyümüşdü. Ondan sonra Ülvi məşhur andını yazdı.
“Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm. Bir elin, bir millətin, adını təmsil edəcəyimi heç zaman unutmayacağam. Azərbaycan torpağının qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam. Öz azərbaycanlı adıma, vicdanıma, məsləkimə,əsil nəcabətimə, damarlarda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın burxamayacaq, nəyin bahasına olursa olsun, öz azərbaycanlı mənimi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, vətən üzü görməyim.”
Ülvini yanvarın 22-si dəfn etməyə gedəndə qardaşım Yusif yüz dəfə mənə dedi ki, Almaz, indi Ülvi çox sevinir ki, o şəhid olub, eləmi? İnanın, biz sevinirdik ki, Ülvi şəhid olub. Həmin an itkini dərk etmirdik.
Fuad Babayev: Rafiq müəllim, siz həmin dövrdə hər bir azərbaycanlının evində olan “Şəhidlər” kitabının müəllifisiniz. Bu kitabın yaranmasından danışaq.
Rafiq Səməndər: İndicə Üvinin atası Yusifin də şəhid olmasını eşitdim. Və bir alıq mənə elə gəldi ki, 20 Yanvar hələ də davam edir. “Şəhidlər” kitabını yazanda bəzən mənə bir şəhid haqqında yazmaq üçün kiçik bir informasiya lazım idi ki, daha ətraflı yaza bilim. Şəhidlər haqqında məlumat verən insanlardan biri də Ülvi idi. Ülvi haqqında yazmağa gedəndə o qədər Ülvi haqqında danışmışdılar ki… həmin dövrdə diktafon da yox idi. Eşitdiyim hər şeyi yaddaşımda saxlamalı idim. Yadımdadır, iki nəfər var idi ki, onlar haqqında yaza bilmirdim. Onlardan biri də Ülvi idi. Demişdilər ki, Yusif müəllim Daşkəsəndədir, gələcək. O gəldi, biz görüşdük. Görüşəndə ona dedim ki, o qədər material var ki, Ülvi haqqında yaza bilmirəm. Mənə baxdı dedi ki, yaza bilmirsənsə yazma. Onun o sözü sanki mənə oğlu haqqında yazmağa güc verdi. Elə həmin gecə Ülvi haqqında da məlumatı yazıb bitirmişdim. Başqa bir yazım fizika-riyaziyyat fakültəsində oxuyan oğlanla bağlı idi. Onun haqqında da heç cür özümü toplayıb yaza bilmirdim. Həmin gəncin faicədən sonra ancaq qolunu tapmışdılar. Anası toxuduğu jaketdən tanımışdı oğlunun qolunu. Universitetin çox istedadlı tələbələrindən idi. Ona görə ölümü rezonans doğurmuşdu. Bir gün Ramiz Rövşənlə çay içirdik. Ona bu hadisəni danışdım. Dedim yaza bilmirəm bu oğul haqqında. Dedi o qədər danışırsan ki, bütün hirsin, emosiyan, fikirlərin boşalır. Danışma, sonra birbaşa vərəqə köçür yaza biləcəksən. Və doğrudan elə də oldu. Bir həftə danışmadım. Sonra vərəqə rahat köçürə bildim.
“Şəhidlər”in yaranmasından danışsaq, həmişə əlimdə qələm olan adam olmuşam. Ancaq sanki o kitabı mənə kimsə yazdırmışdı. İlahi bir güc gəlmişdi mənə. O kin, küdurət adamı məcbur edirdi ki, nə isə edəsən. İçimdəki hirsi boşalda bilmirdim. Və bütün o hirs ,qəzəb bu kitabla çıxdı.
Bir gün İnqilab küçəsi ilə evimə gedirdim. Yol boyu 40-a yaxın mağar saydım. O mağarlarda hamı qardaş idi. Bütün xalq bir-birinin dərdinə şərik çıxırdı. Bəzən gedirdim hansısa mağara öz-özümə deyirdim bu rəhmətliyin nə qədər qohumu var… 5-10 dəqiqə sonra məlum olurdu ki, buradakı insanlar qohumlar deyil, sadə xalqın nümayəndələridir. Hamı bir-birinə başsağlığı verməyə gəlirdi. O faciə bütün milləti birləşdirmişdi. Hamı eyni hadisədən danışırdı. Elə qəribə, fantaziyaya sığmayan epizodlar danışılırdı ki…Mən onları yazmaya bilməzdim. Dövlət televiziyasında redaktor işləyirdim. Hər gün hadisələri görüb işə gəlirdim. O qeydlər əvvəl gündəlik oldu, sonra kitab. Kitab halında çıxması üçün əvvəlcə “Gənclik” nəşriyyatına müraciət etdim. Sahib Ələkbərov kömək etdi. Mən dövlət televiziyasında “Dalğa” verilişində elan verəndən sonra yüzlərlə insan şəhidlər haqqında məlumat verməyə gəlirdi.
O çox ağır dövrdə xoş hal da yaşamışam. Cəmi bir dəfə. Heç yadımdan çıxmaz. Nərimanov rayonunda deyilənə görə “Karyernaya” adlı küçə olmalı idi. Həmin küçədən bir oğlanın şəhid olması barədə məlumat almışdım. Çox axtarmışdım, həmin küçəni. Soruşdum. Belə bir adamın yaşadığı evə çatdım. Məni hamı tanıyırdı. Çünki Dövlət televiziyasında çıxış etmişdim, çox evlərə getmişdim. Haqqımda məlumatı olan adam çox idi. Evə daxil oldum, çay verdilər. Ancaq o evdə indiyə kimi gördüyüm abu-havanı görə bilmirdim. Hamı məni təbəssümlə qarşılayırdı. Heç kimin üzündə kədər yox idi. Sonradan oğlanın yoldaşı dedi ki, yoldaşım rəhmətə getməyib. Dedi ki, 3 gün sonra morqdan meyitlərin arasından sağ tapılıb. İndi işdədir birazdan gələcək. Dəhşətə gəldim sevincimdən. İlk dəfə idi belə bir hadisə eşidirdim. Şəhid məclisindən sevinclə ayrılırdım.
Fuad Babayev: Sizin kitabınız hadisələri öyrənmək, araşdırmaq üçün böyük bir tarixdir. Amma foto sənətinin də hadisələri düzgün qiymətləndirmək üçün yeri araraşdırmada böyük rol oynayır. Həmin hadisələri lentin yaddaşına köçürməkdə zəhməti keçən şəxslərdən biri də Fərid Xayrulindir. Fərid müəllim, Azərbaycan foto sənəti 20 Yanvarın yaddaşlarda qalması üçün öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilibmi?
Fərid Xayrullin: O dövrdə mən “Azərinformda” işləyirdim – bu SİTA-nın Azərbaycan bölməsidir və 1988-ci ildən başlayaraq Qarabağda məlum hadisələr başlandı. İlk mitinqlər Topxanayla ilə bağlı idi və mən keçmiş Lenin, indiki “Azadlıq” meydanında kor-təbii birinci mitinqin başladığı günü xatırlayıram. Şəhərin müxtəlif tərəflərindən gələn camaat bir yerə toplaşırdı. Bu birinci mitinqdən başlayaraq bizim redaksiyamızın əməkdaşları hadisələri sənədləşdirirdilər – hər gün bizim müxbirlərimizdən biri bu mitinqlərdə idi.
Bu iki il ərzində hadisələr preslənmişdi sanki, detektiv filmlərində gördüyümüz kimi, tez keçirdi. Hər gün vəziyyət dəyişir, gərginlik artırdı və biz anlayırdıq ki, bu nəiləsə nəticələnməlidir.
Və nəhayət 20 Yanvar. Hadisələr gecə yarıdan keçmiş başlandı. Şəhərin müxtəlif yerlərində çoxsaylı barrikadalar vardı və camaat yığılmışdı, onlar sakit idilər, qətiyyən qorxu hissi yox idi, çünki buna qədər Tibilisidə faciəli hadisələr olmuşdu. Sovet ordusunun əsgərləri nümayişi qovarkən, əsgər “lopatka”ları ilə insanları öldürərkən, insanlar bir-birini tapdalayaraq əzmişdilər.
Bu gecə hücumunun nəticəsini mən ilk dəfə yanvarın 20-də komendant saatı bitdikdən sonra, səhət tezdən gördüm. Gecə mənə redaksiyadan zəng vurdular, nə baş verdiyini dedilər və mən çıxdım. Bu gecə hücumunun birinci qurbanlarını mən keçmiş Moskva prospektində gördüm. Yük maşını KAMAZ dururdu və mən təəccübləndim – dəliklər böyük idi, yəqin, pulemyotdan vurub atıblar. Yeri gəlmişkən, hərbçilər dinc əhaliyə qarşı (gecə işıqlandırdıqları zaman – iz buraxan gülllələrdən) BMT-nın qərarı ilə qadağan olunmuş güllələrdən istifadə ediblər.
Yadımdadır, bu artıq 20 yanvardan sonra idi, hardasa şəhərdə avtobusun yaxınlığında bir maşında mühərrikdən atəşə oxşar səs gəlir. Bu yerdə patrul keçirdi və onlar peşəkar idilər. Onlar səs gələn istiqaməti güllələməyiblər. Atəş açırlar və sərnişin avtobusunda bir cavan oğlanın kürəyinə güllə dəyir. Xatırlayıram ki, biz xəstəxanada ona baş çəkirdik, güllə kürəyə dəyib ayağından çıxmışdı.
Çox ağır yara vurmuşdular, xoşbəxtlikdən oğlan sağ qaldı. Xatırlayıram ki, həmin klinikanın baş həkimi rentgen şəkillərini göstərirdi. Onda mən ilk dəfə eşitdim ki, qadağan olunmuş güllələrdən istifadə edilib. O rentgen şəkilini göstərdi və dedi: “Kürəkdən giriş və ayaqdan çıxış”. Bu haqda təzə-təzə danışmağa başlayıblar.
Ən qorxunc mənzərəni mən Salyan kazarması ətrafında gördüm. Mən öz dostlarımla yaxınlaşdım və gördüyüm mənzərə məni şoka saldı. Mən müharibə “film”lərilə böyüyən nəslin nümayəndəsiyəm.
Yadımdadır ki, hər tərəfdə davamlı, nizamsız atışma var idi. Sonra deyirdilər ki, guya Azərbaycan əsgərləri kazarmaların birində səngər qurublar və atəş açırlar. Ümumiyyətlə, Tbilisi prospektindəki bu dörd yolayrıcısı əzilmiş maşınlar, qurulmuş barrikadalar, maşın yağı və insan qanının qarışığı ilə örtülmüşdü.
Bu dörd yolayrıcındakı cəsədləri indiki “Avropa” mehmanxanasının yaxınlığındakı işıqforun ətrafına yığmışdılar. Və mən bu təpəyə qalxdıqda, sarsıntı keçirdim. Orada insan qalıqları böyük qovluq kimi idi – onların üstündən tank keçmişdi. Orada əllər ayrı, baş – ayrı yerə səpələnmişdi. Ümumiyyətlə, dəhşətli mənzərə idi.
Xatırlayıram ki, bizim hamımız emosional şokda idik, etdiklərimizin, çəkdiklərimizin məsuliyyətini anlayırdıq. Burada, əlbəttə, peşəkarlıq özünü göstərirdi və hardasa “avtopilotda” işləyirdik. Bir neçə kamera ilə işləməli olurduq, çünki həmin dövrdə, 1988-ci ildən başlayaraq, bizim Moskvaya, SİTA-ya göndərdiyimiz fotomateriallar qəbul edilsə də, təəssüf ki, heç yerdə dərc edilmirdi.
Bu dövrdə Assoşieyted Press, Röyters, Frans Press, “Gamma” fransız agentliyi kimi müxtəlif xarici agentliklərlə bizim dostluq və yaradıcılıq əlaqələrimiz yaranmışdı. Mən “Gamma” agentliyinin əməkdaşı, müxbiri haqqında danışmaq istəyirəm, yeri gəlmişkən, 1988-ci ildə Azərbaycana birinci gələnlərdən idi.
Onda Qarabağ haqqında, bu problem haqqında heç nə danışmırdılar. Amma bu insan maraqlı tapşırıqla gəldi və bu agentliyin Moskvadakı nümayəndəsi idi. O Kəlbəcər rayonunun uzunömürlüləri ilə maraqlanırdı, amma onu ora buraxmırdı, çünki istənilən müttəfiq respublikanın ətrafında 18 və ya 15 mil məsafədə hərəkətə məhdudiyyət qoyulmuşdu.
Sonradan biz artıq bunu təhlil etdikdə anladıq ki, o Qarabağa maksimum yaxınlaşmaq istəyirmiş. Mən hiss edirəm ki, xarici agentliklərin bütün bu nümayəndələri, yaxınlaşmaqda olan hadisələr haqda daha çox informasiyaya malik idilər, nəyinki, biz. Biz onlara bu məsələnin tarixindən, bütün bu problemlər, haqsızlıqlar və baqşa şeylər haqqında danışırdıq… Müxtəlif agentliklərin nümayəndələrinin hamısı eyni şeyi deyirdilər: “Siz böyük siyasətin qurbanlarısınız”.
Geriyə, başıbəlalı 20 yanvar səhərinə qayıtmaq istəyirəm. Qarşımda Azərinformun buraxdığı albom var, burada çox fotolar var, burada mənim də fotolarım var. Yeri gəlmişkən, bu vertikal kadrda Leytenant Şmidt zavodunun ətrafında, keçmiş Çapayev küçəsindəki yaşayış evidir.
Baxın, divarlarda necə böyük dəliklər var – tankdan, pulemyotdan atəş açıblar. Buna görə orada insanlar, həqiqətən, yalnız döşəmədə uzanırdılar. Yeri gəlmişkən, burada iri planla bu göstərilib. Bu mənim “Avropa” mehmanxanasının ətrafında, Salyan kazarması ərazisində çəkdiyim bir sıra fotolardır. Və bu fotolardan birini “Oqonyok” jurnalı dərc edib.
Bütün bu dövr ərzində Moskva mətbuatı cəmi iki foto-informasiya verdi. Bir foto 20 yanvar hadisələrilə bağlı idi və biz redaksiyaya gəlmiş jurnalistə hər şeyi təfərrüatı ilə danışaraq, müəllifin soyadını, redaksiyanın adını yazaraq küllü miqdarda fotolar verib dedik: “Mütləq bunu göstərin”. Amma, təəssüf ki, bu foto çıxdı…. Xatırlayıram, mənim çəkdiyim foto çıxdı – həmin fotoda bu kişi sallağı oturmuşdu, onun əlində kiminsə qopmuş əli vardı və o, hiddətlə deyirdi: “Bu nədir belə?”. Bu fotonu dərc edib aşağıda yazıblar – fotonun müəllifi naməlumdur.
Bax burada: mən xüsusi olaraq kadra təcili yardım maşınını daxil etdim. Onun qabaq şüşəsində güllə deşikləri var idi və bu təcili yardımın həkimi həlak olmuşdu. Bu dəhşət idi. Və biz Moskvaya göndərdik…
Daha bir epizod. Mən 3-4 kamerada çəkməli olurdum, orada ağ-qara, rəngli plyonkalar var idi, slaydlara çəkirdim. Bu slaydları, bu materialları biz xarici agentliklərə verirdik. Təəssüf ki, o zaman internet, rəqəmsal texnologiyalar yox idi və bu iri plyonka çarxlarını Moskvaya göndərmək fiziki olaraq böyük problem idi.
Bizim arxamızdakı 22 yanvar 1990-cı ili əks etdirən foto asılıb, bu şəklin müəllifi mənəm. Dəfnlərdən olan bu süjetlər həmçinin paylanıldı. Yadımdadır, biz bu fotoları, Salyan kazarması ərazisində olan cəsədlərin fotolarını və başqa süjetləri Moskvaya göndərdikdə, belə cümlə səsləndi: “Siz niyə saxtalaşdırmayla məşğul olursunuz?” Biz bu hadisələrin sənədli xronikasını göstəririk, amma onlar bizi saxtakarlıqda ittiham edirlər. Və biz bir müddət onlarla əlaqələri kəsdik və onlara daha informasiya vermirdik. Xoşbəxtlikdən, xarici agentliklər bizə kömək etdilər. Onlar bütün dünyada bu informasiyanı yaydılar.
Mən bu foto ilə əlaqədar yenə qeyd etmək istəyirəm. Bu foto müxtəlif nəşrlərdə kifayət qədər çox çap edilir, kitablarda, kitabçalarda, internetdə, filmlərdə ondan istifadə edirlər. Amma, təəssüf ki, heç vaxt heç bir yerdə bu süjetin müəllifi xatırlanmır. Əvvəlki illərdə Yanvar hadisələri ərəfəsində, bu hadisələrlə bağlı müxtəlif Azərbaycan nəşrlərindən çox tez-tez mənim yanıma gəlirdilər və hər dəfə mən müəllif hüquqlarının pozulması mövzusana toxunurdum, amma vəziyyət dəyişmirdi. Hər şey olduğu kimi qalır.
Fuad Babayev: 20 Yanvar haqqında bir neçə əsər müəllifi olan Nadir Bayrışov da buradadır. Nadir müəllim, sizi dinləyək.
Nadir Bayrışov: Mən həmişə deyirəm 20 Yanvar ərəfəsində “Azadlıq” meydanına çıxan insanların hamısı qəhrəmandır. Bu qədər şəhid itirib, bir gecədə belə bir faciə yaşamışdıq. Və səhəri günü hamı meydana yığışmışdı. Bunun adı qəhrəmanlıqdır.
Fərid Xayrulin: Bununla bağlı bir şey demək istəyirəm. Bu foto haqqında. Dedilər ki, orada qəhrəman xalq toplaşıb. Mən bu fotoya baxdığım zaman, həmən günü yada salıram və tüklərim biz-biz olur. Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə burada bir milyon insan toplaşmışdır. Birlikdə hönkür-hönkür ağlayan milyon ürək. O hadisələrdən sonra, məhz o gün millət birləşdi.
Mən xatırlayıram ki, bütün fotolar, bütün işlər çətinliklə olurdu, amma necə böyük əməklə mən bu süjeti edə bildim. Bir gün əvvəl “Yeni İnturist”in rəhbərliyilə razılaşdım ki, mənə 7-ci mərtəbəyə qalxmağa icazə versinlər. Ən kənar otağı istəyirdim ki, çəkmək üçün maraqlı rakurs olsun. Onlar deyirlər ki, bizə icazə vermirlər. Mən dedim: “Bu tarixdir, biz onu təcəssüm etdirməyə məcburuq”.
Növbəti gün Şəhidlər xiyabanına tərəf kütləvi yürüş başlayır, mən 7-ci mərtəbəyə qaçdım, yuxulu dəhliz növbətçisinə deyirəm – mən filankəsəm, filan redaksiyadan, bir gün əvvəl sizə filan otağı açmağı deyiblər. O isə deyir – yox, əksinə, kimsəni buraxmamağı qəti surətdə tapşırıblar ki, heç kim foto çəkməsin. Böyük çətinliklə mən masada olan açarları götürdüm, qapını açdım.
İşimi bitirdikdən sonra çıxmaq istədikdə, qapı bayırdan bağlanmışdı. Taxtadan olan, palıddan idi yəqin, qapı çox ağır idi. Bir neçə dəfə mən ayağımla vurdum, onu sındırdım. Və mən dəhlizə çıxdıqda, həmin növbətçinin milislə, mehmanxananın direktoruyla gəldiyini gördüm. O deyir: ” Məndən açarları götürən bax bu dələduzdur “. Onlar isə dedilər: “Bu o insandır ki, onu sən özün buraxmalı idin”.
Fuad Babayev: Azərbayanın ən yeni tarixində mühüm hesab edilən sənədlərdən biri 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda Heydər Əliyevin çıxışıdır. Bu hadisə 21 yanvar 1990-cı ildə Moskvada olub. Həmçinin Azərbaycanın ən yeni tarixində əhəmiyyətli yer tutan sənədlərdən biri də 1990-cı ilin yanvarında Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarıdır. Bu qərar 29 mart, 1994-cü ildə verilib. Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faicəsinə siyasi qiymət verilməsi üçün müstəsna xidməti olan bir insandır. 20 Yanvarın 25-ci il dönümündə edilən söhbətdə hadisənin siyasi yükü barədə danışmaya bilmərik. Buyurun, Ramiz müəllim, söz sizindir.
Ramiz Sevdimalıyev: Çox maraqlı, təsirli epizodlar danışıldı. Burada tək Ülvinin qəhrəmanlığından, vətənpərvərliyindən, bir milyondan söhbət getmədi. Xalq komendant saatı tətbiq edilmiş bir vaxtda meydana çıxdı.
20 Yanvar bizim üçün nədir? İlk növbədə 20 Yanvar Azərbaycan xalqı üçün anım günüdür. Xalq silahsız böyük bir imperiya ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının nə daxildən, nə də beynəlxalq aləmdən köməyi, dəstəyi yox idi.
İkincisi, 20 Yanvar xalqın birlik, həmrəylik günüdür. Bütün xalq birləşdi. Bu məqama qədər insanlar 17 noyabr 1988-ci ildən başlayaraq meydana çıxıb rəhbərliyin Ermənistandan qovulan insanlarla, Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı etirazını bildirirdisə, 20 Yanvar hadisələri bütün xalqı birləşdirdi və insanlarda yalnız bir fikir formalaşmışdı: Sovet İttifaqı Kommunist Partiyasının arxasınca getmək boş şeydir. Partiya biletlərindən imtina ilə xalq başa düşdü ki, Azərbaycan müstəqil dövlət uğrunda çalışmalıdır.
Üçüncüsü, biz niyə bu hadisənin baş verdiyini araşdırmalıyıq. Mən Yuri Pompeyevin “Кровавый омут Карабаха” kitabından sitat gətirmək istəyirəm. Orada çox maraqlı bir epizod var. Jurnalist Staravoytovadan soruşur ki, “Qarabağ hadisələri niyə oldu, bu sizə nə üçün lazım idi? O deyir ki, Qarabağ olmasaydı biz yeni Qarabağ düşünərdik”.
Yəni Qarabağ hadisələri olmalı idi. Bəs, niyə Bakı, Azərbaycan. Bu suala da cavab aydındır. Çünki Azərbaycan adlı məmləkət bir sıra amili özündə birləşdirmişdi. Birincisi, Azərbaycanın Cənubi Qafqazda yerləşməsi və Rusiyanın Cənubi Qafqaza çıxma istəyi yeni deyildi. Bu gün də o siyasət davam edir. Qafqaz Rusiyanın təhlükəsizliyi üçün vacib ərazi, bölgədir. Ona görə Rusiya istənilən vəchlə onu buraxmaq istəmirdi. İkincisi, Moskva Cənuba gedən yolda son 150-200 ildə müharibəni türklərlə aparmışdır. Yəni türk faktoru. Ortaya buraxılmışdır ki, Azərbaycanda pantürkizm baş alıb gedir. Türk amili SSRİ-ni bu addımı atmağa qərarladırmış və Azərbaycanın seçilməsini labüd etmişdi.
Və nəhayət, islam faktoru. Azərbaycan müsəlman ölkəsidir, islam fundamentalizmi baş alıb gedir. Bu sözü Qorbaçov işlətmişdi. Hadisələrdən sonra Şeyxülislam ona cavab da vermişdi. Azərbaycanda hansı islam fundamentalizmindən söhbət gedə bilər? Bütün bu faktorlar Azərbaycanın seçilməsini labüd etmişdi.
Çox söz demək olar. 20 Yanvar hadisəsi Sumqayıtdan başlamışdı əslində. Sumqayıtda olan ssenari Bakıda gedirdi. Lənkəranda, Neftçalada da olmuşdu oxşar hadisələr. Ordunun Bakıya yeridilməsi xüsusi hazırlanmış əməliyyatın nəticəsi idi. 60 mindən artıq əsgər, 300dən artıq yüksək hazırlıqlı zabitin gəlişi (onların da əksəriyyəti generallar idi) sadə əməliyyat deyildi. İnsanlara divan tutan əsgərlər kim idi, səhəri gün şəhərə gələn əsgərlər kim? Başqa-başqa adamlar idi. İnsanların gözü qorxudulmalı idi. Stavropoldan, Krasnodardan, Rostovdan erməni əsilli əsgərlər gətirilmişdi. Bunu danmaq olmaz. Ölənlər arasında 20 güllə alan adamlar var idi. Mən ədəbiyyatda onların adlarına da rast gəlmişdim. Bu, xüsusi qəddarlıqla həyata keçirilən aksiya idi.
Burada əyləşən insanlar təsdiq edə bilər ki, 20 Yanvar 00:00 saatda Bakıda komendant saatı elan edilmiş, ordu isə gecə 12-yə qalmış şəhərə yeridilmişdi. Telestudiya partladılır, heç kimin bundan xəbəri olmur. İnsanlar hadisəni gözləyirdilər. Səhər saat 05:30-da Dubinyakın göstərişi ilə insalara komendant saatı ilə bağlı xəbərdarlıq elan edilir. Amma gec idi. Artıq o saata kimi qanlı hadisənin əsas hissəsi baş vermişdi. SSRİ rəhbəri Qorbaçov baş verən hadisələrlə bağlı fikir bildirmədi. Tiflisdə, Litvada olanlara görə hətta üzürxahlıq etdi. Amma Bakı ilə bağlı hadisələrdə bu günə kimi də o deyir ki, bəli, biz düz etmişik.
Əlbəttə, həmin dövrdə təəssüf doğurun hadisələr də var idi. Bu Azərbaycan rəhbərliyi ilə xalq arasında tarixi yüklü hadisələr zamanı uçurumun olması idi. Xalq tək idi. Siyasi rəhbərlik xalqla birgə deyildi. Xalq 1905, 1919-ci illərdə olduğu kimi özünə arxalanmalı idi. Həmin dövrdə mən Moskvada yaşayırdım. Bacı-qardaşlarım isə burada idi. Yanvarın 19-da ailəmə zəng etmək istədim. Hamıya zəng etməyə çalışdım, lakin heç kimə zəng edə bilmədim. Ayın 20-si işlədiyim instituta getdim. Düşündüm ki, problemsiz zəng edə biləcəm, yenə alınmadı. Məyus halda qayıdırdım, bir azərbaycanlıya rast gəldim. Ona danışdım zəng edə bilməməyimlə bağlı problemi. Dedi xəbərin yoxdu Bakıda olanlardan? Yəni mən 20 Yanvarı belə qarşılamışam. Ondan sonra Qorbaçovun çıxışını eşitdim. Həmin gün isə bizim daimi nümayəndəlikdə Heydər Əliyevin hadisələrə siyasi qiymət verməsi, faciə haqqında çıxışını dinlədim. Maraqlıdır ki, o çıxışa qulaq asanlar arasında çoxsaylı xarici jurnalistlər də var idi. Faktiki olaraq həmin dövrdə xaricə çıxış bağlı idisə Heydər Əliyevin nitqi ilə beynəlxalq aləmə səs yayıldı.
Heydər Əliyev siyasi hakimiyyətə gələndə ölkədə siyasi sabitlik bərqərar oldu. İqtisadiyyatın çökməsi dayandırıldı və sözsüz ki, qanunvericilik sahəsindəki boşluqlar və tarixi hadisələrə qiymət verilməsi gündəmə gəldi. Məhz Heydər Əliyevin təkidi ilə həmin ərəfədə Xocalı hadisəsinə də qiymət verildi. Və 5 yanvarda Heydər Əliyev 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsi ilə bağlı sərəncam imzaladı. Milli Məclis də bu sənədləri qəbul elədi. Faktiki olaraq həmin gündən bəri sistemli şəkildə 20 Yanvarla bağlı tədbirlər keçirilir və dünyada onun qiymətləndirilməsi ilə bağlı işlər aparılır.
Fuad Babayev: Çox minnətdaram hər birinizə. Bu dəfə əslində biz disskussiya aparmadıq. 20 Yanvara müxtəlif rakurslardan baxdıq. Minnətdaram!
Hazırladı: Aynur Hüseynova
1905.az
19 yanvar 2015-ci il