1990-cı ilin 20 Yanvar faciəsindən 30 il ötsə də, bu dəhşətli hadisə hələ də gözlərimiz önündədir. Sanki bu günlərdə törədilib.
Azərbaycan tarixində bu soyqırımından da əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi.
Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın istiqlal yolunun başlanğıcı idi. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ rəhbərliyi 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni o zamankı müttəfiq respublikalardan biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.
Faciəyə aparan yol
Şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Təbii ki, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı.
Ümummilli lider Heydər Əliyev 1987-ci il oktyabrın 21-də Sov.İKP MK-nın plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək, yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi – Yerevanda “Qarabağ” komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət gostərən yerli təşkilatı olan “Krunk” açıq şəkildə fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişlənmişdi.
1988-ci il sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, evləri yandırıldı, özlərini isə Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər. Sentyabrın 21-də DQMV-də xüsusi vəziyyət elan edildi və qadağan saatı qoyuldu. Lakin xüsusi vəziyyətin tətbiq olunması da DQMV-də və Ermənistanda zorakılığın qarşısını ala bilmədi. Sovet İttifaqı orqanlarının hadisələrə birtərəfli yanaşması nəticəsində Dağlıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar hərbi təcavüzə məruz qalmaqla yanaşı, kütləvi şəkildə öz doğma yurdlarından çıxarıldılar.
1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Xüsusi İdarə Komitəsi “millətlərarası münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq və bu regionda vəziyyəti sabitləşdirmək” adı altında yaradılsa da, fərmanda göstərilənlərin əksinə olaraq, bu komitənin fəaliyyətdə olduğu müddətdə DQMV-də vəziyyət daha da kəskinləşmişdi.
Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. Birbaşa SSRİ rəhbərliyinin açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana istiqamətləndirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın həmin ərazidəki bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi asıldı. Bununla da, Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi.
Nəticədə, SSRİ rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1988-ci ilin sonu – 1989-cu ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı. DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu.
Bununla yanaşı, həmin dövrdə Ermənistandan azərbaycanlıların tarixən yaşadıqları torpaqlardan zorakılıqla deportasiyası baş verirdi. 1988-ci ilin sonlarında ermənilər Ermənistanda genişmiqyaslı etnik təmizləmə – azərbaycanlılardan təmizləmək aksiyasını həyata keçirdilər. Belə ki, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 200 mindən artıq azərbaycanlı əhali Azərbaycana qovulmuşdur. Həmin vaxt 216 azərbaycanlı, o cümlədən 57 qadın, körpə və 18 uşaq qətlə yetirilmişdir.
Mixail Qorbaçov – qanlı faciənin təşkilatçısı
Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə 1990-cı ilin yanvar ayında Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı il yanvarın 20-də qanlı faciəyə gətirib çıxardı. Yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzaladı. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla, lazımi tədbirlər görülsün.
Həmin günlər Mixail Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək, Azərbaycana qoşun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu.
Mixail Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də gecə yarısınadək 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüşdü. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar, 744 adam ağır xəsarət almış, 4 şəxs itkin düşmüş, 400 nəfər isə həbs edilmişdi. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara — yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilmişdilər. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-yə çatmışdı.
Həmin qanlı hadisə ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Şit” ekspertlərinin hesabatında deyilirdi ki, adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var idi. “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
Bakıya hərbi müdaxilə zamanı 1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannəmə, 1966-cı ilin Vətəndaş və Siyasi İnsan Hüquqları haqqında Beynəlxalq Pakt, 1966-cı ilin Mədəni, Sosial və İqtisadi Hüquqları haqqında Beynəlxalq Pakt və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (fövqəladə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsinin Bəyannaməsi (1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa müqaviləsi) də bura daxil olmaqla qüvvədə olan bütün insan hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru
(ardı var)