20 Yanvar şəhidlərinin xatirəsi Gürcüstanın bölgələrində də ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, soydaşlarımızın təşəbbüsü ilə silsilə tədbirlər keçirilib, şəhidlərimizin ruhuna dualar oxunub, gənc nəslə faciə ilə bağlı ətraflı məlumat verilib.
“Dmanisi Tədris Mərkəzi”ndə “20 Yanvar” – Zəfərə aparan yol” mövzusunda keçirilən tədbirdə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birliyin rəhbəri Kamran Xıdırov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. Bildirib ki, 35 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. O, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatdığını xatırladıb, bu Zəfər ilə şəhidlərin qisasının alındığını bildirib.
Tədbir iştirakçıları Dmanisi rayonunun Oruzman kəndində yerləşən 9 Aprel və 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
“Rustavi Təhsil və Mədəniyyət Mərkəzi”ndə də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Mərkəzin rəhbəri Raidə Dərziyeva bu qanlı soyqırımı aktı barədə məlumat verib.
Sonra şair-publisist Rafiq Hümmət, Qardabani şəhər 3 saylı məktəbin müəllimi Sevda Şahverdiyeva və digərləri çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini dünyaya nümayiş etdirdiyini qeyd ediblər.
Tədbirdə Mərkəzdə təhsil alan şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub,
20 Yanvar faciəsinə həsr olunmuş sənədli film izlənilib.
Bolnisidə “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı və təşəbbüsü ilə 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Əvvəlcə Bolnisi rayonun Faxralı kəndində dəfn olunan şəhid İlqar Əhmədovun məzarı ziyarət olunub.
Sonra tədbir mərkəzdə davam etdirilib.
Mərkəzin icraçı direktoru Rezo Həsənov bu günün önəmi haqqında gənclərə və tədbir iştirakçılarına məlumat verib.
Daha sonra 2 saylı Kəpənəkçi ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Çingizxan Yaqubov, mərkəzin ingilis dili müəllimi Rəksanə Şıxıyeva, hüquqşünas Əmrah İbrahimov, koordinator Şəhla İsmayılova çıxış edərək, 20 Yanvar hadisələrindən danışıblar.
Tədbirin sonunda mərkəzin müdavimləri şeirlər söyləyiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi