Vətəni, torpağı, daimi yaşayış yeri olmayan ermənilər dünyaya səpələnərək günləri xoş keçən yerlərdə ömür sürmüşlər. Yerli şəraitə “uyğunlaşmağı”, güclülərə “xidmət göstərməyi” yaxşı bacaran bu “alət millət” daim xəyanətkarlıq, satqınlıq “nümunəsini” də ortaya qoyub.
Onların bu xislətlərindən yararlanmağa çalışan güclü dövlətlər zaman-zaman “xidmət”lərindən bəhrələnmişlər. Hətta Azərbaycanın torpaqları hesabına dövlət qurmalarına belə, kömək göstərərək lazımi şərait yaratmışlar. Sonralar ermənilər “Böyük Ermənistan” xülyasına düşərək ərazilərini genişləndirməyə başlamış, “erməni soyqırımı” mifini uydurmuş, qonşu dövlətlərə ərazi iddiaları irəli sürmüşlər. Arxalarında güc hiss edəndə isə azğınlaşmış və qəddarlaşmış, kütləvi qırğınlar törətmişlər. Belə soyqırımlarının hədəfi isə ilk növbədə azərbaycanlılar olmuşlar.
Yüz il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi soyqırımı isə qəddarlığı və amansızlığı ilə seçilmiş, Azərbaycanın əyalətlərinə də yayılmışdır. Yetmiş illik sovet dövründə erməni vəhşilikləri və soyqırımları xalqdan gizlədilmiş, bu mövzuda danışmaq və yazmaq yasaq edilmişdir. Yalnız dövlət müstəqilliyi qazanılandan və ulu öndər Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayandan sonra keçmişdə törədilənlərə obyektiv siyasi qiymət verilmiş, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş, tariximizin “ağ ləkələr”dən təmizlənmiş halda yazılmasına şərait yaradılmışdır.
Bu günlərdə dövlət başçısı cənab İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalamışdır. Sərəncamda erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu məqsədlə “Azərbaycan” qəzetində tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı törədilən, hətta bu gün də müxtəlif formada davam edən soyqırımları barədə aşkara çıxarılan faktlar, hadisələr əsasında sistemli şəkildə yazılar verilməsini nəzərdə tutmuşuq.
İkinci Dünya müharibəsinin qurtarmasına 115 gün qalmış, yəni 1945-ci il aprelin 19-da bütün ermənilərin VI katolikosu – baş patriarxın müavini, arxiyepiskop Gevorq Çeorekçiyan SSRİ dövlətinin rəhbəri İ.V.Stalinə 11 bənddən ibarət ərizə ilə müraciət edir və onunla görüşür. Bu görüş zamanı İ.V.Stalin katolikosa xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürüləcəyini və bundan əlavə Türkiyə Cümhuriyyətindən qondarma “Qərbi Ermənistan” adlanan torpaqların geri alınacağını söyləyir. Katolikosun ərizəsinin üstünə “Razıyam. Xalq Komissarları Sovetinin sədri İosif Stalin. 19.04.45-ci il” dərkənarını qoyur. 1945-ci il noyabrın 21-də SSRİ XKS “Sovet Ermənistanına xarici ölkələrdən ermənilərin qaytarılmaları ilə bağlı tədbirlər” haqqında 2947 saylı qətnamə qəbul edir.
Bu qərarı alan Ermənistan SSR-in rəhbəri G.Arutinov İ.V.Stalinə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi ilə bağlı məktubla müraciət edir. İ.V.Stalin məktubu G.Malenkova ünvanlayır və məsələni Azərbaycan SSR rəhbəri M.C.Bağırovla müzakirə etməyi tapşırır. 1945-ci il noyabrın 28-də UİK(b)P MK-nın katibi G.M.Malenkov Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırova teleqram vurur. Qarabağın Azərbaycan torpağı olması ilə bağlı 6 tarixçi alimin elmi arayışını alan M.C.Bağırov 10 dekabr 1945-ci il tarixdə “tam məxfidir” qrifi ilə ÜİK(b)P MK katibi G.M.Malenkova göndərdiyi elmi cəhətdən əsaslandırılmış cavab məktubunda Sovet hakimiyyəti (1921-1929-cu illərdə Ermənistan SSR-ə verilən torpaqların ümumi sahəsi 20,8 min kvadratkilometr təşkil etmişdir – C.B.) illərində ilk dəfə itirilmiş Azərbaycan torpaqları problemini qaldırır və bununla da erməni millətçi dairələrinin planlarının pozulmasına nail olur.
Lakin rədd cavabı verilməsinə baxmayaraq, 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı “Xarici ölkələrdən “vətənləri” Sovet Ermənistanına qayıdan milliyyətcə erməni olan şəxslərin SSRİ vətəndaşlığı almaq qaydaları haqqında” adlı fərman verilir. Xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə repatriasiyası “Daşnaksütyun” partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə repatriasiyanın “azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi” şəraitində baş verdiyi iddia edilirdi. Bu işə erməni Qriqoryan kilsəsi də xeyir-duasını vermişdi.
Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə, 1948-1950-ci illərdə 100 min nəfər – 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər azərbaycanlı “könüllülük prinsipinə əsasən” Azərbaycan SSR ərazilərinə köçürülməli idi. Qeyd edək ki, o zaman Ermənistan SSR-də 400 mindən artıq azərbaycanlı yaşayırdı. SSRİ hökumətinin qərarı ilə 1948-ci ildə Ermənistan SSR-dən deportasiya edilənlərin sayı 10.504, 1949-cu ildə 15.713 nəfər, 1950-ci ildə 12.332 nəfər, 1952-1953-cü illərdə 13.760 nəfər, 1954-1956-cı illərdə isə 5.876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR ərazisindən deportasiya və etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdi.
Deportasiya tədbirləri Ermənistan SSR-in 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ən qədim zamanlardan yaşadıqları ərazilərdə həyata keçirilmişdi.
1953-cü ildə İ.V.Stalinin vəfatından sonra SSRİ dövləti rəhbərliyində baş verən dəyişikliyə ümid bəsləyən erməni Qriqoryan kilsəsi və Ermənistan SSR rəhbərliyi DQMV ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında bu dəfə N.S.Xruşşova müraciət etdi. 1958-ci ildə erməni Qriqoryan kilsəsinin başçısı II Vazgen Bakıya gəlir və o zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri olan Sadıq Rəhimovla görüşür. Görüş zamanı II Vazgen Bakı şəhərində yerləşən erməni kilsəsi nəzdində erməni uşaqları üçün ruhani seminariyasının açılmasına, səhər və axşam kilsə zənginin vurulmasına icazə verilməsini və ən başlıcası, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsinə Azərbaycan SSR rəhbərliyinin razılıq verməsi təkliflərini irəli sürür. Azərbaycan SSR Nazirlər Sovetinin sədri S.Rəhimovdan çox sərt rədd cavabı alan II Vazgen SSRİ rəhbərliyinə şikayət edir. Lakin mərkəzi hökumət qaldırılan məsələnin nə qədər təhlükəli olduğunu anlayaraq onu müzakirə etməkdən çəkinir. Erməni katolikosuna verilən sərt rədd cavabı Azərbaycan SSR rəhbərliyinə mərkəzi hökumətin münasibətinin dəyişməsinə səbəb olur. 1959-cu ildə Azərbaycan SSR rəhbərliyi millətçilikdə ittiham edilərək dəyişdirilir.
XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1960-cı il dekabrın əvvəlində Azərbaycan KP MK-ya ABŞ-ın Boston şəhərində erməni millətçilərinin nəşr etdikləri “Baykar” (“Mübarizə”) qəzetində “Sovet Azərbaycanı Prezidentinə” başlığı altında çap edilmiş müraciət daxil olur. Riyakarlıqla dolu olan bu müraciətdə Azərbaycan SSR-in iki erməni muxtar qurumunun – Naxçıvan MSSR və DQMV ərazilərinin Ermənistan SSR tərkibinə verilməsi təklif olunur və bunun “əbədi erməni – Azərbaycan qardaşlığı”nın “möhkəmlənməsinə” kömək edəcəyi qeyd olunurdu. Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov MK-nın katibi Nazim Hacıyevə bu təxribatın qarşısını almaq və respublikanın ərazi bütövlüyünü qorumaq üçün əsaslı cavabın hazırlanması tapşırığını verir. Nazim Hacıyevin oğlu Aydın Hacıyev 2007-ci ildə nəşr etdirdiyi (“Vse ponyato, no ne vse prostito”. Baku. 2000 q.) əsərində yazır: “Atam məsələ ilə bağlı tarixçilərin, hüquqşünasların, kartoqrafların və MK-nın məsul işçilərinin də daxil olduğu xüsusi bir qrup təşkil etmişdi. Bu işdə çox fəal yardımı o zaman AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Əlövsət Quliyev göstərmişdi. Xüsusi qrupun hazırladığı bu sənəd arxiv sənədləri və xəritələrlə birlikdə Sov.İKP MK-ya göndərilmişdi. Sov.İKP MK-nın II katibi M.A.Suslov N.Hacıyevdən təcili Moskvaya gəlməyi tələb edir. N.Hacıyev Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ DTK-də məsul şəxslərlə görüşür və A.Mikoyanın Azərbaycana qarşı təşkil etdiyi təxribatın qarşısını almağa nail olur. Lakin bu onun həyatı bahasına başa gəlir. N.Hacıyev müzakirədən sonra SSRİ Səhiyyə Nazirliyi 4-cü Baş İdarəsinin xəstəxanasına düşür və ona “bədxassəli şiş” diaqnozu qoyulur. O, Kreml xəstəxanasının “işığı” sayılan Abramyan tərəfindən əməliyyat olunur. Nazim Hacıyevin Moskvaya gələn yaxın dostu akademik M.Topçubaşov əməliyyatın gedişatı ilə tanış olduqdan sonra, onun doğru aparılmadığını müəyyən edir. Beləliklə, Nazim Hacıyev 38 yaşında vəfat edir.
Azərbaycan SSR DQMV-də yaşayan ermənilər Ermənistan SSR rəhbərliyinə çoxsaylı müraciətlər ünvanlayaraq sözdən işə keçməyi tələb etməyə başladılar. 1968-ci il aprelin 23-24-də Ermənistan KP MK-nın birinci katibinə, respublika Nazirlər Sovetinin sədrinə və Ali Sovet sədrinə ünvanlanmış 100-ə qədər anonim məktub aşkar edilmişdi. “Əzəli erməni torpaqları”nın Ermənistan SSR-ə qaytarılması məsələsi bu məktubların əsas məzmununu təşkil edirdi. 1959-1961-ci illərdə Azərbaycan KP MK-nın II katibi işləmiş Vladimir Semiçastnı rusiyalı jurnalist Andrey Karaulova verdiyi müsahibəsində həmin dövrü belə xatırlayır: “…Qarabağ ətrafında müxtəlif şayiələr və dedi-qodular gəzirdi, qeyri-sağlam hadisələr baş verirdi… Mən onların konfransında çıxış edəndə mənə saysız-hesabsız suallar verdilər: bu belə deyil, o belə deyil. Mən onlara vəziyyətin nə yerdə olduğunu dedim. Sonradan orada kimi isə rəhbərlikdə dəyişdilər, vilayət komitəsinə ikinci katib təyin etdilər və vəziyyət bir qədər düzəldi”. 1960-cı illərin əvvəllərində SSRİ hökumətinin xaricdə yaşayan ermənilərə növbəti dəfə Sovet İttifaqına köçməyə icazə verməsi “Daşnaksütyun” partiyasının casusluqla məşğul olan bölmələrini xeyli fəallaşdırdı. Onlar repatriasiya kanalları vasitəsilə həmsərhəd olan ölkələrdən Ermənistan SSR ərazisinə müxtəlif təxribatçı qrupların keçirilməsinə çalışırdılar. Bunlar SSRİ Nazirlər Soveti DTK-nın II Baş İdarəsinin 1962-ci il fevralın 2-də Azərbaycan SSR DTK-nın II şöbəsinin rəisi Heydər Əliyevə göndərdiyi tam məxfi məktubda öz əksini tapmışdı. Heydər Əliyevin məktuba qoyduğu dərkənarda xarici ölkələrdə fəaliyyət göstərən erməni daşnak təşkilatlarının SSRİ sərhədlərinin Azərbaycan SSR sahəsini pozduqları halda yaxalanmaları haqda tapşırıq verilmişdi. 1962-ci il iyunun 24-də Azərbaycan SSR DTK-ya daxil olan məlumatda bildirilirdi ki, SSRİ dövlətinin başçısı N.S.Xruşşovun Ermənistan SSR-ə səfəri ərəfəsində erməni millətçiləri tərəfindən respublikada yaydıqları şayiəyə görə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən çıxarılaraq Ermənistan SSR tərkibinə veriləcəyi gözlənilir. Bu məqsədlə N.S.Xruşşovun ünvanına 2500 nəfərin imzaladığı məktub göndərilmiş və burada DQMV-nin ya Ermənistan SSR, ya da ki, RSFSR tərkibinə verilməsi tələb olunurdu. Ermənistan SSR və DQMV-də yaşayan ermənilərin belə fəallaşmalarının bir səbəbi də xarici ölkələrdə yaşayan erməni diaspor təşkilatlarından aldıqları dini-ideoloji və maddi yardımlar idi. Bütün bu işlər isə Ermənistan SSR rəhbərliyinin himayəsi və nəzarəti altında həyata keçirildi. Buna görə də 1964-cü il mayın 18-də N.S.Xruşşova ünvanladıqları yeni müraciət bu sözlərlə bitirdi: “Biz Dağlıq Qarabağ məsələsinə dair qərarın təcili qəbul olunmasında təkid edirik: ya muxtar vilayət və ermənilərin yaşadıqları ətraf rayonlar Ermənistana birləşməlidir, ya da onlar birbaşa SSRİ-nin hissəsi olmalıdır”. 1965-ci ilin iyununda Azərbaycan Yazıçılar İttifaqının DQMV Filialının katibi B.Ulubabyan muxtar vilayətin erməni millətindən olan məsul partiya və sovet işçilərinin imzaladığı ərizəni Sovet İttifaqı KP MK-ya göndərir. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi bu barədə respublika rəhbərliyinə məlumat vermiş və təxribatçıların qarşısını almaq üçün zəruri tədbirlər görmüşdü. 1966-cı ildə respublikanın dövlət xüsusi xidmət orqanları gizli fəaliyyət göstərən, 40 nəfər üzvü olan “Erməni gənclər ittifaqı” adlı təşkilatın İrəvandan olan emissarları muxtar vilayətin ərazisində öz özəklərini təşkil etməyə cəhd göstərdikləri zaman respublika xüsusi xidmət orqanları tərəfindən qarşısı alınmışdı. 1966-cı ilin avqustunda Sovet İttifaqı KP MK-nın Baş katibi L.İ.Brejnevin ünvanına göndərilən və altında 2000-ə qədər erməni “ziyalı”sının imzası olan məktubda deyilirdi: “Qarabağ ərazisinə və milli tərkibinə görə Ermənistanındır, quruluşuna, mənəvi dünyası və məişətinə görə Ermənistanındır, Qarabağın tarixi Ermənistanın tarixidir, Qarabağın dili, incəsənəti və ədəbiyyatı ermənilərindir. Nəzərə alınsa ki, Ermənistan SSR mövcuddur, onun ayrılmaz hissəsini süni şəkildə Sovet Ermənistanından ayırmaq məqsədəuyğun deyil”. “Ermənistan SSR-in elm və mədəniyyət xadimlərinin Sovet İttifaqı Kommunist Partiyasının XXIII qurultayına müraciəti” adlı bu məktub haqqında 1966-cı il sentyabrın 30-da Ermənistan KP MK-nın birinci katibi A.Koçinyanın və Nazirlər Sovetinin sədri B.Muradyanın Sovet İttifaqı KP MK-ya ünvanladıqları məktubda da məlumat verilir. Məktubun müəllifləri DQMV-nin və Naxçıvan MSSR-in yaranması ilə bağlı tarixi “faktları” və “sənədləri” istədikləri kimi yozaraq, daha doğrusu, saxtalaşdıraraq həmin ərazilərə olan iddialarını siyasi, iqtisadi və etnik amillərlə, “DQMV zəhmətkeşlərinin müxtəlif təbəqələrindən olan insanların Ermənistan KP MK-ya çoxsaylı məktubları” ilə əsaslandırmağa çalışırdılar. Həmin vaxt Azərbaycan SSR DTK sədrinin müavini işləmiş Heydər Əliyev sonralar, artıq Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə bu hadisələri belə xatırlayırdı: “Yadımdadır, 1966-cı, ya 67-ci ildə idi, Moskvadan bir qərar gəldi. O vaxt Axundov məni çağırdı. Sov.İKP MK-nın qərarı idi, yazmışdılar ki, “Azərbaycan KP MK-ya – Axundova, Ermənistan KP MK-ya – Koçinyana tapşırılsın ki, bu məsələni müzakirə edib məruzə etsinlər”. Bu nə deməkdir? Deməli, Azərbaycanın məsələsini həll etməyi Ermənistana tapşırırlar. Elə bununla da onu həll edirdilər, – yəni “siz gedin, onlarla bu məsələni həll edin”. O deyəcək ki, mənim olmalıdır, biz də deyəcəyik ki, yox. Oturduq, məsləhətləşdik. Mən ona dedim ki, bilirsiniz, siz Moskvaya getməli və Brejnevlə görüşməlisiniz. Getdi və Brejnevi başa saldı. Brejnev anladı və özü o qərarı ləğv elədi. Bu, 67-ci ildə olan hadisədir”.
Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları fonunda 1967-ci ildə Azərbaycan SSR DQMV ətrafında vəziyyət yenidən gərginləşdi. Bu baxımdan Heydər Əliyevin 1967-ci il iyunun 26-da Azərbaycan KP MK-nın birinci katibi V.Axundova yazdığı 10/579 №-li məxfi məktub diqqəti cəlb edir. Məktubda deyilirdi ki, iyun ayının 23-dən 24-ə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8×9 sm ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü.
Xankəndidə azərbaycanlılarla ermənilər arasında münaqişə olmuş və qan tökülmüşdü. Azərbaycan SSR DQMV Martuni rayonunun Kurapatkino kəndində yerli kolxoz sədrinin oğlu, 8 yaşlı N.B.Movsesyan müəmmalı şəraitdə qətlə yetirilmişdi. Qətldə ermənilər yerli azərbaycanlıları – Ərşad, Ələmşad və Zöhrab Məmmədov qardaşlarını günahlandırmışdılar. 1967-ci il iyulun 3-də Xankəndidə Yay estrada parkında qardaşlara məhkəmə hökmü oxunduqdan sonra N.B.Movsesyanın valideynləri və başqa ermənilər mühafizəçilərə hücum edərək Məmmədov qardaşlarını vəhşicəsinə öldürmüş, onların hətta başlarının dərisini soymuşdular. Bu vəhşiliyə əvvəlcədən hazırlaşan qatillər daşları şəhərə maşınlarda gətirmişdilər. Həmin məsələni dərindən araşdırmaq üçün Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyev Dağlıq Qarabağa ezam olunmuş, cinayətkarlar üzə çıxarılaraq həbs edilmişdilər. Xankəndi hadisələrinin təşkilatçıları ilə bağlı Bakıda keçirilən məhkəmə prosesi 5 nəfəri güllələnməyə məhkum etmiş, digər 14 nəfəri isə müxtəlif müddətə azadlıqdan məhrum etmişdi. Qeyd etmək lazımdır ki, bu məsələ Azərbaycan SSR Nazirlər Sovetinin iclasında müzakirə edilmişdi. Müşavirədə çox kəskin çıxış edən Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanov yaradılmış komissiyaya rəhbər təyin edilir. Qəbul edilmiş qərar əsasında mərkəzi hökumətə çox sərt məzmunlu müraciət hazırlanaraq göndərilir. O zaman Azərbaycan SSR DTK-nın sədri general-mayor Heydər Əliyev, Daxili İşlər Naziri general-mayor Məmməd Əlizadənin də daxil olduğu komissiya üzvləri Xankəndiyə yollanırlar. Erməni faşistləri tərəfindən yaradılmış ağır ictimai-siyasi vəziyyəti görən komissiya yeganə çıxış yolunun Dağlıq Qarabağın bütün ermənilərdən təmizlənməsi təklifini irəli sürür. Mərkəzi Komitənin birinci katibi V.Axundov təcili olaraq Moskvaya Sov.İKP MK Baş Katibi L.İ.Brejnevin yanına gedir və məsələni razılaşdırır. Xankəndidə işləyən komissiyanın sədri Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanovun təklifi ilə ermənilərin Ermənistan SSR-ə köçürülməsi ilə bağlı qəbul edilmiş qərar barədə bu respublikanın rəhbərliyinə müraciət ünvanlanır. Bundan sonra təcili olaraq 1000 ədəd avtobus və 5000 ədəd yük maşınının ermənilərin Dağlıq Qarabağdan Ermənistan SSR-ə köçürülməsi üçün göndərilməsi tapşırığı verilir və Ermənistan SSR rəhbərinə ikinci xəbərdarlıq məktubu ünvanlanır. Azərbaycan SSR rəhbərliyinin qəti mövqeyini görən Ermənistan SSR rəhbərliyi terrora əl atır. İki azərbaycanlını yandıran erməni terrorçuları bununla kifayətlənməyib Azərbaycan SSR Daxili İşlər Naziri M.Əlizadəyə sui-qəsd edir, o ayağından yaralanır. Vəziyyətin getdikcə kəskinləşdiyini görən SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgin Azərbaycan SSR rəhbərliyinə zəng edir və Baş katib L.İ.Brejnevin artıq bu təklifdən imtina etdiyini bildirir, ermənilərin Ermənistan SSR-ə köçürülməsi işinin dayandırılmasını tələb edir. Lakin Azərbaycan SSR rəhbərliyi istintaqı davam etdirir.
1967-ci il hadisələri hələ uzun müddət respublika rəhbərliyini gərginlikdə saxladı. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR DTK-nın hazırladığı hesabatda DQMV ətrafında yaranmış vəziyyəti təhlil edərək yazırdı: “Bir çox hallarda vilayətdə siyasi cəhətdən mənfi və cəmiyyətə zidd hərəkətlər onların bilavasitə təşkilatçısı və iştirakçısı olan Ermənistan SSR-in bəzi millətçi əhvali-ruhiyyəli ünsürlərinin təsiri ilə baş verirdi. Bunu son 5 ildə toplanmış faktlar sübut edir. Ermənistan SSR-dən Xankəndiyə gələn şəxslər burada, guya DQMV-nin Ermənistan SSR-ə birləşəcəyi haqqında müxtəlif şayiələr yayırdılar, bununla bağlı xüsusi hazırlanmış müraciətlər üçün imzalar toplayırdılar, “Qarabağ ermənilərinə çağırış” adlı millətçilik ruhunda yazılmış müraciətləri və digər təxribat xarakterli çap materiallarını kütləvi şəkildə buraya gətirərək yayırdılar”.
(Ardı var)
Cəbi BƏHRAMOV,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent
“Azərbaycan” qəzeti 25 yanvar 2018-ci il