Dekabrın 22-də “1905.az” portalında “2017-ci il diasporumuz üçün nə ilə yadda qaldi?” mövzusunda müzakirə oldu. Müzakirədə “Diaspor Jurnalistlər Birliyi”-nin sədri Fuad Hüseynzadə və Azərbaycan-Kipr dostluq cəmiyyətinin sədri Orxan Həsənoğlu iştirak etdi. Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın Məmmədov və Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev müzakirələrə “Skype” vasitəsilə qoşuldular.
Təmkin Məmmədli: Hər birinizi 1905.az portalı adından salamlayıram. Sizə ünvanlayacağımız sual isə belədir. 2017-ci il Azərbaycan diasporu üçün nə ilə yadda qaldı?
Vüqar Abbasov: (“Skype” vasitəsilə qoşulur) Mən əvvəla diasporun özünün problemlərindən danışmaq istərdim. Azərbaycanda yaşayanlar elə düşünür ki, xaricdə yaşayanlar heç bir iş görmür, yaxud da bizi erməni və yəhudi diasporu ilə müqayisə edirlər. Millətimiz xaricdə yaşaya-yaşaya ürəkdən Azərbaycana bağlıdır. Bunu danmaq mümkün deyil. Mən Azərbaycan diasporunu istər ermənilər, istərsə də yəhudilərlə müqayisə etməyin tərəfdarı deyiləm. Çünki onlar yüz illərdir ki, dünyanın müxtəlif ölkələrində yaşayırlar. Azərbaycan diasporunun fəaliyyəti son 20 – 30 ili əhatə edir. Türkiyə və Rusiya bizə dil və mədəniyyət baxımından yaxındır. Amma, Avropa ölkələrində bu müddət ərzində diaspor formalaşdırmaq, təşkilatlanmaq, yerli ənənələri öyrənərək fəaliyyət göstərmək bir qədər çətindir. Bunları öyrənənə qədər müəyyən zaman keçir. Demək istədiyim odur ki, zamanla bunlar öz həllini tapacaq. 2017-ci ilin necə yadda qalmasına gəldikdə isə bu il (red. – 2017-ci il) dünyanın müxtəlif ölkələrində tədbirlər keçirildi. 2017-ci ilin əvvəlində Avropa Azərbaycanlıları Konqresi keçirildi və yeni rəhbərlik seçildi. Diasporda vətəninə, millətinə bağlı insanların olması çox böyük önəm daşıyır. 2017-ci ildə Ayhan Dəmirçinin sədrlik etdiyi Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü sayəsində Belçika kimi bir yerdə Qarabağ atına abidə qoyuldu.
Cavid Aydın-Məmmədov: (“Skype” vasitəsilə qoşulur) Vüqar bəyin fikirlərinin böyük bir qismi ilə razıyam. Həqiqətən Azərbaycan diasporu geniş əraziyə səpələnib. Bəzən Azərbaycan diasporu bir növ erməni diasporunun, bədnam qonşumuzun qarşısını alan qurum kimi görünür. Əslində Azərbaycan diasporunun fərqli yönləri də var. Bizim diaspor eyni zamanda ədəbiyyatımızı, mədəniyyətimizi tanıtmağı öyrədir. Erməni diasporu isə sadəcə şovinist davranışı ilə qondarma 1915-ci il soyqırımını qəbul etdirmək uğrunda çalışır. 2017-ci il mənim üçün Ümumrusiya konqresinin ləğv edilməsi ilə yadda qaldı. Bu üzücü bir qərardır. Araşdırmalarıma görə Ümumrusiya konqresi böyük işlər görürdü.
Türkiyədəki Azərbaycan diasporu haqqında danışmaq istərdim. Əslində bir çoxları belə düşünə bilər ki, Türkiyə ilə qardaşıq, bir millət iki dövlətik. Türkiyədə diaspora nə ehtiyac var? Çox insanların yanaşması bu şəkildədir. Əslində elə deyil. Erməni diasporunun ən güclü olduğu ölkələrdən biri Türkiyədir. Gizli erməniləri də saydığımız zaman məlum olur ki, bir çox erməni burada yaşayır. Ona görə də Azərbaycan diasporunun ən güclü olması lazımlı yerlərdən biri məhz Türkiyədir. Türkiyədə Azərbaycan diasporu əslində çox dağınıq bir şəkildədir. Çünkü Türkiyə kimi ölkədə hazırda Azərbaycanın üç federasiyası var. Biz çox çalışdıq ki, bu federasiyaları birləşdirib böyük bir konfederasiya və ya tək bir federasiya edək. Amma onlar birləşmək istəmədilər. Hazırda federasiyalar arasında da, dərnəklər arasında da sıx əlaqələr var. Mən Türkiyədə diasporun güclü olmasını hiss etmirəm. Bununla bağlı 2015-ci ildə bir yazı yazmışdım. Azərbaycan diasporu o qədər təsirsizdir ki, biz Türkiyədəki parlament seçkilərində məclisə heç bir partiyadan Azərbaycan əsilli millət vəkili daxil edə bilmədik. Amma bədnam qonşularımızın fərqli-fərqli partiyalardan erməni əsilli üç və ya dörd millət vəkili var idi. Biz bunu erməniyə uğur olaraq göstərmək istəmirik, amma bu bizim uğursuzluğumuz idi.
Şamil Tağıyev: (“Skype” vasitəsilə qoşulur) Həqiqətən burada çox düzgün məqamlara toxunuldu. Cavid bəy bildirdi ki, Türkiyədə parlamentdə azərbaycanlı deputat yoxdur. Bu məsələni biz Türkiyədəki qardaşlarımızla müzakirə etdikdə onlar problemi azərbaycanlılar arasında birliyin olmamasında görürlər. Rusiyaya gəldikdə isə burada problem başqa məsələdədir. Bizim burada yaşayan həmvətənlərimizin, diaspor təşkilatlarında fəaliyyət göstərən soydaşlarımızın əksəriyyəti təəssüflər olsun ki, diasporun nə olduğunu anlaya bilməyiblər. Siravi insanların bir çoxu elə fikirləşir ki, diaspor səfirlik kimi bir dövlət qurumudur. Onların fikrincə, diaspor Azərbaycan dövləti tərəfindən maliyyələşir, burada çalışanlar çox yaxşı məvacib alır, dövlət onlara hər şərait yaradıb. Ona görə də diaspor bunların hər bir problemini həll etməlidir. Çox vaxt Rusiyada bu məsələlərlə üz-üzə gəlirik. Adi insanları başa düşmək olar, təəssüflər olsun ki, diasporda çalışan insanların bir çoxu da bu işə siyasi bir tramplin kimi baxır. Yəni belə bir səhv gözlənti var ki, diasporda bir müddət çalışdıqdan sonra onları Azərbaycana dəvət edərək hansısa bir vəzifə verəcəklər. Rusiyada uğursuz fəaliyyət göstərən diaspor təşkilatları bağlandı. Rusiya vətəndaşları olan azərbaycanlılara, övladları burada böyüyən azərbaycanlılara diaspor təşkilatlarında bağlı olan insanlar azdır. Bizim fikrimizcə, əgər bir insan diasporda çalışırsa o ilk növbədə həmin ölkədə yaşayan həmvətənlərinin inteqrasiyası ilə məşğul olmalıdır, bu haqda düşünməlidir. Ümumrusiya Azərbaycan Konqresi bağlandıqdan sonra yeni rəhbərlik gəlib. Biz yeni bir təşkilat açılandan sonra onun fəaliyyətinin kardinal şəkildə dəyişilsilməsini gözləyirik.
Bizi erməni diasporu ilə müqayisə etmək tarixi baxımdan düz deyil. Çünkü ermənilər heç vaxt vahid bir dövlətin tərkibində yaşamayıblar. Onlar bütün dünyaya yayılıb. Amma Azərbaycan diasporunun 10-15 illik tarixi var. Biz 10-15 illik fəalliyətimizlə ermənilərin min illik diaspor tarixini ötüb keçmək istəyirik. Bakıda diaspor dəsləri keçirilir, xaricdən gələn diaspor üzvləri ilə gəncləri görüşdürürlər və insanlara başa salırlar ki, diaspor nədir. Belə düşünürəm ki, Azərbaycanda universitetlərdə diaspor dərsləri keçirmək lazımdır. Əgər dövlətin belə bir komitəsi varsa, orada çalışacaq peşakar kadrlar da hazırlanmalıdır. Türkiyədəki qardaşımız dedi ki, orada gizli fəaliyyət göstərən erməni toplumları var. Ermənilər Avropada olduğu kimi Rusiyada da güclüdür. Rusiyada ermənilərin fəaliyyəti sıravi ictimai təşkilatlardan tutmuş aparıcı partiyalara kimi gedib çatır və burada açıq şəkildə onlara qarşı fəaliyyət göstərmək özü bir təhlükədir. Bizim heç bir maddi dəstəyimiz yoxdur, ancaq şəxsi vəsaitimiz hesabına fəaliyyət göstəririk.
Diaspor hansısa bir işi uğurlu gördükdə erməni lobbisi bir tərəfdən, məhkəmə, polis, prokurorluq və başqa dövlət qurumlarını digər tərəfdən bizi sıxışdırmağa başlayırlar. Ona görə Rusiyada işləmək həqiqətən çox çətindir. Rusiyada Azərbaycan diasporunun uğurları birbaşa iki dövlətin xarici siyasətindən asılıdır. Təssüflər olsun ki, bizim diaspor Rusiyada yaşayan azərbaycanlıların, onların təşkilatlarının, Rusiya ictimaiyyətinin bir hissəsinə çevrilə bilməyib. Mən belə düşünürəm ki, bu ən böyük uğursuzluqlardan biridir. Arzu edirəm ki, gələcəkdə yeni təşkilat açılsın və yeni rəhbərlik aktiv bir fəaliyyətlə məsələləri yoluna qoysun.
Vüqar Abbasov: Mən çıxışımın əvvəlində demək istəmədim ki, bizim diasporumuz güclüdür. Qətiyyən bu fikirdə deyiləm. Diasporu ən çox tənqid edən adamlardan biri mən olmuşam. Sadəcə olaraq deyirəm ki, bizim xaricdə yaşayan insanların içərisində Vətəninə, millətinə bağlı olan insanlar çoxdur. Mən Niderlandda diaspor fəaliyyətinə 2011-ci ildə başlamışam. Onlarla qəzetdə məqalələr gedib, radioda çıxışlar olub və mən bunları heç bir dəstək olmadan həyata keçirmişəm. Mən şəxsən özümə dəstək verilməsini istəmirəm. Dəstəyi elə bir adama versinlər ki, heç olmasa o dəstəyin 50 fazini aidiyyatı üzrə xərclənsin. Bilirsiz elə düşünürlər ki, diasporun işi xaricə gələn adamları burada qarşılayıb-yola salmaq və yaxud da hansısa bir mitinqdə iştirak etməkdən ibarətdir. Konkret Niderlanddan çox sadə bir misal göstərim. Mənim bir mitinqə gedib gəlməyim ən azı 50-100 avroya başa gəlir. Həmin gün işə getmədiyim üçün əmək haqqımın da kəsilməsini nəzərə alsaq bu birlikdə 200 avro edir. İl ərzində müxtəlif şəhərlərdə çoxlu mitinq və tədbirlərimiz olur və onların hamısına da getməlisən. Mən çox istərdim ki, diaspor ilə maraqlansınlar. Biz Avropadan Vətənə gəldikdə başqa xarici vətəndaş kimi viza alıb gəlirik. Yaxud bu yaxınlarda Belçikada bir azərbaycanlı dünyasını dəyişdi və həmin məsələnin əziyyətini əvvəldən axıra qədər Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi çəkdi. Amma təəssüflər olsun ki, bunu başqaları öz adına çıxarmağa cəhd göstərdi.
Azərbaycanda yaşayan insanların diaspora yanaşma tərzi ilə bağlı bir misal çəkmək istəyirəm. Mənə bir həmvətənimiz xaricdə oxumağa gəlmək istədiyini bildirdi. Mən onun suallarına cavab verərək bunun üçün ingilis dilini bilməyin gərəkli olduğunu bildirdim. Mənim yüzlərlə belə məktub aldığımı, onların hamısına vaxt ayırmağa imkanımın olmadığını yazdım. Sonra gördüm ki, həmin şəxs bizimkilər xaricə gedib heç kimi saymırlar, tələbələrlə maraqlanmırlar deyə bir status yazıb. Bu işlə diasporu bilən də məşğul olur, bilməyən də. Hətta diaspor sözünün anlayışının nə olduğunu bilməyən insanlar var. Biz nə zaman hansı işlə məşğul olduğumuzu bilsək onda uğur qazanarıq.
Fuad Hüseynzadə: 2018-ci ildən gözləntiləriniz nədən ibarətdir?
Vüqar Abbasov: Bu templə getsə çox böyük gözləntilərim yoxdur. Tempin artırılmasını istərdim. Tədbir keçirilməzdən öncə tədbirin alt yapısı hazırlanmalıdır, yəni elə təbliğat aparılmalıdır ki, o tədbirə yerli insanlar qatılsınlar. Mən belə düşünürəm ki, 2018-ci ildə tədbirçilik prinsipindən çıxmaq lazımdır.
Fuad Hüseynzadə: Cavid müəllim, eyni sualla Sizə müraciət edirəm. 2018-ci ildən nə kimi gözləntiləriniz var?
Cavid Aydın-Məmmədov: 2018-ci il Azərbaycan Cümhuriyyətinin yüz illiyidir. Azərbaycanlı olaraq Türküstan dünyasında qurulan ilk cümhuriyyət olduğumuz üçün çox önəmli işlər görməliyik. Diasporumuz Azərbaycanın yüzüncü illiyinə layiq işlər görməlidir. Vüqar bəy mənim demək istədiklərimin bir çox hissəsini fikirlərində bildirdi. Mən zənn edirdim ki, bu problemlər yalnız Türkiyədə keçərlidir. Amma gördüm ki, Rusiyadakı, Hollandiyadakı problemlər də eyni şəkildədir. Azərbaycanlılar diaspor nümayəndələrini sanki dövlətin rəsmi əmək haqqı alan bir işçisi olaraq görürlər. Ümidvaram ki, 2018-ci ildə sadəcə Türkiyədəki təşkilatlarımız deyil, istər Avropa, istərsə də Rusiyada olan təşkilatlarımız birlik içərisində hərəkət etməlidir. Bilirsiniz ki 1991-ci ildə Azərbaycan müstəqil olan zaman bizim Konstitusiyamızda 1918-ci ildə qurulan cümhuriyyətin davamçısı, mirasçısı olaraq göstərilirik. Bununla bağlı önəmli işlər görülməlidir. Diasporumuz azərbaycanlı iş adamları tərəfindən müsbət yönlü dəstəklənməlidir. Bizim xaricdəki iş adamlarımız diaspor təşkilatlarından uzaq durur. Azərbaycan diasporunda bu sıxıntı yaşanır. Amma, erməni diasporunun ən böyük sərmayəçisi erməni iş adamlarıdır. İkincisi, Azərbaycan diasporunun güclü mətbuat orqanları, televiziya kanalları olmalıdır. Vüqar müəllim vurğuladığı kimi tədbirçilikdən çıxmaq lazımdır. Çünkü tədbirdə iştirak edənlərin yarısı azərbaycanlılar olur. Medianın gücündən istifadə edərək Türkiyədə, Rusiyada, Avropanın müxtəlif ölkələrindəki insanlara təsir göstərməliyik. Media qurumlarımız çox güclü olmalıdır. Biz Türkiyədə “Üç cizgi” adlı bir jurnal çıxarırıq. Bunu daha da genişləndirmək istəyirik və irəlidəki illərdə fərqli yönlərdə çalışmalarımız olacaq.
Şamil Tağıyev: 2018-ci il bizim üçün çox çətin bir ildir. Çünkü Rusiyada iki böyük hadisə – prezident seçkiləri və futbol üzrə dünya çempionatı məhz 2018-ci ilə təsadüf edəcək. Ona görə də bütün dünyanın fikri Rusiyada olacaq. Rusiya dövləti daxildə separatçılıq və ya başqa anti-dövlət hərəkətlərinin olmamasına çalışır. Bunu biz də dəstəkləyirik, dövlətçilik qorunmalıdır. Azərbaycan diasporunun güclü olması üçün orada vətənə, millətə, tarixinə, irsinə, qanına sadiq olan, heç bir maddiyyat və öz xeyrini güdməyən insanlar çalışmalıdır. Güclü olmağımız üçün ilk növbədə diaspor fəaliyyətinin nəzəri tərəfini öyrənməli, sonra praktikası ilə məşğul olmalıyıq. Təəssüflər olsun ki biz bunun elmi tərəfini bilmədən praktik tərəfini təmin etmək istəyirik. Rusiyadakı bir ağsaqqalımız sözləri ilə fikrimi ifadə etmək istərdim. Hər hansısa bir təşkilatın güclü olması üçün 3 amil önəmlidir. Bunlar fikirləşən beyin, xərcləyən cib və vuran əldir. Mən arzu edirəm ki, 2018-ci ildə bu üç amil azərbaycanlılarda fəal olsun ki, biz həm düşünə bilən beyinləri ətrafımıza toplaya bilək, həm də Nağıyev, Əsədullayev, Tağıyev kimi pul xərcləyə bilən insanlar xaricdə yaşayan həmvətənlərinə sahib çıxsınlar. Maddi dəstək olmadan hər hansısa bir iş görmək çox çətindir. Nəhayət, vuran əl dedikdə hansısa bir radikal hərəkəti yox, təşkilatın sözünü deyən, onun arxalandığı insanları nəzərdə tuturam. Təşkilat dediyi sözü sonradan hansısa təzyiqlər altında geri götürəcəksə, o təşkilat təşkilat deyil. Təşkilatın dediyi sözü həyata keçirmək üçün qüvvəsi olmalıdır. Bu qüvvə dövlət qurumu deyil, təşkilatının içərisində formalaşmış bir güc olmalıdır ki, diaspor özünə arxayın olsun.
Orxan Həsənoğlu: Biz hər zaman danışdıqda reallıqdan uzaq müzakirələr edirik. Biz Kıbrısda da olsaq da, Türkiyənin bir parçasayıq. İlk öncə Türkiyə məsələsinə gəldikdə mənim subyektiv bir fikrim var. Biz diaspor fəaliyyəti ilə məşğul olub təşkilatlanmayana qədər Türkiyənin köklü bir diaspor təşkilatı olmayıb. Mən hansı fikrə qarşıyam. Türkiyə Cümhuriyyətinin misal üçün Finlandiyada və ya başqa bir ölkədə diplomatik korpusu, nümayəndəliyi öz ölkəsinin diplomatik maraqlarını qoruyur. Həmçinin həmin şəhərdə Azərbaycanın da diplomatik nümayəndəliyi var. Mən Türkiyə-Azərbaycan diasporunun vahid fəaliyyətinin 20 il bundan əvvəl günün tələblərinə cavab verdiyinə görə düşünürdüm ki, biz birlikdə fəaliyyət göstərə bilərik. Ancaq mənə görə bu gün bu platforma, bu strategiya tamamən fərqli yöndədir. Biz ayrılmalıyıq. Mən Avropada Azərbaycan cəmiyyətinin rəhbərinin bir türk olmasına qarşıyam. Söhbət Türkiyədən getmir. Mən özüm Türkiyədə çalışıram və Türkiyəyə olan mövqeyim də bəllidir. Ancaq mən şəxsən bu fikrə qarşıyam. Türkiyə türkləri Avropada yaxşı olar ki, Türkiyə diasporunun maraqları ilə məşğul olsun. Bizim vahid diasporumuz o gün üçün günün şərtlərinə cavab verirdi. Yeni dövrdə bizim strategiyalarımız uyğun deyil, üst-üstə düşmür. Bizim öz dövlətimiz, öz qanunlarımız var. Türkiyəyə gəldikdə çox acınacaqlı hadır ki, dünyada diaspor sahəsində ən zəif olduğumuz ölkə Türkiyədir. Əslində biz Türkiyədə çox zəifik. Bizim Türkiyədə sizin kimi regional aktiv təşkilatlar (red. – Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın Məmmədova müraciət edir) istisna olmaqla, Türkiyədə vahid bir diaspor təşkilatımız yoxdur. Biz illərdir səhvən düşünmüşük ki, diaspora rəhbərliyi ya bir iş adamı etməlidir, ya da ki, həmin şəxs bələdiyyənin tanıdığı adam olmalıdır. Yaxşı haldır ki, burada səslənən fikirlərin əksəriyyəti üst-üstə düşür. Biz ənənəvi diaspor qabığından sıyrılıb çıxmalıyıq.
Cavid Aydın-Məmmədov: Türkiyədə yaşayan əslən Azərbaycandan olan iqdırlı, qarslı soydaşlarımız var, amma, onlar Azərbaycan haqqında çox geniş miqyaslı bilgiyə sahib deyillər. Halbuki, Türkiyədə azərbaycanlı alimlərimiz, iş adamlarımız var. Onlar Azərbaycan diasporuna sırf hərc-mərclik üzündən cəlb oluna bilmir. Biz Türkiyədə çox dağınığıq… Regional olaraq fəal dərnəklər var. Mən də Xocalıda ağlayıb, Novruzda oynamağa da qarşıyam. Azərbaycanın dərdi yalnız Xocalıdan, bayramımız da yalnız Novruzdan ibarət olmamalıdır, ədəbiyyatımızı, mədəniyyətimizi hərtərəfli təbliğ etməliyik. Biz hazırda Azərbaycanın Cümhuriyyətinin yüzilliyi ilə bağlı elmi simpozium keçirməyi planlaşdırırıq.
Orxan Həsənoğlu: 2017-ci ildə Dünya Azərbaycanlılarının qurultayından sonra bizim diaspor sahəsində ciddi islahatlar dövrü başladı. Avropada müəyyən çalışmalar oldu. Amma bunların heç biri strateji cəhətdən Azərbaycan diasporu tarixinə yazıla biləcək mühüm hadisələrlə yadda qalmadı. 2018-ci ildən gözləntilərə gəldikdə bizim Azərbaycan-Kipr Dostluq Cəmiyyəti olaraq 2018-ci ildə 3 mühüm layihəmiz var. Ümumi gözləntilərə gəldikdə isə Azərbaycan diasporunda hər hansısa bir irəliləyiş, hər hansı bir yeni çalışma gözləmirəm. Ona görə gözləmirəm ki, bu gün dünyada Azərbaycanı təmsil edən on minlərlə tələbə var. Sadəcə Türkiyədə 15 minə yaxın tələbə vardır. Biz bu gənc nəslin potensialından yararlanıb, ortaya akademik elmi bir məsələ qoymayana qədər uğur əldə edə bilməyəcəyik. İllərdir Türkiyədə yaşayan, Avropada yaşayan orada kök salmış, oturuşmuş insanların təcrübəsinə ehtiyacımız var. Amma bizim yeni ideyalara, yeni gənc nəslin enerjisinə ehtiyacımız var.
Vüqar Abbasov: Mən o fikirlə də razıyam ki, biz Azərbaycan tarixini bilən insanların fəaliyyətinə daha çox ehtiyac duyuruq. Mən bir məqama xüsusi diqqət çəkmək istərdim: Konkret olaraq Niderlandda azərbaycanlıların sayını bəzi mənbələr on min, bəzi mənbələr iyirmi min göstərir. Amma bizim hər hansısa bir tədbirimizə 300 azərbaycanlını yığmaq mümkün deyil. Yalnız Xocalı soyqırımının ildönümləri və Novruz bayramı günləri istisnadır.
Orxan Həsənoğlu: Siz də gözəl bildirdiniz ki, tədbirləri kənara qoymaq lazımdır, tədbirlərə sərf olunan maliyyə vəsaitinə təbliğat-təşviqat işləri aparmaq lazımdır. Tədbirləri bütünlükdə yığışdırıb tamamən yeni bir strategiya müəyyənləşdirmək lazımdır.
Fuad Hüseynzadə: Mənə ümumilikdə maraqlıdır ki, Xocalı, Qarabağ problemimiz olmasaydı diasporumuz başqa nədən danışacaqdı, nə barədə tədbir keçirəcəkdi. Biz Xocalıdan yalnız 26 fevralda danışmamalıyıq, bu bütün il boyu gündəmdə olmalıdır. Tədbirlər keçirilməlidir, amma tədbirlərin taktikasını dəyişmək lazımdır. Mən hər zaman vurğulayıram ki, diasporun strategiyası bəllidir – bu təbliğatdır. Bu strategiyanı həyata keçirmək üçün taktiki yollar zamana görə dəyişməlidir. Bu gün biz yeni taktiki yollar araşdırmalıyıq.
Vüqar Abbasov: Haqlı deyirsiniz, tədbirin öz yeri var. Mənə belə gəlir ki, hər şeyi yerində etmək lazımdır. Konkret hədəf məlum olmalıdır ki, biz nə etmək istəyirik. Təkrar altını çizərək deyirəm: Bizim xaricdə yaşayan azərbaycanlıların hamısı diaspor fəaliyyəti ilə məşğul olmalı deyil. Belə bir fikir ümumiyyətlə yalnışdır. Diasporun aktiv olan və aktiv olmayan nümayəndələri var. Azərbaycan mətbuatı diasporla bağlı məsələləri işıqlandıranda diqqətli olmalıdır.
Fuad Hüseynzadə: Mən bu fikirlə razıyam. Azərbaycan mətbuatında yanlış məlumatlar çox gedir. Mən əvvəllər narahat idim ki, Azərbaycan mediası diaspordan yazmır. İndi nəzər saldıqda görürəm ki, Azərbaycan mediası diasporadan lazım olandan artıq yazır, intriqalar mətbuata gətirilir. Mənə belə gəlir diaspordan yazdıqda bir senzura olmalıdır, məsələlər süzgəcdən keçirilməlidir.
Cavid Aydın-Məmmədov: Örnək verirəm. Eskişehir ilə, Bursa ilə əlaqəli hər hansısa bir məlumatı yazdıqda oradakı diaspor nümayəndəsi ilə əlaqə saxlanılmalıdır. Eskişehirlə bağlı bir məlumat İstanbul diasporunun nümayəndəsinin fikrinə əsasən yazılırsa, burada səhv məlumatların getmə ehtimalı da artır.
Fuad Hüseynzadə: Yəni informasiyanı mənbəyindən almaq lazımdır.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Təşkilati dəstəyə görə “Diaspor Jurnalistlər Birliyi”–nin sədri Fuad Hüseynzadəyə minnətdarlığımızı bildiririk.