“Kvartet” rubrikasında sentyabrın 14-də Bakıda Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilə ilə bağlı danışdıq. Qonaqlarımız neft və iqtisadiyyat məsələləri üzrə ekspertlər İlham Şaban və Vüqar Bayramov idi.
Fuad Babayev: 1994-cü ilin 20 sentyabrında nə baş verdiyini bizim hamımız yaxşı xatırlayırıq. Bəs bir neçə gün öncə imzalanan saziş barədə nə demək olar? İxtisaslaşmış mətbuatla davamlı ünsiyyətdə olmayan adi oxucu nəyi bilməlidir?
İlham Şaban: İctimaiyyət əsas nəyi bilməlidir? Əsas odur ki, neft yatağı var və Dövlət Neft Şirkəti qarşısında duran vəzifə yerin dərin qatında olan karbogen ehtiyatlarını kommersiya baxımından sərfəli şərtlərlə çıxarıb, kapitala çevirməkdir. Əgər bu ehtiyatlar çıxarılıb kapitala çevrilmirsə, deməli, bu sərvətin əhəmiyyəti yoxdur. Baxın, Azərbaycanla Türkmənistan arasında bir yataq var – biz “Kəpəz”, onlarsa “Sərdar” deyirlər. Əgər onun ehtiyatları çıxarılmırsa, istifadə olunmursa və 50 ildən sonra dünya neftə ehtiyac duymayacaqsa, deməli, artıq bu ehtiyatlar kapitala çevrilmədi. Hələ 1990-cı illərdə də neft müqavilələrinin əleyhinə yazılar yazırdılar ki, niyə bu müqavilələri xaricilərlə bağladıq, gərək gözləyəydik ki, müəyyən vaxt keçsin, Azərbaycan ayaqları üstə möhkəm dayansın, yeni texnologiyaları öyrənərdik, xaricə tələbələr göndərib, mütəxəssis hazırlardıq və bu işləri də özümüz edərdik. Amma bəzən bizim insanlarımız texnika ilə texnologiyanı qarışıq salırlar. Azərbaycan mənfəət neftini 1999-cu ilin dekabrından alır. Bu müddət ərzində 125,1 milyard dollar vəsait qazanıb. Və bu vəsait Azərbaycan Dövlət Neft Fonduna “oturub”. İlin sonuna kimi bu vəsait 125,5 milyard olacaq. Bura nə Dövlət Neft Şirkətinin payı, nə dövlətə ödənilən vergilər, nə də Azərbaycandakı podratçı şirkətlərin qazancı daxil deyil. Bu, az pul deyil. Üstəlik də nəzərə alaq ki, ümumilikdə Azərbaycana qoyulan investisiya 200 milyard dollar olub. Azərbaycan müstəqillik qazanandan bəri qoyulan xarici investisiya 76 milyard dollar olub. Yalnız neft sektoruna qoyulan investisiya təqribən 69 milyard dollar olub. Görün, neft hansı xüsusi çəkiyə malikdir. O dövrdə hesab olunurdu ki, bu yataqlarda yarım milyard ton neft var və 436 milyon ton neft də çıxarılıb. Yenidən qiymətləndirmə isə göstərir ki, hələ yarım milyard ton da çıxarılası neft var. Elə isə sərfəli kommersiya şərtləri ilə onu niyə çıxartmayasan? Həm də məlumdur ki, artıq neft enerji balansında öz mövqeyini itirir.
Fuad Babayev: Vüqar müəllim, adi vətəndaşlara bu yeni müqavilə nə vəd edir?
Vüqar Bayramov: Əvvəla, bu müqavilənin yenidən imzalanması üçün ehtiyac nədən yarandı? Beynəlxalq Əməliyyat Şirkəti yeni investisiya qoyuluşu həyata keçirməlidir. Hasilatın davam etdirilməsi üçün investisiya qoyuluşuna ehtiyac var. Bunun üçün də BP burada qalmasına zəmanət istəyirdi. Bu müqavilə də hökumətin 2024-cü ildən sonra da BP ilə əməkdaşlığı davam etdirəcəyinin zəmanətidir. “Azəri”- “Çıraq”-“Günəşli” yataqlarında proqnozlaşdırılandan çox neft ehtiyatı var. Bu ehtiyatlar da yeni kontraktın imzalanması üçün zəmin formalaşdırdı. Yeni müqavilə “Əsrin müqaviləsi”nin davamı olsa da bəzi şərtlər fərqlidir. SOCAR-ın payı 11,6 faizdən 25 faizədək artırıldı, hasilatın pay bölgüsündə 75 faiz qorunub saxlandı. Bonusun məbləğində və digər rəqəmlərdə də müəyyən qədər fərqlər var. Müqaviləyə görə 3,6 milyard dollar bonus veriləcək ki, bu da 1994-cü ildəki bonusdan 12 dəfə çoxdur. Bəs bu, qeyri-neft sektorunun inkişafı baxımından hansı imkanları yarada bilər? Əvvəla yeni müqavilə investisiya cəlb olunmasını davam etdirəcək – 40 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulub. Əvvəlki müqavilə üzrə 33 milyard dollar investisiya qoyuluşu həyata keçirilmişdi. Azərbaycan neft ölkəsidir və növbəti illərdə də bu statusunu qoruyub, saxlayacaq. Postneft dövrü neft erasının bitməsi anlamına gəlmir. Postneft dövrü neftdən asılılığın azaldılması dövrüdür. Azərbaycan enerji ölkəsi olaraq öz statusunu qoruyub, saxlayacaq. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyəyə və Avropaya mavi qaz nəql edəcək.
Yeni müqavilə bizə nə vəd edir? Maliyyələşdirmə olmadan dövlət iqtisadi diversifikasiya apara bilmir. İslahatlar maliyyə tələb edir. Neft qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı formalaşdıra bilər. Nəzərə almaq lazımdır ki, mövcud qiymətlərlə 150 milyard dollardan çox vəsait əldə olunması nəzərdə tutulur. Ölkə ildə stabil olaraq 5-6 milyard dollar əldə edəcək. Həm hasilatın sabitləşdirilməsi, həm də gəlirlərin sabitləşdirilməsi hədəf götürülüb. Bu gəlir həm də qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı islahatların aparılmasına yardım edəcək. Qeyri-neft sektoru üçün infrastruktur inkişaf etdiriləcək. Təsadüfi deyil ki, bu infrastrukturlar sayəsində 2017-ci ilin ilk 8 ayı ərzində ölkəyə gələn turistlərin sayı 24 faiz artıb. Əldə olunan vəsaitlərin sahibkarlığın dəstəklənməsi üçün istifadəsinə ehtiyac var. Əldə edilən vəsait maliyyə təminatı formalaşdırdığından, dövlət sahibkarlara daha aşağı faizli kreditlər təklif etməklə, qeyri-neft sektorunun inkişafına və iqtisadi diversifikasiyaya nail ola bilər. Bu baxımdan yeni anlaşmanın ölkəyə daxil olan vəsaitlərin həcmini artıracağını nəzərə alsaq, bu nəticə etibarilə qeyri-neft sektorunun stimullaşdırılmasına gətirib, çıxara bilər. Qeyri-neft sektoru və sahibkarlar yeni anlaşmadan qazanan tərəf ola bilər.
Fuad Babayev: Ötən müqavilə ilə indiki arasında irəliyə doğru addım sayılacaq ən əsas məqamlar hansılardır?
İlham Şaban: İlk növbədə Dövlət Neft Şirkətinin payı artırılır. Azərbaycan Dövlət Neft Şirkəti payını iki dəfədən çox artırır. Bu, yeni müqavilənin başlıca nailiyyətlərindən biridir.
Gündüz Nəsibov: Azərbaycan Dövlət Neft Şirkəti yeni müqavilədəki payını hansı şirkətlərin hesabına artırdı?
İlham Şaban: Bütün şirkətlərin payları hesabına. İkinci məsələ ondan ibarətdir ki, birinci müqavilədə Azərbaycan 5 illik müddətinə 500 milyon dollar bonus almışdısa, bu 32 illik müqavilədə 8 illik müddətinə 3,6 milyard dollar bonus alacaq. İlə 450 milyon dollar düşür, bu, heç də az pul deyil.
Fuad Babayev: Hətta qənaətlə xərclənsə, çox böyük puldur.
İlham Şaban: Bəli. Rasional xərclənərsə, böyük vəsaitdir. Təsəvvür edin, Azərbaycan kənd təsərrüfatının bir illik ixracı heç 500 milyon dollar təşkil etmir. Bu sanki Azərbaycanın hansısa bir sektorunun əldə etdiyi mənfəətdir. Başqa bir məqam odur ki, müqavilədə Azərbaycan tərəfinin xarici şirkətlərlə əldə etdiyi razılaşmaya uyğun olaraq Dövlət Neft Şirkətinin törəmə müəssisəsi aktiv oyunçu kimi iştirak edəcək. Yəni birinci müqavilədə sadəcə olaraq öz payını maliyyələşdirən passiv oyunçu idi və səsvermə hüququ da yox idi. Dövlət Neft Şirkəti dövlətin adından danışıqları apardığından ortada görünürdü. Yeni müqavilədə Dövlət Neft Şirkəti dövləti təmsil edəcək, ikincisi isə səsə malik şirkət kimi iştirak edəcək. Daha bir məqam isə odur ki, birinci müqavilədə Azərbaycan şirkətləri, mütəxəssisləri tələblərə cavab verən podrat işlərini görə bilmək üçün sertifikatlara, sənədlərə yiyələnmək üçün on il vaxt sərf etmişdilərsə, indi müqaviləyə start verən kimi Dövlət Neft Şirkəti, digər dövlət və özəl şirkətlərimiz onun işində yaxından iştirak edə biləcəklər. Çünki 2005-ci ildən bu layihənin iştirakçısıdılar. Və nəhayət bu müqavilədə maraqlı bir razılaşma oldu. İndiyədək layihə çərçivəsində hasil olunan səmt qazı Azərbaycan tərəfinə verilirdi. Amma bu illər ərzində ölkənin qazlaşdırılması sayəsində Azərbaycanın qaza olan tələbatı daha da artıb. 2012-ci ildən başlayaraq qazlaşma işinə 2 milyard dollar vəsait sərf olunub. Dövlət Neft Şirkətinin qaz yataqları isə hazırki vəziyyətində qaza olan tələbatı tam ödəmək iqtidarında deyil. “Azəri”- “Çıraq”-“Günəşli”nin isə dərinliyə görə limiti var. Şirkətlər 3500 metrdən artıq dərinlikdə işləyə bilməz. Onun 4 min metrə qədər olan hissəsində isə təbii qaz layları var. Razılaşmaya görə “Günəşli” yatağında 4 quyu qazmaq hüququ verilib və 2 quyudan əldə olunan qaz Azərbaycanın daxili bazarında realizə olunmağa veriləcək. Azərbaycan ümid edirdi ki, “Abşeron”, “Ümid” yataqlarından lazımi qədər qaz çıxacaq. Lakin onlar geoloji baxımdan mürəkkəb yataqlar olduğundan, orada platforma tikilməsi, 6 min metrdən dərindən qaz çıxarılması 2020-ci ildən sonrakı dövrə təsadüf edəcək. Bu baxımdan “Azəri”- “Çıraq”-“Günəşli” yataqları vaxtında dadımıza çatacaq.
Fuad Babayev: Bu müqavilənin vaxtından 7 il əvvəl yenilənməsi nə ilə izah olunur?
İlham Şaban: Bunun çox sadə izahı var. Neft kommersiya məhsuluna çevriləndən heç vaxt onun qiyməti düz xətt üzrə getmir. Müəyyən dövrdən bir qiymət dəyişir. Bu dövr 3-5, hətta 7 il təşkil edə bilər. Həm də neft qiymətinə təsir edən amillər nəzərə alınır. 5-7 il sonra neftin qiyməti də daha çox arta bilər. 7 il sonraya kapital qoysanız, neft istehsalı da azala-azala gedəcək, yəni əvvəl 30 milyard ton neft istehsal edirdinizsə, sonra 22 milyard ton istehsal edəcəksiniz. İndi müqavilə imzalayaraq, 5 milyard ton kapital qoymaqla neft istehsalını 26 milyard ton civarında sabitləşdirilirsə, 7 il sonra 10 milyard dollar kapital lazım idi ki, hasilatı 23 milyard ton civarında sabitləşdirmək mümkün olsun.
Fuad Babayev: Bəlkə də yanılıram, bu hadisə elə bil ki, mediada o qədər geniş maraq doğurmadı. Əgər doğrudan da belədirsə, bunun səbəbi nədir?
İlham Şaban: İqtisadiyyatları xammaldan asılı olan ölkələrin demək olar ki, hamısında sorğular göstərir ki, əhalinin əksəriyyəti bu cür hadisələrə biganədir.
Fuad Babayev: Yəqin ki, Norveç istisna olmaqla…
İlham Şaban: Norveçdə neft yataqları sahildən 100 kilometr məsafədən də çox aralıdır. Əhali demək olar ki, heç neft yataqlarını görmür. Mən sentyabrın 18-də Facebook-da “neft sizin həyatınızda nəyi dəyişdi”, sualını vermişdim. İnsanların çoxunun cavabı belə idi – “illər dəyişdi”, “mənə heç nə çatmadı”, “libasımız dəyişdi”, “bir qisim bundan kifayət qədər yararlandı” və s. İnsanların çoxu bu hadisəyə ona maddi olaraq gündəlik nə gəlir, kimi yanaşırlar. Həm də insanların əksəriyyəti iqtisadi aktiv deyillər.
Vüqar Bayramov: İnformasiyanın bir az ağırlığı da var. Bütün insanların bu terminləri qəbul etməsi, mənimsəməsi o qədər də asan deyil. Bu, yeni bir müqavilə kimi bağlansa da, “Əsrin müqaviləsi”nin davamı kimi baxıla bilər. Şirkətlər bu müqaviləni 7 il öncə təzələməkdə həm də ona görə maraqlı idilər ki, 2024-cü ildən sonra yataqlarda məhz özlərinin qalacaqlarına əmin olsunlar. Əminlik olandan sonra sərmayə qoymağa da hazır olacaqlar. Ona görə də müqavilənin vaxtından öncə bağlanılması başadüşüləndir. Cəmiyyətin münasibətinə gəldikdəsə, ümumiyyətlə, neft ölkələrində buna münasibət fərqli olur. Siz Norveçin adını çəkdiniz. Belə bir misal var ki, neft gəlirlərinin aşağı düşməsindən ən çox sevinən ölkə Norveçdir. Çünki bu gəlirləri harada yerləşdirəcəyini bilmir. Azərbaycanda ümumiyyətlə iqtisadi məlumatlara maraq azdır.
Fuad Babayev: Amma devalvasiya dövründə belə məlumatlara maraq çox artdı.
Vüqar Bayramov: Bəli, son vaxtlar bir qədər artıb. Amma indi sabitləşmə gedib. Lakin yenə də nə vaxt devalvasiya olacaq, sualı ən çox verilən sualdır.
Fuad Babayev: Siz yazmışdınız ki, dekabrda dollara tələbat artacaq.
Vüqar Bayramov: Üç ay əvvəl də yazmışdım ki, avqustda dollara tələbat artacaq. Amma bu məzənnənin dəyişəcəyi anlamına gəlmir. Avqustda doğrudan da dolların hərracda satılma həcmində artım oldu. Müəyyən aylar var ki, mart, avqust və dekabrda dollara tələbat artır və bunun qarşısını almaq mümkün deyil.
İlham Şaban: Çünki bankların, şirkətlərin borc öhdəlikləri var.
Vüqar Bayramov: Bəli, idxal, xaricə gedənlərin sayı artır. Amma təkrar edirəm, bu, manatın məzənnəsinin dəyişəcəyi demək deyil. Bu, Mərkəzi Bankdan asılı olan bir prosesdir. Amma devalvasiya insanlara neft qədər yaxın məlumat deyil.
Gündüz Nəsibov: Yeni müqavilənin imzalanması, 1994-cü ildə imzalanmış müqavilənin qüvvədən düşməsi anlamına gəlirmi?
İlham Şaban: Xeyr. Bu prosedur necədir? Prezident Administrasiyası bu müqaviləni Milli Məclisə göndərir. Milli Məclisin komissiyasında baxıldıqdan sonra, plenar iclasa çıxarılır. Plenar iclasda baxılıb qəbul edildikdən sonra Prezident Administrasiyasına qaytarılır. Prezident tərəfindən imzalandıqdan sonra, mətbuatda dərc edilməlidir. Lakin hələ bu da hüquqi qüvvəyə minməsi demək deyil. Bundan sonra Azərbaycan Dövlət Neft Şirkəti ilə 8 şirkət arasında “Müqavilə sahəsinin təhvil-təslim aktı” tərtib olunur. Lakin bu asan bir prosedur deyil. Təqribən bir həftə çəkən prosesdir. Həmin akt tərtib edildikdən sonra köhnə müqavilə qüvvədən düşmüş, yeni müqavilə qüvvəyə minmiş hesab edilir. Bunun isə artıq təqribən dekabr ayında reallaşması gözlənilir.
Hazırladı: Gündüz Nəsibov, 1905.az