Körpülərin də imici olur. Buna şübhəniz olmasın. Və əgər körpülərin imici varsa, onu hökmən formalaşdıranlar da var. Körpü özü dilsiz-ağızsız mühəndis qurğusu olduğundan, əlbəttə ki, bu prosesdə bilavasitə iştirak etmək imkanlarından məhrumdur…
İmici məqsədli şəkildə formalaşdırılan körpülərdən biri də metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşir. Bu MDB məkanının ən uzun yol ötürücüsüdür və iki körpüdən, üç avtomobil keçidindən ibarətdir. Uzunluğu 2116 metrdir. Giriş və çıxışları da saysaq uzunluq gəlib çatır 2500 metrə. Uzunluqdan danışdıqsa gərək endən də söz açaq. Yol qovşağının eni 23,4 metrdir. Burada 2 enmə və 2 qalxma zolağı var. Və bütün bunlar azmış kimi körpünün iki yerində piyada keçidi tikilib. Bax belə.
Mən bu körpünün yanında yaşayıram. Onun haqqında deyilənləri və yazılanları ürəyimə yaxın qəbul eləməyim başa düşüləndir. Mətbuatda gedən yazılardan bir-ikisini diqqətinizə çatdırıb həyəcanımı sizlərlə bölüşmək istəyirəm.
Diqqət yetirin, yol ötürücüsü 2009-cu ilin sentyabr ayının 24-də açılıb. Amma körpünün imicinin formalaşdırılması işinə daha əvvəl başlanıb. Təsəvvür edirsinizmi? Açılışa 22 gün qalmış qəzetlərin biri MDB-nin ən uzun körpüsünün açılışının yubanması ilə bağlı yazı dərc edib. Bu sərhəd tanımayan qərəzin təzahürü deyilmi?
Və yaxud, 2012-ci ilin fevralında, söz vaxtına çəkər, düz bir il bundan qabaq yenə də körpümüz haqqında yazmışdılar ki, guya, təkrar edirəm, guya onun üzərində çalalar əmələ gəlib. Məqalə belə adlanırdı: “Xalqlar dostluğu körpüsü çökür?” Şərhə ehtiyac varmı?Ağ yalanı insanlarımıza sırıyanların əsl məqsədi nədir görəsən?
Hələ mən müsbət dəyişiklikləri görmək istəməyən bəzilərinin nədənsə “qul bazarı” adlandırdıqları yer haqqında danışarkən hökmən körpümüzün adını çəkmələrini demirəm.
Bütün bunlar sadəcə olaraq dözülməzdir.Yerli sakinlərin sevə-sevə “Çin səddi” adlandırdıqları körpüyə, daha doğrusu onun imicinə vurulan zərbələr bizim tərəfimizdən dəstəklənə bilməz.
Məsələn, mən yol ötürücümüzün adının belə hallanmasını qətiyyətlə pisləyirəm. Birmənalı şəkildə bildirirəm ki, analoqsuz körpüyə yaxın ərazilərdə yaşayan insanlarımız ağı-qaradan seçə bilirlər. Və onların mənim səsimə səs verib körpümüzün müsbət imicinin formalaşdırılması uğrunda əməli addımlar atacaqlarına əminəm.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 42-43)